“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
61
kağızları lay-lay qopub, yerə düşməyə başladı və bu nəmli kağızların üzərində
məskunlaşan ilbiz yığınları öz təpəsinə tökülməsin deyə, o, necəgəldi ora-bura
vurnuxmağa başladı. Başına dəyən zərbənin təsirindən az qaldı hətta huşu başından çıxa,
dizi üstə çökdü və güclə özünü ələ aldı. Düşündü ki, otağın havası qaxsıyıb, pəncərəni
açmaq pis olmaz. İlbizlər onun botinlərinə daraşmışdılar, şalvarının çırmanan qismində
qalaqlanmışdılar. Kişi əsəbi şəkildə ayağını irəli atdı. Xidmətçilərdən kimi isə yardıma
çağırmaqdan ötrü qapıya tərəf getmək istəyəndə tavandakı çilçıraq başına düşdü. Mister
Knoppert dolu çuval kimi döşəməyə sərələndi. Yalnız indi anladı ki, ilbizlər sıx və enli
bir təbəqə halında pəncərə rəfini işğal etdiklərindən pəncərəni açmaq da ona müyəssər
olmayacaq. Havası çatmırdı, nəfəsi daralırdı, bu üzdən yerdən qalxacaq tabı-taqəti də
qalmamışdı. Ona bu çarəsizliyi aşılayan təkcə otağın çürüntülü havası deyildi. Dörd
tərəfdə yellənən və üzərləri ilbizlərlə örtülü divar kağızları sanki indi onu mühasirəyə
almışdı, ona meydan oxuyurdu, dünyanı başına dar eləmişdi.
Dışarıya səsləndi:
- Edna!
Səsinin hədsiz boğuq çıxdığına özü də heyrətləndi. Otaq divarları səskeçirməyən
kameraya çevrilmişdi sanki. Dizləri və dirsəkləri altında xırçıldayaraq qırılan yüzlərlə
ilbizə diqqət etmədən döşəmə ilə sürünməyə başladı. Nə qədər əlləşsə də, qapını aça
bilmədi. Qapı üzərindəki girinti-çıxıntılar sonsuz sayda ilbizlə örtüldüyündən onun bütün
gücənmələri nəticəsiz qaldı.
- Edna!
Bu ara ağzına da bir ilbiz soxuldu. Mister Knoppert iyrənərək ağzındakını yerə tüpürdü.
Sonra biləyinə dırmaşan ilbizləri çırpıb, təmizləməyə çalışdı. Ancaq yüz ilbizin əlindən
qurtulduğu anda dörd yüz ilbizin hücumuna uğrayırdı artıq. Otaqda çarəsiz halda boş bir
guşə axtardığı bu anlarda üstünə yeriyən yüzlərlə ilbiz onun hərəkətlərini qısıtlayırdı.
Bəziləri hətta kirpiklərinin üstüylə sürünürdülər. Mister Knoppert birtəhər ayağa
qalxmağa macal tapmışdı ki, daha bir zərbə aldı: bu zərbənin mənbəyini isə bir türlü
anlaya bilmədi. Huşunu itirməkdəydi! Bircə onun fərqindəydi ki tir-tap yerə sərilib. Əlini
üzünə tərəf aparmaq istəyirdi ki, bəlkə bu yolla dodaqlarında gəzən, burun pərələrinə
girən və kirpiklərinə çıxan bu iyrənc qatillərdən canını qurtara. Ancaq sanki qollarından
qurğuşun asılmışdı.
- Kömək edin!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
62
Bir ilbiz ta qırtlağına qədər gedib çıxmışdı və o, bunu udmalı oldu. İlbiz boğazında ilişib
qaldığından nəfəs almaq niyyətiylə kişi ağzını daha geniş açdı və bu ara ikinci ilbiz içəri
dürtüldü. Əsl cəhənnəm əzabıydı bu!
Daha yerindən dəbərə də bilmirdi, axın edən bu canlı məxluqların ağırlığı altında
döşəməyə yapışmışdı.
Nəfəs alması da indi qısa hıçqırtıları xatırladırdı:
- Xır-r-r!
Gözləri önündə uzanıb gedən qara zülmət dalğası artıq beynini bürüməkdəydi. İndi
köksünü də ötürə bilmirdi, çünki ağzı və burun pərələri yapışqanlı maye ilə tıxanmışdı.
Qolunu tərpətməkdə aciz idi. Kirpiklərini zorla aralayaraq, bir gözüylə önünə baxmağa
çalışanda gördü ki, bir qarış irəlidə, qapının böyründəki dibçəkdən dikələn süni ağac
budağının üstündə bir cüt ilbiz səssiz-səmirsiz sevişməkdədir. Şəffaf yağış damlasına
bənzəyən bala ilbizlər isə bir-birinin ardınca, azca aralıdakı torpaq çuxurdan sürünüb
çıxırdılar.
Bunlar - o böyük ordunun yeni əsgərləriydi…
Tərcümə edəni: Azad Yaşar
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
63
Herman Hesse
Ağır yol
1916-cı ildə qələmə alınmış və 1917-ci ildə nəşr edilmişdir. Həkim Hans Bruna və onun
həyat yoldaşına həsr edilmişdir.
Nağılın psixoanalitik rəmzləri: dağ özlüyün arxetipidir, bələdçi yol göstərəndir və
qəhrəmanın ali "Mən”ini ifadə edir; ağac dünya ağacıdır; quş ruhun rəmzidir.
***
Dərənin girəcəyində, qayalarla əhatə olunmuş yerdə qətiyyətsizlik içində dayanaraq geri
çevrildim və arxamda buraxdıqlarıma baxdım.
O yaşıl və səfalı məkanda günəş işıq saçır, çəmənlərdə rəngarəng otlar parıldayırdı. Orda
həyat
gözəl idi, orda rahat və isti idi, orda ürək könülaçan ətirlərin və çiçəklərin arasında
yaşayan arı tək dərindən və rahatdan nəfəs alırdı. Və bəlkə də mən bu yerləri tərk edib
dağa qalxmaq istəyimə görə dünyanın ən axmaq adamı idim.
Bələdçi yavaşca çiynimə toxundu. Mən gözümü qəlbimə yaxın olan bu mənzərədən
ayırdım və özümü sanki iradəm xaricində isti yatağından qışın soyuğuna çıxmış biri kimi
hiss etdim. İndi mən günəş şüalarının çatmadığı zülmətə qərq olmuş dərəyə baxırdım:
dərədən kiçicik qara bir bulaq axırdı, onun kənarlarında solğun rənglərə boyanmış
qurumuş otlar bitmişdi, bulağın dibində nə zamansa mövcud olmuş, indi isə xatirələrdən
belə silinmiş kəslərin sümükləri qədər ölü və solğun olan rəngarəng çınqıl dənələri vardı.
- İstirahət etsək yaxşı olardı – bələdçiyə dedim.
O, səbirlə gülümsündü və biz torpağa oturduq. Sərin idi, dərənin kənarındakı qayalardan
soyuq gəlirdi – oradan ətrafa tutqun və iliklərə işləyən hava axını yayılırdı.