Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə39/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   35   36   37   38   39   40   41   42   ...   82

 
152 
gününüzü  burda  keçirir  və  yoxsulların  səxavəti  hesabına  kef 
çəkirsiniz? Axı, yediyiniz çörək onların alın təri və göz yaşları 
ilə yoğrulub?! Nə üçün biliyə ehtiyacı olan insanlardan aralanıb 
qarınqulu  həyatı  sürürsünüz?  Niyə  ölkəni  öz  köməyinizdən 
məhrum  etmisiniz?  İsa  sizi  ona  görə  göndərdi  ki,  canavarlar 
arasında quzular təki olasınız. Bəs niyə, bütün bəşəriyyətdən və 
sizi  yaradan  Allahdan  qaçırsınız?  Əgər  siz  həyat  yolu  ilə 
addımlayanlardan  artıqsınızsa,  onda  gedin  onların  yanına  və 
onların  yaşayışını  yaxşılaşdırmağa  çalışın.  Yox,  əgər  hesab 
edirsinizsə  ki,  onlar  sizdən  daha  yaxşıdır  –  bəlkə,  gedib 
onlardan  öyrənəsiniz?  Necə  olur  ki,  siz  təmənnasızlıq  andı 
içəndən sonra dediyiniz sözləri unudub cah-cəlal içində yaşaya 
bilirsiniz?  Necə  olur  ki,  Allaha  təslim  olmağa  söz  verəndən 
sonra  din  adına  olan  hər  şeyi  ayaqlamağa  başlayırsınız?  Necə 
olur  ki,  ürəkləriniz  hərcayi  həvəslərlə  dolu  ikən  mənəviyyatı 
özünüzün  qanunu elan edirsiniz?  Özünüzü  elə  göstərirsiniz  ki, 
guya cisminizlə döyüşürsünüz, əslində isə ruhunuzun qənimisi-
niz  siz.  Elə  görünür  ki,  guya  dünya  nemətlərindən  əl  çəkmisi-
niz, əslində isə gözünüz acdır. Adamlar elə bilirlər ki, siz – din 
müəllimlərisiniz, həqiqətdə siz gözəl, yaşıl çəmənlərdə otlayan 
mal-qaraya daha çox bənzəyirsiniz və təlimə də heç bir dəxliniz 
yoxdur.  Gəlin,  monastırın  torpaqlarını  ehtiyacı  olanlara  payla-
yaq və onlardan aldığımız qızılı-gümüşü özlərinə qaytaraq. Gə-
lin,  öz  guşənişinliyimizdən  çıxaq  və  bizi  güclü  etmiş  zəiflərə 
xidmət  edək;  yaşadığımız  ölkəni  mənəvi  çirkdən  təmizləyək. 
Gəlin,  bu  bədbəxt  millətə  gülümsəmək,  göylərin  səxavətinə, 
həyatın və azadlığın gözəlliyinə sevinmək öyrədək. 
İnsanın göz yaşları sizin burda öyrəşdiyiniz toxluq və ra-
hatlıqdan  qat-qat  gözəldir  və  daha  yaxındır  Allaha.  Qonşunun 


 
153 
ürəyini riqqətə gətirən hayanlıq monastırın qaranlıq bucaqların-
da gizlənmiş yalançı müqəddəslikdən qat-qat üstündür. Zəif ca-
niyə  yaxud  küçə  qadınına  deyilən  mərhəmətli  söz  hər  gün 
məbəddə  boş-boşuna  təkrarladığınız  sicilləmə  dualardan  daha 
əfzəldir». 
Burada  Xəlil  nəfəsini  dərib  Rəhilnən  Məryəmə  baxdı  və 
davam etdi: 
–  Bütün  bunları  mən  monarxlara  deyirdim,  onlarsa 
çaşqınlıq  içində  məni  dinləyirdilər.  İnana  bilmirdilər  ki,  uşaq 
bu  cür  danışmağa  cəsarət  edə  bilər  onlarla.  Mən  susduqdan 
sonra  monarxlardan  biri  irəliyə  çıxaraq  acıqlı  şəkildə  söylədi: 
«Sənin nə haqqın var ki, belə danışırsan?» Digəri isə gülə-gülə 
əlavə etdi: «Altlarını təmizlədiyin inəklərdən və donuzlardanmı 
öyrəndin bunu?» Üçüncüsü isə məni hədələdi: «Səni buna görə 
cəzalandıracaqlar, kafir!» Və onlar məndən uzaqlaşdılar, sanki 
mən bir cüzamlı idim. 
Onlardan  kimsə  monastırın  iqumeninə  şikayətləndi  və 
axşam  o  məni  yanına  çağırdı.  Onlar  sevindilər  ki,  məni  cəza-
landıracaqlar. İqumen məni qamçılamaq və sonra isə qırx gün, 
qırx  gecəliyə  zindana  atmaq  əmrini  verəndə  hamısının  üzü 
gülürdü.  
Zindanda  gündüzü  gecədən seçə  bilmirdim, üstümdə  gə-
zən həşəratlardan və altımdakı torpaqdan başqa heç nə hiss elə-
mirdim.  Heç  nə  də  eşitmirdim,  hərdən  mənə  bir  tikə  çörək  və 
sirkə qatılmış su gətirəndə eşitdiyim addım səslərindən başqa. 
Zindandan  çıxanda  arıqlamış  və  zəifləmişdim.  Və  mo-
narxlar elə bildilər ki, məni düşünmək vərdişindən sağaltmış və 
ruhumun  arzularını  da  öldürmüşlər  artıq.  Onlar  elə  bildilər  ki, 
aclıq  və  susuzluq  mənim  ürəyimdəki  Allah  eşqini  söndürmüş-


 
154 
dür. O qırx günlük tənhalıqda mən monarxların işığı görmələri 
üçün  yollar  axtarır,  onlara  kömək  etmək  istəyirdim  ki,  həyatın 
həqiqi nəğməsini eşidə bilsinlər. Lakin mənim beynimi yorma-
ğım əbəs idi, zira, uzun illərin onların gözləri qarşısında toxu-
duğu  qalın  pərdəni  bir  dəfəyə  cırmaq  asan  deyildi.  Cahilliyin 
onların  qulaqlarına  vurduğu  tıxaclar  isə  o  qədər  bərkimişdilər 
ki, ehtiyatlı barmaqların təmaslarına tabe olmurdular.  
Bir  anlıq  sükut  çökdü.  Sonra  Məryəm  danışmaq  üçün 
icazə istəyirmiş kimi anasına baxdı və dilləndi:  
–  Görünür,  sən  bir  daha  monarxlarla  danışmağa  cəhd 
etmisən, əgər  onlar  səni  monastırdan  qovmaq  üçün  bu müdhiş 
gecəni  seçiblərsə.  Hərçənd  ki,  onlar  hətta  düşünmələrinə  qarşı 
belə mərhəmətli olmalı idilər.  
Xəlil ona cavab verdi:  
–  Bu  gün  axşam,  çöldə  aləm  bir-birinə  qarışanda  mən 
ocağın ətrafına yığışmış digər monarxlardan bir qədər kənarda 
oturmuşdum.  Onlar  bir-birinə  qorxulu  və  gülməli  hadisələr 
danışırdılar. Lakin mənim tənhalığımı görüncə öz atmacalarını 
mənə sarı istiqamətləndirməyə başladılar.  
Mən  İncili  oxuyur  və  İsanın  mənə  çöldə  qızışan  tufanı 
unutduran,  gözəl  sözlərinə  zikr  edirdim  ki,  monarxlar  mənim 
hesabıma əylənmək üçün mənə yaxınlaşdılar. Mən onlara fikir 
vermir, öz düşüncələrimə qapılaraq pəncərəyə baxırdım. Onlar 
qəzəbləndilər, çünki mənim sükutum onların gülüşünü ürəyin-
də kəsdi, istehzalarını isə dodaqlarında qurutdu.  Onlardan biri 
dedi: «Ey böyük islahatçı, nə oxuyursan belə?» Cavabında mən 
kitaba əyilərək aşağıdakı parçanı oxudum:  
«Farisey  və  Sadukeylərdən  bir  çoxunun,  onun  yanında 
vəftiz  olmaq  üçün  gəldiklərini  gördükdə,  Yəhya  onlara  dedi: 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə