Bəxtiyar Tuncay , və №-li Pazırık və №-li Başadar kurqanları №-li Pazırık kurqanı



Yüklə 133,47 Kb.
tarix02.01.2018
ölçüsü133,47 Kb.

Bəxtiyar Tuncay

3, 4 və 5 №-li Pazırık və 2 №-li Başadar kurqanları



3 №-li Pazırık kurqanı. 1948-ci ildə qazılmış bu dəfn abidəsi e.ə. III-II əsrlərə aid edilir. Onu digər kurqanlardan fərqləndirən əsas cəhət buradakı qəbir kamerasının aşınmış qaya parcaları və ağaclarla, divarlarının isə huş ağacı qabığından ibarət lövhələrlə örtülmüş olması idi. Sərdabə formalı kameranın əsas hissədən ağac arakəsmə ilə ayrılan şimal tərəfində üzəngi və yəhərləri ilə birlikdə 14 at dəfn edilmişdi. Onların qayışları ağac və buynuzdan hazırlanmış lövhəciklərlə bəzədilmişdi. Lövhəciklərin üzərində müxtəlif naxış və heyvan təsvirləri əks olunmuşdu.

Kurqandan tapılan ən maraqlı tapıntılar sırasında kişi üçün nəzərdə tutulmuş qaftan və şiş ucluqlu baş geyimi diqqət çəkməkdədir. Kurqan hələ qədim zamanlarda qarət edilmişdi (Грязнов М. П., 1956, с. 20-21).


http://www.1news.az/images/articles/2012/06/06/thumb_20120606111707128.jpg
5 №-li Pazırık kurqanından tapılmış məşhur Pazırık xalçası (e.ə. V-IV əsrlər)
4 №-li Pazırık kurqa. Bu kurqan 3 №-li kurqanı xatırlatmaqdadır. O da 1948-ci ildə qazılmışdır və e.ə. III-II əsrlərə aid edilir. Burada da 14 atın dəfn edildiyi məlum olub. Onlar da üzəngi və yəhərləri ilə birlikdə basdırılmış və buradakı qayışlar da eyni qaydada bəzədilmişdi. Qədim zamanlarda soyğunçular tərəfindən soyulmuş qəbir kamerasından masa-qab və «altıayaq», eləcə də kurqanın inşaatçılarından qalan bir nərdivan tapılmışdır (Грязнов М. П., 1956, с. 21).

5 №-li Pazırık kurqa 1949-cu ildə tədqiq edilmişdir. Arxeoloqlar vu dəfn abidəsini e.ə. V-IV əsrlərə aid edirlər. Örtüyü daşlardan qurulmuş kurqanın sahəsi 55 kv m-ə çatan böyük qəbir kamerasının dərinliyi 4 m idi. Kamera ikiqat ağac divarlara və tavana sahib idi və kamera içində kamera formasında inşa edilmişdi. Ağaclar bir-birinə onların uc tərələrində açılmış xüsusi kəsiklər vasitəsi ilə geydirilmişdi. Divarlar huş ağacı qabığından səliqə ilə hazırlanmış iri və qalın lövhələrlə üzlənmişdi. Belə hesab edilir ki, bu, qəbri soyğunçulardan qorumaq məqsədilə edilmişdi. Lakin bu da qarətçilərə mane ola bilməmiş və kurqan hazır olduqdan bir müddət sonra soyğuna məruz qalmışdı. Qarətçilər kiçik balta ilə kameranın divarında kiçik oyuq açaraq içəri girmiş və qiymətli hesab etdikləri hər şeyi qarət etmişdilər. Bununla belə, kameraya dolmuş buz burada elm üçün son dərəcə böyük əhəmiyyətə malik bir sıra materialların qorunub saxlanmasını təmin etmişdir.
http://iamkot.ucoz.ru/pazyirik/ehrmitazh-povozka_iz_berezy.jpg
5 №-li Pazırık kurqanından tapılmış araba (e.ə. V-IV əsrlər)
Qəbir kamerasında uzunluğu 6 m-ə çatan sarkofaq tapılmışdır. Onun içərisində xaqan və arvadının mumiyalanmış meyitləri sağ-salamat dururdu. Skiflərin, o cümlədən sakların öz xaqanlarını mumiyaladıqları barədə hələ e.ə. V əsrdə Herodot məlumat vermişdir və Pazırık kurqanları, eləcə də Tarım mumiyaları onun bu sözünün həqiqət olduğunu təsdiq etməkdədir.

Qarətçilər xaqan və arvadının qızıl bəzəklərlə bəzədilmiş paltarlarını soyunduraraq özləri ilə aparmışdılar. Yalnız xaqanın arvadının başında ağacdan hazırlanmış qoşa buynuzu xatırladan şiş ucları və keçədən düzəldilmiş lentləri olan baş geyimi qalırdı. Lentlər qadının cənəsini əhatə etdiyindən soyğunçular onu çıxartmaqda çətinlik çəkmişdilər (Грязнов М. П., 1956, с. 12-13).

Burada taxta masaların parçalarına, ağac altlıqlı, üstü yastıqlı oturacağa, tambura musiqi alətinə, eləcə də bir çox taxtadan əşya fraqmentlərinə rast gəlinib. Eyni zamanda kameranın divarını bəzəyən, üzərində mifoloji səhnələr yer alan aplikasiyalı keçə örtük aşkar edilib.

5 №-li Pazırık kurqanının da, eynən digər kurqanlarda olduğu kimi, divarla ayrılan şimal hissəsi toxunulmamış qalıb. Burada üzəngi və yəhərləri ilə birlikdə 5 at dəfn edilmişdi. Bundan başqa, həmin yerdə arabaya qoşulmuş daha dörd at, müxtəlif araba fraqmentləri, sahəsi 30 kv m olan, əlvan bəzəkli keçə çadır və türkbaf (türk-gördes) üsulu ilə yundan toxunmuş (Kırzıoğlu N. G., 1995) nəfis bir türkmən xalçası (Bekmıradov A., 1987) aşkar edilmişdir.



Qeyd etmək lazımdır ki, Pazırık kurqanlarından, çox sayda irili-xırdalı xalı-xalça nümunəsi tapılmışdır. Onlardan biri də divardan asılmaq üçün nəzərdə tutulan 4,5 x 6,5 m ölçülü, rəngli keçədən aplikasiya üsulu ilə hazırlanmış sənət əsəridir. Tədqiqatçıların fikrincə, bu xalça kurqandan tapılmış çadırın bir hissəsi olub. Onun üzərində ornamental fiqurlar və bir neçə dəfə təkrarlanan kompozisiya əks olunmuşdur. Kompozisiyada taxtda oturmuş və bir əlində çiçəklənmiş sıx budaqlar tutmuş, digər əlini qaldırmış, başında dilikli papaq, uzun libaslı ilahə və onun qarşısında dayanmış atlı təsvir edilib. Təsvir olunan ilahə, ehtimal ki, Ağ ana və ya Umay anadır. Onun əlində tutduğu budaqlar belə düşünməyə əsas verir.
http://history-at-russia.ru/wp-content/uploads/2012/10/113.jpg
Aplikasiya üsulu ilə keçədən hazırlanmış xalı
Prof. F. Cəlilov bir qədər fərqli fikirdədir. O, güman edir ki, buradakı qadın obrazı «qarşısındakı bəyə uğur diləyən ulu qam katun» obrazıdır (Cəlilov F., 2006).

Kurqandan tapılan və elm aləmində «Pazırık xalçası» adı ilə tanınan və hələlik eləmə məlum olan ən qədim xalça hesab edilən əsrarəngiz toxuculuq nümunəsinin mənşəyi məsələsi bu gün də mütəxəssislər arasında qızğın diskussiyalar mövzusudur (Tekçe E. F., 1993). 



zbucaqlı formalı, 1,89 x 2 m ölçülü xovlu «Pazırık xalçası»sının kompozisiyası ara sahədən və onu əhatə edən ikisi enli, üçü ensiz olmaqla, beş haşiyədən ibarətdir. Ara sahənin üzərində rapportlarla təkrarlanan kvadrat çərçivə içərisində, bir növ, dörd ünsürü xatırladan işarə və üçbucaqvari ləçəklərdən ibarət simvollar (qədim türk damğası) təsvir olunmuşdur. Ara sahəni əhatə edən birinci haşiyədə başı arxaya doğru yönəlmiş, təkrarlanan qrifon (qartal başlı, aslan bədənli mifik heyvan) təsvirləri verilib. İkinci haşiyə birinci haşiyəyə nisbətən enlidir, üzərində dilikli buynuzları olan, otlayan maral təsvirləri verilib.

c:\documents and settings\администратор\рабочий стол\962c446f68acfd535e145d3de54cae92.jpg http://img0.liveinternet.ru/images/attach/c/11/128/700/128700332_1176240_original.jpg
Keçədən hazırlanmış aplikasiyalı xalça məmulatı fraqmenti. Pazırık
Üçüncü haşiyədə eynilə ara sahədəki simvollar əks olunub, lakin o, çərçivəsiz toxunub. Dördüncü – ən böyük haşiyədə təkrarlanan atlı və atların yanında gedən piyada döyüşçülər təsvir olunmuşdur. Burada döyüşçü təsvirlərinin büstü və ayaqları sxematik təsvir olunduğu halda, atlar daha möhtəşəm və təmtəraqlı verilmişdir. Atlar boyunları aşağıya doğru bükülmüş vəziyyətdə, başlarında kəkil, yüyənləri piləklə bəzədilmiş, bellərində yəhəri əvəz edən, saçaqlı və naxışlı xalça ilə təsvir edilmişdir. Beşinci haşiyə birinci haşiyəni təkrarlayır. Hər kvadrat santimetrində 36 ilmə sıxlığı ilə toxunan və incə toxunuşu ilə seçilən Pazırık xalçası hazırda Ermitaj muzeyinin bəzəyidir («Azərbaycan xalçaları» jurnalı, 2011, s. 110).

Saklara aid kurqanlar içərisində 2 №-li Başadar kurqanının da özünəməxsus yeri var. 1950-ci ildə qazılmış bu dəfn abidəsi Mərkəzi Altayda, Karakol çayı sahilində aşkar edilmişdir. E.ə. V-IV əsrlərə ai edilən kurqan qəbir kamerasının nisbətən kiçik ölçüləri (26 kv. M) ilə fərqlənirdi. Onun da kamerası əksər skif və sak abidələrində olduğu kimi, ağacdan qurulmuşdu, döşəməsi də, divarları da, tavanı da ağacdan idi. Burada iki taxta tabuta rast gəlinmişdir. Onlardan yalnız biri yaxşı vəziyyətdə idi. Onun bir tərəfində dörd ədəd gəzişməkdə olan pələng, qapağında isə eyni vəziyyətdə daha dörd pələng, iki geyik, üç arxar və iki qaban təsvir edilmişdi. Tabutlar yerli xan və ya bəylərdən birinə və onun arvadına məxsus idi. Onların hər ikisi mumiyalanmışdı.



2 №-li Başadar kurqanı da qarətə məruz qaldığından oradan az şey əldə edilmişdir. Bunlar, geyim və parça fraqmentlərindən, cəng (arfa) musiqi alətinin sındırılmış hissələrindən və bir neçə xırda-para bəzək əşyasından ibarət idi. Geyim əşyalarından ən yaxşı vəziyyətdə olanı yumşaq kişi uzunboğazı (çəkməsi) idi. Onun qabaq hissəsi müxtəlif rəngli dərilərlə şahmat lövhəsi formasında bəzədilmişdi.
http://feltstory.ru/d/368295/d/95441406_6.jpg http://img0.liveinternet.ru/images/attach/c/1/55/579/55579629_zlata19.jpg
 Keçədən hazırlanmış aplikasiyalı xalça fraqmenti. Pazırık
Kameranın ağac arakəsmə ilə ayrılmış şimal hissəsində üzəngi və kəhərləri ilə birlikdə 14 at basdırılmışdı. Fəqət buradakı əşyalar buzlaq şəraitində ilkin vəziyyətində qalan Pazırıq kurqanlarından fərqli olaraq, çürüntüyə məruz qalmışdılar. Yalnız qayışlara bərkidilmiş qızıl işləməli tunc bəzək lövhələri tam salamat vəziyyətdə idi (Грязнов М. П., 1956, с. 13-14).
Qaynaqça


  1. «Azərbaycan xalçaları» jurnalı № 1, Bakı, 2011.

  2. Bekmıradov A. Andalıp xem Oquznamaçılık dəbi. Aşqabat, 1987.

  3. Cəlilov F. Azər xalqı, II nəşri, Bakı, 2006.

  4. Kırzıoğlu N. G. Altaylardan Tunaboyuna. Türk dünyasında ortak motifler. Ankara, 1995, səh 28-33.

  5. Tekçe E. F. Pazırık. Altaylardan bir halının öyküsü. Ankara, 1993, s. 36-48.

  6. Грязнов М. П. Культура и искусство ранних кочевников Алтая // Первобытная культура. Вып. 2. «Искусство», М., 1956, с. 9-22.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə