450
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hardasan? Lənkəran basalağında,
Topa çay kolları cərgəcərgədir.
Qızlar çay yarpağı yığaraq gedir,
Səninsə od yanır göz bulağında.
Bacım, yarpaqların hamısın dərmə,
Ondan beşini dər, qoy beşi qalsın.
Yoxsa bu zoğları yandırar günəş,
Zoğlar yarpaq ilə qoy nəfəs alsın.
Başı kəlağaylı, beli kəmərli,
Əli yarpaq ilə xınalanmış qız
Heyrət içindədir:
Qardaş, bəs plan?
Sədri düşündürən plandı yalnız.
Hardasan? Sədr ilə söz vuruşunda,
Sərtlik var alnının tunc qırışında.
Masanın üstündə cır bir naringi,
Bürüşmüş portağal, arıq bir lumu.
Bir vaxt Lənkərana şöhrət çələngi
Gətirən o əziz nemətlər bumu?
Hanı ağ akulə? Dənəsi yaqut
Yetim, Mülkücürü, Ənbərbu, Sədri?
Sənin hər cümlənin köksündəki od
Sıxılmış lumuya döndərir sədri.
Təklənib gedirsən sahilə doğru,
Arzu dəryalarca, eşq ələkvələk.
Bəzən bir diləkdən min dilək doğur,
Ən gərəklisinə yol açmaq gərək!
Biz gəldigedərik, dağlar qalandı.
Bağban köçəsidir, bağlar qalandı.
Çörək təknəsidir torpaq bəşərin,
Torpaq həm anandı, həm də balandı.
451
Qoruyaq torpağı gözümüz kimi,
Ətri, təravəti çilənsin üzə.
Sağ ikən torpağın bizik sahibi,
Sonra... o sahibdir sümüyümüzə.
Batmış quyulara nəzər salırsan,
Quyular – torpağın görən gözləri.
Qədim bir ovdanla maraqlanırsan,
Aparır daş lağım səni içəri.
Lağımın dibində balaca bir göl,
Tək bir şüa ilə işıqlanır su.
Qaranlığı yaran o nura bənzər
Bizim babaların eşqi, arzusu.
Kəndirlər kəssə də biləklərini,
Dolla, dolça ilə su daşıdılar.
Sağlam toxum kimi diləklərini
Torpağa basdırıb mərd yaşadılar.
Arxlar – babaların uzun qolları,
Kəhrizlər cənnətə gedən yolları.
Xırmanlar – alışan köksləridir
Sünbüllər sovrulan qızıl pulları.
Badamdar. Nə qədər doğmadır bu ad,
Bəs hanı o badam, o ləzzət, o dad?
Bu çılpaq sahələr bir vaxt baharmış.
Sultanzığ burnundan Səbayeləcən
Püstə ağzı açıq günə baxarmış.
“Ağ şanı”, “Çileyi”, “Kişmişi”, “Pişraz”,
“Dərbəndi”, “Xatını”, “Gəlinbarmağı”
Bələnib günəşə, baş qoyub quma
Salxımlar verərmiş zümrüdsayağı.
452
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hələ Abşeronun zərif neməti –
Papıllı zəfəran, qızıl zəfəran
Uzadıb boynunu öpüş alarmış
Sevgili günəşin dodaqlarından.
Sənin xəyalının üfüqlərində
Reyhan bağçaları, tərxun ləkləri.
Əl boyda torpaqda dünya cənnəti,
Odlar ölkəsinin gözəllikləri.
Göygöl. Qızıl payız. Kəpəzin döşü.
Qalxırıq yamacla üzü yuxarı.
Bir zaman Gəncənin dünya günəşi
Nizami dolaşıb bu ormanları.
Nədir gəzdiyimiz, axtardığımız?
Bütün yer üzündə on bir iqlimdə
Seyrək gözəlliyin son yadigarı –
Ardıc ağacları, şam ağacları.
Müqəddəs sayılır ardıc deyirsən.
Ciyərlər nuş edir payız ətrini.
Asta sığal çəkib əzizləyirsən
Sanki Nizaminin bir şah sətrini.
Çətindir yoxuşu ayaqla qalxmaq,
Nədən yapışırsan? Palıd kökündən.
Sən də palıd kimi öz qüvvətini
Alırsan torpağın, yerin təkindən.
Çatdıq. Eldar şamı. Gülür gözlərin.
Sanki öz balandır qalxıb, ucalıb.
Həmərsin toxumu bir sal qayanı
Necə parçalayıb, necə kök salıb.
Mən indi bildim ki, köklü, köməcli
Ormanlar olmasa, dağlar yıxılar.
453
Burda gürzələr var... Ehtiyat gərək.
Baxın, qabıq qoyub gedib ilanlar.
(İlanlar da sevir təzələnməyi,
Siz ey öz qınına əsir olanlar!)
Ayağım altında narın torpaqlı
Qarışqa yuvası, siçan yuvası.
Uca zirvələrdə qızılquş, laçın,
Yerdə kor göz kimi çayan yuvası.
Qartal şəhpər açıb baxır səmadan,
Aşağı göz qoyur, qanad çalmadan.
Ona bağa gərək, zirehli bağa,
Qaldıra, daşlara çırpa ucadan.
Xəzəllə, yarpaqla, otla bürünmüş
Kirpi, usta kirpi xallı gürzəni
Lapdan yaxalayıb yol üstündəcə,
Tutub quyruğundan çəkir dişinə.
Açılır, bükülür, dil çıxardaraq,
Çırpılır gah sağa, gah sola gürzə,
Qızardır otları süzülən qanı.
Kirpi tələsmədən yeyir ilanı.
Dayanıb yamacda bir gəlin maral,
Uğrunda döyüşür erkək marallar.
Dirənib dizdizə, buynuz buynuza,
Qızardır yamacı qanlı şırımlar.
Yağış. Qalın kollar, köklər, xəzəllər
Buraxmır, qoruyur yağan bülluru.
Bulaqlar həmişə çağlasın deyə
Dağlar damcıdamcı içir yağmuru.
Qoyursan əlini şamın çiyninə,
Rişəsi torpaqda, başı buludda.
454
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Dağlar dağ olsa da, möhtacdır yenə
Köklü bir ağaca, bir əlçim ota.
Dil susur... Ürəksə odla doludu,
Göz kimi yapışır söz ciyərinə:
Xirosimadakı ölüm buludu
Çöküb Himalayın zirvələrinə.
Duyuram, kirimir dağlar sinəndə.
Görürəm sıxlaşan dumanlarını.
Çiynindən tökülən çaylar, sellər də
Söndürə bilməyir vulkanlarını.
Kim isə, hardasa qəhərlənirsə,
Sən yanırsan onun qəmqubarıyla.
Himalay zirvəsi zəhərlənirsə,
Şahdağ dura bilməz şah vüqarıyla!
Planet bağının bir yarpağıdır
Azərbaycanımız – bizim canımız.
Hardasa bir kiçik qönçə solursa,
Hiss edir, dərd çəkir gülüstanımız.
Bulanan çayları bir an seyrə gəl,
Daşıyır dərdini ümmanlara da.
İki zor qitəni birləşdirən əl –
Aralıq dənizi solur arada.
Xəyala gedirsən, bir an lal durub,
Dalırsan onun da qıyyalarına.
Aralıq dənizi tufan qaldırıb
Çırpılır köksünün qayalarına.
Dəyişir günbəgün ərzin iqlimi,
Düşünən təfəkkür! Ayıq ol, ayıq.
Hərbi bazaları bir xərçəng kimi
Dünyanın bağrından qoparmalıyıq.
Dostları ilə paylaş: |