47
AZƏRBAYCAN NEFT SƏNAYESĠNĠN
ĠNHĠSARLARI
Azərbaycanda başlanan sosial-iqtisadi və ictimai dəyişikliklər zərurətindən irəli gələn kapitalist cəmiyyəti
quruculuğu prosesi sənayenin və ticarətin inkişafı üçün əlverişli şərait yaratdı. Bu, Azərbaycan sahibkarlarının
nümayəndələrinə imkan verdi ki, çarizmin siyasəti ilə bağlı məhdudiyyətlərə, rus və əcnəbi kapitalistlərinin
kəskin rəqabətinə baxmayaraq, sənaye, ticarət və nəqliyyat sahələrində Azərbaycan iqtisadiyyatının inkişafı,
mədəniyyəti ocaqlarının yaradılması, Azərbaycan milli cəmiyyətinin intellektual potensialının yüksəlişi, xalqın
milli mənlik şüurunun inkişafı üçün obyektiv surətdə ümummilli əhəmiyyəti olan bir sıra müəssisələr
yaratsınlar. Rusiyanın iri burjuaziyası çoxmillətli idi. Onun tərkibində ruslardan başqa, azərbaycanlı kapi-
talistlər — H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov kimiləri də var idi.
Nisbətən qısa müddət ərzində milli kapital iqtisadiyyatın bir sıra mühüm sahələrində və xüsusən də neft
sənayesində kifayət qədər möhkəm mövqe tutmağa başladı.
Əgər milli sahibkarlar əvvəllər ticarət evi formasında ənənəvi və adi müəssisələrin təşkilini üstün
tuturdularsa, sonradan səhmdar cəmiyyətləri yaratmaq yolunu tutaraq, XIX əsrin 70-ci illərinin əvvəllərində
məhsuldar neft quyularının 80%-ini öz əllərində cəmləşdirdilər. Milli kapitalın nümayəndələri getdikcə neft
emalı sənayesində də çox möhkəm mövqe tutmağa başladılar. Bakı rayonunda fəaliyyət göstərən 46 zavoddan
25-i və ya 54%-i azərbaycanlılara məxsus idi. Bu onu sübut edir ki, islahatlardan sonrakı dövrdə Azərbaycanın
neft sənayesinin inkişafı, bütün ölkə miqyasında kapitalist sisteminin yaranması prosesinə ümumrusiya
zəminində təkan verdi. Lakin istehsalatın yüksəlişi onun bütün sahələrini texniki cəhətdən təkmilləşdirmədən
mümkün deyildi. Xarici sahibkarlardan müəssisə və şirkətlərin təşkilini, idarəetməsini, neft hasilatı və emalını,
eləcə də nəqlinin müasir formalarını öyrənən milli sahibkarlar bununla öz şirkətlərinin inkişafına nail oldular.
Bunun nəticəsində həmin şirkətlər çox tezliklə o dövrün ən sabit və kifayət qədər əhəmiyyətli neft şirkətləri
sırasına çıxdılar. Düzdür, belə müəssisələrin sayı çox deyildi. Məsələn, 1883-cü ildə neft sənayesi
müəssisələrinin 135 sahibi sırasında 17 azərbaycanlı var idi. Əsrin axırlarında 167 neft sənayesi şirkətindən və
müəssisəsindən 49-u və ya 29,3%- i azərbaycanlılara məxsus idi. İstehsal gücü 10 milyon rubldan çox olan
müəssisələr qrupunda milli kapitalı yalnız H.Z.Tağıyev, M.Nağıyev və Ş.Əsədullayev təmsil edirdilər. XX əsrin
əvvəllərində milli sahibkarların mövqeyi bir qədər möhkəmləndi. 1914-cü ilin məlumatlarına görə, 58 nəfər
azərbaycanlı sahibkara 83 şirkət məxsus idi.
Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən iri sahibkarı və sənaye-maliyyə və ticarət sahəsində milli
sahibkarların yuxarı təbəqələrinin ən nüfuzlu simalarından biri idi. O, hökumətin Azərbaycanın iqtisadi və
ictimai-siyasi həyatına aid bütün məsələlərin müzakirəsində çox fəal iştirak edirdi.
1878-ci ildə Tağıyevin mədənində neft quyusu fontan vurdu. Mədən iri bir müəssisəyə, Tağıyevin özü isə
Azərbaycanın ən varlı adamlarından birinə çevrilərək bir sıra sənaye sahələrində, nəqliyyatda və ticarətdə
mühüm mövqe tutdu.
1897-ci ilin axırlarında Tağıyev özünün neft mədənlərini, kerosin-yağ zavodunu, habelə Xəzərdə neft
məhsulları daşıyan gəmilərini İngiltərə bankının direktorlarından biri olan E.Qubbardonun başçılıq etdiyi
Britaniyanın ən iri sahibkar şirkətinə 5 milyon rubla satdı. H.Z.Tağıyev puldan savayı, təsis edilmiş ingilis
şirkətinin 100 min funt-sterlinq (o vaxt təxminən 1 milyon rubl) məbləğində səhmdar paketini də aldı və onun
direktorlarından birinə çevrildi. İngilis kapitalı ilə sıx bağlı olan H.Z.Tağıyev Britaniya sahibkarlarının və
maliyyəçilərinin Bakıda təsis etdikləri başqa şirkətlərdə də iştirak edirdi. Sonralar o, 1896-cı ildə Londonda
yaradılmış ingilis şirkətinin — "Bakı Rus Nefti Cəmiyyətinin direktorlarından biri oldu. Bu cəmiyyət Bakıda
Arafelovun və Budaqov qardaşlarının mədənlərini də aldı. Müəyyən dövr ərzində ingilis kapitalistləri çar
qanunvericiliyinin hətta son dərəcə yumşaq məhdudiyyətlərindən yan keçərək, Bakı neft mədənlərini almaq
üçün H.Z.Tağıyevin adından pərdə kimi istifadə edirdilər. H.Z.Tağıyev Azərbaycan neft sənayesi inkişafının bir
çox mühüm məsələlərinin həllində iştirak edirdi. O, Bakı neft sənayeçilərinin bir sıra birliklərinin
yaradılmasının, "Bakı standartı", "Bakı kerosin zavodları sahiblərinin ittifaqı", "Xəzər gəmi sahiblərinin ittifaqı"
kimi iri sazişlərin təşəbbüsçüsü idi. Bu qrupların məqsədi Rusiyanın daxili bazarında iri şirkətlərə müqavimət
göstərmək və Vətənin neft məhsullarını dünya bazarına çıxarmaq idi.
1913-cü ilədək neft sənayesində milli kapitalın mövqeyi xeyli gücləndi. Qeyd etmək lazımdır ki, artıq
səkkiz milli şirkət bir milyon puddan çox neft hasil edirdi, o cümlədən Musa Nağıyev — 6,8, Şəmsi
Əsədullayev — 6,7, "Naftalan Neft Sənayesi Cəmiyyəti" — 4,9 milyon pud. Bakının milyonçu şirkətləri
arasında ümumi neft hasilatının 30%-ə qədəri həmin müəssisələrə məxsus idi.
Musa Hacıəli oğlu Nağıyev öz sahibkarlıq fəaliyyətinə manufaktura ticarətindən başlayaraq 1862-ci ildə
kiçik bir dükan açmışdır. XIX əsrin son illərində o, Balaxanıda, Sabunçuda, Əmircanda, Ramanada neft çıxan
torpaq sahələrini icarəyə götürdü. Əvvəllər onun mədən fəaliyyəti çox da uğurlu deyildi, lakin artıq XX əsrin ilk
illərində onun mədənlərindəki quyular fontan vurdu. Məhz bu hadisə 1887-ci ildə yaradılmış "M.Nağıyev"
şirkətinin istehsalat fəaliyyətinin xarakterinə təsir göstərdi. Artıq 1913-cü ildə bu şirkət Bakının ən sabit işləyən
şirkətləri sırasına daxil idi .