Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   2   3   4   5   6   7   8   9   ...   51

O, maşınını axşamüstünün sıx maşın axının arası ilə sürür.  
- Dünən sənin üçün darıxırdım- o deyir. - Yaxşısan?  
Melani cavab vermir, şüşə təmizləyənlərə baxır.  
Qırmızı işıqda qızın soyuq əllərini tutur. “Melani” – o, qızın adını mümkün qədər incə tələffüz etməyə 
çalışaraq deyir.  artıq qadınlarla əvvəlki kimi ustalıqla rəftar edə bilmir. Devid öz səsində ehtiraslı bir 
məşuqun yox, övladına yalançı qayğıkeşlik göstərən atanın səsini eşidir.  
Maşını Melaninin evinin qarşısında saxlayır.  
- Sağ olun, – Melani maşının qapısını aça-aça deyir.   
- Məni evə dəvət eləmək istəmirsən?  
- Otaq yoldaşım evdədir.  
- Bəs axşam?  
- Axşam məşqim var.  
- Nə vaxt görüşə bilərik?  
Melani cavab vermir “Sağ olun” o təkrar edir və maşından sürüşüb düşür.  
Çərşənbə günü Melani dərsdə iştirak edir, həmişəki yerində əyləşib. Hələ də Vordsvortu keçirlər: altıncı 
kitab “Prelüdiya” – şair Alp dağlarında. 
Monblanın duvaqsız zirvəsini 
İlk dəfə görəndə, ah-nalə çəkdik 
Gözümüz önündə cansız mənzərə 
Canlı xəyalları qəsb eyləmişdi 
- Beləliklə, əzəmətli ağ örtüklü Monblan peşmançılıq yaradır. – Devid izah edir. -Bəs Nə üçün? “qəsb 
etmək” Lüğətdə bu sözün mənasını axtarmısınız?” 
Səssizlik  
 - Əgər axtarsanız görərdiniz ki, “qəsb etmək” - zorla soxulmaq, əl uzatmaq deməkdir. Buludlar çəkildi, - o 
deyir -  zirvə göründü və biz onu gördüyümüzə görə kədərləndik. Alp dağlarına səyahət etmiş adamın bu 
ovqatı  təəccüblü deyilmi? Kədərlənmək nə üçün? Çünki şairin fikrincə, vaxtilə canlı düşüncə olan bir 
məfhum ruhsuz, bəsit bir mənzərə tərəfindən qəsb edilib. Canlı düşüncə nədir?     
Yenə səssizlik. Hətta səsin hərəkət etdiyi havanı da ətalət bürüyüb. “Dağlara baxan bir adamı bu qədər 
mürəkkəbləşdirmək nəyə lazımdı?” – tələbələr ürəklərində deyinirlər. Onlara nə cavab verə bilər? İlk 


axşam Melaniya nə demişdi? Demişdi ki, səmimiyyət qığılcımı yoxdursa, deməli heç nə yoxdur. Bu 
otaqda səmimiyyət işartısı var idimi? Melaniyə ötəri nəzər salır. Qız başını aşağı əyib mətnin içinə qərq 
olub. Hər halda zahirən belə görünür.   
 - Bir neçə misradan sonra yenə də “qəsb etmək” sözü işlənir. “Qəsb edilmə” Alp dağları başlıqlı şerlər 
silsiləsinin başlıca mövzularından biridir. İdrakın böyük arxetipləri, adi zahiri mənzərələr tərəfindən qəsb 
edilir. Bununla belə, biz özümüzü zahiri görünüşlərdən təcrid edib yalnız düşüncələr aləmində yaşaya 
bilmərik. Söhbət bizim təxəyyülümüzü necə təmiz saxlaya biləcəyimizdən, reallığın zərbələrindən necə 
qorunacağımızdan yox, ikisinin yanaşı mövcudluğu üçün bir yol tapa bilib – bilməyəcəyimizdən gedir. 
599- cu misraya baxın. Vordsvort hissi qavrayışın sərhədləri haqqında yazır. Bu mövzuya biz əvvəlki 
dərslərimizdə toxunmuşuq. Duyğu orqanları həssasiyyətlərinin ən yüksək nöqtəsinə çatanda, zəifləməyə 
başlayırlar. Lakin tənəzzül anında sonuncu dəfə şam işığı kimi güclənir və görünməyənləri bir anlıq bizə 
göstərirlər. Bu hissə çox mürəkkəbdir, bəlkə də Monblan misrası ilə təzad təşkil edir. Buna baxmayaraq, 
Vordsvort bu iki misranı bir-biri ilə uyğunlaşdırmağın yollarını axtarır. Məsələ buludlar arasında dolaşıb 
qalan fikirlərdə, darıxdırıcı aydınlığı ilə bizi məyus edib sarsıdan, gözün tor qişasında əks olunan zahiri 
mənzərənin darıxdırıcı birmənalılığında yox, yaddaşımızın dərinliklərində qorunan düşüncələrin 
fəallaşması üçün həmin duyğu mənzərəsini mümkün qədər tez sovuşdura bilməkdədir.  
Devid mühazirəsinə qısa fasilə verir. Heç kim heç nə başa düşməyib. Böyük sürətlə həddən artıq irəli 
qaçıb. Tələbələrin diqqətini özünə necə qaytarsın? Melanini necə qaytarsın?  
 - Aşiq olmaq kimi, – o deyir. - Görmə qabiliyyətimiz olmasaydı, ilk baxışdan vurula bilməzdik. 
Doğrudanmı siz sevgilinizi görmə qabiliyyətinizin imkan verdiyi ən böyük dəqiqliklə görmək istərdiniz? 
Bəlkə gözlərdən pərdə asmaq, onu öz arxetipik formasında, ilahi donunda saxlamaq sizin üçün daha 
münasib olardı?    
Bu fikirlər Vordsvortun olmasa da, tələbələri bir az canlandıra bilir.  
 “Arxetiplər?” - Onlar ürəklərində deyirlər. “İlahələr? Bu nə danışır? Bu qoca nə bilir eşq nədir?”.            
Devid döşəmədə uzanmış Melaninin sviterini qaldırıb biçimli, kiçik döşlərini çılpaqlaşdırdığı anı xatırlayır. 
Qız ilk dəfə başını qaldırıb ona baxır və hər şeyi başa düşüb çaşqın halda baxışlarını gizlədir.   
- Vordsvort Alp dağları haqqında yazır – o deyir. - Ölkəmizdə Alp dağları olmasa da, Drakon dağları, kiçik 
olsa da, haqqında eşitdiyimiz Vordsvort ovqatını, şairlərin hiss etdiklərini kəşf edə bilmək ümidilə 
dırmandığımız Stol dağı var. - İndi o, yalnız danışmaq xatirinə danışır. - Lakin gözlərimizin bir küncü ilə 
təxəyyülümüzdə gizlənən böyük arxetiplərə nəzər salmağı öyrənmədikcə bu cür anları yaşamaq bizə 
qismət olmayacaq.   
Bəsdir! Özü öz səsindən iyrənir, bu üstüörtülü eyhamları dinləmək məcburiyyətində qalan Melaniyə də 
yazığı gəlir. O, nəhayət, tələbləri buraxsa da, özü qızla bir–iki kəlmə kəsə bilmək ümidilə sinifdə qalır, 
lakin Melani tələblərin arasına qarışıb otaqdan çıxır.   
Bir həftə əvvəl o, sadəcə sinifdəki gözəl simalardan biri idi. İndi isə onun həyatının yaşayan, nəfəs alıb 
verən bir hissəsinə çevrilib. 


 
Tələbə Cəmiyyətinin zalı qaranlıqdır. O, heç kimin diqqətini cəlb etmədən arxa sırada əyləşir. Xadimə 
geyimində ön cərgələrdən birində əyləşmiş keçəl kişini saymasaq, Devid yeganə tamaşaçıdır.   
Məşq edilən tamaşanın adı “Qürub çağında Qlobus salonu”dur: hadisələri Yohannesberq Hilbroddakı 
bərbərxanada cərəyan edən, Yeni Afrika haqqında komediya. Səhnədəki həddən artıq bərbəzəkli 
homoseksual saç ustası, ağ və qara dərili iki müştəriyə xidmət edir. Üçü də öz aralarında söhbət edir, bir-
birləri ilə zarafatlaşır, bir – birlərini təhqir edirlər. Görünür, əsər katarsis üzərində qurulub: bütün köhnə 
mövhumatçı fikirlər gün işığına çıxarılır və qəhqəhələrlə yuyulub təmizlənir.    
Səhnəyə dördüncü personaj: dikdabanlı ayaqqabı geyinmiş, saçlarını ikiyə ayırıb hörmüş bir qız  çıxır.  
- Əyləş, əzizim, bu dəqiqə səninlə məşğul olaram, - bərbər deyir.  
- İşə görə gəlmişəm” – qız cavab verir. Xalis kaaps ləhcəsində danışır. Melanidir. 
- Elə isə götür süpürgəni işə başla – bərbər deyir.    
O, süpürgəni götürür, qabağınca itələyə - itələyə dekorasiyaların arasında dolanır. Süpürgə elektrik 
naqillərinə dolanır. Əvvəl qığılcım çıxmalı, sonra isə qışqırıq eşidilməli, səhnədə çaxnaşma düşməli idi. 
Lakin ardıcıllıq pozulur. Rejissor arxasınca isə qara, dəri pencək geyinmiş cavan oğlan səhnəyə qalxır. 
Cavan oğlan dərhal divardakı rozetkanı qurdalamağa başlayır.  
 - Daha canlı oynamaq lazımdı, – rejissor deyir. - Maks qardaşlarına daha çox oxşamalıdır. Maks 
qardaşları kimi oynamağa çalışın. - Melaniyə tərəf dönür: - Yaxşı? - Melani başını tərpədir.  
Ön cərgədə əyləşmiş xadimə dərin bir ah çəkib ayağa qalxır. O da getməli idi. Qaranlıqda oturub, qızı 
pusmaq ləyaqətsiz hərəkətdir. Lakin onun tezliklə sıralarına qoşulmaq məcburiyyətində qalacağı, 
ləkələrlə örtülü plaşlara bürünüb küçələrdə ağır-ağır məqsədsizə addımlayan, saxta dişləri çatlaqlarla, 
cızıqlarla dolu, qulaq dəlikləri tüklü qocalar da bir vaxtlar biçimli bədənləri olan, parlaq gözlü uşaqlar 
idilər. Olub-qalan qüvvələri ilə şirin duyğular aləmindən yapışdıqlarına görə onları qınamaq olarmı?  
Səhnə təkrarlanır. Melani süpürgəni itələyir. Zərbə, qığılcım, qışqırıq səsləri.  
 - Mənim günahım deyil, – Melani qışqıra-qışqıra etiraz edir. - İlahi, niyə həmişə günahkar mən oluram?  
O sakitcə ayağa qalxır, qaranlıqda xadimənin ardınca gedir.  
Devid ertəsi gün axşam saat dörddə qızın evinə gəlir. Qırış-qırış idman köynəyi, velosiped şortları, son 
dərəcə zövqsüz və axmaq təsir bağışlayan, komiks qəhrəmanlarının geyindiyi siçovul şəklindəki otaq 
ayaqqabıları geyinmiş Melani qapını açır. O, xəbərdarlıqsız gəlib. Melani özünü zorla qəbul etdirməyə 
çalışan bu çağırılmamış qonağa müqavimət göstərə bilməyəcək qədər təəccüblənib. Devid onu 
qucaqlayır, qızın qolları marionet qolları kimi sallanır. Kötük kimi ağır sözlər küt bir uğultunun müşayiəti 
ilə Melaninin zərif qulaq seyvanına çırpılır.  
İndi yox, – o müqavimət göstərməyə çalışaraq deyir. - Xalam qızı indi gələcək.    


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə