Böyük Britaniyanın etnoqrafiyası


Böyük Britaniyada müasir etnomədəni, etnosiyasi proseslər



Yüklə 103,43 Kb.
səhifə43/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   35   36   37   38   39   40   41   42   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

45. Böyük Britaniyada müasir etnomədəni, etnosiyasi proseslər
Dünya ölkələrində baş verən siyasi, iqtisadi, sosial proseslər və dəyişikliklər bir-biri ilə əlaqəsiz görünsə də, əslində, bu proseslər bir-birinə təsir edərək qarşılıqlı asılılıq yaradır. Bunun da əsas səbəbi dərinləşən qloballaşma prosesidir. Tarixən baş vermiş assimilyasiya, inteqrasiya, immiqrasiya prosesləri Böyük Britaniyanı etnik baxımdan zənginləşdirmişdi. Etnik rəngarənglik Britaniyada etnik, dini, linqvistik, irqi fərqliliyin yaranmasına səbəb olmuşdu. Bu fərqliliklər Britaniya cəmiyyətinə müxtəlif cəhətdən təsir etmişdir. Bu baxımdan əsas yeri etnosiyasi və etnososial proseslər tutur.
Etnosiyasi və etnososial proseslərdə etnik, dini və linqvistik amilləri araşdırarkən Böyük Britaniyada mövcud olan etnos , dil və dinləri qısa şəkildə təhlil etmək yerinə düşərdi. Birləşmiş Krallıqda əsas beş etnik qrup mövcuddur. Bu etnik qruplara aiddir: ağlar, qarışıqlar, asiyalılar, qaralar və digər etnoslar qrupu. Sayca isə üstünlük yerli əhaliyə, yəni ağlar etnik qrupuna məxsusdur.
Birləşmiş Krallıqda 2011-ci ilin statistikasına əsasən, ümumi əhalinin 59,3%-i Xristian dininin, 4,8%-i İslam dininin, 1,5%-i Hinduizmin, 0,8%-i Siqhizmin, 0,5%-i İudaizmin, 0,4%-i isə Buddizmin tərəfdarıdır. Əhalinin 25,1% isə heç bir dinə inanmadığı üzrə qeydiyyatdan keçmişdir.
Dil göstəricilərinə gəldikdə, 2011-ci ilin statistikasına əsasən, İngiltərə və Uelsdə hər 10 nəfərdən 9-u ingilis dilində danışır. İngiltərə və Uelsdə əsas dil olan ingilis dili ilə yanaşı, digər dillər də istifadə olunur. Bunun səbəbi isə müxtəlif etnik qrupların burada məskunlaşmasıdır. Araşdırmalara görə, İngiltərədə ən çox danışılan ikinci dil polyak dilidir. Həm polyak, həm də digər dillərin ən çox istifadə edildiyi şəhər isə Londondur.
Uelsdə ingilis dili ilə bərabər ikinci əsas dil uels dilidir (valli və ya kimri dili də adlanır). Bu dildən, demək olar ki, yalnız Uelsdə istifadə olunur. İngilis dilindən fərqlənən uels dili 2011-ci ilin statistikasına əsasən, yerli əhali arasında az istifadə olunur. Uels əhalisinin 19%-i bu dildə danışa bilir.
Şotlandiyada da əhalinin əksəriyyəti ingilis dilində danışır, lakin ölkənin şimalından cənubuna, qərbindən şərqinə qədər əhali ingilis dilində müxtəlif ləhcə və dialektlərdən istifadə etməklə danışır. Şotlandların milli dilləri olan qaelik və skots dilindən yerli əhali öz arasında istifadə edir.
Şimali İrlandiyada iki əsas dil var: ingilis və irland dili. Şimali İrlandiyada əhalinin, demək olar ki, hamısı ingilis dilində danışır. İrland dilindən çox istifadə edilməsə də, ölkədə bütün yol işarələri, küçədəki yazılar həm ingilis, həm də irland dilindədir.
Birləşmiş Krallıqda yerli dillərlə yanaşı etnik azlıqların da dillərindən istifadə olunur. Bu dillərdən ən çox etnik azlıqlar öz aralarında istifadə edirlər. Etnik qrupların istifadə etdiyi dillərə, əsasən, pəncab, urdu, qucarat, benqal, polyak, fransız, tamil dilləri aiddir.
Birləşmiş Krallığın tərkibinə daxil olan ölkələrin dil göstəriciləri ilə tanış olduqca bir şey aydın oldu ki, hər bir ölkədə əsas dil ingilis dilidir. Maraqlı fakt isə odur ki, ingilis dili Birləşmiş Krallığın rəsmi dili deyil, sadəcə, əhalinin böyük əksəriyyətinin danışdığı əsas dildir. İngilis dili de-fakto olaraq rəsmi dildir.
Ümumiyyətlə, hər bir etnosun irqi, dili və dini həmişə cəmiyyətdə baş verən hadisələrə təsir edir. Xüsusilə də, birdən çox etnik qrupun yaşadığı cəmiyyətdə digər qruplara qarşı olan inamsızlıq, düşmənçilik, yadlaşma hissi etnik qruplar arasında münaqişələrə və ya əksinə, tolerantlıq, assimilyasiya halları isə sülh mühitinin yaranmasına səbəb olur. Sözsüz ki, bütün bunlar həm etnosiyasi, həm də etnososial proseslərə təsir edir.
Böyük Britaniyada etnik qrupların seçki sistemi və parlamentdəki rolu ölkədəki etnosiyasi proseslərə təsir edir. Son dövrlərdə Britaniyanın demoqrafik vəziyyətinin dəyişməsi, ölkədə etnik azlıqların sayının artması onların seçki məsələlərində əhəmiyyətini daha da artırmışdır. Etnosiyasi proseslərdə diqqət çəkən məqam isə siyasi partiyalar ilə etnik azlıqlar arasında olan münasibətlərdir.
Böyük Britaniya çoxetnoslu cəmiyyət olmasına baxmayaraq, burada yaşayan hər bir vətəndaşın səs vermək və seçkilərdə namizədliyini irəli sürmək hüququı var. 1965, 1968 və 1976-cı illərdə qəbul olunmuş İrqi Münasibətlər haqqında Akt, 2000-ci il İrqi Münasibətlər haqqında Düzəliş Aktı, 2006-cı il İrqi və Dini Nifrət haqqında Akt və 2010-cu il Bərabərlik Aktı ölkədə irqindən, dərisinin rəngindən, enik və milli kimliyindən asılı olmayaraq, ictimai sahədə istənilən ayrıseçkiliyi qanundan kənarlaşdırdı. Bu aktlar etnik qrupların etnosiyasi və etnososial proseslərdə iştirakına təkan verdi.
Əvvəllər yalnız ağlar və ya yerli əhali siyasətdə əsas rola malik idisə, son zamanlarda digər etnik qrupların da siyasətdə rolu əhəmiyyətli dərəcədə artmışdır. 2015-ci il mayın 7-də Birləşmiş Krallıqda keçirilmiş parlament seçkilərində 41 nəfər digər etnik qrupun nümayəndələri İcmalar Palatasına üzv seçilmişdi.
Həm Mühafizəkarlar Partiyasının, həm də Leyboristlər Partiyasının üzvləri arasında etnik azlıqlardan olan deputatlar var. 2015-ci ilin statistikasına əsasən, Mühafizəkarlar Partiyasında 17, Leyboristlər Partiyasında isə 22 qaradərili və digər etnik qruplara mənsub deputatlar üzvdürlər .
Birləşmiş Krallıq multikulturalizm ideologiyasını tətbiq edən ilk Avropa dövlətlərindən biridir. Ölkədə hər bir etnosun öz kimliyini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaq üçün imkanlar var. Multikulturalizm ideologiyasını ən çox dəstəkləyən isə Leyboristlər Partiyasıdır. Tarixən Leyboristlər Partiyası immiqrasiya siyasətini, etnik azlıqları dəstəkləyib. Bəzi ekspertlərin fikrincə, Leyboristlərin multikulturalizm və immiqrasiya proseslərini dəstəkləməsinin əsas səbəbi seçkilərdə etnik azlıqların və immiqrantların səsini qazanmaqdır. Nyu York Kral Kollecinin tədqiqatçısı, ilahiyyat üzrə professor Robert Karl ““Rəngli” koalisiyada islamçılar” adlı məqaləsində qeyd etmişdi: “1980-ci illərdə ağ işçi qruplar Leyboristlər Partiyasını tərk etməyə başladılar və Leyboristlər bu boşluğu doldurmaq üçün “rəngli koalisiya” yaratdılar. Bu koalisiya etnik azlıqların, qadınların və cinsi azlıqların hüquqlarını müdafiə edən fəallardan ibarət idi” .
Leyboristlərin bu cür dəstəyinə immiqrantların əksəriyyəti qarşılıqlı cavab verərək seçkilərdə onların lehinə səs verir. Leyboristlərin liberal miqrasiya siyasəti Mühafizəkarların tənqidinə məruz qalmışdı. Marqaret Tetçerin Baş Nazir olduğu zamanlardan etibarən “sıfır immiqrasiya” siyasəti həyata keçirməyə çalışan Mühafizəkarlar Partiyası bu gün də həmin siyasətin yumşaq variantını həyata keçirir.
2015-ci il parlament seçkilərində isə əvvəlki illərlə müqayisədə fərqli mənzərənin şahidi olduq. Adətən, Leyboristlər Partiyasını dəstəkləyən etnik azlıqların sayı azalmağa başlayıb.
İnteqrasiya, kimlik və miqrasiya məsələləri üzrə tədqiqat aparan British Future analitik mərkəzinin araşdırmalarına əsasən, 2015-ci ildəki parlament seçkilərində etnik azlıqların 33%-i Mühafizəkarlar Partiyasının, 52%-i isə Leyboristlər Partiyasının lehinə səs verib. İki partiyanın etnik azlıqlardan gələn səs faizləri arasındakı fərq digər illərlə müqayisədə azalıb. 2010-cu il seçkilərində Mühafizəkarlar Partiyası etnik azlıqların yalnız 16%-nin səsini qazana bilmişdi. 2015-ci il seçkilərində isə Mühafizəkarların etnik azlıqlardan gələn dəstəyi iki dəfə artmışdır .
Böyük Britaniyada etnik proseslərə ən çox təsir edən faktor isə dindir. Baxmayaraq ki, Birləşmiş Krallıq dünyəvi ölkədir, dinin ölkə siyasətinə böyük təsiri var. Birləşmiş Krallıqda din azadlığı var. Əhalinin dini baxışlarına görə ölkədə əsas din Xristianlıqdır. 2015-ci il Pasxa bayramı zamanı Baş Nazir Devid Kemeron təbrik nitqində bildirmişdi: “Biz, bütün dini inancları və dinə inamı olmayanları qarşılayan və qəbul edən millətik, amma biz hələ də xristian ölkəsiyik” .
Multikulturalizm ideologiyasını tətbiq edən və tolerantlığın ən bariz nümunəsi olan Birləşmiş Krallıq kimi bir ölkənin Baş Nazirinin “Biz, xristian ölkəsiyik” deməsi xoş bir hal deyil. Düzdür, əhali arasında ən geniş yayılmış din Xristianlıqdır, amma əhalinin ¼-i heç bir dinə inanmır, digər ¼-i isə digər dinlərin nümayəndələridir.
Ümumiyyətlə, Britaniyada din qarışıq məsələlərdən biridir. Tarixən İngiltərəni idarə etmək uğrunda kral, lordlar (Parlament nümayəndələri) və kilsə mübarizə aparmışdı. Kral II Henrinin zamanından başlanan Roma-Katolik Kilsəsi ilə mübarizə VIII Henrinin 1529-36-cı illərdə İngiltərədə Roma papasının ağalığını ləğv etməklə nəticələndi və VIII Henri özünü İngiltərə Kilsəsinin (Anqlikan Kilsəsi) başçısı təyin etdi. Reformasiya dövründə meydana gələn Anqlikan Kilsəsi İngiltərədə kral hakimiyyətini gücləndirdi .
Müasir dövrdə Birləşmiş Krallıqda iki rəsmi dövlət statuslu kilsə mövcuddur: İngiltərədə Anqlikan Kilsəsi və Şotlandiya Kilsəsi. Şimali İrlandiya və Uelsdə isə dövlət kilsəsi yoxdur. Dövlət statuslu kilsə rəsmi olaraq hökumət tərəfindən tanınır və dəstəklənir. Həm İngiltərədə, həm də Şotlandiyada dövlət kilsələri qanunla tənzimlənir və dini tolerantlıq prinsipini qəbul edir. Birləşmiş Krallıqda Kraliça dövlət kilsələrinin başında durur və “İnamın Müdafiəçisi” titulunu daşıyır.
Dövlət kilsəsi qanunvericilik roluna malikdir. Lordlar Palatasında 26 yepiskop (2 arxiyepiskop daxil olmaqla) təmsil olunur və Ruhani Lordlar kimi tanınırlar. Onlar ölkədə baş verən bir çox proseslərə dini nöqteyi-nəzərdən yanaşaraq siyasətə təsir edirlər.
Birləşmiş Krallıqda seçkilər zamanı partiyalar səs toplamaq üçün dindən istifadə edirlər. Seçkilərdə dini partiyalar da iştirak edir, lakin bu partiyalar yalnız Xristianlıqla bağlıdır. Onlardan biri Xristian Xalqlar Alyansıdır, digəri isə Xristian Partiyasıdır .
Böyük Britaniyada etnosiyasi proseslərə ən çox təsir edən dini icma yəhudilərdir. Baxmayaraq ki, Birləşmiş Krallıqda yəhudilərin sayı 0,5%-dir , onlar britan mediasına və siyasətinə güclü təsir edirlər. Yəhudilərin əsas məqsədi isə, Birləşmiş Krallıqdan İsrailə dəstəyin əldə olunması və ölkədə anti-semitizmin qarşısının alınmasıdır.
Britaniyanın siyası həyatına ən çox təsir edən yəhudi təşkilatları sırasına İsrailin Mühafizəkar Dostları, İsrailin Leyborist Dostları, Britaniya-İsrail Kommunikasiya və Araşdırma Mərkəzi, Yəhudi Milli Fondu aiddir .
Yəhudi icmasının britan siyasətinə təsirinin çox olmasının səbəblərindən biri ölkədə fəaliyyət göstərən siyasi partiyaların bəzilərinin yəhudilər tərəfindən maliyyələşdirilməsidir. Bu siyasi partiyalar sırasında əsas yeri Leyboristlər Partiyası və Mühafizəkarlar Partiyası tutur.
Böyük Britaniyanın qədim və geniş oxucu kütləsi olan “Yəhudi Xronikası” (“The Jewish Chronicle”) qəzeti 2006-cı ildə “Kemeron Komandasının Böyük Yəhudi Hamiləri” adlı məqalə çap etmişdi. Həmin məqalədə yəhudi icmasının görkəmli nümayəndələrinin Kemeronun hakimiyyətə gəlməsi üçün lazımi xərcləri maliyyələşdirdiyi qeyd edilib. Kemeronun Mühafizəkarlar Partiyasının lideri olması üçün keçirdiyi kompaniyaya yəhudilər 60000 funt-sterlinq əlavə maliyyə yardımı göstəriblər .
D. Kemerondan əvvəlki iki baş nazirin də İsrail lobbisi ilə yaxın münasibətləri olmuşdu. Onlardan biri Toni Bleyr, digəri isə Qordon Braundur. Hər iki keçmiş baş nazir Yəhudi Milli Fondunun rəhbəri olmuş və yəhudi iş adamları və oliqarxlarından maliyyə yardımı almışlar. Britaniyada İsrail lobbisi Amerikadakı kimi təsir gücünə malik olmasa da, yəhudi icması ilə yaxın əlaqə Birləşmiş Krallığın İsraillə bağlı siyasətinə təsir edir.
Etnik baxımdan zəngin olan bir ölkədə etnosiyasi proseslərə təsir edən amillərdən biri də dildir. Dil – hər bir etnosun, millətin mövcudluq əlamətidir. Hər bir ölkənin də dil siyasəti olur. Əsas dil ilə yanaşı, milli və etnik azlıqların da öz dillərinin olması çoxdilli ölkələrdə dil siyasətini daha da aktuallaşdırır.
Dünyada mövcud olan dillərin heç də hamısı dövlət dili səviyyəsinə yüksələ bilmir. Bu gün əksər ölkələrdə dil siyasətinin əsas tərkib hissəsi dil statusu məsələsidir. Bununla yanaşı, çoxdilli, çoxetnoslu ölkələrdə linqvistik münaqişələrin tənzimlənməsi də dil siyasətinin əsas istiqamətlərindəndir.
Böyük Britaniyanın linqvistik baxımdan zəngin olması istər-istəməz etnosiyasi proseslərə öz təsirini göstərir. Buna misal olaraq Uelsdə baş vermiş dilin statusu məsələsini qeyd etmək olar.
XX əsrin I yarısında Britaniyada vahid dil kimi ingilis dilindən istifadə olunurdu. Başqa dildən istifadə edənlər isə cəzalandırılırdı. 1966-cı ildə Uels Partiyası (Plaid Cymru) ilk dəfə olaraq İcmalar Palatasında yer qazandı və Uels özünüidarəetmə hüququ əldə etdi. Daha sonra ölkədə baş vermiş devolyusiya proseslərinə görə dilin statusu məsələsi də aktuallaşdı və dil kompaniyasına başlanıldı. 70-ci illərdə keçirilmiş seçkinin nəticəsinə əsasən, devolyusiya prosesi yatsa da, dil məsələsi hələ də gündəmdə qalmaqda idi. 1980-ci illərin sonlarından isə dil ilə bağlı konsensus əldə olundu və 1993-cü ildə 1967-ci il Uels Dili Aktına əlavələr edildi. Birləşmiş Krallıq Parlamentinin yeni Aktına əsasən, ictimai həyatda uels dili ingilis dili ilə bərabər səviyyədə götürüldü. 1998-ci il Uels Hökumətinin Aktına əsasən isə, bütün biznes və qanunverici, hüquqi normativ aktlar həm uels, həm də ingilis dilində yazılmalı idi. Bununla da, Uels ikidilli sistemə keçmişdi.
Birləşmiş Krallıqda etnosiyasi proseslərə təsir etmiş digər linqvistik hadisə isə irland dili ilə bağlıdır. İrlandiya tarixində irland dili həmişə əhəmiyyətli məsələlərdən biri olub. Düzdür, bu gün Şimali İrlandiyada əhalinin çox az bir hissəsi (2011-ci ilin statistikasına əsasən, ümumi əhalinin 0,24%-i) irland dilindən istifadə edir, bununla belə, irland dili ölkənin regional dillərindən biridir.
Əvvəllər Şimali İrlandiya Parlamenti ölkədə dövlət məktəblərində irland dilindən istifadəni, ictimai işarələrin bu dildə olmasını qanunla qadağan etmişdi. Buna baxmayaraq, ölkədə irland dilində qəzet çap edilirdi, orta məktəblər fəaliyyət göstərirdi. 1990-cı illərin əvvəllərində Birləşmiş Krallıq Parlamenti Şimali İrlandiya Parlamentinin qoyduğu qadağanı aradan götürdü. Bu hadisədən sonra BBC Şimali İrlandiya irland dilində ilk televiziya proqramını yayımladı.
Şimali İrlandiyada irland dilindən istifadənin saxlanılmasına təsir edən əsas amillərdən biri 1998-ci il Belfast müqaviləsi olmuşdur. Müqavilənin dil ilə bağlı bəndində qeyd olunurdu ki, Şimali İrlandiya daxil olmaqla, bütün İrlandiya adasında linqvistik müxtəlifliyə hörmət edilməli və tolerantlıq göstərilməlidir.
Avropada tarixi və regional dilləri təbliğ etmək məqsədilə 1992-ci ildə Regional və ya Azlıqların Dilləri haqqında Avropa Xartiyası qəbul edilmişdi. Birləşmiş Krallığın 2000-ci ildə bu Xartiyaya qoşulması irland dili ilə yanaşı, digər regional və milli dillərin də qorunub saxlanılmasına müsbət təsir göstərdi.
Uelsdən fərqli olaraq, Şimali İrlandiyada irland dili ingilis dili ilə bərabər səviyyədə qəbul olunmadı. Bunun səbəblərindən biri kimi Uelsdə əhalinin öz milli dilindən Şimali İrlandiyaya nisbətən daha çox istifadə etməsini göstərmək olar. İrlandiya Respublikasında isə əhalinin əksəriyyətinin ingilis dilində danışmasına baxmayaraq, irland dili rəsmi dil statusu əldə etmişdi, hətta İrlandiya Respublikasının Konstitusiyasının 8-ci maddəsində qeyd olunur ki, irland dili “milli dil” olduğuna görə birinci rəsmi dil, ingilis dili isə ikinci rəsmi dildir.
Şotlandiyada da əsas dil ingilis dilidir. Buna baxmayaraq, ölkə milli dilləri olan skots dilini (şotland ingiliscəsi) və qaelik dilini əhali arasında qoruyub saxlamağa çalışır. 2005-ci ildə Şotlandiya Parlamenti Qaelik Dil Aktını qəbul etmişdi. Aktda ingilis dilinə hörmət etməklə, qaelik dilinin də Şotlandiyada rəsmi dil kimi qəbul edilməsi qeyd edilmişdi.
2014-cü ildə Şotlandiyada müstəqillik referendumu keçirilən zaman seçki bülletenləri həm qaelik, həm də ingilis dilində hazırlanmışdı. Bəzi ekspertlər bu məsələni əhalinin milli dildə bülleteni görüb Şotlandiyanın müstəqilliyinin lehinə səs vermə təbliğatı kimi dəyərləndirmişdi. Bu fikirlərdə müəyyən həqiqət ola bilər, amma 2005-ci il Qaelik Dil Aktından sonra yaradılmış Qaelik Dil Şurasının (Bord na Gaidhlig) rəhbəri Artur Kormak haqlı olaraq vurğulamışdı: “2005-ci il Aktı bizə əsas verir ki, seçki bülletenləri həm qaelik, həm də ingilis dilində hazırlansın”.
Böyük Britaniyada etnososial proseslərə nəzər yetirsək, bir çox amillərin təsirinin şahidi olarıq. Birləşmış Krallıq liberal cəmiyyətli bir ölkədir. Buna baxmayaraq, Bristol Universitetinin professoru Devid Qordon Britaniyanı tam ədalətli bir ölkə hesab etmir. O bildirir ki, Britaniyada hamıya bərabər münasibət göstərilir, amma bərabərliyin təmin edilməsi çox aşağı səviyyədədir.
2014-2015-ci illərdə Birləşmiş Krallıq sosial rifah üçün büdcədən 258 milyard funt-sterlinq ayırmışdı. Bu məbləğ büdcənin 35%-ni təşkil edir. Bununla belə, ölkədə etnik azlıqlar arasında ciddi şəkildə sosial problemlər mövcuddur.
Britaniyada etnoslarda əsas sosial məsələlər işsizliklə əlaqədardır. 2008-2012-ci illərdə baş vermiş qlobal maliyyə böhranı digər ölkələrdə olduğu kimi, Britaniya iqtisadiyyatına da güclü zərbə vurmuşdu. Sadə vətəndaşlar üçün ən böyük problem işsizlik olmuşdu. 2011-ci ildə Britaniyada işsizliyin səviyyəsi 8,1% ilə rekord göstəriciyə çatmışdı. Bu gün işsizlik göstəricisi normallaşsa da (2015-ci ildə 5,6%), etnik azlıqlar arasında iş tapmaq problemi qalmaqdadır.
2011-ci ilin statistikasına əsasən, işsizlik göstəricisinə görə ən aşağı nəticə 6,6% ilə ağlara, daha sonra 8,1% ilə hindistanlılara məxsusdur. Ən yüksək göstərici isə qara afrikalılara, benqallara və qara kariblilərə məxsusdur. Britaniyada etnik qrupların əksəriyyəti ya öz işini qurur, ya da yarım günlük (part-time) işlərə üstünlük verirlər. Bu baxımdan pakistanlılar və benqallar fərqlənirlər. Əmək qabiliyyətli benqal və pakistanlıların əksəriyyəti hotel və restoran sahəsində çalışır. Digər etnik azlıqlardan fərqli olaraq, hindistanlılar daha yaxşı işlərdə, böyük şirkətlərdə çalışırlar. Bunun səbəblərindən biri kimi ingilis dilinin Hindistanın rəsmi dili olmasını və hindistanlıların ingilis dilində sərbəst danışa bilməsini, digər səbəb kimi isə təhsil göstəricilərinin daha yüksək olmasını göstərmək olar.
Böyük Britaniyada belə sosial proqramların olması immiqrant axınını daha da sürətləndirir. Son zamanlarda Avropadan gələn immiqrantların sayının artması və Birləşmiş Krallığın Avropa İttifaqından çıxmaq istəyi etnososial proseslərə təsir etmiş və sosial siyasətdə müəyyən dəyişikliklərin olmasına səbəb olmuşdu.
D.Kemeron 2015-ci ilin sonlarında Avropa Şurasının prezidenti Donald Tuska və digər Aİ liderlərinə yazılı məktub göndərərək şərtlərini bildirmişdi. Birləşmiş Krallıq şərtlərin həyata keçirilməsindən asılı olaraq Aİ-də qalıb-qalmayacağını müəyyən edəcək. D.Kemeronun şərtlərindən biri Aİ ölkələrindən Britaniyaya gələn immiqrantlara dörd il ərzində heç bir sosial yardımın göstərilməməsi idi. İmmiqrantlar dörd il ərzində işləyib ölkəyə xeyir verdikdən sonra sosial yardım proqramlarından istifadə edə bilərlər.
Bir çox proseslərə təsir edən din etnososial proseslərdən də yan keçmir. Son dövrlərdə Britaniyada dinin cəmiyyətdə rolu azalmağa başlayıb. Bu gün britan cəmiyyətində din immiqrantlar üçün etnik kimliyin əsas tərkib hissəsidirsə, yerli əhali üçün tolerantlığın əlamətidir.
Multikulturalizm siyasəti ölkədə etnosların dini dəyər və normalarını saxlamağa şərait yaradır. Bu siyasətin nəticəsində ölkədə çoxlu dini cəmiyyətlər, təşkilatlar, diasporalar fəaliyyət göstərir. Sionist Federasiyasını, Birləşmiş Krallıq Hinduistlər Şurasını, İslam Mədəniyyət Mərkəzini nümunə kimi göstərmək olar. Ölkədə hər bir dinin ibadət mərkəzləri var. Bundan əlavə, İngiltərədə məktəblərdə din tədris olunur.
Etnososial proseslərə dilin də müəyyən təsirləri var. Uels dili Uelsdə, xüsusilə də, şimal-qərb və qərb zonasında əhalinin gündəlik həyatında istifadə olunur. Bununla yanaşı, ölkədə uels dili tədris olunur və uels dilli məktəblər fəaliyyət göstərir. Ölkədə uels dilində televiziya kanalı – S4C, radio – BBC Radio Cymru fəaliyyət göstərir. Bundan əlavə, uels dilində jurnal və qəzetlər çap olunur. Eyni vəziyyətlə Şotlandiya və Şimali İrlandiyada da üzləşmək mümkündür.
Yerli etnoslar kimi immiqrantlara da öz dillərindən istifadə etmək üçün şərait yaradılıb. İmmiqrantların əksəriyyəti işləmək və ya oxumaq məqsədilə Britaniyaya gəldikləri üçün ingilis dilini müəyyən səviyyədə də olsa, bilirlər. İngilis dilində danışa bilməyənlər üçün isə iş tapmaq həddindən artıq çətindir.
Hər bir cəmiyyətdə etnik proseslər baş verir. Etnik proseslərin öyrənilməsi etnik qrupların öyrənilməsi ilə bağlıdır. Etnik qruplar isə cəmiyyətdə baş verən siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrə təsir etmək gücünə malikdirlər. Birləşmiş Krallıqda da etnik proseslərin əsas subyektləri yerli və gəlmə etnik qruplardır. Bu gün Britaniya nə qədər tolerantlıq göstərsə də, immiqrantlar bəzi məsələlər üzrə ayrıseçkiliyə məruz qalırlar. Bu da öz növbəsində ölkədə baş verən etnosiyasi və etnososial proseslərə təsir etmiş olur. Ona görə də immiqrantların əksəriyyəti milli və ənənəvi dəyərlərini qoruyub saxlamağa üstünlük verir. Bu isə ölkədə multikulturalizmi böhrana sürükləyir.
Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə