İstər faktik, istərsə də etnoqrafik
materialların araşdırılmasından aydın olur ki, zıvını
da daxil olmaqla, arxalıq, nimtənə, ləbaddə
(lavada), baharı və küləcə kimi qadın üst
geyimlərinin biçilməsində, xüsusi geyim növü kimi
ayrılmasında “çəpkən” mühüm rol oynamışdır.
Başqa sözlə desək, Azərbaycanın Şəki, Şamaxı,
Bakı, Naxçıvan, İrəvan, Lənkəran, Gəncə, Şuşa,
Qərb və başqa bölgələrində geyilən qadın üst geyimləri birbaşa
çəpkənin sələfləridir. [67] Bel, qol və yaxa kəsiklərinin, ətək düzümünü
tərtiblənməsində ki fərqlər nəzərə alınmazsa, biçin tərzi, tikiş üslubu,
rəng seçimi və bədənə kip oturması ilə bu geyimlər, demək olar ki,
eyniyyət təşkil edir.
Çəpkən- köynəyin üstündən geyilən üst geyim tipi olub, astarlı
tikilir və hətta yüngül sırınırdı. Onu, iqtisadi imkandan asılı olaraq
bəzən bahalı ipək parçalardan (məxmər, tirmə, zərxara, tafta, qumaş,
atlas, kəmxa və s.) bəzən də pambıq, yun və adi parçalardan
hazırlayırdılar. Rəng seçimi çəpkəndə daha çox nəzərə alınardı. Belə ki,
cavan gəlin və qızlar, qırmız, mavi, yaşıl; yaşllar göy, palıdı, bənövşəyi,
qara parçalardan tikilmiş geyimə üstünlük verirdilər. Çəpkən bədəni
yerinə qədər kip tutur, buradan isə yanlardan qoyulmuş çaıpıq vasitəsilə
enlənirdi. Adətən, yaxa, qol, çapıq, ətək və calaq tikilşlərinin üzəri
görünməsin deyə müxtəlif bafta, zəncir, köb, şahpəsənd, həşyə, və s.
bəzək elementləri vasitəsilə “basdırırlırdı”. Çəpkənin yaxasının hər iki
tərəfinə cərgə ilə qızıl və gümüşü pullar və on ədəd çilik tikilirdi.
Bədənə möhkəm otursun deyə, çəpkənin yaxa hissəsi, ətəyə yaxın yerdə
1 m uzunluğunda qızılı və ya gümüş zəncirlə çal-çarpaz bağlanırdı. [68]
Yaxasına rus pulları, İran abassıları və şahıları bəndlənən belə
çəpkənlər Qarabağda “pullu çəpkən” adı ilə geniş yayılmışdı. Onlar
sırıqlı olub, qolsuz boyunduruqsuz tikilirdi.
Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində çəpkən, adətən,
qollarının quruluşuna görə fərqli xüsusiyyətlər kəsb edirdi. Etnoqrafik
materiallar onun “unuzqol” və “sallamaqol” kimi iki variantının daha
çox yayıldığını təsdir edir. Qarabağ bölgəsində “sallamaqol”, Naxçıvan
və Lənkəran-Astara bölgələrində “uzunqol” Gəncəbasar bölgəsində isə
dirsəyə qədər qola açan çəpkən geniş istifadə olunmuşdur. Uzunqol
çəpkənin qolları dirsəyə qədər dar olur,
sonra yelpazə şəkilində 20-30 sm enlənirdi.
Hərəkət sərbəstliyi yaratmaq üçün
qoltuğun altında kəsik saxlanılırdı.
Sallamaqol çəpkəndə isə qollar qondarma
olaraq çiyin tikişlərinin üstünə tikilir, ucları
“əlcək” və ya “qolçaq” la tamamlanırdı.
Adətən, qondarma qolun kənarına tikilmiş
ilgək-düymə vasitəsilə soyuq havalarda qolçaq yığıb qol şəklinə
salınırdı. Bəzən isə qolçaq dirsək bükümündən dirsəyə qədər bəzəkli
qaytanla da bağlanırdı. Bir qayda olaraq, sallamaqol çəpkənin
qoltuqdan dirsəyə, biləkdən barmaq uclarına qədər olan hissəsi açıq
saxlanılırdı. Çəpkən qollarına gözl görkəm vermək və rəng harmoniyası
yaratmaq üçün onun astarı daha qiymətli, rəngli və fərqli parçadan
hazırlanırdı. Xalq oyunları və rəqsləri zamanı bu rəng harmoniyası,
qolçaq ətrafının bəzəyən qozalı düyələr, xırda zəngi (zınqırovu)
xatırladan bəzəklər, qızıl və gümüşdən kəsilmiş pulların (sikkələrin)
çıxardığı melodik səslərlə həmanəhg qadın gözəliyinə xüsusi rövnəq
verirdi.
Özünün biçim üsuluna və tikiş tərzinə görə çəpkənlə daha çox
eynilik təşkil edən ənənəvi qadın geyimi “nimtənə” və ya “mintənə”
olmuşdur. Gündəlik geyim növü kimi nimtənə yun və pambıq parçada,
“baş paltarı” kim isə məxmər, darayı, tirmə və b.parçalardan tikilirdi.
Çəpkəndə olduğu kimi, onun ətəyinə, bafta tutulur, pərvanə verilir,
zəncirə tikilirdi.
Azərbaycanda geniş yayılmış üst geyim elementlərindən biri də
arxalıq olmuşdur. Varlılarda tirmə, tafta, atlas, xara, zərxara, məxmər,
darayı, qanovuz və b. parçalardan, kasıblarda isə sətin, qara lastik və
digər ucuz parçalardan tikilən arxalıq Abçeronda “don” Azərbaycanın
qərb bölgələrində isə “küləcə” adı ilə yayılmışdır. [69] Qadın arxalıqları
qol, yaxa və bel kəsiyinin quruluşuna görə etnoqrafik bölgələri üzər
lokal xüsusiyyətlər kəsb etmişdir. Belə ki, bel kəsiyini görə, Bakı,
Şirvan, Borçalı və Kürdəmir arxalıqları 10 sm-dən 31-dən uzunluğu
olan büzməli ətəkli, Gəncə-Qarabağ arxalıqları isə 8-18 sm
uzunluğunda zərif qırçınlı, nisbətən qısa ətəkli, Naxçıvan, Lənkəran,
İrəvan, Şəki, Qazax arxalıqları isə boyaboy olub, əlavə ətəksiz tikilirdi.
Qolarının formasına görə Lənkəran, Naxçıvan, İrəvan arxalıqları
dirsəyə qədər düz, dirsəkdən aşağı qondarma qollu; Gəncə-Qarabağ
arxalıqları isə “nilufər qollu” (yelpazəli) olurdu. [70] Qadın arxalıqları
yaxa kəsiyinin formasına görə (düzyaxa, düzbucaqlı, oymalı) bir-
birindən fərqlənirdi. Dağlıq Şirvanda qeydə alınmış oyma arxalığın bir
variantı “bəhləli arxalıq” adlanırdı və onun qolları yarıq qolçaqla
tamamlanırdı. Buraya çarpaz-ilgək və qaytan-ilgək qoyulurdu.
Dekorativ-bəzək səciyyəli qolçağın astarı sarı, qırmız, abı və b. bahalı
parçalardan (xüsusilə zərridən) tikilirdi. [71]
Qadın arxalığının bir variantı Azərbaycanın Qərb bölgəsində
qeydə alınmış “əlcəkli arxalıq” dır. Onu gövdə və qollardan ibarət biçib
astarlı tikirdilər. Kişi arxalığından fərqli olaraq, ətəksiz tikilən belə
arxalığın yaxası boyvəboy açıq olur, ətək yanlarında 20-25 sm ölçüdə
çapıq qoyulurdu. Çiyin tikişləri vasitəsilə gövdəyə birləşdirilən qollar
dirsəyə qədər yarıq saxlanılır, buradan biləyə qədər ilgək-qaytanla
bağlanılır və nəhayət əlcəklə (qolçaqla) tamamlanırdı. Qolçağın üstü
ziqazaqlı xətlə bəzədilirdi. Libasın davamlılığını artırmaq və ona
dekorativ-bəzək səciyyəsi vermək üçün arxalığın yaxa kəsiyinə və ətək
yanlarına başqa rəng parçadan köbə tutulurdu. [72]
Bəzi məhəlli xüsusiyyətlərinə və lokal elementlərinə
baxmayaraq, Azərbaycan qadın arxalıqlarının əksəriyyəti gövdə ilə
bədən hüdudunda 2-3 ədəd çarpazla və ya düymə ilə (basma pilək)
bağlanırdı ki, bu da belə kip oturmaqla, qadın görkəminin olduğu kimi
saxlayırdı. Arxalığın yaxasına “midaxıl”, “həbbabi qızıl”, nazik
uzunsov gümüş muncuqlardan ibarət “gümüş sərmə”, qızıl və gümüş
pullar, qızıl qozalardan ibarət “yaxalıq” və s. tutmaq dəb idi.
XIX əsrin son rübündə Azərbaycanın Şəki-Zaqatala və Quba-
Xaçmaz bölgələrində büzməli ətəkli, düzbiçimli qollu və bütöv yaxalı
qadın arxalığı da əhalinin istifadəsində olmuşdur.
Gəncəbasar, Şirvan, Bakı, Qərb bölgəsi və Şəki rayonu
hüdudlarında geniş yayılmış qadın üst geyimlərindən biri də lavada
(ləbbadə) olmuşdur. O iki qabaq (döş), bir arxa (kürək) və iki qoldan
ibarət biçilir, içərisinə nazik yun və ya pambıq döşəməsi qoyulurdu.
Dostları ilə paylaş: |