73
və başqalarında xüsusilə seçilmişdir.
X.R.Ulutürk yaradıcılığında məfkurəvilik 60-cı illərin poetik
nümunələrindən duyulmuşdur. Həmin şeirlərin məzmununda,
əsasən, türkçülük, istiqlalçılıq, vətənçilik, xalqçılıq, Azərbaycanın
ərazi bütövlüyü, Azərbaycan ideyasının gerçəkləşməsi, milli
dövlətçilik və onun dünyada tanınması ideyası durmuşdur.
Sənət və ədəbiyyatın tarixi roluna böyük inam X.R.Uluturkün
milli özünüdərkində daxili enerjidir. 60-cı illərin şeirlərində
(“Nifrətim var” (1960), “Meyar” (1962), “Böyük sənətkar” (1962)
və başqaları) bədii “Mən”in şüurunda ictimai məzmun və kəsər
özünü güclü göstərirdi. Bu cəhətdən Xəlil Rza M.F.Axundzadənin
şüur və məfkurə mücəssəmi kimi tarixi xidmətlərini yüksək
qiymətləndirirdi:
Kim deyir, kim deyir döyüşə bilməz
Sənətkar zamanla, istibdad ilə?
Zülmün dağlarını dağıtmısan ki,
Adi bir qələmlə, istedad ilə!
(“Böyük sənətkar”)
Bu daxili inam, potensiya enerjisi X.R.Ulutürkü də məqsəd
aydınlığına doğru aparmışdır. Hələ 1962-ci ildə yazdığı “Bahar”
şeirində demişdi:
Döyüşlərdə ağartsa da saçlarımı qış qar kimi,
Mən gəlmişəm bahar kimi, gedəcəyəm bahar kimi.
50-80-ci illərin əsərlərində milli məfkurənin doğuşu və
inkişafını müşahidə etmək çətin deyildir. İstiqlal məfkurəsi
X.R.Ulutürk özünüdərkinin mənbələrindən biridir. “Afrikanın səsi”
(1960), “Gözün aydın, Azərbaycan” (1968), “Yetkinləş, Xəlil”
(1968) və başqa əsərlərdə həm milli, həm də bəşəri səviyyədə
azadlıq fikir və motivləri ilə bərabər Quzeylə Güneyin
birləşdirilməsi - bütöv Azərbaycan ideyası əksini tapmışdır.
“Quzeylə Güneyi birləşdirməyə fəxr elə, ey Vətən, Şəhriyar gəlir”,
- deyən şair ayrılıq sədlərinin lay-lay söküldüyündən sevinir, yur-
74
dunun yarısının ona dar gəldiyindən” darılır, kədərlənir.
Xəlil Rzanın 50-60-cı illərdən başlanğıc götürən istiqlal fikir və
məfkurəsi həm də Azərbaycanın ərazi-mənəvi bütövlüyü ideyasıdır
(Bu barədə ətraflı bax., monoqrafiya: s.106-116). Cənuba üz
tutmaq X.R.Ulutürkün 60-cı illər şeirindən həm bilavasitə, həm də
sətiraltı anlamlarda görünmüşdür. “Qatar gedər” və “Gedər”
şeirlərində “Araz”, “Təbriz” obrazları çox şairlərdə olduğu kimi
Xəlil Rza kədərinin, məqsədinin ideya daşıyıcılarıdır:
Kirpiyimi uzadıb göz qoyaram Araza
Azərbaycanı görər, kim gözümü arasa
İçim deyə bir ovuc ləpələnən axından,
Əyilərəm, Araza baxaram lapyaxından...
(“Qatar gedər”)
Hələ yer görməyib mənim dizlərim
Əsrlər dalından gəlir izlərim.
Təbriz, Təbriz! - deyə gülsə gözlərim,
Göy-göl gözlərimin yaşında gedər.
(“Gedər”)
70-ci illərdə yazdığı şeirlərində X.R.Ulutürkün istiqlal motivləri
güclənmişdir. “Səməndər quşu kimi” (1970), “And içirəm” (1974),
“Millət mücahidləri”, “Dincəl, əllərim dincəl” (1974), “Səlahiyyət
istəyirəm” (1979), “Məsləklə yaşayanda” (1979), “Saçlara dən
düşür” (1979), “Mən Azərbaycanam” (1979), “Heç ola bilməz
ki...” (1979) və başqa şeirlərdə milli istiqlalı bəsləyən şair siyasi
məfkurə duyğusunun doğurduğu ehtizazları, mübarizlik ruhunu
qabarıq əks etdirir.
Xəlil Rza Ulutürkün “Kəşf”, “Gözəl yaşamaq”, “Hər şeyin
yaxşısı” (1970) kimi şeirlərində istiqlal məfkurəsi insanın gözəllik
idealından doğur:
Görünür yaşamaq qanunları var,
Beşikdən qəbrəcən yol gedirik biz.
Dünyada ən böyük gözəllikləri
75
Ömür bahasına kəşfedirik biz.
(“Kəşf”)
“Bağda xəzan düşüncələri” (1959), “Sonsuz qüvvət” (1962),
“Göyçayda payız səhəri” (1963), “Dağlara qalxıram” (1965), “Aç
qoynunu ana torpaq” (1968), “Hər şeyin yaxşısı” şeirlərində təlqin
olunan ideya, məfkurə mənəvi gözəlliyə yetmək, onun naminə
fəaliyyət göstərmək və mübarizə aparmaqdır. X.R.Ulutürk
yaradıcılığında gözəlliyə qovuşmaq elə həyatın mənasını
tapmaqdır:
Sevsən...
Biləcəksən nədir bu cahan.
Dolanmaq, sürünmək, yaşamaq nədir?
Ən gözəl yaşamaq əslinə baxsan
Gözəllik uğrunda mübarizədir!
Şairin mənlik şüurunda ülviyyəti dərk etmək idraka doğru
gedilən yoldur, seyrçi təfəkkür deyildir. Şairə görə gözəllik idealını
dəyərləndirmək yalnız sevinc emosiyasına görə yox, həm də
müqəddəs Vətən, millət kədərinə yiyələnmək, onun məna və
mahiyyətini dərk etmək. Vətən ruhunda tərbiyə olunmaqdır:
Gözəllik aləmin genişlənəcək,
Almasdan bahalı şeh görəcəksən
Sevincdən qiymətli İnsan kədəri,
Qılıncdan kəsərli ah görəcəksən.
Xəlil Rzanı “Göy-göl” şeirində Ə.Cavad, S.Vurğun və
başqalarının poetik ənənəsi yeni yozumda davam etdirilir:
Şair Söhrab Tahir qoşulub mənə,
Dalıb, əsir düşüb gözəlliyinə.
Bacın Urmiyədən salam var sənə
Gözləyir ən gözəl xəbəri, Göy-göl!
(“Göy-göl”)
Şair məsləkinin doğuşu da insanın azadlıq qüdrətindən,
məfkurəsindən vüsət alır. “Kəşf”, “Məsləklə yaşayanda”
şeirlərində olduğu kimi: