Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 1,49 Mb.
səhifə6/62
tarix17.11.2018
ölçüsü1,49 Mb.
#80791
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

ALTINCI DӘRS

ӘXLAQİ DAVRANIŞLAR


Cəmiyyət arasında düzgün əlaqə və rabitə bərqərar etmək üçün bir sıra meyarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət və bir ideal insan kimi tanıtdıra bilək. Çünki, bir tərəfdən gözəl əxlaq və davranış tərzi görməklə camaatda bizə qarşı rəğbət hissi yaranacaq, digər tərəfdən də özümüz insani [mənəvi] dəyərlərə nail olacağıq. Və eyni zamanda başqalarının bizim üzərimizdə nə kimi hüquqlara malik olduqlarını bilməli və onların hüquqlarının tapdalanmasına yol verməməliyik.

Bu meyarlar ümumiyyətlə iki hissəyə bölünür: Onlardan biri başqalarının qarşısında nümayiş etdirməli olduğumuz xüsusiyyət və rəftar normaları, digəri isə tərk etməyimiz zəruri olan bəzi xoşagəlməz xislət və xüsusiyyətlərdir. Başqa sözlə desək, birinci dəstəyə aid olan meyarlar islam dininin bizlərə tövsiyə etdiyi gözəl əxlaqi xüsusiyyətlər, ikinci hissəyə aid olanlar isə ictimai həyatımızda tərk etməyimiz zəruri olan bir sıra mənfi xüsusiyyətlərdir. Demək, ictimai həyatın normal hal tapması üçün biz ilk növbədə mənfi xüsusiyyətlərdən çəkinməli və gözəl əxlaqa malik olmalıyıq. Gözəl əxlaqa malik olmaq və xoşagəlməz xüsusiyyətlərdən çəkinməyə də «əxlaqi davranış» deyilir. Bu dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.


GÖZӘL XÜSUSİYYӘT


İctimai həyat və əlaqələrin bərqərar olunmasında hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. İnsanlarda cəmiyyət arasında hörmət və nüfuz sahibi olmaq marağı, onlarda qürbət və təklikdən qorxu hissindən yaranmışdır. Çünki, bir qədər əvvəl qeyd etdik ki, insanın bir çox maddi-mənəvi və ruhi ehtiyacları ictimai əlaqələri bərqərar etməklə təmin olunur. Bu kimi ehtiyacların tək başına təmin olunması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də insan, ehtiyaclarının aradan qaldırılmasında başqalarından asılı olduğunu hiss edir. Təklik və qürbət hissi onu kədərləndirir və çıxış yolu axtarmağa vadar edir. Beləliklə də maddi-mənəvi ehtiyaclarının aradan qaldırılamasını yaşadığı cəmiyyətdə ictimai əlaqələrin bərqərar olunmasında görür. Normal əlaqələrin bərqərar olunması üçün də ondan cəmiyyətin fəal bir üzvünə çevrilməsi, ictimaiyyətdə müəyyən bir [müsbət] mövqeyə malik olması tələb olunur. Bununla da insan başqalarından bir çox müsbət xüsusiyyətlər öyrənərək özünün insani xüsusiyyətlərini büruzə verir, müəyyən üstünlüklər əldə edir və eyni zamanda maddi ehtiyaclarının təmin olunmasına nail olur. İnsanların qəlblərinə yol tapmağın və onların razılığının qazanılmasının ən başlıca amili «gözəl əxlaq və xüsusiyyətə» malik olmaqdır. «Gözəl əxlaq» təkcə insanların razılığını əldə etməyin başlıca amili deyil, bir çox digər insani dəyərlərin də əsasını təşkil edir. Yəni, insan «gözəl əxlaqa» malik olmayınca, onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, «gözəl əxlaqa» malik olmayan bir şəxsdə şücaət, səxavətlilik və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da, onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Demək, bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs «gözəl əxlaqa» yiyələnmiş olsun.

Әxlaqın tərifində deyilir:

«Әxlaq - elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı, insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun».

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bu tərif arasında sıx bağlılıq vardır. Belə ki, imam Sadiq (ə)-dan «gözəl əxlaq nədir?» - deyə soruşduqda buyurur:

«Gözəl əxlaq odur ki, başqaları ilə şirin dillə danışıb mehribanlıqla rəftar etmiş olasan və müsəlman qardaşınla görüşdükdə onu gülər üzlə qarşılayasan»1

Gözəl əxlaqa yiyələnməyin və başqaları ilə gözəl ünsiyyətdə olmağın fəziləti haqda həzrət Peyğəmbər (s) və Məsum imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Misal olaraq burada onlardan bir neçəsini gətiririk:

«Sizin ən yaxşınız, ən gözəl əxlaqa yiyələnənlərinizdir. Gözəl əxlaq sahibləri o kəslərdir ki, bir-birləri ilə qarşılaşarkən təvazökarlıq edər və başqaları ilə daim gözəl ünsiyyətdə olaraq evinin qapsını onların üzünə açıq qoyarlar».2

«Gözəl əxlaqa yiyələnənlərin savabı gecələri ibadətlə keçirən və gündüzləri oruc tutan şəxsin savabı qədər olar».3

«Qiyamət günü insanların əməl tərəzilərinə qoyulacaq ilk şey onların gözəl əxlaqı olacaqdır».4

«Qiyamət günü əməl tərəzisində gözəl əxlaqdan ağır şey olmayacaqdır».5

«Qiyamət günü mənə ən yaxın olanınız və ən sevimliniz gözəl əxlaqa yiyələniniz olacaqdır».6

Həzrət imam Әli (ə) buyurur:

«Sizin üçün gözəl əxlaqdan yaxşı heç bir şey yoxdur».7

İmam Həsən (ə) buyurur:

«Әn gözəl yaxşılıq, gözəl əxlaqdır».8

İmam Baqir (ə) buyurur:

«Sizin ən yaxşılarınız ən xoş rəftar olanlarınızdır; Belə şəxslər mülayimliklə bir-birlərinə xidmət edər, digərləri ilə ünsiyyət yaradar və digərləri də onlarla ülfət taparlar; bu insanların qapısı hamının üzünə açıq olar.»9

Bütün bunlar məsum imamlardan (ə) əxlaq barəsində nəql olunmuş rəvayətlərin yalnız bir neçəsidir. Qələm surəsinin 4-cü ayəsində Allah-taala Öz Peyğəmbərini (s) belə bir gözəl ifadələrlə vəsf edir:



«Doğrudan da sən böyük bir əxlaq sahibisən!»

Başqa bir ayədə Allahın mərhəməti sayəsində Peyğəmbərin (s) gözəl əxlaqa yiyələnməsi, insanların ona iman gətirməsinin əsas səbəbi kimi göstərilir:



«Ya Məhəmməd! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Әgər qaba, sərt ürəkli olsaydın, əlbəttə onlar sənin ətrafından dağılıb gedərdilər...»1

Həzrət Peyğəmbərə (s) hamıdan yaxın olan və onu hamıdan daha yaxşı tanıyan Әmirəl-mö᾿minin Әli (ə) o həzrətin şəxsiyyəti haqda buyurur:

«O, hamıdan mehriban, bağışlayan, hövsələli, düzdanışan və əhdə vəfa edən idi. Hamı ilə gözəl rəftar edər və xoş ünsiyyətdə olardı. Onu ilk dəfə görənlər vəcdə gələr, əxlaq və rəftarına heyran olardı. Ünsiyyətdə olan şəxslər dərhal onu tanıyır və onu sevməyə başlayardılar. Ondan əvvəl və sonra onun kimi ikinci bir şəxs görmədim».2

Әli (ə) Peyğəmbərin (s) digər xüsusiyyətləri haqda deyərdi:

«Həzrət Peyğəmbər (s) bir yəhudiyə pul borclu idi. Günlərin bir günündə həmən şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib borcunun qaytarılmasını istədi. Həzrət Peyğəmbər (s) buyurdu:

«Hələlik sənin pulunu qaytara bilməyəcəyəm, bir qədər səbr et!»

Yəhudi dedi: Pulumu qaytarmayınca buradan heç bir yerə gedən deyiləm. Peyğəmbər (s) buyurdu:

«Elə isə mən də sənin yanında oturacağam».

Onlar səhərdən axşamadək bir yerdə oturdular və həzrət Peyğəmbər (s) namazlarını da elə oradaca qıldı. Səhabələr bu əhvalatdan narahat olub həmən şəxsə hədə-qorxu gələrək xəbərdarlıq etməyə başladılar. Peyğəmbər (s) üzünü onlara tutub buyurdu:

«Bu necə rəftardır onunla edirsiniz?»

Dedilər: Ya Rəsuləllah! (Bu nə işdir,) elə bil burada sizi həbs etmişdir. Buyurdu:

«Allah-taala məni başqalarına zülm etmək üçün peyğəmbərliyə göndərməmişdir».

Həmin günün səhəri zöhr namazı vaxtı həmən yəhudi məscidə gəldi və islamı qəbul edib müsəlman oldu.

Sonra üzünü Peyğəmbərə (s) tərəf tutub dedi: And olsun Allaha! Әgər Tövratda sənin barəndə deyilənləri oxumasaydım belə etməzdim. Orada sənin barəndə deyilir:



«Allahın peyğəmbəri Məhəmməd ibni Abdullahın doğulduğu yer Məkkə, hicrət edəcəyi yer isə Mədinədir. O nə tünd xasiyyətli və nə də əsəbidir. Başqaları ilə səmimiyyət və mehribanlıqla rəftar edər. Kimsəni nə söyər, nə də təhqir edər».

Mən də Allahın birliyinə və sənin peyğəmbərliyinə iman gətirib öz var-dövlətimi Allah yolunda sədəqə verirəm. Bunlar mənim var-dövlətimdir. İstədiyin kimi hökm verə bilərsən.

Rəvayəti nəql etməkdə əsas məqsəd, həm həzrət Peyğəmbərin (s) xüsusiyyətlərindən biri, həm də Әhzab surəsinin 21-ci ayəsi ilə tanışlıqdır. Orada deyilir:

«Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər [Allahdan, qiyamət günündən qorxanlar] və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!»

Bilməliyik ki, islam zühur etdikdən sonra həzrət Peyğəmbərin (s) vasitəsilə islamı qəbul edən şəxslərin əksəriyyəti məhz onunla ünsiyyətdə olduqdan və onun gözəl insani xüsusiyyətlərinin şahidi olduqdan sonra bu ilahi dini qəbul etmişlər.


ӘXLAQ VӘ GÖZӘL DAVRANIŞIN NӘTİCӘLӘRİ


Cəmiyyətdə gözəl əxlaq nümayiş etdirmək və insanlarla gözəl davranmaq bir çox müsbət nəticələr verir. Onlardan bəziləri o qədər aşkardır ki, əsla izaha heç bir ehtiyacı yoxdur.

Buna baxmayaraq həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərdən istifadə edərək onlardan bir neçəsi haqda söhbət açacağıq.

Peyğəmbər (s) buyurur:

«Gözəl əxlaq ruzinin artmasına səbəb olur».1

İmam Әli (ə) buyurur:

«Gözəl əxlaq ruzini artırır və dostları bir-birləri ilə munis edir».

Yəni, daim bir-birləri ilə səmimi ünsiyyətdə olmalarına səbəb olur.2

«Xoşxasiyyət şəxslərlə ünsiyyətdə olmaq istəyənlər və onları sevənlərin sayı çox olar».3

«Həqiqətən gözəl əxlaq və davranış ömrü uzun, şəhərləri isə abad edir».

«Günəş dərini qurutduğu kimi, gözəl rəftar da səhv və günahları qurudub aradan aparır. Sirkə balı xarab etdiyi kimi, kobud rəftar da əməlləri məhv edir».4

Göründüyü kimi İmamlar (ə) bir tərəfdən bizləri gözəl davranışa sövq edir, digər tərəfdən isə xoşagəlməz rəftar və davranışlardan çəkindirərək bunun nə ilə nəticələnəcəyini çatdırırlar.

Peyğəmbər (s) buyurur:

«Xoşa gəlməz davranış, bağışlanmaz bir günahdır».5

İmam Әli (ə) buyurur:

«Kobud rəftar ən pis xüsusiyyətdir».6

«Pis davranış həyatın acısı və sağlamlıq üçün bir təhlükədir).1

«Kobud rəftar səmimiyyət və mehribançılığı aradan aparır, insanı daim qorxu içində saxlayır».2

«Kobud rəftar yaxınları qorxudur, özgələrin nifrətinə səbəb olur».3

Peyğəmbər (s) buyurur:

«Bu iki xisləti möminlərdə görmək olmaz: Paxıllıq və kobud rəftar».4


SUALLAR VӘ TAPŞIRIQLAR


1. İslam alimləri əxlaqı necə tərif etmişlər?

2. Allah-taala Qurani-kərimdə Peyğəmbərin (s) gözəl əxlaqını necə vəsf edir?

3. Peyğəmbərin (s) əxlaqi davranışlardan birini nəql edin.

4. Gözəl davranışın qoyduğu təsirlərdən biri haqda danışın.

5 Peyğəmbər (s) kobud rəftar haqda nə buyurmuşdur?


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə