Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


İkinci söz: Böyük ibadi-siyasi konfrans olan Həcc mərasimi münasibəti ilə müraciət: 23 aprel 1996



Yüklə 0,66 Mb.
səhifə2/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   2   3   4   5   6   7   8   9   ...   12

İkinci söz: Böyük ibadi-siyasi konfrans olan Həcc mərasimi münasibəti ilə müraciət: 23 aprel 1996



Həcc - təqva, mənəviyyat, xeyir və bərəkətin çağlar bulağı

Təqva, mənəviyyat, xeyir və bərəkətin çağlar bulağı olan həcc hər il öz bərəkətini İslam dünyasına və bu səadətə nail olan müsəlmanların hər birinə sarı yönəldir, hər kəs və hər bir toplum öz çıxarı və qabiliyyəti qədərincə ondan bəhrələnir.

Hörmətli Allah evinin hacıları bu bərəkətli bulaqdan faydalanan yeganə şəxslər deyillər. Əgər bu böyük vacib əməl düzgün tanınsa və ona düzgün əməl olunsa, dünyanın hər bir yerində olan müsəlman insanlar və xalqlar onun xeyirlərindən istifadə edərlər.
Cəmiyyətləri təhdid edən iki amil: daxili istək və zəifliklər və düşmənlər

Fərd və cəmiyyətlər həmişə iki amildən ziyan görürlər: biri mənfi cəhətlərdən, nəfsdən, zəiflikdən, imansızlıqdan və dağıdıcı xislətlərdən ibarət olan daxili amillərdən, ikincisi isə azğınlıq, tamahkarlıq, təcavüz və yırtıcılıq səbəbindən insanları və xalqları fəlakətə salan, onlara bədbəxtlik gətirən, müharibə, zülm və zorakılıqla onların bəlasına çevrilən xarici düşmənlərdən.

Müsəlmanlar - istər fərd və istər xalqlar həmişə bu iki təhdid altındadırlar. Bu gün bu təhdid həmişəkindən çoxdur. İslam ölkələrində bir tərəfdən fəsadın qəsdən yayılması, bəzi asılı rejimlər tərəfindən təbliğ olunan, fərdi rəftardan tutmuş şəhərsalma formasına, ictimai həyata, mətbuata və digər sahələrə qədər hər şeyi əhatə edən Qərb mədəniyyətinin sırınması, bir tərəfdən də bəzi müsəlman xalqlara edilən hərbi, siyasi və iqtisadi təzyiqlər, Livan, Fələstin, Bosniya, Kəşmir, Çeçenistan, Əfqanıstan və digər ölkələrdə törədilən qırğınlar İslam cəmiyyətlərində bu iki təhdidin olmasına bariz nümunələrdir.

Həcc - daxili amillərin və xarici düşmənlərin təhdidlərini dəf edən amil

Həcc - daim axan çay və böyük ilahi nemətdir. Müsəlmanlar üzərlərindəki əziyyət və məşəqqət tozunu, çirkab və xəstəliklərini həmişə onda təmizləyə və bu əbədi ehtiyatın köməyi ilə sözügedən iki zəif cəhəti hər zaman özlərindən uzaqlaşdıra bilərlər.

Həcdə təqva, zikr, qəlbin hüzuru və Haqq-Taalaya diqqət və təzim elementi birinci təhdidlə mübarizəni, böyük İslam ümmətinin birliyi, əzəmət və qüdrət hissi isə ikinci təhdidlə mübarizəni öhdəsinə götürür.

Həcdə bu iki cəhət nə qədər gücləndirilsə, müsəlmanların və İslam cəmiyyətlərinin həmin iki təhdid qarşısında duruşu və mühafizəsi də güclənəcək. Bu iki cəhətdən biri, yaxud hər ikisi nə qədər zəifləsə və ya sıradan çıxsa, İslam ümməti - istər fərdlər, istər xalqlar və ölkələr bir o qədər ziyan görəcəklər.

İslamın müqəddəs şəriətində və Qurani-kərimdə həccin hər iki cəhətinə toxunulmuş, görən gözlər və insaflı qəlblər üçün şübhə yeri saxlanmamışdır. "Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin!" fərmanının kənarında "Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş: Allah və Onun Peyğəmbəri müşriklərdən üz çevirmişlər" əmri gəlmiş və "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!) Yaxşılıq (ehsan) edənlərə müjdə ver!" hikmətli və şərafətli cümləsinə uyğun olaraq ümidverici "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar" nəğməsi nazil olmuşdur.

Bu iki cəhətin hər hansı birini zəiflətmək, yaxud kənara qoymaq məqsədi ilə edilən hər bir tövsiyə, təbliğat və səy Qurani-kərimin ayə və fərmanlarına qarşı çıxmaqdır.

İslam ümməti üçün heç bir ziyan müsəlmanların və bütün bəşəriyyətin əbədi həyat ehtiyatı olan İslam təlimlərinin onların dini və siyasi rəhbərləri tərəfindən unudulmasından və xalqın ondan istifadə imkanının alınmasından ağır ola bilməz.

Həcc bu əbədi ehtiyatlardan biridir. Onu yaxşı tanımaq və İslam ümmətinə ondan daha çox istifadə imkanı yaratmaq bütün müsəlmanların borcudur.


İslam dünyasının qarşısında duran dağıdıcı təhdidlər

Bu gün İslam dünyası böyük və təhlükəli problemlərlə qarşı-qarşıya qalmışdır. Əgər müsəlmanlar iman, mübarizə ruhu, Allaha təvəkkül, güclü iradə, açıq göz və Allahın bu tövhid dinində qoyduğu digər ehtiyatlarla bu problemləri aradan qaldırmasa, İslamın siyasi, hərbi və texniki imkanlarla təchiz olunmuş hegemon düşmənləri bu problemlərin miqyasını hər gün artıracaqlar, müsəlman xalqların azadlıq və xilası yenə də on illərlə və hətta əsrlərlə geriyə düşəcək, bəlkə də bəzi xalqları bütövlüklə dəyişib, zorla və Qərb mədəniyyətinin fəsadlı hissələrini yaymaqla onların İslam kimliyini tədricən məhv edəcəklər.


İslam dünyasının problem və imkanlarının siyahısı

İranda İslam Respublikasının qurulmasından və bir çox müsəlman ölkələrində İslam oyanışı hərəkatının çiçəklənməsindən sonra bu gün bir çox acı və şirin həqiqətlər üzərindən pərdə götürülmüşdür və İslam dünyasında çoxlu insanlar hadisələri dərk və təhlil edə bilirlər. Lakin qəbul etmək lazımdır ki, dünyada əsasən sionistlər, onların qərbli müttəfiqləri və hegemon dövlətlərin zahirdə müsəlman olan muzdurları tərəfindən idarə olunan radio, televiziya və mətbuat tilsimi bir çox aydın həqiqətləri tərsinə göstərir. Bu səbəbdən İslam dünyasının problemlərinin və həmçinin imkanlarının qısa siyahısını təqdim etmək yerinə düşər:


İslam dünyasının imkanları

İmkanlar bölməsində müsəlmanların bir milyard bir neçə milyonluq toplumundan başlamaq, ixtiyarlarında olan əllidən çox ölkəni, Sakit okeanla Atlantik okean arasındakı geniş torpaqları qeyd etmək lazımdır. Bu böyük toplumda yüksək istedadı ilə tanınan xalqlar, bir neçə minillik keçmişə malik olan sivilizasiyalar, görkəmli alimlər və siyasi şəxsiyyətlər vardır. Adı İslam ümməti olan bu toplum zəngin tarixi irsə və müstəsna mədəniyyətə malikdir, çoxlu rəngarəngliyi ilə yanaşı möhtəşəm birliyə və uyğunluğa sahibdir. Bu, İslamın əhatə dairəsindən, onun, eləcə də özünəməxsus və xalis tövhidinin bütün hissə və sütunlarına təsirindən yaranmışdır. Qara, ağ və sarı irqlərdən təşkil olunmuş və onlarla dildə danışan bu qardaş və həmrəy xalqların hamısı özünü böyük İslam ümmətinin bərabər hissələri sayır, onunla fəxr edir, hər gün bir mərkəzə üz tutub bir dillə Allaha ibadət edir, bir səmavi kitabdan dərs və ilham alırlar. Bu səmavi kitab bütün həqiqətləri açıqlayan, bütün ehtiyac və vəzifələri ehtiva edən bir kitabdır: "Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah edən, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" Bu bəşər toplumunun coğrafi bölgəsi təbii sərvətlər baxımından dünyanın ən zəngin torpaqlarından biridir, onun özəlliklə neft qaynaqları dünyanın bugünkü maşın sivilizasiyasının bütün texnikalarını təmin edir. Əgər bu toplum neft satışını bir neçə aylıq dayandırsa, dünyanın əksər hissəsi, o cümlədən hökumətlərinin əsrlərdir müsəlman xalqları öz acgözlük və hegemonluqlarına qurban verən ölkələr qaranlıqda, soyuqda və aciz durumda qalarlar.

İslam ümməti bunlardan əlavə yüzlərlə dəyərli insani, mədəni, maddi, iqtisadi, siyasi və ictimai imkana malikdir. Diqqətlə baxan hər bir kəs bunu görə bilər.
İslam dünyasının problemləri

İndi bu böyük toplumun - yəni İslam ümmətinin böyük problemlərinə nəzər salaq. Bu problemlər həmin istedadlı toplumun özünün böyük, müstəsna və təsirli imkanlarından istifadə edə bilməməsinə, nəticədə müsəlman xalqların və ölkələrin bəşəri elm karvanından geri qalmasına, öz əzəmətli maddi sərvətlərindən məhrum olmasına və dünyanın böyük mədəni yarışmasında əcnəbi mədəniyyətlərə uduzmasına, diplomatik sahədə digərlərinə tabe olmasına və hərbi baxımdan əksərən hegemon güclərin təcavüzünə məruz qalmasına səbəb olmuşdur.

İslam ümməti daxilində daha çox səhlənkarlıq və qafillik, yaxud xəyanət və bəd əməllər səbəbindən yaranmış bu problemlər uzun bir siyahını təşkil edir. Bu siyahının ilk sıraları kimi aşağıdakıları saymaq olar:

- Daha çox pis din alimlərinin və muzdur yazıçıların vasitəsi ilə təbliğ olunan və gücləndirilən məzhəb ixtilafları;

- Daha çox asılı ziyalıların vasitəsi ilə yayılan ifratçı millətçilikdən doğan irqi və milli ixtilaflar;

- Bəzi ölkələrin əcnəbi qüvvələr qarşısında təslimçiliyi və böyük güclərin orbitlərinə çevrilməsi;

- Fəsadlı Qərb mədəniyyəti qarşısında təslimçilik və hətta siyasi, yaxud etiqadi məqsədlərlə onu yaymaq;

- Bəzi hökumətlərin öz xalqlarına, onların iradə, inanc və ehtiyaclarına inamsızlığı və onların qarşısında hegemonluğu;

- İslam dünyasının bir çox siyasi və mədəni şəxsiyyətlərinin dünyanın hakim güclərindən və bu gün xüsusi olaraq ABŞ-dan qorxmaları;

- İslam regionunun qəlbində özü bir çox başqa problemlərə bais olan işğalçı sionizm dövlətinin təşkil edilməsi;

- Dinin siyasətdən ayrı olmasının təbliği və İslamı həyati məsələlər, o cümlədən hökumət, siyasət, iqtisadiyyat və digər məsələlərlə maraqlanmayan fərdi bir təcrübə kimi tanıtdırmaq.

Bunlar və əksərən tarixi kökləri olan digər onlarla böyük və əsaslı problem siyasi və dini rəhbərlərin ixlas, iradə və azadlıq nümayiş etdirmələri ilə həll oluna bilərdi, lakin bu baş verməmiş, bu gün İslam dünyasının indiki problemlərinin mənşəyinə çevrilmiş və öz ardınca yoxsulluğu, cəhaləti, ayrıseçkiliyi, siyasi acizliyi, geriliyi, müharibəni, xarabalığı, xurafatı və təəssübkeşliyi ərməğan etmişdir.


İslam dünyasının problemlərini həll etmək üçün həccin imkanları

Həcc əməli düzgün şəkildə və Allahın vacib etdiyi kimi yerinə yetirilsə, şəfaverici bir dərman kimi bütün bu əsas xəstəlikləri və uğursuzluq amillərini məhv edə bilər. Bu iş birdən-birə baş vermir, uzun illər ərzində İslam dünyasının dörd bir tərəfindən qardaş və bacıların milyonluq izdihamının uyğun və məzmunlu əməllər fonunda, əzəmətli tövhid bayrağı altında, erkən İslam çağının, Bədr və Ühüdün xatirələri ilə, hələ də qapı və pəncərələrindən Allah rəsulununun (s) mübarək boğazından çıxıb könül oxşayan Quran ayələri eşidilən və erkən İslam çağı mücahidlərinin qüdrətli "Allahu-Əkbər" sədası dalğalanan məscidi ziyarət etməklə insanları zəif, eqoist və sapqın nəfsdən ayırıb ilahi şərəfə, əzəmət və qüdrətə qovuşduran zikr, hüzur və münacat ətirli bir yerə toplaşması ürəkləri gücləndirən, məqsədləri yüksəldən, iradələri möhkəmlədən, canları inamla dolduran, baxışları genişləndirən, amalları yaxınlaşdıran, qardaşları birləşdirən, şeytanı xar edən və onun hiyləsini zərərsizləşdirən şəfalı bir bulaqdır.

Bəli, düzgün və kamil həcc, tövhid həcci, Allaha və möminlərə eşqin, şeytan, büt və müşriklərə nifrətin mənbəyi olan həcc əvvəlcə İslam ümmətinin bütün problemlərinin inkişafını dayandırır, sonra onları ortadan götürür, İslam izzətinin, müsəlmanların həyatının çiçəklənməsinin və İslam ölkələrinin əcnəbilərdən azadlıq və müstəqilliyinin mənşəyi olur.
Həccin İslam Respublikası hökumətinin beynəlxalq proqramlarının başında durması

Həccin əhəmiyyətinə dair bu düzgün dərkə əsaslanaraq İranda böyük İslam inqilabının qələbəsindən sonra həcc məsələsi İslam Respublikası hökumətinin beynəlxalq proqramlarının başında durdu və şanlı dövlət bu vacib əməlin Həzrət Haqqın izzət və qüdrətinin tərənnümü olan ilahi siyasət cəhətini Allahın əfv və rəhmətinin tərənnümü olan ibadət cəhəti ilə birləşdirib, bugünkü həcci erkən İslam çağının həccinə yaxınlaşdırdı və bütün bunların rəmzi kimi həcdə müşriklərə nifrət mərasimini yenidən dirçəltdi. İndiyədək qeyri-islami məqsədlərdən doğan bütün siyasi əngəl və təzyiqlərə rəğmən də bunu davam etdirmişdir.

İslam Respublikası son yüz ildə İslam əleyhinə aparılan təbliğat kampaniyalarına rəğmən, nəhəng bəşər toplumlarının idarəsində İslamın canlılığını, dinamikliyini və qüdrətini sübuta yetirmiş bir quruluş olaraq həccə öz xeyrinə olan bir vasitə kimi yox, müsəlmanların oyandığı, təqva və iman ruhunun üfürüldüyü, İslam şəriətinin icra olunduğu və dünya müsəlmanlarını izzət və müstəqilliyə aparan əməl kimi baxmışdır.
Həccin universallığını inkar etmək müsəlmanların izzət və istiqlalını inkar etməkdir!

Həccin universallığını və aktivliyini inkar və rədd edənlər əslində müsəlmanların izzət və istiqlalını, onların hegemonizmin və sionizmin qanlı pəncəsindən qurtuluşunu rədd edirlər. Bu barədə hər hansı bir fətva və dini nəzəriyyə Allahın nazil etdiyi Quranın ziddinə hökm verməkdir və çox güman ki, dünyadan xəbərsizlikdən, müsəlmanların vəziyyətinə dair yetərli məlumatın olmamasından irəli gəlir.

Bu gün müsəlman xalqların çətin vəziyyətindən, Amerika Birləşmiş Ştatlarının zalım rejiminin onlara hökmranlığından, sionizmin cinayətlərindən və onların müsəlman ölkələri əleyhinə gizli planlarından xəbərdar olan, bu bədxassəli xərçəng vəzisinin region dövlətlərinin iqtisadi və siyasi sahələrində inkişaf etməsindən təhlükə duyan, qərib düşərgələrdə əziyyət çəkən, öz yurd-yuvalarının cəlladların işğalı altında olduğunu görən Fələstin xalqının acınacaqlı taleyini müşahidə edən, Cənubi Livandan, onun sionistlər tərəfindən işğal olunmuş və daim hücuma məruz qalan bölgələrindən xəbərdar olan, Livandakı son faciələri eşidən, sionistlərin Amerikanın dəstəyi ilə on iki gündür dayanmadan bu ölkənin yarıdan çoxunu havadan, qurudan və sudan bombaladığını, mülki insanları, uşaq və qadınları qətliam etdiyini görən, Bosniya, Əfqanıstan, Kəşmir, Tacikistan və Çeçenistan hadisələrindən məlumatlı olan, azğın Amerikanın və antihumanist sionizmin bu gün Quran və İslam hakimiyyətinin timsalı olan İslam Respublikası əleyhinə ardıcıl təxribatlarını və düşmən hərəkətlərini bilən, bəli, bu həqiqətləri bilən hər hansı bir şəxsdə İslam qeyrəti və dini vəzifə hissi olsa, şübhə etməyəcək ki, əzəmətli həcc mərasimini əldən çıxarmaq, Allahın İslam və müsəlmanlara verdiyi bu güclü dəstəyi tələf etmək düzəlməz zərər və bağışlanmaz günahdır.
Müsəlman hökumətlərinin indiki zəifliyini aradan qaldırmaq üçün həccin imkanlarından istifadəyə ehtiyac

Müsəlman hökumətlərinin indiki zəifliyi və İslam ölkələrinin acınacaqlı təfriqə məsələsi gizlətməli, yaxud inkar etməli məsələ deyil. Bu gün ərəb dünyası öz əli ilə özünü çox pis vəziyyətə salmışdır. Təəssüf ki, bu ölkələrdə hətta bir gün də torpaqlarını işğal edən düşmənlə müharibə və işğalçı sionizm dövlətinin cinayətlərinin qurbanı olan Livan xalqını müdafiə etmək qüdrəti yoxdur. Bu gün bu ölkələrin anbarlarında Qərb zavodlarından əfsanəvi qiymətlərə alınan hava döyüş texnikası və hava müdafiəsi qurğuları yığıldığı halda, qaniçən sionistlərin təyyarələri ərəb xalqın ev və yurdlarını sərbəst şəkildə onların başına uçurur və bu hökumətlərin heç biri bir iş görə bilmirlər. Bu acı həqiqətlər, üstəgəl hegemon güclərin bu ölkələrin çoxuna siyasi təsiri, onların tam mədəni istismarı üçün maneəsiz hücumu və digər çoxlu xəbərdaredici fəlakətlər hər bir pak vicdan və sağlam ağıl sahibi üçün kifayətdir ki, müsəlmanların, indi müqəddəs Kəbənin ətrafında və mübarək vəhy torpaqlarında olan seçilmiş qrupların həccin mənəviyyatına, ruhuna və onun tükənməz ehtiyatlarına həmişəkindən çox ehtiyaclı və onlardan mütləq bəhrələnməli olduğunu anlasın. Bizim sözümüz budur. Bizim həcc və İslamın digər xilasedici atributları haqda fikrimiz budur.


Hegemonizmin İslam Respublikasına qarşı qəzəbinin səbəbi

İslam Respublikası İslamı və onun hökmlərini müdafiədə sərgilədiyi güclü və qorxmaz mövqeyinə görə əvvəldən indiyədək hegemon güclərin, birinci növbədə böyük şeytan olan ABŞ-ın qəzəb və nifrətinə tuş gəlmişdir və gəlir.

Onlar öz düşmənliklərindən, kin və ədavətlərindən ötrü dünya xalqlarının və müsəlmanların ictimai rəyinə bir dəlil göstərmək üçün İslam Respublikasını ekspansionizmdə, təcavüzdə və əmin-amanlığı pozmaqda ittiham edirlər. Onların muzdur radioları, sionistlərin, yaxud ABŞ və sionizmin əlaltılarının sponsorluğu ilə hər bir yerdə, o cümlədən İslam ölkələrində yayımlanan media orqanları İslam Respublikası əleyhinə dayanmadan ittihamlar, şayiələr, yalançı və qərəzli təhlil və xəbərlər yayırlar. İslam inqilabının mənəvi nüfuzunu, bizim mərhum imamımızın adının müqəddəs sayılıb sevilməsinə mane olmağa çalışırlar. Onlar ən modern informasiya vasitələri ilə İslam Respublikası əleyhinə namərdcəsinə piar kampaniyaları aparır, İslam dünyasındakı tərəfdarlarının ondan üz çevirməsinə və başıuca müsəlman İranla onun təcrübəsinin təkrarlanmasından qorxduqları digər İslam ölkələri arasında yalan və ittihamlardan ibarət bir sədd yaratmağa çalışırlar. Dünyanın ən bariz terrorçuları - yəni işğalçı sionizm dövlətinin başçıları və onların ABŞ hökumətində olan mənfur himayədarları müsəlman İranı terrorizmdə ittiham edirlər. ABŞ və İsrailin hökumət başçıları hər bir bəhanə ilə, yaxud bəhanəsiz olaraq İslam Respublikasını günahlandırır, siyasi söhbətlərində hər bir neçə kəlmədən bir müsəlman İranın müqəddəs, əziz və parlaq adını qəzəb və nifrətlə çəkirlər.

Biz fəxr edirik ki, dünyanın məşhur xəbisləri və bədxahları bizə nifrət edirlər. Biz də onlara, onların çirkin əməllərinə və qana bulaşmış əllərinə nifrət edirik. Allah və Onun rəsulu (s) da onlara nifrət edir. Bu gün bədxahların düşmənliyinə və əngəllərinə rəğmən, İslam Respublikası Allahın lütfü sayəsində qüdrətlə, izzətlə, güclü iradə və əzmkarlıqla irəliləyir. Bu güclü ölkədə günbəgün artan quruculuq və abadlıq işləri görülür, xalqa sevgi dolu idarəçilik hökm sürür. Onun dünyada layiqli iqtidarı və nüfuzu, İslama güclü inamı, çoxlu ölkələrin gənclərinin acınacaqlı problemlərindən uzaq olan həvəskar və fəal gəncləri, sayıq, şücaətli, İslamı və İranı müdafiə etməyə hazır olan xalqı, inkişafa doğru irəliləyişin kənarında geniş mənəviyyatı və nəhayət misilsiz və nümunəvi söz birliyi var.

Allaha şükür olsun ki, düşmənin bizim əleyhimizə böyük təbliğat kampaniyası xalqımızın və ölkəmizin günbəgün artan əzəmət və iqtidarını göstərir.
Hacılara və həcc ruhanilərinə tövsiyə

Sonda bütün əziz hacıları bu böyük günlərdən yaxşı istifadə etməyə çağırır, hamını həcc haqda düşünməyə və qalan ömür üçün mənəvi ehtiyat toplamağa dəvət edirəm. Möhtərəm ruhani cənablardan istəyirəm ki, bu deyilənləri iranlı və qeyri-iranlı karvanlara münasib üsullarla çatdırsınlar, onların diqqətini həccin mənəviyyatına, eləcə də siyasi motivinə yönəltsinlər.

Allah-Taaladan İslam və müsəlmanların izzətini, İslam ölkələrinin həqiqi müstəqilliyini və onların dünya hegemonlarının siyasi və iqtisadi təsirindən qurtuluşunu istəyirəm! Həzrət Haqdan müsəlman İranın Allahın son vəlisi olan İmam Mehdinin (ə) xüsusi lütf və diqqəti sayəsində şərəf və əzəmətlə öz yoluna davam etməsini diləyirəm!

Bütün mömin qardaşlarımıza salam olsun!

Əli Hüseyni Xamenei

4 Zilhəccə, 1416-cı hicri-qəməri ili

4 Ordibehişt, 1375-ci hicri-şəmsi ili


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə