Azərbaycanda


Süleymanov Abgül Neymət oğlu



Yüklə 0,68 Mb.
səhifə8/10
tarix14.02.2018
ölçüsü0,68 Mb.
#26995
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Süleymanov Abgül Neymət oğlu


Saxlanma tarixi: 12 avqust 2011-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: 8 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Süleymanov Azərbaycanda inanclı fəal və nüfuzlu ruhani kimi tanınır. 2001-ci ildən səyyar şəkildə “Qurani-kərim” və İslam din üzrə dərslər deyən ruhani 2005-ci ildə “Milli-mənəvi dəyərlər” İctimai Birliyinin yaranmasında yaxından iştirak edib, elə həmin il Danimarkada Məhəmməd peyğəmbər barədə çəkilmiş karikaturalara etiraz əlaməti olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında keçirilən aksiyanın fəallarından olub, 2006-2010-cu illər ərzində Beynəlxalq Qüds günü ilə bağlı İsrail səfirliyi qarşısında keçirilmiş dinc aksiyalarda iştirak edib, 2009-cu ildə Fatimeyi Zəhra məscidinin sökülməsi ilə bağlı İqtisad Məhkəməsinin çıxardığı qərardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı dinc aksiya cənab Süleymanovun təşəbbüsü ilə keçirilib, 2009-2010-cu illərdə digər məscidlərin də sökülməsi ilə bağlı sərt tənqidi çıxışlar edib, 2010-cu ilin sonlarında Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərdə hicaba qoyulmuş qadağaya etiraz olaraq keçirilmiş hər iki aksiyada iştirak edib, mətbuatda bu qərarın qanunsuz olması ilə bağlı çıxışlar edib. 2011-ci ilin mayında keçirilmiş “Hicaba azadlıq” aksiyasından sonra təqiblərlə üzləşən cənab Süleymanov həmin ilin avqustunda həbs olunmuşdur.

Avqustun 12-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq cənab Süleymanovun onunla birgə həbs edilən jurnalist Bayramov Ramin Cahangir oğlu və Azərbaycan İslam Partiyasının üzvü Qəniyev Arif Gülsuvar oğlu ilə birlikdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilindiklərini bəyan etmişlər. Bu məlumatda eyni zamanda bildirilmişdi ki, cənab Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı radikal dini qrup yaradaraq ona rəhbərlik etmişdir. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparmış, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil etmişlər. “Cəfəri” adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə www.İslam-Azeri.az internet saytı yaradılmış və ona rəhbərlik Ramin Bayramova həvalə olunmuşdur.

Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və hər üç şəxs barəsində birgə istintaq aparılsa da, onların məhkəmələri avqustun 12-də yayılmış məlumata əksi olaraq ayrı-ayrılıqda keçirilmiş, rayon məhkəmələrinin qərarları ilə Ramin Bayramov və Arif Qəniyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişlər (Ramin Bayramov Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınmışdı, o da, Arif Qəniyev də azadlıqdadır), cənab Süleymanovun işinə isə Ağır Cinayətlər üzrə Məhkəmədə baxılmışdır. Məhkəmə prosesi 2012-ci ilin avqustunda başlanmışdır, cənab Süleymanovun barəsində həbs qətimkan tədbiri barədə sonuncu qərar Səbayel rayon Məhkəməsi tərəfindən 06 aprel 2012-ci ildə çıxarılıb və bu qərarda qeyd edilib ki, həbs müddəti 11 may 2012-ci ilə qədər artırılıb, bu faktdan aşkar şəkildə görünür ki, cənab Süleymanov 3 ay müddətində (2012-ci ilin mayından məhkəmənin başladığı 2012-ci ilin avqust ayına qədər) qanunsuz şəkildə, yəni məhkəmə qərarı olmadan həbsdə saxlanılıb.

Cənab Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2012-ci il tarixli qərarı ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun 23 yanvar 2013-cü il tarixli qərarı ilə bu hökm qüvvədə saxlanılmışdır.

Məhkəmə istintaqı zamanı cənab Süleymanovun üzərindən və evindən tapıldığı iddia edilən narkotik maddənin ona məxsusluğu, üzərindən tapılan narkotik maddənin satış məqsədi olmadan, lakin evindən tapılan narkotik maddənin satış məqsədilə saxlanması ilə bağlı gəlinən nəticənin səbəbləri aşkar olunmayıb. Bundan əlavə ekspert rəsmi şəkildə cənab Süleymanovun narkotik maddə istifadəçisi olmadığı və bundan əziyyət çəkmədiyi ilə bağlı rəy vermişdir. Məhkəmə yalnız Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, həmçinin ziddiyyətli ifadələr vermiş və məsələnin mahiyyətindən xəbərsiz olan hal şahidlərinə inanmış, əlavə araşdırmalarda maraqlı olmamışdır. Cənab Süleymanova qarşı irəli sürülmüş ittihamlardan biri həbsindən 8 ay əvvəl, yəni 10 dekabr 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında dinc şəkildə keçirilmiş orta məktəblərdə hicab qadağasına qarşı aksiya ilə bağlıdır. Həmin aksiya nəticəsində polis onlarla inanclı şəxsi həbs etsə də, onların çoxu sonradan sərbəst buraxılmış, bir neçə nəfər isə inzibati qaydada həbs edilmişdir, başqa sözlə desək, heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu aksiyaya görə cənab Süleymanovun ittiham edilməsi onun həm məhz fəallığına görə təqib edildiyini, həm də ona qarşı ittihamın saxta olduğunu sübut edir. Cənab Süleymanovun qarşı irəli sürülmüş zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə milli, sosial, dini nifrət və düşmənçilik salma ittihamı onun həbsindən 9 ay qabaq, yəni 2010-cu ilin noyabrında keçirilmiş dini məclisdəki çıxışı ilə bağlıdır. Cənab Süleymanov həmin çıxışında məscidlərin sökülməsini və orta məktəblərdə hicab qadağasını sərt tənqid etmiş, buna qarşı etiraz aksiyalarının keçirilməsinin zəruriliyini vurğulamışdır, bu çıxış məclisdə iştirak edən şəxslər tərəfindən videoya çəkilmiş və sonradan sosial şəbəkələrdə yayılmışdır. İstintaq aksiya etməyə çağırışı zor tətbiqinə çağırış kimi qiymətləndirmiş, dövlət qurumu tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

MTN və Baş Prokurorluğun 12 avqust 2011-ci il tarixli birgə məlumatında qeyd edilən məsələlər, xüsusən cinayətkar qrupun yaradılması, bu qrupun İrandan təlimatlar alması, Ramin Bayramovun baş redaktoru olduğu saytın fəaliyyəti və s. kimi məsələlərə nə istintaq zamanı, nə də məhkəmədə toxunulmamışdır ki, bu fakt da cənab Süleymanovun siyasi sifarişlə tələsik həbs edildiyini göstərir (bu məlumat hazırda da MTN-nin rəsmi veb-səhifəsində qalıb35).

Cənab Süleymanov ilkin olaraq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülsə də, o, dərhal “karser”ə salınmış və Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi cənab Süleymanovun burada daxili nizam-intizam qaydalarını pozması ilə bağlı təqdimatlar hazırlamışdır. Məhz bu təqdimatlar əsasında Qaradağ rayon Məhkəməsinin hakimi Fuad Həsənov 24 aprel 2013-cü il tarixdə (cənab Süleymanov cəzaçəkmə müəssisəsinə köçürüləndən 1 ay sonra) ruhaninin 6 ay müddətinə ağır saxlanma şəraiti olan Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul etmişdir. Qərardan verilən apellyasiya və kassasiya şikayətləri nəticəsində cənab Süleymanov Qobustana köçürülməsə də, o, 2014-cü ilin yanvarında cəzasının qalan hissəsini çəkmək üçün ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.
Nurçular”ın işi

1086 saylı cinayət işi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılır. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məmmədov İsmayıl İsax oğlu Hacıyev Eldəniz Balamət oğlu cari ilin 12 aprel tarixində həbs edilmiş və 14 aprel tarixində onlar barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Digər təqsirləndirilən şəxs Səbzəliyev Rəvan Həkim oğlu barəsində isə 23 may tarixində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sonradan hər 3 təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 2 ay uzadılmışdır. İşin materiallarında göstərilir ki, Bakı şəhərinin bir neçə sakini polisə müraciət edərək, qonşuluqdakı həyət evində müxtəlif vaxtlarda yığışan dini qurumun üzvlərinin onların sakit yaşayışına, normal gediş-gəlişinə və rahatlığına mane olan hərəkətlər etməsindən şikayət etmişlər. Elə həmin günü Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi həmin ünvanda birgə əməliyyat keçirmiş, orada ibadət etmək və kitab oxumaqla məşğul olan şəxsləri saxlamışdır. İttihama görə, bununla həmin 3 şəxs dini ayinlərin icrası adı altında digər şəxslərin hüquqlarını pozmuş və bu hərəkətlərinə 2 nəfər yetkinlik yaşına çatmayan şəxsi də cəlb etmişlər. Qonşudan şikayətə iki nazirliyin operativ və sərt reaksiya verməsi bu hadisənin hüquq-mühafizə orqanları tərəfindən qabaqcadan hazırlanması və nəyin bahasına olursa olsun dindar şəxslərin həbsinə yönəlmiş əməliyyat olmasını nümayiş etdirir. Halbuki bu qrupun əsas qayəsi heç bir siyasi məqsəd güdmədən dinc surətdə islam dininin sünni məzhəbindən olan Səid Nursinin kitablarına əsaslanan, “Nurçu” adlandırılan cərəyanının “Sunqurçu” qanadının təbliğatı olub. Təbliğatın dinc xarakterli olmasına, ittiham olunan şəxslərin hər hansı zorakı əməl həyata keçirməsi və Azərbaycan respublikası qanunlarına zidd hərəkətlər etməsi ilə bağlı nəinki sübutların, hətta ehtimalların mövcud olmadığına baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər haqqında ilk gündən həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərə istinad olunan AR CM 168.2. maddəsində cərimə və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə sanksiyaları nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərin dərhal həbs edilməsi, cinayət işinin materiallarında müttəhimlərin təqsirləndirilməsi üçün kifayət qədər əsaslar olmamasına məhkəmənin heç bir məhəl qoymaması bu iş üzrə adı keçən şəxslərin dini inanclarına görə məsuliyyətə cəlb olunduğunu deməyə əsas verir. Bu şəxslərdən tapılmış ədəbiyyatın rəsmi dini ekspertizası bu iş üzrə təqsirləndirilən şəxslərin oxuduğu və yaydığı kitabların qanuna zidd məzmunda olmadığını müəyyən etmişdir.




  1. Məmmədov İsmayıl İsax oğlu

Saxlanma tarixi: həbs qətimkan tədbiri 14 aprel 2014-cü ildə seçilib

İttiham: CM-nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə (bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə)

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası

İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Məmmədov İsmayıl İsax oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda günahlandırıldığı görünür. Onun və bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb.

Bununla belə Məmmədov İsmayıl İsax oğlu və digərləri həbsdə saxlanmaqda davam edir. Məmmədov haqqında 14 apreldə seçilən həbs qətimkan tədbiri iki ay sonra yenidən uzadılıb və o, Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır. İsmayıl Məmmədov vərəmdən əziyyət çəkir. Vəkili onun sağlamlığı üçün uyğun şəraitdə saxlanmadığını deyir.



  1. Səbzəliyev Rəvan Hakim oğlu


Saxlanma tarixi: həbs qətimkan tədbiri 23 may 2014-cü ildə seçilib

İttiham: CM-nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə (bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə)

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası

İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Səbzəliyev Rəvan Hakim oğlunun sadəcə dini dərslər təşkil etməkdə, gizli toplantılar keçirərək dini təbliğat aparmaqda günahlandırıldığı görünür. Onun və bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb.

Bununla belə, o, hələ də Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır. Haqqında seçilən həbs qətimkan tədbiri uzadılıb.



  1. Hacıyev Eldəniz Balamət oğlu



Saxlanma tarixi: həbs qətimkan tədbiri 14 aprel 2014-cü ildə seçilib

İttiham: CM-nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə (bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə)

Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası

İş üzrə qısa arayış: Eldəniz Hacıyev Səid Nursinin kitablarının tədris olunduğu dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Hacıyev Eldəniz Balamət oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda günahlandırıldığı görünür. Onun və bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb.

Bununla belə Eldəniz Hacıyev həbsdə saxlanmaqda davam edir. Hacıyev haqqında 14 apreldə seçilən həbs qətimkan tədbiri iki ay sonra yenidən uzadılıb və o, Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır.




F. Ömürlüklər


    1. Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin işi

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1987-ci ildə Rövşən Cavadov və qardaşı Mahir Cavadov tərəfindən yaradılan Təkamül partiyasının əsasında qurulub. 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlanan separatçı hadisələr və nəticədə 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində müstəqillik qazanmış Azərbaycan və Ermənistan arasında başlayan müharibəyə görə Rövşən Cavadov Təkamül Partiyasının hərbi birləşməyə çevrilməsi barədə təlimat vermişdir. Münaqişə zamanı ilkin döyüşlərdən sonra cənab Cavadov polkovnik rütbəsi almış və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD adını almışdır. 1991-ci ildə müharibədə göstərdikləri qəhrəmanlığa görə bir sıra XTPD-çilər Milli Qəhrəman adı almışlar. Cənab Cavadov 1993-cü ildə hakimiyyətə gəlməsində misilsiz rol oynamış keçmiş prezident Heydər Əliyev (hazırkı Prezident İlham Əliyevin atası) tərəfindən daxili işlər nazirinin müavini təyin edilmiş, XTPD isə nazirliyin tərkibində saxlanılmışdır. Siyahıda adı olan Elçin Əmiraslanov XTPD-nin Qazax bölməsinin komandiri təyin edilib. Bununla belə, bir müddətdən sonra cənab Cavadovla cənab Heydər Əliyev arasında ciddi fikir ayrılıqları yaranmış və bu getdikcə dərinləşməyə başlamışdır. 1995-ci ilin yanvarında Elçin Əmiraslanov və Qazax XTPD-çiləri rayonun Şıxlı kəndindən Ermənistan ərazisinə neft keçirilməsinin qarşısını almış, 22 sisterni Qazax rayon Polis Şöbəsinə təhvil vermiş və bununla bağlı cənab Əmiraslanov dövlət televiziyasında çıxış edərək neft keçirmək istəyən şəxslərin tutulmamasına görə tənqidi fikirlər səsləndirmişdir. Məhz bundan sonra XTPD-çilərlə Heydər Əliyev arasında ziddiyyətlər açıq mübarizə xəttinə keçmişdir, 1995-ci il matın 13-də XTPD-nin Qazax bölməsinə hücum olmuş və qanlı döyüş baş vermişdir. Martın 14-də daxili işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni daşıyır) XTPD-nin buraxılması və 3 gün ərzində silahların təhvil verilməsi barədə əmr imzalamışdır. Bununla belə martın 16-dan 17-ə keçən gecə XTPD-nin Bakıdakı qərargahı ətrafında XTPD-çilərlə daxili qoşunlar arasında silahlı toqquşma baş vermiş, nəticədə XTPD-nin rəisi cənab Cavadov aldığı yaralar nəticəsində Daxili İşlər Nazirliyinin hospitalında dünyasını dəyişmişdir.

Bundan sonra ölkə boyu XTPD üzvlərinin həbsi həyata keçirilmişdir. Həbs edilən və sonradan azadlıqdan məhrum edilən çoxsaylı XTPD-çilərə qarşı qiyam ittihamı ilə yanaşı müxtəlif illərdə törədilmiş səs-küylü qətllərin törədilməsi ittihamları da irəli sürülmüşdür. Azadlıqdan məhrum edilmiş XTPD-çilər ya həbsxanalarda dünyalarını dəyişmiş, ya da sonrakı illərdə siyasi və ya ehtimal edilən siyasi məhbuslar qismində bir qayda olaraq əfv vasitəsilə azadlığa buraxılmışlar. Sonuncu dəfə əfv fərmanı ilə XTPD üzvü olmuş Şəmsi Abdullayev 2012-ci ilin dekabrında azadlığa buraxılmışdır. Bununla belə, bir neçə XTPD-çi hələ də həbsdə saxlanılırlar.
Məhbusların üzərinə qoyulmuş əsas ittihama əsasən, Elçin Əmiraslanovun tapşırığı ilə Səfa Poladov və Arif Kazımov Qazax rayonunda yerləşən “Akasiya” restoranında Qazax rayon Polis Şöbəsinin rəisini və Qazax-Ağstafa rayonları üzrə MTN idarəsinin rəisini öldürmüşlər. Hər 3 məhbus vətənə xəyanət maddəsi ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilsələr də, bu ittihamın mahiyyəti nə istintaq tərəfindən, nə də məhkəmə tərəfindən sübut edilməmişdir. Daha sonra cənab Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətlində iştirakçılıqda da ittiham edilmişdir.

Məhkəmə iclaslarında Qazax rayonunda baş vermiş hadisə ilə bağlı ittiham sübuta yetməmiş, vəfat etmiş şəxslərin yaxınları həbs edilənlərə qarşı heç bir şikayət və tələblərinin olmadığını və bu şəxslərin onların yaxın qohumlarını öldürmədiklərini, vəfat etmiş şəxslərin Ermənistana neft keçirilməsi ilə bağlı istintaqla əlaqədar öldürüldüklərini bildirmişlər.

Bununla belə, cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladov Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına məhkum edildilər. Ərizəçilər məhkum edilən vaxt onların hökmündən apellyasiya şikayətinin verilməsi qanunla nəzərdə tutulmurdu. Bundan əlavə, cənab Əmiraslanov Ali Məhkəmənin 22 sentyabr 2000-ci il tarixli qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş, bununla belə həmin qərara əsasən onun əvvəlki ömürlük azadlıqdan məhrumetmə cəzası (ölüm cəzası bu cəza ilə əvəz edilmişdi) saxlanılmışdır.

Fransada yaşayan və siyasi sığınacaq alan MTN-nin keçmiş əməkdaşı Ramin Nağıyev 2010-2011-ci illərdə mətbuata verdiyi açıqlamalarında və yazılarında, XTPD-çilərin ittiham edildiyi qətllərin onlar tərəfindən deyil, 2005-ci ildə həbs edilmiş DİN-nin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsi tərəfindən törədildiyini bəyan etmişdir. Cənab Nağıyev Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli ilə bağlı istintaq qrupunun üzvlərindən biri olub və 1995-ci ildə heç bir səbəb göstərilmədən istintaqdan kənarlaşdırılmışdı36. Cənab Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib edilməmişdir.



Ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilməzdi
10.02.1998-ci il tarixdə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Milli Məclis tərəfindən Qanun qəbul edilmişdir. Bu Qanunun 4-cü bəndində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Faktiki olaraq ölüm cəzası həmin dövr üçün heç bir qanunvericilik aktında mövcud olmayan cəza növü ilə əvəz edildi.
1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. XTPD-çilərin məhkum olunduqları Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən ölüm cəzası bağışlama qaydasında azadlıqdan məhrumetmə ilə əvəz edildikdə, azadlıqdan məhrumetmə 15 ildən çox müddətə, lakin 20 ildən çox olmayaraq təyin edilə bilərdi.

Göründüyü kimi, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi XTPD-çilərin məhkum olunduğu Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş alternativ cəzalara nisbətdə onların hüquqi vəziyyətlərini ağırlaşdırır. Belə ki, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində ölüm cəzası hər-hansı bir formada ləğv edildikdə (bağışlandıqda, əfv edildikdə) həmin cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilərdi. Deməli, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində ölüm cəzasının alternativi cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası olmuşdur. Yəni 1998-ci ildə ölüm cəzası maksimum 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilməli idi.

Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, Milli Məclis 10 fevral 1998-ci il tarixli qanunla ölüm cəzasına məhkum olunan şəxslərin cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edə bilməzdi. Çünki 10 fevral 1998-ci il tarixli qanun XTPD-çilərin məhkum olunduqları Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində nəzərdə tutulanlara əsasən məhbusların hüquqi vəziyyətlərini ağırlaşdırıb.

Bundan başqa XTPD-çilərin ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edən 10 fevral 1998-ci il tarixli qanun yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsi ilə 01 sentyabr 2000-ci ildən qüvvədən düşüb. Hazırda XTPD-çilərin ölüm cəzalarının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə qanun qüvvədən düşdüyündən onların ömürlük azadlıqdan məhrumetmə cəzalarının çəkməyə məcbur edilməsi qanunsuzdur. Çünki 10 fevral 1998-ci il tarixli qanununun özü artıq qüvvədən düşmüşdür.


Avropa Şurası bu 3 şəxsi artıq siyasi məhbus hesab edir
Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 25-də Avropa Şurasının (AŞ) üzvü olduqdan bir neçə gün sonra, yəni yanvarın 31-də AŞ Nazirlər Komitəsinin Baş Katib Valter Şvimmerin Azərbaycanda siyasi məhbus olduğu ehtimal edilən 716 nəfərlik siyahının araşdırılması üçün 3 müstəqil ekspertin təyin etməsi ilə bağlı təşəbbüsünü təsdiqlədi və 2001-ci ilin fevralında Baş Katib bu ekspertləri təyin etdi. Ekspertlər 2001-ci ilin iyulunda Azərbaycan və Ermənistanda ehtimal edilən siyasi məhbuslarla bağlı araşdırmalarının nəticələrini əks etdirən hesabat hazırlayaraq yaydılar. Bu hesabatın 19-cu bəndində ekspertlər qrupunun siyasi məhbus hesab etdiyi və etmədiyi 23 şəxsin siyahısı (vaxt məhdudiyyəti və zəruri informasiyalar olmadığından yalnız bu qədər iş araşdırılmışdı) verilmişdir ki, cənab Əmiraslanov və cənab Kazımov burada yer almış və onlar siyasi məhbus hesab edilmişlər37. Avropa Şurasının Parlament Assambleyası 2002-ci il yanvarın 24-də “Azərbaycanda siyasi məhbuslar” adlanan 1272 saylı Qətnamə qəbul edib və həmin Qətnamənin 10-cu bəndində AŞ PA Azərbaycan hakimiyyətini digər siyasi məhbuslar kimi cənab Əmiraslanov və cənab Kazımovu azad etməyə çağırmışdır38.

Yeni mandatı üzrə fəaliyyətini davam etdirən müstəqil ekspertlər 12 may 2003-cü ildə hazırladıqları rəydə cənab Poladovun da siyasi məhbus olduğu qənaətinə gəlmişlər39. AŞ PA 27 yanvar 2004-cü ildə “Azərbaycanda siyasi məhbuslar” adlanan 1359 saylı Qətnamə qəbul etmiş və bu sənəddə müstəqil ekspertlər tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmasına çağırış yer almışdır40. AŞ PA 31 may 2005-ci ildə 1359 saylı Qətnamənin davamı olaraq hesabat qəbul etmişdir və bu sənədin 26-cı bəndində müstəqil ekspertlərin müəyyən etdiyi 3 siyasi məhbus – cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladovun hələ də həbsdə qaldığı vurğulanmış və bundan narahatlıq ifadə edilmişdir41. AŞ PA-nın sonrakı illərdəki sənədlərində də hər 3 şəxsin siyasi məhbus olduğu vurğulanmışdır.

Müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbus hesab edilməyən şəxslərin böyük hissəsi müxtəlif illərdə azadlığa buraxılmış, ömürlük azadlıqdan məhrum edilmiş digər XTPD-çi Dəyanət Kərimovun və keçmiş Baş nazir Sürət Hüseynovun dayısı oğlu Kəramət Kərimovun bu cəzaları əfv fərmanı ilə 25 il müddətinə azadlıqdan məhrum edilmə ilə əvəzlənsə də, bu münasibət cənab Əmiraslanova, cənab Kazımova və cənab Poladova göstərilməyib.

Hər üç məhbus Avropa Məhkəməsinə müraciət ediblər, səhhətlərində ciddi problemləri var, cənab Əmiraslanov epilepsiya xəstəliyindən əziyyət çəkir, bir dəfə əməliyyat olunub, cənab Kazımov və Poladov da müvafiq olaraq baş və bel nahiyələrindən əməliyyat olunublar.






  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə