Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,66 Mb.
səhifə19/28
tarix15.03.2018
ölçüsü2,66 Mb.
#32166
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

28. ALLAHDAN İSTƏYƏN QIZ
Bir padşahın üç qızı varmış. Padşah bir gün çıxır gedir. Deyir:

– Bir qoy qızdarımı yoxluyum, görüm halları nejədi.

Qızdarın da hərəsi bir imaratda yaşıyır. Şah qızdarıdı, padşah qızdarıdı. Qavaxja gəlir böyüh qızın yanına. Deyir.

– Qızım, nətərsən, halın-kefin nejədi?

Deyir:

Atayi-mehriban, niyə, sənin döölətinnən, şükür Allaha, yax­şıyam.



Bının bir iskan çayını içir, gedir ortancıl qızının yanına. Deyir:

– Qızım, sən nətərsən, nejəsən?

Bı da deyir ki, atayi-mehriban, sənin döölətinnən, malınnan yaxşıyam, pis dəyiləm.

Bının da bir iskan çayını içir, çıxır gedir xırda qızın yanına. Xırda qızın yanına gedir, deyir ki, nətərsən, nejəsən? Deyir:

– Niyə atayı-mehriban, Allahın döölətinnən yaxşıyam.

Bına padşahın ajığı tutur:

– Niyə bı iki qızdar mənim döölətimnən desin, bu qız Allahın döölətinnən desin?

Gəlir vəzirə-vəkilə əmr eliyir ki, bı qızı apararsan harda kasıf-lələviş adam var, ona verərsən ərə. Götürüf qızı gəzillər. Görüllər bir kəndin qırağında bir daxma var. Gəlillər daxmanın qapısına, açıllar, görüllər ki, bir qoja arvatdı cəhrə əyirir. Bir də bir oğlandı bərdən-əynə uzanıf yatıf. Qonaxlar içəri girdi, heş bı tərpənmədi də. Deyir:

– Ay ana, bı oğlan sənin nəyindi?

Deyir:


– A başa dönüm, bı mənim oğlumdu. Anadangəlmə tənbəldi. Heş bir işnən məşğul dəəl. Mən qazaş elirəm, onu saxlıyıram.

Hə, vəzir-vəkil deyir:

– Yaxşıdı, elə padşahın qızını gətirif verəh bına.

Gətirillər padşahın qızını qapıdan salıllar içəri, deyillər.

– Bax, bu tənbəl sənin ərin, bu da qaynanan.

Qız durur çörəh salır. Qaynanasına deyir:

– Ana, xayiş eliyirəm, mən neynəsəm sən onnan injimə, tənbəl haqqında neynəsəm sən bikef olma.

Çörəyi salır, yüh var, bunnan əvvəl yüh deyərdilər, qoyur onun üsdünə. Tənbəl deyir:

– Ay ajınnan öldüm, patdadım, ay maa çörəh verin, dura bilmirəm, əlajım yoxdu.

Qız deyir:

– Odey, çörəh yükün başında, zəhmət çək dur, get al, ye.

Qız əlləşir ki, tənbəl əyağa dursun. Olmur. Tənbəl iməhliyə-iməhliyə gedir, kilim varmış, onu çəkir, çörəh-təhnə düşür bının üsdünə. Tənbəl əənə-bəənə eşələnir, çörəyi tapır, yeyir, elə orda da yatır. Bir belə, beş belə. Nağıl yüyrəh olar. Bir gün nəsə bı tənbəl durur əyağa. Deyir ki, mən gedəjəm bazara.

Qız deyir:

– Bəs pılın var bazarrığ etməyə?

Deyir:

– Yox.


Çıxardır yüz maat verir qız. Deyir ki, al bı yüz maatı get bazara, ürəyin nə isdərsə alarsan.

Gedir, bazarın girəcəyində görür bir qoja kişidi, üş topa torpağ həbilə topalıyıf satır.

– Ay torpax alan, ay torpax alan.

Təmbəl deyir:

– Ay ata, bu ki adi torpaxdı, bının nəyini satırsan, nəyə lazımdı? Bir ovuş torpaxdı.

Deyir:


– Oğul, bı torpağın hərəsinin bir sözü var, torpağı satmıram, o sözdəri satıram.

Deyir:


– Hə, biri neçəyədi?

Deyir:


– Biri bir maatdı.

Torpağın birini alır. Deyir:

– Bının adı nədi?

Deyir:


– Oğul, dünyada sənnən soruşsalar nə sevgili olar, deynən goul sevən sevgili olar. Bir adamın ki, goulu, gözü bir şeyi tutdu, onnan gözəl şey ola bilməz.

İkinci torpağı alır. Deyir ki, bu nədi? Deyir:

– Oğul, dünyada sənnən soruşsalar nəyin tapbıltısı bərh çıxar. Deynən at irəddinin. At tapbıltısı bərhdi.

Üçüncü torpağı alır. Deyir:

– Oğul, sənnən soruşsalar ki, dünyada nə yüyrəh olar. Deynən ki, xiyaldı. Oturan bırda, xiyalı Füzulini hərrənir gəlir. Xiyaldan yüyrəh heş nə yoxdu.

Bı tənbəlgilin yolu el yolu varmış, onun qırağındaydı. Tənbəl çıxmışmış ora. Bir tacirbaşı görür ki, bı bazdıburuttu oğlandı. Deyir:

– İsdiyirsən, ölüm, səni özümüzə köməhçi götürəh. Bəri baş­dan da saa iki yüz maat pul verirəm, irazı olarsansa gedəh. Yük düşüf eliyəndə bizə köməh eliyərsən.

Deyir:


– Anam var, gedim ona deyim, irazı olsa gəlim, gedəh.

Gəlir əvə, anasına deyir:

– Bəs belə-belə. Bu tacirrər gedir başqa şəərə alverə, maa iki yüz maat pul verillər, deyillər gəl səni köməhçi götürəh. Yük düşüf-eliyəndə köməh eliyəm. İrazısan gedim?

Anası da irazı olur, arvadı da irazı olur.

– Nolar, get.

Bı, iki yüz maatı verir anasına. Düzəlillər yola, gedillər. Bir quyu varmış. Bu quyuya girən çıxmırmış. Karvan gəlir, quyunun başında əylənir. Vedrəni belə salıyıllar, adam olmasa vedrə boş çı­xır, su dolmur vedriyə. Gərəh adam sallıyalar, vedrəni doldura verə, doldura verə. Hamı su alannan sora, qəflə-qatır sulanannan sora ipi salıllar həmən su verən adamı dartıf çıxarıllar. Bu quyuya da girən çıxmırmış. Tacirlər bələdimiş dayna. Deyillər: “Ə, gəlin bı tənbəli sallıyax quyuya, adı elə tənbəldi, qəflə-qatırı sulasın”.

Deyir:

– Oğul, gəl səni sallıyax quyuya, bı sudan ver, sora da səni çıxardax da.



Girir quyuya, başdıyır sudan belə verir. İndi ipi salıyıllar ki, təmbəli çıxardalar, quyunun böyrünnən bir qapı açılır, bir oğlan çıxır. Deyir:

– Təmbəl, getmə, gəl bura, sənnən üş söz soruşajam. Bildin, bildin. Bilmədin, – aparır zirzəmini gösdərir, – başın burda olajax, leşin orda.

Deyir:

– Nə olar.



Görür, bir mejmaha var, qızıl mejmaha, onun da içində su, suda bir qurbağa var, bir də bir gözəl-göyçəh cüvənazənindi, qadındı da. Qız qurbağaya baxır, oğlana baxır, oğlan da qurbağaynan o mejmahıya baxır. Bir-birinə baxmıllar. Oğlan deyir:

– Adın nədi?

Deyir:

– Təmbəl.



Deyir:

– Təmbəl, maa de görüm, dünyada nə sevgili olar?

Deyir:

– Goul sevən sevgili olar.



Deyir:

– Ay sağ ol. Qaldı ikisi. Deyir, dünyada nəyin tapbıltısı bərh çıxar?

– Atın tapbıltısı.

– Ay sağ ol, yaxşı tapdın. Bəs, dünyada nə yüyrəh olar?

Deyir:

– Ağa, dünyada xiyal yüyrəh olar.



Əlini vırır belinə, deyir:

– Üçünü də tapdın, sağ ol.

Gətirir üş nar verir təmbələ. Deyir ki, harda dara düşdün, yandır, yanındayam.

Elə bı dəhqədə tacirbaşı yüklənif yola düşəndə dedi:

– Ə, bı təmbəl Allah adamıdı, əməli-saleh adama oxşuyur. Qayıdıf bir də çağırax. Bəlkə, Allah irazı oldu, işini avand elədi, çıxdı dana.

Qayıdıf çağırıllar:

– Təmbəl, təmbəl.

– İpi sallıyın, burdayam, çıxım.

İpi sallıyır, təmbəl çıxır. Onnarın kəndinə üş nəfər adam gedirmiş. Oğlan təmbələ üş nar vermişmiş. Bı narın üçünü də verir onnara. Deyir ki, bını aparın verin məəm anama.

Bu qəflə-qatır gedir çıxır bir şəərə. Bı padşahın qızı baxır, bı daxma xoşuna gəlmir dana. İsdiyir palçıx qatıf iki yüz maata bir otax düzəltsin. Öz şaanına sıxışdırmır da. Axı, padşah qızıdı. Qız palçığı özü qatır. Qızın usdaya ürəyi yanır, deyir:

– Gedəjəm o təmbəl göndərən narın birini kəsəjəm.

Narın birini kəsir, görür içinnən qızıl “şağğ” elədi töküldü. O birini kəsir, elə. O birini kəsir, belə. Gəlir tez usdalara deyir ki, əl dayandırın, əl dayandırın. Bu şəərdə neçə usda varsa, hamısını çağırın yığın bura. Atasının evinin çertyojunu çəkir, deyir:

– Bax, bu formu maa imarət yapırsız.

Helə də eliyillər. İndi bılar bırda məşğul olsun, saa mən təmbəldən xəbər verim. Görəh təmbəlin işi noldu. Gedillər çıxıllar bir şəərə. Orda bı təmbələ deyillər ki, sən də get, orda bir iş tap işdə, biz də malı-zadı satıf qutarannan sora qayıdarıx əvə. Təmbəl çıxır şəərə. Görür ki, bir kişi deyir ay günü yüz maata nökər. Boy... Təmbəl yaxınnaşır ona. Deyir:

– Ağa, günü yüz maata yox, iyirmi maata da mən saa nökər ollam.

Deyif:


– Yox, oğul, elə yüz maata.

Gəlir yüz maatı verir təmbələ. Gəlillər, yeyillər, içillər. Günor­tuya yaxınnaşırmış. Deyir:

– Oğul, indi dalımca gəl.

Görür bir böyüh inəhdi. Deyir:

– Oğul, bu inəyin başına bir çatı sal, çatını ver mənim əlimə, sən də dalımca sür gəlsin.

Çatını inəyin başına salır, dalınca sürüf gedir. Gəllər bir sıldırım dağın divinə. O dağ ki, heş yerdən bıra yol yoxdu. O dağın divində ağası təmbələ deyir ki, bı inəyi kəs, çılğır soy.

– Ay Allah, bını çılğır soymax olar? Qoyun dəəl, keçi dəəl.

Qoyunun dərisini bitəv çıxardıllar, qol-qanadı üsdə qalır, ona çılğır deyillər. Arvatdar onnan tuluğ qayırır.

Təmbəl inəyi çılğır kimi soyur. Ağası deyir:

– Təmbəl, sən gəl gir indi bu çılğırın içinə.

Girir içinə. Ağası tez bu çılğırın ağzını bağlıyır, çəkilir qırağa. Bir qara quş gəlir bu çılğırı qaldırır qoyur dağın təpəsinə. Təmbəl baxır görür ki, bırda o qədər insan qırılıf ki… Dağdan yer tapmır düşməyə. Qəlbi dağdı. Qurd-quş, qarğa-quzğun yeyəjəh sümühlə­rini. Biri də can verir. Deyir:

– Ay zalım oğlu, sən hardan gəlif çıxdın bura. Bı dağdan düşməh mümkün dəəl.

Axırı təmbəl qalır bırda. Birdən yatmışmış, elə bil oyanır. Deyir:

– Axı, o quyudakı oğlan maa çilpəh* vermişdi.

Səhərə yaxın çilpəhi yandırır, tutuşdurur. Oğlan gəlir. Bir qara quş gəlir təmbəli alır qıynağına, qoyur qayanın divinə.

Genə çıxır bazara, görür həmin kişi qışqırır:

– Ay yüz maata maa nökər.

Özü paltarını dəəşir, nə bilim köhnə, cır-cındır yığır-yamaşdı­rır eliyir, yarısı qəliv, yarısı parça, dəri, yarısı şal, paltar düzəldir özünə. Başına da bir cındır papax geydirir. Ağası heş bını day tanımır ha. Bir az da axmaxlığa vırır özünü. Axsıya-axsıya gəlir ora. Görür ağası genə deyir:

– Ay günü yüz maata maa nökər.

Bırda yarımçıx qalır e. Bı qəflə-qatırnan o dağın yanına ge­dən­də dağın başında o qədər qızıl-gümüş varmış ki. [Ağası] deyif, o qızıl-gümüşdən süpür tök bəri, sora yolu dəərəm düşərsən. Dağın başı teha ləl, cəvahir, qızıl, gümüş. Ona görə də ağası aparıf orda adamları qırdırırmış, qəflə-qatırı götürüf gedirmiş.

İndi kəsə deyirəm. Aparır genə, inəyi götürüf gedillər. Dağın divində təmbələ – bı oğlana deyir ki, bala, bını çılğır soy. Deyir:

– Ay ağa, məəm qolum tərpənmir, əyridi, sən soy, özün soy.

Ağası inəyi kəsir, çılğır soyannan sora deyir:

– Oğul, gəl gir bı çılğırın içinə.

Deyir:

– Ay ağa, mən ora girə bilmirəm, sən gir, mən örgənim, sora sən çıx, mən girim.



Ağası örgədir, bax belə gir, belə elə, helə elə. Təmbəl tez çıl­ğı­rın ağzını bağlıyır, çəkilir kənara. Qara quş gəlif bını alır qıyna­ğına, götürür dağın başına. Hə, ağası baxır görür bırda o qədərənə adam ölüf. Hamısını bı öldürdüf e. Özü də dağın başı anbardı – qızıl, gümüş, ləl, cəvahir, ta o qədərdi ki. Təmbəl donunu dəyişir, paltarını soyunur. Deyir:

– Ağa, məni tanıyırsan?

Deyir:

– Oğul, tanıyıram, dünənki nökərimə oxşuyursan.



Deyir:

– İndi sən zəhmət çəh, o qızıldan, gümüşdən kürü tök bəri, sora mən düşən yerdən yolu dəərəm, düşərsən.

Qızıldan, gümüşdən kürüyür tökür. Bunun da qəflə-qatırı varmış. Yühlüyür hamısını. Bına da nökər-nayib tutur. Deyir:

– Ağa, orda azına bir yüz nəfər adam ölüf. Allah-tala oların ujbatınnan səən günahınnan keşmiyəjəh, amma bir səən ölümünnən məəm günahımnan keçər. İndi sən də öl, qal oların yanında, sağ ol.

Təmbəl bırda qəflə-qatırnan yühlənir, gəlir. Özünə nökər-nayif tutur, bılar yola düşüf gəlir. Qayıdır gəlir vətənə. Bı təmbəl nə qədərnə düz adamdı ki, həmin quyuya çatanda nökərlərdən biri isdiyir girə quyuya. Deyir:

– Siz girmiyin, mən girəjəm.

Nökərrər deyir:

– Ağa, ayıfdı, biz girəh.

Nökərə deyir ki, ipi salla quyuya, mən girəjəm. Girir quyuya, qəflə-qatırı suvarannan sora oğlan çıxır. Deyir:

– Xoş gəlmisən, ay təmbəl.

Deyir:

– Qəflə-qatırı suvarırdım.



Gətirir genə bına iki nar verir. Gəlir quyunun başına. Deyir:

– İpi sallıyın, çıxım.

İpi sallıyıllar çıxır.

Muştuluxçu gedir. Qız atasının imaratı kimi ev yapmışmış, həddi-hüdudu yox, hasar çəhmişmiş. Xəvər gedir çıxır qıza, anasına ki, bəs təmbəl gəlir qəflə-qatırnan tacir kimi. Qız qəlbidən – üşmər­təbəli otağın başında balkonnan baxır ki, aydın görükür də, təmbəl ata minif qavaxda gəlir. Kəndin qırağında üş nəfər adam danışır­mış. Deyir:

– Əyər təmbəl dönüf bu üş nəfər adamnan görüşdü sora gəldi, billəm ki, həqqi halal adamdı, yaxşı adamdı. Yox, elə pryomoy gəldi qapıya, halal dəyil.

Elə bil bı təmbəlin ürəyinə dammışmış. Bu üş nəfər kişiynən görüşənnən sora düşür qəflə-qatırın, nökər-nayibin qabağına gəlir. Darvazanı açıllar. Qız əmr eliyir nökərlərinə ki, gedin köməh eli­yin, adamlar gəlsin içəri. Gəlillər girillər içəri, otaxları-zadı gəzil­lər. Bırda təmbəlin fikri dolanır. Axşam yatanda xançalı var, xan­çalı sivirib çıxardır, qoyur böyrünə. Deyir:

– Sən mana de görüm, sən bu dəmdəsgahı nəynən düzəlt­mi­sən? Deməsən, səni öldürəjəm.

Deyir:


– Neynirsən?

Deyir:


– İmam, pir hakkı, düzünü dedin dedin, demədin səni öldürəjəm.

Axırda deyir ki, təmbəl, o göndərdiyin nardan gətirifsən, varın­dı? Deyir:

– Hə, ikisini də gətirmişəm.

Deyir:


– İndi o narın birin ver maa.

Narın birini verir. Narı kəsir, qızıl-gümüş “çağğ” eliyir tökülür yerə. Deyir:

– Bax, bı qızılnan atamın evinin çertyojunda özümüzə ev tihmişəm.

Bir gün padşah vəzir-vəkilə deyir ki, mənim hirsim tutdu o qıza, apardıx atdıx təmbəlin üsdə. Bilmədih öldü, qaldı. Gedəh görəh onun vəziyəti nətərdi. Gəlillər, soraxlıyıllar. Padşah görür ki, əyə, bının evi öz evinnən də yaxşıdı. Adam göndərir ki, balam, vəzir-vəkil gəlir, olları qarşılayın. Ərinə deyir, olların peşvazına çıxıllar. Gəzillər, yeyif-içillər. Sora durur qızıl ambarrarını-zadını atasına görkəzir. Deyir, belə oldu, elə oldu. Padşah əlini vurur qızın kürəyinə, deyir:

– Düz deyirsən qızım, məəm saa qəzəbim tutdu. Var-dööləti adama Allah-tala verir. Quyuya su töhməhlə quyuda su olmaz. Var-dööləti adama Allah-tala baxş eliyir. Sən dedin ki, Allahın devlətidi.

Bırda nağıl başa çatır.


29. ÜÇ BACI
I mətn

Bir kişinin üç qızı olur. Arvadı ölür, gedir birini gətirir. Yaddı, ögəydi. Deyir:

– Ay kişi, bı qızdarı apar ya azdı, ya da neynirsən elə.

Deyir:


– Yaxşı.

Kişi qızdarın üçün də götürür, deyir:

– Gedəyin meşədən cəviz çırpbağa.

Qızdarın üçünü də qoyır cəvizin divinə, üsdünə də palazı örtür. Deyir:

– Mən düşmüyüncən aşmıyın başızı. Mən çıxıram cəviz çırpmağa.

Çıxır qarğını bağlıyır, çarığı bağlıyır ağaca, düşür qaçır. Bıllar deyir: “Dədəmizin bir harayı çıxmadı axı”. Baxıllar görüllər qarannıxdı. Ayıdı, çakqaldı, canavardı. Çıxıllar ağaca. Deyillər:

– Ay bacı biz neyniyəh? Dədəmiz bizi azdıdı. Nətəər eliyəh?

Deyir:


– Bacı, mənim başımı bitdiyin, mən də yeri qazım, nə çıxa­caxsa, siz də yeyin, mən də yeyim. Acınnan bırda qalmıyacayıx ki.

Daa orasını demirəm. Qazır, qazır, görüllər bir baca çıxdı. Patşahın at tööləsinin bacasıdı. Deyir:

– Bacı, burda üç atdı. Biri arpa yeyir, biri sümüh yeyir, biri kişmiş yeyir. Şallarınızı bağlıyın mənin belimə, sallıyın, mən düşüm ollardan götürüm gəlim, yeyəh, dolanax.

Bir gün belə, beş gün belə. Bir gün şahın vəzir-vəkili deyir ki, patşahi-aləm sağ olsun, atların arıxlıyıf. Patşah deyir:

– Bı nə deməkdi? Sizi qıracam. Pusun!

Pusullar, görüllər bir qız bacadan düşdü, elə bil ceyrandı. Bı qızı tutullar. Deyir:

– Sən kimsən, niyə belə eliyirsən?

Deyir:


– Bəs atamız bizi azdırıf, biz də vadarıx belə eliyəh. Əlacımız yoxdu.

Bıların üçünü də çağırır patşah. Deyir:

– Qızım, niyə belə eliyirsiz?

Bı, dediyim kimi nağıl eliyir. Patşah deyir:

– Əlizdən nə gəlir?

Böyüh qız deyir:

– Mən bir yumurtadan yeməh pişirərəm millətin yığılar, – duzdu eliyər dayna, – barmağını batırar, hamı çəkilər.

Ortancıl qız deyir:

– Mən bir gəvə toxuyaram, hamı oturar, durar gedər.

O da tikan qoyar. Xırda qız da deyir:

– Mən bir oğul doğaram bir birçəyi qızıl, bir birçəyi gümüş.

Patşah bı qızı alır, o biri bacıları da hərəsini birinə verir. Vaxt gəlir, vədə gəlir, bı hamilə olur, yatmağa hazırraşır. Bacıları deyir ki, bu oğul doğsa, biz öləceyih. Gəlin, qonşuda it var, doğuf. Onun balasını qoyax bının altına.

Bu doğan uşağı götürüllər, büküllər cındaya, qoyullar san­dığa, atıllar dəyirmanın arxına. Patşaha xəvər gedir ki, patşahi-aləm sağ olsun, arvadın it küçüyü doğuf. Patşah əmr eliyir, bının gözünü çıxar­dıllar, sağ gözünü sol əlinə, sol gözünü sağ əlinə qoyuf əvdən çıxardıllar.

Dəyirmancı da dən üyüdürmüş. Görür ki, dəyirman yatdı. Ba­xır görür ki, dəyirmanın boğazında bir dənə sandıx var. Sandığı açır, görür bir uşaxdı, bir birçəyi qızıl, bir birçəyi gümüşdü. Bunu götü­rür gəlir evə. Deyir:

– Ay arvad, bir uşax tapmışam.

Arvad deyir:

– A kişi, məəm döşüm var, başım var? Məəm nəyim var bını gətirmisən? Mən nətər saxlıyım?

Kişi deyir:

– Yox, bını bıraxmağ olmaz.

Bir gün dəyirmançı bir arvad görür. Görür ki, oturuf sızıldıyır, ağlıyır. Onu götürüf gəlir əvinə. Deyir:

– A bacı, noluf saa?

Saa nağıl elədiyim kimi danışır. Deyir vəziyət belə. Dəyir­man­çı deyir:

– Bir uşax tapmışam, ala verim, saxla.

Deyir:


– Qadaa alım, ver.

Uşağı salır döşünə, əmizdirir. Dəyirmançı deyir ki, patşah bilsə bizi öldürəcəh. Bını aparır bir çayın qırağında qoyur, uşağı da qucağında. Qurban olum, mələhlər gəlir, deyir:

– Noluf, nəyə ağlıyırsan?

Deyir:


– Sağ gözüm sol avcımda, sol gözüm sağ avcımda. Quca­ğım­da uşağı görə bilmirəm mən, saxlıyam.

Deyir:


– Qorxma, gözü düz qoy, liqavımızdan salaceyih, gözaa çəkər­sən, gözün açılacax.

Liqab salıllar, sağ gözü sol gözündədi, sol gözü sağ gözün­dədi. Gözünü açır. Uşağı açır, bölüyür, alır qucağına diyarbadiyar gəzir. Meşənin divində bir qalaça – otax var. Deyir, ölsəm də girə­cəm bıra, qalsam da. Gəlir bıra. Axşam olanda görür mallar, hey­vannar gəlir. Dev də gəlir. Dev deyir:

– Adam-badam iysi gəlir, bırdan adam iysi gəlir. Yemirsən, yeyərsən, yeməmisən hamuşam.

Allah-tala uşağa gör nə qədər hiss verif ki, mıkkıldamıyıf da, yükün dalında gizdəniflər. At dillənif deyir:

– Ay dev qardaş, bırda nə var kı. Sən başıı qoy ora yat. Bura kim gələr?

– Dev nədən yesin?

– Al quymac quymaxdan yesin, eşşəh palanda yatsın.

Bir gün belə, iki gün belə. Arvad bir gün durur qır vardı, əridir, yaxır palana, təndiri də qızdırır. Genə axşam dev gəlir, genə heylə dediyi kimi deyir. Palana bürünüf yatanda, bunu itəliyif salır təndirə. Bı bırda yanır. At dillənir deyir:

– Ay xanım, çox sağ ol, sən bizi bı yalavın əlinnən qurtardın. İndi ağlın olsun. Bir sürü malı mən otaracam. Qırx dənə otaxdı, qırxı da qızıldı. Uşağı da saxla, bizi də burda saxla. Becər, südü­müzü, yağımızı, qaymağımızı yeyin.

Uşax yekəlir, day bavat olur. Patşah hər gün ava gedirmiş. Arvat oğluna deyir ki, patşahi-aləm sağ olsun, bu gejə bizə qonax­san. Deyif yaxşı.

Patşah ovdan qayıdanda deyir patşahi-aləm sağ olsun, savah günorta bizə qonax ol. Patşah deyir:

– Ay uşax, sən kimsən?

Deyir:

– Hər kiməm, mən səni əvə təhlif eliyirəm. Savah günorta bizə qonaxsan.



Deyir:

– Baş üsdə, gələrəm.

Vəzir-vəkil də deyir:

– Patşahi-aləm sağ olsun, gedəh görəh bı nə sirrdi.

Bılar gəlir qonax. Arvat yeməh bişirir, bir bulutda oğlunnan yolluyur. Deyir:

– Oğlum, ala bu qaşığı qoy civa. Aş veriləndə denən aşım, aş ye. O deyəcəh, oğlum, aşı aş yeməz, adam özü yeyər. Sən də denən ki, patşahi-aləm sağ olsun, ana it küçüyü doğmaz. Onda başa düşəcəh özü.

Gəlillər. Salam-məlöyküm, əlöykümət-salam. Patşah uşaxnan görüşür. Arvat gözə görükmür. Qəşəh buluda aşı çəkir, üsdündə də əti, aparır uşax qoyur qabağa, çayı aparır qoyur, əlinə gələni qoyur, mer-meyvə. Patşah deyir:

– Oğlum, sən də gəl ye.

Uşax deyir:

– Yox, mən ayrı yeyəcəm.

Deyir:

– Aşım, aş ye.



Patşah deyir:

– Ay oğul, aşı aş yeməz e, qadası, adam özü yeyər.

Uşağın da başında papağı, özü götürmür. Bir də deyir:

– Aşım, sən də aş ye.

Patşah bir də deyir:

– Ay oğul, aşı aş yeməz, adam özü yeyər.

Bir deyir, iki deyir, uşax deyir:

– Patşahi-aləm sağ olsun, ana it küçüyü doğarmı? Mən bu ana­nın oğluyam. Məni atdılar, bu vəziyətə düşdüm, anam da ayrı vəziyətə.

Anasın çağırır. Görür gözünün biri ayrıdı. Deyir:

– Səni aparacam.

Deyir:

– Mən saa getmirəm. Bırda qalıf uşağımı saxlıyacam. Buranı becərsəm maa bəsdi.



Patşah gəlir o evi verir ona, qırx gün özünə toy vurdurur, o qızı alır. Yedi-işdi, hamı şaddığa gedir.
II mətn

Üş bajı varmış, üəy nənələri varmış. Arvad kişini məjbur edif ki, buları apar azdır. Kişi də götürüf aparıf bağa. Bir toxmax da aparıf asıf. Deyif ki, bı toxmax havax takqıldasa, onda gələrsiz. Bıl­lar da gözdüyüf, gözdüyüf, gözdüyüf, kişi çağırmıyıf dayna. Küləh əsif qarannıxda, axşam çağı. Küləh əsəndə toxmax takkıldıyıf. De­yiflər ki, hə, atamız çağırır, gedəh. Gəlif görüflər ki, hamısı köçüf qaçıf, heş-zad yoxdu. Oranı gəziflər, buranı gəziflər, birinin əvinin ojağınnan bir kömbə tapıflar, birinnən birəz yağ tapıflar. Öz əvlə­rində də heş-zad qoymuyuf arvat. Hə, bını yeyiflər. Yeyif-içənnən sora deyiflər ki, gedəh çıxax bir döşə, işiyəh görəh kiminki gödəh olsa onu yiyək. Balacanınkı gödək oluf. Deyif:

– Məni yemiyin, gedim sizə yeməh tapım gətirim.

Bir vəzirin də atını bir qulluxçu saxlıyırmış. Kişmiş verirmiş ki, bu at kökəlsin dayna. Bir gün vaxt oluf kişi deyif ki, atı çıxart, gəlsin görəh at nə haldadı. Bı qız da gündə gedif abışkadan girif ətə­yi­nə yığıf çıxırmış, heç at yemirmiş, ata çatmırmış. Atı çıxardıf. Deyif:

– Ə, bı nədi? Bəs kişmişi neynəmisən ki, at bı avırdadı.

Oğlan şübhələnir. Gəlir atı gənə bağlıyır, kişmişi tökür, gizdə­nir. Elə bı qız gəlif kişmişi yığıf çıxanda tutur. Deyir:

– Sən kimsən, nəçisən? Bax, bırdan kişmişi niyə oğurruyuf aparırsan?

Deyif:


– Həbilə-həbilə dayna, yetim uşağıx, üş bajıyıx, qalmışıx aj. Onçun da gəlif bırdan onu oğurruyuf aparıram, yeyirih.

Deyif:


– Get, bajıları da götür gəl.

Hə… Bajılarını da götürüf gəlif. Böyüyünə deyiflər ki, sən nə iş görə bilirsən?

Deyif:

– Bir qazan aş bişirirəm, yarsın yeyillər, yarsı qalır.



Ortancıla deyillər:

– Sən nə iş görə bilirsən?

Deyir:

– Bir gəvə toxuyuram, yarsında oturullar, yarsı qalır.



Bı qıza deyiflər, balacıya:

– Sən nə iş görə bilirsən?

Deyir:

– Mən bir oğlan doğuram, bir birçəyi qızıl, bir birçəyi gümüş.



Hə, belə olur üç qardaş üş bajını alıllar. O bir qazan aş bişirən duzdan tökür, ağzına vuran çıxır gedir, yeyə bilmir. O da gəvənin yarsına iynə-sancax sancır, yarsında oturullar, yarsı qalır. İndi qaldı bu doğana. Doğan da gəlir doğur. Doğanda bajıları götürür uşağı, aparır atır kolun divinə, sora küçüh qoyullar yanına. Əri gəlif görür ki, bir küçüh var. Bəs bu oğlan doğurdu? Bının gözdərini çıxardır. Sol gözünü sol əlinə qoyur, sağ gözünü sağ əlinə qoyur. Aparır qoyur bir ağacın dibinə. Bir quş gəlir. Deyir ki, bir lələh atajam, sol əlin­də­kini qoy sol gözaa, sağ əlindəkini qoy sağ gözaa, sora da bı lələyi çəh, gözün görsün. Həbilə olur. Hə, bir keçi də qarınnıymış. Gündə gəlirmiş mıkkıldıya-mıkkıldıya o uşağı əmizdirif gedirmiş. Bir gün qarı çıxıf camaata deyir ki, mənim keçimi sağırsız. Onnar da and-aman eliyillər ki, biz görməmişih, sağmırıx. İndi keçinin dalına düşür səhər. Qarabaqara gedif görür ki, keçi getdi bir kolun divində mıkıldıya-mıkıldıya bir uşax əmizdirirdi. Bu uşağı da götürür, keçini də götürür gəlir. Həmən gəlini də gətirir bı arvat. Gəlin nağıl eləmişimiş ki, mənim başıma belə oyun gətirdilər. Bajılarım uşağı götürdü, yerinə küçüh qoydu. Uşax da eşidif. Bir gün deyif:

– Qarı nənə, getginan bir qazan aş bişir, o kişini qonax çağırginan.

Bu da deyif ki, bala, mənim nəyim var, nə bişirəm. Deyif:

– Qızıl da verəjəm, gümüş də verəjəm.

Qızıl da verif, gümüş də verif. Aparıf. Aş bişirif. Gəlir. Sırfa salıllar, qabağa qoyullar. O, uşax deyir ki, “çomağım, çomağım, aş ye”. Kişi deyir ki, əyə, çomağ aş yeyər?

Deyif:


– Bəs arvad küçüh doğar?

Bir də deyif:

– Çomağım, çomağım, aş ye.

Deyif:


– A bala, çomağ aş yeməz ey.

Deyif:


– Heş arvad da küçüh doğmaz.

Heylə kişi başa düşür ki, bı bının uşağıdı, bı da arvadıdı, onçun belə deyillər. Onnan sora götürüf gedir əvinə.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə