314
İthaflar
– Qorxuram, Əliqulu.
– Nədən, Şirəlibəy?!
– Qorxuram ki, oxuya bilməz. Bir də ağır eşidir.
– Boş şeydir, boş sözdür! Mirzə Cəlil yalvarır ki, həmişəlik gedim Tilisə, onunla işləyim.
Əgər getsəm, gözüm Bəhruzun üstündə olar. Bir də Tilisdə sənin də, mənim də dostumuz az deyil.
Oğlun Şmerlinq kimi çəkməyə çalışır. Bax, o şəkillərə...
– Hərçənd başa düşürəm, amma özümlə bacarmıram.
– Bəhruzu sən aparmasan, mən aparacağam.
Birdən Əliqulu Nəcəfov stuldan yavaş-yavaş ayağa qalxdı. Bəhruzun əlindəki karandaşa
baxa-baxa soruşdu:
– Hardan almısan, bu karandaşı, Bəhruz?!
– Siz göndərmisiniz!
– Bu... o vaxtdan qalıb?!
– Bəli...
– Xub, xeyli xub! – Əliqulu təzədən əyləşdi...
4
Bəhruz yenə ikirli, dalğın və susqun olmuşdu. Evdən çölə çıxmır, otaqda saatlarla lal-dinməz
əyləşir, xəyallar içində çırpınırdı. Bəzən həyətə düşür, qoz ağacına tərəf boylanırdı. Ağacın üst
hissələrindəki cəvizlərin qərsəyi çatlamışdı, qurbağa ağzı kimi açılmışdı. Demək, payız gəlirdi.
Bəzən də Bəhruz şəkil çəkirdi. Beləliklə, bir ay keçib getdi və bu müddətdə təkcə öz kədəri ilə
yaşadı. Yeganə ümidi və təsəllisi kimi yanan işıq get-gedə böyüyürdü. Böyüdükcə kədərini əridir,
əhval-ruhiyyəsini dəyişir, şəkil çəkməyə olan həvəsini artırırdı.
O, daha Nazlını axtarmırdı, bir dəfə də olsun qoz ağacının yanına getməmiş, onların
darvazalarının qarşısından keçməmişdi. Bütün varlığı Nazlı ilə bağlı olsa da, yenə görüşəcəyini
yəqin etsə də, bu ümidlə yaşasa da, onun özünün hardasa dözməyib çıxacağına inansa da, nədənsə
ayaqları o tərəfə getmirdi. Həm də xatirələrdən ayrıla bilmirdi. Uşaqlıq vaxtı, günlərin birində
Nazlı ilə qoz yığmağını yadına saldı. Bəzən ağacdan düşən qoz onların başına dəyirdi. Nazlı
qəhqəhə çəkib gülə-gülə həmin qozları axtarıb tapırdı. Bu xatirə onun son günlərdəki süstlüyünü,
pərişanlığını dağıdan bir mehə bənzədi, əsib-əsib kədərini qovdu, onu silkələyib hərəkətə gətirdi.
Bir də, Nazlıgillə üz-üzə qonşuluqda yaşayan Hürnisə adlı balaca, yoxsul bir qızın gəlib Bəhruzun
qarşısında dayanması, – Nazlı çağırır, – deməsi onun bütün tərəddüdünə son qoydu. Axşam düşəndə
bağa girdi, bağ payız havası ilə dolmuş, meyvələrin, otların, yarpaqların ətri bir-birinə qarışmışdı.
Ağacın gövdəsinə söykənən Bəhruz qəmli-qəmli ətrafa baxdı. Hər tərəi qozla dolu idi. Əyilib
birini yerdən qaldırdı, qərsəyindən asanlıqla çıxartdı, ovcunda sıxan kimi qabığı sındı.
Təptəzə, yağlı, dadlı ləpələri ləzzətlə yeyən Bəhruzun ağaca çıxmaq, həmişəki budaqda
əyləşmək arzusu doğdu. Bir ayağını hasara, o birini ağacın gövdəsinə söykəyib yuxarı qalxanda,
heyrətindən yerindəcə donub qaldı.
315
İthaflar
Bu, möcüzə idi, bəlkə də Bəhruzun həyatında üz-üzə gəldiyi ilk möcüzə! Budaqda ağ paltarda,
səssiz-səmirsiz Nazlı əyləşmişdi. Tərpənmədən, dinmədən baxırdı.
– Nazlı! – Bu kəlmə Bəhruzun dodaqlarından yox, ürəyindən qopdu.
Bəhruz yanında əyləşəndə, göz-gözə dayananda onun üzünün solduğunu, gözlərinin çuxura
düşdüyünü, həmişə gördüyü parıltının yoxa çıxdığını duydusa da, özü üçün təzə bir gözəllik kəşf
etdi. Gənclik təravəti ilə dolu ağ, solğun üzündəki kədər ona çox yaraşırdı. Bu kədər Nazlının
məsumluğunu, nəcibliyini, sevgisini üzə çıxarır, xüsusi bir məlahət verirdi. Qızın dəcəl, şeytan
uşaq gözlərindən əsər-əlamət qalmamışdı, bunların əvəzində kədər, həsrət, kövrəklik vardı. Onun
uzun müddət dinməməsində, qəmli-qəmli Bəhruza baxmasında da başqa bir gözəllik gizlənmişdi.
Bütün bunları duyan Bəhruzun özü də sehrlənmiş kimi dinə bilmirdi.
Birdən ikinci bir möcüzə baş verdi.
Nazlı ağlayırdı. Solğun yanaqlarından göz yaşları axırdı. Bəhruz özünü itirdi, qeyri-ixtiyari
onu bağrına basdı. Nazlı da başını onun köksünə qoydu. Uzun sükutdan sonra, bir az sakit olan
kimi pıçıltı ilə soruşdu:
– Hardaydın, Bəhruz?!
Bu sualın arxasında böyük və dərin bir həsrət gizlənmişdi. Bəhruz dərhal başa düşdü ki,
Nazlının çox şeydən xəbəri yoxdur, ona görə də cavab verə bilməyib susdu. Nazlı eyni ahəng və
pıçıltı ilə davam etdi:
– Atam məsciddən gələn kimi yıxılıb yatır. Mən də səni görmək üçün hər gün qaçıb bura
gəlirəm. Yoxsan ki, yox... Daha səbrim-qərarım qalmayıb. Qara ağac pirinə and olsun ki, nə gecəm
var, nə də gündüzüm. Kimsə Padşahlıq bağının yanında görüşümüzü atama çatdırıb. Eh, Bəhruz,
məni bir günə qoydu, bir günə qoydu, huşumu elə itirdim ki, üç gün özümə gəlmədim. Axırda o
yekə sifət gürcü doktoru məni sağaldıb. Atamın ondan zəhləsi gedir. Dayım gətirib gəlib. Anam elə
bilib ki, ölmüşəm, haray-həşir salıb.
– Bilirəm, Nazlı, bilirəm!
– Hardan?
– Gəlmişdim həyətinizə...
– Həyətimizə?! – Nazlı heyrətləndi.
– Hə, həyətinizə.
– Bəs qorxmadın?!
-Yox! Qorxmadım. Qulam Heydərlə də üz-üzə gəldim.
– Atamla?!
– Bəli, atanla!
– Axı necə?!
– Öz sözümü dedim. Dedim ki, Nazlını sevirəm.
Yer üzündə Nazlı üçün bundan heyrətli bir şey ola bilməzdi. Onun bu heyrətində açıq bir
sevinc, qürur hissləri üzə çıxdı. Yenə gözlərində uşaqlıq vaxtlarında olduğu kimi parıltı doğdu və
pıçıltı ilə soruşdu:
– Bəs sonra nə oldu?!
– Sonra... Atan məni o dəfəki kimi qovdu. Aləmi bir-birinə qatdı. Atama şikayət elədi.
316
İthaflar
– Bəs atan nə dedi?!
– Heç nə! – Bəhruz Şirəlibəylə olan söhbətini Nazlıdan gizlətdi – Təkcə başını buladı. Çünki
bundan ağlı bir şey kəsmir.
– Elədir, Bəhruz, atan düz ikirləşir, bu işin axırı yoxdur. Bilirəm, yoxdur. Amma mən ...
amma mən ... sənsiz dözə bilmirəm. Bir o göydəki allah bilir ki, ürəyimdə nələr var. Fikirdən,
xəyalatdan çöp kimi əriyirəm. Heç nədən də qorxmuram. Bax, yanına gəlmişəm. Hər şeyə hazıram.
Ölümə də!
Bu arıq, ağbəniz qızdakı qətiyyət, möhkəmlik, sədaqət onu heyrətə salmışdı. Nazlı Bəhruza
baxırdı. Əgər indi Bəhruz – dur, gedək, – desəydi, onunla dünyanın o başına da gedərdi. Qətiyyətlə
dediyi sözlərdən sonra Bəhruzdan nəsə təskinli, ümidverici, xoş bir söz, hərəkət gözləyirdi.
Ancaq Bəhruz daş kimi susurdu. Çünki o, Nazlının qeyri-adi fədakarlığından hələ də özünə gələ
bilməmişdi. Onun uşaqlığının necə şən, necə dəcəl olduğunu ildırım sürəti ilə xəyalından keçirdi...
Bəhruzun belə susması Nazlıya qorxaqlıq kimi gəldi, incik halda üzünü yana tutdu. Bəhruz bir əlini
uzadıb üzünə toxundurdu, özünə sarı çevirmək istəyəndə:
-Yox! – Nazlı həyəcanla pıçıldadı – Əlini götür, Bəhruz! Mənə toxunma!
Bəhruz əlini götürməyib, onu öpmək istədi. Nazlı dartındı və pıçıldadı:
– Məni günaha batırma, Bəhruz! Mən bura biçarə bir qız kimi gəlmişəm. Yaxşı da bilirəm ki,
gec-tez səndən həmişəlik ayrılacam. Bunu özün də yaxşı bilirsən!
– Nazlı!
-Yox, Bəhruz! – Nazlı əlini uzadıb Bəhruzun əlini geriyə itələdi, bu zaman həyəcanından tir-
tir titrəyib, pörtdü, qızardı.
– Nazlı!
– Nədir, Bəhruz?
– Üzünü mənə çevir! Gözlərimə bax!
– Yox!
– Nazlı!
-Onsuz da sənin üçün yoxam, atam məni çoxdan satıb. Əhməd xanın oğluna. Onun üzünü
görməmişəm, bilmirəm necədir, nə cürdür. Hardasa, uzaqda oxuyur. Gələn kimi toy edəcəklər. Bir
də... axı sən də oxumağa gedəcəksən, düzdür, Bəhruz?!
– Düzdür... Tilisə gedəcəyəm.
– Nə vaxt?!
– Bu yay...
Ani sükutdan sonra Nazlı başını qaldırıb, üzünü Bəhruzun üzünə yaxınlaşdırdı:
– Məni də həmişəlik unudacaqsan!
– Yox, yox, – deyə Bəhruz çılğınlıqla dilləndi, əllərini açıb onu qucaqladı – Yox, Nazlı, heç
zaman!
Bəhruz qızı özünə sarı çevirib, sinəsini sıxdı, üz-gözündən, yanaqlarından öpməyə başladı.
Nazlı özünü elə itirmişdi ki, dinə bilmirdi. Təkcə əlini uzadıb barmaqlarını Bəhruzun dodaqlarına
toxundurmaqla onu dayandırdı, varlığında yanan odun-alovun kükrədiyini duysa da, həyəcandan
titrəsə də, özünü möhkəm saxlamaq üçün bütün qüvvəsini topladı.
Barmaqlarını Bəhruzun dodaqlarından götürüb düz gözlərinin içinə baxdı, birdən özü, üzünü
Dostları ilə paylaş: |