Azərbaycan Respublikasının Gömrük Məcəlləsi


Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi



Yüklə 0,9 Mb.
səhifə7/14
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66185
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi
116.1. Bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan təfərrüatlar əks etdirilməlidir.

116.2. Bu Məcəllənin 116.1-ci maddəsində nəzərdə tutulan gömrük bəyannaməsi gömrük orqanları tərəfindən təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir.


Maddə 117. Malların gətirildiyi yer
117.1. Malları gömrük ərazisinə, həmçinin sərbəst zonaların ərazisindən gömrük ərazisinin qalan hissəsinə gətirən daşıyıcı gömrük sərhədini keçməsi barədə müvafiq gömrük orqanına məlumat verməlidir.

117.2. Mallar gömrük ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların iş vaxtında gətirilməlidir.

117.3. Gömrük orqanlarının icazəsi ilə mallar onların iş vaxtından kənar saatlarda da gömrük ərazisinə gətirilə bilər. Həmin vaxtda gömrük ərazisinə gətirilmiş mallardan gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir.

117.4. Qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar gömrük ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.


Maddə 118. Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti
118.1. Gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır.

118.2. Gömrük nəzarəti eyni zamanda, bu Məcəllənin 118.1-ci maddəsində qeyd olunan mallarla bağlı bütün nəqliyyat vasitələrinə, konteynerlərə və qablaşdırmaya da tətbiq edilir.

118.3. Aşağıdakı obyektlərə münasibətdə gömrük nəzarəti müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:

118.3.1. hərbi dəniz gəmiləri;

118.3.2. hərbçilərin, silahlı qüvvələrdə fəaliyyət göstərən mülki qulluqçuların, hərbi yüklərin daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi nəqliyyat vasitələri;

118.3.3. müvafiq icra hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat vasitələri;

118.3.4. xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri.

118.4. Gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və ya nümunələr götürə bilərlər.


Maddə 119. Malların müvafiq yerə çatdırılması
119.1. Malları gömrük ərazisinə gətirən şəxs həmin malları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır.

119.2. Gömrük ərazisinə gətirildikdən sonra malların daşınmasına cavabdeh olan şəxs, bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

119.3. Gömrük ərazisindən kənarda qalmış mallar müvafiq dövlətlərlə bağlanmış beynəlxalq müqavilələrin şərtlərinə əsasən gömrük orqanları tərəfindən gömrük yoxlamasına məruz qala bilər. Bu zaman həmin mallar gömrük ərazisinə gətirilmiş mallar hesab olunur.

119.4. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük nəzarətini və gömrük yoxlamasını məhdudlaşdırmamaq şərti ilə məktublara, poçt kartlarına, çap materiallarına və ya sərnişinlər tərəfindən daşınan mallara münasibətdə qanunvericiliklə hər hansı digər xüsusi şərtlərin tətbiqini istisna etmir.

119.5. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil olunmur.

Maddə 120. Malların xüsusi şəraitdə çatdırılması
120.1. Fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir.

120.2. Bu Məcəllənin 119.5-cı maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirmədikdə, həmin nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.

120.3. Bu Məcəllənin 120.1-ci və 120.2-ci maddələrində qeyd olunan hallarda gömrük orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük orqanına və ya razılaşdırdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.
Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi
121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir.

121.2. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir.

121.3. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər.

121.4. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır.

121.5. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər.

121.6. Bu Məcəllənin 121.1-ci maddəsində göstərilən tələblərə riayət etməyən daşıyıcı bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

121.7. Bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir.

121.8. Şəxsin müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. Belə hallarda həyata keçirilən gömrük prosedurları ilə bağlı bütün xərclər şəxs tərəfindən ödənilir.

121.9. Gömrük ərazisinə gətirilən mallar gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim oluna bilər:

121.9.1. malları gömrük ərazisinə gətirmiş şəxs;

121.9.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;

121.9.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;

121.9.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;

121.9.5. saxlanc yerlərinin təsis edilməsi üçün verilmiş lisenziyanın sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxs.

121.10. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir.
Maddə 122. Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi
122.1. Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər.

122.2. Malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir.

122.3. Malların yenidən yüklənməsi üçün gömrük orqanları tərəfindən tələb olunan yeganə sənəd yük bəyannaməsidir.

122.4. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən kommersiya və ya nəqliyyat sənədini malların yenidən yüklənməsi üçün gömrük bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların müvafiq məqsəd üçün qəbul edilməsi barədə qeydiyyat aparılır.

122.5. Gömrük orqanları yenidən yüklənən malları, onları daşıyan nəqliyyat vasitələrini yoxlamaq, mallardan prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını və açılmasını tələb etmək hüququna malikdirlər.

122.6. Gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz.


Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi
123.1. Gömrük ərazisinə gətirilərək gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir.

123.2. Bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.


Maddə 124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş

hesab edilməsi
124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir.

124.2. Gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük orqanlarına təqdim etməlidir.


FƏSİL 18
MALLARIN GÖMRÜK ƏRAZİSİNDƏN APARILMASI

Maddə 125. Malların gömrük ərazisindən aparılmasından əvvəl bəyanetmə

öhdəliyi
125.1. Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən aparılmazdan əvvəl bəyan edilməlidir.

125.2. Bu Məcəllənin 125.1-ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.

125.3. Bu Məcəllənin 125.1-ci maddəsində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər:

125.3.1. gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;

125.3.2. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi;

125.3.3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.

125.4. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks olunmalıdır.

125.5. Bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsi, təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya elektron formada gömrük orqanına təqdim edilə bilər.

125.6. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 126. Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti

və onların gömrük rəsmiləşdirilməsi
126.1. Gömrük ərazisindən aparılan mallar bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir.

126.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:

126.2.1. ixrac gömrük rüsumlarının tutulması;

126.2.2. milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanların və bitkilərin, ətraf mühitin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından müəyyən edilmiş qadağalar.

126.3. Malların aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman olduğu vəziyyətdədir.
FƏSİL 19
İXRAC, TƏKRAR İXRAC VƏ MÜVƏQQƏTİ İXRAC
Maddə 127. Daxili malların ixracı

127.1. Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

ixrac gömrük proseduru altında yerləşdirilir.

127.2. Bu Məcəllənin 127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:

127.2.1. son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara;

127.2.2. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara.


Maddə 128. Xarici malların təkrar ixracı

128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, gömrük orqanları onların ixrac rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək üçün təkrar ixrac bildirişi verirlər.

128.2. Bu Məcəllənin 128.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:

128.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;

128.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;

128.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

128.3. Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır.

128.4. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 129. Qısa ixrac bəyannaməsi və ona düzəlişlərin edilməsi
129.1. Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi təqdim edilməlidir.

129.2. Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

129.3. Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.

129.4. Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.

129.5. Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər:

129.5.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;

129.5.2. malları ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129.5.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;

129.5.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən şəxs.

129.6. Bu Məcəllənin 129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına gömrük orqanları tərəfindən icazə verilir.

129.7. Aşağıdakı hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə icazə verilmir:

129.7.1. gömrük orqanları qısa ixrac bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;

129.7.2. gömrük orqanları qısa ixrac bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

129.7.3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra.
Maddə 130. Müvəqqəti ixrac
130.1. Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur.

130.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını, bu Məcəllənin tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.


IX BÖLMƏ
NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN

GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI

VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ
FƏSİL 20
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI
Maddə 131. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması

haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi
131.1. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər:

131.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

131.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

131.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

131.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

131.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

131.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

131.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:

131.2.1. nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;

131.2.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;

131.2.3. nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

131.3. Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat müddətində verilməlidir.

131.4. Bu Məcəllənin 131.1-ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.

131.5. Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.


Maddə 132. Nəqliyyat vasitələrinin sahiblərinə, heyət üzvlərinə və sərnişinlərinə

dair tələblər
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və sərnişinləri gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət marşrutu, təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını cavablandırmalı, bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməlidirlər.
Maddə 133. Gömrük ərazisinə daxil olan gəminin dayandırılması
133.1. Gömrük ərazisinə daxil olan gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə gəmini lövbərə qoymalı, gəminin yoluna davam etməsi barədə müvafiq göstəriş olmayana qədər onun dayanmasını təmin etməlidir.

133.2. Gömrük orqanlarının vəzifəli şəxslərini və digər səlahiyyətli şəxsləri daşıyan gəminin üzərində onun dövlət xidmətində olmasını təsdiq edən müvafiq nişanlar olmalıdır.

133.3. Gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin və ya digər səlahiyyətli şəxslərin onun göyərtəsinə qalxmaları üçün bütün mümkün vasitələrlə şərait yaratmalıdır.

133.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişindən sonra, gəmiyə görə məsul şəxs həmin gəminin gömrük ərazisini dərhal tərk etməsini təmin etməlidir.


Maddə 134. Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən

fərqli sahəyə daxil olması
134.1. Qəza, fövqəladə və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində müəyyən gömrük sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və başqa formada daxil olmaq məcburiyyəti qarşısında qalan nəqliyyat vasitələrinə bu Məcəllənin 131.2.2-ci maddəsi şamil edilmir.

134.2. Müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olan nəqliyyat vasitəsinə görə məsul olan şəxs:

134.2.1. bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat verməli;

134.2.2. nəqliyyat vasitəsində daşınan malların boşaldılmasına, heyət üzvlərinin və başqa şəxslərin nəqliyyat vasitəsinin dayandığı yerdən uzaqlaşmasına gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli;

134.2.3. nəqliyyat vasitəsində olan mallar, onun heyəti və başqa şəxslər barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir.

FƏSİL 21
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNDƏN

YOLA DÜŞMƏSİ
Maddə 135. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi
135.1. Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər.

135.2. Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirilmənin aparılması üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.

135.3. Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.

135.4. Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.

135.5. Bu maddənin müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barəsində tətbiq edilmir.
Maddə 136. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd
136.0. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs aşağıdakı tələbləri yerinə yetirməlidir:

136.0.1. yoladüşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük orqanlarına təqdim etməli;

136.0.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə verilən sualları cavablandırmalı;

136.0.3. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb olunan sənədləri təqdim etməli;

136.0.4. nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinə əməl etməlidir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə