Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Beşinci söz: "Müsəlman Ölkələrinin İslam Birliyi" Beynəlxalq Konfransının on doqquzuncu toplantısında iştirak edən alim və mütəfəkkirləri ilə görüşdə çıxışı: 21 avqust 2006



Yüklə 0,66 Mb.
səhifə5/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   2   3   4   5   6   7   8   9   ...   12

Beşinci söz: "Müsəlman Ölkələrinin İslam Birliyi" Beynəlxalq Konfransının on doqquzuncu toplantısında iştirak edən alim və mütəfəkkirləri ilə görüşdə çıxışı: 21 avqust 2006



İslam dünyasının gələcəyinin müsəlman elitanın proqramlarından asılı olması

Buraya təşrif buyurmuş bütün qardaş və bacılara xoşgəldin deyir, sonuncu peyğəmbərin, əzəmətli rəsulun və bəşər tarixinin nurunun peyğəmbərlik məqamına nail olduğu gün münasibəti ilə sizi təbrik edirəm. Həmçinin sizi və bütün müsəlmanları Livanda sionizm rejimi ilə vuruşan qardaşlarımızın əslində İslamın zəfəri sayılan parlaq qələbəsi münasibəti ilə də təbrik edirəm. Bizim bu qardaşlarımız Livanın cənubunda sionist təcavüzkarlarla qarşıdurmada İslam ümmətinin ön xəttini təşkil edirlər.

Bu məclis çox mühüm və əzəmətli məclisdir. Siz bütün İslam dünyasından buraya toplaşmısınız. Şübhəsiz, İslam dünyasının gələcəyinin necə olacağını onun elmi, dini və siyasi elitasının proqramlarından bilmək olar. Buraya toplaşanlar və İslam dünyasının digər dəyərli şəxsiyyətləri İslam ümmətinə haqqı görən və dərdi bilən gözlə baxıb çarə qılmağa çalışsalar, ümmətin gələcəyi yaxşı olacaq. Əgər biz öz vəzifələrimizi bilməsək, yaxud onlara əməl etməsək, İslam dünyası hələ uzun illər bu dərdlərə düçar olacaq. Bizim vəzifəmiz ağırdır.
İslam dünyasının problemlərinin həlli: İslam birliyi

Sizin konfransınızın mövzusu qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqlardır. Təbii ki, bu, mühüm mövzudur. İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyası və İslam dünyasının görkəmli şəxsiyyətləri bu haqda düşünməli və proqram hazırlamalıdırlar. Mən sizin bu sahədə gördüyünüz işləri yüksək qiymətləndirir və burada bir məqama toxunmaq istəyirəm. O məqam budur ki, İslam dünyasında bizim birinci problemimiz ümmətin birliyidir. Əgər biz düşmənin hiyləsinə üstün gəlib onun təfriqə planlarını zərərsizləşdirə bilsək, müsəlman azlıqların problemləri daxil çoxlu problemlərimiz aradan qalxacaq.

Biz ölümcül bir xəstəliyə tutulmuşuq, çalışıb onu özümüzdən uzaqlaşdırmalıyıq. İslam dünyasında olan ixtilaflar, uyğunsuzluqlar və düşmənliklər çox təhlükəli xəstəliklərdir.
Düşmənlərin müsəlmanlar arasında ixtilaf yaratmağa çalışması

Mən sizə deyirəm: Əgər keçmiş zamanlarda bu xəstəlik İslam dünyasında və İslam ümmətində təbii şəkildə yaranmışdısa, bu gün onu siyasi məqsədlə və ciddi şəkildə gücləndirməyə çalışırlar. Biz onun nümunələrini İslam dünyasında görür və dəhşətə gəlirik. Biz xarici düşmənlərdən qorxmuruq, Amerikanın və hegemon güclərin heybəti indiyədək bizi qorxuda bilməmişdir. Ədavətli təbliğat hücumları, siyasi, hərbi və iqtisadi hücumlar bizi əsla mövqeyimizdən çəkindirməyib və çəkindirməyəcək. Lakin İslam dünyasının bu daxili xəstəliyi bizi lərzəyə salır və qorxudur. Buna çarə tapın.


İslam Respublikasının uğurlarından sonra düşmənlər tərəfindən ixtilafın gücləndirilməsi

İranda İslam bayrağı ucalandan və İslamın məqsədlərini həyata keçirməyə çalışan İslam Respublikası qurulandan sonra İslam düşmənləri dəqiq ixtilaf planı hazırladılar və indi icra edirlər. Müsəlmanlar şərəf və ucalıq hiss etdikdə, İslam bayrağını ucaltmağın mümkünlüyünü gördükdə, onlarda İslam kimliyi hissi oyandıqda, müsəlman kütlələr hər yerdə İslam şüarı verdikdə bu böyük İslam regionunda hegemonizmin maraqları üçün ciddi təhlükənin yarandığını və onların təcavüzkar maraqlarını hədəflədiyini anladılar.


İslam dünyasının imkanlarından istifadə edərək müstəmləkənin təsirinin qarşısını almaq

İslam dünyası özünün təxminən bir milyard yarım əhalisi, sahib olduğu çoxlu coğrafi, təbii və insani resursları və misilsiz sərvətləri ilə böyük və vahid bir toplumu təşkil edə bilər. Bu gün iki yüz ildən artıqdır ki, Qərb müstəmləkəsi bu regionda cibini doldurur; həm müstəmləkə dövründə, həm yeni müstəmləkə dövründə, həm də müasir dövrdə. İndi bu bölgə hegemon dünyanın və birinci növbədə ABŞ-ın siyasi məqsədlərinə xidmət edir. Əgər İslam ümməti bir olsa, İslam öz qüdrətini sözün həqiqi mənasında göstərə bilsə, İslam müstəqilliyi və həqiqi müstəqillik bu regionda sözün həqiqi mənasında həyata keçsə, düşmənin iqtisadi, siyasi və mədəni hökmranlığına son qoyulmuş olacaq. Onlar bunu istəmir və bütün vücudları ilə bunun qarşısını almağa çalışırlar. Onların tapdığı yol ixtilaf yaratmaqdır və bu xəstəlik təəssüf ki, İslam dünyasının canına işləmişdir. Mən sizdən xahiş edirəm ki, bu məsələ barədə ciddi düşünün.


Birlik mövzusunun əhəmiyyəti

Biz İslam birliyinin adını çox çəkir və hamımız İslam birliyindən, İslam qardaşlığından dəm vururuq, əməldə də İslam dünyasının görkəmli şəxsiyyətləri həqiqətən qardaşlıq hiss edirlər. Bu qardaşlıq hissi indi bu məclisdə də açıq sezilir. Biz hamımız bir-birimizi özümüzdən bilir və aramızda fərq qoymuruq. Bu həqiqətdir. Lakin bizim münasibətlərimiz İslam ölkələrinin siyasi kurslarının, iqtidar və xalqlarının münasibətlərini əks etdirmir. Düşmənlər İslam ümməti arasında ixtilaf toxumu səpirlər və ixlassız siyasətçilər, yanlış təəssübkeşliklər, İslam dünyasının geniş üfüqlərinə baxmamaq və məhdud fikirlərə qapılmaq bu təəssübkeşliklərin inkişafına zəmin yaradır.

Bəzi dostlar İraq haqda danışdılar. Görün İraqda nə baş verir. Bu gün İraqda və bəzi ölkələrdə sünni və şiə qardaşlar bir-birinin qarşısında dayanır və ibadət niyyəti ilə bir-biri ilə vuruşurlar. Nə üçün? Bu batil fikirləri bunlara kim köçürüb? Axı bunlar İslamdan deyil!
İslam dünyasının görkəmli şəxsiyyətlərinin birlik xartiyası yazmasının zəruriliyi

Gəlin İslam birliyini həyata keçirin, İslam dünyasının bütün alimlərinin, ziyalılarının, bütün ixlaslı siyasi xadimlərinin təsdiqləyəcəyi və həyata keçirməyə çalışacağı bir xartiya hazırlayın və ondan sonra heç bir müsəlman başqa bir məzhəbdə, başqa bir cinahda olub tövhid kəlməsini söyləyən adamı kafir elan etməyə cürət etməsin və qardaşlar bir olsunlar.


Düzgün birlikdə məqsəd

İslam birliyi dedikdə məqsədimiz İslam etiqadlarının və məzhəblərinin bir olması deyil. İslam məzhəblərinin və etiqadlarının, kəlam və fiqh baxışlarının - hər bir firqənin öz etiqadı var və olacaq - toqquşduğu yer elmi arenadır, fiqh və kəlam araşdırmalarıdır. Fiqh və kəlam fərqlərinin real həyatda və siyasətdə heç bir təsiri olmaya da bilər. İslam dünyasının birliyi dedikdə məqsədimiz qarşıdurmanın olmamasıdır: "Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiniz!" Yəni çəkişmə və ixtilaf olmasın.


Qurani-kərimin Allaha iman və tağuta küfrlə Allah ipinə sarılmağa dəvəti

Quran buyurur: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın!" Allah ipinə sarılmaq hər bir müsəlmanın vəzifəsidir. Amma Quran bunu əmr etməklə kifayətlənmir, bizə deyir ki, Allah ipinə sarılmaq işini cəmiyyətlə birgə edin; yəni hamılıqla sarılın. Bu toplaşma və bu birlik başqa bir vacib əməldir. Buna əsasən, müsəlman Allah ipinə sarılmaqdan əlavə, həm də bu işi digər müsəlmanlarla birgə və onlarla əlbir şəkildə görməlidir. Biz bu işi düzgün tanıyaq və ona əməl edək. Quranın şərafətli ayəsi buyurur: "Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur". Bu ayə bizə Allah ipinə sarılmağı izah edir. Allah ipinə sarılmaq necə olur? Allaha imanla və tağuta küfrlə.


ABŞ – dünyanın ən böyük tağutu

Bu gün dünyada ən böyük tağut Amerika Birləşmiş Ştatları rejimidir. Sionizmi də o yaradıb və o dəstəkləyir. Amerika qabaqkı ən böyük tağut olan İngiltərənin xələfidir. Bu gün Amerika Birləşmiş Ştatları rejiminin, onun həmfikir və müttəfiqlərinin təcavüzü İslam dünyasını çətin duruma salmışdır. İslam dünyası öz inkişafında, mövqeyində, maddi və mənəvi tərəqqisində ABŞ-ın, onun həmfikir və müttəfiqlərinin təzyiqi altındadır. Sionizm rejiminin son bir ayda etdiyi və Hizbullahın böyük müsəlman qəhrəmanlığı və ilahi yardımla nəticələnən təcavüzündə ABŞ açıq şəkildə müharibəyə qoşuldu. Yalnız söz, pul və siyasi dəstəklə kifayətlənmədi, sionizm rejiminə silah göndərdi, kömək etdi. Bu müharibəni əslində amerikalılar istədilər və onlar başladılar. Bu gün ən böyük tağut amerikalılardır.


Tağuta küft etmədən möhkəm ipə sarılmağın imkansız olması

İslam ümmətinin bir çox qüvvələrində Allaha iman var, lakin tağuta küfr yoxdur. Tağuta küfr etmək lazımdır. Tağuta küfr olmadan Allahın möhkəm ipinə sarılmaq imkansızdır. Biz ölkələri, hökumətləri və xalqları Amerika ilə müharibəyə səsləmirik. Biz onları Amerikaya təslim olmamağa çağırırıq. Biz onları İslam və müsəlmanların düşməni ilə əməkdaşlıq etməməyə dəvət edirik. Əməkdaşlıq etməməyin bir forması budur ki, onun İslam ümmətinin birliyini pozmaq istiqamətindəki təhriklərinə fikir verməsinlər, İslam ümmətini və onun birliyini qorusunlar.


Elmi və siyasi inkişafın birlikdən asılı olması

Bizim fikrimizcə, bu gün İslam dünyasının ən mühüm məsələsi birlik məsələsidir. Əgər bu birlik baş tutsa, biz elmi inkişafa da nail ola bilərik, siyasi inkişafa da. Siz görürsünüz ki, İslam dünyasının düşmənləri İranın nüvə enerjisi işinə nə qədər təzyiq göstərirlər. Onlar bilirlər ki, biz atom bombası düzəltmək istəmirik. Onlar bu ölkənin elmin inkişafından, bir İslam ölkəsində texnologiyanın inkişafından narahat olurlar. Bu İslam ölkəsi ABŞ-ın siyasətlərinə təslim olmadığını, ondan qorxmadığını göstərmişdir. Onlar bu müsəlman ölkəsinin dünyanın bugünkü ən mühüm texnologiyasına - yəni nüvə texnologiyasına malik olmasını istəmirdilər. Onlar buna görə təzyiq göstərirlər və sözsüz ki, biz öz qərarımızı vermişik. İran xalqı inqilabdan sonrakı 27 il ərzində topladığı təcrübədən başa düşür ki, düşmənlərin hiyləsindən yeganə qurtuluş yolu Allaha təvəkkül etmək, dözümlülük və çalışqanlıqdır. Biz bu günə qədər bu yolla getmiş və şirin səmərələrini dadmışıq. Allahın yardımı və qüvvəsi ilə onu var gücümüzlə davam etdirəcək və nəticələrini də görəcəyik.


İslam dünyasının dövlət rəsmilərinin və görkəmli şəxsiyyətlərinin İslam oyanışı qarşısında vəzifəsi

Əziz qardaş və bacılar! Bu gün İslam dünyası müstəsna bir vəziyyətdədir. Demək olar ki, əsrlərdir İslam dünyası üçün belə bir fürsət yaranmır. Bu gün bizim önümüzdə çox böyük imkan vardır. İslam xalqları oyanmışlar, İslam oyanışı dalğası İslam dünyasının hər tərəfinə yayılmışdır, müsəlman xalqlar öz hüquqlarına vaqif olmuşlar, bir çox İslam rəhbərləri bildirməsələr də, öz daxillərində hegemonluğa ədavət və nifrət bəsləyirlər. Biz bunu görürük. Bir çox İslam ölkələrində başçılar, rəhbərlər, siyasətçilər və məmurlar ABŞ-ın və hegemon qüvvələrin rəftarından təngə gəlmişlər. Bu, İslam dünyası üçün böyük bir fürsətdir. Bu fürsətdən istifadə etmək lazımdır. Siyasətçilərin üzərinə bir vəzifə düşür, elmi və mədəni rəhbərlərin üzərinə bir vəzifə. İkinci vəzifə birinci vəzifədən az əhəmiyyətli deyil. İslam alimlərinin, İslam dünyasının ziyalı və müəllimlərinin, İslam dünyasının görkəmli mütəfəkkirlərinin, xalq tribunalarına malik olan və öz xalqlarında ictimai rəy formalaşdıra bilən şəxslərin üzərinə böyük vəzifələr düşür. Onlar İslam dünyasında xalqın gücünü və milli qüdrəti insanlara düzgün başa salmalıdırlar.


Fələstin problemi müstəmləkəçilərin İslam dünyasına təlqin etdiyi acizlik hissinin nəticəsidir!

Müstəmləkə dövründən indiyədək bir neçə əsrdir hegemon düşərgə müsəlman xalqlara başa salmaq istəyir ki, siz bir iş görə bilməzsiniz, sizin bizimlə mübarizə gücünüz yoxdur. Müstəmləkəçilik bu məsələni uzun müddət müsəlman xalqların çoxuna inandıra bilmiş, bəzi siyasətçilərin xəyanəti də buna kömək etmişdir. Bu yanlış inamın nəticəsi böyük problemlər və birinci növbədə şərafətli Qüds və Fələstin problemi olmuşdur.

İslam evi olan və müsəlmanların ilk qibləsinin yerləşdiyi Fələstin artıq altmış ilə yaxındır öz sahibləri olan müsəlmanların əlindən alınmışdır. Fələstinlilər ya başqa ölkələrə didərgin düşmüş, ya da öz evlərində çox həyasızcasına oturan və İslam düşmənləri tərəfindən dəstəklənən iddiaçı işğalçının təzyiqi altında qalmışlar. Bu böyük qüssə və fəlakət müsəlmanların öz güclərini yaddan çıxarmalarına görə baş verdi. Əgər bu gün İslam dünyasında olan bu oyanış miladi tarixi ilə otuzuncu və qırxıncı illərdə yaransaydı, Fələstin hadisəsi baş verməz və işğalçı İngiltərə hökuməti bir müsəlman ölkəsini xalqı ilə bir yerdə zəbt edib başqa bir əcnəbiyə tapşırmağa cürət etməzdi. Düşdüyümüz ziyanları bu gün tədricən düzəltməliyik. Bu iş proqramla, ağıl və düşüncə ilə, güclü iradə ilə həyata keçə bilər. İslam dünyası təslimçiliyə meyllə heç zaman öz məqsədlərinə çata bilməz; düşməndən qorxmaqla və xalqın qüvvəsinə inamsızlıqla İslam dünyasının və İslam ümmətinin məqsədləri heç zaman həyata keçməz.
Müsəlman xalqların qüvvəsi - əcnəbilərin məğlubiyyət amili

İslam ölkələrində gördüyünüz bu milyonluq izdihamlar möhtəşəm qüdrətə malikdir. Əgər bu qüdrət aktiv olsa, onun qarşısında heç bir əcnəbi güc dayana bilməz. Nümunəsi bu hadisədir. Allah-Taala bizə bəhanə yolunu bağladı. Livan hadisəsi və Hizbullahın "Dəfələrlə olub ki, az bir dəstə Allahın izni ilə çoxlu bir dəstəyə qalib gəlib! Allah dözümlü olanlarladır!" ayəsinin real nümunəsi olan aydın qələbəsi bəhanə yolunu bağladı. Əlbəttə, İslam düşmənləri xalqın potensialını inkar və siyasətçiləri öz xalqlarının gücünə inamsız etdilər. Fikrimizcə, bizim mərhum imamımızın ən böyük hünərlərindən biri xalqın gücünü tanımaq, kəşf etmək, ondan bəhrələnmək və xalqa inanmaq idi.

İnqilabın qələbəsindən öncə İranın vəziyyəti yaxşı deyildi. Xalq başlı-başına qalmışdı, düşmənlər ona hakim idi. Bura İsrailin bazası və sionizm rejiminin başçılarının istirahət mərkəzi idi. Onlar gəlib aparırdılar, yeyirdilər, siyasi və maliyyə baxımından istifadə edirdilər. Bəzi ərəb ölkələri neftdən İsrail əleyhinə təzyiq vasitəsi kimi istifadə etmək istəyəndə İran şahı sionistləri arxayın edib dedi ki, mən sizə neft verəcəyəm. O zaman İran belə idi, heç kəsdə ümid qalmamışdı. Bizim mərhum imamımız böyük iradə ilə bu mübarizəyə başlayanda xalqdan başqa heç bir qüvvəsi yox idi. O bu qüvvəyə inandı, arxalandı və Allah-Taala da – hər şey Allahın əlindədir: "Neçə dəfə olub ki, azsaylı bir dəstə Allahın izni (iradəsi) ilə çoxsaylı bir dəstəyə qalib gəlib! Allah dözümlü olanlarladır!" – ürəkləri yönəltdi. Ürəklər buna yönələndə qüvvələr meydana çıxdı, tağut rejimi və asılı şah hakimiyyəti silkələndi və İslam quruluşu yarandı. Biz İslam dünyasının ən həssas nöqtəsində və dörd yol ayrıcındayıq. Bu regionda ABŞ-ın və hegemonizmin əsas etimad nöqtəsi şah rejimi idi.

Xalqın gücünü tanımaq lazımdır. Bu güc möhtəşəmdir. Bu potensialı işlətmək üçün iradə, əzmkarlıq, ixlas və mücahidlik lazımdır. Əgər xalq meydana atılsa, siyasətçi və rəhbərlər ölkələrinin milyonluq izdihamlarına yaxınlaşsalar, onların qarşısında heç bir qüvvə dura bilməz, onlara heç bir təhdid təsir etməz. Əlbəttə, çalışmadan və çətinliklərə dözmədən insan nəyəsə nail ola bilməz. İslam ümməti özünün uca məqsədlərinə çatmaq üçün çətinliklərə dözməyi bacarmalıdır. Bunlar bu gün İslam dünyasında bizim mühüm vəzifələrimizdir.


Ümidsizlikdən və ixtilafdan çəkinməyin zəruriliyi

Allaha şükür edirik ki, çoxlu müsəlman xalqları, görkəmli şəxsiyyətləri, alimləri və aparıcı şəxsləri doğru yola hidayət etmişdir. Əsas məsələ budur ki, xalqları ümidsizliyə qapılmağa, gələcəyi qaranlıq görməyə qoymayın. Hegemonizmin öz heybəti ilə bizi qorxutmasına və ixtilafın bizi gücdən salmasına qoymayın. Bu gün ABŞ və İngiltərənin sözləri təəssüf ki, İslam dünyasının bəzi siyasətçiləri tərəfindən də təkrarlanır. Onların istədiklərini təkrar edir, şiə və sünni fərqlərini, İslam dünyasının firqə ixtilaflarını qızışdırırlar. Bu, İslam düşmənlərinin istəyinə tamamilə uyğundur. Bununla mübarizə aparmaq lazımdır.


Təhdidləri zərərsizləşdirən müqavimət amili

Allah-Taaladan istəyirik ki, bizim hamımızı Özünün razı olduğu işlərə müvəffəq etsin və vəzifəmizi yerinə yetirməkdə bizə yardımçı olsun. Biz İslam Respublikasında ilahi vədlərin həyata keçməsinə bütün vücudumuzla sevinir və bunu bir-birinin ardınca görürük. Düzdür, bizi hədələyirlər, lakin hədələr həmişə var, yeni bir şey deyil. İnqilabın əvvəlindən İslam Respublikasını hədələyirlər və İslam Respublikası öz müqaviməti ilə bu hədələri zərərsizləşdirə bilmişdir. Bundan sonra da belə olacaq və hədələr zərərsiz qalacaq. Müsəlman ölkələrindən hansı biri hegemonizmin təhdidləri önündə dayansa və özünü itirməsə, qələbəni və ilahi vədlərin həyata keçməsini öz gözü ilə müşahidə edəcək.

Biz bütün İslam ümmətinə, İslam dünyasının bütün elmi və siyasi rəhbərlərinə qardaşlıq əli uzadırıq. Onlardan istəyirik ki, bu qardaşlıq rabitəsini daha da gücləndirsinlər. Ümidvarıq Allah-Taala İslam dünyasının gözünü müxtəlif sahələrdə daha artıq qələbələrlə işıqlandırsın!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə