96
fiziki-bioloji üstünlük, var-dövlət, əmlak üstünlüyü və
hökm, rəyasət, taxt-tac üstünlüyü. Digər tərəfdən, maddi
yükdən azad olmaq, imtina etmək hesabına daxili mənəvi
yüksəliş, intellektual və əxlaqi üstünlük. Sosial müstəvidə
nəfs iqtisadi və siyasi prizmalardan keçərək başqa donlara
girsə də, mahiyyəti eynidir. Bütün dövrlərdə böyük sənət-
karlar bu problemlərə müraciət etmiş və onları öz dövrünün
və öz mühitinin konkret cizgiləri ilə qələmə almışlar.
Cabbarlı da istisna deyil. O da Nizami kimi, Şekspir,
Axundov, Dostoyevski, Cavid kimi var-dövlət və mənəviy-
yat qarşıdurmasına, sosial determinizm və ictimai azadlıq
əksliyinə dəfələrlə müraciət edir və problemi öz dövrünün
və öz mühitinin rəngində, konkret təzahürlərində qələmə
alır.
* * *
SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə
etdikdən sonra, yenidən kapitalist ictimai-iqtisadi
münasibətlərini özünə inkişaf yolu kimi seçən ölkəmizin
qarşılaşdığı problemlər bədii ədəbiyyatda öz əksini necə
tapır? Müasir dövrdə ictimai-siyasi, sosial-iqtisadi və
mədəni-mənəvi müstəvilərdə baş verən böyük dəyişikliklər,
heç şübhəsiz, insanların fərdi həyatına da müdaxilə edir.
Cəmiyyətlə insan arasında harmoniya pozulur. Dağılmış
köhnə münasibətlərin üzərində yeni dövrün tələblərinə
uyğun yeni münasibətlər formalaşanadək, sosial-mənəvi
97
harmoniya yenidən qərarlaşanadək insan «xaosun
qaydaları» əsasında yaşamalı olur. Bax, həmin bu
təbəddülatlı keçid dövrünün dramatizmini əks etdirən yeni
ədəbiyyat da harmonik həyata qayıdışın mühüm
vasitələrindən biri olur.
Bəs hanı bu yeni ədəbiyyat?! Zahiri yeniləşmə,
həyatın üst qatlarındakı müasirlik, hadisəçilik səviyyəsində
problemlər və konfliktlər ədəbiyyatda da öz əksini
tapmaqla onu cılızlaşdırır, keçid dövrünün keçici hadisələri
sırasına müvəqqəti cari ədəbiyyat da əlavə olunur. Cari
problemlərin alt qatlarını açmağa, müasir cəmiyyətdə
gedən proseslərə insanlığın əzəli-əbədi problemləri
kontekstində
baxmağa
qadir
olan,
mahiyyətlər
səviyyəsindəki invariantlara söykənən böyük ədəbiyyat isə
elə bil ki, yorulub fasilə vermiş və nəfəsini heç cür dərib
qurtara bilmir. Lakin məhz bu keşməkeşli keçid dövründə
bizə haradan gəlib haraya gedəcəyimizi nişan verə bilən
həqiqi böyük ədəbiyyat lazımdır.
...Bu günümüzü mahiyyət müstəvisində əks etdirə
bilən böyük ədəbiyyat intizarında ikən diqqətimiz istər-
istəməz ötən əsrin əvvəlində Cəfər Cabbarlının inşa etməyə
başladığı əzəmətli sənət abidələrinə yönəlir. Və yenə də
heyrətlənməyə bilmirsən. Onun bir sıra pyeslərində elə bil
ki, bu günün problemləri əks olunur. (Bəli, böyük
klassiklər həmişə müasirdirlər). Digər tərəfdən isə görünür,
98
zaman özü təkrar olunur. Biz yenə də ilkin kapital yığımı
dövrünü, yeni zənginlərin yaranması – milli burcuaziyanın
formalaşması ərəfəsində özünə pozitiv funksiya tapa
bilməyən pulun törətdiyi eybəcərliklər dövrünü yaşayırıq.
Yenə də kapital dünyasının açdığı yeni imkanlar ona
adekvat
olan
yeni
əxlaqın formalaşması tempini
qabaqlayır... Yenə də azad dünyaya açılan qapılardan yeni
texnologiya ilə yanaşı çürük mənəviyyat, pozulmuş əxlaq
da daxil olmağa çalışır.
XX əsrin əvvəllərində Bakıda kapitalizm özünün ən
klassik formasında sürətlə inkişaf edirdi. Avropada yüz
illər ərzində gedən proses neft səltənətində on illər ərzində
həyata keçirdi. Sosial-iqtisadi və hətta siyasi mühitin sıxlıq
dərəcəsi xeyli artmışdı. Hadisələrin gedişini sürətləndirən
bir amil də xarici kapitalın və onun Avropada artıq
formalaşdırmış olduğu həyat tərzinin hazır şəkildə
transformasiyası idi. Həm də belə sür'ətli ictimai-iqtisadi
yeniləşmə böyük mədəni yüksəlişlə müşayiət olunurdu.
Milli dirçəliş, milli özünüdərk prosesləri artıq başlanmışdı.
Bu, əlbəttə, yaxşı idi. Lakin şəxsi mənafeləri naminə öz
istəklərindən asılı olmadan milli iqtisadi dirçəlişə də təkan
verənlər bu prosesin mədəni-mənəvi dirçəlişlə müşayiət
olunması zərurətini təbii ki, nəzərə almırdılar.
Kapital elə bir sinkretik hadisədir ki, o, hər hansı bir
diyara təşrif gətirəndə özü ilə bərabər təkcə maddi nemətlər
99
deyil, həm də bu maddiliyin hökmranlıq iddiasını gətirir və
mənəvi müstəvidə ənənəvi olaraq qərarlaşmış nə varsa,
hamısını alt-üst etməyə çalışır.
Şüurda təhkimçiliyin, ehkamçılığın, pis mənada
ənənəçiliyin qoyduğu qadağalar aradan götürülür, buxovlar
qırılır, şlüzlər açılır, işgüzarlığın və inqilabi təfəkkürün
köpüklənən dalğaları mənəvi çəpərləri də çör-çöp kimi
qabağına qatıb aparır. Yeni şlüzlərin tikilməsi, yeni ictimai
meyarların, yeni mənəvi qadağaların formalaşması isə xeyli
vaxt tələb edən çətin bir prosesdir.
Sözün böyük mənasında azadlığa gedən yol, təəssüf
ki, əvvəlcə azad iqtisadiyyatın bazar labirintlərindən keçir.
Buna müqavimət göstərə biləcək yeganə qüvvə isə milli
ruh və onun daşıyıcıları olan ziyalılardır. Bu baxımdan
əsrin əvvəlində Azərbaycanın mədəni-mənəvi məkanında
ziyalıların məqsədyönlü fəaliyyətinin güclənməsi əslində
bilavasitə yeni iqtisadi münasibətlərə keçidin yox, onun
mənəvi müstəvidəki dağıdıcı təsirlərinə reaksiyanın,
mədəni-mənəvi müqavimət hərəkatının nəticəsi idi. Gənc
Cabbarlının öz yaşını qabaqlayaraq əsri vaxtında haqlayan
və inersiya ilə ola bilsin ki, lazım olduğundan da qabağa
gedən impulsiv yaradıcılığı da o dövrdə məhz artıq yetkin
ziyalı mühitinin yaratdığı milli-mənəvi reaksiya hərəkatının
dalğalarında sür'ət və vüsət almışdı.
* * *
Dostları ilə paylaş: |