Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


ƏN MÜHÜM XİDMƏT-AZƏRBAYCANI TANITMAQ!



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə10/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   6   7   8   9   10   11   12   13   ...   115
kitab20111201125922638

ƏN MÜHÜM XİDMƏT-AZƏRBAYCANI TANITMAQ! 
Nümayəndə heyəti qarşısına qoyduğu başlıca vəzifəyə nail oldu - 
Azərbaycan xalqının iradəsini və Azərbaycan dövlətinin mövcudluğunu dünyanın 
diqqətinə çatdıra bildi. Bu artıq elə bir siyasi reallıq idi ki, ölkəni yenidən işğal edib 
sovet Rusiyasının tərkibinə qatan bolşeviklər onunla barışmaq məcburiyyətində 
qalmışdılar. Bakı neftinə göz dikən bolşeviklər öz sərvətlərinə və torpaqlarına sahib 
olan Azərbaycan dövlətinin mövcudluğunu təsəvvürlərinə belə gətirmək istəmirdilər. 
Leninin Qafqazdakı canişini, 1918-ci ilin martında Bakıda qanlı soyqırımın 
təşkilatçılarından 
biri 
olan 
S.Şaumyan 
Sülh 
konfransında 
Azərbaycan 
Cümhuriyyətinin de-fakto tanınmasından iki il əvvəl belə bir dövlətin qurulmasını 
həyasızcasına “yerli millətçilərin xülyası” adlandırır, “Bakını Azərbaycan xanlığının 
paytaxtına çevirmək istəyənlərin” niyyətlərinin heç zaman baş tutmayacağını elan 
edirdi. 
Lakin Azərbaycan Cümhuriyyətinin 23 aylıq mövcudluğu və bu müddət 
ərzində yürüdülən uğurlu xarici siyasət radikal addımlar atmağı sevən bolşevikləri də 
artıq de-fakto mövcud olan bir dövləti yerli-dibli inkar etmək, Azərbaycanı yenidən 
quberniyalara, qəzalara bölmək iştahından çəkindirdi. Əgər 1918-20-ci illər 
Azərbaycan Respublikası qismən də olsa özünün beynəlxalq təsdiqinə nail olmasaydı, 
Sosialist Azərbaycanının yaranması da böyük sual altında qalardı. Paytaxtı Bakı olan 
Azərbaycan SSR əslində müstəqil Cümhuriyyətin varisi idi. Azərbaycanda siyasi 
hakimiyyəti zorakı yolla qəsb edən bolşeviklər hər bir cəhətdən öz əqidə 
düşmənlərinə minnətdar olmalı idilər. 
Doğrudur, Sovet Azərbaycanını 1918-20-ci illər sərhədləri daxilində qurmaq 
mümkün olmadı. Milli hökumətin nəzarəti altında olan, yaxud mübahisəli sayılan və 
həlli Sülh konfransından tələb edilən bir sıra tarixi torpaqlarımız bolşevik 
rəhbərliyinin volyuntarist qərarları ilə digər “qardaş sovet respublikalarına” verildi. 
Azərbaycan Milli Ordusuna qarşı kütləvi terror həyata keçirildi. Yenicə yaranmağa 
başlayan demokratik institutların fəaliyyətinə son qoyuldu. Müstəqil Azərbaycanın 
dövlət rəmzləri-üçrəngli bayraq və himn qadağan edildi. Milli hökumətin yüksək çinli 
məmurları və siyasi partiyaların fəalları təqiblərə məruz qaldı. Lakin 1920-ci ilin 
aprelindən başlayan və yetmiş ildən çox davam edən bütün repressiv tədbirlərə 
baxmayaraq Azərbaycanın dövlət müstəqilliyi ideyasını Azərbaycan türklərinin 
ürəklərindən və yaddaşlarından silmək niyyəti baş tutmadı. 
Azərbaycan dövlətçiliyi ideyasını siyasi gündəmə gətirmək və onun hətta de-
fakto da olsa təsdiqinə nail olmaq asan məsələ deyildi. Təhlükə yalnız öz 


19 
neoimperialist niyyətlərini gizlətməyən Rusiyadan gəlmirdi. Digər qonşu dövlətlərlə 
də ciddi problemlər mövcud idi. Ermənistan Azərbaycanın bir sıra tarixi ərazilərinə 
iddialı olduğunu açıq şəkildə bildirir və yaranmış mürəkkəb şəraitdən istifadə edərək 
həmin ərazilərdə xüsusi amansızlıqla etnik təmizləmə həyata keçirirdi. Gürcüstanla 
münasibətlərin nisbətən normal olmasına baxmayaraq burada da mübahisəli ərazilər 
problemi qalmaqda idi. Nəhayət, tarixi Azərbaycanın İranın əyalətlərindən biri 
olduğunu iddia edən İran da Cənubi Qafqazda yaranmış yeni dövlətin Azərbaycan 
adlandırılmasına etirazını bildirirdi. Məhz bu səbəbdən də Azərbayan Nümayəndə 
heyəti Sülh konfransı ilə bütün rəsmi yazışmalarda, habelə çap etdirdikləri kitab
məqalə və s. öz ölkələrinin adını “Qafqaz Azərbaycanı” kimi göstərmək məcburiyyəti 
qarşısında qalmışdı. 
Tarixi ədalət naminə qeyd ctmək lazımdır ki, yaranmış mürəkkəb vəziyyətdə 
artıq özünün son günlərini yaşamaqda olan Osmanlı imperiyası yeni Azərbaycan 
dövlətinə hərbi-siyasi və hüquqi yardım göstərən, ölkənin təbii və tarixi paytaxtı 
Bakının daşnak-bolşevik əsarətindən azad olunmasında mühüm rol oynayan, nəhayət 
ermənilərin həyata keçirdiyi kütləvi soyqırımının qarşısını alan yeganə qüvvə 
olmuşdu. Nümayəndə heyətinin üzvləri pantürkizmdə və panislamizmdə 
təqsirləndirilməkdən çəkinməyərək “Tələblər”də Osmanlı dövlətinin və qardaş türk 
xalqının bu xeyirxah tarixi missiyasını yüksək qiymətləndirmişdilər. 
Təxminən 90 illik bir zaman kəsimindən sonra yenidən mütəxəssislərin və 
geniş oxucu auditoriyasının diqqətinə təqdim edilən “Qafqaz Azərbaycanı 
Nümayəndə heyətinin Paris Sülh konfransından tələbləri” kitabı öz dövrü üçün 
Azərbaycan Cümhuriyyətinin beynəlxalq miqyasda ilk rəsmi təqdimatı kimi 
dəyərləndirilə bilər. Əhatə etdiyi məsələlərin genişliyi baxımından həcm etibarı ilə o 
qədər də böyük olmayan bu kitab Avropa oxucusunda, ilk növbədə isə siyasətçilərdə 
Azərbaycan xalqının etnogenezi, tarixi kökləri, etnoqrafik özəllikləri, dini, dili, 
mədəniyyəti, qonşu xalqlarla qarşılıqlı münasibətləri, dövlətçilik ənənələri, ölkənin 
qanunverici və dövlət aparatı, iqtisadi potensialı, təbii sərvətləri, maliyyə qaynaqları 
haqqında ümumi təsəvvür yaratmağa xidmət edirdi. 
Müəlliflər Azərbaycan Cümhuriyyətinin meydana gəlməsini zəruri edən 
amillərə daha çox diqqət yetirmişdilər. Azərbaycanın müstəqilliyi ideyasına qarşı 
çıxan bolşeviklər və onlarla işbirliyi şəraitində çalışan erməni millətçi-daşnaklarla 
aparılan siyasi mübarizə də diqqət mərkəzində dayanmışdı. 1918-ci ilin martında 
Bakıda və ölkənin digər bölgələrində bolşevik-daşnak alyansının birgə səyi ilə 
Azərbaycan türklərinə qarşı törədilən dəhşətli soyqırımı (təqribi məlumatlara görə 
faciə qurbanlarının sayı 10-12 min nəfərə çatırdı) haqqında beynəlxalq miqyasda ilk 
məlumat da Nümayəndə heyətinin ingilis və fransız dillərində hazırladıqları bu 
kitablarda verilmişdi. 
“Tələbləri” bizim üçün qiymətli edən başqa bir mühüm cəhət Azərbaycan 
dövlətinin sərhədlərinin ilk dəfə dəqiq və təfərrüatlı şəkildə bu tarixi-diplomatik 
sənəddə öz əksini tapmasıdır. Əlbəttə, həmin sərhəd parametrlərində bir sıra 


20 
mübahisəli məqamlar da yox deyildi. Bir sıra ərazilərə digər yeni müstəqil dövlətlər 
də iddialı idilər. Lakin Nümayəndə heyəti sərhədləri müəyyənləşdirərkən Azərbaycan 
etnosunun tarixən bu torpaqlarda yaşadığını, onların üzərində xalqımızla bağlı 
çoxsaylı maddi-mədəniyyət abidələrinin mövcudluğunu, nəhayət böyük əksəriyyətini 
azərbaycanlılar təşkil edən yerli sakinlərin Azərbaycan dövlətinin tərkibində yaşamaq 
istəklərini əsas tutmuşdu. Ərazi mübahisələrinə gəldikdə isə onların həllini bir sıra 
Nümayəndə heyətləri kimi Azərbaycan diplomatları da bu çətin və mürəkkəb işdə 
arbitraj funksiyasını öz üzərinə götürmüş Paris Sülh konfransından gözləyirdilər. 
Lakin Sülh konfransı dünyanın digər hissələrində, eləcə də Avropanın 
ucqarlarında gedən siyasi proseslərə müdaxilə etmədiyindən, bir sıra yeni müstəqil 
dövlətlərin taleyinə biganə mövqe tutduğundan arbitraj rolunu Qafqazı yenidən işğal 
edən bolşevik Rusiyası yerinə yetirməli oldu. Nəticədə təxminən 150 min kv.km. 
əraziyə iddialı olan və bu ərazilərin çoxuna nəzarət edən Azərbaycan sovet 
imperiyasmın tərkibində 86,6 min kv.km. ərazi ilə kifayətlənməli oldu. 
Ermənistanla Azərbaycan, Gürcüstanla Ermənistan arasında bir çox 
mübahisəli məsələlərin, hətta hərbi konflikt və lokal müharibələrin mövcudluğuna 
baxmayaraq Azərbaycan Nümayəndə
 
heyəti Sülh konfransına təqdim etdiyi 
“Tələblər”də regionun eələcəyini bu üç dövlətin və Şimali Qafqazda yaranmış 
Dağlılar Respublikasının konfederasiya şəklində birləşməsində görürdü. Həm o 
zaman, həm də indi iqtisadi potensial, təbii sərvətlər, ərazi və əhali baxımından 
Qafqazm ən böyük ölkəsi olan Azərbaycan bu mühüm geostrateji addımı ilə real 
təhlükə qarşısında regionun müstəqilliyini və birliyini qorumağa, imkanlarını yaxın 
qonşularla bölüşməyə, ümumi düşmənə qarşı birgə mübarizə aparmağa hazır 
olduğunu bəyan edirdi. Lakin Ermənistanın destruktiv mövqeyi belə bir mürəkkəb 
şəraitdə vəziyyətdən bəlkə də yeganə çıxış yolu olan “Qafqaz evi”nin yaranmasına 
imkan vermədi. Bu ölkənin Qafqazda Rusiyanın forpostu kimi çıxış etməsi Sovet 
imperiyasının süqutundan sonra da regionda eyni dağıdıcı proseslərin, milli və etnik 
qarşıdurmanın yaranmasına təkan vermişdir. 
Çar Rusiyasının müstəmləkəçilik siyasəti, dövlət səviyyəsində həyata 
keçirilən milli və dini ayrı-seçkilik prinsipləri “Tələblər”də azərbaycanlıların və digər 
“müsəlman xalqların” ictimai tərəqqi yolunda üzləşdikləri çətinliklərin əsas səbəbi 
kimi göstərilirdi: “Bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlı indiyə qədər az 
tanınır, onların etnoqrafiyası, tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər ciddi 
tədqiqatların mövzusu olmayıb. Bu da bir həqiqətdir ki, həmin vəziyyətin əsl 
günahkarı Azərbaycanda yüz il hakimiyyət sürən rus rejimidir” 
Bolşeviklərin köklü inqilabi dəyişikliklərlə bağlı vədləri də ictimai inkişafın 
təkamül yoluna daha böyük üstünlük verən azərbaycanlı diplomatlar tərəfindən 
qətiyyətlə rədd edilirdi: “Azərbaycanlılar ümumbəşəri tərəqqiyə mövcud bazisin hər 
hansı bir sıçrayışsız təkamülü prosesi kimi, burada siyasi və ictimai həyatla, əxlaq 
normaları ilə ziddiyyət təşkil edən amillərin rol oynamadığı məntiqi inkişaf prosesi 
kimi baxırlar”. Kommunist ideologiyasının 70 illik dəhşətli eksperimentləri 


21 
azərbaycanlı diplomatların yalnız öz tarixi vətənlərinə deyil, həm də rus xalqına və 
ımperiyanın digər xalqlarına münasibətdə nə qədər obyektiv və uzaqgörən mövqe 
tutduqlarını bir daha nümayiş etdirir. 
Müstəqil Azərbaycanın gələcək Rusiya ilə münasibətləri “Tələblər”də öz 
aydın və konkret həllini tapmışdı: “Bir ölkə daxilindəki bir əsrlik həyatın bütün ağrı-
acıları üzərində dayanmadan biz rus millətinə öz ərazilərində, öz yeni dövlətlərində 
səadət arzulayırıq. Azərbaycana gəldikdə isə o, daha Rusiyanın bir hissəsi olmaq 
istəmir. O, yalnız öz Parlamentini və dövlətini tanıyır”. 
Məhz bu səbəbdən də Nümayəndə heyətinin Sülh konfransı
qarşısında 
qaldırdığı əsas tələblərdən biri Azərbaycanın, eləcə də digər Qafqaz respublikalarının 
keçmiş Rusiya imperiyasından ayrılmalarının rəsmən tanınması idi. Bu məsələdə 
prinsipial mövqe tutan Azərbaycan Rusiyanın gələcək siyasi sistemi ilə bağlı 
Müəssislər Məclisinin işində iştirakdan, yaxud federativ əsasda qurulacaq yeni 
dövlətin tərkibinə qatılmaqdan birmənalı şəkildə imtina edirdi. 
Nümayəndə heyətinin digər tələbləri sırasında onun üzvlərinin Sülh 
konfransının komitə və komissiyalarında iştiraka cəlb olunması, habelə Azərbaycanın 
Millətlər Liqasına üzvlüyü ilə bağlı idi. Azərbaycan hökuməti və Parlamenti ilə bağlı 
“Tələblər”də öz əksini tapan lakonik məlumatlar Azərbaycanda sabit yerli idarəçiliyin 
və beynəlxalq əməkdaşlığa hazır qurumların mövcudluğunu bir daha təsdiqləyirdi. 
“Qafqaz Azərbaycanının Paris Sülh konfransından tələbləri” yalnız tarixi 
qaynaq kimi, diplomatiya tariximizin mühüm fakt və hadisəsi kimi diqqəti cəlb etmir. 
Bu kitabda öz aktuallığını itirməyən, Azərbaycanın və Qafqaz regionunun indiki 
vəziyyəti ilə səsləşən məqamlar da az deyildir. Azərbaycan Cümhuriyyəti 
diplomatlarının XX əsrin əvvəllərində qaldırdıqları bir sıra vacib problemlər XXI 
əsrin əvvəlində - müstəqilliyinə yenidən qovuşmuş Respublika dönəmində də siyasi 
gündəlikdə dayanmaqda davam edir. Orijinalı çox ehtimal ki, rus dilində qələmə 
alınmış “Tələblər”i Azərbaycan dilinə tərcümə ilə birlikdə ingilis və fransız 
mətnlərini nəşrə hazırlayarkən həm də bu mühüm amil nəzərə alınmışdır. 
“Xalqımızın maddi qüdrəti və mənəvi keyfıyyətləri, onun əxlaqi sərvətləri, 
zəhmətə olan məhəbbəti, qayda-qanunlara və dövlətçilik prinsiplərinə hörməti 
Azərbaycanın azad Respublika şəklində bundan sonrakı müstəqil mövcudluğuna ən 
yaxşı təminatdır”- Paris Sülh konfransındakı Azərbaycan Nümayəndə heyəti öz 
“Tələblər”inə bu sözlərlə yekun vururdu. 
Azərbaycan xalqının sovet imperiyasının süqutunda mühüm rol oynaması və 
bütün çətinliklərə baxmayaraq öz müstəqil milli dövlətini qurması əsası hələ 
Azərbaycan Cümhuriyyətinin qısa müddətli hakimiyyəti dövründə qoyulmuş mühüm 
mənəvi-siyasi prinsiplərin yaşarılığı nəticəsində mümkün olmuşdur. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə