Azərbaycan respublikasinin su məCƏLLƏSİ


Su obyektlərİndən tullantı suların axıdılması, yanğından mühafİzə və dİgər məqsədlər üçün İstİfadə



Yüklə 300,09 Kb.
səhifə8/9
tarix02.05.2018
ölçüsü300,09 Kb.
#40911
1   2   3   4   5   6   7   8   9

Su obyektlərİndən tullantı suların axıdılması, yanğından mühafİzə və dİgər məqsədlər üçün İstİfadə


Maddə 77. Su obyektlərindən tullantı suların axıdılması üçün istifadə

Sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər.

Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 78. Tullantı suların su obyektlərinə axıdılması

Tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar.

İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır.

Maddə 79. Tullantı suların su obyektlərinə axıdılmasının məhdudlaşdırılması, dayandırılması və qadağan edilməsi

Bu Məcəllənin 78-ci maddəsinin tələbləri pozulduqda, tullantı suların su obyektlərinə axıdılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılır və ya qadağan edilir.

Tullantı suların axıdılması əhalinin sağlamlığı üçün təhlükəli olan hallarda sənaye qurğularının və müəssisələrin fəaliyyəti dayandırılır.

Maddə 80. Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə

Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir.

Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

XIV fəsil


Su obyektlərİnİn mühafİzəsİ


Maddə 81. Suların mühafizəsi

Bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq ehtiyatlarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır.

Suların (su obyektlərinin) mühafizəsi, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması, habelə suların keyfiyyətinin və rejiminin yaxşılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 82. Su mühafizə zonaları

Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.

Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir.

Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir.12

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.

Maddə 83. Su mühafizə zonalarındakı torpaqların istifadəyə verilməsi

Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər.

Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması

Öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə:

su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi;

suların yağlar, ağac, kimyəvi, neft və digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi;

su yığılan sahələrin, sututarların, qar və buz örtüyünün, buzlaqların səthinin istehsalat, məişət tullantıları, neft məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi;

"su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində istehsalat və məişət tullantılarının basdırılması;".13

suların radioaktiv və zəhərli-kimyəvi maddələrlə çirkləndirilməsi qadağan edilir;

yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə istehsalat və məişət tullantılarının basdırılması. 14

Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 77—79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər.



Maddə 85. Sanitariya mühafizəsi zonalarının müəyyən edilməsi

Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suların mühafizə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur.



Maddə 86. Suqoruyucu meşə zolaqlarının müəyyən edilməsi

Çayların, göllərin, su anbarlarının, kanalların, kollektorların, yeraltı suların və digər su obyektlərinin əlverişli su rejimini saxlamaq, torpaqların su və külək eroziyasının, sututarların lilləşməsinin, su heyvanlarının məskunlaşma şəraitinin pisləşməsinin qarşısını almaq, lazımsız yerüstü su axımını azaltmaq və digər məqsədlər üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada bu obyektlərin ətrafında susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları müəyyən edilir.

Suqoruyucu meşə zolaqlarının qorunması üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir və onların su obyektlərinin vəziyyətinə zərərli təsir edən işləri dayandırmaq və ya qadağan etmək hüquqları vardır.

Maddə 87. Yerüstü suların mühafizəsi

Öz fəaliyyəti ilə yerüstü su obyektlərinə mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin saxlanması üçün tədbirlər görməlidirlər.

Yerüstü su obyektlərinin su mühafizə zonaları və onların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 88. Yeraltı suların mühafizəsi

Qaz, neft və digər faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və istifadəsi ilə əlaqədar qazma və başqa mədən işləri görülərkən yeraltı su horizontları aşkara çıxarıldıqda, mədən işləri görən təşkilatlar dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli və yeraltı suların mühafizəsi üçün müəyyən edilmiş qaydada tədbirlər görməlidirlər.

Fəvvarəli quyular, həmçinin istismara yararsız və ya istifadəsi dayandırılmış kəşfiyyat quyuları tənzimləyici qurğularla təchiz edilməli, bağlanmalı və ya ləğv edilməlidir.

İçməli yeraltı su yataqlarının yerləşdiyi zonalarda bərk və maye tullantı toplayıcılarının, zibilxanaların tikilməsinə, fəaliyyəti ilə yeraltı su yataqlarının çirklənməsi mənbəyi ola bilən sənaye, kənd təsərrüfatı və digər obyektlərin yerləşdirilməsinə yol verilmir.

Yeraltı suların mühafizəsi üzərində nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 89. Su obyektlərinə zərərli təsirin yol verilən normaları

Su obyektlərinə zərərli təsirin yol verilən normaları ətraf mühitin mühafizəsi və su qanunvericiliyi ilə müəyyən edilir.

Su obyektlərinə zərərli təsirin yol verilən normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 90. Ekoloji su buraxılışı

Su obyektlərini müvafiq ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaq üçün su anbarlarından su buraxılması (ekoloji su buraxılışı) həyata keçirilir və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən olunur.

Ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmi hər bir su obyekti üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəyyən edilir.

Su istehlakçılarının suya olan tələbatının, ekoloji su buraxılışı hesabına ödənilməsinə yol verilmir.



Maddə 91. Su obyektlərində fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları

Təsərrüfat fəaliyyəti və ya təbii proseslər nəticəsində insanlara, heyvanlar və bitkilər aləminə, ətraf mühitə təhlükə yarada bilən su obyektlərini (onların bir hissəsini) və onların sutoplayıcı sahələrini müvafiq icra hakimiyyəti orqanı fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edə bilər.

Fövqəladə ekoloji vəziyyət və ya ekoloji fəlakət zonalarının hüquqi rejimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 92. Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması

Müvafiq icra hakimiyyəti orqanı və su obyektlərinin istifadəçiləri:

daşqınların, subasmanın və su altında qalmanın;

bəndlərin və digər qurğuların sahillərinin dağılmasının;

torpaqların eroziyasının, bataqlaşmasının və şoranlaşmasının;

yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər.

Suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir.

Ərazi vahidlərinin ərazisində daşqınlar və güclü sellər nəticəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması və aradan qaldırılması işlərinin yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr təşkil edirlər. 15

Su obyektlərində təbii fəlakət və qəza baş verdiyi hallarda su obyektləri istifadəçiləri suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin aparılmasında iştirak etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti orqanları ilə və bələdiyyələrlə razılaşdırılmaqla aparılır.

Maddə 93. Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri

Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri su obyektlərinin bərpasına və mühafizəsinə yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi və birləşdirilməsi məqsədi ilə bağlanıla bilər.

Hövzə sazişləri müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyələr və su istifadəçiləri arasında bağlanılır.

Hövzə sazişinin məqsəd və vəzifələrini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq su obyektlərinin bərpası və mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün xüsusi su fondu yaradıla bilər.

Hövzə sazişləri su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi üzrə dövlət proqramları və digər layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının təklifi ilə hazırlanır.

XV fəsil


Yüklə 300,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə