Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə15/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

71

DÜZLÜK

Harda bir balaca səhv addım atsam,

Ayağım altında titrəyər cahan.

Sıxar dörd tərəfdən bu dünya məni,

Qan yox, alov axar damarlarımdan.

Körpə uşağa da bircə soyuq söz,

Bircə kəlmə desəm qeyri­səmimi,

Elə bil düzlüyün polad əlləri

Köksümdən qopardar ciyərlərimi.

Görünür, dünyada təmiz yaşamaq

Çörəyim, suyumdur, havamdır mənim.

Paxır götürməyən düzlük, açıqlıq

Sarsılmaz qalamdır, yuvamdır mənim.

Dağları çiynimdə daşıyaram mən,

Nə çiynim əyilər, nə belim sınar.

Ancaq bircə yalan çıxsa dilimdən,

Dilim kabab olar, sümüyüm yanar.

Dəniz ləngərilə, çiçək ətrilə

Qartal uçuşuyla tanındığı tək,

İnsanı tanıdır

alışıb yanan

ciyərlərindəki haqqın nəfəsi.

Həqiqət uğrunda təsadüfi yox,

Gündəlik, güzəştsiz mübarizəsi!

Nə ətdir, nə sümük,

poladlaşıbdır

Biləklərim mənim, dizlərim mənim.

Görməyən görməsin,

od yuvasıdır

Min­min göz içində gözlərim mənim.




72

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əlası, yaxşısı hələ bir yana,

Sevirəm insanın hətta “pisini”.

Silmək istəyirəm onun hisini,

Parlasın, çevrilsin ay parçasına.

Sevirəm qasırğa, tufan içində

Kişi yerişini əyməyənləri.

Hətta zirzəmidə gün keçirsə də,

Saflığı gül kimi iyləyənləri.

Yaşa, poeziyam!

Bərki hər işdə,

Yoluna dağ çıxsa, qaldır, at dağı!

Mənə sən öyrətdin bu keşməkeşdə

Mətin dayanmağı, mərd yaşamağı!

1976

YAVAŞ-YAVAŞ

Hər şey yavaş­yavaş olur,

Bu dunyaya gəlişimiz

yavaş­yavaş.

Bu dünyadan gedişimiz

yavaş­yavaş.

Günlər axır, ilə dönür

yavaş­yavaş.

Fil balası filə dönür

yavaş­yavaş.

Qayğı, əmək ­ qızıl gülə,

Yağış, yağmur selə dönür

yavaş­yavaş.

Çaylar polad sahilləri

Eşir, deşir yavaş­yavaş.



73

Maviləşir,

müdrikləşir,

dənizləşir,

yavaş­yavaş.

Birdən­birə qalxarmı dağ?

Zirehləşər sal qayalar

Daş üstünə gələr bir daş

Təpə qalxıb dağa dönər

yavaş­yavaş.

Lapdan alov püskürsə də,

Vulkan özü illər boyu güc toplayır

yavaş­yavaş.

Bəslənilir qanda qeyrət,

ürəkdə şir yavaş­yavaş.

İgid bəzən əfəlləşir,

əfəl bəzən igidləşir

yavaş­yavaş.

Pak ürəyə bəzən qara əl

uzanır yavaş­yavaş.

Dargözlükdən satqınlığa

yol uzanır yavaş­yavaş.

Nəfs, tamah güc gələndə,

insan dönür canavara

yavaş­yavaş.

Mətləbimi qanaydın kaş;

Torpaq cənnət ola bilər,

yaxud dönər cəhənnəmə

yavaş­yavaş.

Ulduzların arasında yerimək də

yavaş­yavaş.

Dəyirmanda üyüdülüb

Kürələrdə ərimək də

yavaş­yavaş.

Sən dəmirləş! Sən poladlaş!

Bil ki, ürək döyüşmürsə

sönə bilər yavaş­yavaş.



74

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

El birləşsə, Vətən olar!

Vətən insan yığımına dönə

bilər yavaş­yavaş.

Əziz balam, umud qalam!

Bu gün cahan işıqlanır,

sevgi, sevinc qönçələnir

yavaş­yavaş.

Əjdahalar ölüb gedir,

imperiyalar parçalanır

yavaş­yavaş.

Sən dağlara qalxmaq üçün

əzaba döz, dərdə qatlaş!

Yoxuş dırmaş!

Aşırım aş!

Enmək birdən­birə mümkün,

qalxmaq isə yavaş­yavaş.



Türkan, 1976

AVTOPORTRET

Gürşadda, günəşdə zirehlənmiş üz

Uşaq üzü kimi bir vaxt gülərdi.

Gözün gecəsini günəşli gündüz,

Adi şüşəni də büllur bilərdi.

Qılınca bənzəyir indi, qılınca

Bel, külüng vurmaqdan uzanan qollar.

Bərkimiş çiyinlər dağ kimi uca,

Biri Savalandır, o biri Qoşqar!

Görünmür alnında hələ qırışlar,

Görünsə, Araza, Kürə bənzəyər.

Köksün sandığından çıxara bilsə,

Məsləki bərq vuran dürrə bənzəyər.



75

Qanında kükrəyən şəlalələri

Təmkin qüvvətilə cilovlamışdır.

Polad dişlərinin məngənəsində

Namərdə qeyzini buxovlamışdır!

Arzusu o qədər vüsətlidir ki,

Toplayar könlünə yüz milyonları.

Qolları o qədər qüvvətlidir ki,

Bəlkə üzüb keçər okeanları.

Onu sərtləşdirib mübarizələr,

Bacarsan, qolunu şimşəklə bağla.

Bəzən bir zorbaya salam da verməz,

Qaçdı­tutdu oynar ancaq uşaqla.

Yolunda nə qədər tikan, daş, kəsək,

Onun fərəhlidir daş qaldırması.

Qayalıqdan çıxan bulaqlar kimi

Qaynar ilhamının baş qaldırması.

Tufanlar Xəzəri söküb tökürsə,

Bil ki, bu tufanın nəbzi ondadır.

Ürəyi çırpınan təlatümlərin

Ən uca, ən parlaq dalğasındadır!

Çovğuna, tufana qanad gərəndə

Gözündən şimşəklər, sellər tökülər.

Ancaq bir qərənfil, bir quş görəndə

Nurlanan üzündə zireh sökülər,

Yenə uşaq kimi qımışıb gülər.



1977


76

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



POEZİYA! POEZİYA!

Gənclikdə şairlik bir azca asan,

Nəğmələr söylərsən xoşbəxtəm deyə:

Bənövşə nəfəsli gözəl bir qıza,

Qız­gəlin nəfəsli tər bənövşəyə.

Sənə gül verərlər, gözlərdə hörmət,

Yönələr könlünə çayların yönü.

Bilməzsən, bir dəstə gül verən sənət

Qurban istəyəcək bütün ömrünü.

Bəzən bir şeirlə xalqın gözündə,

İşıqlı zirvəyə yüksəlir insan.

Sən demə bir şeirin yüksəkliyini

Bütün həyatınla qorumalısan!

İllər sovuşduqca itir dincliyin,

Misra işıqlanmır, yanmırsa ürək.

Sənə şairliyi verən gəncliyi

Şairlik gücünə yaşatmaq gərək.

Qəhrəman kimidir şeir, qəhrəman,

İdrakın gücüylə durar meydanda.

Şeirdir şairi göyə qaldıran,

Şeirdir şairi yerə vuran da.

Məslək silahımsan sən, poeziya!

Ən vacib azuqəm, duz­çörəyimsən.

Gözdə işıq varsa, sənsən o ziya,

Ürək sönməyibsə, sən ürəyimsən!

Sən mənə gərəksən ­ misralarınla

Sabahkı dünyaya bir kəmənd atım.

Gözəllik sarayı ucaldım göyə,

Ehkam dağlarını yıxım, dağıdım.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə