Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

 
153 
motivlərinin  əksinə  olaraq,  C.Cabbarlı  öz  müsbət 
romantik  qəhrəmanı  Durnanı  mütərəddid,  nə  isə 
hərəkətlərində ardıcıl olmayan bir qız kimi vermişdir. 
O, qətiyyətli deyil, elə bil ki, atanın həqiqi, sevən bir 
aşiq təsiri bağışladığı  səhnələrdə  ona  güzəştə getmək 
istəyir: 
 
Sən özün heç, sözün də biməna
Fəqət eşqin uca, vuruldum ona. 
 
Lakin C.Cabbarlı bu «uzaq» və «köhnə» mövzu-
da  əsər  yaradarkən  yenə  də  ona  müasir  cəhətdən 
yanaşmış,  ülvinin,  alinin,  müsbətin,  işığın  qələbəsini 
tərənnüm etmişdir. 
Bu  baxımdan  poemanın  bir  yerində  şairin  Dur-
nanın  ictimai  xarakter  daşıyan  istək  və  arzuları,  qəlb 
dünyası  barədə  Qız  qalası  abidəsinə  dediyi  misraları 
xatırlayaq: 
 
Ta o çağdan özün unutmuş o,  
Başqalarçın çəkir fəqət qayğu.  
Ta o çağdan o, bir peyğəmbər tək  
Bəşərin halına yanıb acıyır.  
Zirvəsində fanar, uçanlar üçün  
Odlu bir ölkənin yolun açıyor. 
 
Zənnimizcə,  Durnanın  başqaları  üçün  örnəkliyi 
poemada  indi  əsrlər  keçmiş,  qərinələr  ötürmüş  Qız 
qalası  abidəsinin  timsalında  məhz  bu  misralarda 
ümumiləşdirilmişdir. 


 
154 
Əlbəttə,  böyük  dramaturqun  romantikasını 
dramatik  əsərlərində  izləsək,  daha  bariz,  daha  parlaq 
nümunələrə  rast  gəlmək  olar:  «Aydın»,  «Oqtay 
Eloğlu» «Ədirnə fəthi», «Ulduz», «Od gəlini» və son 
əsəri – «Dönüş». 
M.Arif yazır: «Aydının şəxsiyyəti iki xüsusiyyət 
ifadə etməkdədir. Onun sözlərində bir tərəfdən üsyan 
edən  bir  insanın  inadkar  və  döyüşkən  səsi,  digər 
tərəfdən,  kapitalizm  məngənəsi  altında  əzilən  bir 
insanın fəryad və iniltisi eşidilir».
1
 
Deməli,  Aydın  surətinin  ziddiyyəti  də  buradan 
irəli  gəlir.  Üsyankar  Aydın  əsl  faciə  qəhrəmanı,  inil-
dəyən  və  fəryad  qoparan  Aydın  isə  miskin,  yazıqlıq 
doğuran  xırda  bir  bədbəxt  adama  çevrilir.  Onun 
sözləri  bu  ikiliyi  dürüst  ifadə  edir:  «Mən  istəyirdim 
bütün  dünya  mənimlə  hesablaşsın,  küçələrdən  keçər-
kən Aydın gəlir deyə xalq məni barmağı ilə göstərsin. 
Mən diriliyi yeni əsaslar üzərində qurmaq üçün bütün 
cəmiyyəti  qan  dənizində  çimdirib,  insanlığın 
çeynənmiş  sümükləri  üzərində  sağ  qalacaq  beş  yaşlı 
səbi üçün səadət sarayları tikdirmək istərdim».
2
 
Romantik  qəhrəmanın  XX  əsrin  əvvəlləri  üçün 
səciyyəvi olan bu arzularını həyata keçirmək bəlkə də 
mümkün idi? Belə ki, müsbət qəhrəman mütərəqqi və 
inqilabi  qüvvələrə  arxalanaraq,  onlarla  əlbir,  dilbir 
olub  ardıcıl,  prinsipial  mübarizə  nəticəsində 
məqsədinə  çata  bilərdi.  Lakin  Aydında  məhz  bu 
xüsusiyyətlər  çatmırdı.  O,  istismar  dünyasının,  altun 
                                                 
1
 M.Arif. C.Cabbarlının yaradıcılıq yolu, Bakı, 1956, s.68. 
2
 Yenə orada. 


 
155 
ağalığının  zəhmini  görən  kimi  qanadlı  ibarələrlə 
danışan bir «filosofa» çevrilirdi: «... Əsrimizdə şöhrət 
və  böyüklük  qapalı  bir  evdədir  ki,  yiyəsi  altun,  açarı 
təsadüf,  qoruyucusu  isə  ölümdür»  sözlərini  deyən 
Aydın  sanki  düşmənin  qəviliyi  qarşısında  şaşırır, 
sarsılır  və  geri  çəkilirdi.  Ondakı  mütərəddidlik,  inilti 
üsyankar  cəhəti  öldürür,  işi  məqamında  görmək 
əvəzinə, ovu bərədən qaçırırdı. Həm də onun intiqam 
hədəfi konkret yox, çox ümumi və bəlkə də mücərrəd 
baxımdan  izah  edilir.  Kimə  qarşı  üsyan?  Sualına  o, 
konkret  obyekt  göstərə  bilmirdi:  «bütün  bəşəriyyətə 
qarşı,  bütün  qanunlara  qarşı»  cavabını  verirdi. 
Aydının  fəlsəfəsi,  fəaliyyət  proqramı  çox  bəşəri  və 
cazibədar  idi  və  biz  bunun  üçün  onu  sevməyə 
bilməzdik:  «Mən  elə  bir  dünya  istəyirəm  ki,  orada 
millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, 
hərəkət  azad,  bütün  varlıq  azad,  istila  zənciri  yox, 
altun  yox,  hər  kəs  öz  zəhmətinin,  öz  arzusunun 
quludur».
1
 
Bu  ideal  cəmiyyət  və  ya  mühit  haqqında  onun 
arzusu,  təəssüf  ki,  söz  olaraq  qalır,  necə  deyərlər,  öz 
maddi  silahını  tapa  bilmirdi.  Ona  görə  də  dostu 
Surxayın  «öz  günbatan  fikirli,  gündoğan  duyğulu» 
sərsəm  dostu  barədə  dediyi  sözlər  çox  maraqlıdır: 
«Yaxşı  oxuyursan,  amma  bizim  toyuğun  qaqqıltısı 
heç  olmazsa  bir  yumurta  ilə  təmin  olunduğu  üçün 
daha  maraqlıdır».  Lakin  buna  baxmayaraq,  bizi  daha 
çox real əməl adamı olan Surxay yox, daha çox xəyal 
adamı  olan  romantik  Aydın  surəti  cəlb  edir.  Çünki 
                                                 
1
 C.Cabbarlı. Əsərləri, 1-ci cild, Bakı, 1968, s.159 


 
156 
Aydın özünü yox, başqalarını düşünür, onun arzuları, 
idealları bəşəri olmaqla, həm də böyükdür. 
Aydın  düşünür  və  düşündürür.  Bu  isə  əsas 
məziyyətdir. Aydın böyük bir iş haqqında, böyük bir 
amal  haqqında  fikirləşir,  onu  praktiki  olaraq  həyata 
keçirə bilməsə də, hər halda ona can atır, belə bir işin 
zəruriliyini başqalarına da anlatmağa çalışır. 
«Aydın»da  ən  dəhşətli  səhnə  kazino  səhnəsidir. 
Burada Aydın öz arvadının qolundan tutaraq «məsum 
bir qadın namusu hərraca qoyulur»  – deyərək simvol 
dərəcəsinə  yüksəlir,  barışmaz,  ardıcıl,  üsyankar  bir 
ideoloqa  çevrilir.  Onu  öldürməklə  hədələyən,  əlini 
belinə tapançasına aparmaq istəyən bəylərlə də aman-
sız  rəftar  edir:  «Siz  əlinizi  belinizə  aparmaqdansa, 
cibinizə atın... Çünki sizin silahınız oradadır, kişiliyi-
niz  də  oradadır».  Lakin,  təkrar  edirik,  bütün  bunlar 
bizdə  Aydına  qarşı  müəyyən  yazıqlıq  hissləri,  acıma 
duyğuları  oyatmaqdan  irəli  gedə  bilmir.  Lirik-ro-
mantik  duyğularla  yoğrulmuş  bu  müstəsna  səhnələr 
daha  çox  surətin  və  yaxud  əsərin  tragizminə  səbəb 
olsaydı,  həmin  romantika  daha  şairanə,  daha 
mütərəqqi  və  beləliklə  də,  daha  inqilabi  vüsət  kəsb 
edərdi. 
C.Cabbarlının  romantik  tragediyaları  içərisində 
«Oqtay Eloğlu»nun öz yeri, öz qiyməti vardır. Bütün 
tədqiqatçıların  dediyi  kimi,  Oqtayın  proqramı  daha 
konkret,  daha  aydındır:  «Milli  səhnəmizi  həqiqi 
sənətin zirvəsinə qaldırmaq, teatrı müqəddəs bir  yerə 
çevirmək!..» 
lakin 
Oqtay 
burjua 
mühitində, 
şəxsiyyətin  mənən  azad  olmadığı  bir  dövrdə  həlli 
mümkün olmayan gözəl xəyallara daldığını unudurdu. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə