Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə104/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   100   101   102   103   104   105   106   107   ...   112

224 
 
Atasının  doğma  yurduna  kənardan  baxıb,  ömrünün  son  illərində  ürəyi  
parçalana-parçalana  yazdığı  sözləri  də  bilmirdi  Azər  müəllim:  «Qızıl   
totalitarizmin  istibdadı  və  mədəniyyət  dünyasından  təcrid  edilmiş  bir  halda 
yaşamaq çəkilməz bir  faciədir. Bu şərtlər altında yaratmaq isə faciələr faciəsidir. 
Sənətkar möhtac olduğu ən böyük nemətlərdən—hürriyyətdən  məhrumdur. Dünya 
ilə ilgisi kəsilmiş bir durumdadır... 
...Biz  oraya  getmərik:  buraxmazlar.  Onlar  da  buraya  gəlməzlər;    çünki  
göndərməzlər. Çünki hürriyyəti  seçəcəklərindən qorxarlar». 
Atasının  ölümündən  sonra  vəziyyətin  dəyişəcəyinə  inanırdı.  Taldı-
Kurqandan  sonra  yaşamaq  üçün  Novosibirskə  getdi.  Orta      məktəblərin    birində 
müəllim  işləməyə  başladı.  Həmin  vaxtlar  bütün  məktəbliləri  xam  torpaqlara 
işləməyə  aparırdılar.  Bir  gün  rəhbəri  olduğu  sinfin  şagirdləri  gileyləndilər  ona. 
Dedilər  ki,  bəs  işlədiyimizin  pulunu  ala  bilmirik.  Azər  müəllim  söz  verdi  ki, 
onların zəhmət haqqını mütləq alacaq. Lakin iş asanlıqla həll olunmadı. Məktəbin 
direktoru  mühasiblə  əlbir  olub  ona  maneçilik  törədir,  şagirdlərin  pulunu 
vermirdilər.  Azər  müəllim  prinsipial  olduğundan  və  şagirdlərinə  söz  verdiyindən 
işin axırına kimi  getdi. Moskvaya—Xruşşovun adına teleqram göndərdi. Tezliklə 
Moskvadan cavab gəldi: «Şagirdlərin haqqı özlərinə qaytarılsın». 
Şagirdlər çox sevinirdilər pul aldıqlarına görə. Sevimli Azər müəllimə olan 
məhəbbətləri  isə  min  qat  artmışdı.  Belə  prinsipiallığına  görə  bütün  müəllim 
kollektivinin  də  ona  qarşı  hörməti  artmışdı.  Tezliklə  yığılıb  pedaqoji  şuranın 
iclasını keçirdilər. İslasda məktəbin direktorunu və  mühasibini Azər  müəllimdən  
üzr istəməyə məcbur etdilər.  
Novosibirskdə  işləri   pis  getmirdi. Amma   doğma Azərbaycan intəhasız 
bir  qüvvə  ilə  onu  özünə  çəkirdi.  Novxanıdakı  bağları,  mavi  Xəzər,  gözəl  Bakı 
göynək bir xatirə kimi qəlbində yaşayırdı. 
Uzun  illərin  ayrılığından  sonra  Xəzərlə  olan  ilk  görüşünü  də  unutmayıb 
Azər    müəllim.  Xəzərin      mavi  sularını  görəndə  özünü  saxlaya  bilmədi.  Əvvəlcə 
əyilib  torpaqdan  öpdü,  sonra    elə    paltarlı    halda    özünü  suların    qoynuna  atdı. 
Kənardan  baxanların  çoxu  onun  qəribə  hərəkətinə  təəccüblənmişdi.  Amma 
bilməmişdilər  ki,  torpağı  belə  qucaqlayıb  öpən,  Xəzərin  sularını  bağrına  basan, 
ürəyi Vətən yanıqlı bu adam böyük bir xalqın başı üzərində azadlıq işığı yandırmış  
Məmməd Əmin Rəsulzadənin oğludur. Və  şübhəsiz ki, Məmməd Əminə yurduna 
qayıtmaq qismət olsaydı, o da belə edərdi. 
Bakıda  tamam  başqa  vəziyyətlə  qarşılaşdı.  Hiss  etdi  ki,  çoxları  onunla 
ehtiyatla  görüşür,  dayanıb  söhbət  etməyə,  danışmağa  çəkinirlər.  Bu  vəziyyətə, 
soyuq baxışlara, yad münasibətə dözüb yaşaya bilərdi, təki ona ev verəydilər. Heç 
kim  bu  işə  boyun  olmadı.  Bir  az  keçməmiş  isə  DTK-ya  çağırıb  burada 
qalmamağını, çıxıb getməyini tələb etdilər. Demək Vətəndə yaşamaq ona ömürlük 
qadağan  olunmuşdu.  Demək,  Vətən  havasını  udmaq  ona  qismət  olmayacaqdı. 
Həmin  o  ağrılı  günlərdə  həyatdan,  adamlardan,  hamıdan  ürəyi  sınmışdı.  Baş 


225 
 
götürüb üzünə heç zaman gülməyən bu Vətən torpağından tez getmək, uzaqlaşmaq 
istəyirdi. 
Bakıya sonradan, arabir gəlirdi. Amma bu gəlişlərin heç biri ona yurdunda 
qalıb yaşamaq imkanını vermirdi. 
1988-ci  ilin  noyabr  ayında,  Bakının  baş  meydanında  tonqallar  alovlananda 
Azər  müəllim  Bakıda  idi.  Demək  olar  ki,  şəhərdə  olduğu  müddətdə  hər  gün 
meydana  gəlirdi.  Azadlıq  simvolu  kimi  alovlanan  tonqallara  baxırdı.  Xalqın, 
adamların sükunət bataqlığından çıxdığını görüb sevinirdi. 
1990-cı  ilin  ilk  aylarında  adına  məktublar, teleqramlar gəlməyə başladı. 
Məktublarda,  teleqramlarda  hamı  ona  uzun  ömür,  cansağlığı  arzulayır,  atası 
Məmməd Əminlə fəxr etdiklərini bildirirdilər. 28 may  münasibəti  ilə  çoxları onu 
təbrik edirdi.  
Azər müəllim həmin məktubları, teleqramları əziz bir yadigar kimi saxlayır. 
Sonra  Azər  müəllimə  Bakıda  Demokratik  hökumətlə  əlaqədar  görülən   
işlərdən  danışıram,  köhnə  parlament  binasında,  İçərişəhərin  girəcəyində  atası 
Məmməd Əminin böyük şəklinin asıldığını  söyləyirəm.  Təəccüblə soruşur:  
— Yaxşı, bütün bu işləri görən kimdir?  
— Xalqdır, camaatdır, - deyirəm. 
Azər  müəllim  susur.  Gözlərində  təəccüblü  bir  işığın  dolaşdığını  görürəm. 
Sonra qəribə tərzdə deyir: 
—Əgər  belə  qocalmasaydım,  mən  də  xalq  üçün  bir  iş  görərdim. 
Vətənimizin başı qeylü-qaldan xilas olacaqmı? 
Azər  müəllimə  baxıram.  Və  birdən  mənə  elə  gəlir  ki,  qarşımda  oturan    bu  
ağsaçlı    qoca  Azər    müəllim  deyil,  ruhuna  həmişə  alqışlar  dediyimiz  Məmməd 
Əmin Rəsulzadədir. 
Sonra  Azər  müəllimi  Bakıya  dəvət  edir,  bütün  camaatın,  xalqın  onu 
arzuladığını bildirirəm. 
—Bəlkə gəlib Bakıda yaşayasınız?  
Qəribə halda üzümə baxır:  
—Bakıda mənə ev verərlərmi? 
Susuram  və  Azər  müəllimin  bu  sualına  cavab  vermirəm,  keçirəm  başqa 
söhbətə.  Amma  beynimdə  bir  sual  dolaşır:  53  il  qürbətdə  yaşamaq 
məcburiyyətində  qalmış  Məmməd  Əmin  Rəsulzadənin  70  yaşlı  oğlu  Azərə, 
görəsən Bakıda ev verərlərmi? 
...Aydın  bir  Karaqanda  gecəsində  ayrılırıq.  Hər  ikimizin  gözləri  dolub. 
Mehribanlıqla qucaqlaşırıq. Doluxsunmuş halda: 
—Yaxşı yol: - deyir.—Sağ ol, gəlib camaat içində başımı uca elədin, məni 
göylərə qaldırdın. 
...Maşına  minib,  aeroporta  gedirəm.  Bir  az  getmiş  maşının  pəncərəsindən 
dönüb  geri  baxıram.  Uzaqdan  ayın  işığında,  yolun  düz  ortasında  dayanmış  Azər 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə