25
dərindən anladığı üçün bu məsələ onu həmişə düşündürmüş və narahat
etmişdir. Buna görə də öz bədii əsərlərində xalq dilinə ləyaqətli yer
verməklə kifayətlənməmiş, onu daha çox narahat edən məsələləri
xüsusi mövzu kimi bədii əsərlərinə daxil etmişdir. Bu cəhət Mirzə
Cəlilin yaradıcılığında əvvəldən axıradək bir sistem təşkil edir.
Dilimizin aktual problemləri ardıcıl olaraq onun bədii yaradıcılığının,
məqalə və felyetonlarının mövzusuna çevrilmişdir. ”Şeir bülbülləri”
və ”Sirkə” hekayələrini dilimizin 20-ci illərdə hələ öz həllini tap-
mamış mühüm problemlərinə həsr etmiş, ”Dəli yığıncağı”, ”Danabaş
kəndinin məktəbi” pyeslərində ana dili problemləri seriyasından bir
sıra zəruri məsələlərə toxunmuşdur.
”Anamın kitabı” (1920) pyesindəki hadisələr 10-cu illərin əv-
vəllərində cərəyan edir. Pyesdə Azərbaycan xalqının tarixi
müqəddəratı ilə bağlı olan mühüm problemlər işıqlandırılmış, milli
müqəddərat məsələləri orijinal bədii vasitələrlə, ezop təhkiyə üsulu və
kinayəlilik yolu ilə, bəzən də rəmzi ümumiləşdirmələrlə təsvir
edilmişdir. Pyesin məzmununu təşkil edən mühüm məsələlərdən biri
millətin mövcudiyyəti üçün zəruri şərt olan ana dili məsələsidir.
Mirzə Cəlil başqa məsələlərlə yanaşı, ana dili məsələsini də
pyesdə komik yolla həll etmişdir. Bu mövzu ilə bağlı dialoqlar
ümumən gülüş doğurur. Lakin gülüş dayandıqda, məsələ dərk olun-
mağa başladıqda ağır bir kədər, acı bir qəzəb yaranır. Əsərdə təsvir
olunan ailə üç qardaş, bir bacı və anadan ibarətdir. Hadisələrin
gedişindən aydın olur ki, ədib bu ailənin simasında Azərbaycan icti-
mai həyatının, o dövrkü milli dilin və milli dilə münasibətin təsvirini
vermişdir. Böyük qardaş Rüstəm bəy Peterburqda, ortancıl qardaş
Mirzə Məmmədəli İranın Nəcəfül-əşrəf şəhərində təhsil almış, kiçik
qardaş Səməd Vahid isə İstambulda oxumuş, türk tərbiyəsi ilə
böyümüşdür. İndi bir yerə toplaşmış bu qardaşlar zahirən ailəyə
xoşbəxtlik gətirmişlər. Həqiqətdə isə ailə daxilində faciədir: qardaş
qardaşın, ana öz oğlanlarının, bacı öz qardaşlarının dilini anlamır, başa
düşmür. Komik yolla tipikləşdirmənin ən kamil nümunəsi olan bu
hadisələr göstərir ki, müəllif üç qardaşın simasında üç meyli, üç
təmayülü - rus dilindən jarqon kimi istifadə hallarını, ərəbçilik-
farsçılıq və türkçülük meyillərini ifşa etməyi qarşısına qoymuşdur.
Rüstəm bəy Rusiyada təhsil alsa da, mütərəqqi rus zi-
yalılarının fikirlərini, rus mədəniyyətinin yaxşı cəhətlərini
mənimsəyərək milli dilin, milli mədəniyyətin inkişafına çalışan zi-
yalıların nümayəndəsi deyil. O, xalqdan çox uzaqdır, onun dilini
bilmir, hər dəqiqə yersiz olaraq rus sözləri işlədir və komik vəziyyətdə
26
qalır. Gözlənilməz cəhət budur ki, ana dilini yaxşı bilməyə-bilməyə bu
dildə lüğət tərtib etməklə məşğuldur. Darülfünun təhsili görmüş bu
şəxs lüğət tərtib edərkən çətinlik çəkdiyi üçün dilmancdan istifadə
edir. Müəllif onun lüğət yazma tərzini komik planda işləmiş, Rüstəm
bəyi məsxərəyə qoymuşdur:
”R ü s t ə m b ə y. (Bir qədər fikir eləyir) Yaxşı, indi yaz:
Bunu da lazımdır nəzərə almaq ki, həmin ”A” hərfi bəzi dillərdə
qlasni hərfidir...
M i r z ə H ə s ə n. İmla hərfidir.
R ü s t ə m b ə y. İmla hərfidir və özü özlüyündə sloqdur.
M i r z ə H ə s ə n. Yəni heca demək istəyirsiniz?
R ü s t ə m b ə y. Bəli, heca gərək ola və lakin bəzi tayifələrin
dilində həmin ”A” hərfi soqlasni hərfləri cərgəsindədir.
M i r z ə H ə s ə n. Bunu soqlasni əvəzinə hürufi-samitə ya-
zaq.”
Bir-iki cümləsindən aydın olur ki, Rüstəm bəy dilin leksik
tərkibini deyil, qrammatik quruluşunu da pis bilir, lüğət hazırladığı
dilin terminlərinə də bələd deyil. Əslində, burada ana dilinin termi-
nologiya sahəsində bədbəxtliyinə də işarə edilir, Mirzə Həsənin tərcü-
mə etdiyi ”hürufi-samitə” Rüstəm bəyin ”soqlasni” sözündən də qəliz-
dir. Üzdə olan gülüş dərin qatda dilin terminologiyası məsələsindəki
yaramaz və kədərli vəziyyəti yada salır. Həm də bu vəziyyət ter-
minologiyanın gözüdür: dilin dilçilik terminləri belə olanda, başqa
sahənin terminləri barədə nə düşünəsən?!
Rüstəm bəyin dostu Aslan bəy ana dilində danışmaqda daha
çox çətinlik çəkir, Rüstəm bəyin arvadı Zivər xanım isə rusca təhsil
almışdır və ana dilini heç bilmir.
Aslan bəy xeyriyyə cəmiyyətinin iclasında öz nitqinə belə baş-
layır: ”Heç belə deyil, bağışlıyasınız, zakon bu sluçayları tamam
predusmatret eləyibdir. Əgər raznoreçie elə bir sluçayda oldu ki,
onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni
statyaları o qədər sokratit edirlər ki, il axırda hesab düz gəlmir.
Amma bizim smetanın poqreşnostları o barədədi ki, biz, naprimer,
təyin eləmişik...”
Rüstəm bəyin, Aslan bəyin, Zivər xanımın nitqinin bu cür qu-
rulması təsadüfi deyildi. Yazıçı mənasız komik effekt yaratmaq
istəməmişdir. Bu nitq bəzi ziyalıların nitqinin tipikləşdirilmiş forması
idi və prof. C. X. Hacıyevin qeyd etdiyi kimi, ”Dramaturq ana dili
məsələsini ön plana çəkdiyindən bu məsələyə mane olan cərəyanlar
sırasında ruslaşma siyasəti yürüdən burjua ziyalılarını da tənqid et-
27
mişdir.”
1
.
Ədib ana dilinə münasibətdə hələ Rüstəm bəyi nisbətən yum-
şaq tənqid edir, onu Mirzə Məmmədəli ilə Səməd Vahiddən bir qədər
fərqləndirir. Qeyd edildiyi kimi, Rüstəm bəy də ana dilini pis bilir,
yerli-yersiz əcnəbi sözlər işlədir, doğma dilini öyrənməyə səy etmir.
Senzor tərəfindən kitabları yoxlandıqda məlum olur ki, kitabxanasında
olanlar əksərən rus dilinə aid müxtəlif lüğətlərdən ibarətdir və bunların
arasında ana dilində yazılmış bir vərəq də yoxdur. Bununla bərabər,
onun heç olmasa, bir müsbət cəhəti var: Səməd Vahid və Mirzə
Məmmədəlidən fərqli olaraq başa düşür ki, hər kəsin milli dili var, dilə
lazımsız sözlər qarışdırmaqla onun hüququnu tapdamaq olmaz. Buna
görə də danışıq prosesində işlətdiyi rus sözləri başqaları tərəfindən
milli dilin lüğəvi vahidləri ilə əvəz edildikdə etiraz etmir və razılaşır,
lüğət tərtibi ilə məşğuldur və çətinlik çəkdikdə dilmancdan istifadə
edir və s.
Mirzə Məmmədəli kəskin satirik planda təsvir edilmiş tipik bir
molladır. Ana dilinə münasibətdə mürtəce mövqe tutan bu adam
farslaşdırma siyasəti yürüdür. Onun şagirdlərə öyrətdiyi elmi-ilahi
dərsləri sosial-ictimai cəhətdən gərəksiz olduğu kimi, dilcə də
kəsafətlidir, qəliz ərəb, fars tərkibləri ilə yüklüdür. Həmkarı Mirzə
Bəxşəlinin nitqi daha dəhşətlidir. Mirzə Bəxşəli xeyriyyə
cəmiyyətində nitqə belə başlayır: ”Ə’zayi-giramdan üzr istəyirəm ki,
zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərd-sərinə şayəd
səbəb ola.” Mirzə Məmmədəli və Mirzə Bəxşəlidən dərs alan şagird
belə danışır: ”Küsuf, yəni afitab giriftəgi on halət əst ki, qəmər mi-
yani-afitab hail başəd...”
Maraqlıdır ki, ikinci məclisdə xeyriyyə cəmiyyətinin iclası
dil məsələsinin doğurduğu mübahisə ilə başlanır. Rüstəm bəy, Zivər
xanım rusca danışmağa başlayanda Mirzə Məmmədəli ”islam məclisi
hara, rus dili hara,” - deyə etiraz edir. Mirzə Bəxşəli və millətpərəst
Mirzə Zeynal Zivər xanımı ”müsəlmanca” bilməməkdə təqsirləndirib
cəmiyyət üzvlüyündən çıxarılmasını tələb edirlər. Əslində, müəllif
onları da ələ salır, məsxərəyə qoyur, ”müsəlmanca” dedikdə mirzələ-
rin işlətdiyi ”qatış-bulaş dil”i nəzərdə tutur.
”İştə irqaqlar! Hayda arqadaşlar!” - sözləri ilə səhnəyə daxil
olan Səməd Vahidə dramaturqun münasibəti daha satirikdir. Səməd
Vahid milli qürur hissindən tamamilə məhrumdur, xalqının dilinə və
mədəniyyətinə xor baxan kosmopolit ziyalıların tipik nümayəndəsidir.
1
Ú.Õ.Ùàúûéåâ. ÕÕ ÿñð Àçÿðáàéúàí ÿäÿáèééàòû òàðèõè. Áàêû, 1955, ñ.115.
Dostları ilə paylaş: |