Azərbaycanda


Arif Yunus (Yunusov Arif Seyfulla oğlu )



Yüklə 0,68 Mb.
səhifə3/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Arif Yunus (Yunusov Arif Seyfulla oğlu )



Saxlanma tarixi: 30 iyul 2014-cü il

İttiham: Cinayət Məcəlləsnin 274 (Dövlətə xəyanət), 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı)

Yunusov Arif Seyfulla oğlunun (Arif Yunus) 59 yaşı var. Tarixçidir və elmlər namizədidir. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işləmişdir. 1992-ci ildə AR Prezident Aparatında informasiya analitik mərkəzin rəhbəri olub, 1993-1994-cü illərdə “Azəri” analitik mərkəzinin prezidenti olmuşdur. 1995-ci ildən bu günə qədər Sülh və Demokratiya İnstitutunda konfliktologiya və miqrasiya departamentinin rəhbəridir. Beynəlxalq etnik monitorinq və konfliktlərion erkən qarşısının alınması şəbəkəsinin, həmçinin MDB və Baltik ölkələrində miqrasiya üzrə tədqiqat mərkəzinin ekspertidir. Azərbaycan tarixi üzrə, həmçinin Qarabağ konfliktinin müxtəlif aspektlərinə, dini problemlərə, milli azlıqlar və qaçqınlara həsr olunmuş Azərbaycan və onun sərhədlərindən kənarda 200-dən çox elmi əsərin müəllifidir.

Arif Yunusa qarşı 2014-cü il iyulun 30-da iki maddə üzrə - CM-nin 274-cü (Dövlətə xəyanət) və 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla), üzrə cinayət işi açılıb. Bu və üç başqa maddə ilə eyni cinayət işində Yunusovun həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus da ittiham olunur və həbsdədir. Cinayət işi Rauf Mirqədirova qarşı başlanan “Dövlətə xəyanət” maddəsi üzrə açılmış işin tərkib hissəsidir. Yunusovlar Mirqədirovu ermənilərin də iştirak etdiyi beynəlxalq konfranslara göndərməkdə və ittihamın iddiasına görə, onu Ermənistan xüsusi xidmət orqanları ilə casusluğa sövq etməkdə günahlandırılırlar.

Aprelin 28-dən 29-a keçən gecə Arif və Leyla Yunusovlar beynəlxalq konfransa gedərkən saxlanılıblar, məruz qaldıqları qeyri-insani rəftar nəticəsində Yunusovun halı pisləşib, o hipertonik kriz diaqnozu ilə xəstəxanaya yatırılıb və iki gün reanimasiyada olmaqla, mayın 17-dək xəstəxanada yatıb.



Onun həyat yoldaşı Leyla Yunus iyulun 30-da həbs edilib, Arif Yunus isə hipertonik kriz keçirməsi əsas gətirilərək, polis nəzarəti altında qalıb. Lakin avqustun 5-də müstəntiq İbrahim Ləmbəranski Arif Yunusun «cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşləri, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməsini» əsas gətirərək, onun haqqında həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Həmin gün Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayev Arif Yunus haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Yunusovların işi çoxsaylı qanun pozuntuları ilə müşayiət olunub. Nə şahid, nə ittiham olunan şəxs qismində istintaqa cəlb olunmadıqları dövrdə Yunusovların pasportları və digər sənədləri girov götürülüb, onların ölkədən girib çıxmasına heç bir hüquqi əsas olmadan qadağa qoyulub.

Yunusovların ikisinin də çalışdığı Sülh və Demokratiya İnstitutu hüquq müdafiəsi ilə məşğuldur və Azərbaycandakı siyasi məhbusların siyahısını hazırlayır. Sülh və Demokratiya İnstitutu qeydiyyatdan keçmədən fəaliyyət göstərir və göstərilən fəaliyyətin tamamilə QHT fəaliyyəti olmasına baxmayaraq, istintaq onu qanunsuz kommersiya fəaliyyəti kimi qəbul edir və Yunusovları bu kommersiya fəaliyyətindən vergi ödəməməkdə günahlandırır.

Arif Yunusov hökumət haqqında tənqidi fikirləri ilə seçilən siyasi təhlilçilərdəndir, amma onun həbsi həmçinin ölkədəki hakim rejimin ən sərt tənqidçisi olan həyat yoldaşı Leyla Yunusa qarşı təzyiq vasitəsi olduğu hesab edilir.

Yunusovlar və onlarla eyni ərəfədə həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərov həbslərindən bir müddət öncə vahid siyasi məhbus siyahısı (hazırkı) hazırlanması üzərində çalışıblar. Onların həbsinin siyasi məhbus probleminin beynəlxalq müzakirəsinə maneə törətmək məqsədi daşıdığı ehtimal edilir.

Arif Yunusov Kürdəxanı təcridxanasında saxlanılır.

  1. Cəfərov Rəsul Ağahüseyn oğlu


Saxlanma tarixi: 2 avqust 2014-cü il 

İttiham: Cinayət Məcəlləsinin 192.2.2-ci(qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1-ci Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır  nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)
 Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası) 
İş üzrə qısa arayış:  17 avqust 1984-cü ildə Bakı șəhərində anadan olub. Hüquqşünas ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2007-ci ildən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) hüquqșünas kimi fəaliyyətə bașlayıb. 2009-cu ilin avqustundan Televiziya və Alternativ Media İnkișaf Mərkəzi İctimai Birliyinin sədri olub. REAL birliyinin İdarə heyətinin üzvüdür.
 2010-cu ildə İnsan Haqları Klubunun təsisçilərindən olub və hüquq müdafiəsi ilə məşğul olan bu ictimai təşkilata rəhbərlik edib. Həbs olunarkən Rəsul Cəfərov Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinə rəhbərlik edirdi.  Gənc fəalların və siyasi məhbusların hüquqlarının ardıcıl müdafiəsi ilə məşğul olan  Rəsul Cəfərov bir çox kampaniyaların koordinatorlarından olub.  2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində keçirilən «Sing for Democracy» kampaniyası (bu kampaniya beynəlxalq mükafata da layiq görülüb) da ölkədə insan haqlarının durumunun yaxşılaşdırmağa yönəlmişdi və beynəlxalq miqyasda maraq yaradan bu kampaniya hakimiyyət tərəfindən qəzəblə qarşılanmışdı. Rəsul Cəfərov həmin kampaniyanın təşkilatçılarından biri idi və sonradan onu “Art for Democracy” adı ilə davam etdirirdi. Onun “Art for Democracy” çərçivəsində təşkil etdiyi tədbirlərə qadağa qoyulmuşdu. Bakıdakı xarici mehmanxanalar da hakimiyyətin təzyiqi ilə bu tədbirlərə verdiyi yerdən sonradan imtina etmişdilər.  Rəsul Cəfərov eyni zamanda 2012-ci ildə Azərbaycanda keçirilən BMT-nin İnternet İdarəçiliyi Forumu ərəfəsində Azərbaycanda internet azadlığının real durumunu beynəlxalq diqqətə çatdırmaq üçün başladılan “Onlayn İfadə Təşəbbüsü” kampaniyasının koordinatoru olub və hazırlanmış geniş hesabatın müəlliflərindən biridir.
Rəsul Cəfərov son illərdə Azərbaycanda insan haqlarının ağır durumu ilə bağlı beynəlxalq miqyasda ən fəal iş aparan hüquq müdafiəçilərindən biri idi. Sərt tənqidləri və hesabatları ilə beynəlxalq təşkilatların tribunalarından çıxış edirdi. Azərbaycanda siyasi məhbus problemi ilə çox ciddi şəkildə məşğul olmağa başlayan Cəfərov siyasi məhbusların dolğun və əsaslı siyahısını tərtib etməyə başlamışdı.   24 iyun 2014-cü ildə Rəsul Cəfərov siyasi məhbus siyahısını AŞ PA-nın sessiyasında təqdim etdi. Bundan sonra isə Cəfərov ondan bir neçə gün öncə həbs həbs edilən tanınmış hüquq müdafiəçisi Leyla Yunusla birlikdə siyasi məhbusların vahid siyahını tərtib etməyə başlamışdılar. Bu işdə prinsipal mövqedə duran hüquq müdafiəçiləri və təşkilatlar da iştirak edirdi. Bu sahədə vahid siyahının və mövqeyin olması ona görə lazım idi ki, hakimiyyət beynəlxalq ictimaiyyəti çaşdıra bilməsin və özünə yaxın hüquq müdafiəçiləri vasitəsi ilə siyasi məhbus problemini arxa plana keçirə bilməsin. Bu siyahı AŞ PA-nın yeni təyin etdiyi "Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunta təqdim ediləcəkdi. Vahid siyahı üzrə razılıq əldə olunduğundan bir neçə gün sonra Leyla Yunus, ardınca isə Rəsul Cəfərov həbs edildi. Həbsindən öncə ona qarşı hər hansı ittiham irəli sürülmədiyi halda qanunsuz olaraq ona ölkədən çıxmaq qadağan edilmişdi, bank hesablarına həbs qoyulmuşdu.

Rəsul Cəfərov ona qarşı sürülən ittihamları qəbul etmir və hüquq müdafiə fəaliyyətinə görə həbs edildiyini bildirir.

Cəfərovun həbsi əsassız və onun barəsində həbs qətimkan tədbir seçilməsi isə xüsusi qərəzlidir. Onun həbsi hakimiyyətə yönələn tənqidləri ilə, insan haqlarının ağır durumu ilə bağlı çıxışları ilə, xüsusən də siyasi məhbus problemini qaldırması və bu sahədə prinsipal mövqe sərgiləməsi ilə bağlıdır.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Rəsul Cəfərovun həbsini siyasi sifarişli adlandırıblar. Beynəlxalq Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib

С. Gənc fəallar


  1. NİDA” Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri və fəallarının işi

NİDA” Vətəndaş Hərəkatı haqqında qısa məlumat:

NİDA” Vətəndaş Hərəkatı 2011-ci ildə bir qrup gənc tərəfindən azadlıq, ədalət və həqiqət istəyi ilə yaradılıb. “NİDA” ölkədə dəyişikliklər edilməli olduğunu, hakimiyyətin xalqın iradəsi ilə qurulmalı olduğunu bəyan edib. NİDA Hərəkatının əsas tələbləri: azad və inkişaf etmiş ölkədə yaşamaq; ordunun yüksək döyüş qabiliyyəti olan şəxslərdən ibarət olması; hakimiyyətin azad və ədalətli səsvermə yolu ilə demokratik şəkildə dəyişməsi; qanunların ədalətli və hamı üçün eyni olması; azad və müstəqil media və s. NİDA heç bir siyasi partiyadan asılı olmayan hərəkatdır və əsas istəkləri dinc demokratik yolla dəyişikliyə nail olmaqdır24. Hərəkat yarandığı gündən indiyə qədər demokratik dəyişikliklər üçün fəaliyyət göstərib, müxtəlif aksiyalar, fləşmoblar təşkil edib, Hərəkatın İdarə Heyətinin üzvləri 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri dövründə bir sıra müxalifət partiyalarını və vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Milli Şurada təmsil olunublar, Hərəkatın fəalları seçkilərdə müxalifətin vahid namizədi kimi çıxış edən Cəmil Həsənliyə seçki kampaniyası dövründə dəstək veriblər.

İctimai fəallıqlarına və tənqidi mövqelərinə görə “NİDA” Vətəndaş Hərəkatının üzvləri müxtəlif yollarla təqib olunublar. Hərəkatın əvvəlki İdarə Heyətinin üzvü Zaur Qurbanlı 2012-ci il sentyabrında təşkilatın 2013-cü il seçkiləri üçün hazırladığı materiallara görə polis tərəfindən saxlanılıb, onun barəsində 2 gün ərzində heç bir məlumat verilməyib, yalnız oktyabrın 1-də polis məlumat yayıb ki, Qurbanlı narkotik maddə əməliyyatı üzrə saxlanılıb və polisə müqavimət göstərdiyi üçün 15 sutka inzibati həbs cəzası alıb, bu müddət bitdikdən sonra Qurbanlı sərbəst buraxılıb. Hərəkatın hazırda İdarə Heyətinin üzvü və sədri olan Aygün Pəncəliyeva hakimiyyətin təzyiqləri nəticəsində 2013-cü ilin iyununda Bakıda fransız dili müəlliməsi kimi çalışdığı məktəbdən ayrılmalı olub. Hərəkatın fəalı Ömər Məmmədov (hazırda bloggerlik fəaliyyətinə görə həbsdədir) özünə və ailəsinə edilmiş təzyiqlər nəticəsində Hərəkatdan çıxmaq məcburiyyətində qalıb.
NİDA” Vətəndaş Hərəkatı fəallarının və üzvlərinin həbsi
Milli Orduda çoxsaylı gənc əsgərlərin qeyri-döyüş şəraitində müəmmalı ölüm hallarına etiraz olaraq, 2013-cü ilin 12 və 26 yanvar tarixlərində Bakı şəhərinin mərkəzində gənclərin aksiyası keçirilmişdir. Bu aksiyalarda gənclərlə yanaşı əsgər valideynləri də iştirak etmişlər. Aksiyalar polisin qeyri-adekvat zor tətbiq etməsi ilə dağıdılmış, yüzlərlə iştirakçı həbs olunmuşdur. Onlardan bir qismi inzibati həbslə və ya böyük məbləğdə cərimə ilə cəzalandırılmışlar. Bu etiraz aksiyaları və onların iştirakçılarına qarşı repressiyalar  ölkə və beynəlxalq ictimaiyyətdə geniş rezonans yaratmışdır. Lakin bu aksiyalardan qısa müddətdən sonra da orduda qeyri-döyüş şəraitində əsgər ölümləri davam etmişdir.

Buna etiraz edən bir qrup gənclər təşkilatlarının nümayəndələri, o cümlədən NİDA Vətəndaş Hərəkatı 1 mart 2013-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək 10 mart tarixdə mitinq keçirmək niyyətində olduqlarını bildirdi. Əvvəlki aksiyaların kütləviliyinin qarşısını almaq üçün hakimiyyət qabaqlayıcı tədbir kimi aksiyalarda daha  aktiv olan NİDA üzvlərinin həbsinə başladı.

2013-cü il martın 7-də qeyri-döyüş şəraitində əsgərlərin müəmmalı şəkildə ölməsinə etiraz olaraq Bakının mərkəzində martın 10-u üçün planlaşdırılan aksiya ərəfəsində “NİDA” Vətəndaş Hərəkatının 3 gənc fəalı – Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahin axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar və bu barədə həbs edilənlərin valideynlərinə və qohumlarına, yaxud da dostlarına məlumat verilməyib, onlar vəkillə təmin edilməyiblər. Həbsdən bir neçə saat sonra tək yaşayan Əzizovun və ailələri ilə birgə yaşayan Quliyev və Novruzovun evində axtarış aparılıb, gənclərin evindən narkotik maddə və “Molotov” kokteyllərnin tapıldığı iddia edilib. Onların ilkin dindirmələri və barələrində həbs qətimkan tədbirinin seçilməsi öz vəkillərinin iştirakı olmadan aparılmışdır. Şahin Novruzlu həbs edilərkən azyaşlı olduğu üçün qanunun tələbinə görə onun dindirilməsində mütləq qanuni nümayəndəsi iştirak etməli olduğu halda, istintaq bu tələbə əməl etməmişdir. Hər 3 gənc ilk izahatlarında heç bir qanunsuz əmələ yol vermədiklərini bildirmişlər. Lakin bir gün sonra işgəncə və psixoloji təzyiq altında, öz vəkilləri olmayan şəraitdə özlərinə və digərlərinə qarşı ifadələr verməyə məcbur ediliblər.

9 mart 2013-cü il tarixində Azərbaycanda yayımlanan bütün ümumrespublika telekanalları gənclərin martın 10-da keçiriləcək aksiya zamanı “Molotov” kokteyllərindən istifadə etməklə iğtişaş salınması kimi “cinayət törətmək istəklərinin olduğunu etiraf etmələrini” nümayiş etdirən videomateriallar yayımlayıb. Həmin videomateriallar istintaq tərəfindən hazırlanıb və bu süjetlərdə həbs edilən gənclərin “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin əleyhinə ifadələri, onların da “cinayət” törədilməsində iştirakı barədə “etiraflar” yer almışdır. Bu videolardan da açıq şəkildə görünür ki, gənclər qorxu içindədirlər və onlara qarşı fiziki zor işlədilib. Gənclərin Sovet hakimiyyəti dövründə olduğu tərzdə “etirafedici” videolarının yayılması bu həbsin siyasi sifariş olduğunu sübut edən amillərdən biridir. Qısa müddətdən sonra hər 3 gənc artıq öz vəkillərinin iştirakı ilə verdikləri ifadələrdə ilk ifadələrini işgəncə altında verdiklərini bəyan etmişlər və işgəncə faktlarının araşdırılması ilə bağlı prokurorluq orqanlarına şikayət ünvanlamışlar. Lakin bu şikayətlər üzrə araşdırma formal aparıldı, çünki işgəncəni törədən və onu araşdıran orqan eyni idi.

Bu həbslərə və yayımlanan videolara baxmayaraq martın 10-da yüzlərlə insan, o cümlədən “NİDA” Vətəndaş Hərəkatının digər fəalları polislərin kobudluğu və güc tətbiqi ilə dağıdılan tamamilə dinc aksiyada iştirak etdilər.

Aksiyadan sonrakı günlərdə “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərinin həbsinə başlanıldı. İdarə Heyətinin üzvləri Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli və Hərəkatın fəalı Zaur Qurbanlı həbs edildilər.

Gənclərə ilkin olaraq qanunsuz olaraq partlayıcı maddə və narkotik maddə saxlamaq ittihamları irəli sürülmüş, həbslərindən 6 ay sonra, yəni 2013-cü il sentyabrında onlara yeni daha ağır - kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə ittihamı da verilmişdir. Məhz bu yeni ittihamın irəli sürülməsinə görə Hərəkatın İdarə Heyətinin üzvü Rəşadət Axundovun 74 yaşlı babası Əyanət Axundov damarlarını kəsərək özünə qəsd etmiş, bunun nəticəsində bir neçə gün sonra xəstəxanada vəfat etmişdir25.

Gənclərin işi üzrə məhkəmə prosesi başlayana qədər onlar barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib. 2013-cü il noyabrın 6-dan məhkəmə prosesi başladı və ilk olaraq martın 7-də həbs edilmiş 3 gənc məhkəmədə ifadə verərək, istintaqda işgəncələrə məruz qaldıqlarını və məhz buna görə etirafedici ifadələr verdiklərini bildirdilər və ilkin ifadələrindən imtina etdilər. Prosesdə ifadə verən şahidlər də gənclərin əleyhinə qiymətləndirilə bilən istintaqa verdikləri ifadələrdən imtina ediblər. Bundan əlavə şahid kimi dindirilmiş MTN əməkdaşları gənclərin və onların vəkillərinin suallarına qatışıq və dəqiq olmayan cavablar veriblər.

Telekanallarda “etirafedici” çıxışları yayımlanan və faktiki cinayətkar adlandırılan “NİDA” üzvləri təqsirsizlik prezumpsiyasını pozduqları üçün Milli Təhlükəsizlik Nazirliyini, Baş Prokurorluğu və bəzi telekanalları məhkəməyə veriblər.

Həbs edilmiş bütün “NİDA”-çılar Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan ediliblər26.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun 6 may 2014-cü il tarixli qərarı ilə Axundov Rəşadət, Qurbanlı Zaur və Rüstəmzadə İlkin 8 il, Əzizov Məmməd və Həsənov Rəşad 7 il 6 ay, Quliyev Bəxtiyar və Məmmədli Üzeyir 7 il, Novruzlu Şahin 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.


  1. Axundov Rəşadət Fikrət oğlu


Saxlanma tarixi: 30 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barəsində qısa arayış: Cənab Axundov Şirvan rayonunda Özəl Türk Liseyində orta təhsilini tamamladıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Daha sonra Mərkəzi Avropa Universitetində (Macarıstan) təhsilini davam etdirib. Həbs edilənə qədər BP-Azərbaycan şirkətinin aparıcı maliyyə mütəxəssislərindən biri olub.




  1. Əzizov Məmməd Rasim oğlu


Saxlanma tarixi: 7 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barəsində qısa arayış: Cənab Əzizov orta təhsilini Şəki şəhərində alıb. 2010-cu ildən həbs edilənədək Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya fakültəsində sosiologiya ixtisası üzrə təhsil alırdı. 2012-ci ilin yayında "Nİda" Vətəndaş Hərəkatına qoşulub. Sosial şəbəkələrdə aktiv olmuş və Azərbaycanda Facebook məkanında məşhur olan satirik "Heydər Əliyev adına Səhifə"nin həmtəsisçisi və adminlərindən olmuşdur. 2013-cü il yanvarın 11-də bir gün sonra keçiriləcək "Əsgər ölümlərinə son" mitinqinə hazırlıq işləri görərkən polis tərəfindən saxlanılmış, 9-cu polis bölməsində qeyri-insani davranışa və pis rəftara məruz qalmışdır.



  1. Həsənov Rəşad Zeynalabdin oğlu


Saxlanma tarixi: 14 mart 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barəsində qısa arayış: Cənab Həsənov orta təhsilini Lənkəran Özəl Türk Liseyində, ali təhsilini isə Türkiyənin Orta Doğu Texnik Universitetində alıb. 2010-cu il parlament seçkilərində gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki kampaniyasında aktiv iştirak etmişdir. Gənc fəal 2010-cu ildə Müsbət Dəyişiklik Gənclər Hərəkatının təsisçilərindən biri olmuş, 2011-ci ilin mart ayından 2012-ci ilin mayına qədər 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın mülkiyyət hüquqları ilə bağlı “Maddə 13 - mülkiyyət” alt komitəsinin rəhbəri olmuşdur. 2011-ci ildə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayılla birgə Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə “Bakıda mülkiyyət haqları pozuntularının xəritə və statistikası” adlı hesabat hazırlamışlar. 2012-ci il martın 17-də GHMK-nın uzun illərdən sonra keçirdiyi ilk razılaşdırılmış mitinqin təşkilatçılarından və aktiv iştirakçılarından olmuşdur. Rəşad 2012-ci ilin mayında Müsbət Dəyişiklik Gənclər Hərəkatını tərk edərək, “NİDA” Vətəndaş Hərəkatına qoşulmuşdur. 2012-ci ilin sentyabrında “NİDA” Vətəndaş Hərəkatının idarə heyətinə üzv seçilmişdir. Rəşad Həsənov 2012-ci il noyabrın 4-də yaradılan və 50-yə yaxın fəal gəncin təmsil olunduğu Gənclər Məclisinin həmtəsisçisidir.



  1. Quliyev Bəxtiyar Səməndər oğlu

Saxlanma tarixi: – 7 mart 2014-cü il

İttiham: 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri

Şəxs barəsində qısa arayış:

Bəxtiyar Quliyev 7 mart 2013-cü ildə həbs edilən “NİDA” üzvlərindəndir. Cənab Quliyev məhkəmədə bütün ittihamları rədd edib, özünü günahsız sayıb, barəsində hökm çıxarıldıqdan sonra - 19 may 2014-cü ildə isə əfv ərizəsi yazaraq rəsmən “NİDA” üzvü olmaqdan imtina etdiyini bildirib və adının siyasi məhbus siyahısından çıxarılmasını istəyib. Lakin hüquq müdafiəçiləri hesab edir ki, onun bu addımı təzyiq altında atdığına şübhələr mövcud olduğuna görə, Bəxtiyar Quliyevin adı bu siyahıda saxlanılır.





  1. Qurbanlı Zaur Araz oğlu




Saxlanma tarixi: 1 aprel 2013-cü il

İttiham: CM-nin 28 (cinayətə hazırlıq), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

Şəxs barədə qısa arayış: Cənab Qurbanlı orta təhsilini Şəki fizika və riyaziyyat təmayüllü liseydə, ali təhsilini isə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində almışdır. 2008-ci ildən müxtəlif müəssisələrdə hüquqşünas vəzifəsində çalışmış, lakin siyasi baxışlarına görə bir neçə dəfə müxtəlif iş yerlərindən kənarlaşdırılmışdır, son iş yeri “İcraçı” Kredit Agentliyi olmuşdur. 2011-ci il fevral ayında yaradılmış “NİDA” Vətəndaş Hərəkatının təsisçilərindən biri olmuşdur. Təşkilatda fəaliyyət göstərdiyi müddətdə 2 dəfə idarə heyətinə seçilmiş və layihələr üzrə koordinator olmuşdur. Bloggerlik fəaliyyəti ilə də məşğul olan cənab Qurbanlı ictimai-siyasi mövzularda onlarla tənqidi yazının müəllifidir.



  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə