Dədə Qorqud ● 2015



Yüklə 1,39 Mb.
səhifə4/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
1   2   3   4   5   6   7   8   9   ...   17

ƏDƏBİYYAT


  1. Azərbaycan folkloru antologiyası, İki kitabda. İkinci kitab. Toplayanı və tərtib edəni Ə.Axundov. – B., Elm, 1968.

  2. Çəmənzəminli Y.V. Xalq ədəbiyyatında bəşəri təmayüllər. Əsərləri. Üçüncü cild. – B., Elm, 1977.

  3. Çəmənzəminli Y.V. Nağıllarımızı necə toplamalı. Əsərləri. Üçüncü cild. – B., Elm, 1977.

  4. Əliyev R. «Yeddi gözəl» əsərində qeydlər. N.Gəncəvinin «Yeddi gözəl» kitabı. – B., Elm, 1983.

  5. Əfsanələr. Qeydlər və şərhlər M.Seyidovundur. - B., Gənclik, 1986.

  6. Nağıllar. Tərtib edəni N.Seyidov. Azərbaycan ədəbiyyatı inciləri. On iki kitabda. Birinci kitab. – B., Yazıçı, 1985.

  7. Nizami Gəncəvi Yeddi gözəl. Filoloji tərcümə, izahlar və qeydlər prof. Rüstəm Əliyevindir. – B., 1983.

  8. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – B., Azərnəşr, 1991.

  9. Маковельский А.О. Авеста. - Б., Азернешр, 1960.

  10. Магия чисел / Ав.-сост. С.Г.Витошнев. – Мн.: ООО «Кузьма», 1996.

  11. Топоров В.Н. Числа. / В кн.: «Мифы народов мира». Энциклопедия в 2-х томах. Том II. – М.: Советская энциклопедия, 1992.

  12. Фролов Б.А. Число в графике палеолита. - Новосибирск, 1974.

Səbinə İSAYEVA

filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutunun

Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi



e-mail: sebine.isayeva@yahoo.com
AŞIQ ŞEİRİNDƏ VARİANTLILIQ VƏ XALQ YADDAŞI
Xülasə

Digər janrlar kimi aşıq şeirinin də ardıcıl olaraq toplanması folklo­ru­mu­zun əsas və gərəkli məsələlərindəndir. Çünki aşıq şeirlərinin də xalq arasında müx­­təlif variantları hər zaman dolaşmaqdadır. Məqalədə Aşıq Şəmşir ya­ra­dı­cı­­lığının toplanma və nəşr problemləri ətraflı araş­dırıl­mış, həmçinin bu zaman or­­taya çıxan qüsurlar da qeyd olunmuşdur. Eyni zamanda sə­nət­karın xalq ara­­sında gəzən, tərəfimizdən toplanmış şeirləri ilə çap olunmuş şeirləri mü­qa­yi­sə olun­­muş, aşığın şeirləri ilə bağlı xalq arasında gəzən, folklorlaşmış əhva­lat­lar da qarşı­laşdırıl­mış­dır. Bundan başqa, Aşıq Hüseyn Bozalqanlının da çap olunmuş iki dastanının fərqli variant­larını toplamışıq.



Açar sözlər: aşıq, şeir, qoşma, folklor, toplama, nəşr, variant, dastan, əhvalat
VARIANCE AND PEOPLE MEMORY IN THE POEM OF ASHUG



Summary

Sistematically gathering of the poem of ashug is basic and useful problem, as other gen­res. Because there are different variants of the poem of ashug among people. It have been com­pre­hensive investigated the gathering and publication prob­­lems of the creative work of Ashug Shamshir. And it have been comprasion his gathered and published poems, stories among peop­le. As well as, we have gathered different versions of two printed epos of Ashig Huseyn Bozal­gan­ly.



Key words: ashug, poem, goshma, folklore, publication, gathering material, variant, dastan, story
ВАРИАНТНОСТЬ В АШЫГСКОМ СТИХЕ И НАРОДНАЯ ПАМЯТЬ
Резюме

Как и в других жанрах последовательное собирание ашыгского сти­ха одна из важ­ных и нужных задач фольклора. Потому, что среди народа повествуются разные жан­ры ашыгского стиха. В статье подробно анализированы проблемы собирания и из­да­ния творчества Ашыга Шем­шира, а также отмечены возникшие недостатки. Также сопос­тав­лены сти­хи, собранные нами среди народа, с опубликованными стихами, собы­тия бы­тую­щие среди народа, ставшие фольклорными. Кроме этого мы собрали разли­ча­ющиеся ва­риан­ты двух опубликованных дастанов Ашыга Гусейна Бозалганлы.



Ключевые слова: ашыг, стих, гошма, фольклор, собирание, издание, вариант, дастан, событие
Folklorumuzun digər janrları kimi aşıq şeirinin də müasir dövrdə toplan­ması gə­­­rəkli və vacib məsələlərdəndir. Məlumdur ki, folklor nümunələri, o cüm­­lədən aşıq şeirləri dildən-dilə, ağızdan-ağıza keçir, onların müxtəlif va­ri­ant­­ları meydana gə­­lir. Belə ki, müxtəlif aşıqların və el şairlərinin yaradıcılıq irsi nə qə­dər toplanıb nəşr olunsa da, bu günkü zamanımızda da xalq arasında on­la­­rın şe­ir­­lərinin müxtəlif va­riantları dolaşmaq­da­dır. Bu şifahi yaddaşa məxsus folk­­lor­laşma prosesidir. Aşıq Şəm­şirin də yaradıcılığı bu baxımdan istisna təşkil et­mir.

Aşıq Şəmşir XX əsr Azərbaycan aşıq şeirinin böyük sənətkarlarından olan, şeir­ləri həm so­vet dövründə, həm də müstəqillik əldə etdikdən sonra ən çox çap olu­nan aşıq­lardandır. Aşıq Şəmşir həm də yaradıcılığını sağlığında ki­tab şəklində gör­mək xoş­bəxtliyi qismət olan sənətkarlardandır. Sənətkarın ədə­bi irsinin top­la­nıl­ma­sı və nəşrinə, əsa­­sən, XX əsrin 50-ci illərindən baş­la­nıl­mış­dır. Bu sahədə xey­­li təq­dirəlayiq işlər görülmüşdür. Aşıq Şəmşir ya­ra­dıcılığa əs­­rin əvvəllərində başlasa da, əsərlərinin sistemli şəkildə top­­­la­nılıb nəşr edilməsi ke­çən əsrin 50-ci illərindən son­­ra daha sürətli getmişdir. Bu za­­ma­na kimi Şəm­şir böyük ya­­radıcılıq yolu keç­mə­si­nə baxmayaraq, şeirləri an­caq xalq arasında oxun­muş, aşıqların ifasında yayıl­mış­dır. Onun daha da məş­hur­laş­masında, bü­tün Azər­baycanda ta­­­nın­masında xalq şairi Sə­məd Vurğunla məş­hur görüşü bö­­yük rol oyna­mışdır. S.Vurğun 1955-ci ildə Kəl­bə­cərdə ol­­­duğu za­man aşıqla ya­xın­dan ta­nış olmuş və əsərlərinin nəşr olunmasını məs­ləhət bilmiş­dir. Aşıq Şəm­şir irsinin nəşri və təd­qi­qi tarixini şərti olaraq iki yerə böl­mək olar: 1. Sovet dövründə apa­rılan nəşr və tədqiq işləri; 2. Müstəqillik dövründə aparılan nəşr və tədqiq işləri.

Qeyd etmək lazımdır ki, həm sovet dövründə, həm də müs­təqillik əldə et­di­yi­­­­miz dövrdən sonra aşığın əsərlərinin nəş­ri və tədqiqi sahəsində səmərəli iş­lər gö­rü­l­müş­­dür. Aşıq Şəm­şirin ilk dəfə olaraq şeirləri 1939-cu ildə M.H.Təhmasib və S.Məm­­mə­do­va­nın tərtib etdikləri «Aşı­ğın səsi» kitabında nəşr edilmişdir (1). To­p­­­­lu­­ya sə­nət­ka­rın yeddi qoşması və bir divanisi daxil edilmişdir. Kitabın so­­­nun­­­da aşıq­­­­ların həyatı haqqında qısa bioqrafik məlumat ve­rilmişdir. Burada Şəm­­şirin tə­vəl­­­lüd ta­rixi haqqında yan­lış məlumat getmiş və aşığın 1903-cü ildə Kəl­bəcərin Ağ­­­da­ban kəndində anadan olduğu göstərilmişdir. Halbuki Aşıq Şəmşir 1893-cü il­də Kəl­bəcərin Də­mirçidam kəndində anadan olmuş, 1903-cü ildə isə Ağ­dabana köç­­­müş­dür.

1956-cı ildən başlayaraq Şəmşirin şeirləri müxtəlif mət­buat orqanlarında çap o­lun­­­muşdur. Əsərlərinin nəşri və öyrənilməsi aşığın sağlığından başla­ya­raq in­di­yə­­dək ma­­raqlı bir inkişaf yolu keçmişdir. «Şeirlər» adlı ilk kitabı 1959-cu ildə O.Sa­rı­­vəl­li­nin tərtibi və redaktorluğu ilə işıq üzü görmüşdur (4). Ki­ta­bın tər­­tibində janr prin­sipi gözlənilmiş, şeirlər gəraylı, us­­tadnamə, qoşma, təcnis, di­­va­ni, mü­xəm­məs, cı­ğalı mü­xəm­məs və deyişmələr adı altında təsnif olun­muş­dur. O.Sa­­rıvəlli tərtibat zamanı Şəmşirin yaradıcılığını diqqətlə nə­zərdən ke­çir­miş, araş­­dırmış və ilk nəşrə əsasən lirik şeir­ləri daxil etmişdir. Onun ön söz yaz­dı­ğı bu ki­tab geniş oxu­cu kütləsi tə­rə­fin­dən maraqla qarşılanmış və bundan son­ra aşı­ğın əsər­ləri ardıcıl olaraq ki­tab şək­lində buraxıl­mışdır (5, 6, 7, 8, 9, 10, 12).

Aşıq Şəmşir irsinin nəşri və tədqiqi tarixinin ikinci mər­­hələsində – müs­təqil­lik döv­­ründə diqqəti cəlb edən ha­di­­sələrdən biri 1996-cı ildə Q.Şəmşiroğlu və F.Qu­li­ye­vin top­layıb tər­­tib et­­­dikləri «Öyüdlər» kitabının çapı oldu (9). Kitaba aşı­­­ğın qoş­­ma, gə­­raylı, təc­nis, müxəmməs, divani, bayatı və rü­bai­lə­­ri ilə yanaşı, ilk də­­­fə olaraq iki dil­­tər­pən­mə­­zi, bir do­daq­dəy­­­məz divanisi və bir qəzəli də daxil edil­­­­mişdir. Ki­ta­bın ən üs­tün cə­­hət­lə­rindən biri buraya sənətkarın ilk dəfə ola­raq di­­ni şeir­lə­ri­nin daxil edil­mə­sidir. Bu da Aşıq Şəmşir poe­­­tik dünyasının bütöv şə­kil­­də təq­di­mi baxımından əla­­mət­dar­dır.

2009-cu ildə Aşıq Şəmşirin 115 illiyi ilə əla­qə­dar ola­raq şagirdi Aşıq Sakit Kö­çəri tə­rə­fin­dən tərtib olun­­muş «115 illiyə 115 şeir» adlı şeirlər kitabı nəşr olunmuşdur. Təq­dirəlayiq hal­­dır ki, us­tadın şagirdi tərəfindən hifz olu­nan şeirləri ilk də­fə burada işıq üzü gördü (3).

Aşıq Şəmşir görkəmli aşıq-şair kimi nəinki öl­kə­mizdə, eləcə də onun hü­dud­larından kənarda da ta­nın­mış­dır. Bu baxımdan, onun ədəbi irsinin qonşu öl­kələrdə nəşri xü­susi maraq doğurur. Bu xüsusda, 2000-ci ildə Türkiyədə Əmi­nə Atalayın tərtibi ilə nəşr olunmuş «Aşık Şemşirin qoş­maları və trans­krip­si­yo­nu» kitabını qeyd etmək la­zım­dır (11). Ki­tabın tərtibatı zamanı müəyyən qü­sur­lara yol ve­rilmişdir. Be­lə ki, şeirlərin tərtibi zamanı heç bir düzülüş prin­­sipi (möv­­­zu­lar, yaxud janrlar və s. üzrə düzülüş) göz­lə­nil­məmiş, şeirlər pərakəndə hal­da ve­ril­­miş­dir. Halbuki sər­bəst düzüm prinsipi çağdaş poeziyanın təqdimatı za­manı özü­­­nü doğrul­dursa, aşıq poeziyasının tərtibində belə ya­naş­ma özünü doğ­­rultmur. Be­lə ki, aşıq şeiri – xalq poe­zi­ya­sı klassik ənə­nə­lər əsasında yaranır və onun tər­ti­bi za­ma­nı həmin ənə­nələrin pozulması təqdim olunmuş ma­te­ri­a­lın ənənə ru­hu­nu təhrif edir. Başqa sözlə, Aşıq Şəmşirin poe­ziyası yarandığı ənənə əsa­sında ve­ril­­­səydi, həmin poe­zi­ya­da əsrlər boyu yaşayan xalq ruhu daha uğur­lu təqdim olu­­­nar­dı. Bundan başqa, ki­tab «Qoşmalar» adlansa da, bu­raya aşığın həm də gə­ray­lı­ları, təcnisləri, müxəmməsləri, ba­yatıları daxil edil­miş­dir. Daha ko­bud yan­lış­­lığa isə mü­qəd­­dimədə yol veril­mişdir. Burada Aşıq Şəmşir əvəzinə, Aşıq Hü­seyn Şəm­kirli haq­qın­da məlumat getmişdir. Bu qü­surlar işin key­fiy­yə­ti­ni azalt­sa da, kitab, hər halda, türk oxu­cularına Aşıq Şəmşir poeziyası ilə təmas im­kanı ver­­mə­si baxımından faydalıdır.

Aşıq Şəmşir yaradıcılığını araşdırarkən sənətkarın şeirlərinin çapı zamanı ciddi nöqsanlara yol verildiyinin şahidi olduq. Mə­­sə­lən, 1971-ci ildə nəşr olunmuş şeir­lər kitabı «Qoşmalar» adlansa da, bu­ra­ya mü­əl­li­fin qoş­ma­ları ilə yanaşı, gəraylıları, müxəmməsləri, təcnisləri, us­tad­­­na­mə­lə­ri də da­xil edilmişdir. Qeyd edək ki, Aşıq Şəmşir yaradıcılığının Sovet dövründə nəşr olu­nan ki­tab­­­­larında daha bir qüsurlu məqam var. Belə ki, 1959-cu il nəşrini çıxmaq şər­­­tilə di­gər nəşrlərin nə toplayıcısı, nə də tərtibçisi qeyd olunmayıb.

Aşıq Şəmşirin 110 illiyi ilə əlaqədar olaraq 2004-cü ildə «O Kürün, Arazın Tər­­tə­riyəm mən» adlı şeirlər ki­­tabı nəfis şəkildə buraxılmışdır (12). Tərtibçisi Q.Şəm­şir­oğ­lu, redaktoru M.Aslan olan bu kitab əvvəlki nəşrlərdən key­fiyyətcə xeyli fərq­­lən­məklə, tərtibat və təsnifat, xüsusilə aşı­ğın ədəbi irsinin janrlar üzrə tərtibi və s. baxımından diq­qəti cəlb edir. Ancaq bu nəşr ilə Sovet dönə­min­­də çap olunan nəşrləri müqayisə etdikdə aydın fərqlər müşahidə etmək müm­­kündür. Məsələn, 1959-cu il nəşrində “Eylə” qoşmasında

Sən yaxşıya can de, xayını dağla,

İlqarsız adamın nitqini bağla (4, 32) –

misraları 2004-cü il nəşrində

Yaxşıya can söylə, xayını dağla,

İlqarsız adamın yolunu bağla (12, 465)

şəklində nəşr olunmuşdur. Yaxud, 1971-ci il nəşrində “Olarmı” qoşmasında

Tellərinə qiblə desəm, az olar,

Qaşlarına səcdə qılım olarmı?



Can alan gözlərin bir qibləgahdı,

Onlara peşnamaz olum, olarmı? (5, 47) ‒

bəndi 2004-cü il nəşrində

Tellərinə qiblə desəm, az olar,

Qaşlarına səcdə qılım olarmı?



Artıb firqətindən dərdim, məlalım,

Mən deyib-danışım, gülüm, olarmı? (12, 59)

şəklində nəşr olunmuşdur. Bu cür faktların sayını artırmaq da olar. Ona gö­rə də bu cür bənd­lərdə ifadə, misra, hətta bəzən şeirlərin həcminin fərqli olmasının səbəbini mü­əy­yən­ləş­dir­mək qeyri-mümkündür. Yəni bunun səbəbinin variant fərqi olma­sı­, yaxud da redak­to­run əlavəsi ol­­duğunu aydınlaşdırmaq olmur.

Bütün bunlarla bərabər, Şəmşir irsinin toplanması və nəşrini hələ də mü­kəm­­məl hesab etmək olmaz. Sənətkarın irsi geniş şəkildə nəşr olunsa da mü­şa­hi­­də­lə­ri­miz göstərir ki, bu gün də xalq arasında Aşıq Şəmşirin şeirləri dolaş­maq­da­­dır. On­la­rın arasında nəşr olunmuş şeirlərin variantları ilə yanaşı, indiyədək nəşr­ olun­ma­ya­nı da var. Apardığımız müşahidələr göstərir ki, sə­nət­ka­rın şeir­lə­­rinin müx­təlif va­­riantları xalq arasında geniş yayılmışdır. Məsələn, Şəmşirin «Aşıq» şeirinin bir bən­dinin nəşr olunan və topla­dı­ğı­mız variantını müqayisə edək:

İndi ki aşıq olub düşmüsən elə

Mərdin məclisində oxu, çal, aşıq.

Qismətini ancaq halaldan istə



Sən gözütox, igidyana ol, aşıq (5, 135).

Topladığımız variantın eyni bəndinə baxaq:

İndi ki aşıx olub düşmüsən çölə,

Mərdin məclisində oxu, çal, aşıx.

Qismətini həmeşə halaldan isdə,

Gözü tox, igidyana ol, aşıx (13).

Nümunədən də göründüyü kimi qoşmanın misralarında, sözlərin sıra­lan­­masında mü­əy­yən də­­yi­şik­liklər vardır, həmçinin son misrada hecalanma 11-lik deyil, 10-luq bölgü üzərindədir. Di­gər bəndlərdə də oxşar hadisəni müşa­hi­də edirik. Bundan başqa, topladığımız digər şeirlərdə də bu kimi hallarla rast­laş­dıq.

Bəzən isə elə olurdu ki, çap olunan şeirin elə va­ri­­­an­tı­na rast gəlmişik ki, mis­ra­­larda də­yi­şik­liklərlə bərabər, həm də bənd­lə­rin sa­­­­yın­da da fərqlər olur. Söyləyici ya bəndlərin sayında ix­ti­sar edir, ya da bənd­lə­­­­rin sırasını dəyişərək söy­lə­yirdi. Bu­nun əksi olan hallarla da rast­laşmaq müm­­­­kün­­dür. Məsələn, Aşıq Şəm­­şi­rin 1980-ci il­­­də çap olunan “Şeir­lər” ki­ta­bın­da “Gördüm” adlı qoş­ma altı bənd­dən iba­rət ve­ril­di­­yi hal­da, aşı­ğın ey­ni ad­­lı şei­rinin baş­­­­qa, daha mükəmməl va­ri­an­tı­nı əl­də et­mi­şik. Ey­ni ad­lı qoş­ma həm səkkiz bənd­­­­dən ibarətdir, həm də mis­ra­lar­da söz­lə­rin sı­ra­lan­­masın­da ay­dın dəyi­şik­lik­­­­lər müşahidə olunur. Müqa­yi­sə üçün həm çap olunmuş, həm də top­la­dığımız şeirdən iki bənd nümunə veririk:

Koroğlu qalası, Eyvazxan yurdu,

Gözəl mənzərəsi məni doyurdu.

Döyüş günüdümü, nə vurhavurdu?



Çapar köhlənlərin tərini gördüm.
Şəmşir, bu yerlərin ətri mey-məzə,

Yetişdim cənnətin bağına təzə.

Güzarımız düşdü Səbətkeçməzə,

Bir qoca mayanın nərini gördüm (8, 138).

Topladığımız variant:

Koroğlu qalası, Eyvazxan yurdu,

Dəlilər gözümün önündə durdu,

Döyüş günüdümü, nə vurhavurdu?



Elə bil Qıratın tərini gördüm.
Gülü cənnət, gülü ətri mey-məzə,

Deyirsən növbahar açılıb təzə,

Güzarımız düşdü Səbətkeçməzə,

Qoca bir mayanın nərini gördüm (13).

Nəşr olunmuş və toplanmış qoşmanın bənd­lə­­­­rində kifayət qədər fərqlilik­lər gö­­rünür. Qoşmanın digər bəndlərində də bu cür dəyişikliklər vardır. Bütün bun­lar onu göstərir ki, digər janr­lar­da ol­­­duğu ki­mi aşıq şeirlərində də söyləyici mətni ol­du­­ğu kimi deyil, mü­əy­yən əla­və­­­lərlə, ya­xud ixtisarlarla söyləyir. Bu zaman mətnin dil­­dən-dilə keç­mə­si ilə bağ­­­lı ola­raq müəyyən ifadə, misra fərq­lilikləri yaranır. Qeyd edək ki, Aşıq Şəm­­­­şir bu qoş­manı Gədəbəyə səfər edərkən yazmışdır. Bu nü­mu­­­nəni bizə təd­qi­­­qat­çı Ya­qub Babayev təqdim etmişdir. Topladığımız digər şe­­ir­lərdə də bu cür fərq­li­lik­lə­ri mü­şa­hidə etdik.

Aşıq Şəmşirin yaradıcılığında müasirləri ilə mək­tub­laş­maları, məktubla de­­­­yiş­mə­­ləri də mü­hüm yer tutur. Toplama zamanı, həm­­çinin Aşıq Şəmşirin heç yer­­­də çap olunmamış de­yiş­mə­lə­­rini və şeirlə mək­tub­­laşmalarını da əldə et­mi­şik. Belə ki, in­­diyə kimi nəşr olunmuş ki­tab­lar­da Aşıq Şəm­­şirin ancaq bir sıra aşıq­­­larla mək­tub­laş­­­maları işıq üzü gör­müş­dür. La­kin bizim apar­dı­ğı­mız top­­­la­ma zamanı həm Şəm­şi­rin müasiri olan Miskinli Və­­li ilə yeni deyişmələrinə, şeir­lə mək­­tub­laş­­­ma­­la­rı­na, həm də sadə insanlarla maraqlı məktublaşmalarına, de­­­yiş­­mə­lə­ri­nə rast gəl­dik.

Xalq arasında Aşıq Şəmşirlə bağlı folklorlaşmış əhvalatlar, rəvayətlər də yay­ğındır. Bun­lar əsasən onun şeirləri ilə bağlı yaranmış əhvalatlardır. Mə­­sə­­­­­­­lən, Aşıq Şəmşirin məşhur «Bir də gül» şeirilə bağlı eyni əhvalatın bir neçə va­­­­riantını top­­la­mı­şıq. Biz nümunə üçün onlardan biri­ni ve­­ririk. Qeyd edək ki, bu əhvalatda adı­nı çək­­diyimiz qoşma da nəşr variantından bir qədər fərq­li­dir:

«Eşidin Aşıx Şəmşirdən. Rəhmətdih Aşıx Şəmşir deyir, toydan gəlerdi. Toydan gələndə deyir, gördü yolun yarsında deyir, dişinin ağrısı tutdu. Dişi de­yir, tərpədə bilmerdi. Bilmer, na­ğar­sın. Özünü deyir, baxdı ki, şəhərə, kəndə ça­tanda gördü, dedilər ki, burda tiş həkimi var. Tiş hə­kiminin yanına getdi. De­di, a bala, mənim tişimi çəh, tişim mənim öldürör. Deyəndə deyir, hə­kim bu Şəm­şiri tanıyırdı. Bilerdi ki, Şəmşir yaxşı yazandı, yaxşı oxuyandı. Deyir, gö­rə­sən, bunu nə təhər eləsək, bizə təzə bir şeyir deyər. Dedi, ay əmi, əlində kağızın var­mı, sənin tişini çəh­mə­yə? Dedi, a bala, dana axtı döy, at axtı döy, nəyi, bir tiş­di çəh, qoy canım qutarsın. Dedi, yox, bur­da qanun-qayda var. Deyir, nə qa­nun-qayda? Dedi, o biri otaxda qızdar işdeyir, gərəh ordan ge­də kartıçka aş­darasan, kağızını gətirəsən ki, ad-familyanı yazdıra, tişini çəkək, vara ge­də­sən. Ha­sı otaxdadı? Dedi, o otaxdadı. Şəmşir o biri otağa gedənə kimi tiş hə­ki­mi deyir, telfonnan bu qız­dara dedi ki, orya aşıx gedir, Şəmşir orya gedejək. Onu bir az işini dolaşdırın, bəlkə bizdən ötə­ri bir az saz çala, şeyir deyə, oxuya. Qa­pıdan girdi, a qızım, salamməlökü. Əleykössalam. Tiş hə­kiminin üstünə ha­sı­nız kağız verər? Küşdə deyir, bir qız oturmuşdu. Dedilər, ay əmi, odu, ged ti­­şi­nə kağızını alginən. A bala, maa bir kağız ver. Dedi, ad-familyanı de. Dedi, Qur­banov Şəmşir Qur­ban oğlu. Deyəndə qız altdan yuxarı Şəmşirin üzünə bax­dı. Dedi, a qızım, nəyə baxersan? De­di, olmuya ay əmi, bu radyolarda, ki­taf­larda, dasdannarda söylənən Aşıx Şəmşir sənsən? De­di, a bala, qadan alem, mə­nəm, mənim kağızımı vergi­nən. Nə deməh isdeyirsən. Dedi ki, ataların bir yax­şı sözü var ki, yaxşı iyidin adını eşid, üzünü görmə. Hayıf bu ad-sannan, bu sir-sifət sən­də­di? Rəhmətdih Şəmşirin də gözünün biri koruydu, suçiçəyinnən. De­yəndə deyir, burdakı qız­da­rın hamsı başdadı deyir, gülüşməyə. Ona qədər gü­lüşəndə deyir Şəmşirin tişinin ağrısı tamam ya­dınnan çıxdı. Sazı köynəydən çı­xartdı, dedi, a bala, qoyun sizə bir bənd şeyir deyim, çıxıf on­nan sora ge­dərəm, sağ olun:

Cavanın gülməyi mana xoş gəler,

Gül, ay qızım, mən qojaya bir də gül.

Qədd əyilif, diş tökülüf, huş gedif,

Gülünc edif o Xudaya, bir də gül.
Mənimlə qəmlərə yarı olarsız,

Gözəlliyin intizarı qalarsız,

Siz də qojalıvan qarı olarsız,

Çarxı dönmüş o Xudaya bir də gül.

Deyəndə deyir, kağızı yazdı, Şəmşirə uzadanda dedi, a bala, gör qojaya nə lazımdı, ni­ney­jəm o kağızı?

Qocaya lazımdı verəsən quymax,

Axşam balla qaymax, səhər qayğanax,

Öpsəm, gül yanax olarmı doymax

Mən etdiyim təmənnaya bir də gül.

Deyəndə deyir, ay kişi, qojalıfsan. Dedi, qoy onu da deyim:

Qocalmamışam, hələ cavanam,

Şikarlar oğluyam, tüləy tərlanam.

Atamın yerinə mən ağsakqalam,

Şəmşir dönüf qarışqaya bir də gül.

Kağızı deyir, verdilər, dedilər, ay Şəmşir əmi, biz isteyirdik, sən bu şeyiri de­­yəsən. Çıx get, tişini çəhdir. Dedi, a bala, sağ olun, elə tişimin ağrısını ver­miş­­­diniz, siz də aldınız» (13).

Qeyd et­di­yimiz hal yal­nız Aşıq Şəmşir üçün deyil, digər aşıqlarımız üçün də ke­çərlidir. Belə ki, toplama zamanı görkəmli sənətkar Aşıq Hüseyn Bo­zal­qanlının da iki dastanının fərqli variantlarını qeydə almışıq. Həm çap olun­muş və həm topladığımız variantlara nəzər saldıqda dastanlarda kifayət qədər fərq­lərin olduğunu müşahidə etdik. Məsələn, həm çap olunmuş, həm də top­ladığımız “Xəyyat Mirzə ilə söhbəti” dastanından nümunələrə baxaq:



Ay hazarat, budu sözümün düzü,

Şirindi söhbəti, şirindi sözü,

Hörmətdə, izzətdə yoxdu əvəzi,

O kənddə də Molla Musa var olsun (2 ,115).

Topladığımız variant:



Şirindi dilləri, xoşdu avazı,

Şirin dilə tutuf danladı bizi.

Hörmətdə, izzətdə yoxdu əvəzi,

O kətdə də Molla Musa var olsun (13).

Topladığımız variantda çap olunmamış qoşmalar da vardır. Folk­lorşünas L.Vaqifqızı da Şəki folklorunu topla­yar­­­kən böl­gə­də Ab­bas Tufarqanlının «Yan­­­­dı­rar» qoşmasını fərqli, bir qə­­dər də de­for­­ma­­siyaya uğramış şəkildə top­lamışdır (15, 181).

Qeyd edək ki, təqdim etdiyimiz nümunələr 2006-cı ildə Gədəbəy böl­gə­sin­­dən tərə­fi­miz­dən qeydə alınmışdır. Top­la­ma zamanı şeirlərin misralarının he­ca­­­lan­masında fərqliliklərlə rast­­­­­laş­maq müm­­kündür, belə ki, söyləyici gəray­lı­nı vahid qə­­bul olunmuş 8-lik, ya­­­xud qoş­ma­nı 11-lik bölgü üzrə deyil, ona əlavə­lər, yaxud ix­­tisarlar edərək söy­­­­lə­yir­di. Bu­­nu folk­lor­şü­nas Ə.Şamil aşıq şeirlə­ri­nin saz mu­si­qi­si ilə ifa­sın­dan doğan fərq­li­lik­lər kimi izah edir: «İn­di­yə­dək top­­­la­nıb çap olu­nan aşıq şeir­lə­ri­­­­mizdə adə­tən şeir­lə­rin kimdən toplandığını gös­­tər­mə­yə, va­riant fərq­­lə­ri­ni qeyd etməyə o qə­­dər də əhə­­miyyət verilməmişdir» (14, 52). Tədqiqatçı kitabda hər şe­i­­­rin so­nun­da onun ne­çə va­ri­an­tın­dan istifadə et­miş­­­­sə, həmin variantlar ara­sın­­­da­kı fərqləri də gös­tər­­miş­dir. Fikrimizcə, bundan son­­­ra nəşr olunan aşıq şeiri top­­lu­la­rında bu prinsipə əməl olun­sa, da­ha məq­­sə­də­uy­ğun olar­dı.

Azərbaycan aşıqlarının bir qisminin əsərləri toplanıb çap olunmuşdur. On­­­la­rın arasında sis­­temli toplanıb nəşr olunanlar da, nisbətən zəif, sistemsiz top­­­lanıb çap olunanlar da var. Ya­ra­dı­­cılığı toplanıb-toplanmamasına, nəşr olu­nub-olun­ma­ma­­sına baxmayaraq, bütün aşıqların ya­ra­dı­­cılığının yenə də top­­­lanmağa ehtiyacı var­­dır. Çünki bu zaman yeni, daha fərqli variantlar mey­da­­­­­na çıxır.


ƏDƏBİYYAT

1. Aşığın səsi. (Tərtib edənlər: Aslanova S., Təhmasib M.H.) Bakı, EA Az F, 1939

2. Aşıq Hüseyn Bozalqanlı. (Toplayıb tərtib edəni: Aşıq Ə.Quliyev). Bakı, Nurlan, 2003

3. Aşıq Sakit Köçəri. 115 illiyə 115 şeir. Bakı, Yeni Poliqrafist MMS, 2009

4. Aşıq Şəmşir. Şeirlər (Tərtib edəni: Sarıvəlli O.) Bakı, Azərb. SSR. EA. Nəşriyyatı, 1959

5. Aşıq Şəmşir. Qoşmalar. Bakı, Azərnəşr, 1971

6. Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973

7. Aşıq Şəmşir. Dağ havası. Bakı, Gənclik, 1978

8. Aşıq Şəmşir. Şeirlər. Bakı, Yazıçı, 1980

9. Aşıq Şəmşir. Öyüdlər (Toplayıb tərtib edənlər: Qur­banov Q., Quliyev F.). Bakı, Ozan, 1996

10. Aşıq Şəmşir. Zərli tac kamallı başa yaraşır. Bakı, Azərnəşr, 1997

11. Aşık Şemşirin qoşmaları ve transkripsiyonu. (Hazırlayanı: Atalay E.). Er­zurum, 2000

12. Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən (Tərtib edəni: Şəmşiroğlu Q.). Bakı, Sabah, 2004

13. Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxivindədir.

14. Şamil Ə. Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söh­bət­lər). Bakı, Elm və təhsil, 2012

15. Vaqifqızı L. Şəki folklor mühiti. Bakı, Elm və təhsil, 2012



Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy
Tahir ORUCOV

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

e-mail: tahiroruclu@gmail.com

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ RUSİYADA

PROLETKULÇULUĞUN YARANMASI
Xülasə

1917-ci ildə-Rusiyada Böyük Oktyabr Sosialist İnqilabından-Oktyabr çevrilişindən sonra yeni yaranan Sovet totalitar rejimi öz hakimiyyətini möhkəmlətmək üçün müəyyən tədbirlər sistemi həyata keçirməyə başladılar. Bu tədbirlərdən biri Rusiyada 1920-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyasının yaradılması oldu.

Məqalədə Rusiyada yaranan, ədəbiyyat və incəsənət sahəsində meydana çıxan prolet­kult­çuluqdan bəhs edilir. Burada eyni zamanda proletkultçuluğun əslində folklora, ədəbiyyata, eləcə də incəsənətə zidd olan ideoloji bir təmayül olması və onun bir vasitə olduğu da vurğulanır.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə