Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 33,17 Kb.
səhifə1/4
tarix24.06.2022
ölçüsü33,17 Kb.
#90073
  1   2   3   4
Sərbəst iş-Nərmin İsayeva (Multikulturalizm)


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Qızlar Universiteti

SƏRBƏST İŞ №



Mövzu:

Multikulturalizm

Fənnin adı:

İfadəli oxu

Qrup:

F2-20

Kurs:

2/4

İxtisas:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Tələbə:

İsayeva Nərmin

Müəllim:

Dosent İlham Məmmədov


Bakı – 2022


  1. Multikulturalizm anlayışının mahiyyəti.

“Multikulturalizm” termini və onunla əlaqədar anlayışlar müasir humanitar-siyasi leksikonda ən çox işlənilən neologizmlər kimi özünü təsdiq etmişdir. Bununla əlaqədar olaraq, bu terminə, eləcə də onun arxasında duran daha geniş sosialfəlsəfi və etnik-mədəni məzmuna aydınlıq gətirmək olduqca vacibdir. Hərfi mənada “multikulturalizm” çoxmədəniyyətlilik deməkdir. Latın dilindən tərcümədə “multi” “çox” mənasını ifadə edir. Mürəkkəb sözlərin əvvəlində yazılır və predmetlərin çoxluğunu, eynicinsli hərəkətlərin, funksiyaların çoxhədliliyini bildirir. “Kultura” isə ilkin mənada torpağı becərmək, məskən salmaq, oturaq həyat tərzi, sonrakı mənalarda tərbiyə, təhsil, iqtisadi inkişaf, dil, elm, din, incəsənət, davranış, etiket və s. kimi anlayışlarla assosiasiya olunur. O, ilk dəfə e.ə.160-cı ildə Qədim Roma siyasətçisi və yazıçısı Böyük Mark Porsiy Katon (lat. Marcus Porcius Cato - e.ə. 234-149) tərəfindən əkinçilik haqqında traktatda (lat. “De Aqri Cultura”) işlədilmişdi. “Multikulturalizm” termini müasir dövrün leksikonuna II Dünya müharibəsindən sonra nüfuz etməyə başlamışdır. 1947-ci ildə Hindistan B.Britaniyadan asılılığını ləğv etdikdən sonra, 1950-ci il yanvar ayının 26-da qəbul edilmiş Hindistan konstitusiyasında Hindistan cəmiyyətinin fövqəladə tərzdə polietnik olması və müstəqillik ərəfəsində hinduslarla müsəlmanlar arasında ölkənin parçalanması (Hindistan, Qərbi Pakistan, Şərqi Pakistan (Banqladeş) respublikaları) ilə nəticələnən etnik-siyasi hadisələrlə bağlı “multimədəni cəmiyyət” prinsipləri öz əksini tapmışdı. XX əsrin 60-cı illərinin sonlarından etibarən Kanadada multikulturalizm siyasətinin dövlət səviyyəsində həyata keçirilməsi ilə əlaqədar bu termin siyasi sənədlərin, elmi ədəbiyyatların və KİV-lərin predmetinə çevrildi. Keçmiş Sovet ittifaqı məkanına daxil olan respublikalarda, o cümlədən Azərbaycanda “multikulturalizm” termini əsasən XX əsrin 90-cı illərinin sonlarından başlayaraq, ilk növbədə professional, daha sonra isə kütləvi leksikonun elementinə çevrildi.


XX əsrin 60-70-ci illərində multikulturalizm Avropada və Şimali Amerikada çağdaş etnik-siyasi münasibətlərin bir tələbi kimi adi termin çərçivəsindən çıxaraq əsl fəlsəfi-siyasi konsepsiyaya çevrilməyə başladı. Sözügedən dövrdə multikulturalizm təkcə ayrıca götürülmüş bir ölkənin etnik-mədəni, irqi və dini müxtəlifliklərinin mövcud vəziyyətini ifadə etmək üçün işlədilən adi termin deyildi. O, artıq cəmiyyətin təhlükəsiz gələcəyinə hesablanmış mədəni inqilab kimi təzahür edirdi.
Multikulturalizm ilk dəfə rəsmi şəkildə 1971-ci ildə parlament tipli monarxiya olan Kanadada, ölkə hökumətindən siyasi müstəqillik tələb edən Kvebek separatizminə cavab olaraq fransız mənşəli baş nazir Pyer Elliot Tryudonun (fransız. Jozeph Philippe Pierre Yves Elliot Trudeau - 1919-2000) hakimiyyəti dövründə (1968-1979 və 1980-1984) qəbul edilmişdir. Əslində isə Kanadada multikulturalizm haqqında hüquqi aktın qəbul edilməsi, indiyədək dünyanın bir çox ölkələrində, o cümlədən Kanadada həyata keçirilən, eləcə də ölkə əhalisinin mədəni baxımdan homogenləşdirilməsinə (lat. homogeneus - eyni mənşəli və ya eyni tipli) yönəlmiş assimilyasiya siyasətinin mənasız və faydasız olmasının dövlət institutları tərəfindən tamamilə tanınması demək idi. Separatizmlə bağlı dövlətin ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qalması şəraitində Kanadada multikulturalizmin dövlət səviyyəsində qəbul edilməsi iki əsas məqamı ön plana çəkdi:
1. Özündə ən yüksək humanist dəyərləri təcəssüm etdirən mədəni siyasət kimi özünü təsdiq etdi.
2. Polietnik tərkibi olan bir millətin və dövlətin birliyini və davamlı inkişafını nəzərdə tutan ideoloji zəmanət kimi tanındı.
ABŞ-ın Yel universitetinin (ing.YaleUniversity) məşhur professoru, politoloq S. Benhəbib (1950) 2002-ci il tarixdə yazdığı “Mədəniyyətin iddiaları” (“The Claims of Culture”) adlı yeni kitabında multikulturalizm fenomeni ilə əlaqədar ən dərin təhlillər aparmış və maraqlı nəticələr əldə etmişdi. O, iddia edirdi ki, “multikulturalizm müasir mədəni siyasət kimi, mədəniyyətin müxtəlif formalarının legitimliyini nəzərdə tutur və lakonik şəkildə ifadə olunan - “assimilyasiya etmədən inteqrasiyaya cəlb etmək” düsturunda ifadə olunur. Bu, bir dövlətin sərhədləri daxilində etnik, milli və dini özəlliklərini, spesifik həyat tərzini tam qoruyub saxlamaq hüququ olan ən müxtəlif etnik-mədəni və konfessional qurumların birgəyaşayışı kimi bir anlama gəlir. Lakin bütün bu sadalanan vacib vəzifələri həyata keçirmək üçün dövlət institutlarının fəaliyyəti kifayət deyil. Məhz bu səbəbdən multikulturalizm eyni zamanda multikultural ekzistensializmi ciddi sosial mexanizmlər vasitəsi ilə tənzimləməyi və ona nəzarət altında saxlamağı nəzərdə tutur.
Multikulturalizm XX əsrdə həyata keçirilən etnik-mədəni siyasətin spesifik modelidir. Şübhəsiz, hər bir müasir dövlət üçün mədəni siyasət modelinin seçilməsi son dərəcə vacibdir. Çünki belə seçimdən birbaşa ölkənin sosial, mədəni, iqtisadi və siyasi inkişafı asılıdır. Təbii ki, qeyriadekvat mədəni siyasət və onun zorakı üsullarla həyata keçirilməsi real və potensial münaqişələrdən xəbər verir.
Müasir postindustrial cəmiyyətdə hər hansı etnik-mədəni siyasəti, o cümlədən multikulturalizm siyasətini mükəmməl şəkildə reallaşdırmaq olduqca çətin və məsuliyyətli vəzifədir. Bu vəzifənin reallaşdırılması son dərəcə mürəkkəb və təlatümlərlə dolu bir tarixi şəraitdə baş verir. Bir tərəfdən dövlətlər və etnoslar arasında olan sərhədləri aradan qaldıran qloballaşma, digər tərəfdən isə hər hansı etnik-siyasi inteqrasiyaya var gücü ilə müqavimət göstərən submədəniyyətlər, savadsızlıqdan və dini cəhalətdən doğan stereotiplər - ksenofobiya, intolerantlıq, dini fanatizm, ekstremizm mövcud situasiyaları daha da idarəolunmaz edir. Bununla belə, müasir, sivil birgəyaşayış qaydalarını bərqərar etmək işi mədəni plüralizmi qanuni çərçivəyə salmaq məqsədilə həyata keçirilən tədbirlər olmadan mümkün deyil. Mədəni müxtəlifliyin qorunmasına yönəlmiş belə tədbirlər əsl demokratiyanı əks etdirən məqamlardır. Buna görə də dövlət institutlarının qarşısında duran başlıca problem-situasiya etnikmədəni müxtəlifliklərin genişləndirilməsi, yaxud genişləndirilməməsi deyil, bununla bağlı tədbirlərin hansı formada həyata keçirilməsidir. Bu seçimdən isə icra olunan etnik-mədəni siyasətin effektivliyi və müsbət nəticələri asılıdır.
Beləliklə, multikulturalizmin mədəni siyasət kimi təzahür etdiyi və gözlənilən yüksək mütərəqqi nəticələr verdiyi cəmiyyətlərdə etnik-siyasi münasibətlər baxımından belə bir qanunauyğun mənzərə yaranır:
1. Multikultural cəmiyyətdə mövcud olan və titul xalqın konkret obrazını tərənnüm edən “hakim mədəniyyət” öz müstəsnalığını israrlı şəkildə nümayiş etdirmir.
2. Belə və buna oxşar cəmiyyətlərdə “mədəniyyət” anlayışı “etnos” anlayışı demək deyil.
3. Belə cəmiyyətlərdə fərdlərə özü üçün istədiyi mədəni nümunəni seçmək azadlığı verilir.
4. Belə və buna oxşar cəmiyyətlərdə multikulturalizm strategiyası təkcə etnoslararası münasibətlərə nüfuz etmir, həm də müxtəlif həyat üslublarını, etnik-mədəni davranışları və dünya baxışlarını tənzimləməyə yönəlmişdir.
5. Belə cəmiyyətlərdə dövlətyaradan, yaxud titul millət öz tarixi vəzifə və xidmətlərini digər xalqların və etnosların tarixi xidmətlərindən əsla üstün tutmur, milli tarix isə onu yaradan bütün xalqların ümumi nailiyyəti kimi qiymətləndirilir.
Beləliklə, mədəni plüralizmin mühafizəsi və inkişafı kimi təzahür edən multikulturalizm əsla “muxtar kimliklərin” tam qapalı mövcudluğu və fəaliyyəti demək deyil, onların qarşılıqlı və açıq münasibətləridir. Bu baxımdan mədəni plüralizm siyasəti təkcə etnik-mədəni, etnik-linqvistik və etnik-konfessional qruplar arasında əsl dialoqun genişləndirilməsinə deyil, həmçinin etnik-mədəni münasibətlərdən yüksəkdə duran ümumi kommunikativ məkanın yaradılmasına xidmət edir. Bununla bağlı son vaxtlar “multikulturalizm” anlayışı ilə paralel olaraq “transkulturalizm” kimi anlayışdan da istifadə olunur. Transkulturalizm multikulturalizmin daha geniş təzahürü olaraq, insanın müxtəlif mədəni ənənələri və digər ölkələrin mədəni təcrübəsini toplum şəklində mənimsəməsini nəzərdə tutur. Bu isə insanın öz təbii köklərinə qayıdışı, bütün mədəni dəyərlərin vahid substansiyadan bəhrələndiyini dərk etməsi və tarixi səhvləri aradan qaldırmağa hazır olması anlamına gəlir.

  1. Multikulturalizm” postmodern təlim kimi.

Multikulturalizmin postmodern təlim kimi məhz XX yüzilliyin ikinci yarısında təşəkkül tapması və inkişafı, çoxlu sayda obyektiv qanunauyğunluqlarla, müharibə, inqilab və münaqişələrlə zəngin olan son əsrlərin tarixi dərslərindən çıxan nəticələrlə bağlıdır.


Ümumi şəkildə qəbul edilmiş əsas inkişaf konsepsiyalarına uyğun olaraq, bəşəriyyət sadədən mürəkkəbə, adi vəhşilikdən və barbarlıqdan sivilizasiyaya, cəhalətdən ziyaya və kamilliyə doğru çox möhtəşəm bir tərəqqi yolu keçmişdir. Müasir tarixçilərin bir çoxu etnoslar arasında yaranan siyasi münasibətləri və bununla əlaqədar daim inkişaf edən hərb sənətini tarixi tərəqqinin hərəkətverici qüvvəsi elan edirlər. Onlar tarix boyu davamlı şəkildə baş vermiş müxtəlif xarakterli və miqyaslı hərbi münaqişələri isə bəşər tarixinin alternativi olmayan vahid ssenarisi kimi qiymətləndirirlər. Hətta bəzi alimlər hərb sənətinin fövqəladə inkişafını tarixdə baş vermiş ən vacib inqilab kimi qəbul edərək, bu haqda bütöv konsepsiya yaratmışlar. Məsələn, 1955-ci ildə Böyük Britaniya tarixçisi Maykl Roberts (1908-1996) məhz belə konsepsiyalardan birini - “Hərb sənətində inqilab konsepsiyası”nı təklif etmişdi. Alim iddia edirdi ki, “məhz hərb sənəti müasir dövlətlərin yaradılmasını zəruri və mümkün etmişdir”.
Məşhur alman mütəfəkkiri, insan və cəmiyyət haqqında spesifik fəlsəfi təlimin müəllifi Fridrix Vilhelm Nitsşe (alm. Friedrich Wilhelm Nietzsche - 1844-1900) isə bütün həqiqətləri xüsusi dəyər əmsalları ilə qiymətləndirmiş və insanlar arasında çox əsrlər ərzində formalaşmış dini, əxlaqi, mədəni və ictimai-siyasi münasibətlərin fundamental prinsiplərini şübhə altına almışdı. O, “Zərdüşt belə demişdir. Kitab hamı üçün və heç kim üçün” (alman. Also sprash Zarathustra.Ein Bush für Alle und Keinen - 1883-1885) əsərində növlərin mübarizəsi haqqında darvinizm təlimini sosial müstəviyə çıxarır (sosial-darvinizm), insanları güclülər və zəiflər, “fövqəlbəşər” və “bitmiş bəşər” tipində kateqoriyalara ayırırdı. Mürtəce inkişaf konsepsiyasını tərənnüm edən filosof güclülərin zəifləri məhv etməsini əsl təbii proses kimi qiymətləndirir, daim münaqişəyə və müharibəyə can atan “bəyaz döyüşçünü”, “ağsaçlı bestiyanı” (lat. bestia – vəhşi) bütün dünyanın ağası elan edirdi. Nitsşe hakimiyyətə can atan insan iradəsini ən ali potensiya kimi “tarixin dinamik və ölməz ruhu” adlandırırdı. O, israrla iddia edirdi ki, “fövqəlbəşər dünyanın mənasıdır”, “müharibə və cəsurluq isə başqa insana məhəbbətdən daha çox xariqələr yaradır”. “Siz təkidlə soruşursunuz ki, əsl xeyirxahlıq nədir? Xeyirxahlıq – cəsurluqdur”.
Təsadüfi deyildir ki, təlatümlərlə dolu XX əsrdə məhz belə ideyalar münaqişə ruhlu insanları dünyanı lərzəyə gətirən qlobal münaqişələrin müəlliflərinə və əsas aktorlarına çevirmişdi. Beləcə, minlərlə insanı qatı millətçiliyə, ksenofobiyaya, şovinizmə və rasizmə sürükləmişdi. Lakin II Dünya müharibəsi özünün dağıdıcı xarakteri və faciəli nəticələri ilə sübut etdi ki, münaqişə və müharibələr müasir dünyanın adekvat məzmunu ola bilməz. Yeni nüvə erasında isə hər hansı xarakterli və miqyaslı münaqişə son dərəcə təhlükəli və bəşər tarixinin sonu ilə nəticələnəcək total silahlı qarşıdurmalara gətirib çıxara bilər. Odur ki, tarixi hadisələrdən düzgün nəticə çıxara bilən mütərəqqi bəşəriyyət ixlas yolunu dialoqda, barış aktlarında, tolerantlıqda, sülhdə, insanlığa zidd olmayan bütün ideyaların tanınmasında və onlara hörmətlə yanaşmaqda, multimədəni dəyərlərin birliyini təmin etməkdə görürdü. Beləliklə, məlum olur ki, sivilizasiyanın yaranması, inkişafı və mövcud durumu, mütləq şəkildə insanların mədəni sferada inkişafının məhsulu kimi qiymətləndirilə bilər.
Müasir postindustrial cəmiyyətdə yaranmış çoxlu sayda mütərəqqi ideyalar içərisində dünyanın təbii multikultural zənginliyinin qorunması və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Sözügedən zənginliyin qorunması prinsipləri və bu prinsiplərdən yaradılmış xüsusi tip strateji konsepsiya “multikulruralizm” adlanan postmodern təlim qismində təzahür etmişdir. Postmodern (fr. postmodern - moderndən sonra - özündə spesifik fəlsəfi mövqe əks etdirən müasir mədəniyyətin vəziyyəti) intellektual təlim kimi multikulturalizm XX əsrin 90-cı illərinin əvvəllərindən, əvvəlcə Qərbdə, daha sonra keçmiş sosialist düşərgəsinə, o cümlədən SSRİ-nin tərkibinə daxil olan ölkələrdə yayılmağa başladı. Təəssüf ki, sivilizasiyanın tarixdə misli görünməmiş yüksək həddə çatdığı postindustrial cəmiyyətdə belə, barbarlığın aydın şəkildə ifadə olunan əlamətləri müşahidə olunur. Belə məlum olur ki, barbarlıq və hətta vəhşilik tarixə qovuşmuş arxaik ictimai həyat forması deyil, bu gün də sivilizasiyanın dərinliklərindən doğan xüsusi tip sosial fenomendir. O, öz əsas cizgiləri və əlamətləri ilə arxaik barbarlıqla eynilik təşkil edir.
Beləliklə, sivilizasiyanın postindustrial və postmodern tipi belə, klassik barbarlığın, yaxud vəhşiliyin elementlərini, keçmişin qalığı kimi dövrün sosial reallığından sıxışdırıb çıxara bilmir. Bu minvalla, nə qədər təzadlı səslənsə də, müasir bəşəriyyət tarixdə misli görünməmiş yeni bir fenomenlə - “müasir texnogen barbarlıqla, yaxud postmodern vəhşiliklə” üzləşmişdir.
Zamanın süzgəcindən keçərək postmodern bəşəriyyətin sistemli dünyagörüşündə öz əksini tapmış “sarsılmaz stereotiplərin” antihumanist formalarda ifadəsi Yer kürəsində həyatın davamlı olması qayğısına qalan insanlardan daha çevik, mətin və cəsur olmağı, xüsusi təşəbbüskarlıq, qayğıkeşlik, bacarıq, dözüm, intellekt və fövqəladə çalışqanlıq nümayiş etdirməyi tələb edir. Bu çətin və məsuliyyətli tarixi vəzifəni öz üzərinə multikulturalizm kimi mədəni siyasət və onu tərənnüm edən insanlar götürür.
Multikulturalizm elə bir təlimdir ki, o, mədəni plüralizmi bəşəri fəaliyyətin əsas məzmunu elan edir, pozitiv müxtəlifliyin qorunmasını və inkişafını özünün əsas vəzifəsi kimi təsdiq edir. Bu, dar mənada konkret götürülmüş ölkənin, qlobal anlamda dünya əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, hüquq və azadlıqlarının müdafiəsini nəzərdə tutur. Multikultural cəmiyyətdə hər bir etnosun mənsubları öz spesifik mədəniyyətlərini hüquqi əsaslarla inkişaf etdirmək imkanları qazanırlar.
Multikulturalizm assimilyasiyanı, həmçinin separatizmi inkar edir, etnik-mədəni müxtəlifliklərin inteqrasiyasına istiqamətlənmiş mədəni siyasət kimi reallaşdırılır. Məhz buna görə bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin digər stratalarının (lat. stratum - təbəqə) nümayəndələri, sosial, etnik, milli və dini-mədəni azlıqlar dəstəkləyirlər. Multikulturalizmin nəzəri əsaslarını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi ən yüksək dəyərlərlə gücləndirilmiş modifikasiyası təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə, nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burada irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilməməsi imkanları formalaşdırılır. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq var. Beləki multikulturalizm liberalizmdən fərqli olaraq, fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.
Multikulturalizm fəlsəfi-mədəni ideal, faktiki təzahür edən siyasət kimi, əsas məzmun və mahiyyət baxımından tolerantlıqla sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel olaraq yaşamasını qəbul edən tolerant cəmiyyətin ən başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətlərdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı formada zənginləşməsinə, xalqları birləşdirən əsas inteqrativ mədəniyyətin, birləşdirici məfkurənin formalaşmasına səbəb olur.
Beləliklə, postmodern təlim qismində multikulturalizmi xarakterizə edərkən, onun aşağıdakı fundamental əlamətlərini qeyd etmək vacibdir:
1. Multikulturalizm pozitiv sosial təzahürdür. O, cəmiyyətin sabit inkişafı üçün münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmləndirir.
2. Multikulturalizm cəmiyyətin mövcud etnik-mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət rolunu oynayır.
3. Demokratiya multikultural cəmiyyətlərin formalaşmasında ən mühüm amillərdən biri kimi təzahür edir.
4. Bölgələrin tarixi-mədəni inkişafının xüsusiyyətləri və landşaftın özəllikləri multikulturalizmin fərqli modellərinin yaranmasını müəyyən edən amillər kimi təzahür edir.
5. Multikulturalizmin müxtəlif modellərinin arasında bəzi fərqlərin olmasına baxmayaraq, yeni multikultural cəmiyyətin formalaşmasında və multimədəni ətraf mühitin qorunmasında dövlətin fövqəladə aparıcı rolu vardır.
Hərdən multikulturalizmin sinonimi kimi “polikultura” terminindən də istifadə olunur. Qeyd olunduğu kimi multikulturalizm postmodernizm situasiyasının məhsuludur və onun əsas məzmunu mədəni bərabərliyin qorunması ideyasından, bəşəriyyətə məxsus olan bütün mövcud mədəni materialın eyni dəyərlərə malik olması prinsipinin təsdiq olunmasından ibarətdir.




  1. Yüklə 33,17 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə