Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com


Makroiqtisadiyyat üçün iki cür vəziyyət xasdır



Yüklə 6,62 Mb.
səhifə17/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Makroiqtisadiyyat üçün iki cür vəziyyət xasdır:


  1. Tarazlıq vəziyyəti, bu halda cəmiyyətdə istehsal və istehlak (təklif və tələb) tarazlı olur. İstehsalın inkişafı fasiləsiz olur.

  2. Qeyri-tarazlıq vəziyyəti – bu halda cəmiyyət miqyasında istehsalla istehlak arasında tarazlıq pozulur və böhran baş verir. Qeyri-tarazlıq olduqda sabitlik pozulur və bu öz ifadəsini istehsalın həcmində, qiymətlərin səviyyəsində, iş qabiliyyətli əhalinin məşğulluğunda, mənfəət normasında, faiz normasında və s. tapır. Tarazlıq vəziyyətindən bu cür kənarlaşmalar böhranla nəticələnir.

Böhran nədir? iqtisadi böhran – bu təsərrüfat sistemində tarazlığın ciddi surətdə pozulmasıdır ki, istehsalla bazarın əlaqəsi tez-tez kəsilir. Bu da bütövlükdə iqtisadi sistemin fəaliyyətində disbalans yaradır.

Böhranlar cürbəcür olur. Ancaq onları üç əsasa görə təsnifləşdirmək olar.

  1. Təsərrüfat sistemində tarazlığın pozulma miqyasına görə:

    1. Ümumi böhran – bu bütün milli təsərrüfatı bürüyür.

    2. Qismən böhran – bir sferanı, yaxud bir sahəni əhatə edir. Məsələn, maliyyə böhranı. Bu zaman dövlət maliyyəsi pozulur, büdcə kəsiri artır. Pul-kredit böhranı – pul-kredit sistemini sarsıdır. Bank krediti azalır, əmanətçilər əmanətlərini bankdan götürür, pul çatızmazlığı yaranır və s.

  2. İqtisadiyyatda müntəzəm olaraq tarazlıq pozulur:

    1. Böhranlar dövrü olaraq təkrar olunur – bu tsiklik böhran da adlanır.

    2. Aralıq böhranlar – müəyyən mərhələdə proses kəsilir, az müddətli olur, kəskin olmur.

    3. Sahələr üzrə böhran – xalq təsərrüfatının bir və bir neçə sahəsini əhatə edir.

    4. Aqrar böhran- kənd təsərrüfatını əhatə edən böhrandır.

    5. Struktur böhranı – xalq təsərrüfatının sahələri arasında əlaqələr pozulur.

  3. Təkrar istehsal proporsiyalarının pozulması xarakterinə görə:

    1. İfrat istehsal böhranı – daha çox məhsul istehsal olunur, ancaq satılmır.

    2. Qıtlıq böhranı – məhsul az istehsal olunur, çatışmır.

Böhran iqtisadi tsiklin fazalarından biridir. Bir böhrandan digər böhranadək olan dövr istehsal tsikli adlanır. İqtisadi tsikl bir-birini əvəz edən fazalardan ibarətdir. Klassik kapitalizm dövründə iqtisadi tsiklin 4 fazası qeyd olunur: böhran, durğunluq (depressiya), canlanma və yüksəliş. Bunlar ifrat istehsal böhranının fazalarıdır.

      1. Böhran (enmə) fazasında istehsalın artımı dayanır və aşağı düşür. Bu həddən çox əmtəəlrin istehsalı ilə bağlıdır. Firmalar istehsal etdikləri məhsulları sata bilmirlər, firmaların kütləvi şəkildə müflisləşməsi baş verir. Əmək haqqı azalır və işsizlik artır. Kredit əlaqələri pozulur, qiymətli kağızlar bazarında hərcmərclik yaranır, səhmlərin kursu düşür. Sahibkarların yaranan borcları ödəmək üçün pula olan tələbi artır.

2.Böhranın ardınca durğunluq (depressiya) fazası başlanır. İstehsalın düşməsi prosesi dayanır, bununla birlikdə qiymətlər düşür. Tədriclə əmtəə ehtiyatı azalır, tələb az olduğundan sərbəst pul kapitalı artır, bank faizi minimum səviyyəyə düşür. Təklifin tələbi üstələməyi tədriclə azalır və onların tarazlığı yaranır. Bu andan böhrandan çıxmaq üçün təbii şərait yaranır.

İstehsal vasitələrinin qiymətlərinin düşməsi və kreditin ucuzlaşması yeni kapital yığımına, geniş təkrar istehsalın yeni texniki baza üzərində bərpa olunmasına imkan yaradır.

3. Canlanma – bu istehsalın böhrandan əvvəlki səviyyədə genişləndirilməsi deməkdir. Əmtəə ehtiyatı bazarın tələbini fasiləsiz təmin etmək səviyyəsində müəyyən edilir. Alıcılıq qabiliyyəti artdıqca qiymətlər də tədriclə yüksəlir. İşsizlik azalır, pul kapitalına olan tələb artır, faiz dərəcəsi yüksəlir.

4. Canlanmanın ardınca yüksəliş fazası başlayır (ing. bum) – bu dövrdə məhsul buraxılışı böhrandan əvvəlki səviyyəni ötüb keçir. Nəticədə işsizlik xeyli azalır. Tələb artdığına görə qiymətlər yüksəlir. İstehsalın gəlirlik səviyyəsi artır. Kreditə olan tələb artır və bununla da bank faiz norması da yüksəlir.

İqtisadi böhranlar klassik kapitalizm dövründə, ilk dəfə 1825-ci ildə İngiltərədə baş vermişdir. Bundan sonra dövrü olaraq hər 8-12 ildən bir təkrar olunmuşdir. İstehsalın tsiklik inkişafının səbəbləri nədir?

  1. Tələblə təklifin nisbətinin pozulması.

  2. Mənfəət əldə etmək və onu artırmaq naminə sahibkarlar istehsalı daim genişləndirir, tələb isə nəzərə alınmır, nəticədə məhsul artıqlığı yaranır.

Böhranın dağıdıcı və sağlamlaşdırıcı tərəfləri vardır. Dağıdıcı tərəf – tonlarla məhsul məhv edilir. Çoxsaylı firmalar müflis olub sıradan çıxır və s. Sağlamlaşdırıcı tərəf –durğunluq dövründə yaranmış vəziyyətdən çıxmaq üçün əsas kapital təzələnir və məhsul ucuz başa gəlir, istehsal mənfəətli olur və istehsalın daha yüksək səviyyəsinə çatmaq üçün şərait yaranır.

Deməli, klassik kapitalizm dövründə tsiklik inkişafın kortəbii mexanizmi fəaliyyət göstərir, iqtisadiyyat bu mexanizmlə tənzimlənir.

Ancaq 1929 – 1933-cü illərdə baş vermiş dünya böhranı zamanı kortəbii tənzimlənmə mexanizmi aciz qaldı. O vaxtdan etibarən milli iqtisadiyyatın tsiklik inkişafında yeni xüsusiyyətlər üzə çıxdı. Bu iki amillə bağlıdır:

Birinci amil – XX əsrin ikinci yarısından etibarən ETİ-nin ictimai məhsulun təkrar istehsalına güclü təsir göstərməsidir. ETİ-nin təsiri altında böhranların hərəkəti dəyişir və onun yeni növləri meydana gəlir. Elm tutumlu sahələr davamlı oldu (mikroelektronika, robotqayırma və s.). Digər tərəfdən də ETİ struktur böhranlarına səbəb oldu (sənayenin kömür, toxuculuq, metallurgiya kimi sahələrində).

ETİ – əsas kapitalın dövriyyə sürətini artırdı, onu daha müasir texnika ilə əvəzləməyə imkan verdi və böhranlar tez-tez, 5-6 ildən bir təkrar olunmağa başladı.

İkinci amil – Dövlətin iqtisadi artım prosesinə fəal müdaxilə etməsidir. Məqsəd böhranın dağıdıcı təsirini azaltmaq və iqtisadiyyatın sabit inkişafına nail olmaqdır. Dövlətin iqtisadi proseslərə müdaxiləsi nəticəsində böhranların dağıdıcı təsiri azaldı.

İqtisadi tsikl enmə və qalxmalarla xarakterizə olunur və bazar iqtisadiyyatı şəraitində qanunauyğun bir haldır. 1929-1933-cü illər böhranı dünya iqtisadiyyatına böyük zərbə vurdu. 1974-1975-ci illərdə olmuş böhran istehsalın kəskin aşağı düşməsinə səbəb oldu.

Azərbaycan da daxil olmaqla SSRİ-də 80-ci illərin sonlarından başlayaraq istehsalın səviyyəsi 1995-ci ilə olan dövrədək fasiləsiz olaraq aşağı düşməyə başladı və iqtisadiyyat böhran vəziyyətində oldu. 1996-cı ildən başlayaraq əvvəl düşmənin qarşısı alındı və iqtisadiyyatda artım prosesi baş verməyə başladı.

Hər bir ölkə çalışır ki, onun iqtisadiyyatı makroiqtisadiyyat səviyyəsində tarazlı olsun. Makroiqtisadi tarazlıq iqtisadiyyatın bütün sahələrində, ilk növbədə də tələb və təklif arasında tarazlığın olmasını nəzərdə tutur. Bunun üçün də bir-birilə bağlı olan əmək, əmtəə və kapital bazarlarında tələblə təklif arasında tarazlıq olmalıdır.

Cəmiyyət miqyasında isə ilk növbədə gəlirlər və xərclər arasında tarazlıq olmalıdır. Cəmiyyətin məcmu tələbi ilə məcmu təklifi arasında uyğunluq olmasa tələbatlar ödənilməz. Bunun üçün də istehsal olunmuş ÜDM (təklif) istifadə olunmuş ÜDM-ə (tələbə) uyğun olmalıdır.

Belə bir sual ortaya çıxır: görəsən bazar mexanizmi tarazlığı təmin etməyə qadirdirmi?

Klassik və neoklassik nəzəriyyələrə görə bazar mexanizmi avtomatik olaraq tarazlığı təmin edir. Keynsçi təlim əsaslandırır ki, bazar mexanizmi iqtisadi tarazlığı təmin etmir və buna görə də dövlət iqtisadi proseslərə fəal müdaxilə etməlidir. Bunun üçün dövlət özünün büdcə-vergi və pul-kredit mexanizmindən, siyasətindən istifadə etməlidir.

Demək olar ki, klassiklərdən və neoklassiklərdən (A.Smit, D.Rikardo, B.Sey, A.Marşall, A.Piqu və b.) heç biri makroiqtisadi kateqoriyaları, geniş miqyasda öz tədqiqatlarına cəlb etməmişlər. Onlar əsasən mikroiqtisadi təhlillə məşğul olsalar da bütövlükdə bazar sisteminin fəaliyyətdə olduğunu nəzərə alırdılar. Onlar ümumi iqtisadi tarazlıq modelini, azad rəqabət şəraitində, qısa bir dövr üçün nəzərdən keçirirdilər. Bu modelin əsası kimi Sey qanununa istinad edirdi. Bu qanuna görə «Hər bir təklif özünə uyğun tələb yaradır». Əmtəələr satılıb pula çevrilən kimi də tələb yaranır. Əldə olunmuş gəlir o andan da, əmtəə və xidmətlərin alınmasına sərf olunur. Deməli, bütün əmtəələr satılır və istehsal üçün tələb yaranır və s. Deməli, heç bir böhran ola bilməz.

Reallıqda isə əldə olunmuş gəlirin bir hissəsi şəxsi yığıma gedir. Deməli, təklif olunan məhsulun hamısı satılmır və tarazlıq pozulur. Bunu hiss edən klassik nəzəriyyəçilər ümumi iqtisadi tarazlıq nəzəriyyəsini irəli sürdülər. Bu nəzəriyyəyə görə tam məşğulluq şəraitində gəlir və xərclərin tarazlığı avtomatik olaraq təmin edilir. Belə ki, 1. faiz dərəcələri investisiya vəsaitinə olan tələblə təklifi tarazlayır; 2. çevik əmək haqqı əmək bazarında tələblə təklifi tarazlaşdırır; 3. çevik (dəyişkən) qiymətlər isə bazarı «təmizləyir» və deməli uzun dövr üçün ifrat istehsal ola bilməz. Tədavüldə artıq pulun olması isə ancaq nominal kəmiyyətlərə təsir göstərə bilər. Klassik nəzəriyyəyə görə bazar mexanizmi bütün cəmiyyət miqyasında pozulmuş proporsiyaları özü düzəldir və dövlətin bu proseslərə qarışması lazım deyildir.

XX əsrin 29-33-cü illərində baş vermiş dağıdıcı böhran əksini sübut etdi – bazar mexanizmi avtomatik olaraq iqtisadi prosesləri tənzim etməyə qadir deyil və dövlətin iqtisadiyyatı tənzimləmə fəaliyyəti zəruridir. Bu Keynsin və Keynçilərin əsas tezisləridir. Keynsə görə:

  1. Məcmu təklif məcmu tələbi müəyyən etmir, əksinə məcmu tələb məcmu təklifi müəyyən edir.

  2. Keynsə görə əmək haqqı və qiymətlər tam çevikliyə, dəyişkənliyə malik deyillər.

  3. Faiz dərəcəsi investisiyaların və şəxsi yığımın həcmini tarazlaşdırmır.

  4. İqtisadiyyatda tam məşğulluq avtomatik olaraq əldə olunmur.

Bunlara görə dövlət iqtisadi proseslərə müdaxilə edib onu tənzimləməlidir.

C.Keynsin «Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi» adlı əsərində makroiqtisadi səviyyədə iqtisadiyyatın tarazlı inkişafının nəzəri əsaslarını işləyib hazırlayır və əməli fəaliyyət üçün konkret tövsiyələr verir.

İqtisadçılar ona çalışırlar ki, istehsal və istehlak arasında mövcud olan bərabərsizlik, yəni pozulmuş nisbətlər bərpa olunsun. Deməli, məcmu tələblə məcmu təklif tarazlı oslun, iqtisadiyyat stabil inkişaf etsin.

§3. İqtisadi artım: mahiyyəti və amilləri. İqtisadi artımın tipləri.

İqtisadi artımın dövlət tənzimi.
İstənilən ölkənin qarşısına qoyduğu uzun müddətli vəzifələrdən biri uzun dövr üçün iqtisadi artıma nail olmaq, onun stabil və optimal tempinin saxlanılmasını stimullaşdırmaqdır.

İqtisadi artım nədir onu hansı amillərlə stimullaşdırmaq olar? iqtisadi artıma dair müxtəlif nəzəriyyələr müxtəlif modellər işlənib hazırlanmışdır. Burada məqsəd bütövlükdə cəmiyyətin artan tələbatlarını fasiləsiz ödəmək üçün lazım olan qədər məhsulun istehsalına nail olmaqdır. İstehsal edilmiş milli məhsul cəmiyyətin həm istehsal həm qeyri-istehsal ehtiyaclarının ödənilməsinə sərf olunur. Məhsulun artımı hər iki istiqamətdə olan ehtiyacların ödənilməsinə kifayət etməlidir. Bunun üçün istehsal geniş miqyasda təkrar olunmalıdır, yəni geniş təkrar istehsal baş verməlidir. İqtisadi artımın ən sadə tərifi real ifadədə (inflyasiyadan təmizlənmiş) ÜDM (yaxud ÜMM) hesablanması ilə bağlıdır.

İqtisadi artım – nəzərdən keçirilən dövrdə, real ÜDM (yaxud ÜMM) nisbi olaraq dəyişməsidir, yəni onun artmasıdır. İqtisadi artım tempi real ÜDM-in artım sürətinə (tempinə) uyğun olaraq faizlə hesablanır. Belə ki, ÜDM-in artım tempi = nəzərdən keçirilən dövrdəki real ÜDM-dən əvvəlki dövrdəki real ÜDM-i çıxıb, əvvəlki dövrdəki real ÜDM-ə bölüb 100 %-ə vururuq.

İqtisadi artım göstəricisi müsbət də ola bilər, mənfi də, «0» da. Məsələn, iqtisadiyyatda böhran olduqda artım sürəti aşağı düşür və «0» nöqtəsinə çata bilir. 90-cı illərin əvvəllərində Azərbaycanda iqtisadiyyatının inkişaf templəri aşağı düşmüşdür. Yalnız 1996-cı ildən başlayaraq artım hiss olunmağa başlamışdır.

İqtisadiyyatda baş verən artım templərini dəqiq səciyyələndirmək üçün real ÜDM-in əhalinin hər nəfərinə düşən payının artımı göstəricisindən istifadə edilir. Bu göstərici ölkə iqtisadiyyatının vəziyyətini daha düzgün əks etdirir. Ancaq bu göstərici də bütün hallarda etibarlı sayılmır. Məsələn, ölüm halları artdığı halda hər nəfərə düşən pay da arta bilər. Buna görə də iqtisadiyyatın vəziyyətini səciyyələndirən müxtəlif göstəricilərdən istifadə olunur.

İqtisadi artıma təsir edən aşağıdakı amillər əsas rol oynayır. Bu amillərə üç aspektdə baxmaq olar: 1) mütləq (kəmiyyətcə); 2) nisbi (keyfiyyətcə); 3) funksional asılılıq cəhətdən, yəni bu amillərlə istehsalın həcminin dinamikası arasındakı funksional asılılıq.

Mikroiqtisadi səviyyədə məhsulun istehsalı və artımı istehsal amillərinin qarşılıqlı təsiri sayəsində baş verir. Burada kəmiyyətcə dəyişiklik olur. İstənilən istehsal amilinin artımı məhsulun kəmiyyətini artırır (10 hektar əvəzinə 15 hektar sahə becərilərsə, məhsul artar). Bu ekstensiv təkrar istehsal tipidir, ekstensiv artımdır.

Keyfiyyət tərəfdən yanaşdıqda – burada istehsal amillərində baş verən keyfiyyət dəyişikliyi xarakterizə edilir. Bunun üçün nisbi göstəricilərdən istifadə edilir və iqtisadi artımın amili müəyyənləşdirilir. Bunlara aiddir: 1) əməyin məhsuldarlığı; 2) kapitalın məhsuldarlığı; 3) torpağın məhsuldarlığı (təbii resursların). Bu göstəricilər iqtisadi artımı keyfiyyət cəhətdən səciyyələndirir.

Qeyd etmək lazımdır ki, istehsal amillərini kəmiyyətcə artırmadan da onların keyfiyyəti hesabına artıma nail olmaq mümkündür. Bu intensiv iqtisadi artım adlanır və ekstensiv artımdan daha faydalıdır. İstehsal amillərinin məhsuldarlığının son həddi nə qədər çox olarsa, onların faydası da bir o qədər çox olar.

İqtisadi artıma təsir edən xarici amillərdən biri texniki tərəqqidir. Texniki tərəqqinin iqtisadi artıma təsiri birbaşa deyil, dolayısı ilə təsir edir. TT – istehsal amillərində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur. Belə ki, daha mükəmməl texnikanın istehsala tətbiqi istehsal amillərindən qənaətlə istifadə etməyə imkan verir, bu isə artıma səbəb olur, istehsalın müsbət artım tempi yaranır. Bu ona görə olur ki, resursların məhsuldarlığı yüksəlir, keyfiyyəti isə yaxşılaşır. İstehsal amillərindən səmərəli istifadə olunması isə ÜDM-in artmasına imkan yaradır. Beləliklə, TT-nin nəticəsində intensiv iqtisadi artım baş verir.

Hər bir istehsal amilinin özü də ayrılıqda iqtisadi artıma təsir göstərir. Texniki tərəqqi əmək məhsuldarlığının yüksəlməsinə təsir edir ki, bu da iqtisadi artıma səbəb olur.

Elmi biliklərin artması, insanın təcrübəsi də iqtisadi artıma səbəb olur.

İdarəetmə bacarığı, istehsalın elmi təşkili də, yeniliklərin istehsala tətbiqi də iqtisadi artıma səbəb olur. Bunlara nail olmaq üçün isə insan kapitalının formalaşmasına investisiya qoymaq lazımdır.

Əsas kapitala investisiya qoymaqla onun strukturu və keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqla iqtisadi artıma təsir göstərmək olar.

§4. Əmək resursları və məşğulluq. İşsizliyin formaları.

Azərbaycanda işsizlik problemi
Hazırda respublikamızda mövcud olan ən mühüm sosial-iqtisadi problemlərdən biri də cəmiyyət miqyasında iş qabiliyyətli əhali ilə onlar üçün iş yerlərinin sayı arasında tarazlığa nail olmaqdır. Bu sahədə nisbətin pozulması ya işsizliyin yaranmasına yaxud da artıq iş yerlərinin boş qalmasına səbəb olur. Bu cür halların qarşısını almaq üçün əmək resurslarına olan tələbat və iş qüvvəsinin sayı haqqında statistik uçot aparılır. Ancaq bütün cəmiyyət miqyasında onların sayını tam müəyyən etmək çox da asan iş deyildir.

Müasir dövrdə əməklə məşğul olmaq aşağıdakı prinsiplərə əsaslanır:

1.Məşğulluğun seçilməsi azadlığı (azad seçim). Bu azadlıq konstitusiya ilə müəyyən olunur (maddə 35).

2. Məhsuldar məşğulluq – hər kəs öz qabiliyyətinə, ixtisasına, peşəsinə uyğun sahələrdə çalışıb öz əməyinə uyğun gəlir əldə etməlidir. Hər kəs özünə uyğun olan işlə təmin olunsa bu məşğulluq üçün çox zəruridir.

3. Tam məşğulluq. Konstitusiya ilə əmək hüququ verilir və işsizlikdən müdafiə olunmaq hüququ vardır.

4.Məşğulluğun qanunvericiliklə tənzimlənməsi.

Böhranlarla bağlı işsizliyin olmasını artıq göstərdik. Bu iqtisadi tsiklə bağlıdır və böhran zamanı yaranır. XX əsrin ikinci yarısından etibarən məşğulluq problemi kəskinləşdi və xroniki hal aldı. Bununla bağlı bütün inkişaf etmiş ölkələr işsizliyin qarşısını almaq və məşğulluğu təmin etməklə bağlı tədbirlər görməyə başladı. Hazırda bizim ölkəmizdə də bu istiqamətdə dövlət səviyyəsində işlər görülür. Prezident Azərbaycanda 600 min iş yeri açmağa söz vermişdir və sözünə əməl edərək 2007-ci ilin ərzində 620 min iş yerinin açılmasına nail olmuşdur.

Məşğul kimə deyilir? İşsiz kimə? Bu suallara cavab üçün Beynəlxalq Əmək Təşkilatının məsləhət gördüyü meyarlardan istifadə olunur.

İlk olaraq ölkənin bütün əhalisi iki hissəyə bölünür:

1. İqtisadi cəhətdən fəal olmayan əhali – buraya ölkənin iş qüvvəsi tərkibinə daxil olmayan əhalisi daxildir. Onlara aiddir: gündüz oxuyan şagird və tələbələr; pensiyaçılar; ev təsərrüfatı ilə məşğul olanlar (uşaq və xəstəyə baxanlar da daxil olmaqla); iş axtarmaqla məşğul olanlar; işə ehtiyacı olmayanlar (gəlir mənbəyindən asılı olmayaraq).

2. İqtisadi cəhətdən fəal əhali (Qərb ədəbiyyatında – «cəmiyyətin məcmu qüvvəsi» - bu, əhalinin öz qüvvəsini təklif edən hissəsidir).

Əhalinin iqtisadi fəallıq səviyyəsi aşağıdakı kimi müəyyən edilir:

Ə S - F 0

İ F = . 100%

Ə S
İ F - iqtisadi fəal əhalinin sayı;

Ə S - əhalinin sayı;

F 0 - iqtisadi fəal olmayan əhali.
İqtisadi fəal əhali iki qrupa bölünür:

A. Məşğul olanlar – 16 yaş və ondan çox olan (kiçik yaşda olanlar da), hansı ki:

  1. muzdla işləyir və haqq alır (tam və natamam işləyənlər);

  2. ailə müəssisəsində əmək haqqı almadan çalışır;

  3. muzdla işləmir, müstəqil olaraq özünü işlə təmin edir (işə götürən, öz müəssisəsinin rəhbəri, fərdi əsasda işləyənlər) ;

  4. müvəqqəti olaraq işdə olmayanlar (xəstəliyə görə, xəstəyə qulluq edir, təhsil, tədris məzuniyyəti, əmək haqqı saxlanılmadan məzuniyyət, qismən əmək haqqı saxlanılmaqla məzuniyyət və s.).

B. İşsizlər – 16 yaş və çox olan şəxslər:

  1. gəlir gətirən işi yoxdur;

  2. iş axtarmaqla məşğuldur;

  3. işə götürülməyə hazır olanlar;

  4. göndəriş üzrə oxuyanlar – işlədiyi sahə üzrə.

Məşğul olan (M) və işsizlərin müqayisəsi yolu ilə işsizliyin səviyyəsi müəyyən edilir.

İşsizliyin səviyyəsi (İs) – İqtisadi fəal əhalinin (İf) sayında işsizlərin xüsusi çəkisini ifadə edir. Formulu belədir:

%

İnkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi artmağa meyllidir. Məsələn, ABŞ-da 60-cı illərdə işsizliyin səviyyəsi 5 %, 1995-ci ildə 5,6 %, İtaliyada 5 %, 1995-ci ildə 11,1 % olmuşdur. Azərbaycanda da işsizliyin səviyyəsi yüksəkdir.

İşsizliyin səbəbləri və növləri. İşsizliyin səbəbləri müxtəlifdir. Uzun dövr ərzində mövcud olmuş ədəbiyyatda işsizliin növləri müxtəlif cür adlandırılmış və izah edilmişdir. Məsələn, cari işsçizlik, gizli işsizlik, durğun işsizlik, texnoloji işsizlik, struktur işsizlik.

Müasir ədəbiyyatda işsizliyin aşağıdakı növləri göstərilir və səbəbləri də müxtəlif cür izah olunur. Bunlar: Friksion işsizlik - könüllü və qısamüddətli olur; Struktur işsizlik – nisbətən uzun müddətli olur; Məcburi işsizlik – ixtisasın dəyişməsi ilə bağlıdır; tsiklik işsizlik – iqtisadiyyatda enmələr və böhran zamanı baş verir. Eyni zamanda təbii işsizlik, onun səviyyəsi də öyrənilir. Friksion və struktur işsizliyin olmasına təbii hal kimi baxılır. Bir çox iqtisadçılar təbii işsizliyi inflyasiyanı yüksəltməyən işsizlik kimi səciyyələndirirlər. 1929-1933-cü il böhranlarından sonra ABŞ-da və digər ölkələrdə işsizliklə mübarizə, əhalinin məşğulluğunu təmin etmək dövlətin ən mühüm vəzifəsi hesab olunur. Ancaq heç bir ölkədə tam məşğulluğa nail olunmadı.

Təbii işsizliyə friksion və struktur işsizliyin cəmi kimi baxan bir çox Qərb iqtisadçıları təbii işsizliyin səviyyəsini hesablamağa çalışırlar. İşsizliyin təbii səviyyəsi 5,5 – 6 % həddində müəyyən edilir və normal sayılır.

İşsizlik əmək resurslarının, iqtisadi potensialın itkisi deməkdir. ABŞ iqtisadçısı Artur Ayken işsizliklə məhsul itkisi arasındakı asılılığı riyazi yolla hesablamağa və itkini müəyyən etməyə səy edir. Bu asılılıq Oyken qanunu adlandırılır. O, göstərir ki, işsizlik təbii səviyyədən 1 % yüksək olduqda, işsizliklə bağlı məhsul itkisi 2,5 %-ə çatır. Məlum olur ki, işsizliyin artması milyardlarla dollar məhsul itkisinə səbəb olur.

Artıq XX əsrin 70-ci illərindən başlayaraq Qərb dövlətləri məşğulluq siyasəti yeridir və zəhmətkeşlərin iqtisadi təhlükəsizliyini təmin etmək tədbirləri görür. Bunun üçün dövlət aşağıdakı tədbirləri həyata keçirir:

1. Kütləvi işsizlik dövründə qanunvericilik qaydasında iş günü və iş həftəsinin uzunluğunu müəyyən edir, onu qısaldır;

2. Müəssisələrdə iş yerlərinin bölünməsini «məsləhət» görür (işçilər arasında);

3. Dövlət bölməsində işçiləri vaxtından əvvəl pensiyaya göndərir (2-3 il əvvəl);

4. Yeni iş yerləri yaradır və yol tikmək və s. kimi ictimai işləri təşkil edir;

5. Ölkəyə xaricdən gələnlərin qarşısını alır və ölkədə olan xarici vətəndaşları ölkədən çıxarır və s.

İşsizliklə məşğul olan təşkilatlardan biri əmək birjalarıdır. Əmək birjaları işsizlərin və iş axtaranların uçotunu aparır, onları boş iş yerlərinə göndərir. Ancaq onların göndərişi məcburi xarakter daşımır.

Zəhmətkeşlərin iqtisadi təhlükəsizliyi vasitələrindən biri də işsizliyə görə sığorta fondudur ki, işsizlərə maddi yardım edir. Bu fond işləyənlərin hesabına yaradılır və ancaq işsizlərin bir hissəsinə çatır. Onun verilmə müddəti və miqdarı müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, ABŞ-da əmək haqqının 60-80 %-i, 3-12 ay ərzində, Fransada gündə 40 frank, əlavə olaraq əmək haqının 42 %-i, İngiltərədə sutkada 28,5 f.st.

Azərbaycanda da işsiz əhalinin müdafiəsi ilə bağlı tədbirlər görülür:

  1. Əmək yarmarkaları təşkil olunur;

  2. Məşğulluq mərkəzləri fəaliyyət göstərir;

  3. İşsiz qaldığı müddətdə müəyyən maddi yardımlar edilir;

  4. İctimai işlər təşkil olunur – yollar çəkilir, yaşıllıq idarəsi vasitəsilə iş verilir.

  5. Regionlarda yeni iş yerləri açılır və s.

Bütün bunlar işləmək qabiliyyəti olan əhalini işlə təmin etməyə yönəldilmiş tədbirlərdir.


Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə