59
BƏRDƏ ŞƏHƏR İMAMZADƏSİ
XII əsrdə tanınmış tacirlərdən İbrahim adlı bir şəxs görür ki, ca-
maat bir qəbrin başına dolanır. Soruşur ki, nə üçün bu məzara belə mü-
qəddəs yanaşırsınız?
Deyirlər ki, bu məzar müqəddəs imam balası Şahzadə İsmayılın
qəbri-şərifidir.
Həmin tacir İbrahim bu sözü eşitdikdən sonra qəbrin üstünü çay-
laq daşından gümbəz halına salaraq məqbərə tikdirmişdir. O vaxtdan da
bu türbə-ziyarətgahın adı “İbrahim məscidi” kimi tarixə düşmüşdür.
Əslində ziyarətgahdakı qəbir imam Cəfəri Sadiq ə.s.-ın qız nəvəsi
Şahzadə İsmayılın qəbridir. VIII–IX əsrlərdə yaşamış Şahzadə İsmayıl
düşmənlərinin əlindən qaçaraq Bərdəyə pənah gətirmiş və burada rəhmətə
getmişdir.
1868-ci ildə İmamzadə memar Kərbalayı Səfi xan Qarabaği tərə-
findən yenidən bərpa edilmişdir.
O, 1788-ci ildə Şuşada anadan olmuş, 1910-cu ildə – 122 yaşında
vəfat etmişdir.
Kərbalayı Səfi xan Qarabaği 1864-cü ildə Gövhər ağa məscidini,
1868-ci ildə isə Ağdam məscidini tikdirmişdir.
1861-ci ildə Bərdəyə gələn B.Dornun nəzərini çox qəribə bir məs-
cid cəlb edir. Sonralar o yazırdı:
“Orada həm də tarixi bilinməyən qədim İbrahim İmamzadəsi var-
dır. Binanın cari təmiri sahibinə 3000 rubl gümüş pula başa gəlib”.
İmamzadədə mehrabın olmaması onu göstərir ki, əvvəllər burada
məqbərə olmuşdur. İstedadlı usta məzar üstündə məscid tikərək bütöv bir
memarlıq ansamblı yarada bilmiş, 4 minarədən ibarət yaraşıqlı, mütənasib
formada məscid inşa etmişdir.
“1886-cı il üçün Qafqaz təqvimi”ndə belə bir xəbər getmişdi:
“Yelizavetpol quberniyası, Cavanşir qəzasının Bərdə şəhərindəki
İmamzadənin (Pirin) üstündə 1868-ci ildə məscid tikildi”.
Tikintidə kərpiclə daşın növbələşməsindən bacarıqla istifadə olun-
muşdur.
Sovet hakimiyyəti illərinin təzyiqlərinə baxmayaraq minlərlə insan
İmamzadəyə axışar və oranı ziyarət edərdilər.
Son illər İmamzadə Mədəniyyət Nazirliyi tərəfindən təmir edilmiş,
xeyirxah insan Əli Babayev isə öz şəxsi vəsaiti hesabına İmamzadədə
qurban kəsmək, zəvvarların dincəlməsi üçün otaqlar tikdirmiş, burada
zəvvarlara hər cür şərait yaradılmışdır.
Həsənoğlu H.
“Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları,
seyidləri, övliyaları” II hissə. B: Nasir, 2005
60
BƏRDƏ ŞƏHƏR CÜMƏ MƏSCİDİ
Bu məscid Bərdə şəhərinin mərkəzində yerləşir. Əsas giriş qapısı-
nın üstündə ərəb rəqəmi ilə 1324-cü il tarixi göstərilib. Ehtimal ki, bu ta-
rix məscidin bərpa edildiyi tarixdir. Məscidin kim tərəfindən tikildiyi ba-
rədə dəqiq məlumat yoxdur. Bu məscid əsrin əvvəllərindən 1990-cı ilə
qədər gübrə anbarı, məktəb və arxiv binası kimi istifadə olunub. Lakin
1990-cı ildən sonra məscid yerli sakin Məşədi Ramazanın şəxsi təşəbbüsü
və yerli camaatın vəsaiti hesabına təmir olunub.
Düzbucaqlı formada olan məscid binası başdan-başa bişmiş kər-
piclə işlənib. İbadət zalının sahəsi 14x12 metr, hündürlüyü isə 5 metrdir.
Məscidin minbəri yeddipilləli olub, taxtadan düzəldilmişdir. Mehrabının
hündürlüyü isə 2,5 metr tağvari formadadır. Damın örtüyü ağ dəmir təbə-
qədəndir. Məscidin minarələri də bişmiş kərpicdən hörülüb, damdan ucal-
dılmışdır (5 metrdir). Minarələr dəyirmi formada olub, qübbəsi ağ dəmir
təbəqə ilə işlənib.
Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. Məscidin qadınlar
şöbəsi birinci və ikinci mərtəbədədir. İkinci mərtəbənin sahəsi 12x4 metrdir.
BƏRDƏ TÜRBƏSİ
Bərdə şəhərində yerləşən bu tarixi memarlıq abidəsini hicri-qəməri
təqvimi ilə 1322-ci ildə memar Əhməd ibn əl-Hafiz Naxçıvani tikib.
Türbə dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün
tikilən bürcvari türbələr qrupuna daxildir. Hündürlüyü 12,5 metr olan
Bərdə türbəsi silindrik gövdədən və konusşəkilli günbəzdən ibarətdir.
Abidənin oturacağı daşdan hörülmüş kürsü formasındadır. Türbənin çox-
rəngli kəsmə mozaikadan quraşdırılıb, zəngin ornamentlə bəzədilmiş iki
baş tağı onun sadə və aydın kompozisiyasını dolğunlaşdırır. Abidənin bü-
tün səthi üzərinə firuzə rəngli kaşı çəkilib və kərpiclə naxışlanıb. Bu cür
orijinal hörgünün kərpic naxışlarında “Allah” sözü mütənasib surətdə tək-
rarlanır. Bərdə türbəsi bürcvari Azərbaycan türbələri üçün xarakterik olan
yeraltı və yerüstü hissələrə bölünür. Yeraltı hissə türbənin dəfn üçün ay-
rılmış sərdabəsi, yerüstü hissə isə xatirə abidəsi olub, monumental xarak-
ter daşıyır.
Abidənin müvafiq kitabəsi uçulub dağıldığından onun kimin şərə-
finə tikildiyi məlum deyil. Lakin onun Elxanilər sülaləsindən bir nəfər
üçün tikildiyi ehtimal olunur.
Türbənin yaxınlığında “Axsadan-Baba” adı ilə tanınan bir məqbə-
rə də var.
Abidəyə camaat arasında “Nüşabə qalası” da deyirlər. Formaca
dəyirmi olan bu abidə başdan-başa bişmiş kərpiclə işlənib.