Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti m a g I straturam ə r k ə z I



Yüklə 435,66 Kb.
səhifə3/6
tarix22.07.2018
ölçüsü435,66 Kb.
#58426
1   2   3   4   5   6

Yenə də eyni cədvələ nəzər salsaq, ev təsərrüfatlarının 2015-ci ildə real gəlirlərinin artım (azalma) templərini yuxarıdakı düstur vasitəsi ilə əldə edə bilərik. Belə ki, 2014-cü ildə ölkəmizdə mövcud olan qiymətlərlə ev təsərrüfatlarının sərəncamında qalan real gəlirlərdə 105,1%, 2015-ci ildə isə 101,5% artım olmuşdur. Belə olan halda aşağıdakı düsturla müəyyən etmək olur ki, sözü gedən dövrdə ev təsərrüfatlarının real gəlirlərində 3,43% azalma tempi müşahidə olunmuşdur.

R = (R2 – R1) : R1* 100% = (101,5% – 105,1%) : 105,1%* 100% = -3,43%

Ümumi nəticə etibarı ilə 2015-ci ildə ölkəmizdə ev təsərrüfatlarının nominal gəlirlərində 0,86% artım tempi müşahidə olunsa da, real gəlirlərində 3,43% azalma tempi qeydə alınmışdır. Bu model, demək olar ki, yuxarıda əks etdirdiyimiz əks asılılığa dair bir nümunədir. Yəni, nominal gəlirlərin sabit qalması fonunda qiymətlərdə baş verən artımlar nəticəsində ev təsərrüfatlarının real gəlirləri azalmışdır.

Ev təsərrüfatı maliyyəsinin həyata keçirdiyi funksiyalar arasında ən önəmlisi istehlak funksiyasıdır. Ev təsərrüfatı maliyyəsi özü özlüyündə heç zaman məqsəd olmayıb və olması da mümkün deyil. O sadəcə ev təsərrüfatının büdcəsi formalaşarkən yeganə məqsəd – hazırki və qarşıdakı istehlak tələbini qarşılamaq məqsədi güdür. Bu məqsədə nə dərəcədə çatması isə ev təsərrüfatının maliyyələşməsi miqyasından, bazarda əmtə və xidmətlərin həcmindən və ev təsərrüfatının istehlak ənənələrindən asılıdır. Demək ki, hal hazırkı bazar şərtləri ilə ev təsərrüfatını əmələ gətirən fərdlərin istehlak səviyyəsi birbaşa olaraq ev təsərrüfatının maliyyəsi tərəfə istiqamət alır və ondan daha çox asılıdır.

Əlavə etmək olar ki, ev təsərrüfatının istehlak funksiyası yuxarıda qeyd olunan parametrlərdən savayı, həm də əhəmiyyətli dərəcədə istehlaka meyillilik səviyyəsindən də asılıdır. Aydın məsələdir ki, müəyyən böyük iqtisadi vahidin əhatə etdiyi hər hansı region daxilində ev təsəsrrüfatlarının istehlaka meyillilik səviyyəsi eyni olmaya bilər. Məsələn, əhalinin nisbətən az təminatlı təbəqəsi ev təsərrüfatı üzvlərinin illik maliyyə səviyyəsi aşağı həddə olduğundan daha çox “bu günü ilə yaşamaq” seçimini seçir və daha çox istehlaka meyilli olurlar. Bu təbəqədən fərqli olaraq əhalinin nisbətən daha çox təminatlı üzvlərinin daxil olduğu ev təsərrüfatları illik maliyyə səviyyəsi yuxarı həddə olduğundan əvvəllər istehlak etmiş olduqları sərvət və ehtiyatlarını daha da zənginləşdirmək üçün vəsaitlərinin bir hissəsini yığım və ehtiyat maliyyə fondlarına yönəldirlər və bu məntiqlə daha az istehlaka meyilli olurlar.

Yuxarıdakı fikirlərdən aydın olduğu kimi ev təsərrüfatı maliyyəsinin başqa bir funksiyası da yığımdır. Biz artıq qeyd etdik ki, bu funksiya ev təsərrüfatlarının istehlaka meyillilik səviyyəsindən əhəmiyyətli dərəcədə aılıdır. Bundan əlavə regional iri iqtisadi vahidlər üzrə ev təsərrüfatlarının yığım funksiyası həm də regionun ümumi iqtisadi inkişaf tempindən asılıdır. Bir qayda olaraq, yüksək səviyyədə inkişaf etmiş ölkələrdə ev təsərrüfatlarının yığım funksiyası daha işlək vəziyyətdə olur. Bu, müxtəlif səbəblərdən ola bilər: daşınmaz əmlaka investisiya etmək, biznes qurmaq və ya biznesini genişləndirmək, təhsil xərclərini qarşılamaq, müalicə və istirahət üçün ehtiyat toplamaq və s. məqsədlərdən asılı olmayaraq inkişaf etmiş ölkələrin ev təsərrüfatlarının hər bir üzvü bu yığım funksiyasını işə salarkən ölkədəki ümumi pul kütləsinin bir hissəsi istər-istəməz tədavüldən müvəqqəti olaraq çıxarılmış olur və bu da ölkədə inflyasiyanın qarşısını əhəmiyyətli dərəcədə alır.

Ev təsərrüfatı maliyyəsinin daha bir funksiyası onun bölüşdürücü funksiyasıdır.Bizə artıq məlumdur ki, ölkə iqtisadiyyatı nə qədər inkişaf etmiş olarsa, onun ev təsəsrrüfatları da bir o qədər inkişaf etmiş olar. Bu iqtisadi vahidlərinin bir-birindən asılı şəkildə inkişaf edən halqalar olduğunu artıq bilirik. Bazar iqtisadiyyatı şəraitində bu qaydalar həm də əhalinin aztəminatlı və ya iqtisadi passiv hissəsi üçün də keçərlidir. Belə ki, ev təsərrüfatlarının maliyyələşmə səviyyəsi yüksəkdirsə, bu zaman büdcəyə vergilər və digər məcburi ödənişlərin də həcmi yüksələcəkdir və bu zaman ev təsərrüfatı maliyyəsinin bölüşdürücü funksiyasının icraçısı kimi dövlət müdaxilə edib yüksək maliyyəşmə səviyyəsinə malik ev təsərrüfatlarının maliyyəsindən dövlət büdcəsinə ayırmalar şəklində daxil olmuş vəsaitlər hesabına əhalinin daha aztəminatlı və iqtisadi qeyri-fəal hissəsini müxtəlif sosial müavinətlər, ayırmalar, transfertlər və təqaüdlərlə təmin edəcəkdir.

Ev təsərrüfatı maliyyəsinin digər əhəmiyyətli funksiyası onun həvəsləndirici funksiyasıdır. Sirr deyil ki, gəlirlər və stimul bir-biri ilə qarşılıqlı asılı olan iqtisadi məhfumlardır. Belə ki, bazar iqtisadiyyatı şəraitində muzdlu nə qədər qısa zaman kəsiyində daha çox keyfiyyətli iş ortaya qoysa, bir o qədər yüksək məvacib əldə edər. Eləcə də, icarədar, mülkiyyətçi və ya investor nə qədər keyfiyyətli obyekt təklif edərsə, renta, dividend, faiz və ya icarə haqqı şəklində daha çox vəsait əldə edər. Bu qayda ilə sahibkar da idarə etdiyi müəssisəni nə qədər effektiv şəkildə idarə etsə, bir o qədər mənfəəti yüksək olar. Bütün bu sadaladıqlarımız iqtisadi vahid kimi ev təsərrüfatlarına da şamil edilməlidir, çünki təsərrüfatın hər bir üzvü muzdlu, mülkiyyətçi, sahibkar və s. kimi nə qədər çox keyfiyyətli nəticə göstərərsə, ümumilikdə ev təsərrüfatının maliyyə vəziyyəti yaxşılaşar. Yaxşı maliyyə vəziyyəti isə öz növbəsində istehsal vasitələrini təkmilləşdirmək, keyfiyyəti artırmaq baxımından ən başlıca stimul kimi çıxış edir.

Nəhayət, ev təsərrüfatı maliyyəsinin sonuncu funksiyası təkrar istehsal funksiyasıdır. Ev təsərrüfatı, eləcə də ayrı-ayrılıqda onun hər bir üzvü gündəlik sərf etdiyi enerjini bərpa etmək üçün qidaya, yuxuya, istirahətə, mənəvi tələbatlarını qarşılamaq üçün kitab oxumağa, idmanla məşğul olmağa və s. ehtiyac duyur. Bu kimi tələbatlar ödənilməsə, fərdlər və ev təsərrüfatlarının mövcudluğu şübhə altında qala bilər. Tələbatların ödənilməsi üçün isə müəyyən miqdarda ərzaq səbəti, geyim dəsti, istirahət tədbirləri və s. tədarük edilməlidir. Bütün bunları tədarük etmək üçün isə maliyyəyə ehtiyac var. Deməli, ev təsərrüfatı maliyyələşdikcə həm də təkrar istehsalda iştirak edərək iqtisadiyyatın inkişafına təkan vermiş olur. Lakin müasir elmi-texniki inkişaf göstərir ki, ev təsərrüfatlarının bu şəkildə sadə təkrar istehsalı kifayət deyil, təkrar istehsal geniş əhatədə aparılmalıdır. Yəni, ev təsərrüfatı uşaqların sayı mümkün qədər artırılmaqla yanaşı, onların təliminə, təhsilinə, tərbiyyəsinə xüsusi önəm verməli, əvvəldən onlara kapital qoyuluşu etməklə cəmiyyət üçün ixtisaslı, peşəkar və dünyagörüşlü kadrlar hazırlamalıdır.

Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi ev təsərrüfatı və onun maliyyəsi ölkə, region və ümumilikdə dünya iqtisadiyyatı üçün ən önəmli iqtisadi vahiddir. Hər bir güclü iqtisadiyyatı olan ölkənin məntiqə uyğun olaraq da güclü maliyyələşmiş ev təsərrüfatları olur. Məhz bu səbəbdən ölkələr daim bu sahəni diqqətdə saxlamaqla, ümumi rifah səviyyəsini yüksəltmək üçün sosial layihələr hazırlayır, stimullar verir və qarşıya qoyulmuş məqsədlərə tədricən nail olur. Lakin bu heç də göründüyü kimi sadə bir proses deyildir. Bu sahəni araşdıran zaman qarşıya çoxlu sayda suallar və problemlər çıxır. Problemlərin həlli üçün isə cari və keçmiş təcrübələrə əsaslanaraq iqtisadi tarixə nəzər yetirilir və perspektivlər müəyyən edilir. Ölkəmizdə iqtisadi tarixə nəzər saldıqda məlum olur ki, ev təsərrüfatı barədə bizdə xeyli təcrübə və təhqiqatlar olmuşdur.

Tarixi faktlar sübut edir ki, ölkəmizdə ev təsərrüfatlarının təhqiqatının tarixi iki əsr əvvələ təsadüf edir. Belə ki, ilk dəfə XIX əsrdə Rusiyada, o cümlədən Azərbaycanda Mərkəzi Statistika Komitəsinin nəzdnində yaradılmış “Zemstvo” şöbəsinin əməkdaşları ucqar inzibati vahidlərə gedərək orada kənd təsərrüfatı işçilərinin yaşayış səviyyəsi, həyat tərzi, gəlirləri və s. barədə məlumat toplamağa başlamışlar. Bu zaman onların natural və pul ifadəsində əldə etdiyi gəlirlər, geyim ləvazimatları, təsərrüfat avadanlıqları və s.-nin siyahısı tərtib edilmişdir ki, toplanan məlumatlar əsasında kəndlilərin rifah səviyyəsini izləmək mümkün olsun. Təxminən bir əsr davam edən müşahidə əsasında nəticələr müsbət olmuşdur, çünki bu müddət ərzində ev təsərrüfatların maliyyə səviyyəsi yüksəlmiş, əmtəələr üzrə istehlak hərtərəfli iki dəfədən artıq yüksəlmişdir. 3

Qeyd etmək lazımdır ki, əsrin əvvəllərində bu cür təhqiqatlar kənd yerləri ilə yanaşı, paytaxt Bakıda, eləcə də Rusiyanın iri şəhərlərində də həyata keçirilmişdir. Onlardan ən başlıcası A. M. Stopaninin başçılığı altında toplanılmış, analiz edilmiş və 1924-cü ildə bəyan edilmişdir. İnformasiyanın toplanması üsulu, məlumatlardakı kənarlaşmaların az, dəqiqliyin yüksək olması və digər başqa səbəblərdən bu araşdırmalar dövrünün ən yaxşı təhqiqatı hesab olunurdu. Təəccüblü deyil ki, günü bu gün də Stopaninin təhqiqatlarından bəzi elementlərindən ev təsərrüfatlarının qeydə alınması, informasiyanın yığılması, gəlir və xərclərin müəyyən edilərək müqayisə edilməsi, əlaqələndirilməsi və s. zamanı istifadə olunur.

Beləcə illər ötdükcə ev təsərrüfatlarını, onların gəlir və xərclərinin, rifahını izləmək, qeydə almaq, analizlər etmək daha da təkmilləşdirildi. Bu gün ölkəmizdə ev təsərrüfatları barədə informasiya toplamaq üçün daha geniş mənbələr, daha çox elmi-texniki rıçaqlar vardır. Lakin biz əminliklə deyə bilmərik ki, bu təhqiqatlar ideal şəkildə aparılır. Çünki burada həm təhqiq edən, həm də təhqiq edilən tərəflər fərqli mövqelərə sahibdirlər. Buna görə də hər bir tərəf öz üzərinə düşən vəzifələrin mahiyyətini dərk etməli və vəzifədən irəli gələn prinsiplərə əməl etməlidir. Məsələn, təhqiqat aparan tərəf daha diqqətli və məsuliyyətli olmalıdır, mümkün qədər heç bir detalı nəzərdən qaçırmamalıdır. Eyni zamanda konfidensiallığın zəmanəti kimi çıxış etməlidir. Yəni, ev təsərrüfatlarından toplanılan məlumatlar heç bir halda başqa məqsədlər üçün istifadə edilə bilməz, yalnız və yalnız yekun nəticələrin əldə olunması üçün bu informasiyaları qeydə alıb, analiz edib ümumiləşdirmək gərərkdir. Təəssüf ki, bu proseslərdə təkcə təhqiqat aparanın deyil, həm də təhqiq olunanların maraq göstərməsi gərəkdir, əks halda nəticələr formallığa daha çox meyil edir, nəticələr təhrif olunur. Unutmaq lazım deyil ki, ev təsərrüfatlarını iqtisadi vahid olmaqla yanaşı həm də hisləri və müxtəlif dünyagörüşləri olan insanların birliyindən ibarət bir sosial vahiddir. Bu səbəbdəndir ki, bəzi ev təsərrüfatları özü-özlüyündə müəyyən səbəblər gətirərək gəlir və xərclərini aşkar surətdə bəyan etməkdən ehtiyatlanırlar. Digər ev təsərrüfatları isə təsərrüfatın yalnız rəsmi gəlirlərini bəyan etməklə, başqa mənbələrdən gələn gəlirlərini gizli saxlamağı üstün tuturlar. Bütün bu səbəblərdən günü bu gün də ev təsərrüfatlarını təhqiqatı ilə məşğul olan şəxslər hələ də ideala yaxın nəticələr əldə edə bilməyi bacarmırlar. Buna görə də bu təhqiqatları keçirməzdən öncə qərar verilərkən nəzərə almaq lazımdır ki, təhqiqat könüllülük prinsipi əsasında müəyyən ev təsərrüfatı subyektləri arasında aparılmalıdır. Yalnız bu halda ideala daha da yaxın olan, dolğun və əhatəli nəticələr, hesabatlar əldə etmək mümkün olar.

Məqsəd obyektivliyə yaxın, dürüst və istifadəyə faydalı məlumatların toplanıb nəticə alınmasıdırsa, yuxarıda qeyd etdiyimiz könüllülük əsasında iştirak etməkdən başqa daha bir neçə məqama diqqət yetirmək lazımdır. İlk növbədə təhqiqata cəlb edilən insanların öz sahəsində təcrübəli və peşəkar olmasına diqqət etmək lazımdır. Daha sonra ona lazım olan maddi, mənəvi və s. ehtiyacların hər birini qarşılamaq lazımdır ki, mütəxəssis öz vəzifəsinin öhdəsindən gəlməkdə daha çox maraqlı olsun. Bundan əlavə subyektivliyin qarşısını almaqdan ötrü bu təhqiqata digər iqtisadçılar və statistiklər qoşulmalıdır. Çünki artıq bizə məlum olduğu kimi bu kifayət qədər mürəkkəb bir prosesdir və burda komanda işinin köməkliyi ilə daha rahat yolla daha mükəmməl nəticələr əldə etmək olar.

Ev təsərrüfatlarının maliyyəsinin təhlili zamanı müxtəlif sayda geniş məlumatlardan istifadə edilir. Yekun nəticə formalaşdıqdan sonra isə müxtəlif sahənin mütəxəssiləri bu məlumatlardan istifadə edərkən öz yanaşmasına uyğun məlumatlara istinad edir. Yəni, bir təhqiqatın nəticələri müəyyən mövqelərdən baxdıqda fərqli-fərqli başa düşülə bilər. Məhz bu səbəbdəndir ki, ev təsərrüfatları müəyyən növlər üzrə qruplaşdırılırlar. Məsələn, ev təsərrüfatlarının əsas maliyyələşmə növləri üzrə qruplaşması kimi... Bu zaman biz ev təsərrüfatlarını başlıca olaraq iki qrupa ayırırıq – aktiv qismdən ibarət, əmək qabiliyyəli fəhlə və mütəxəssilərin ev təsərrüfatları və nisbətən passiv qrupdan olan təqaüdçülər, işsizlər və s.-nin ev təsərrüfatları. Yaxud da başqa bir misal kimi ev təsərrüfatlarının regionlar üzrə qruplaşmasını göstərə bilərik. Belə olan halda ev təsərrüfatlarını rifah səviyyəsi nisbətən yaxşı olan şəhər ev təsərrüfatları və nisbətən aşağı olan kənd ev təsərrüfatları olaraq iki qrupa ayırırıq. Belə olan halda müxtəlif təhqiqatlarda subyektivlikdən yayınmaqla ev təsərrüfatlarının xərc və gəlirlərinin struktur elementləri barədə daha dürüst informasiya toplamaq olar, çünki aydın məsələdir ki, kənd və şəhər ev təsəsrrüfatlarında gəlirlərin, eləcə də xərclərin əmələ gəlmə formaları və təyinatları müxtəlifdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ev təsərrüfatları ilə bağlı son hesabatlarına (2015-ci il) baxdıqda ev təsərrüfatlarının şəhər və kəndlər üzrə bölgüsündə maraqlı statistik rəqəmlər əldə etmək olar. Məsələn, 2015-ci ildə şəhərdə ev təsərrüfatlarının orta ölçüsü 4,56 nəfər olmuşdursa, kənd yerlərində bu rəqəm 4,93 olmuşdur (Cədvəl 1.2).

Bunun əksinə olaraq, ev təsərrüfatlarının gəlirlərini analiz etsək, məlum olur ki, iqtisadi ərazi vahidləri üzrə Bakı şəhərində daha çox gəlir əldə edilib, nəinki digər iqtisadi ərazi vahidlərində. Məsələn, sözü gedən ildə Bakı şəhəri üzrə aylıq adambaşına gəlir 268,60 AZN olmuşdursa, Şəki-Zaqatala iqtisadi vahidi üzrə bu göstərici 221,70 AZN təşkil etmişdir.



Cədvəl 1.2 2015-ci ildə iqtisadi rayonlar üzrə tədqiq olunan ev təsərrüfatlarının orta ölçüsü, nəfər

 

Ev təsərrüfatla-rının orta ölçüsü

o cümlədən:

18 yaşdan yuxa-rı kişilərin sayı

18 yaşdan yu-xarı qadınların sayı

18 yaşadək uşaqların sayı

Bütün ev təsərrüfatları

4,72

1,69

1,84

1,19

o cümlədən :

şəhər yerləri

4,56

1,63

1,84

1,09

kənd yerləri

4,93

1,76

1,85

1,32

İqtisadi rayonlar üzrə :

Naxçıvan Muxtar Respublikası

4,76

1,91

2,02

0,83

Abşeron

4,81

1,69

1,89

1,23

Gəncə-Qazax

4,85

1,66

1,86

1,33

Şəki-Zaqatala

4,93

1,70

1,92

1,31

Lənkəran

4,95

1,71

1,87

1,37

Quba-Xaçmaz

4,92

1,66

1,85

1,41

Aran

4,95

1,78

1,89

1,28

Yuxarı Qarabağ

4,88

1,74

1,76

1,38

Dağlıq Şirvan

4,81

1,73

1,76

1,32

Bakı şəhəri

4,28

1,59

1,77

0,92


II FƏSİL. Müasir dövrdə Azərbaycanda ev təsərrüfatı maliyyəsinin mövcud vəziyyəti və əhalinin sosial vəziyyətinə təsiri mexanizmləri

§2.1 Ev təsərrüfatlarının adambaşına gəlirə görə bölgüsü və onun qiymətləndirilməsi metodları.

Ev təsərrüfatlarının adambaşına gəlirə görə bölgüsü bizə ev təsərrüfatlarının cari maliyyə vəziyyəti barədə qiymətli məlumatlar verə bilər. Məhz bu səbəbdən bu sahənin tədqiqinə və qiymətləndirmə metodlarının müəyyənləşdirilməsinə ehtiyac vardır.Ölkəmizdə bu sahədə olan təhqiqatlara nəzər salsaq, cəmiyyətdə ev təsərrüfatlarının gəlirləri barədə heç də dolğun məlumatlar əldə etməyin mümkün olmadığını sezmək mümkündür. Bu daha çox əhalinin gəlirlərinin müxtəlif mənbələr hesabına formalaşması ilə bağlıdır. Başqa sözlə desək, ev təsərrüfatının gəlirlərinin bir hissəsi ya illeqal fəaliyyətlərdən, rüşvət, korrupsiya, kölgə iqtisadiyyatından ibarət olduğu üçün subyektlər gəlirlərini açıqlamaqda maraqlı olmurlar. Digər bir tərəfdən fərdlərə, onların bu təhqiqatlara münasibətinə görə məlumatların dürüstlüyü dəyişə bilər. Belə ki, tərəflər formalizmə meyil edə, məlumatları təhrif edə və ya ümumiyyətlə, yanlış məlumatlar verə bilər ki, buna nəzarət etmə imkanı da məhduddur. Bu səbəbdən bu gün iqtisadiyyatın ev təsərrüfatlarını öyrənən sahəsinin qarşısında təhqiq edilməmiş müasir bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatlarının adambaşına gəlirlərinin səviyyəsinə görə necə bölünməsi barədə statistik məlumatların doğruluğu əks etdirməməsi kimiböyük problem durmaqdadır.

Bu problemlə bağlı belə bir mühüm nəzəri məsələyə də aydınlıq gətirmək vacibdir ki, əksər iqtisadi ədəbiyyatlarda ev təsərrüfatlarının məcmu gəlirlərinin formalaşmasından danışarkən şəxsi gəlirlərin ev təsərrüfatları arasında bölüşdürülməsindən bəhs olunur. Lakin bizə belə gəlir ki, “bölüşdürülmə” ifadəsi burada heç də mahiyyəti dəqiq əks etdirmir. Doğrudur, son nəticədə belə bir görüntü yaranır ki, şəxsi gəlirlər ev təsərrüfatları arasında bölüşdürülür və hər bir ev təsərrüfatı bu gəlirin müəyyən hissəsini əldə edir. Amma bu sadəcə bir görüntüdür. Belə ki, reallıqda isə ev təsərrüfatları malik olduqları iqtisadi ehtiyatlarla əmtəə istehsalında və xidmətlər göstərilməsində iştirak edirlər. Nəticədə cəmiyyətdə müəyyən miqdar şəxsi gəlir yaranır və iqtisadi ehtiyat sahibləri yaranmış şəxsi gəlirdən onun yaranması prosesində iştirakına uyğun olaraq pay əldə edirlər: əmək – əmək haqqı, kapital – faiz, torpaq – renta. Bazar iqtisadiyyatı şəraitində bu proses bazar mexanizmi – tələb, təklif və qiymət vasitəsi rellaşdırılır. Heç kim heç vaxt cəmiyyətdə yaradılan bütün şəxsi gəliri əvvəlcə bir yerə toplamır və sonradan da onu ev təsərrüfatları arasında bölüşdürmür.

Şəxsi gəlir hər saat, hər gün, hər həftə, hər ay və hər il yarandıqca ev təsərrüfatlarının sərəncamına daxil olur və müxtəlif istiqamətlərdə xərclənir. Hesabat dövrünün sonunda hər bir müəssisə, şirkət, institut – iqtisadiyyatın hüceyrələri – yaranmış gəlirin müxtəlif istiqamətlər üzrə xərclənməsi barədə hesabat tərtib edir və onu müvafiq yuxarı təşkilatlara, onlar da Dövlət Statistika Komitəsinə təqdim edirlər. DSK yerlərdən – nazirlik və komitələrdən topladığı hesabatlar əsasında MBT-nin tələblərinə uyğun olaraq yekun sənədi hazırlayır. Belə sənədlər toplusundan biri də “Ev təsərrüfatlarının büdcəsi” haqqında olur. Bura ev təsərrüfatlarının adambaşına aylıq gəlirləri, ev təsərrüfatları gəlirlərinin quruluşu, yaşayış yerləri üzrə gəlirlər, əhalinin istehlak xərcləri, ev təsərrüfatlarının adambaşına gəlirlərə görə bölgüsü, ev təsərrüfatlarının adambaşına istehlak xərclərinə görə bölgüsü və s. haqqında sənədlər daxildir. Deməli, bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatları gəlirlərinin formalaşması prosesi yalnız sonda, yekun sənəd halına salındıqda gəlirlərin bölgüsü kimi təzahür edir. Reallıqda isə burada gəlirləin ev təsərrüfatları arasında bölgüsündən deyil, ev təsərrüfatlarının, əhalinin gəlirlərinin həcmindən asılı olaraq bölgüsündən gedir.

Mövcud iqtisadi ədəbiyyatlarda və DSK-nın sənədlərində əhaliyə və ev təsərrüfatlarına gəlirlər baxımdan müxtəlif yanaşmalar mövcuddur. Məsələn, hazırda DSK-nın sənədlərində ev təsərrüfatlarının müayinəsi zamanı ev təsərrüfatlarının adambaşına aylıq gəlirlərinin və əhalinin adambaşına orta aylıq gəlirlərinin səviyyəsinə görə bölgüsündən istifadə edilir və öyrənilir. Bundan başqa, əhalinin adambaşına düşən pul gəlirləri göstəricisindən də istifadə olunur. İqtisadi təhlil baxımından bu göstəricilərin hər birinin öz yeri və üstünlükləri vardır. Belə ki, əhalinin adambaşına orta aylıq gəlirin səviyyəsinə görə bölgüsü gəlirlərin qeyri-bərabərliyinin, buradan da həyat səviyyəsindəki fərqlərin öyrənilməsində, ev təsərrüfatının adambaşına aylıq gəlirlri isə ev təsərrüfatı gəlirlərinin səviyyəsinin, dinamikasının öyrənilməsində müstəsna əhəmiyyət daşıyır.

Bununla yanaşı, adambaşına düşən orta gəlirlər göstəricisindən də istifadə olunur. Bu göstərici verdiyi məlumatın məhdudluğu baxımından o qədər də əlverişli deyil, çünki o, ümumi gəlirlərin kişilər, qadınlar və uşaqlar arasında bərabər bölgüsü yolu ilə əldə edilir və ölkə daxilində həyat səviyyəsi və gəlirlərin qeyri-bərabərliyi haqqında dəqiq məlumat əldə etməyə imkan vermir. Lakin bu göstəricinin özünün də müəyyən üstünlüyü var və dünya ölkələrini adambaşına düşən gəlirlərin həcminə görə müqayisə etməyə və həyat səviyyəsi haqqında təsəvvürə malik olmağa imkan verir.4

Tədqiqatın xarakterini nəzərə alaraq gələcəkdə biz hər üç göstərici üzərində dayanacağıq, çünki yalnız bu göstəricilərdən istifadə etməklə bazar iqtisadiyyatına keçiddə ölkədə gəlirlərin diferensiallaşması, həyat səviyyəsi, yoxsulluq və aztəminatlılıq kimi sosial problemləri öyrənmək olar.

Ev təsərrüfatlarının adambaşına gəlirin səviyyəsinə görə bölgüsünü müəyyən edərkən hər bir ev təsərrüfatına, burada da onun bütün üzvlərinə düşən gəlir haqqında məlumata malik olmaq lazımdır. Ev təsərrüfatları gəlirlərinin mahiyyətini öyrənərkən gördük ki, xüsusi kartlarda onların gəlirləri haqqında məlumat toplanmalı və sonradan qruplaşma aparılmalıdır. Məsələn birinci qrupda adambaşına 30,0, ikinci qrupda 30,1-35,0, üçüncü qrupda 35,1-40,0 manatadək və nəhayət, axırıncı qrupda 160 manat və daha çox gəliri olan əhali cəmləşdirilməlidir. Nəticədə gəlirlərin həcmindən asılı olaraq bir neçə əhali qrupu formalaşmış olacaq. Belə qrupların mövcudluğu artıq əhalinin adambaşına gəlirlərinin səviyyəsinə görə qeyri-bərabərliyinin göstəricisidir.

Hazırki şəraitdə Azərbaycanda da gəlirlərin səviyyəsinə görə ev təsərrüfatlarının vəziyyətini qiymətləndirərkən bu üsula üstünlük verilir. Statistik məlumatlar belə qənaətə gəlməyə əsas verir ki, son on ildə adambaşına düşən gəlirlərin səviyyəsinə görə əhalinin vəziyyətini qiymətləndirərkən gəlirlərin kəmiyyəti baxımından əhali qruplaşdırılmışdır. Belə ki, adambaşına gəlirlərin həcmi baxımından ev təsərrüfatları 2004 və 2006-cı illərdə 19, 2008-ci ildə 14, 2010-2011-ci illərdə 20, 2012-2015-ci illərdə isə 22 qrupa bölünmüşdür. Bundan başqa, 2004-cü ildə aşağı və yuxarı gəlir qrupları arasında 30, 2006-cı ildə 18 dəfə fərq olmuşdursa, 2008-ci ildə bu fərq 11, 2010-2011-ci illərdə 30, 2012-2013-cü illərdə 12, 2014-2015-ci illərdəisə 5,3 dəfə olmuşdur.

Dövlət Statistika Komitəsinin 2008-ci ildə ölkə və yaşayış yerləri üzrə ev təsərrüfatlarının adambaşına gəlirlərin səviyyəsinə görə bölgüsünü əks etdirən məlumatlardan belə qənaətə gəlmək olur ki, bazar iqtisadiyyatına keçiddə ölkəmizdə ev təsərrüfatları adambaşına gəlirlərin səviyyəsinə görə əhəmiyyətli dərəcədə qeyri-bərabər vəziyyətdədir. Belə ki, 2008-ci ildə adambaşına gəliri ölkədə təşəkkül tapmış yoxsulluq həddindən (64 manat) aşağı olan 17,0% ev təsərrüfatı məcmu gəlirlərin 10,1%-ni adambaşına gəlirləri ölkədə təşəkkül tapmış yoxsulluq həddindən yüksək olan 83,0% ev təsərrüfatı isə məcmu gəlirlərin 89,9%-ni əldə edir.Adambaşına gəliri ölkədə təşəkkül tapmış yoxsulluq həddindən aşağı olan ev təsərrüfatlarının hər bir faizi məcmu gəlirlərin 0,6%-ni əldə etdiyi halda, adambaşına gəlirləri ölkədə təşəkkül tapmış yoxsulluq həddindən yüksək olan ev təsərrüfatlarının hər bir faizi məcmu gəlirlərin 1,1%-ni, adambaşına gəliri 160 manatdan yüksək olan 6,1% ev təsərrüfatının hər bir faizi isə məcmu gəlirlərin 2,4%-ni əldə edir.

İqtisadi rayonlarda da eyni vəziyyətlə üzləşirik. 2007-ci ilin məlumatlarına görə, Bakı şəhəri və Naxçıvan iqtisadi rayonları istisna olmaqla, bütün iqtisadi rayonlarda ev təsərrüfatlarının 15-35%-nin adambaşına gəlirləri ölkədə təşəkkül tapan yoxsulluq həddindən aşağı, 65-85%-nin gəliri isə ölkədə təşəkkül tapmış yoxsulluq həddindən yüksəkdir.

Statistik materialların təhlili, hər şeydən əvvəl, belə qənaətə gəlməyə əsas verir ki, ev təsərrüfatlarının nominal pul gəlirləri əhəmiyyətli dərəcədə artmışdır. İkincisi, ev təsərrüfatları adambaşına gəlirlərin səviyyəsinə görə nəzərə çarpacaq səviyyədə qeyri-bərabər vəziyyətdədir. Üçüncüsü, kənd yaşayış yerlərində, eləcə də, Bakı şəhəri istisna olmaqla, iqtisadi rayonlarda yüksək gəlirli ev təsərrüfatları o qədər də yüksək faiz təşkil etmir.

Ölkəmizdə iqtisadi artım nəticə etibarı ilə ev təsərrüfatlarının adambaşına nominal gəlirlərinin mütləq artımına səbəb olmuşdur. Lakin mütləq mənada gəlirlərin artması ev təsərrüfatlarının adambaşına gəlirlərin həcminə görə qeyri-bərabərliyinin azalmasına gətirib çıxarmamışdır və bu heç mümkün də deyildir. Əgər iqtisadi artım nəticəsində gəlirlərin mütləq artan hissəsi ev təsərrüfatları tərəfindən nisbətən bərabər mənimsənilmiş olsa, bu zaman ev təsərrüfatları adambaşına gəlirlərin səviyyəsinə görə fərqli vəziyyətdə olacaqlar. Çünki bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatları gəlirləri arasında fərqlərin artması və ya azalması konkret tarixi şəraitdə onların sərəncam verdiyi mülkiyyətlə, sahibkarlıq qabiliyyətləri, iş qüvvəsinin keyfiyyəti ilə, ailədə işləyənlərin sayı və digər amillərlə əlaqəlidir.

Beləliklə, bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatlarının adambaşına gəlirlərə görə qeyri-bərabər bölgüsü şəxsi gəlirdə hər bir ölkə vətəndaşının əldə etdiyi paydakı fərqləri göstərirv və ev təsərrüfatlarının adambaşına gəlirlərinin kəmiyyətinin dəyişməsi onların gəlirləri arasındakı fərqi sonadək aradan qaldıra bilməz.

Ev təsərrüfatının adambaşına gəlirlərə görə bölgüsünü müəyyən etmək üçün Azərbaycanda tətbiq olunan üsulla yanaşı, praktikada ev təsərrüfatları gəlirləri üzrə məlumat verilməsinin və onun qruplaşdırılmasının desil və kvintil kimi daha mütərəqqi və kamil metodlarından da istifadə olunur. Ev təsərrüfatlarının tədqiqi ilə məşğul olan mütəxəssislərlə fikir mübadiləsi belə qənaətə gəlməyə əsas verir ki, DSK bu üsulların tətbiqinə 2001-ci ildən tədricən keçməyə başlamışdır. Odur ki, gələcəkdə həmin metodların geniş tətbiqinin vacibliyini nəzərə alaraq onların üzərində konkret dayanmağı məqsədəuyğun hesab edirik.

Əlbəttə, ev təsərrüfatlarının adambaşına gəlirlərə görə bölgüsü haqqında məlumat o vaxt daha dəqiq hesab oluna bilər ki, ev təsərrüfatlarının hər biri üzrə adambaşına gəlirlərin səviyyəsi müəyyənləşdirilsin və sonra onlar müqayisə edilsin, lakin ev təsərrüfatlarının miqdarı çox olduqca bu tədqiqat üsulunun qeyri-mümkünlüyü üzə çıxır. Ona görə də praktikada ev təsərrüfatlarını adambaşına gəlirlərin səviyyəsindən asılı olaraq bərabər hissələrə ayırır və qruplaşdırırlar. İqtisadi ədəbiyyatlarda bu metodlar kvintil (1/5) və desil (1/10) adlanır.

Sözügedən metodların tətbiqi üçün, birincisi, ölkədə, yaşayış yerlərində, iqtisadi rayonlarda ev təsərrüfatlarının sayı məlum olmalıdır. İkincisi, əgər kvintilmetodu tətiq olunarsa, ev təsərrüfatları adambaşına gəlirlərin səviyyəsindən asılı olaraq 5 bərabər kvintilə (hər kvintildə ev təsərrüfatlarının 20%-i olmaqla), desil metodu tətbiq olunduqda isə ev təsərrüfatları adambaşına gəlirlərin səviyyəsindən asılı olaraq 10 bərabər desilə (hər qrupda bütün ev təsərrüfatlarının 10%-i olmaqla) ayrılır. Üçüncüsü, hər bir kvintil və desil üzrə adambaşına gəlirlərin səviyyəsi baxımından ev təsərrüfatları arasında fərq müəyyən edilir. Qeyd olunanlara istinad edərək bazar iqtisadiyyatına keçdiyimiz hazırkı mərhələdə Azərbaycanda kvintil və desil metodları üzrə gəlirlərin ev təsərrüfatlarının adambaına gəlirlərə görə bölgüsünü öyrənək.5

Azərbaycanda hazırda 1 687,6min ev təsərrüfatı var və hər bir ev təsərrüfatına orta hesabla 4,47 nəfər üzv düşür. Kvintil metodunda 1687.6 min ev təsərrüfatının hər kvinitlə 20%-i, yəni, 337,5 min ev təsərrüfatı düşəcək. Daha sonra hər bir kvintil üzrə ev təsərrüfatlarının məcmu gəlirdəki payını müəyyən edək. Nəticədə birinci kvintilə daxil olan 20% ev təsərrüfatı adambaşına düşən gəlirlərin səviyyəsinə görə ən azgəlirli ev təsərrüfatları, axırıncı kvintilə daxil olan 20% ev təsərrüfatı isə adambaşına gəlirlərin səviyyəsinə görə ən yüksək gəlirli ev təsərrüfatı olacaqdır (Cədvəl 2.1).




Yüklə 435,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə