Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu muxtar kazimoğlu səNƏt qayğilari baki – 2015 Redaktoru



Yüklə 1,21 Mb.
səhifə7/8
tarix15.03.2018
ölçüsü1,21 Mb.
#31768
növüYazı
1   2   3   4   5   6   7   8

YORĞUNLUQ
Tanınmış tənqidçi-ədəbiyyatşünas, mənim tələbə yolda­şım və dostum Arif Əmrahoğlu barədə düşünəndə, onunla bir­gə keçirdiyimiz ilk günlərin yaddaqalan məqamlarını xatırla­yanda fikir-xəyal məni Universitet yataqxanasına götürüb aparır: Qışın oğlan çağıdır. Arif pəncərənin nəfəsliyini açıq qoyub kitab oxuyur. Otaq yoldaşları “soyuqdan qırıldıq” de­yib yalvarsalar da, Arif nəfəsliyi örtmək istəmir və bığaltı qı­mışıb öz işi ilə məşğul olur, yəni kitab oxumağını davam etdirir... Ailəvi oturduğumuz məclislərdə arabir yada salıb tələbəliyin məzəli olaylarından biri kimi danışdığım, Ariflə, Arifin ailəsi ilə birlikdə ürəkdən güldüyüm bu əhvalatın mən­dən ötrü həm üzdə olan, həm də alt qatda gizlənən mənaları var. Əhvalatın üzdə olan və ailəvi məclisdə deyib-gülmək üçün xoş bir bəhanəyə çevrilən mənası budur ki, Arif tələbə vaxtı idmanla məşğul olurdu və pəncərə nəfəsliyini otaq yol­daşlarının Arif­dən icazəsiz örtməsi müşkül məsələ idi. Əhva­latın üzdə olan bir mənası da budur ki, tələbə yoldaşlarının Ariflə hesablaş­masının, Arifə hörmət-ehtiram göstərməsinin əsl səbəbi fiziki güc-qüvvətlə yox, onun daxili zənginliyi ilə bağlı idi və gecə-gündüz vaxt itirmədən kitab oxumaq, ciddi və əsaslı şəkildə mütaliə ilə məşğul olmaq həmin daxili zənginliyin mühüm göstəricilərindən idi. Pəncərə nəfəsliyi ilə bağlı əhvalatın alt qatda gizlənən mənası məndən ötrü daha əziz və daha unu­dulmazdır. Məsələ burasındadır ki, mən o nəfəsliyə, daha doğ­rusu, qışın oğlan çağında o nəfəsliyin saat­larla açıq sax­lan­masına Arifin həyatının, Arifin keçib getdiyi ömür yo­lu­nun rəmzi mənası kimi baxıram. Şaxtalı günlərdə belə, pən­cərə nəfəsliyini saatlarla açıq saxlamaq otaq yoldaş­ları ilə zarafatlaşmaqdan qat-qat artıq dərəcədə otağa təmiz hava gətirmək ehtiyacından doğurdu. Sözün hərfi mənasında təmiz hava, heç şübhəsiz, sözün məcazi mənasında təmiz ha­va ilə qırılmaz surətdə bağlı idi. Arif beş il qaldığı yataqxa­nada, oxu­duğu və sonradan müəllim kimi çalışdığı filologiya fakül­təsində, həmçinin elmi işçi olduğu Ədəbiyyat İnstitutun­da, direktor müavini olduğu Ədəbiyyat Muzeyində, katib ol­duğu Yazıçılar Birliyində yeni ab-hava axtardı və bu ab-ha­vanın yaranmasında əlindən gələni əsirgəmədi, gücü çatan işi bu gündən sabaha saxlamadı. Belə olmasaydı, yazıçı Anar, Ari­fin Yazıçılar Birliyindəki fəaliyyəti barədə bu sözləri de­məz­di: “Arif təşkilatımıza yeni dövrün ab-havasını gətirdi... Arif Əmrahoğlunun Birliyimizə gətirdiyi yenilik, təbii ki, tək texniki vasitələrlə məhdudlaşmır. O, katibliyinin hələ ilk döv­ründə ən istedadlı gənc nasir, şair, tənqidçi, dramaturqlarla ünsiyyət yaratmağa, yeni nəslin sağlam qüvvələrini Yazıçılar ocağıyla daha yaxından bağlamağa nail oldu”. Anarın sözünə qüvvət olaraq xatırladım ki, birinci dəfə Yazıçılar Birliyinə katib seçiləndə Arif gənclərlə iş üzrə katib seçilmişdi və bu­nun­la ona çətin bir vəzifə həvalə edilmişdi. Çətinliyin səbəbi aydın idi: özlərindən kifayət qədər razı olub heç kimi bə­yən­məyən gənc yazarlar əhli-qələmin ən ərköyün təbəqəsidir. Bu təbəqə ilə dil tapmaq üçün katib yüksək daxili mədəniyyət sa­hibi olmalı və ədəbiyyatı dərindən bilməlidir. Gənc yazarlarla ünsiyyəti Arif məhz həmin məziyyətlər (yüksək daxili mədə­niyyət sahibi olmaq və ədəbiyyatı dərindən bilmək) hesabına yarada bildi. Ən cığal gənclər belə, Arifin yanında ucadan da­nışmaq, ona ədəbiyyatdan dərs demək xəyalına düşmədilər. Ariflə hər hansı maksimalist gənc arasında, indiki medianın təbirincə desək, hansısa bir insident baş vermədi.

Arif ağlayıb-sıtqamağı özünə sığışdırmayan, həyatının kədərli məqamlarından danışıb dost-tanışı kövrəltməyi xoşla­mayan bir adam idi. Tələbə vaxtı oxuduğum birbəndlik şei­rin­dən bildim ki, Arifin ana nisgili var. Şeirin məzmunu təx­mi­nən belə idi: ana, səni görmək üçün ölmək istəyirəm. Bu şeiri oxuyub Arifi sorğu-suala tutandan sonra mənə məlum oldu ki, Arifin anası cavankən rəhmətə gedib. Öyrənə bildim ki, anası uzun müddət yataq xəstəsi olub, o, rəhmətə gedəndə Arif doq­quzuncu sinifdə oxuyurmuş. Arifin doğulduğu Ağqula kən­dini görmək isə mənə Universiteti bitirəndən üç-dörd il son­ra qismət oldu. Ədəbiyyat İnstitutunda Arifin laborant iş­lədiyi, mənim aspirant olduğum vaxtlar idi. Qış çoxdan gəl­mişdi, amma qardan əsər-əlamət yox idi. Borçalının Kosalar kəndinə – tələbə yoldaşımız Vahid Ömərovun toyuna getməli idik. Arif dedi, əvvəl qalxaq bizim kəndə, sonra enərik Va­hidgilin kəndinə. (Xatırladım ki, Vahidgilin kəndi Borçalının aran, Arifgilin kəndi Borçalının dağ kəndlərindəndir.) Yaşıl­lığın solub getdiyi, yal-yamacın bomboz bozardığı, yarpaq­la­rın tamam töküldüyü bir vaxtda belə, Ağqulanı mən bir cən­nət gu­şəsi kimi gördüm: kəndə qalxan dolama yol boyunca dağ çayı axıb gedir, kənd özü uca bir taxçada yerləşir, kəndin qa­baq tərəfi isə boya-boy meşədir. Ariflə məni evlərində analığı qarşıladı. Atası Əmrah kişi hardasa qonaqlıqda idi, evə bir az gec gəldi. Çox mehriban görüşdük, şirin-şirin söhbət elədik, Əmrah kişi saz çaldı, qədimi havalar bizi məchul uzaqlara apardı. Və Ağqula məni o qədər mütəəssir etdi ki, o təəssü­ra­tın havasına bir şeir də yazdım. “Aydınlıq içində” ad­landır­dığım o şeirdə belə misralar vardı:

Bu torpaq aydan arı, sudan durudu.

Elə durudu ki,

Ölülərini görmək olur,

Sevgisini duymaq olur

Ölülərin...

Ürəyindəkiləri hər kəslə bölüşməyi xoşlamasa da, Arif doğulduğu kəndin bir parçası kimi müəmmadan-filandan uzaq, aydın adam idi. Ağqula kəndlisi səhərdən axşamacan çalışıb-çabalayıb əlinin qabarı, alnının təri ilə çörək qazandığı kimi, Arif də Bakıya gəldiyi gündən heç kimə ümid bağla­ma­dı, həm dolanışıq qurmaqda, həm də yavaş-yavaş cəmiyyətdə mövqe tutub nüfuz qazanmaqda daha çox öz istedadına və öz zəhmətinə güvəndi. Bu istedad və zəhmətkeşliyi BDU-nun filologiya fakültəsində Pənah Xəlilov, AMEA-nın Ədəbiyyat İnstitutunda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qa­ra­yev, Arif Hacıyev... gördü və onlar Arifə böyük rəğbətlə ya­naşdılar. Bu rəğbətin bir göstəricisi idi ki, Arif Hacıyev (ki­fayət qədər ciddi alim və doğru-dürüst insan) Ədəbiyyat İnsti­tutundan Ədəbiyyat Muzeyinə direktor gedəndə Arifi özünə müavin apardı; BDU-nun filologiya fakültəsində “Türk xalq­ları ədəbiyyatı” kafedrasının müdiri Pənah Xəlilov (bizim gözəl müəllimlərimizdən biri) Arifin həmin kafedraya müəl­lim gətirilməsinə nail oldu. Bir müddət Prezident Aparatında – “Milli siyasət” şöbəsində çalışması və Yazıçılar Birliyində katib vəzifəsinə irəli çəkilməsi də, təbii ki, Arifin cəmiyyətdə səriştəli bir ədəbiyyatşünas və ayıq-sayıq bir ziyalı kimi ta­nınmasının nəticəsi idi.

“Nəsrin poetikası” adlı ilk kitabını Arif mənə belə bir avtoqrafla bağışlayıb: “Əzizim Muxtar! Elmdə namuslu söz deməyə çalışdıq, deyə bilmişiksə, xoşbəxtik. M.Arif. 23. XII. 90”. Bu avtoqrafla bağlı birinci onu demək istəyirəm ki, Arif o vaxtlar “Arif Məmmədov” imzası ilə çap olunurdu. Yeri gəlmişkən qeyd edim ki, tələbə vaxtlarından bu yana əksər hallarda mən ona yarızarafat-yarıciddi “Məmmədov” deyər­dim, o da mənə “İmanov”. Məsələn, söhbətimiz təxminən bu şəkildə olardı: “Məmmədov, yenə aya-günə dönübsən, hara­lardasan?” “Başım yaman qarışıqdı, İmanov. Bir yazı yazı­ram, amma bir az ağır yazıdı”. Sonralar Arif öz imzasında “Məmmədov”u “Əmrahoğlu” ilə əvəz etsə də, mən öz im­zam­da “İmanov” yerinə “Kazımoğlu” yazdırsam da, əvvəlki mü­raciət formaları aramızda olduğu kimi qaldı: “Məmmə­dov”, “İmanov”. Yuxarıda xatırlatdığım avtoqrafla bağlı to­xunacağım ikinci məsələ məhz ağır yazı məsələsidir. Məsələ burasındadır ki, Arif ədəbiyyatın ən ağır, ən mürəkkəb prob­lemlərinin araşdırılması ilə məşğul oldu və ədəbiyyat haq­qında namuslu söz deyə bildi. Birinci kitabının həsr olunduğu təhkiyə problemi az araşdırılan (xüsusən bizim ədəbiyyatşü­nas­lıqda qətiyyən öyrənilməyən) problemlərdən biri idi. Klas­sik Azərbaycan nəsri, o cümlədən bu nəsrin “Aldanmış kə­vakib” və “Danabaş kəndinin əhvalatları” kimi nümunələri əsa­sında Arif təhkiyənin strukturunu, tipini və xarakterini müəyyənləşdirdi, təhkiyədə hekayəçi, müəllif obrazı və müəl­lif kimi fiqurların mövqeyi barədə dolğun təsəvvür yaratdı və Azərbaycan ədəbiyyatşünaslığına yeni elmi informasiya gətir­di. Yenilik təhkiyə məsələsi ilə bitmədi və Arif etnik-milli şüur və simvol, etnik-milli şüur və şəxs adları, ad və bədii mövqe, stereotip davranış və obraz yaradıcılığı, nəsrdə xrono­top, komediya və mifologiya... kimi mövzuların tədqiqinə ilk dəfə olaraq təşəbbüs göstərdi və yeni sözü həmin mövzular çərçivəsində də deyə bildi.

Arif, gözünü açıb saz görmüşdü. Onun öz sözü ilə de­səm, fikrimi belə də ifadə edə bilərəm: Arifin beşiyi başında saz çalınmışdı. Arif uşaqlıqdan Borçalının (və bütövlükdə məmləkətimizin) Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı və Aşıq Kamandar kimi ustad sənətkarlarına qulaq asıb saz-söz mü­hitində boya-başa çatmışdı. Saza vurğunluğunu Arif ömrünün axırına qədər canında-qanında yaşatdı. Amma bu vurğunluq Arifdə əyalətçilik meyli yarada bilmədi. Arif sənətə və sənət­kara ümumdünya meyarları ilə yanaşdı. Azərbaycan mədə­niy­yətinə ümumdünya mədəniyyətinin, eləcə də ümumdünya mədəniyyətinə Azərbaycan mədəniyyətinin gözü ilə baxdı. Azərbaycan folklorunu dərindən bilmək Arifə imkan verdi ki, dünya xalqlarının əfsanə və rəvayətlərini dilimizə ustalıqla tərcümə etsin, dünya xalqlarının mifologiyası barədə profes­sional folklorşünas səviyyəsində məqalələr yazsın. Ümumtürk ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına bələd olmaq, C.Rumi, A.S.Puşkin, A.P.Çexov, A.Axmatova, M.Svetayeva, Ç.Aytmatov kimi dünya miqyaslı sənətkarların yaradıcılığına məqalələr həsr etmək, dünyanın bir çox görkəmli yazıçıla­rın­dan əsərlər tərcümə etmək Arifə imkan verdi ki, Azərbaycan poeziyasına, nəsrinə və dramaturgiyasına aid nümunələri məh­dud çərçivədə yox, böyük ədəbiyyat müstəvisində, yük­sək poetik tələblər baxımından dəyərləndirə bilsin.

Sözü yavaş-yavaş çağdaş ədəbi proses üzərinə gətirmək istəyirəm. Xatırlatmaq istəyirəm ki, Arif namizədlik disser­tasiyasını və müdafiə etməyə macal tapa bilmədiyi doktorluq işini klassik nəsrə həsr etsə də, həmişə ədəbi prosesin içində olub, yəni bu günün poeziya, nəsr və dramaturgiyasını, həm­çi­nin tənqid və ədəbiyyatşünaslığını addımbaaddım izləyib, ədəbi prosesdəki müsbət və mənfi meylləri professional ümumiləşdirmələr əsasında üzə çıxaran “Milli poeziyamız: axtarışlar, problemlər”, “Tənqidin qayğıları və tənqidə qay­ğılar” kimi mükəmməl məqalələr yazıb. Arif ədəbi proseslə məşğul olan qələm yoldaşlarının bir çoxundan fərqli olaraq, hər hansı zəif əsəri şişirdib göylərə qaldırmayıb, yazanda hə­qiqi sənətdən, həqiqi sənətkardan və həqiqi ədəbiyyat­şü­nas­dan yazmağa çalışıb. Amma bu yerdə bir məsələni aydın­laşdırmağa ehtiyac var: sənətkarlığı və alimliyi heç bir şübhə doğurmayan adamlardan hər təzə kitab münasibətilə, hər növbəti yubiley münasibətilə saysız-hesabsız məqalə yazmaq Arifin ürəyincəydimi? Ürəyincə deyildisə, bu qədər məqaləni niyə yazırdı? Bu cür “niyələrə” az-çox düzgün cavab vermək üçün öz başıma gələn və Arifin də müəyyən qədər iştirakçısı olduğu bir əhvalatı yada salmaq istəyirəm:

Əlimiz yenicə qələm tutan, ilk məqalələrimiz yazılan vaxtlardır. Arifin dövri mətbuatda bir neçə resenziyası çıxıb, amma məndə bir “irəliləyiş” yoxdur – populyar qəzet-jur­nalda bir yazım da çap olunmayıb. Arif məni passivliyə görə qınayır və oturub məsləhətləşirik ki, uzağa getmədən Ədə­biyyat İnstitutunun elmi katibi Həsən Quliyevin çağdaş nəsr­dən bəhs edən (və mənim namizədlik işimə az-çox uyğun olan) təzə kitabı haqda bir resenziya yazım. Resenziyanı yazıram və “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirirəm. Böyük intizarla gözləyirəm ki, bizimlə bir İnstitutda çalışan Həsən Quliyev resenziya barədə öz fikrini bildirəcək. İnti­zarım gözümdə qalır, Həsən Quliyevdən səs çıxmır ki, çıxmır. Və mən resenziyaçılıqdan ilk ibrət dərsini belə alıram. İbrət dərsinin başlıca mahiyyəti məni düşündürüb-daşındırmasın­dan ibarət olur: Ya Rəbb, bir yazı ki, oxucunun tükünü də tər­pətməyə, o yazı kimə və nəyə lazımdır?

Gənc tənqidçinin bu cür ağlamalı və gülməli vəziyyətə düşməsi Arifi narahat etməyə bilməzdi və narahat edirdi. Bu narahatlıq heç də sirrə, gizli qayğıya çevrilib Arifin ürəyində qalmırdı. Arif bu narahatlığı yeri gəldikcə öz yazılarında bir­başa və yaxud dolayı şəkildə ifadə etməyə çalışırdı. “Tənqidin qayğıları və tənqidə qayğılar” adlı məqaləsində Arif deyir: “Tənqidçi çap olunmaq naminə məşhur müəlliflərdən yazır; tənqidçi taktiki mövqe seçir – hansısa marağının, mənafeyinin həyata keçməsində rolu olanlardan və ya ola biləcəklərdən yazır; tənqidçi ya müəllifin, ya müəllifin dostlarından birinin xahişi ilə yazır”. Deməli, hər şey çap olunub tanınmaq arzu­sundan başlayır. Gənc tənqidçi nüfuzlu müəlliflərdən resen­ziyalar yazıb çap etdirməklə tədricən ədəbi mühitdə tanınır və bu tanınma Arifin qeyd etdiyi xahişlər silsiləsinin ortaya çıxmasına səbəb olur. Tənqidçi bu xahişlərin bir qismini can-başla, bir qismini yarı könüllü, yarı könülsüz, bir qismini isə müəllifdən ehtiyat edərək candərdi yerinə yetirir və mütəmadi şəkildə ortaya çıxan portret yazıları tənqidçinin bütün vaxtını və enerjisini almağa başlayır. Tənqidçi bir də gözünü açıb görür ki, ömrün xəzan çağıdır və öz istədiklərinin heç onda birini də yazmağa macal tapa bilməyib.

Qələm yoldaşlarının, dostlarının çoxu ilə müqayisədə Arif daha ötkəm, daha prinsipial adam idi. Hər qohumla, hər tələbə yoldaşı ilə, hər iş yoldaşı ilə oturub-durmağı xoşlama­yan, hər əsərə yaxşı əsər, hər yazıçıya yaxşı yazıçı, hər alimə yaxşı alim deməyən Arif yaxşılar barədə yazdığı saysız-hesabsız resenziya və oçerk müqabilində mehribanlıqdan, məhrəmanə münasibətdən başqa, müəlliflərdən xüsusi bir şey ummurdu. Haqqında yazdığı müəlliflərdən xüsusi umacağı olsaydı, Arif orda tam ştat, burda yarım ştat hesabı ilə 2-3 yerdə işləməzdi.

Yazılarında Arif “abırlı söz”, “urvatlı söz” ifadələrini tez-tez işlədir və çətinlik qarşısında insanın sınıb-sınmama­ğından tez-tez söhbət açır. Bu, o deməkdir ki, çətinliklərə tab gətirməyib urvatsız sözə sığınmaq Arifin nəzərində ölümə bərabər bir şeydir. Arif ölümə bərabər tutduğu urvatsız söz­dən qaçmağa, qorunmağa çalışan adam idi.

Bir yandan iqtisadi çətinlik təhlükəsi, bir yandan ədəbi mühitdə çəkisi olan adamların xahişini yerə salıb, onlara “diqqətsizlik” göstərib nəticədə təklənmək, arxasız-köməksiz qalmaq təhlükəsi, bir yandan da urvatsız söz deyib urvatdan düşmək təhlükəsi... Bütün bu təhlükələrdən sovuşmağa çalı­şan insan övladı – ucqar bir eldən çıxıb paytaxta pənah gə­tirmiş kəndli balası əvvəl-axır yorulmazmı? Yorular. Mən bilən, bir çoxumuz kimi Arif də yorulmuşdu.

Arif təkbaşına, minbir əzab-əziyyətlə qurduğu evinə, gözəl ailəsinə son dərəcə bağlı adam idi. Balaları ilə nəfəs alırdı. And içəndə gözünün ağı-qarası iki qızının canına and içirdi. Qızlarının ad günündə hərdən (söz arası, sağlıq arası) ləyaqətlə yaşamaq barədə danışardı, deyərdi, mən elə yaşama­mışam balalarım nə vaxtsa mənim adım gələndə narahatlıq, nigarançılıq keçirsinlər. Bəli, Arif Əmrahoğlu bu fani dün­ya­da tək ailəsindən, balalarından ötrü yox, həm də dostlarından, qələm yoldaşlarından ötrü əziz bir ad qoyub getdi.
26 mart 2015-ci il


OXU KİTABLARINDA VƏTƏNPƏRVƏRLİK DƏRSLƏRİ

İbtidai ədəbiyyat dərslikləri olan Oxu kitablarında axır vaxtlar xeyli dəyişiklik aparılıb. Bu dəyişiklik sayəsində uşaq artıq 28 aprel yox, 28 may nəğmələri oxuyur, pambıqçı, neft­çi, dülgər və çobandan daha çox Cavad xan, Hüseynqulu xan kimi qəhrəmanlarla, H.Z.Tağıyev kimi mötəbər el ağsaqqal­ları ilə tanış olur, peyğəmbərimizin kəlamları ilə tanış olub, dinimizin hikmətlərini anlamağa başlayır. Məlum məsələdir ki, müəlliflər (ikinci və üçüncü siniflər Oxusunun müəllifi Yəhya Kərimov, dördüncü sinif Oxusunun müəllifi Nurəddin Kazımov) dərsliklərə bu günün ab-havasını gətirməklə azad ölkənin azyaşlı övladını vətənpərvər ruhda tərbiyələndirmək məqsədi güdüblər. Məqsədin nəcibliyinə söz ola bilməz. Am­ma istər-istəməz soruşmalı olursan: uşağımızı vətənpərvər ruhda tərbiyələndirmək məqsədi güdən dərslik müəllifləri han­sı yazılara güvəniblər, dərsliklərdə hansı oxu nümunələ­rini ön plana çəkiblər?

Sualın cavabını axtarmağa başlar-başlamaz sizi oxu ki­tablarında aparılan dəyişikliyin keyfiyyəti barədəki nigarançı­lıq­dan qurtarıb, bildirmək istəyirəm ki, dərslik müəllifləri köhnə oxu nümunələrinə qarşı heç bir “insafsızlığ”a yol ver­məyiblər. Vətənpərvərlik mövzusunu şagirdə daha dərindən mənimsətmək üçün onlar (dərslik müəllifləri) müasir yazar­ları­mızın qələmindən çıxan və az-çox kara gələn köhnə şeir və hekayələrdən də istifadə etməyi lazım biliblər. Nəticədə köhnə ilə yeninin mehriban qonşuluq əlaqələri bərpa olunub, sovet dövründə yazıldığı açıq-aşkar hiss olunan bir çox ya­zılar Vətən mövzulu yeni yazılarla bir sırada dayanıb, “işıqlı əməlsən” deyib, məmləkətin kommunizmə getdiyini alqış­layan bir şair müstəqil Azərbaycanın tərənnümçüsünə çevri­lib. Belə olmasaydı, aşağıda bir parçasını oxuyacağınız köhnə oxu nümunəsi təzədən üzə çıxarılardımı?

Dünyada ölkələr var,

Biri-birindən qəşəng.

Doğma yurdum, şən diyar,

Çəmənlərin rəngbərəng.

Sən hər yerdən gözəlsən,

Bir işıqlı əməlsən.

(M.Rahim)

Yurdumuzun bu günündən söhbət açan oxu nümunə­lərində M.Rahimdəki “şən diyar” məsələsinə rast gəlməzsiniz. Yağı düşmən yurdumuza hücum çəkibsə, hansı şənlikdən da­nışmaq olar? “Şən diyar”dan necə danışmaq olar ki:

İki aylıq bir çağa,

Həsrət qaldı qucağa-

Atdılar bir ocağa,

Qıydılar bu qundağa

Silahlı beş-on dığa.

Təzə androniklər,

Drolar və zorilər

Cəllad imiş nə qədər.

(N.Həsənzadə)

Nalə çəkib, fəryad qoparıb, uşaqda düşmənə qarşı nifrət oyatmaq məqsədinə xidmət edən bu cür yazılar heç də nikbin notlar üstündə köklənmiş köhnə yazıların yolundan çıxmır, əksinə, yenilər köhnələrin aktuallıq kursunu parlaq şəkildə davam və inkişaf etdirir. M.Rahimin şən və parlaq nəğmələri bu gün yeni məzmun və məna qazandığı kimi, N.Həsənza­də­nin aktual bir mövzuya həsr olunan müsibətnamələri də nifrət və qəzəbin obyektini dəyişib, sabah yeni əhəmiyyət kəsb edə bilər. Ədəbiyyatımızın ad və ünvan dəyişmə təcrü­bəsinə, mə­sələn, S.Vurğunun “Azərbaycan” şeirindəki məş­hur “Stalin, partiya və yurdumuz” əvəzlənməsinə arxalanıb, “Zori”ni “İvan” etmək su içmək kimi asan bir işdir. “İvan” olmasın, başqa bir ad olsun, fərqi yoxdur. Əsas odur ki, küləyin hansı səmtdən əsdiyini bilib, zamanın nəbzini tutmağı bacarasan.

Düzdür, hər köhnə əsəri təzələyib, zamana uyğunlaş­dır­maq baş tutan sevda deyil. Məsələn, “26-lar” (S.Vurğun) və “Lenin” (R.Rza) poemalarının hansı yerini götürüb dəyişəsən ki, o əsərlər bu gün də yaşaya və qabaqkı kimi dillər əzbəri ola?! Amma yox, nisgilli suallar verib, üzülməyinə dəyməz: bu əsərlərin də sənətkarlıq ənənələrini yaşatmaq olar. Ədə­biyyat aləmində payi-piyada olsan da, həmin poemaların bö­yük ilhamla yazılmış yerlərindən şövqə gəlib, qələmə sarı­larsan. Şeirin bölgüsü, qafiyəsi vaxt aparsa, keçərsən nəsrə, hekayədən-oçerkdən birinə girişib, döşəyərsən gedər. Yaz, qorxma, bədiilikdən-filandan uzaq olsa da, yazdığını çıraqla axtarıb, gözlərinə təpəcəklər, dərsliklərə salıb, uşaqlara oxudacaqlar. Çünki sən Lenindən və Şaumyandan yox, xalqın fəxr etdiyi şəxsiyyətlərdən yazıb, onları uşaqların gözündə yüksəklərə qaldırırsan.

Həvəskar yazarla bu xəyali söhbətdən ayrılıb, üçüncü si­nif Oxusundakı “Şah İsmayıl Xətai” yazısına baxıram. Müəl­lifi kimdir? Məlum deyil. Məlum olan budur ki, yazıda Xətai­nin qəh­rəmanlığından söhbət açılır: “O, qılıncını geri çəkəndə zər­bə Malkuçoğlunun sinəsinə qədər enmişdi. Şah İsmayılın qo­şunu sevincindən qışqırdı. Malkuçoğlunun dəstəsi geri qaçdı.

Şah İsmayılın süvariləri dördnalla çaparaq yerindən tər­pənməyən Sultan Səlim qoşununun üstünə getdi, düşmən qaçdı”.

Bəli, “zərbə sinəyə qədər enmişdi”, “süvarilər dördnalla çaparaq getdi”, “qoşun sevincindən qışqırdı” kimi əcaib bir dillə qələmə alınan bu döyüş Çaldıran döyüşüdür və qaçan “düşmən” də Osmanlı türkləridir. Bəli, iki qardaşın faciəli dö­yüşündən yalançı bir qəhrəmanlıq səhnəsi quraşdırılıb və ən ağır məğlubiyyət və az qala qələbə kimi qələmə verilib. Bu, Xətaini yüksəklərə qaldırmaqdan daha çox bir vaxtlar dahi rəhbərdən və onun silahdaşlarından yazılmış əsərləri bəsit şə­kildə yamsılamaq deyilmi? Yalanı böyük ustalıqla qələmə alıb, uşağa oxutdurmaq və yalanı naşı bir qələmlə quraşdırıb, uşağa oxutdurmaq. Bunların əsaslı fərqi varmı? Sağlam dü­şün­cəli uşağa bunların ikisi də eyni dərəcədə zərərli deyilmi?

Dərslik müəlifləri, yəqin ki, ən böyük zərəri belə qara-qura fikirlər irəli sürməyin özündə görürlər və bu səsbəbdən də jurnalist Əhməd İsayevin bir yazısına – işğalçı rus generalını maymaq sifətində göstərən və “qeyrətli, cəsarətli, mətanətli Cavad xan” kimi qızıl ibarələrdən qanad taxan bir oçerkinə həm dördüncü, həm də cüzi dəyişikliklə üçüncü sinfin Oxu kitabında yer ayırırlar. Üçüncü sinfin Oxu kitabında naməlum bir müəllif, H.Z.Tağıyevin məlum quru­culuq işlərini xatırlamaqla kifayətlənmir və onu rus çarına etiraz edən bir millət atası kimi qələmə alır. Görəsən, necə olur ki, Gəncəni işğal edən rus generalı, Cavad xanın arvadı Bəyim xanımın vurduğu zərbələri cavabsız qoyur? Necə olur ki, H.Z.Tağıyevin etiraz etməsi rus çarını qətiyyən hövsələdən çıxartmır və o, mübariz Hacıya gözün üstündə qaşın var deməyə də qıymır?

Uşaq belə suallar verirsə, deməli, oxuduğunun doğrulu­ğuna şübhə edir. Şübhə edirsə, demək, onu inandırmaq çətin məsələdir.

Oxu kitablarında Babəkin vəziyyəti daha acınacaqlıdır. Çünki uşaq bu dərsliklərdə Cəlal Bərgüşadın və Əlövsət Quliyevin Babək haqqındakı hekayələrini Məhəmməd pey­ğəm­bərin kəlamları ilə tanış olandan sonra oxumağa baş­la­yır. Peyğəmbərin kəlamlarını özünəməxsus bir saflıqla oxumağın qabağında uşağa din düşməni Babəki, illah da C.Bərgüşadın, leylək yuvasında qılınc-qalxan gizlədən və ağac koğuşuna gi­rib, ərəblərə divan tutan Babəkini sevdirmək mümkündürmü? Ağlım kəsmir.

Vətəndən, Vətən övladlarının qəhrəmanlığından bəhs edən yazılarımızı uydurmalar üstündə qurduğumuzdan, gözlə görünəni, əllə tutulanı bir qırağa qoyub, xəyali boşluqda bədii həqiqət axtardığımızdan Oxu kitablarında gözqamaşdırıcı iba­rələr baş alıb gedir, ana Vətən gah “işıqlı əməl” olur (M.Ra­him), gah da “kotansız bellənir”, nənələr ana torpaq haqda na­ğıl söyləyəndə “yuxularımız çəmənlənir, şirinlənir” (M.As­lan). Vətənlə, nənə ilə, ana ilə bu dildə danışanların yazılarına Oxu kitablarında genış yer verilməsi göstərir ki, dərslik müəl­lifləri uşağın bədii təxəyyülünü formalaşdır­maq­da parıltılı-partıltılı misralara və cümlələrə çox böyük əhə­miyyət verirlər:

“Ana” sözü deyəndə,

Həm də Vətən deyirik.

Qoşa qanad gətirib

Biz günəşə deyirik.

(İ.Tapdıq)

“Bu ocaqdan arzulara, ümidlərə, istəklərə, gələcəyə pər­vazlanan körpələr də, uluların, qocaların nağılların dinlədilər...

Bu ocağın özü ulu, adı qeyrət. Bu ocağın istisində boya-başa çatdı mərdlik və ədalət” (Sadıq İbrahimov).

“Yaxşı demişlər: əgər neft kraliçadırsa, Bakı onun tacıdır” (Naməlum müəllifdən).

Adama elə gəlir ki, bu tip yazıların hamısı, müəllifindən asılı olmayaraq, həmişə eyni bir şəxsin dilindən götürülüb qələmə alınır. Hər mövzuda parlaq nitqlər söyləməyi bacaran bu şəxsin, təbii ki, baş mövzusu Vətəndir. Vətəni göydə günə­şə, yerdə qeyrət ocağına, başda taca bənzədən və “Babəkin nəvəsiyəm” deyib, torpaq yolunda hər an ölümə hazır oldu­ğunu bəyan edən bu bəlağət ustasına siz nə deyirsiniz, bilmi­rəm, amma mən Dil Pəhləvanı deyirəm – Basılmaz Dil Pəhlə­vanı. Basılmazlığı ondadır ki, zaman keçsə də, dövran dəyişsə də, o, yenə meydandadır və meydanda cövlan edib, adam ovsunlamağın yeni-yeni fəndlərini sınaqdan çıxarır. Sınaq meydanı təkcə ədəbiyyat dərslikləri olsaydı, bəlkə də, bizim Pəhləvan bir belə güc-qüvvət sahibi olmazdı. İş burasındadır ki, uşağın ibtidai ədəbiyyat dərsliklərindən oxuyub qiyabi tanıdığı Dil Pəhləvanı məktəbdə müəllim, televiziyada Sava­lan baba qiyafəsində zühur edib əyaniləşir və təsir gücünü birə-beş artırır. Dil Pəhləvanına hər gün, hər saat qulaq asma­ğın nəticəsi bu olur ki, uşaq ana dilindən xəbərə aid cümlə qur­maq istəyəndə qardaş-bacısının həyətdə gizlənpaç oyna­ma­ğını, anasının mətbəxdə qab yuyub, xörək bişirməyini ağ­lına gətirmir və “ülvi Vətən məhəbbəti”, “Həcər qeyrətli qız­larımız, Nəbi qeyrətli oğullarımız”, “torpağı göz bəbəyi kimi qorumağımız” üstündə baş sındırmağa başlayır. Və sən doğmaca balanın da yavaş-yavaş Dil Pəhləvanına döndüyünü görüb, qəm dəryasına qərq olursan.



1998

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə