79
Sandım ki, hardasa artdı bir çiçək,
Bir bənövşə bitdi - ətirli, göyçək.
İpək yatağından qopardı məni,
Qalx - dedi - dağların yoxuşlarına
Saflıq aldı məni, apardı məni,
Çəkdi ölüm-dirim vuruşlarına.
Hər gün tələb edir: - Yuxudan tez dur!
Qılınc qurşamalı, qandal qırmalı!
Yalnız özün üçün saf olmaq azdır,
Bütün kainatı saflaşdırmalı.
(“Saflıq”)
Ulutürkün milli istiqlal məfkurəsinin daxili tutumu, onun
hüdudları genişdir. Hər bir xalqın təcrübəsi, azadlıq idealı onun
üçün sadəcə şüar, anlayış deyildir, mənəvi zənginlik, ləyaqət və
bəşəri dəyərdir; düzlük, mərdlik, həqiqət, cəsarət, cəsurluq onun
daxili təkanları, hərəkətverici qüvvələri, milli xarakterin davamlı
mənəvi keyfiyyətlərindəndir. Onda qətiyyət, dözüm, mərdlik,
barışmazlıq və mübarizlik vardır. “Əyilmə” (1962), “Şəlalə kimi”
(1962), “Təmizlik uğrunda” (1970), “Sarsılma” (1970), “Kəsə yol”
(1982), “Min bir dərdin dərmanı” (1982), “Düzlük” şeirlərində
mübarizə pafosu mənəvi-əxlaqi düşüncələrdən ayrılmazdır:
Görünür dünyada təmiz yaşamaq
Çörəyim, suyumdur, havamdır mənim.
Paxır götürməyən düzlük, açıqlıq
Sarsılmaz qalamdır, yuvamdır mənim.
Dəniz ləngərilə, çiçək ətrilə
Qartal uçuşuyla yaşadığı tək
İnsanı tanıdır, alışıb yanan
Ciyərlərindəki haqqın nəfəsi.
Həqiqət uğrunda təsadüfü yox,
Gündəlik, güzəştsiz mübarizəsi.
(“Düzlük” )
80
60-70-ci illərin şeirlərində milli istiqlal məfkurəsi ilə bağlı
düşüncələr, ideyalar candan sızmalar şəklində özünü göstərirdisə,
70-ci illərin axırları, 80-ci illərin əvvəllərinə aid olan şeirlərdə
etirafa, elana çevrilir, şair “Mən”i milli məramından söz açır; milli
məram fərd, sonra isə məmləkət və millət hüdudlarına qədər
müəyyənlik tapır:
Dinləyin, dinləyin, mən bir kamanam,
Dağ-daşı yandıran aham, amanam.
Bir vaxi Albaniya dedilər mənə,
Dağlardan vüqarlı alpam, alpanam.
Neçə Keyxosrovun açıq döyüşdə
Brilyant tacını bomboş qoyanam.
Rüstəm-Zal öldürdü öz Söhrabını
Söhrabam, mən onu bağışlayanam.
Təkcə öz dibinə işıq salmayan,
Hamıya nur verən şamam, şamdanam,
Dinlə qoca dünya, ey mənim anam:
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!
“Oğlum Təbrizə” (1964), “Təbrizli şairin düşüncələri” (1970),
“Xiyabani yurdunda” (1975) “Mən Azərbaycanam” (1979) və
başqa əsərlərində istiqlal məfkurəsi Güney və ya Quzey azadlığı
demək deyildir; şair Azərbaycanı bütöv dərk edir, onun təqdimatı
belədir:
Ey bala Təbrizim, gün o gün olsun,
Ana Təbrizimə mən azad deyim.
Baban Şəhriyara kürəkən ol sən,
Qovuşsun Təbrizə Şəhrizad deyim.
(“Oğlum Təbrizə”)
80-ci illərdə Xəlil Rza Ulutürk bir ideoloq, azadlıq mücahidi, istiqlal
məfkurəsinin əzabkeşi olaraq poetik proqramını elan etmişdir. Şair milli
ideallarında mübarizəni, əqidə və məsləki əsas götürmüş, milli bütövlüyü
təcəssüm etdirmişdir. 60-70-ci illərin əsərlərində milli mənlik şüur və
məfkurəsinin təzahürü sətiraltı fikir qatla-
81
rında ifadə olunmuşdursa, 80-90-cı illərin yaradıcılığında bu,
birbaşa özünü göstərmişdir. Həmin məfkurənin təcəssümü, əsasən,
imperiyanın kəskin ifşası, yəni mübarizə ideologiyası, Azərbaycan
xalqının müstəqilliyi, suverenliyi, yəni milli istiqlaliyyəti ilə bağlı
olan tarixi, bədii-estetik axtarışlarla bağlıdır.
80-ci illərin şeirlərində qüdrətli çağırış ruhu fərdi xüsusiyyətdir.
Çağırış, səfərbərlik ruhu 40-50-ci illər poeziyasının poetik ruhu
deyildir. Bu dövrün çağırış ruhu milli qayə, meram və ideallarla
aşılanmış qətiyyətli sənətkar mövqeyidir:
İlk Allahım, son Allahım - Mübarizə! Mənə bənzə!
Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə,
Məramımdır Mübarizə! Mənə bənzə!
(“Mənə bənzə”)
Mübarizə şairin həyat idealı olmuşdur. Həmin məqsəd və
məram birdən-birə hasil olmamışdır, milli “Mən” bunun üçün
gərgin hazırlıq illəri keçmişdir. Şairi mübarizəyə qaldıran mənəvi-
daxili təkan geniş mənada müqəddəs milli kədərdir. O, 70-ci illərin
şeirlərində yazmışdır:
Kiminsə sevinci bir az bulaşıq,
Kiminsə qəlbində büllur bir qəm var.
Kimsə dinc... mənimsə damarlarımda
Hələ də qışqıran mübarizəm var!
(“Geri qaldım”)
İstiqlal yolunda tərəddüdlər, büdrəmələr də şair varlığına yad
olmamışdır. Onun millilik uğrunda mübarizəsi əvvəl özündən, “Bir
mən vardır məndə məndən içəri” deyən təsəvvüf şairi Yunus İmrə
kimi iç “Mən”indən başlamışdır. “Əyilmək qorxusu” (1973),
“Gücüm, gücsüzlüyüm” (1978), “Çılğınlıqdan dözümə keçid”
(1984), “Dözümlü ol, dəli könül” (1984) şeirlərində olduğu kimi:
Döyüş amansızdır, yoxdur orta yol:
Ya cəsur olmalı, ya da ağciyər
Ya mərd yaşamalı, ya da bir təhər.