Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu muxtar kazimoğlu səNƏt qayğilari baki – 2015 Redaktoru



Yüklə 1,21 Mb.
səhifə5/8
tarix15.03.2018
ölçüsü1,21 Mb.
#31768
növüYazı
1   2   3   4   5   6   7   8

SƏNƏTKARIN ƏYİLMƏZLİYİ

C.Qasımovun “Cavidi məhbəsə aparan yol”

kitabı üzərində düşüncələr
H.Cavidin məhbəsə qədərki və məhbəsdəki faciəvi həyatından, bəraət dövründəki ədəbi taleyindən bəhs edən bu kitab, hər şeydən qabaq, fakt zənginliyi ilə diqqəti cəlb edir. Kitabda təqdim edilən faktların bir qismi 30-cu illər dövri mətbuatından, bir qismi isə indiyədək naməlum qalan arxiv sənədlərindən götürülüb. Heç bir təhlilə yer verməsəydi və sovet dövrünə aid arxiv sənədlərindən seçib götürdüyü faktları sadəcə olaraq xronoloji ardıcıllıqla təqdim etsəydi belə, müəllif – filologiya elmləri doktoru Cəlal Qasımov oxunaqlı bir kitab ortaya qoymuş olardı. Amma C.Qasımov bu yolu tutmayıb. O çalışıb ki, 20-30-cu illər ədəbiyyatına yaxından bələd olan bir ədəbiyyatşünas kimi ciddi araşdırma aparsın, üzə çıxardığı faktları təhlil süzgəcindən keçirsin, həmçinin məlum faktların görünməyən tərəflərinə işıq salsın və nəticədə 30-cu illər ədəbi, ictimai-siyasi mühitini daha dərindən anlamaqda, əyilməz sənətkarın şəxsiyyəti barədə dolğun təsəvvür əldə etməkdə oxucuya yardımçı olsun.

Sənət adamının sərbəstliyi, söz yox ki, nisbi anlayışdır. Sağlam cəmiyyətdə yaşayan sənətkar da əlinə qələm götü­rən­də ətraf mühitin münasibətini nəzərə almalı, oxucu zövqü və rəyi ilə az-çox hesablaşmalı olur. Siyasi hadisələrin tüğyan elə­diyi 20-30-cu illər sovet cəmiyyətində isə məsələ ağlasığ­maz dərəcədə mürəkkəb idi. Köhnəni darmadağın dağıdıb, onun xarabalıqları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata özlərinin təbliğat və təşviqat vasitəsi kimi baxır­dılar, onlar verdikləri qonorar, vəzifə və imtiyazlar müqabi­lində yazıçılardan məhz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Cavan yazıçıları təbliğat işinə qoşmaqda elə bir çətinlik yox idi – cavanlar siyasi tələbə, o vaxtın dili ilə de­sək, ictimai sifarişə müsbət cavab verirdilər, çünki inqilab dalğası üstündə ağ günə çıxacağımızı zənn edib, fəhlə-kəndli hökumətinə qəlbən bağlanmışdılar və “dəstədən geridə qal­ma­mağı”, mübarizənin “ən ön sıralarında olmağı” özlərinə borc bilirdilər. Dərd ədəbiyyata sovet dövründən qabaq gələn­lərin, özünəməxsus yaradıcılıq yolu keçib müəyyən ədəbi mövqe qazananların dərdi idi. “Ölülər”, “Şeyx Sənan” və “Aydın” müəlliflərini öz yolundan döndərmək asan məsələ deyildi. Bu məqamda maddi həvəsləndirmə üsulu kara gəl­mir­di. Konkret olaraq H.Caviddən danışsaq, qeyd etməliyik ki, nə dövlət səviyyəsində təşkil olunan “Cavid axşamı”, nə fərdi təqaüdün verilməsi, nə Almaniyaya müali­cə­yə göndəril­məsi, nə əsərlərinin dalbadal çap olunması və Azərbaycan, həmçinin Zaqafqaziya və Orta Asiya şəhərlə­rin­də tamaşaya qoyulması H.Cavidi bolşevik ideologiyasını təbliğ etmək səviyyəsinə endirə bilmədi. Bunun acı nəticəsi idi ki, 1937-ci il repressiyasının ilk qurbanlarından biri H.Cavid oldu.



Əlbəttə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş ver­mədi. Əvvəl-əvvəl bu hadisələrə hazırlıq tədbirləri görül­dü. Tədbirlərin ən başlıcası ictimai rəyi formalaşdırmaq­dan ibarət idi. C.Qasımov ictimai rəyi formalaşdırmaq tədbir­ləri sırasın­da ədəbi məhkəmələri xüsusi olaraq qeyd edir. 20-ci illərdə başlayan bu məhkəmələr mətbuatda geniş işıqlandı­rılırdı. Kam­paniyaya başçılıq edən “Kommunist” qəzeti ədəbi məh­kəmənin nədən ötrü keçirilmə­si­ni açıq-aydınlığı ilə göstərirdi: “İctimai mühakimələrdə şura quruluşunun möh­kəm­lən­mə­sinə və qabağa getməsinə cürbəcür yollar və hərəkətlər ilə ma­ne­çilik göstərən (törədən – M.K.) şəxsləri mühakimə etməliyik”. Ədəbi məhkəmələrdə daha çox dram əsərləri mühakimə edi­lirdi. C.Qasımovun fikrincə, bunun əsas səbəbi 20-30-illərdə teatrın daha kütləvi xarakter daşıması ilə əlaqədar idi. Ədə­biy­yat ideoloqları məhkəmələr keçirib “şura quruluşuna ma­ne­çilik törədənləri” geniş kütlələrə tanıtmaqda teatrı daha əl­verişli vasitə sayırdılar. “Kommunist” qəzeti mühakimə olu­nacaq əsərin adını elan etməklə yanaşı, həmin əsərin teatrda nə vaxt göstəriləcəyi barədə də məlumat verib, tamaşaçı küt­ləsinin məhkəməyə hazırlıqlı gəlməsini təşkil və təmin edirdi: “Dekabrın 12-də “Kommunist” qəzeti tərəfindən “Şeyx Sə­nan” üzərində ictimai-ədəbi mühakimə qurulur. Bu münasi­bətlə ayın 11-də Dövlət Akademik teatrda “Şeyx Sənan” pye­si tamaşaya qoyulacaqdır. Mühakimə ilə teatr tamaşasının çox mərbut olması və bir-birinə nə qədər yardım etməsi qabaqkı təcrübəmizdən görünmüşdür. Ona görə bütün maraqlıların həm teatra, həm mühakiməyə gəlməsi ayrıca tövsiyə olunur”. C.Qasımov 37-ci il repressiyasına siyasi hazırlıq tədbirlə­rin­dən biri kimi ədəbi məhkəmələrin harada və necə keçirilmə­sini araşdıraraq yazır: “Ədəbi məhkəmələr açıq şəkildə, klub­larda və teatr binalarında keçirilirdi. Bu məhkəmələr elə təşkil olunurdu ki, ora gələnlərin sayı klub və teatr binasında yerləş­dirilən oturacaqların sayından qat-qat çox olurdu. Məhkəmə heyəti əhalinin çoxluğunu nəzərə alaraq ədəbi mühakimələrin daha geniş binalarda keçirilməsi haqda qərar qəbul edirdi”. C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın” və “Od gəlini”, H.Cavidin “Şeyx Sənan” və “Şeyda” əsərlərinin ədəbi mühakiməsi məhz xalq kütləsinin iştirakı şəraitində keçirildi. “Şeyx Sənan”ın mühakiməsində iş o yerə çatdı ki, ca­maatın salona sığışmadığını görən məhkəmə heyəti “xalqın bu həvəs və arzusunu” nəzərə almalı və iclası Əli Bayramov klubundan Türk Tənqid-Təbliğ Teatrına keçirməli oldu. Küt­lənin ədəbi məhkəmələrə böyük həvəs göstərməsində təəc­cüb­lü bir şey yoxdur. Tarix boyu kütlə günahkar kimi ittiham olunan adamın boynunun vurulmasına, dərisinin soyulmasına, dar ağacından asılmasına böyük maraqla tamaşa edib. Ən acınacaqlısı bu olub ki, günahkar kimi ittiham edilən adamın “qəbahəti” xalqa gün ağlamaqdan başqa bir şey olmayıb. 20-ci illərdə xalq kütləsi İsgəndərin, Aydın və Elxanın, Şeyx Sənan və Şeydanın səhnədəki faciəvi həyatına necə maraq göstəribsə, bu obrazların real həyatda, real adamlar tərəfindən ittiham edilməsinə də o cür maraq göstərib. Ədəbi məhkəmə­lər daha “məzmunlu” və “baxımlı” olsun deyə baş ittihamçı funksiyası tanınmış yazıçı və ədəbiyyatşünaslara həvalə edi­lib. Məsələn, H.Cavidin “Şeyx Sənan” əsərinin mühakimə­sində C.Cabbarlı, C.Cabbarlının “Od gəlini” əsərinin mühaki­mə­sində isə H.Zeynallı baş ittihamçı kimi çıxış edib. Bu cür tanınmış adamların baş ittihamçı sifətində ədəbi mühakimə­lərə cəlb edilməsi bir tərəfdən məhkəmələrə marağı daha da artırmaq üçündüsə, digər tərəfdən qələm sahiblərini bir-birinə qarşı qoymaq üçündü.

37-ci il repressiyasına hazırlıq işlərinin görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrünə qədərki əsərləri ağır mühakimə olun­duğu kimi, 20-ci ildən sonra yazdıqları da (“Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”...) ədəbi tənqidin kəskin hücum­larına məruz qalırdı: “Cavid bütün ədəbi yaradıcılığı boyu öz ölkəsinin (Azərbaycanın) yavrusu deyildir. O, tarixə, əfsanə­lərə, mistik burjua romantizminə qaçdığı üçün, canlı həyatı görmək qabiliyyətindən məhrum olduğu üçün bu vaxta qədər şura varlığını, bütün dünyanı məşğul edən sosializm ölkəsini, onun mahiyyətini düşünüb... həll etmək istədiyi problemlərə yanaşmağı bacarmamışdır. Bəlkə də bunu istəmə­mişdir”. Ədə­bi tənqidin dil baxımından da əcaib olan bu ittihamla­rın­dan qan qoxusu gəlirdi. Mətbuat səhifələrindən bu cür vahi­məli cümlələri oxuyan hər kəs fəlakətin lap yaxında olduğunu görməyə bilməzdi. Fəlakəti qocalı-cavanlı hər qələm sahibi görürdü və bunun üzücü həyəcanını yaşamalı olurdu. Təsa­düfı deyil ki, ölümlə üz-üzə dayanan sənətkar obrazı 30-cu illər ədəbiyyatında, xüsusi yer tutmağa başlayırdı. H.Cavidin Xəyyamı belə obrazlardandır. H.Cavid Xəyyamı ölümdən qorxmayan, qan hərisləri qarşısında öz vüqarını qoruyub saxlayan bir şair kimi qələmə alır. Xəyyam “Qan, saçdığı qan, içdiyi həp qan!” deyib hökmdarı ittiham edən bir qiyamçını ölümdən qurtarmağa çalışır və çox keçmir ki, Xəlifə ilə qarşılaşmada o (Xəyyam) özü də qiyamçıya çevrilir:

Kimdir onlar? Zavallı qurbanlar!

Sən də bir duyğusuz, quduz canavar!

Göründüyü kimi, Xəyyam zülm altında yaşayan insane­ları “zavallı qurbanlar”, Xəlifəni “quduz canavar” adlandırır. 1935-ci ildə yazılmış bir əsərdə şair – hökmdar qarşılaşma­sının bu cür ifadəsi üstüörtülü şəkildə həm repressiya qan-qa­dasından, həm də ideal sənətkar obrazından xəbər verir. Belə bir səhnəni daha geniş ölçüdə iki il sonra “Vaqif” əsərində S.Vurğun da yaradır. Deməli, 30-cu illərdə sənətkarın irtica qarşısında əyilməzliyi tək H.Cavidin yox, başqa yazıçıların da, o cümlədən cavanların sənət idealına çevrilir. Amma 20-30-illərdə bu ideala həm sənətdə, həm də real həyatda tək-tək qələm sahibi sadiq qala bilir. Belə qələm sahiblərindən biri məhz H.Cavid olur. H.Cavid ideoloqların sifariş verdiyini yox, öz istədiyini yazır. H.Cavid heç kimi satmır və heç kimə satılmır! H.Cavid nə sənətdə əyilir, nə həyatda!

Bu cümlələri yazmaq asandır, amma bu cümlələrin ifadə etdiyi gerçəkliyin özünü təsəvvür etmək çox çətindir. İnan­maq çətindir ki, dindarlığa qarşı mübarizə aparıldığı, ləyaqətli ruhanilərin güllələndiyi, məscidlərin, kilsələrin yaxıldığı - yıxıldığı bir vaxtda H.Cavid “Peyğəmbər” əsərini yazır. Düz­dür, bu əsərdə əsas məqsəd insanın mənəvi yüksəkliyini gös­tərməkdir. H.Cavid bu mənəvi yüksəkliyi “Şeyx Sənan”da həqiqətə qovuşmaq naminə Quranı yandırmağa belə hazır olan insanın timsalında əks etdirirsə, “Peyğəmbər”də Allah elçisinin timsalında əks etdirir. H.Cavid heç də islam dinini təbliğ etməyi əsas ideya kimi irəli sürmür, amma fakt fakt­lığında qalır: başqa şairlərin V.İ. Lenindən dastanlar yazdığı bir vaxtda H.Cavid islam peyğəmbərini dramın baş qəhrəma­nına çevirir.

İnanmaq çətindir ki, türkçülüyün təqib və təzyiqlərə mə­ruz qaldığı bir vaxtda H.Cavid öz üslubuna sadiq qalıb Azər­baycan və Türkiyə türkcəsinin qovuşmasından yaratdığı özü­nə­məxsus bir dildə yazmaqda davam edir, yaxud Topal Tey­murla Sultan Bəyazidin qanlı toqquşması timsalında türk xalqlarının bir-birindən ayrı düşməsini acı həqiqət kimi qə­lə­mə alır. İnanmaq çətindir ki, beynəlmiləlçilik və sovet vətən­pərvərliyinin şüara çevrildiyi bir vaxtda H.Cavid türk xalq­larının mənəvi birliyini diqqət mərkəzinə çəkməklə yalançı beynəlmiləlçiliyə qarşı çıxır, mövzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq çətindir, amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə gedir və bu yol onu vaxtsız ölümə aparır.

Bir çox ziyalılar kimi Cavidin də ölüm hökmünü İ.V.Sta­lin verdi: “Bu cənabları işçi sinfin düşmənləri kimi, və­tənimizin xainləri kimi amansızcasına darmadağın etmək və onların kökünü kəsmək lazım gələcəkdir”. İ.V.Stalinin sözünə M.Bağırov dərhal “bəli” cavabını verdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir? Vətən xainləri Hü­seyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq... və başqa əc­laflar”. M.Bağırovun qurultaydakı bu çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də H.Cavid həbs olundu.

Həbs olunarkən H.Cavid daha çox nədə ittiham olu­nur­du? “Ədəbiyyat və dramaturgiya sahəsində əksinqilabi iş apar­maqda və şüurlu surətdə sovet mövzularına etinasızlıq gös­tərməkdə; gənc yazarları pantürkizm ruhunda tərbiyə et­məkdə; türk kəşfiyyatının xeyrinə casusluq fəaliyyəti gös­tər­məkdə”. İrəli sürülən ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olu­nur­du: yuxusuz saxlamaq, xüsusi qurğulardan istifadə etmək­lə kameraya soyuq hava üfürmək, döşəməyə soyuq su burax­maq, ailə üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlərinə güclü işıq salmaq və s. Bütün bu işgəncələrə baxmayaraq, H.Cavid ona qarşı irəli sürülən əsas ittihamları rədd etdi. O vaxt “günah”ını boynuna alanları güllələyir, onların ailə üzv­lərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadı, S.Hüseyni gül­lələmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. Ə.Cavadın həbs olunan uşaqları arasında 2 yaşlı oğlu Yılmaz da vardı. H.Cavid “gunah”larını boynuna almamaqla ailəsini həbs olunmaqdan xilas etdi. İstintaq zamanı H.Cavidin etiraf etdiyi “səhvlər” isə bunlar oldu: “1926-cı ilə qədər... öz əsərlərimdə mən sovet mövzusundan uzaq olmuşam və sovet həqiqətlə­rindən yazmamışam; mən əsərlərimi kütlənin başa düşmədiyi bir dildə yazmışam”. Bu etiraflar güllələmək üçün tam əsas vermirdi. Güllələmək üçün “əksinqilabçılıq və casusluq fəa­liyyəti” etiraf olunmalıydı. H.Caviddən istənilən ifadəni ala bilmədiklərinə görə istintaq, istisna hal kimi, düz iki il uza­dıldı və H.Cavidə səkkiz illik həbs cəzası kəsildi. Sibirə sür­gün olunan və orada ayaqlarının donması səbəbindən vəfat edən H.Cavid 1956-cı ildə bəraət aldı, 1982-ci ildə H.Əli­yevin təşəbbüsü, təşkilatçılığı və göstərişi ilə H.Cavidin cə­nazəsi Vətənə gətirildi, 1996-cı ildə H.Cavidə doğulduğu Nax­­çıvan şəhərində əzəmətli məqbərə ucaldıldı.

Gələcəkdə adının ehtiramla anılacağına əmin olduğuna görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq istəyənlərin qarşısında sınmadı və məğrur səsini ucaldıb dedi:


Mənə gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər üçün qorxulu gün.

O zaman iştə ölənlər dirilər,

Kim nə yapmışsa, cəza çəkdirilər.


Sənətkarın dediyi o gün gəldi: Cavid adı ehtiramla çəkildikcə bir vaxt ona olmazın hədyan yağdıranlar, onun ölümünə bais olanlar tarix qarşısında cavab verməli oldular.

Bütün bunlarla yanaşı, C.Qasımov H.Cavid ədəbi taleyi­nin başqa bir cəhətinə də toxunmağı vacib bilir. Bu, H.Cavid sənətinin yalançı yozumlara, təhriflərə məruz qalmasıdır. 20-30-cu illərdə burjua yazıçısı adlandırılan sənətkara 50-60-cı illərdə sovet libasının geydirilməsi, C.Qasımovun fikrincə, belə təhriflərdən, H.Cavid sənətinə birtərəfli yanaşma təza­hürlərindəndir. C.Qasımovun qeyd etdiyi birtərəfli yanaşma misalları sırasına birini də biz əlavə etmək istəyirik. Bizə belə gəlir ki, indiki müstəqillik şəraitində H.Caviddən ifrat dərəcə millətçi, türkçü, turançı kimi danışmağın özü də onun sənətini dar çərçivəyə salmaqdır. Halbuki H.Cavid, milliliyi bəşəri­liliklə qovuşduran və İnsan olmağı hər şeydən üstün tutan bir sənətkardır.


2008

TƏNHALIQ QIFILBƏNDİ
Sona Vəliyevanın imzasına qəzet və jurnalların şeir sə­hifələrində o qədər də çox rast gəlmirik, çünki S.Vəliyeva az yazır və yaxud şeirlərini az-az hallarda çapa verir. Az yazmaq və az çap olunmaq nöqsandırmı? Xeyr, nöqsan deyil. Nöqsan ardı-arası kəsilməyən sicilləmələrlə mətbuat səhifə­lərini tut­maq, oxucunun gözünü və beynini döyənək etməkdir. Bunu çox gözəl bilən S.Vəliyeva arif oxucu qəlbinə yol tapmağı şeir yazmağın başlıca ölçüsünə çevirir və çox çap olunmağa maraq göstərmir.

Bir çox başqa şairlər kimi S.Vəliyeva da özünəqədərki ədəbiyyatdan tanıdığı və könlünə yaxın bildiyi obrazlara üz tutur, onların məlum cizgiləri əsasında öz obrazlarını yaradır. S.Vəliyevanın tez-tez xalq mahnılarına, xalq dastanlarına, məşhur sənətkarların yaradıcılığına müraciət etməsi, Qaragilə, Banıçiçək, Kefli İsgəndər və s. kimi obrazları xatırlatması məhz həmin ehtiyacdan – məlum hava üstündə öz nəğməsini oxumaq ehtiyacından irəli gəlir. Əlbəttə, Qaragilə, Banıçiçək və Kefli İsgəndər bir-birindən xeyli fərqlənən obrazlardır. Bu fərqli obrazların hər birində S.Vəliyeva öz qəlbinə yaxın bir cəhət görüb kağızla üz-üzə dayanır, qələmlə baş-başa verir. S.Vəliyeva qələminin Kefli İsgəndər obrazından aldığı başlıca qida mənəviyyat dəllalları ilə barışmazlıqdır. Müəllif mənə­viy­yat alveri yapanlara göz yummağı bacarmayıb istər-istə­məz Mir­zə Cəlili yada salası olur, bir bacı məhrəmliyi ilə əlini Kefli İs­gəndərin çiyninə qoyubmuş kimi, gözünü Kefli İsgən­dərin pə­­rişan üzünə dikibmiş kimi qüssəli-qüssəli danışmağa başlayır:

Sən keflisən, qardaş,

Düz ya əyri-

nə desən, inananın tapılmaz...

Tək çəkmə bu millətin dərdini –

Qədrini bilən olmaz.

...Dərd elə köhnə dərddir.

Sadəcə eni, uzunu,

bir az da licçimi dəyişib.

(“Əziz qardaşım Kefli İsgəndər”)

Dərd odur ki, Xudayar bəylər, Şeyx Nəsrullahlar cin kimi, şeytan kimi bu gün də fəaldırlar, onlar bu gün də mey­dan sulayıb, at oynatmaq istəyirlər. Şairi narahat edən bu şeytani fəallıqdır, şairin istəyi bu fəallığın qabağını almaqdır.

Yeri gəlmişkən qeyd edim ki, S.Vəliyevanın M.Cəlilə ehtiramı həm də onun (S.Vəliyevanın) tədqiqatcılığı ilə bağ­lıdır. Filologiya üzrə fəlsəfə doktoru olan S.Vəliyeva ədəbiy­ya­tımızda milli mücadilə məsələsinə dair dəyərli elmi əsər­lərin müəllifidir və həmin əsərlərdə o, M.Cəlil yaradıcılığına xüsusi yer verir. Alim S.Vəliyevanın şair S.Vəliyevanı ta­mam­laması, əlbəttə, təbiidir. Amma bu yerdə aydınlaşdırıl­masına ehtiyac duyulan bir məsələ var. Bu, publisistik ahən­gin S.Vəliyeva şeiri üçün səciyyəvi olub-olmaması məsə­ləsidir. S.Vəliyeva lirikasına bu baxımdan nəzər saldıqda ay­dın olur ki, onun vətəndaşlıq yanğısı ilə yazılan xeyli şeiri var. Həmin şeirlərdə müəllif ən çox nədən narahatdır? Və­tənin taleyinə biganə qalmaqdan! Vətənin taleyinə biganə qalanlar, şairin fikrincə, yalnız Xudayar bəylər, Şeyx Nəsrul­lahlar yox, həm də Pərnisələr, Gülnisələrdır:

Yox, sən Burla xatın qızı deyilsən,

Qanında bir özgə qan yaşar sənin.

Bir oğuz gözəli, oğuz anası,

Dərdinə oynamaz bu məmləkətin.

(“Özgə havalara oynayan gözəl”)

Bu şeirin qınaq hədəfi Vətənin dərdli çağında gününü eyş-işrət içində keçirən, çalıb-oynamaqdan başı ayılmayan vecsiz xanımlardır. Vecsiz bəylər kimi vecsiz xanımları da qınaq hədəfinə çevirib Vətənin taleyindən nigaran qaldığını diqqətə çatdırması S.Vəliyeva şeirində publisistik ahəngin aparıcı olmasından danışmağa əsas verirmi? Məncə, yox. Ona görə ki, S.Vəliyeva ictimai məsələlər barədə mənzum jurna­listika dili ilə yox, şeir dili ilə danışmağa çalışır, hər hansı ictimai məsələni lirizm süzgəcindən keçirməmiş oxucuya təqdim etmək istəmir. Lirizm müəllif subyektini önə çıxarır və məlum ədəbi obrazlar əsasında öz obrazını yaratmaq da məhz subyektin ön plana çıxması sayəsində mümkün olur. Lirik qəhrəman bivec xanımlardan danışanda bir inkarçı möv­qeyində dayanırsa, dərddən havalanıb oynayan xanımlardan danışanda haqqında söhbət açdığı insanın həmdərdinə çevri­lir. Subyektlə obyektin bu cür qaynayıb-qarışması Banıçiçək obrazının təqdim olunmasında daha qabarıq şəkildə özünü göstərir. Müəllif şeirin (“Bir havasız hava çalın” şeirinin) heç bir misrasında Banıçiçək adını çəkmir. Amma “Çal, gora gedən qız mənəm” misrası göstərir ki, şeirdəki dərdli qadın obrazı və sevmədiyinə ərə getməyi müsibət kimi qəbul edən Banıçiçək obrazı arasında bir səsləşmə var:

Bir havasız hava çalın,

Durub oynayım, oynayım.

Başımdakı havam yetər,

Süzüm oynayım, oynayım.

(“Bir havasız hava çalın”)


Bu şeirdə Banıçiçək obrazına işarə etmək, yəqin ki, dərddən qol götürüb oynamağın mümkün olduğuna oxucunu inandırmaq üçündür.

Oxucunu inandırmağı şeir üçün vacib şərt sayan S.Və­liyeva görüb duyduqlarından, daxilən yaşadıqlarından yazan­da daha çox uğur qazanır. Təsadüfi deyil ki, S.Vəliyevanın ən uğurlu şeirləri doğma kəndə, ata-anaya, ömür-gün yoldaşına, ümumiyyətlə, məhəbbətə, tənhalığa həsr olunub. Həmin möv­zulara həsr etdiyi şeirləri müəllif bir-biri ilə həm məzmun, həm də üslubca əlaqələndirməyi bacarır. Müəllifin avtobio­qrafik yazılarını oxucu şeir silsiləsi kimi yadda saxlayır. Şeir silsiləsi kimi oxunan həmin yazılarda tez-tez eyni obrazlarla qarşılaşırıq: dəli külək, tənha ağac, saralan yarpaq, narın pa­yız yagışı, uzanıb gedən yol ... Bu obrazlar içərisində yol ob­razının xüsusi yeri var. Müəllifin poetik dünyasında yol ilk beşikdən, ata ocağından başlayır. Ata-anadan bəhs edəndə müəl­lif sadəcə valideynlərə sevgi və ehtiram bildirməklə kifayətlənmir, eyni zamanda yurd-yuva nisgilini ifadə etməyi şeirin əsas xəttinə çevirir. Nisgil övladın ata ocağına təzədən qovuşa bilməməsindədir. Övlad ata-anaya baş çəkə bilir, amma ata-ananın şəhərdə yaşamağı mümkün olmadığı kimi, övladın da kəndə qayıtmağı hec cür mümkün olmur. Əlac ona qalır ki, kənd həsrəti çəkə-çəkə ömür-gününü şəhərdə keçi­rəsən. Əlbəttə, şəhərdə kənd həsrəti ilə yaşamaq və bu həsrətə şeirlər həsr etmək heç də kəndi ideallaşdırıb şəhərə qarşı qoymaq demək deyil. Aydın məsələdir ki, şəhərdə insanı höv­sələdən çıxaran Xudayar bəylər, Şeyx Nəsrullahlar, Pərnisələr və Gülnisələr ab-havası bu və ya digər ölçüdə kənddə də var. Bəs onda kənd həsrətinin kökündə dayanan nədir, hansı hiss, hansı duyğudur? Kənd həsrətinin kökündə dayanan ən başlıca duyğu uşaqlıq həsrətidir. Kənddə keçən bu uşaqlıq insanı məhz kəndə çəkir. Şair xəyalən uşaqlığın qayğısız günlərinə qayıdır, nağılvari uşaqlıq aləmi ilə bu gün yaşadığı gerçək­liyin təzadlı məqamlarını həzin şəkildə şeirə gətirməli olur. S.Vəliyeva şeirində dəli külək yaşanan gerçəkliyin sərt üzünü ifadə etmək üçündür:

Bu qaraca şəhərin, ağca şəhərin

Küləksiz günü yox.

Günəşindən, ağacından, yağışından

Toz-dumanı çox.

Nəyinə aşiqəm, nəyini sevdim bu şəhərin?

Xəzərə laylalı anam dedim,

Küləklərə dəlisov balam.

(“Küləklər”)

Bu dəlisov külək küçələri, adamları, ağacları bir-birinə qatır, ağacların budaqları küləyin əlində kimsəsiz qız uşaqları kimi əsir-yesir olur. Külək – ağac paralelini müəllif “Tənha sarı yarpaq”, “Əllərim”, “Səndən yaman küsmüşəm” və s. şeirlərində də davam və inkişaf etdirir:

Külək payıza dəstək –

Bağı talan etməyə.

İçimi bir söz didir,

Gücüm çatmır deməyə.

(“Səndən yaman küsmüşəm”)

Payızın bağ-bağçanı soldurmağı məlum məsələdir. Am­ma küləyin payıza qol-qanad verməyi artıq bağ-bağçaya di­van tutulması deməkdir. Küləkli bir payız gününü bu cür qələmə almaqla müəllif lirik qəhrəmanın naçarlıq əhvalı ba­rədə aydın təsəvvür yaradır və bu əhvalın sözlə tam ifadəsinin mümkün olmadığını bildirir. Yeri gəlmişkən xatırladım ki, S.Vəliyevanın poetik obrazları sırasında söz özü də bir obrazdır:

Sözlər gilə-gilə

Töküləcək vərəqə

Göz yaşı əvəzinə.

(“Ağlaya bilməyəndə”)

Naçarlıq içində qalan və sözləri göz yaşı kimi gilə-gilə vərəqlərə süzülən lirik qəhrəmanın ən yaxın həmdəmi külək­də - yağışda boynunu büküb göynəyən-sızlayan bənövşədir, yol qırağında ucalan tək-tənha ağacdır:

Gəlmişəm yanında sirdaş olmağa,

Dayanaq əl-ələ, budaq-budağa.

İçimi göynətdi çəkdiyim dərdlər,

Gəlmişəm yanında ağac olmağa.

(“Tənha ağac”)

Bu köç hardan gəlib, haraya gedir?

Çağırdım, harayım kimsəyə yetmir.

Mən ruhu tənhanı yanında bitir,

Yol üstə yolların aşiqi çinar.

(“Yol üstə yolların aşiqi çinar”)


Özü ilə boynubükük bənövşə arasında bir bənzərlik görən, tənha ağacı özünə ən yaxın sirdaş bilən lirik qəhrəman sözün hərfi mənasında da tək-tənhadırmı? Xeyr, tək-tənha deyil. Onun huşyar ömür-gün yoldaşı var, ömrünə ömür cala­yan övladları var. O, övladları ilə fəxr edir, ömür-gün yol­daşına mənəvi dayaq kimi baxır:
Sən bildin, mən bildim, bir də dörd divar,

Olub olmayanı kimsə bilmədi.

Yarıya böldüyün papirosların

Kül yeri, köz yeri ürəyimdədi.

(“İlləri əl-ələ verib gəlmişik”)

Bu misralar maddi və mənəvi sıxıntılara qatlaşıb evin sirrini-sözünü dörd divar arasından çölə çıxarmayan bir xanımın sədaqətli ömür-gün yoldaşına münasibətini aydın şəkildə göstərir və oxucunu sövq edir ki, tənhalığın daha dərin qatları barədə düşünsün, bədii fakta geniş müstəvidə yanaşsın.

Bədii fakta geniş müstəvidə yanaşmağa cəhd göstərib S. Vəliyevanın bu misralarına nəzər salıram:

İçimdə dərd qıfılbəndi,

Qapına gəldim, İlahi!

(“Qapına gəldim, İlahi”)


Burada diqqəti daha çox cəlb edən “dərd qıfılbəndi” ifadəsidir. Müəllif özü qəlbindəki qəm-qüssəni mübhəm bir qəm-qüssə, qıfılbənd sayağı qəm-qüssə adlandırırsa, bu, o deməkdir ki, məsələnin kökü, doğrudan da, dərindədir.

S.Vəliyeva şeirində lirik qəhrəmanın tənhalığı adi məi­şət tənhalığı yox, gündəlik qayğılardan yüksəkdə dayanan şair tənhalığıdır. Bu həmin tənhalıqdır ki, dünyanın, demək olar ki, bütün şairlərində özünü göstərir. Poeziyamız tarixində nik­bin şair kimi tanınan M.P.Vaqif özü də tənha deyilmi? Tən­hadır, özü də bu tənhalıq onun zəmanədən şikayət motivləri üstündə yazılan son şeirləri ilə məhdudlaşmır, nikbinliyə mi­sal çəkdiyimiz əvvəlki şeirlərini də əhatə edir. Sadəcə əvvəlki şeirlərində M.P.Vaqif öz tənhalığını gözəllərə məhəbbət pər­dəsi arxasında gizlədir. S.Vəliyeva isə tənhalığı məhəbbət pərdəsi arxasında gizlətməyə ehtiyac görmür. Əksinə, S.Və­li­yeva şeirində tənha olduğunu dönə-dönə bildirən lirik qəhrə­man tənhalıq sıxıntısından qurtarmaq istərkən, adilik çərçivə­sindən çıxmaq istərkən başqa birinə yox, ömür-gün yoldaşına üz tutur:

Gəl gedək bu şəhərdən,

Bu payız mənlik deyil.

Ruhum saralan yarpaq,

Ayrılıq əl eləyir.

(“Gəl gedək bu şəhərdən”)

Yağışa, küləyə, qara qoşulaq,

Çıxaq adiliyin çərçivəsindən.

Bir ömrün, bir evin qayğı selindən,

Qohum küsüsündən, dost gileyindən.

Köç edən quşlara qoşulaq gedək.

(“Adi qayğılardan bezmişəm daha”)

Lirik qəhrəman kədərini məhz ömür-gün yoldaşı ilə bölüşür. Uşaqlıq həsrətinin, nadanlar arasında darıxmaq his­sinin nə demək olduğunu da hamıdan yaxşı başa düşən məhz ömür-gün yoldaşıdır. Ömür-gün yoldaşının ortaq olduğu ən böyük dərd isə Vətən dərdidir. Təsadüfi deyil ki, müəllif mə­həbbətdən danışanda da birbaşa, yaxud dolayı şəkildə Vətən dərdini dilə gətirir, məhəbbətlə bağlı saysız-hesabsız obrazlar içərisində Qaragiləni seçir. Məşhur xalq mahnısından bizə bəl­li olan Qaragilə obrazını özünün məşhur “Ay Qaragilə” şei­rində müəllif hicran rəmzi kimi götürür və oxucu bu hic­ranın geniş məna daşıdığını, sadəcə iki insanın yox, ikiyə bö­lünmüş bir xalqın hicranını ifadə etdiyini çətinlik çəkmədən anlayır. Fərdin yalqızlığından danışarkən “dərd qıfılbəndi” ifadəsini işlədən S.Vəliyeva xalqın yalqızlığından bəhs edər­kən “dərdin də şahı bizimki” misrasını işlədir və şeiri (“Şa­hım, şeyxim, Savalanım” şeirini) həmin fikir üzərində qurur:

İçim də, çölüm də qəm tarixidir,

Dərbənd bağlı qapım, Təbriz lal anam.

Şuşa baş örtüyüm, üzümdən düşüb,

Şahın hüzurunda necə dayanım?

Vətən torpaqlarının itirilməsindən, xalqın zaman-zaman gücsüzləşməsindən doğan kədər hissi müəllifin “Arazbarı” şeirində də dolğun ifadəsini tapır:

Göyçədi, Şuşadı, Təbrizdi,

Dərd köhnəldi, təzələndi.

Yanan küldüm, közərdim,

Odum boyumdan yuxarı –

Arazbarı.

Araz boyu, eləcə də başqa çaylar, göllər, dənizlər, dağ­lar, dərələr boyu kəsilən, doğranan Vətənin ağrısını çəkərkən, acısını daxilən yaşayarkən müəllifin Şah İsmayılı xatırlaması təsadüfi deyil. Şah İsmayılı xatırlamaqla müəllif məmləkəti qüdrətli görmək arzusunda olduğunu bildirir və arzunun gerçəkləşməsini “Leylisiz Məcnuna bənzəyən kimsəsiz yol­lar”ı qət etməkdə, “yol içindən yol başlamaqda” görür. Müəl­lifin poetik qənaətinə görə, dəli küləklər, aramsız yağan payız yağışları ürəyə qəm-qüssə gətirə, ürəkdə tənhalıq hissi oyada bilər, amma yolçunu yolundan döndərə bilməz.

Mən də elə düşünürəm və şairə “yolçu yolda gərək” de­yirəm.



6 avqust 2011-ci il

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə