Azərbaycan Respublikasının Gömrük Məcəlləsi


Maddə 78. Fiziki qüvvənin tətbiqi



Yüklə 0,9 Mb.
səhifə5/14
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66185
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   14

Maddə 78. Fiziki qüvvənin tətbiqi
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.
Maddə 79. Xüsusi vasitələrin tətbiqi
79.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:

79.1.1. gömrük orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən basqınların dəf edilməsi üçün;

79.1.2. gömrük orqanlarına məxsus və ya onların istifadəsindəki binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər zəbt edildikdə, onların azad edilməsi üçün;

79.1.3. hüquqpozmaları törətmiş şəxslər tabe olmadıqda, müqavimət göstərdikdə, digər hüquqazidd hərəkətlər etdikdə, yaxud ətrafındakılara və ya özünə ziyan vurmaq ehtimalı yarandıqda, onların tutulub saxlanılması və gömrük orqanlarının xidməti binalarına gətirilməsi üçün;

79.1.4. sürücüsü gömrük orqanlarının vəzifəli şəxslərinin saxlamaq barədə tələbini yerinə yetirmədikdə, nəqliyyat vasitəsinin saxlanılması üçün;

79.1.5. gömrük orqanlarının vəzifəli şəxslərinə göstərilən fiziki müqavimətin aradan qaldırılması üçün.

79.2. Aşkar hamiləlik əlamətləri olan qadınlara, azyaşlılara, əlilliyi və digər fiziki qüsurları aşkar bilinən şəxslərə qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi halları istisna olmaqla), habelə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda xüsusi vasitələrin tətbiq edilməsi qadağandır.

79.3. Zəruri müdafiə və ya son zərurət hallarında gömrük orqanlarının vəzifəli

şəxsləri, xüsusi vasitələr olmadıqda, əl altında olan digər vasitələrdən istifadə edə bilərlər.

79.4. Bu Məcəllənin 79.1-ci maddəsi nəzərə alınmaqla, gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 80. Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə
80.1. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilən gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə müəyyən edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ verilir.

80.2. Gömrük orqanlarının odlu silahdan istifadə etmək hüququ olan vəzifəli şəxsləri yalnız zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısını alarkən odlu silahı aşağıdakı hallarda tətbiq edə bilərlər:

80.2.1. gömrük orqanlarının işçilərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan basqının dəf edilməsi üçün;

80.2.2. başqa şəxslərin gömrük orqanlarının vəzifəli şəxslərinin odlu silahını əldə etmək cəhdlərinin qarşısını almaq üçün (gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub saxlanılan şəxsin həmin vəzifəli şəxs tərəfindən göstərilən məsafəni azaltmaq yolu ilə onun odlu silahına yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi bu silahı əldə etmək cəhdi kimi qiymətləndirilir);

80.2.3. gömrük orqanlarına məxsus və ya onların istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə silahlı və ya dəstə şəklində basqının dəf edilməsi üçün;

80.2.4. silahlı müqavimət göstərən şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulub saxlanılması üçün;

80.2.5. sürücü gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradarsa və onların nəqliyyat vasitəsini saxlamaq barədə dəfələrlə edilən tələblərinə tabe olmazsa, zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;

80.2.6. gömrük orqanlarının vəzifəli şəxslərinin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;

80.2.7. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.

80.3. Odlu silahı tətbiq etməzdən əvvəl şəxsə şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Şəxsə xəbərdarlıq edilmədən yalnız aşağıdakı hallarda odlu silah tətbiq edilə bilər:

80.3.1. qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verdikdə;

80.3.2. hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edildikdə.

80.4. Qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı, həmçinin silahın tətbiqi nəticəsində kənar şəxslərin zərər çəkə biləcəyi və adamların çox toplaşdığı hallarda odlu silahın tətbiq edilməsi qadağandır (həmin şəxslər tərəfindən gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər şəkildə hücum halları istisna edilməklə).

80.5. Gömrük orqanlarında istifadə olunan odlu silah və döyüş sursatlarının siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 81. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarının və

ya tələblərinin icrasının məcburiliyi
81.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük işinə dair qanuni sərəncamlarının və ya tələblərinin icrası şəxslər üçün məcburidir.

81.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarına və ya tələblərinə tabe olmamaq, həmçinin onların vəzifələrini yerinə yetirməsinə maneçilik törədən hərəkətlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.


XÜSUSİ HİSSƏ
VI BÖLMƏ
GÖMRÜK NƏZARƏTİ
FƏSİL 13
GÖMRÜK NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 82. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi
82.1. Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər.

82.2. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz.

82.3. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq, gömrük nəzarətindən keçməlidir.

82.4. Gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bu Məcəllənin 84-cü maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin bu Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından istifadə etmək hüququna malikdirlər.

82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdıran qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.

82.6. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılardakı malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs həmin malları gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini verməlidir.

82.7. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər.

82.8. Şəxs barəsində gömrük nəzarətinin müəyyən formalarının tətbiq olunmaması və ya onlardan azadetmə onu bu Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, beynəlxalq müqavilələrə riayət etmək vəzifəsindən azad etmir.


Maddə 83. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma

müddəti
83.1. Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:

83.1.1. sərbəst dövriyyəyə buraxılanadək;

83.1.2. məhv edilənədək;

83.1.3. dövlətin xeyrinə imtina olunanadək;

83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək;

83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.

83.2. İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina və ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.

83.3. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar.

83.4. Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir.

83.5. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin şəxslər tərəfindən bu Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.


Maddə 84. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə
84.1. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur.

84.2. Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı gömrük yoxlamasından azaddır.

84.3. Xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycan Respublikası Baş nazirinin, onun müavinlərinin, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) şəxsi baqajları gömrük yoxlamasından azaddır.

84.4. Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də digər hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası sazişlərlə tənzimlənir.

84.5. Beynəlxalq müqavilələrə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu sazişlər təsdiq edildikdən (ratifikasiya olunduqdan) sonra həyata keçirilir.
Maddə 85. Gömrük nəzarətinin həyata keçirilməsində texniki nəzarət

vasitələrindən istifadə
85.1. Gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları siyahısı və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan texniki vasitələrdən istifadə edirlər.

85.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulan texniki vasitələr insanların, bitkilərin, heyvanların həyatı və sağlamlığı üçün təhlükəli olmamalı, şəxslərə, mallara və nəqliyyat vasitələrinə ziyan vurmamalıdır.


Maddə 86. Gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanları tərəfindən

dəniz (çay) və hava gəmilərindən istifadə
86.1. Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və gömrük sərhədinə yaxın ərazidə olan mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının sərəncamında olan dəniz (çay) və hava gəmilərindən istifadə edilməklə, bu Məcəlləyə müvafiq olaraq həyata keçirilir.

86.2. Gömrük orqanlarının dəniz (çay) və hava gəmilərindən istifadə olunmaqla gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 87. Malların, nəqliyyat vasitələrinin, binaların və başqa

yerlərin eyniləşdirilməsi
87.1. Gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin

olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər.

87.2. Eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir.
Maddə 88. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin

inventarlaşdırılması
Gömrük orqanları gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, həmçinin gömrük ödənişləri ödənilməmiş və ya gömrük güzəştləri tətbiq edilmiş malların inventarlaşdırılmasını aparmaq hüququna malikdirlər.
Maddə 89.Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi

tələbinə riayət olunması
Gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar.
Maddə 90. Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına

yol verilməməsi
90.1. Gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.

90.2. Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.


Maddə 91. Bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri

barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların

nümayəndələrinin malların və nəqliyyat vasitələrinin

yoxlanılmasında iştirakı
91.1. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara zəruri yardım göstərməlidirlər.

91.2. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük yoxlamasının keçirilməsində öz təşəbbüsləri ilə də iştirak etmək hüququna malikdirlər.

91.3. Gömrük orqanlarının malları və nəqliyyat vasitələrini bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ vardır:

91.3.1. mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 (on) gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə;

91.3.2. milli təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda;

91.3.3. mallar beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərildikdə;

91.3.4. mallar və nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla saxlanıldıqda.

91.4. Bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallar və nəqliyyat vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır.


FƏSİL 14
GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ
Maddə 92. Gömrük nəzarətinin formaları
92.1. Gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir.

92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:

92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması;

92.2.2. şəxsi yoxlama;

92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmasının yoxlanılması;

92.2.4. gömrük auditi;

92.2.5. şəxslərin sorğu-sual edilməsi;

92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;

92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması.

92.3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən kənar ərazidə də həyata keçirilə bilər.

92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.

92.5. Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.

92.6. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir:

92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;

92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını;

92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları;

92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.
Maddə 93. Gömrük nəzarəti zonaları
93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

93.2. Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

93.3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonaların sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi ilə və onların nəzarəti altında yol verilir.

.

Maddə 94. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar


94.1. Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər.

94.2. Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

94.3. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya bu cür əməliyyatlara aidiyyəti olan digər şəxslərin, icrasına nəzarət gömrük orqanına həvalə olunmuş əməliyyatları haqqında müvafiq təşkilatlardan məlumatlar və arayışlar almaq hüququna malikdirlər.

94.4. Hüquq mühafizə orqanları, həmçinin vergi və başqa dövlət nəzarəti orqanları gömrük nəzarəti üçün lazım olan məlumatları öz təşəbbüsləri ilə və ya qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının sorğusu əsasında onlara təqdim edirlər.


Maddə 95. Sənədlərin və məlumatların saxlanılması
95.1. Gömrük nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik olan şəxslər onların bu Məcəllə və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş

qaydada saxlanılmasını təmin etməlidirlər.

95.2. Saxlanma üsulundan asılı olmayaraq, gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır.

95.3. Şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə etməsinə şərait yaratmalı, bununla bağlı onların suallarını cavablandırmalı, tələb olunduqda, sənədlərin surətlərini onlara təqdim etməlidir.

95.4. Məlumatlar elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli olan mallara dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli şəxslərini lazımi avadanlıqla təmin etməlidir.

95.5. Mallar sərbəst dövriyyəyə buraxıldıqda, yaxud ixrac məqsədi ilə bəyan edildikdə, bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması sərbəst dövriyyə üçün buraxılışla və ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi ilin sonundan başlanır. Mallar digər gömrük proseduru altında yerləşdirildikdə, bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması müvafiq gömrük prosedurunun başa çatdığı ilin sonundan başlanır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə