Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Doqquzuncu söz: "İslam Oyanışı" Beynəlxalq Konfransında çıxış: 17 sentyabr 2011



Yüklə 0,66 Mb.
səhifə9/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   ...   4   5   6   7   8   9   10   11   12

Doqquzuncu söz: "İslam Oyanışı" Beynəlxalq Konfransında çıxış: 17 sentyabr 2011



Bismillahir-Rəhmanir-Rəhim.

"Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır! Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!" (Əhzab 1-3)

Əziz iştirakçılara, qonaqlara xoşgəldin deyirəm. Bizi bu məclisə toplayan İslam oyanışı prosesidir. Bu gün region xalqları arasında böyük təbəddülat yaratmış, inqilablar ərsəyə gətirmiş oyanış və ayıqlıq gündəmdədir. Bu oyanış regiona və dünyaya hakim kəsilmiş şeytanların ağlına gəlmirdi. Bu əzəmətli dirçəliş istibdad sədlərini viran qoydu, onun mühafizlərini diz çökürdü.

Şübhə yoxdur ki, böyük ictimai təbəddülatlar daim tarixi, mədəni, mənəvi və təcrübi əsaslara dayanır. Son 150 ildə Misir, İraq, İran, Hind, digər Asiya və Afrika ölkələrindəki böyük mütəfəkkir və mücahidlər hazırkı oyanışa zəmin yaratmışlar.

Bu ölkələrdə 1950-1960-cı illərdəki hadisələrin bir çoxu adətən materialist dünyagörüşü ilə müşayiət olunmuşdur. Təbii olaraq məntəqəyə Qərb imperialistləri hakim kəsilmişdir. Burada hazırkı İslam dünyası üçün düşüncələri formalaşdıran ibrətamiz təcrübələr vardır.

İranda Böyük İslam İnqilabı, Böyük İmam Xomeyninin təbirincə, qanın qılınca qalib gəlməsi ilə tamamlandı, davamlı, qüdrətli, cəsarətli İslam Respublikası quruldu. Bugünki İslam oyanışında həmin respublikanın təsiri ayrıca bir mövzudur. Dünya tarixində öz yeri olan bu hadisənin araşdırılması vacibdir.

İslam dünyasında yüksələn xətlə inkişaf edən hadisələrin tarixi kökləri var və düşmənlər onu ötəri bir dalğa kimi dəyərləndirməkdə yanılırlar. Onlar çaşdırıcı və qərəzli araşdırmaları ilə xalqların ümid məşələni söndürmək istəyirlər.

Qardaşyana söhbətimdə üç məqam üzərində dayanmaq istəyirəm:

1. Qiyam və inqilabların mahiyyətinə qısa baxış;

2. Bu yoldakı təhlükələr və böyük zərbələr;

3. Zərbə və təhlükələrin qarşısını almaq üçün təkliflər.

Birinci məqamla bağlı bunu deyə bilərəm ki, mənim nəzərimcə bu inqilablarda ən əsas amil xalqın iştirakıdır. Onlar təkcə qəlb, istək, imanla yox, mübarizə meydanında cihadla səslərini qaldırdılar. Belə xalq qiyamı ilə bir qrup hərbçinin qiyamı arasında böyük fərq var.

1950-1960-cı illərdə Afrika və Asiyanın bir çox ölkələrində inqilab yükünü xüsusi qruplar öz çiyninə götürdü. Onlardan sonrakı nəsillər isə yoldan yayındılar və inqilablar onların özlərinə qarşı çevrildi, düşmən növbəti dəfə bu ölkələrə hakim kəsildi. Bu, xalq hərəkatından fərqlənir. Bu gün meydanlarda canını sipər edən xalqdır. Onlar öz cihad və fədakarlıqları ilə düşməni səhnədən çıxarırlar.

Bu qiyamlarda şüar yaradan, məqsədləri müəyyənləşdirən, düşməni tanıtdıran, təqib edən, gələcəyi müəyyənləşdirən xalqın özüdür. O, düşmənlə sazişə, inqilabın yoldan yayınmasına imkan vermir.

Xalq hərəkatında, inqilabi hadisələrdə təxir ola bilər, amma mahiyyət dərindir. Bu eynilə Allahın buyruğunun bir nümunəsidir: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illəllah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.” (İbrahim 24)

Mən cəsur Misir xalqının Təhrir meydanındakı hərəkatını televiziyadan seyr edəndə əmin oldum ki, bu inqilab qalib gələcək. Düzü, İran İslam İnqilabının qələbəsi və İslam Respublikasının qurulmasından sonra yaranan böyük zəlzələ həm Şərq və Qərbdəki imperialistləri, həm də müsəlman xalqları hərəkətə gətirdi. Biz Misirin hamıdan öncə ayağa qalxacağını gözləyirdik. Misirin mübarizə, fədakarlıq yolu keçmiş, böyük mücahid və mütəfəkkir şəxsiyyətləri bizdə belə bir gözlənti yaradırdı. Lakin Misirdən səs çıxmırdı. Mən qəlbimdə Misir xalqına müraciətlə Əbu Fərasın şeirini zümzümə edirdim: “Sənin göz yaşların müsibətlər önündə sipərdir və səbirli olmaq sənin imtiyazındır; Bəs aşiqlik necə, səni ayağa qaldırmırmı, əmr verib, qadağa qoymurmu?!”

Misir xalqını Təhrir meydanı və başqa şəhərlərdəki meydanlarda görəndə isə sualıma cavab aldım. Bu xalq qəlb dili ilə cavab verdi: “Bəli, mən sənə məftun olmuşam. Eşq atəşi mənim üçün bir sirr saxlamayıb.”

Bu müqəddəs sirr, yəni qiyam iradəsi tədricən Misir xalqının zehnində gücləndi, formalaşdı və tarixi bir gündə meydana çıxdı. Tunis, Yəmən, Liviya, Bəhreyn də bu hökmdədir. “Möminlər arasında elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər...” (Əhzab 23)

Bu qəbil inqilablar öncədən qrup və partiyalar tərəfindən hazırlanmış manifestlər yox, qəlblərin səsi ilə həyata keçir. Onların şüarları kütlələrin istəyidir. Bu hesabla məntəqənin hazırkı inqilablarının mahiyyətini aydın görmək olar. Onların istəyi izzət və şərəfin, başucalığının qaytarılmasıdır. Bütün bunlar uzun bir dövrdə azğın diktatorlar, ABŞ və Qərb hegemonizmi tərəfindən ayaq altına atılmışdır.

İslam bayrağını qaldırmaq xalqların etiqadından doğan qədim bir istəkdir. Psixoloji dinclik, ədalət, tərəqqi yalnız İslam şəriəti sayəsində əldə oluna bilər. ABŞ və Qərb hegemonizmi ilə iki əsrə yaxın çarpışma region xalqlarına böyük zərbə vurmuşdur. Region xalqlarının kürəyinə xəncər kimi sancılmış saxta sionist dövlət, bu qəsbkar rejimlə mübarizə hələ də Fələstin xalqını tarixi yurduna qaytarmamışdır.

Əlbəttə ki, məntəqədəki inqilabların prinsip və şüarları ABŞ, Qərb və İsrailin xoşuna gəlmir. Onlar hər vasitə ilə inqilabların mahiyyətini inkar etməyə çalışırlar. Amma gerçəklik onlara qalibdir.

İnqilabların mahiyyətində əsas amillərdən biri xalqın iştirakıdır. Xarici qüvvələr hər vasitə ilə bu ölkələrdə öz muzdurlarını hakimiyyətdə saxlamağa çalışdılar. Yalnız o zaman bu himayədən əl çəkdilər ki, xalq hərəkatlarının yatırılmasına zərrəcə ümid qalmadı. Onların özlərini bu inqilablara ortaq bilmək haqları yoxdur. Liviya kimi bir ölkəyə ABŞ və NATO-nun müdaxiləsi həqiqəti ört-basdır edə bilməz. NATO Liviyada böyük dağıntılar yaratdı. Onların müdaxiləsi olmasaydı, inqilabın qələbəsi azca yubana bilərdi, amma əvəzində bu qədər dağıntı baş verməzdi. Görün nə qədər günahsız qadın və körpə qətlə yetirilib. Uzun illər Qəzzafi ilə əlbir olmuş düşmənlər bu məzlum ölkənin işinə qarışmaq haqqına sahib deyil.

Bu inqilabların həqiqi sahibi, gələcək yolu müəyyənləşdirən xalqın öz içindən çıxmış fədakar insanlar, mütəfəkkirlər olacaq, inşaallah.

Zərbələr və təhlükələr barədə nə deyə bilərik? Öncə qeyd edim ki, təhlükə olsa da, ondan qorunma yolu da var. Təhlükə xalqları qorxutmamalıdır. Düşmənlər sizdən qorxmalıdır: “İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (Nisa 76) Allah-Taala ilkin İslam dövrünün mücahidlərini yada salır: “O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər; Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.” (Ali-İmran 173-174)

Heyrətlənib tərəddüd keçirməmək üçün təhlükələri tanımaq zəruridir. Onları tanıdıqdan sonra çarə qılmaq olar. Biz İslam inqilabından sonra bu qəbil təhlükələrlə üz-üzə gəldik, onları tanıdıq, təcrübədən keçirdik. Allahın istəyi, İmam Xomeyninin rəhbərliyi və xalqın fədakarlığı sayəsində bir çox təhlükələrdən ötüşdük. Əlbəttə ki, fitnəkarlıqlar hələ də davam edir.

Mən bu təhlükələri iki qismə bölürəm. Birincisi kökü öz daxilimizdə olan təhlükələrdir. Bu bizim zəifliyimizdən qaynaqlanır. Düşmən bu sahədə layihələr həyata keçirir. Əvvəla, diktatorun süqutu ilə belə bir fikir təlqin olunur ki, problem aradan qalxıb. Bununla da xalqı yatırtmaq istəyirlər. Bu, böyük təhlükədir. Bu təhlükə o zaman daha da böyük olur ki, insanlar qənimət payına ümid edirlər.

Ühüd savaşında qənimət sorağı müsəlmanları məğlubiyyətə apardı, mücahidlər Allah tərəfindən qınandılar. Bütün bunları yaddan çıxarmaq olmaz. Başqa bir təhlükə imperialistlərin, ABŞ və başqalarının zorundan qorxmaqdır. Fədakar insanlar bu qorxunu qəlblərindən silməlidirlər. Düşmənin aldadıcı təbəssümü, qərəzli himayələri növbəti bir təhlükədir. İnqilab rəhbərləri diqqətli olmalıdırlar. Düşmən hansı libasda olursa-olsun onu tanımaq, hiyləsini müəyyənləşdirmək lazımdır. Başqa bir təhlükə özünə arxayınlıq, düşməni lazımınca qiymətləndirməməkdir. Şücaət və tədbiri bir-birindən ayırmamalıyıq. Cin və insandan olan şeytanlar qarşısında ilahi vasitələri işə salmaq lazımdır. İnqilabçılar arasında ixtilaf yaratmaq, arxa cəbhədə fitnəkarlıq başqa bir təhlükədir.

İkinci qrup təhlükələri region xalqları müxtəlif hadisələr zamanı təcrübədən keçirib. Bu istiqamətdə ilk təhlükə ABŞ və Qərbə bağlı ünsürlərin iş başına gəlməsidir. Qərb çalışır ki, diktatorların süqutundan sonra öz nüfuzunu qorusun və bir muzdurun yerinə başqa birini gətirsin. Belə olsa, bütün zəhmətlər hədər gedər. Onlar bu vəziyyətdə xalqın müqaviməti və ayıqlığı ilə rastlaşdıqda başqa ssenariyə əl atırlar. Bu ssenari Qərbə münasib hökumət modellərinin təklifidir. Onlar inqilabçılara, xalqa, kütləvi informasiya vasitələrinə nüfuzla öz fikirlərini kürsüyə oturda bilərlər. Bu da Qərb istibdadının başqa formada qayıdışı, yeni model istismardır.

Bu taktika da nəticə verməsə, hərc-mərcliyə, terrorizmə, vətəndaş müharibələrinə rəvac verirlər. Dinlər və millətlər arasında ixtilaf yaradır, qonşu dövlətlərlə münasibətləri gərginləşdirirlər. Embarqolar tətbiq edir, iqtisadi blokadalardan istifadə edirlər. Milli sərvətləri, bank hesablarını dondurur, təbliğat müharibəsi aparırlar. Bütün bunlarda məqsəd xalqın ümidini qırmaq, mübariz insanları qorxutmaqdır. Xalqın iştirakı zəifləyəndə inqilabın məğlubiyyəti asan olur. Nüfuzlu insanların terroru, onların şəxsiyyətinə qarşı hücum, aparıcı insanların satın alınması düşmənin modern mübarizə üsullarındandır.

İran İslam İnqilabında mübarizlərin əlinə keçmiş casus yuvasından tapılan sənədlər göstərdi ki, bütün bu ssenarilər ABŞ tərəfindən proqramlaşdırılıb. Onların əsas məqsədi istibdad, muzdur hakimiyyəti geri qaytarmaqdır.

Sözümün son hissəsində İran inqilabından və başqa ölkələrlə bağlı araşdırmalardan əldə olunmuş təcrübələr əsasında bəzi tövsiyələrimi çatdırmaq istəyirəm. Şübhəsiz ki, bütün millət və məmləkətlərin şəraiti eyni deyil. Amma hamı üçün faydalı olacaq müştərək cəhətlər var.

Əvvəla, Allaha təvəkkül, Quranın vədlərinə etimad, düşüncə və şücaətə güvənclə bütün maneələri aşmaq olar. Sizin gördüyünüz iş olduqca böyük və taleyüklüdür. Demək, böyük məqsəd uğrunda böyük zəhmətlərə qatlanmaq da lazımdır. Əmirəlmömininin (ə) Nəhcül-bəlağənin 88-ci xütbəsindəki tövsiyələri bu baxımdan olduqca faydalıdır:

(: فانّ اللَّه لم يقصم جبّارى دهر قطّ الّا بعد تمهيل و رخاء و لم يجبر عظم أحد من الامم الّا بعد أزل و بلاء و فى دون ما استقبلتم من عتب و ما استدبرتم من خطب معتبر)

Mühüm bir tövsiyə budur ki, özünüzü daim meydanda görün: “(İşlərini) Qurtaran kimi (Allah yolunda) çalış!” (Şərh, 7) Həmişə Allahı hazır bilək: “(Ancaq) Rəbbinə üz tut!” (Şərh, 8) Qələbələrdən başımız gicəllənməsin: “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman; Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (Nəsr, 1-3) Bu ayələr mömin bir millət üçün əsl arxadır.

Başqa bir tövsiyəm inqilab prinsiplərinin qorunmasıdır. İnqilabın şüarları və üsulları İslam prinsiplərinə əsaslanmalıdır. İstiqlal, azadlıq, ədalət, təslim olmamaq, irqi və milli ayrıseçkilərə yol verməmək, sionizmin qəti şəkildə rədd edilməsi bugünkü inqilabların sütunudur. Bütün bunlar İslam və Qurandan götürülüb.

Prinsiplərinizi kağız üzərinə yazın, onları həssaslıqla qoruyun. Gələcək üsul-idarənizin necəliyini düşmən təyin etməsin. İslam prinsiplərini ötəri mənafelərə qurban verməyin. İnqilabların yolunu azması şüarlar və məqsədlərdə çaşqınlıqlardan başlayır. ABŞ və NATO, Britaniya, Fransa, İtaliya kimi cinayətkarlara, uzun zaman sərvətlərinizi aralarında bölənlərə inanmayın, onların məqsədlərinə şübhə ilə yanaşın, təbəssümlərinə aldanmayın. Onların təbəssüm və vədləri arxasında fitnəkarlıq və xəyanət gizlənib. Problemlərinizi İslamdan bəhrələnməklə həll edin, düşmənin nüsxələrini rədd edin.

Başqa bir mühüm tövsiyə budur ki, dini, milli ayrıseçkiliklərdən çəkinin. Xalq arasındakı fərqləri rəsmən tanıyın və onları tənzim edin. İslam məzhəbləri arasında anlaşma qurtuluş yoludur. Məzhəbi təfriqə alovunu qızışdıranlar bəzən özləri də bilmədən şeytana muzdurluq edirlər.

Üsul-idarə məsələsi böyük və prinsipial bir məsələdir. Dövlət quruculuğu çətin bir işdir. Laik, liberal, ifrat nasionalist, solçu marksist cərəyanlara yol verməyin.

Solçu Şərq bloku süquta uğradı, Qərb bloku isə müharibələr, fitnəkarlıqlar yolu ilə özünü yaşadır. Zaman onların zərərinə, İslamın isə xeyrinə işləyir. Son məqsəd İslam birliyi, yeni İslam mədəniyyəti, təfəkkür, elm və əxlaq olmalıdır.

Fələstini vəhşi sionizmin cəngindən qurtarmaq böyük hədəfdir. Balkan, Qafqaz, Asiya ölkələri Sovetlər birliyinin əsarətindən qurtuldu. Nə üçün məzlum Fələstin 70 ildən sonra sionizmin zülmündən azad ola bilməsin?!

Bugünkü İslam məmləkətlərində gənc nəsil böyük işlər görməyə qadirdir. Onlar ötən nəsillərin iftixarıdır. Ərəb şairləri bunu gözəl nəzmə çəkib: “Dedilər ki, Əbussəxr Şeyban nəslindəndir. Dedim ki, yox, and olsun ki, Şeyban ondandır. Bir çox atalar olub ki, övladlarına görə adları fəxrlə çəkilib. Necə ki, Ədnan öz şərafət və böyüklüyünü Allah peyğəmbərindən əxz edib.”

Gənc nəslə etimad göstərin, onlarda özünəinam hissini gücləndirin, təcrübələrinizi onların ixtiyarına buraxın. Burada iki mühüm məsələ var: Bunların biri inqilab edib azadlığa çıxmış xalqların əsas istəklərindən biri ölkənin xalq tərəfindən idarə olunmasıdır. Onların istədiyi demokratiya İslam demokratiyasıdır. Burada rəhbərləri xalq seçir və meyar İslam şəriətidir. Bu prinsip müxtəlif ölkələrdə şəraitə görə fərqli şəkildə həyata keçə bilər. Amma diqqətli olmaq lazımdır ki, xalqın istəyini liberal Qərb demokratiyası ilə səhv salmayaq. İslam demokratiyası dini dəyər və prinsiplərdən ayrı deyil. Laik Qərb demokratiyası dini demokratiyadan fərqli bir şeydir.

İkinci məsələ budur ki, islamçılar firqələşməyə, cahilanə təəssübkeşliyə, ifratçılığa yol verməməlidirlər. Dini ifratçılıq amansızlıqla yanaşıdır. Bu xüsusiyyətlər inqilabı əsl hədəflərindən uzaqlaşdırır. İfratçılıq həm də xalqı hərəkatdan ayırır və inqilabı məğlubiyyətə məhkum edir.

Sözümü xülasələşdirirəm. İslam oyanışı qeyri-müəyyən, anlaşılmaz bir mövzu deyil. Mövzu real, tarixi keçmişi olan, qiyam və inqilablarla yadda qalan bir mövzudur. Bu oyanış ən təhlükəli düşmənləri səhnədən çıxarmışdır. Amma yenə də görüləsi işlər var. Söhbətim boyu qeyd etdiyim ayələr kamil və faydalı göstərişlərdir. Bu həssas və taleyüklü dönəmdə onların əhəmiyyəti böyükdür. Ayələrdə Peyğəmbərə xitab olunsa da, Allah hər birimizə müraciət edir. Bu ayələrdə təqva ilk göstərişdir. Sonrakı göstəriş kafir və münafiqlərə boyun əyməmək, ilahi vəhyə istinad etmək, Allaha təvəkkül və etimaddır.

Bir daha bu ayələrə nəzər salaq:

"Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır! Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!" (Əhzab 1-3)

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə