Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Onuncu söz: "Gənclər və İslam oyanışı" Beynəlxalq Konfransının iştirakçıları ilə görüşdə çıxışı: 30 yanvar 2012



Yüklə 0,66 Mb.
səhifə10/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   ...   4   5   6   7   8   9   10   11   12

Onuncu söz: "Gənclər və İslam oyanışı" Beynəlxalq Konfransının iştirakçıları ilə görüşdə çıxışı: 30 yanvar 2012



İnqilabçı gənclər - gələcəyə böyük müjdələrin daşıyıcıları

Siz əziz qonaqların hamısına, əziz gənclərə, İslam ümmətinin gələcəyinə böyük müjdələrin daşıyıcılarına xoşgəldin deyirəm. Sizin hər biriniz böyük bir müjdənin daşıyıcısısınız. Bir ölkənin gəncləri oyandıqda həmin ölkənin ümumi oyanışına ümid artır. Bu gün bütün İslam dünyasında bizim gənclərimiz oyanmışlar. Gənclərin önündə bu qədər problemlər yaradılır, lakin müsəlman, qeyrətli və iradəli gənc özünü bu problemlərdən xilas edir. Siz Tunisdə, Misirdə, Liviyada, Yəməndə, Bəhreyndə nə baş verdiyini görür, digər müsəlman ölkələrdə hansı hərəkətin yarandığını bilirsiniz. Bunların hamısı müjdədir.


Bəşəriyyət beynəlxalq diktatorluğun hakimiyyətindən çıxıb xalqların azadlığına və ilahi dəyərlərin hakimiyyətinə doğru gedən böyük bir tarixi döngədə

Mən siz əziz gənclərə, övladlarıma demək istəyirəm ki, bu gün dünya tarixinin, bəşəriyyət tarixinin böyük bir tarixi döngədə olduğunu bilin. Bütün dünyada yeni bir dövr başlayır. Bu dövrün böyük və aydın əlaməti Allah-Taalaya diqqətdən, tükənməz ilahi qüdrətdən yardım istəməkdən və vəhyə arxalanmaqdan ibarətdir. Bəşəriyyət maddi məktəb və ideologiyalar mərhələsini arxada qoymuşdur. Bu gün insanlar üçün nə marksizm cəlbedicidir, nə Qərbin liberal-demokratiyası, nə də sekulyar nasionalizm. Qərb liberal-demokratiyasının beşiyində, Amerikada və Avropada baş verənləri görürsünüz. Onlar məğlubiyyətlərini etiraf edirlər. Bu gün İslam ümməti arasında ən çox cəlbedicilik İslama, Qurana, vəhy məktəbinə məxsusdur. Allah-Taala söz verib ki, ilahi məktəb, ilahi vəhy və əziz İslam insanı xoşbəxt edə bilər. Bu çox mübarək, mühüm və mənalı məsələdir.


Asılı diktatorlar əleyhinə qiyamın beynəlxalq diktatura əleyhinə qiyama hazırlıq olması

Bu gün müsəlman ölkələrində asılı diktatorlar əleyhinə qiyam başlanmışdır. Bu, beynəlxalq diktatura əleyhinə qiyama hazırlıqdır. Beynəlxalq diktatura fəsadlı və xəbis sionizm şəbəkəsinin və hegemon güclərin diktaturasından ibarətdir. Bu gün beynəlxalq avtoritorizm və diktatura ABŞ diktaturasında, onun ardıcıllarının, təhlükəli və şeytani sionizm şəbəkəsinin diktaturasında təcəssüm olunur. Bu gün bunlar müxtəlif üsul və vasitələrlə bütün dünyada diktatorluq edirlər. Sizin Misirdə, Tunisdə, Liviyada, Yəməndə, Bəhreyndə və digər ölkələrdə gördüyünüz və digər ölkələrdə güclü marağa səbəb olan işlər iki əsrdir bəşəriyyəti sıxıntı içərisində saxlayan bu təhlükəli və zərərli diktaturaya qarşı mübarizənin bir hissəsidir. Qeyd etdiyim bu tarixi döngə belə bir diktaturanın hökmranlığından xalqların azadlığına, mənəvi və ilahi dəyərlərin hakimiyyətinə doğru dəyişiklikdən ibarətdir. Bu baş verəcək. Bunu gözləyin.


Beynəlxalq diktaturanın məğlubedilməz olmaması

Bu, Allahın vədidir: "Allah Ona (dininə) kömək edənə mütləq kömək edər". Allah-Taala təkidlə deyir ki, Ona kömək etsəniz, O da sizə kömək edəcək. Bu, maddi hesablara əsaslanan adi baxışla imkansız görünə bilər. Amma çox şeylər imkansız görünürdü və baş verdi. Siz bir il üç ay bundan qabaq Misir tağutunun belə xar olub devriləcəyini düşünürdünüzmü? Əgər o zaman fəsadlı və asılı Mübarək rejiminin süqut edəcəyi deyilsəydi, çoxları inanmazdı, amma baş verdi. Əgər kimsə iki il öncə Afrikanın şimalinda bu möhtəşəm hadisələrin baş verəcəyini desəydi, əksər adamlar inanmazdılar. Əgər kimsə Livan kimi bir ölkədə bir qrup mömin gəncin sionizm rejimini və onun güclü ordusunu məğlub edəcəyini desəydi, heç kəs inanmazdı, amma bunlar baş verdi. Əgər kimsə şərqdən qərbə qədər hər yerdə İslam Respublikası quruluşunun əleyhinə işləyən bütün bu düşmənliklərə rəğmən, onun otuz il müqavimət göstərib günbəgün güclənəcəyini və inkişaf edəcəyini desəydi, heç kəs inanmazdı, amma baş verdi: "Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Möminlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi". Bu qələbələr ilahi nişanə, Allah-Taalanın bizə göstərdiyi qalib haqq qüvvəsinin əlamətləridir. Xalq meydana çıxanda, biz öz varlığımızı meydana çıxaranda ilahi yardım qəti olacaq. Allah-Taala bizə yolu göstərir: "Bizim uğrumuzda çalışanları (cihad edənləri) mütləq öz yollarımıza (Bizə tərəf gətirib çıxaran yollara) yönəldəcəyik". Allah həm hidayət edir, həm kömək edir, həm uca məqsədlərə çatdırır. Şərti budur ki, biz meydanda olaq.

Bu günə qədər baş verənlər çox böyük hadisələrdir. Qərblilər öz elmi inkişaflarının sayəsində iki yüz il İslam ümmətinə hökmranlıq etdilər, müsəlman ölkələri ələ keçirdilər; bəzilərini birbaşa, bəzilərini dolayısı ilə və yerli diktatorların sayəsində. İngiltərə, Fransa və sonda böyük şeytan olan ABŞ İslam ümmətinə hakim oldu. Bacardıqları qədər İslam ümmətini təhqir etdilər. Sionizm kimi xərçəng vəzisini mühüm bölgə olan Orta Şərqin qəlbinə yerləşdirdilər və onu hər cəhətdən gücləndirdilər. Onlar dünyanın çox mühüm olan bu bölgəsində məqsəd və siyasətlərinin təmin olunduğuna əmin idilər, amma imanlı müsəlman səyi və xalqın fəallığı bütün bu haqsız xəyalları darmadağın etdi, uyğun məqsədlərlə aparılan bütün fəaliyyətləri dayandırdı.
Qlobal hegemonizmin İslam oyanışı qarşısında acizliyi

Bu gün qlobal hegemonizm İslam oyanışı qarşısında aciz qalmışdır. Siz qalibsiniz, qələbə və gələcək sizinlədir. Baş verənlər çox böyük işlərdir, lakin son deyil. Əsas məsələ budur. Bu başlanğıcdır. Müsəlman xalqlar mübarizəni davam etdirib müxtəlif sahələrdə düşməni sıxışdırıb çıxarmalıdırlar.


Hegemonizmlə mübarizənin əzm və iradələr mübarizəsi olması

Mübarizə əzm və iradələrin mübarizəsidir. Hansı tərəfin iradəsi daha güclü olsa, o da qələbə çalacaq. Kim Allah-Taalaya arxalansa, qələbə çalacaq: "Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz!" Əgər ilahi yardımı əldə etsəniz, heç kəs sizə qələbə çala bilməyəcək, daim zəfər çalacaqsınız. Biz böyük İslam ümmətini təkil edən müsəlman xalqların azad, müstəqil, izzətli olmasını, təhqir edilməməsini, İslamın mütərəqqi və uca hökmləri ilə həyatlarını düzəltməsini istəyirik. İslam bunu bacarır. Bizi uzun illər elmi cəhətdən geridə saxlayıblar, mədəniyyətimizi tapdayıblar, müstəqilliyimizi əlimizdən alıblar. Bu gün biz artıq oyanmışıq. Biz elm sahələrini də bir-bir fəth edəcəyik.


İslam Respublikasının İslamın sayəsində və gənclərin səyi nəticəsində inkişaf etməsi

Otuz il öncə İslam Respublikası qurulanda düşmənlər deyirdilər ki, İslam inqilabı qələbə çalsa da, müxtəlif sahələrdə lazımi idarəçiliyə qadir olmayacaq və geri çəkiləcək. Bu gün bizim gənclərimiz İslamın sayəsində elə böyük elmi işlər görmüşlər ki, keçmişdə təsəvvür belə etməzdilər. Bu gün Allah-Taalaya arxalanmağın sayəsində iranlı gənc böyük elmi işlər görür: uranı zənginləşdirir, kök hüceyrələr istehsal edir, böyüdür, ekotexnologiyada böyük nailiyyətlər əldə edir, kosmosa gedir. Bunların hamısı Allah-Taalaya arxalanmağın və "Allahu-Əkbər" şüarının nəticəsidir.


Mədəni hücuma dair iki yanlış təsəvvür

Biz öz gücümüzə əhəmiyyətsiz yanaşmayaq. İki yanlış və sapqın təsəvvür Qərb mədəniyyətinin müsəlman ölkələrinə idxal etdiyi ən böyük viruslardan idi. Bunların biri müsəlman xalqlara gücsüzlük təlqinidir. Onlar inandırdılar ki, siz nə siyasətdə, nə iqtisadiyyatda, nə də elmdə bir şey bacarırsınız. Dedilər ki, siz zəifsiziniz. Biz müsəlmanlar on illər boyu bu səhv inamla yaşadıq və geridə qaldıq. Bizə köçürülən ikinci təlqin və inam düşmənlərimizin qüvvəsinin sonsuz və məğlubedilməz olmasıdır. Belə başa salmışdılar ki, Amerikanı məğlub etmək olmaz, Qərbi güzəştə vadar etmək olmaz və biz onların qarşısında sakit qalıb dözməyə məcburuq.

Bu gün müsəlman xalqlar bu iki inamın çox yanlış olmasını anlamışlar. Müsəlman xalqlar inkişaf edə, bir zaman fəxrin, elmi, siyasi və ictimai nailiyyətlərin zirvəsində duran İslam əzəmətini və şöhrətini yeniləməyi bacararlar və düşmən bir çox sahələrdə geri oturmağa məcburdur.
İslam və mənəviyyat əsri

Bu əsr İslam əsri, mənəviyyat əsridir. İslam məntiqiliyi, mənəviyyatı və ədaləti bir yerdə xalqlara hədiyyə edir. Məntiq İslamı, təfəkkür və düşüncə İslamı, mənəviyyat İslamı, Allah-Taalaya diqqət və təvəkkül İslamı, cihad İslamı, iş İslamı, hərəkət İslamı - bunlar Allah-Taalanın və İslam təlimlərinin bizə öyrətdikləridir.


İslam oyanışı qarşısında düşmənin təxribatı

Bu gün əhəmiyyətli olan bir məsələ budur ki, düşmən Misirdə, Tunisdə, Liviyada və digər region ölkələrində aldığı zərbələrə qarşı plan və təxribat hazırlayır. Düşmənin təxribatlarına diqqət yetirmək lazımdır. Ehtiyatlı olmaq lazımdır ki, xalqın inqilablarını onlardan oğurlamasınlar, yolları döndərməsinlər. Digərlərinin təcrübələrindən istifadə edin. Düşmən inqilabları yayındırmaq, hərəkətləri zərərsizləşdirmək, mübarizələri və tökülən qanları nakam qoymaq üçün çoxlu işlər görür. Ehtiyatlı və sayıq olmaq lazımdır. Siz gənclər bu hərəkətlərin mühərrikisiniz, sayıq və diqqətli olun.


Mübariz xaqlar üçün ilahi yardım vədi

Bu otuz iki ildə bizim çoxlu təcrübələrimiz olmuşdur. Biz otuz iki ildir düşmənlərlə mübarizə aparır, müqavimət göstərir və düşmənlərə qələbə çalırıq. Qərbin və ABŞ-ın İslam Respublikası əleyhinə işlədə bildiyi, amma işlətmədiyi heç bir təxribat yoxdur. Hansı işi görməmişlərsə, bacarmadıqlarına görə görməmişlər. Nə bacarmışlarsa, etmiş və hamısında iflasa uğramışlar. Bundan sonra da belə olacaq. Bundan sonra da İslam Respublikası əleyhinə aparılan bütün təxribatlar iflasa uğrayacaq. Bu, Allahın bizə vədidir və biz buna şübhə etmirik.

Biz ilahi vədin doğruluğuna şübhə ilə yanaşmırıq. Biz Allah-Taalaya qarşı bədgüman deyilik. Allah-Taala ona qarşı bədgümanlıq edənləri məzəmmət edir: "(Cihad əmri həm də ona görədir ki) Allah Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!" Allah-Taalanın vədləri doğrudur. Biz meydanda və mübarizənin içində olduğumuza görə - İran xalqı özünün bütün imkanlarını meydana gətirmişdir - bilirik ki, ilahi yardım qətidir. Bütün ölkələrdə belədir, lakin sayıq olmalıyıq. Bizim hamımız sayıqlıq göstərməli və düşmənin hiylələrinə diqqət yetirməliyik. Düşmən hərəkətləri zərərsizləşdirmək və ixtilaf yaratmaq istəyir.
Məzhəb və milliyyətlərin fövqündə duran, müştərək məqsədlərə xidmət edən İslam hərəkatı

Bu gün İslam dünyasında İslam hərəkatı şiə və sünni tanımır; şafei, hənəfi, cəfəri, maliki, hənbəli və zeydi tanımır; ərəb, fars və ya başqa bir milliyyət tanımır. Bu möhtəşəm meydanda hamı var. Çalışaq düşmən bizim aramıza təfriqə salmasın. Hamımız bir-birimizlə qardaş olaq və məqsədi müəyyən edək. Məqsəd İslamdır, Quran və İslam hökumətidir. Əlbəttə, İslam ölkələri arasında müştərək və həmçinin fərqli məsələlər vardır. Bütün müsəlman ölkələri üçün heç bir vahid örnək yoxdur. Müxtəlif ölkələrdə coğrafi, tarixi və ictimai şəraitlər də müxtəlifdir. Lakin bununla yanaşı, müştərək prinsiplər vardır: hamımız hegemonluğa düşmənik, hamımız Qərbin xəbis hökmranlığı və istismarı ilə müxalifik, hamımız xərçəng vəzisi olan İsrailin varlığı ilə müxalifik.


İsrailin və ABŞ-ın maraqlarına uyğunluq yanlış meyardır!

Harada İsrailin və ABŞ-ın xeyrinə bir işin görüldüyü hiss olunsa, orada sayıq olmalıyıq. Bilməliyik ki, bu hərəkət əcnəbi hərəkətdir, yad hərəkətdir, doğma deyil. Harada hərəkət İslam hərəkəti, antisionist, antihegemon, antiavtoritorizm və antifəsad hərəkəti olsa, deməli, düzgün hərəkətdir. Belə olan halda hamımız doğmayıq, daha şiə, yaxud sünni olmağımız, bu və ya digər ölkədən olmağımız fərq etmir; hamımız eyni cür fikirləşməliyik.


Düşmənin Bəhreyn xalqını təcrid etməyə çalışması

Baxın, gözümüzün önündə olan bir misal budur ki, bu gün dünyanın bütün media şəbəkələri Bəhreyn xalqını və onların hərəkətini təcrid etməyə çalışırlar. Bu işdə məqsəd nədir? Məsələ şiə-sünni məsələsi olduğuna görə ixtilaf yaratmaq, ayrılıq salmaq və xətt çəkmək istəyirlər. Bu və ya digər İslam məzhəbinə təmayülü olan müsəlman və möminlər arasında heç bir fərq yoxdur, hamının müştərək cəhəti İslam, İslam ümməti və onun birliyidir. Hərəkətin qələbə sirri Allah-Taalaya təvəkkül etmək, güvənmək və birliyi qorumaqdır.


Müqavimət - qələbə rəmzi

Mənim əzizlərim! Mənim övladlarım! Ehtiyatlı olun düşmən hərəkətinizi dayandırmasın. Allah-Taala Quranın iki yerində Peyğəmbərə (s) buyurur: "Əmr olunduğun kimi möhkəm dayan". Müqavimət göstərmək, duruş gətirmək, yolu davam etdirmək və dayanmamaq lazımdır.


Gələcəyin aydın üfüqləri

İrəliyə getməliyik. Bu hərəkət uğurlu hərəkətdir, onun aydın üfüqləri var. Gələcək çox işıqlıdır. Elə bir gün gələcək ki, İslam ümməti Allahın qüvvə və qüdrəti ilə iqtidar və istiqlaliyyətin zirvəsinə yüksələcək, müsəlman xalqlar öz özəlliklərini, öz fərqlərini qorumaqla yanaşı, Allaha və İslama dəvətin vahid çətri altına girəcəklər, hamı bir olacaq. O zaman İslam ümməti öz izzətini əldə edəcək.

Bizim ölkələrimizdə yeraltı sərvətlər var, strateji zonalar var, çoxlu təbii imkanlarımız, dəyərli insanlarımız var, mütərəqqi və istedadlı kadrlarımız var. Biz iradə göstərməliyik, Allah-Taala da inşallah bu iradəyə bərəkət verəcək.

Mən siz gənclərə deyirəm ki, gələcək sizə məxsusdur. Siz gənclər Allahın qüvvə və qüdrəti ilə, Allahın izni ilə o günü görəcək və inşallah öz nailiyyətlərinizi özünüzdən sonrakı nəsillərə təhvil verəcəksiniz.

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə