Dədə Qorqud ● 2015



Yüklə 1,39 Mb.
səhifə7/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Xülasə

“Apardı sellər Saranı” xalq nəğməsinin bir neçə variantının olması onun bir neçə motivi­nin də mövcudluğundan xəbər verməkdədir. Tədqiqatlar göstərir ki, bu, böyük Azərbaycan şairi Əbülqasım Nəbati ilə bağlı yaranmış xalq nəğməsidir.



Açar sözlər: xalq nəğməsi, variant, Xan çoban, Sara, Saran, motiv, Nəbati, musiqi folkloru
FLOODS TOOK SARAH” FOLK SONG AND THE EPOS OF “KHAN CHOBAN”
Summary

The existence of several options of “Floods took Sarah” folk song notifies the existence of its several motives. Studies show that this ia a folk song creating about great Azerbaijani poet Abulqasim Nabati.



Key words: folk song, option, Khan choban, Sarah, Saran, motive, Nabati, music folklore
НАРОДНАЯ ПЕСНЯ «УНЕСЛИ СЕЛИ САРУ» И ДАСТАН «ХАН ЧОБАН»
Резюме

Наличие нескольких вариантов народной песни «Унесли сели Сару» предполагает существование также и нескольких мотивов. Исследования показывают, что данная на­род­ная песня создана и связана с великим азербайджанским поэтом Абульгасым Набати.



Ключевые слова: народная песня, вариант, Хан Чобан, Сара, Саран, мотив, Наба­ти, музыкальный фольклор
Nədənsə folklor materiallarının toplanıb yazıya alınmasında musiqi folklo­runa az rast gəlinir. Eyni zamanda musiqi folklorunu təşkil edən xalq nəğmə­lə­rinin, türkülərinin, nanayların, tırınqıların, qımqımıların variantlılığı nəzərə alın­mamış, çoxmotivliyi diqqət mərkəzində saxlanmamışdır, ya da təbii ki, bu iş gö­rül­sə də, o qədər diqqətəlayiq olmamışdır. Buna görə də neçə-neçə xalq nəğmə­si, türkü itib-batmış, onun motivi də unudulmuşdur. Maraqlı xalq nəğmələrindən biri də “Apardı sellər Saranı”dır. Biz xeyli axtarış aparandan sonra bu xalq nəğ­mə­sinin bizə məlum olanından əlavə dörd variantına rast gəldik. Bu xalq nəğməsinin bir neçə variantına rast gəlinməsini biz adı hal hesab edirik, çünki xalq nəğmələri də şifahi xalq ədəbiyyatıdır, təbii ki, onun çoxvariantlı olması əsas şərtlərdəndir. Çünki bir xalq nəğməsini bir sinədəftər bir cür, digəri bir az fərqli söyləyə, avazla oxuya bilər, hətta yaradıcıdırsa da ona öz əlavələrini də edə bilər. Əlbəttə, variantlıq da buradan yaranır. İndi “Apardı sellər Saranı”n va­ri­ant­larına baxaq. Bu variantlardan ən maraqlısı əlyazmalarda, özü də erməni əlif­bası ilə yazıya alınan Azərbaycan folkloru materiallarında rastlan­masıdır. Bu bir daha bu xalq nəğmə­sinin ermənilər arasında da geniş yayıldığını göstərir. Ye­ri gəlmişkən qeyd edək ki, namərd qonşularımız uzun müddət bizim dastan­ları­mızdan, aşıq şeirlərimizdən, bayatılarımızdan faydalan­mışlar. İndi həmin varian­ta diqqət yetirək:

...Gedin deyin xan dayıma,

Atlanıb gəlsin toyuma.

Apardı sellər Saranı,

Əşrəfi telli balamı.
Arpa çayı aşıb-daşdı,

Sel Saranı götdü qaçdı.

Buxçanı nənəsi açdı.
Apardı sellər Saranı,

Əşrəfi telli balamı.


Arpa çayı dərin olmaz,

Su içməyə sərin olmaz.

Sara kimi gəlin olmaz

Apardı sellər Saranı,

Əfrəfi telli balamı (1,80).

Xalq nəğməsinin II variantı “Saramı” adı ilə verilmişdir, bu həcmcə də digər variantlardan böyükdür:


Apra çayı aşdı, daşdı,

Sel Saranı götdü qaşdı,

Ala gözlü, qələm qaşlı.

Apardı Sellər Saramı,

Bir ala gözlü balamı!


Yüz atlıydıq, çıxdıq düzə,

Bıçaq batsın yaman gözə,

Sarğı başmaq suda üzə.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Arpa çayı dərin olmaz,

Axar sular dərin olmaz.

Sara kimi gəlin olmaz.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Arpa çayı məni aldı,

Apardı dəryaya saldı,

Cilovdarım dalda qaldı.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!

Olduq əcəb günüqara,

Dərdimizə yoxdu çara,

Sara həsrət qaldı yara.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!


Qaldı bu sinəmdə dağın,

Öldürdü məni fərağın,

Oldu qara toy otağın.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Adaxlı gözlər yolunu,

Boynuna salsın qolunu,

Su aldı sağı-solunu.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Arpa çayı ada gəlir,

Kor yengələr dada gəlir,

Sarğı başmaq suda gəlir,

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!

Düyünü tökdüm tabağa,

İslandı qaldı sabağa.

Cilovdar düşsün qabağa,

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!


Qarağaş, kökün qırılsın,

Dibinə balta vurulsun,

Cilovdar, əlin qırılsın.

Apardı sellər Saramı,

Bir ala gözlü balamı!
Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana.

Muğan batıb nahaq qana

Apardı sellər Saramı,

Bir ala gözlü balamı! (2,143-145).

Xalq nəğməsinin bu variantında bir neçə yerdə cilovdar deyə birisinin adı çəkilir. Bəs cilovdar kimdir, niyə orada onun da adı çəkilir? Öncə qeyd edək ki, toy mərasimlərində adətən gəlini bəy evinə atın üstündə aparardılar. Çox güman ki, “Atdandırma” havası da adını elə buradan almışdır. Dədə-baba adətinə görə bir nəfər təcrübəli kişi atın önündə durub atın cilovunu çəkirdi, buna el arasında cilovdar deyirdilər. Digər bir kişi isə atın arxasınca gəlir, onun quyruğunu tuturmalı idi. Yəni gəlinin təhlükəsizliyi tamamilə təmin olunurdu.

“Apardı sellər Saranı”n digər bir variantı Qarsda yaranmışdır. Burada Sara Saran kimi verilmişdir. Rəvayətdə göstərilir ki, Muğanda Bir ağanın Saran adlı qızı varmış. Ağanın da Xan adlı bir çobanı varmış. Çobanla qız bir-birinə vurulubmuşlar. Bunu eşidən ağa bərk acıqlansa da adamlar onu bir təhər razı salırlar. Ağa qızını ona verəcəyinə söz versə də bir şərt kəsir, yəni oğlan qızı yeddi il görməməlidir. Razılaşırlar. Qız hər ilə bir xalı toxuyur. O, bacıları ilə xalıları Arpa çayına yumağa aparanda birdən yağış yağıb tufan qopur, sel Saranı aparır. İndi III varianta baxaq:

Arpa çayı aşdı, daşdı

Sel Saranı aldı kaçdı

Üç bacının gözü yaşdı

Apardı seller Saranı

Bir uca boylu balamı.

Arabalar gelir qoşa

Men kurbanım qalem qaşa

Oğlan elin çıkdı boşa

Apardı seller Saranı

Bir uca boylu balamı (3,261).

“Apardı sellər Saranı” xalq nəğməsinin bir variantı da Ağbabada yaran­mışdır. Bu, xalq nəğməsinin IV variantı sayılır. İndi həmin varianta nəzər salaq:


Arpa çayı qurusun,

Dibinə balta vurulsun,

Cilov çəkən, qolun qurusun.

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.


Almanı qoydum cibimə,

Getdim otağın dibinə.

Xəbər verin xan bibimə,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.
Yüz atlıydıq, çıxdıq düzə,

Biçaq batsın yaman gözə.

Aşıqlar durmuşdu sözə,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.
Apra çayı ada gəlir,

Sarı başmaq suda gəlir,

Kor yengələr dada gəlir,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı.
Düyünü tökdüm qazana,

Qaynamadı, qaldı sazana.

Qismət oldu qəbir qazana,

Apardı sellər Saranı,

Necetdi bəxti qaramı (4).


Maraqlıdır ki, Ağbaba variantı daha çox Ə.Axundovun toplayıb yazıya aldığı variantla səsləşir. Bu variantlarda az da olsa xeyli fərq olduğunu görmək mümkündür. Bu xalq nəğməsinin bir neçə variantı olması, həm də onun bir neçə motivi olmasını da göstərir. Bu variantlardan ikisində Sara adı Saram, Saran kimi də verilmiş, eyni zamanda bu xalq nəğməsi bağlı rəvayətlərin də olması məlumdur, bunlardan birini biz qeyd etmişik. Təbii ki, bu motivlərin də araşdırılıb nota alınması və müqayisə edilməsi yəqin ki, bu xalq nəğməsi barədə təsəvvürlərin genişlənməsinə, eləcə də digər xalq nəğmələrinin tədqiqinə geniş imkanlar açacaqdır. Bəs “Apardı sellər Saranı” xalq nəğməsində adı çəkilən Xan Çoban kimdir? Bu suala cavab vermək üçün professor İ.Abbaslının bu barədə qeydlərinə nəzər salaq. “Xan Çoban” XIX əsrdə erməni əlifbası ilə yazıya alınmışdır. Xalq romanının məzmunu ilə tanışlıq belə etimal doğurur ki, “Xan Çoban” ötən əsrin tanınmış Azərbaycan şairi Seyid Əbülqasım Nəbatinin adı ilə yaranmış folklor əsərlərindəndir” (5, 107). Maraqlıdır ki, Seyid Əbülqasım Nəbati Xan Çoban təxəllüsünü şeirlərində də gen-bol işlədir.

Mən dedim bəs Xan Çoban Cavandır

Bir igid oğlandır, bəhri-bəyandır (6,15).

Xan Çobanı yenə lal oldu qələm açdı zəban,

Dur Nəbati ki, gəlib müği-süxəndan əlinə (6,120).

“Apardı sellər Saranı” xalq nəğməsi göstərir ki, bu nəğmə vaxtilə geniş yayılmış, xalq tərəfindən sevilmişdir. Professor İ.Abbaslı bu haqda yazır: “Qoşma Xan Çobanı” (söhbət Səfil Qara adlı bir aşığın əlyazma şəklində şeirdən gedir) başlığı ilə verilməsi bir daha eyni adda molediyanın hələ şairin dövründə geniş yayıldığını aşkar etməkdədir. “Xan Çobanı” havası hətta o dərəcədə sevilmiş, kütləviləşmişdir ki, yarandığı illərdən bu günə qədər zümzümələrdə yaşayıb gəlmiş, hazırda isə öz əlamətini yenə də eyni adla tanınan “Xan Çobanı” rəqs musiqisində saxlanmışdır” (6,113).

Maraqlıdır ki, “Xan Çoban” dastanı da əlyazmalarda rastlanmışdır. Bu dastan da “Apardı sellər Saranı” xalq nəğməsi ilə səsləşir, professor İ.Abbaslının dediyi kimi, Xan Çobanın kimliyini təsdiq edir. İ.Abbaslının da qeyd etdiyi kimi, onun durumunun ağırlığının onu çətin vəziyyətə saldığını aşağıdakı şeir nümunəsində görmək mümkündür:

Basar it hayana getdi,

Hanl fısqırıq sədası?

Nə olubdu Xan Çobanı

Ki, bi il Muğana gəlmir (7,13).

Bu fakt da “Apardı sellər Saranı” xalq nəğməsinin yaranması barədə mülahizələrin dəqiqləşməsinə xidmət edir.

Zənnimizcə, musiqi folklorunun toplanıb yazıya alınması, eləcə də nota alın­ması və variantlarının araşdırılması bu folklor örnəklərinin daha əhatəli öyrə­nilməsi ilə xalqımızın əski musiqi dünyasının qaranlıq tərəfləri işıqlandırıla­caq­dır.
ƏDƏBİYYAT
1. Folklor çələngi (XVIII-XIX əsrlər əlyazmalarından seçmələr). Trans­literasiya, mətnin hazırlanması, tərtib və ön sözün müəllifi: İ.Abbaslı. Bakı. Nurlan, 2008.

2. Azərbaycan folklor antologiyası (tərtib edəni: Ə.Axundov). Bakı. Çıraq, 2015.

3. Uluslararası müzik Sempozyumu. “Doğu Dünyasında geleneksel Türk Müzik Kültürü”. Erzurum, 2014.

4. Söyləyəni: Zivər Əziz qızı, 70 yaşında (Ağbaba bölgəsi, Güllübulaq kəndi).

5. İ.Abbaslı. Folklorşünaslıq axtarışları. II cild. Bakı. Nurlan, 2010.

6. Ə.Nəbati. Seçilmiş əsərləri. Bakı. ADU nəşriyyatı,1958.

7. B.Behcət.Ə.Nəbati həyatı (Ön söz). Ə. Nəbati. Bakı. Azərnəşr, 1935.
Çapa tövsiyə edən: fil.ü.f.d. Elxan Məmmədli

Bilal ALARLI (HÜSEYNOV)

filologiya üzrə fəlsəfə doktoru

e-mail: bilalalarli58@mail.ru
YARDIMLI FOLKLORUNUN REGİONAL XÜSUSİYYƏTLƏRİ
Xülasə

Məqalədə Yardımlı folklorunun regional özəllikləri kompleks halda araşdırılır, folklorun ay­rı-ayrı janrları üzrə toplama materialları tədqiq olunur. Yardımlı folklor bölgəsi tarixi və coğ­rafi mövqeyinə görə Azərbaycan folklorunun tam öyrənilməmiş sahəsidir. Bölgənin coğrafi təs­vi­ri, əhalinin məşğuliyyəti, etnoqrafik özəllikləri folklorda da öz əksini tapır. Yardımlı folklo­ru­nun janr və növ istiqamətlərini, mövzu və məzmun çalarlarını xalqın təsərrüfat və məişət həyatı mü­əy­yən edir. Bölgə folklorunun toplama və araşdırma istiqamətləri ilk dəfə bu yazıda tədqiqat obyekti kimi nəzərdən keçirilir. Yardımlıda zəngin folklor mühiti mövcuddur. Onların top­la­yı­cı­lıq fəaliyyəti bölgə lətifələrini, nağılları, mifoloji rəvayətləri, toponimlər haqqında xalq yozum­la­rını, əfsanələri, nəğmələri və lirik növün digər janrlarını əhatə edir. Yer-yurd adlarının xalq eti­mo­­­logiyası, toponimlərin yozumları və elmi sözaçımları bölgənin etnik mənşəyinin türk əsilli, Oğuz mənşəli olduğunu üzə çıxarır.



Açar sözlər: Yardımlı folklor örnəkləri, folklorun regional xüsusiyyətləri, bölgə folklo­ru­nun janr özəllikləri
REGIONAL FEATURES OF THE YARDIMLY FOLK-LORE
Summary

In the article the regional specification of the Yardimly folk-lore is circumstantial investigated and the gathering materials on some genres of the folk-lore are been indroduced. According to the historical and geographical position Yardimly folk-lore region in not full learnt area of Azerbaijan folk-lore. The geographical description of the region the business of population and the ethnographical specification are reflected in the folk-lore. The economy life of population defines the directions of genre and kind, the shades of subjest of the Yardimly folk-lore. In this spring directions of gathering and investigating of the folk-lore are looked through as on investigation object in for the first time. There is a rich folk-lore environment in Yardimly. Their gathering activities surround the region anecdotes, tales, myfological legends the people interpretations about toponims, the myth legends, songs and other genres of the lyrical kind. The people etymology of the names of places denote that this region is Turkis-Oghuz in origin.



Key words: The folk-lore specimens of Yardimly, regional features of the folk-lore, the genre specifications of region folk-lore.

РЕГИОНАЛЬНЫЕ ОСОБЕННОСТИ ЯРДЫМЛЫНСКОГО ФОЛЬКЛОРА
Резюме

В статье в комплексном форме исследуется региональные специфические особeн­нос­ти сборные материалы по разным жанрам фольклора. Фольклорный регион Ярдымлы является не польностью изученной областью по историческому и геогра­фическому распо­ло­жению УНТ Азербайджана. В фольклоре отражаются и географи­чес­кое описание реги­о­на, занятие населения, этнографические особенности. Направления жан­­ров и видов яр­дым­лынского фольклора, разнообразности его темы и содержания оприделяет хозяй­ствен­­ная и бытовая жизнь народа. В этой статье направления сбора и изучения фольклора региона впервые рассмотривается как объект исследования. В Яр­дым­лы сушествует бога­тая фольк­лорная среда. Их деятельность охватывает сбора анекдотов, сказок, мифи­ческих преданий, народных толкований топонимов, легенд, песени других жанров лири­ческого вида региона. Народная этимология названий местнос­тей, только­ва­ния топонимов и науч­ные разъяснение слов сводят этническое происхож­дение региона к тюрк­ским, огуз­ским корням.



Ключевые слова: Образцы фольклора Ярдымлы, региональные особенности фоль­клора, жанровая специфика регионального фольклора.
Məsələlənin qoyuluşu: Yardımlı folklor örnəklərinin toplanılması, nəşri, araş­dı­rıl­­ması, regional xüsusiyyətləri və əsas istiqamətləri kimi elmi-nəzəri mə­sə­lə­lərin araş­dırılması, janr özəlliklərinin nəzərdən keçirilməsi.

İşin məqsədi: Folklorşünaslığın müasir tələbləri baxımından Yardımlı folklor örnəklərinin regional xüsusiyyətlərinin öyrənilməsi.

Azərbaycanın cənubunda yerləşən Yardımlı ən ucqar bölgələrdəndir. Böl­gə­­­nin folkloru və etnoqrafiyası əhalinin məşğulluğu və məişət həyatı ilə bila­va­si­tə bağlıdır. Coğrafi mühit, dağ və meşə relyefi əhalinin şifahi yaradıcılığının per­­sonativ qaynaq­larıdır.

Bir ehtimala görə, Yardımlı “yardam” sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. “Ərdəbil” adının kökünün də “yardam” olduğunu söy­ləyirlər. İkinci fərziyyəyə görə, Yardımlı “ertim” adından törəyib və bu toponim VIII yüzilliyin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçe­neq­lərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş türk tayfasının adın­dan və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir (22, 4-5). Əski türk­cə­də ərdəmli, cəngavər mənalarında yozulur (22, 5). Qədim toponimlərin bir çoxu tanrılar və ruhlarla bağlı olmuşdur. Yardımlı sufilikdə Yar-Adəm kimi izah olunur. Yar rəmzi qədim Misir yazılarında Yaru (Yalu) çölləri kimi qeyd olunur və bu, ilkin materiya mənasındadır (14). Hun imperiyası dağılandan sonra onun yerində Ağ Hun dövləti yarandı, bu dövləti iki böyük türk tayfası - ağ hunlar və yar tayfası birgə idarə edirdi. Yar tayfasının adı Azərbaycandakı bir çox toponimlərdə öz izini qoyub: Qarayar, Şəhriyar, Yarməmmədli, Yardımlı! Orta yüzilliklərdə Qaraxanlı dövlətində Yarkənd yaşayış məntəqəsi Səmərqənd qədər ticarət və mədəniyyət mərkəzi idi. Şəhriyar “yarların məskunlaşdığı şəhər” kimi yozulur. Yardımlı isə “yarlara məxsus evlər” anlamına gəlir. Qeyd edək ki, yar türk tayfası Orta Doğudan Türkiyəyə qədər bir neçə etnotoponimdə öz izini qoy­muşdur (9). 1924-cü ildə arxeoloq İ.Əzimbəyov toponimi türkcə “yardım edənlər” anlamında izah edib (22, 6). S.Rüstəmxanlının fikrincə, "yartım" qədim türk yozumunda xalqın bir hissəsi, ulusun bir qolu deməkdir (20, 352). Turkiyənin Şanlıurfa rayonunda Yardımlı adlı köy var, qəribəsi də budur ki, orada yasayanların dili yardımlıların ləhcəsinə çox yaxındır (29).

Başqa bir varianta görə, bu sözün birinci hissəsi "Tanrı" deməkdir. Oğuz qrup­lu türklər Günəşin şuasına, nur və işığına "Yaruq" demişlər. "Yar" bir sıra türk dillərində "işıqlı", "işıq saçan", "parlak" deməkdir. "Yardımlı" sözündəki "Yar" sözü də "Ar" (qırmızı günəş, günəş tanrısı, kutsal, muqəddəs, tanrı) sözü­nün başqa formantıdır. Azərbaycan türkləri bu mifik adı kök tutaraq, ondan "ya­ra­dan", "yaradılış" və sair kimi sözləri yaradıbdır (26).

Toponimlə bağlı iki elmi versiya həqiqətə uyğundur. Birinci versiyaya gö­rə, bu toponim yar tayfasını təmsil edən türklərlə bağlıdır. İkinci verisiyaya görə, burada ulu ertem türklərinin varisləri yaşayır.

Ötən yüzilliyin iyirminci illərində sərhəd zolağında yerləşən kəndlərdə baş ve­rən tarixi hadisələr və köçürmələr (15) Yardımlıdan toplanmış folklor nümu­nə­lərində də öz əksini tapmışdır:

Mən aşiqəm qələm vay,

Ərşə çıxıb naləm vay.

Sökülüb ev-eşiyim,

Tikilməyib qalam vay (22, 101-104).

Həmin dövrdə köçürülən adamların övladları bu gün Masallı, Cəlilabad, Bi­ləsuvar, Lənkəran, Şirvan, Quba, Göycay, Sumqayıt, Bakı və digər yerlərdə ya­şa­yırlar (20, 330).

Yardımlı folklorunun regional özəllikləri kompleks halda araşdırıl­ma­mış­dır. Lakin folklorun ayrı-ayrı janrları üzrə toplama materialları mövcuddur. Böl­gə folklorunun toplama və araşdırma istiqamətləri, qismən də olsa, Mehdi Həsə­nov, Təbiət Tanrıver­diyev (Yolocaqlı), Şahlar Məmmədov (Göytürk), Ələsgər Cəfər, Əli İsgəndərov kimi toplayıcıların yazılarında özünə yer almışdır. Onların topla­yı­cılıq fəaliyyəti bölgə lətifələrini, nağılları, mifoloji rəvayətləri, toponimlər haq­qın­da xalq yozumlarını, əf­sanə­ləri, nəğmələri və lirik növün digər janrlarını əhatə edir. AMEA Folklor İnstitu­tunun arxivində saxlanılan materiallar və 2013-cü ilin yay ekspedisiyaları Yardımlıda zəngin folklor mühitinin mövcud­luğun­dan soraq verir. Bölgənin coğrafi təsviri, əhalinin məşğuliyyəti, etnoqrafik özəl­lik­ləri folk­lor­da da öz əksini tapır. Daha doğrusu, Yardımlı folklorunun janr və növ istiqa­mət­lərini, mövzu və məzmun çalar­ları­nı xalqın təsərrüfat və məişət həyatı müəy­yən edir. Yer-yurd adlarının xalq etimo­logiyası, toponimlərin yo­zum­ları və elmi sözaçımları bölgənin etnik mənşəyinin türk əsilli, Oğuz mənşəli olduğunu üzə çıxarır.

Bölgəyə məxsus folklor mətnləri təkcə yer-yurd adları ilə bağlı nümunə­lərdə deyil, kifayət qədər sanballı janrlarda – əfsanələrdə də özünü göstərir. Qız qalası və Oğlan qalası əfsanələrində bunun bariz nümunələrinin şahidi oluruq. Bölgəyə uzun müddət elmi-texniki inkişafın nəticələri tətbiq olunmadığından Yardımlı folklorunu xüsusi folklor məclisləri yaşatmışdır ki, buraya toyları, nişan gecələrini, qız toylarını, yas mərasimlərini, nağıl gecələrini, ifaçı aşıq yığnaqlarını daxil etmək olar. Folklor söyləyiciləri müxtəlif səviyyəli olmuş, pe­şəkar və qeyri-peşəkar kimi iki qrupa bölünmüşdür. Peşəkarlar sırasına toy şənliklərinin təşkilatçıları olan qadınları və yas mərasimlərinin təşkilatçıları olan ağıçıları aid etmək olar. Aşıqlar da bu qrupa daxildirlər. Qeyri-peşəkarlar lə­tifə, bayatı, kürdü deyənlər və başqalarıdır. Nəğmələrdə qaynana-gəlin müna­sibət­ləri, təzə gəlinin ərindən iddiaları və başqa məsələlər yer almışdır:

Qapuzda hovuz,

Tuman al mənə.

Yaşıl qanovuz,

Tuman al mənə.

Geyim sallanım,

Sən də bax mənə (22, 144).
Kərbəla yolunda saldırdım günbəz,

Dərsimi oxudum, dedilər, bilməz.

Kəmərüy qurşasın Gözəgörünməz,

Bala, mən xeyrüy verdim, Allah da versin! (22, 147)


Keşgə bi quş oleydım, quş oleydım, ey

Qanadı gümüş oleydım, ey

Görəydim hanki vilayətdəsən, ey

Atam qurban qardaş, ey

Yanını almış oleydım, oy (22, 143).

Yardımlının folklor örnəkləri içərisində qıyhalar da xüsusi yer tutur. Qıyha ağı janrının bir növüdür. Qıyha çəkmək, qışqırmaq, nalə çəkmək anlamından gə­lən qıyha müstəqil janr kimi formalaşmasa da, ağının bir növü kimi maraq do­ğu­rur. “Getdi, yarım qəyitmədi” qıyha gəraylısı müharibədə ərini itirmiş qadın tə­rəfindən söylən­mişdir:

Belə vurdu qolum şişdi,

Qolumnan qolbağım düşdü.

Yoldaşım fronta düşdü,

Getdi, yarım qəyitmədi (22, 148).


Ha baxiyəm birər-birər qar gəley,

Kətan köynək ağ bədənə dar gəley.

Aləm üçün qış günü də gülüstan,

Mən fağıra yay günü də qar gəley (22, 148).

Kənd qəbiristanlığındakı qəbirlərin başdaşı və sinədan yazıları – epiqrafik nəzm parçaları ən yaxşı şeir nümunələridir. Bu yazılar həm də yaxşı düşünül­müş, qəbirdə yatanın məziyyətlərini əks etdirən ağılardır:

Atamın ümmanca dərdi-səri var,

Ata zəhmətindən ellər halidir.

Övlada verilən bütün medallar

Ata sinəsindən asılmalıdır (22, 119).

İndiyədək əsaslı şəkildə öyrənilməmiş gəlin sınaqları Yardımlının adət-ənənələrindən irəli gələn folklor nümunələridir. Bir qədər gülüş duzu qatılmış gəlin sınaqları (“Gafahın”, “Motaltutma”, “Çuvaldan un qurtaranda”, “Duzlu çay” və s.) tərbiyəvi əhəmiyyəti ilə seçilir (22, 87-88).

Yardımlının folklor nümunələri içərisində mövsüm və mərasim nəğmə­lərinin xüsusi yeri vardır. Novruznamələr bahar bayramı ərəfəsində oxunurdusa, toxucu nəğmələri çöldən-bayırdan əl-ayaq yığışılandan sonra, qoyunların payız qırxımı başa çatanda ev şəraitində xalça toxunuşu zamanı ifa edilirdi. Cəhrə haq­qın­da nəğmə tərənnüm xarakterlidir:

Daran, taraz gəl cəhrəyə,

Taran dayaz gəl cəhrəyə.

Az-az gəl cəhrəyə…

Taran yunum, taran yunum,

Daran yunum, daran yunum (16).

Bölgədə atalar sözü, layla, tapmaca, bayatı, ağı, nəğmə, türkəçarə kimi Ümum­azərbaycan folklor janrları ilə yanaşı, həcv xarakterli meyxanalar, sicil­ləmələr və cırnatmalar da geniş yayılmışdır. Maraqlı mövzularda olan sicil­lə­mə, öcəşmə, deyişmə və meyxanalar Yardımlı folklorunu zənginləşdirən nü­munələr ki­mi öyrənilməyə və araşdırılmağa layiqdir:

Daha bizdə can qalmadi, Ərdəbil,

Sərabda sultan qalmadi, Ərdəbil.

Ərdəbildən at götürdük kirayə,

Yükümüzü çəkək tökək sarayə.

Hökm olundu atı bizdən aldılar,

Yükümüzü palçıq üsdə saldılar…

Dedim, yabu, bu səndə nə qaydədü,

Dedi, düşüb yerisən bunnan faydədü (22, 151).

“Çəkürtgə” meyxanasında əkinəcəyə ziyan vuran, taxılı iti dişləri ilə biçib-tökən çəyirtkə sürüsündən danışılır:

Qarğulunun başındaydı köçdəri,

Sütül zəmiyə olmuşdu müştəri,

Kəlbətindən də itiydi dişdəri.

Qoymadın bizdə tufana çəgürtgə,

Yedun qayutdun Muğana çəkürtgə (22, 153-154).

“Ağaverdinin hisli damı”, “Sahib ilə dananın deyişməsi”, “Lotu Hazar­xanın deyimləri” kimi cırnatmalarda müxtəlif gülüş doğuran hadisələrə kəskin tənqidi münasibətin şahidi oluruq:

At minər, sapand atar,

Namaz qılana Bəstiqız.

Könlü balıq istəsə,

Gedər Gilana Bəstiqız (22, 150).

Yardımlıdan toplanılan aşıq ədəbiyyatı nümunələri azlıq təşkil edir ki, bu da bölgədə peşəkar, ustad aşıqların deyil, ifaçı aşıqların yaşaması ilə bağlıdır. Aşıq Həsən Sahratovun “Qadan alım” qoşmasında deyilir:
Gəzdir barmaqları tellər üstündə,

Sədəfli sazını çal, qadan alım.

Bu dostlar əyləşən el məclisində

Zilini bir bəmə sal, qadan alım.


Beşgünlük dünyanın qalma qeydinə,

Dövlət toplamağın düşmə meylinə.

Demə, kasıblıqdır, düşüb püşkümə,

Salma ürəyinə xal, qadan alım.


Həsən ilə gəzsən eşqin bağında,

Biri durar solu, biri sağında.

Gecənin qarıyıb keçən çağında

Bir məni yadına sal, qadan alım (22, 285).

Yardımlının ikinci tanınmış aşığı Gülağa Bayrıyev 1934-cü ildə Yardımlı rayonunun Ostayır kəndində musiqiçi ailəsində anadan olmuşdur (22, 37).

Bölgənin digər məşhur saz ifaçısı Aşıq Məlik Nuriyev Avun kəndindən çıxmışdır (22, 37). El şairi Ağadədə Demanlı toy məclislərini yüksək səviyyədə idarə etmiş, dinləyicilərini valeh etmişdir:

Ürək bir xəzinə, eşqi bir ümman,

İlham qəvvas olub, üz deyir mənə.

Məhəbbət sarayı güldür, çiçəkdir,

Aşiq ol, birini üz deyir mənə.


Gündüzlər ulduzlar yanar deyil ha,

Həyatın yolları hamar deyil ha,

Yoxlayan yoxlasın, bimar deyil ha,

Sevimli dostlarım düz deyir mənə.


Oturma nadanla, peşman olarsan,

Çox çəkməz, a bala, düşman olarsan.

Bir içim su verməz əfşan olarsan,

Bu sözü el-oba yüz deyir mənə… (17, 290).

El şairi Zöhrab Zövünlünün təcnisləri, toyda oxunan nəğmələri və “Dün­yadır” qoşması olduqca rəvan və oxunaqlıdır. Zöhrab Zövünlünü ən çox şöh­rət­ləndirən onun “Toyda oxunan nəğmələr”idir (24).

Vaxtında toplama işləri aparılmadığından bir çox folklor örnəkləri unudul­muşdur. Daha çevik əyləncə xarakterli nümunələr, əsasən, lətifələr yaşam key­fiy­yətini qoruyub saxlamış və Yardımlı folklorunda digər janrlara nisbətən üs­tün­lük təşkil etmişdir. Bu nümunələrin içərisində Mamılğan lətifələri xüsusilə diqqət çəkir. Mamılğanlıların “Özgə adam var” adlı lətifəsində deyilir: “Bir mamılğannı Masallıdan nehrə alır. Onu dalına sarıyıb kəndə gətirirmiş. Az-çox yol gələndən sonra bu mamılğannı yorulur. Nehrəni belindən açıb yerə qoyur ki, bir az dincəlsin. Kişini birdən öskürəy tutur. Baxıb görür ki, ədə, bir adam da nehrənin içində öskürür. Tez ağzını nehrənin ağzına yaxınlaşdırıb qışqırıb:

– Kimsən nehrəmin içinə girmisən, köpəyoğlu, çıx ordan.

Görür nehrənin içindəki adam da bunun dediklərini eynilə deyir. Yenə qışqırır:

– Köpəy oğlu, çıx nehrədən. Bu dəfə elə dediyi sözləri eşidir.

Hirs vurur kişinin başına yerdən bir yekə daş götürüb çırpır nehrəyə. Nehrə parça-parça olur. Görür ki, heç kəs yoxdur. Sən demə, kişinin öz səsi nehrəyə düşür, o elə bilir bəs nehrənin içində özgə adam var” (22, 252).

Bölgə lətifələrinin qəhrəmanları cerinbellilər, şəfəqlilər, sivdaşlılar, bozay­ranlılar, pornayımlılar və digər kəndlərin hazıcavablarıdır (22, 40-41).

Həmyerlilərinin “Yardımlının Homeri” adlandırdıqları Təbiət Tanrı­ver­di­yev Yolocaqda dolaşan gülüş xəzinəmizi toplamışdır. Mehdi Həsənovun qələ­mə aldığı lətifələr də orijinallığı ilə seçilir. Lakin onlar folklorşünas olma­dıq­la­rından topladıqları nümunələrdə dialekt elementlərini saxlamamışlar. Mehdi Hə­sənovun topladığı lətifələrin əsas qəhrəmanı Oruc Moranlıdır (12, 113)

Təbiət Tanrıverdiyevin topladığı “Yolocaq lətifələri”nin əsas qəhrəmanı Gül­məlidir. Gülməli ümumiləşdirilmiş obrazdır, Yolocaqda baş verən gülməli ha­­disələrin, demək olar, hamısı onun ayağına yazılır. Bu, cəlilabadlıların Lotu Salman, şəkililərin Hacı dayı, səlyanlıların Mirzə Bağı, lənkəranlıların Balaəmi ko­mik obrazına bənzəyir. Gülməli, əsasən, sovet dönəminin lətifə qəhrəmanıdır, çünki bu lətifələrdə kolxoz quruluşu və kolxoz sədri ilə bağlı lətifələr üstünlük təşkil edir (23, 76). Sosial şəbəkələrdə də bölgələrin gülüş xəzinəsinə, o cüm­lə­dən Yardımlı lətifələrinə tez-tez müraciət olunur (29).

Rəvayətlər, mifik rəvayətlər, başagəldilər, əfsanələr və əhvalatlar bölgənin tarixi hadi­sələrinin bədii ifadəsidir. Bu folklor nümunələri yer-yurd adlarının sirli-soraqlı yaranış tarixindən söhbət açır. “Kərəm köçü” adlı rəva­yətin məzmunu həm mi­fik, həm də real tarixi hadisələrlə səsləşir. Bu rəvayətin süjet xətti “Dədə Qorqud” boylarındakı əhvalatlara bənzəyir. Rəvayətə görə, Kə­rəm adlı nəhəng gövdəli, pəhləvan biləkli bir çoban öz sürüsünü həmin yerdə saxlarmış (12, 101-102). Rəvayətin digər variantı 1987-ci il folklor ekspedisiyası zamanı yazıya alın­mışdır (22, 66).

Yardımlı rayonunda öz spesifik görünüş və mahiyyəti ilə bir çox daş və ya qaya parçaları var ki, bu daşlar zaman-zaman yerli sakinlərin diqqətində olmuş­dur. Bu daşların əksəriyyəti haqqında hətta rəvayət və əfsanələr də uydurularaq başqa daşlardan fərqləndirilmişdir (30).

Sarıbulaq yaylağında rayonun təbii abidələrinin siyahısına düşən və dövlət tərəfindən qorunan “Qadın heykəli” el arasında “Gəlin daş” adlanır. Düzəngahda sanki qadın kürəyinə öz baş yaylığı ilə körpə balasını sarımış halda yüyürür. Buradakı “Çoban daş” “Gəlin daş”la qarşı-qarşıya mürgüləməkdədir. Rəvayətə görə, öz ismətini ölümdən üca tutan gəlin Rəbbindən onu daşa döndərməsini istəyır. Tanrı da gəlinin bu yalvarışlarını eşıdir, həm onu uşagı ilə, həm də qəzə­bə tuş gələn düşmən dəstəsindən olan çobanı da daşa döndərir (30). Qaraca Ço­banın sapandının oxşarı olan bu sapand təxminən XIX yüzilliyin sonlarında elə Qaraca Çobanın adı ilə səsləşən Qaraca dağın həndəvərindəki Dəlləkli kəndin­dən əldə edilmişdir (30).

Bölgənin mifoloji rəvayətləri Mehdi Həsənov tərəfindən toplanmışdır (12, 92-101). Mehdi Həsənovun yaşadığı Ostayır kəndi xalq etimologiyası əsasıda sözaçımı verilən toponimlərdən biridir. Rəvayətə görə, Ostayır “ustalar yurdu” deməkdir və burada yaşamış Usta Tayırın (Tahirin) adıyla bağlıdır. Maraqlı bu­ra­sıdır ki, Ostayır kəndinin və eləcə də Ocaqkəndin köhnə qəbristanlığındakı başdaşılarının çoxunda xəncər, balta, kuzə, tüfəng, kürək, həvə, şan, xış, iynə-sap şəkilləri həkk edilib. Bəzi başdaşılarında rəqs edən qız, balabançı, aşıq şəkilləri çəkilib. Bu yolla qəbir sahibinin peşəsini müəyyən etmək olur. Bu həm də kənddə dəmirçiliyin və dulusçuluğun inkişafını göstərir (10).

“Söhbət daşı”, “Xan daşı”, “Beşmərtəbə”, “Qədim zəvvarlar yolu”, “Bonayır – Bina yeri”, “Daşkənd Köryədisi”, “Dad, Həzər evindən”, “Ölü şəhər”, “Müqəddəs kahin məzarı”, “Təng dərəsində bir tənə var”, “Peştənhəş seli”, “Ağasən damı”, “Keçiatılan”, “Məlhəm bağı – can dərmanı”, “Yardımlının “İçəri şəhəri”, “Pornayım”, “Gəvərzə”, “Xəlsəlilər” yer-yurd adları haqqında olan xalq etimologiyası nümunələrini də Mehdi Həsənov qələmə alımışdır (22, 268-274).

Yardımlının folklor örnəkləri içərisində başagəldilər xüsusi yer tutur. Başagəldilər rəvayətin bir növü kimi maraq doğurur. “Cinlərin Telnazı apar­ması” başagəldidə Kanakımon meşəsində itkin düşən Telnazın taleyindən da­nı­şılır (22, 53-54). “Dəmirçi Babaş” adlı digər bir başagəldidə deyilir ki, ikinci dünya müha­ribəsi başlayanda komissar Milyuxin dəmirçi Babaş adlı balacaboy bir kişini də çağırıb davaya yola salır. Dəmirçi Babaş davaya gedəndən sonra də­yir­man xarab olur, camaat dənini üyüdə bilmir. Babaşın arvadı komissarlığa gə­lir və deyir:

Dəyirmanın diskinə, ay Hökü,

Şingəsinə, diskinə, ay Hökü.

Babaşdan əsgər olmaz, ay Hökü,

Bizi qoydun pis günə, ay Hökü.

“Hökü” hökümət sözünün el arasında qısaldılmış variantıdır (27).

Bölgədə Qız qalası haqqında əfsanələr geniş yayılmışdır. Müxtəlif va­riant­ları əldə olunmuş əfsanələrin əsas məzmunu ondan ibarətdir ki, Oğlan qalasının sahibi zorla Qız qalasında yaşayan Qızı almaq istəyir. Lakin Qız ona ərə getmək istəmir və gecəykən atını tərsə nallatdırıb Ərdəbilə yola düşür. İz Oğlanı azdırır. Bir müddət sonra Qız, Oğlana sifariş göndərir ki, məni axtarma, məni ərdə bil. Guya buradan da Ərdəbil adı yaranır (19, 112). Qız qalasında baş verənlərin Ərdəbillə bağlanması bu bölgələrin bir-biri ilə mədəni, iqtisadi və ticarət əlaqələrinin qədim tarixə malik olmasından irəli gəlir.

Qız qalalarının hərəsinin öz əfsanəsi var. Ümumi olan cəhət nədir? Yadelli düşmənə və ya sevmədiyin adama əyilməmək, öz sevgisini, toxunulmazzlığını, müqəddəsliyini və ismətini qorumaq; ələ düşməmək üçün ölmək, əlac hər yerdən üzüləndə qurban getmək!” (20, 326-327).

Alar kəndindəki Qız qalasına “Nigar qalası” da deyirlər. Qız onu istəyən qoşun başçısını və ona havadarlıq edən öz əmisi uşaqlarını öldürdükdən sonra Zəngələ kəndində ərə gedir. Hazırda Zəngələ camaatı Nigarlı adlanır (8, 16).

Yardımlı folklor örnəkləri içərisində türkəçarələr mühüm yer tutur. Türkəçarələr bölgədə bitən nadir bitkilərin müalicəvi əhəniyyətini qiymət­lən­dirmək baxımından maraqlıdır. Mədəniyyət və ticarət mərkəzlərindən kənarda yerləşən dağ kəndlərində xəstəni vaxtında həkimə çatdırmaq çətin olduğundan yerli əhali türkəçarə yoluyla ilk tibbi yardıma üstünlük verir.

Təzyiqi olan adamlara itburnu bitkisinin toxumlarını (gilliyi) dəmləyib çay yerinə içmək məsləhət görülür. Gillik həm də sidikqovucu təsirə malikdir və qanı duraldır. Buna görə də böyrəkdən daşı hissə-hissə salır. Gillik yeganə dərman bitkisidir ki, eyni vaxtda həm təzyiqi aşağı salır, həm də böyrəyi təmizləyir. İtburnu çiçəyini dəmləyib içdikdə qızmanı salır. Buna görə də, itburnu bitkisi təbabətdə “min bir dərdin dərmanı” adlanır.

Sarı boranı qida, ağ boranı məcundur. Ağ boranını qaynadıb yedikdə və suyunu içdikdə ölmüş cinsi fəaliyyət qismən bərpa olunur. Cinsi fəaliyyəti bərpa etmək üçün daha bir məlhəm: ağ boranını oyub, bu oyuğa bir neçə qaşıq arı balı töküb soyuq yerdə saxlayırlar. Sonra boranını götürüb, oyuqdakı məlhəmi qarış­dırırlar. Hazır məhlul çay qaşığı ilə gündə bir neçə dəfə qəbul edilir (22, 155-157).

Yardımlı folklorunda işlənən dialekt sözləri Mehdi Həsənov (12, 74-91), Şahlar Məmmədli (18, 3-72) və Yusif Sultanov (21) tərəfindən toplanılmışdır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyən Şahlar Məmmədli isə Yardımlı şivələrini elmi şəkildə araşdırmışdır (18).

Şahlar Məmmədov (Göytürk) Yardımlı rayon xalq şivələrini birmənalı şəkildə cənub qrupuna daxil etmişdir. Fonetik quruluş baxımından Yardımlı şivələrində sirəm (sıra), yalo (alov), pıçə (puç) kimi səs artımı; tivəy (tüfəng), omur (mamır) kimi səs düşümü; qalğan (qanqal), təflik (təklif), dabalaq (badalaq) kimi yerdəyişmə hadisəsi; avmaq (ovmaq), gəvrəy (kövrək), xırs (hirs) kimi səs əvəzlənməsi və sair fonetik hadisələr daha çox diqqəti cəlb edir (13).

Yardımlı bölgəsinin lüğət tərkibində ədəbi dilimizin qədim dövrlərinə aid bəzi sözlər bü günə qədər də öz izlərini saxlamaqdadır. Bölgənin yetir­mələri olan Sabir Rüstəmxanlı (6), Sahib Əliyev (4), Sakit İlkin (7), Şakir Xanhüseynli (1), İqbal Nəhmət (2), Rəfael Həbiboğlu (3), Gülnarə Cəmaləddin, Xatirə Fərəcli (5), Aslan Quliyev və başqaları öz əsərlərində yerli şivədən yaradıcılıqla bəh­rələnmişlər. Bildiyimiz kimi, dilin resurslarından biri dialektlərdir. Bölgə yazar­ları xeyli dialekt sözünü ədəbi dilə gətirmiş, Azərbaycan dilinin sinonim fon­dunu zənginləşdirmişlər.

Folklor nümunələrinin yerli toplayıcıları yazıya aldıqları bəzi nümunələrdə bölgənin folklor dilini tam qoruyub saxlamamışlar. Folklor materialı kimi möv­zu və məzmun baxımından maraq doğurduğundan, həmçinin söyləyicilərin bö­yük qismi dünyasını dəyiş­diyindən bu nümunələr ilkin mənbələr kimi elmi əhə­miyyət daşıyır. Lakin bölgənin əksər folklor nümunələri toplanarkən dialekt özəl­likləri saxlanmışdır.

Beləliklə, Yardımlı folklorunun janr arealını və əsas istiqamətlərini baya­tı­lar, kürdülər, qıyhalar, ağılar, nəğmələr, mifoloji mətnlər, inanclar, rəva­yətlər, ba­­­şa­­gəldilər, əfsanələr, lətifələr, nağıllar və aşıq şeiri nümunələri müəy­yən edir.

İşin elmi yeniliyi: Bu araşdırmada Yardımlı folklor örnəklərinin regional xüsusiyyətləri ilk dəfə elmi şəkildə təhlil olunur.

İşin nəticəsi: Yardımlı folklor örnəklərinin toplanılması, nəşri və araş­dırıl­ması məsələsi qarşıya bir məqsəd kimi qoyulmuş, həmin nümunələrin regional xüsusiy­yət­ləri və janr özəllikləri nəzərdən keçirilmiş, çağdaş Azər­bay­can fol­klor­şünaslığı üçün el­mi əhəmiyyət kəsb edən nəticələr əldə olunmuşdur. Müəy­yən edilmişdir ki, bölgə­nin növ çaları ilə fərqlənən folklor ehtiyatı Azərbaycan folklorunda özünəməxsus yer tu­tur.

ƏDƏBİYYAT

1. Alarlı B. Dünyanı zülmdən qurtaran bir gözəl şairin şeiri olacaq. Ön söz / Şakir Xanhüseyn. Gündüzlər küncə atılır gecə yanan çıraqlar (Şeirlər). Bakı: Araz, 2000, s.3-7

2. Alarlı B. Ölməyə vaxtı, qalmağa bəxti olmayan İqbal Nəhmət / Yardımlının səsi, 2013, 30 oktyabr

3. Alarlı B. Rakurs və mövqe, yaxud Rəfael Həbiboğlunun bir şeirinin doğurduğu rezonans / http://facebook.com/ Bilal Alarlı. 28.05.2014-cü il

4. Alarlı B. Sözün Sahibi. Sahib Əliyevin şeirləri haqqında / http://facebook.com/ Bilal Alarlı. 28.05.2014-cü il

5. Alarlı B. Şeirin rəngləri, yaxud Yardımlının qadın yazarları / Yardımlının səsi, 2014, 27 mart

6. Alarlı B. Şeirin Rüstəmxanlı zirvəsi, yaxud üzü Tanrıya yol gedən şairin Vətən sevgisi / http://facebook.com/ Bilal Alarlı. 28.05.2014-cü il

7. Alarlı B. Yardımlının Bəxtiyarı, yaxud dərdinən kef çəkən oğlan. Sakit İlkinin şeirləri haqqında / Yardımlının səsi, 2013, 30 oktyabr

8. Əsgərov Ş. Dağların hikməti. Bakı, İşıq, 1987, 78 s.

9. Əzizli Y. Yar qəbilələrinin bölgəmizdə məskunlaşması / Münasibət, 2013, 26 dekabr; 2014, 22 yanvar, 13 fevral, 18-22 mart, 22 aprel, 12 may

10. Həsənov M. Ustalar yurdu Ostayır / Yardımlının səsi, 2013, 25 oktyabr

12. Həsənov M. Yardımlıdan gələn səslər. Bakı: Mütərcim, 1998, 124 s.

13. Həsənov M. Yardımlı rayon xalq şivələri / Yardımlının səsi, 2014, 28 may

14. Həsənov M. Yardımlı toponimləri / Yardımlının səsi, 2009, 12 mart

15. İsgəndərov Ə. Yardımlı tarixindən – “Qırmızıların qırmızı xəritəsi” / Zirvə, 2013, 15 iyul və 24 avqust

16. İsgəndərov Ə. Yardımlının toxuculuq tarixindən: Xalçaçılıq / Yardımlının səsi, 2014, 27 mart, 29 aprel

17. Qayalardan süzülən söz. Ədəbi almanax. Redaktor və tərtibçilər: Xalid Mahmud, Cavid Cabbarlı və Əlisəfa Əhmədoğlu. Bakı: UniPrint, 2013, 322 s.

18. Məmmədov Ş. Azərbaycan dilinin Yardımlı rayon şivələri. Bakı, Təhsil, 2007.

19. Nəzərli M. Yardımlı rayonunun qədim və orta əsrlər tarixi, I cild. Bakı: Nafta-Press, 2012, 112 s.

20. Rüstəmxanlı S. Ömür kitabı. Bakı, Gənclik, 1989, 368 s.

21. Sultanlı Y. Yardımlının xalq şivəsi / Yardımlının səsi, 2012, 26 avqust və 28 noyabr

22. Yardımlı folklor örnəkləri. 1-ci kitab. Toplayıcılar İsrafil Abbaslı, Bəhlul Ab­dulla, Elxan Məmmədli və Bilal Alarlı. Tərtib edənlər f.ü.f.d. Elxan Məmmədli və f.ü.f.d. Bilal Alarlı (Hüseynov). Ön sözün müəllifi Bilal Alarlı (Hüseynov). Bakı: Elm və təhsil, 2014, 334 s.

23. Yolocaqlı (Tanrıverdiyev) T.Yolocaq - kəndin zirvəsi. Sumqayıt, Bilik, 2012, 208 s.

24. Zövünlü Z. Toyda oxunan nəğmələr / Sözün işığı, 2003, 18-28 dekabr


İnternet resursları

25. Fərhad Cavadi Abdulla oğlu. Yardımlı rayonu: Yardımlı şəhər adının etimologiyası // https://www.facebook.com/farhad.cavadi. 11/05/2014-cw il.

26. Fərhad Cavadi Abdulla oğlu. Yardımlı rayon və şəhər adının kök araştırması ///http://www.turuz.com/post/azerbaycan-toponimlerinin-kok-arashdirmasi-3-cu-bolum-yardimli-rayonu-yardimli-sheher-adinin-etimolo.aspx?lang=tr www.turuz.com

27. https://www.facebook.com/eli.iskenderov. 03.05.2014-cü il

28. https://www.facebook.com/groups YARDIMLININ SƏSİ. 03.05.2014-cü il

29. https://www.facebook.com/Rövşən Süleymanov. 03.05.2014-cü il

30. http://Yardımlı-info.com. 15.08.2013-cü il


Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy

Sahibə SƏDNİKQIZI

AMEA Folklor İnstitutunun böyük elmi işçisi

e-mail: psahiba@mail.ru
LƏZGİLƏRDƏ BAHAR BAYRAMI
Xülasə

Qafqazın qədim tarixə malik xalqlarından olan ləzgilər Bahar bayramını ən əziz bayram kimi sidq-ürəkdən qeyd edir və bu bayramla birgə öz adət-ənənələrini, folklorunu qoruyub saxlayır. Bahar bayramının davamlı olaraq keçirilməsi folkloru daim yaşadır, onu gələcək nəsil­lə­rə ötürməyə imkan verir. "Yaran Suvar" adlandırdıqları Bahar bayramı onlar üçün çox önəmli olmuş, ciddi əhəmiyyət daşımışdır.



Məqalədə Ə.Rəhimovanın apardığı tədqiqatlardan Bahar bayramının ləzgilər tərəfindən necə qeyd olunması haqqında maraqlı məlumatlar əldə etmək mümkündür. Onun araşdırmaları bizə əsrlərdən keçib gələn və ləzgilərin ənənələrində yaşayan bu bayramın necə qeyd edilməsi haqqında yadigar kimi qalmışdır.

Açar sözləri: Ləzgilər, Bahar bayramı, “Yaran Suvar”, adət-ənənələr, bayram süfrəsi, bayram tonqalı, Kosa, Keçəl, dini inanclar

"SPRING HOLIDAY" IN THE LEZGHINS
Summary

The Lezghins celebrate the coming of spring as well as Azerbaijanians. Though they have a lot of holidays "Novruz holiday" is considered to be the most popular of them. They name this holiday as "Yaransuvar" that means "Spring holiday". The coming of this holiday shows the beginning of the new year. There are number of beliefs and traditions about spring holiday of both Lezghins and Azerbaijanians. The people make fire, cook delicious sweets, decorate "choncha" and plant "semeni", the corn that is specially planted two weeks before the holiday and decorated with the red rope. 

The traditions and customs about celebrating the coming of the spring are investigated in the article written on the basis of the work by A.Rahimova. It is one of the valuable folklore material on this field.

The key words: The Lezghins,Spring holidey,”Yaran suvar”,customs and traditions, ”Kosa” ,”Kechel”,”Chonca”.
ПРАЗДНИК ВЕСНЫ У ЛЕЗГИН
Резюме

Лезгины, как и азербайджанцы празднуют приход весны. У них очень много разных праздников. Но самым замечательным из всех праздников и для лезгин, и для азер­бай­джанцев является Новруз байрамы. Лезгины его называют ЯранСувар, что озна­чает "Празд­ник Весны".Время прихода этого праздника считается началом нового года.Этим праздником у обеих народов связано очень много поверий и обычаев.В дни Новруза–Яран Сувара по народной традиции зажигают костры, приготавливают раз­личные сладости, наряжают хончу, высаживают сэмэни-сумалак. Это пророщенная пше­ница, рожь и другие злаки, которые за две недели до праздника высевают в неболь­шой по­суде, которую украшают красной лентой.

В статье А.Рагимовой исследуются традиции, связанные с празднованием весны лез­гинами. Ее исследования являются для нас ценным фольклорным материалом в этой области.

Ключевые слова: Лезгины, праздник весны, «Яран Сувар», традиции, празд­нич­ный стол, Коса, Кечал, праздничный костёр, религиозные веровании.

Məsələnin qoyuluşu: Azərbaycanda yaşayan qədim xalqların folkloru, adət-ən­ənləri, dini və milli etiqadları daha dərindən və ətraflı araşdırılmalı və üzə çıxarılmalıdır.

İşin məqsədi: Tədqiqatın məqsədi Əfruz Rəhimovanın ləzgilər tərəfindən qeyd olunan minillik tarixi olan Bahar bayramı haqqında əldə etdiyi məlu­mat­la­rın azərbaycanlı oxuculara çatdırılması, Azərbaycanın mövcud milli-mədəni müx­­təliflik və etnik-dini dözümlülük mühitində böyük tarixi təcrübəsini qoru­yub saxlaması haqqında məlumat verməkdir.
Ləzgilər Qafqazın qədim tarixə malik xalqlarındandır. Onların həyatı, məi­şə­ti, adət və ənənələri, azadlıq uğrunda apardıqları mübarizələr, göstərdikləri qəh­rəmanlıqlar folklor nümunələrində öz əksini tapmışdır. Şair, jurnalist Müzəf­fər Məlikməmmədov yazır ki, bu xalqın bəzi folklor nümunələri ilk dəfə 1846-cı il­də “Qafqaz” jurnalında dərc olunub. 1892-1907-ci illərdə Rusiyada çıxan 8 jur­nal ləzgi nağıllarını, əsatirlərini, rəvayətlərini, lətifələrini, xalq şeiri nümunə­lə­ri­ni çap edib. İki min ildən çox tarixə malik olan “Şarvili” eposu nəinki ləzgi­lə­rin, həm­çinin dünya şifahi xalq yaradıcılığı xəzinəsinin ən qiymətli incilə­rin­dən sa­yı­lır.

İndiyədək yüzlərlə ləzgi xalq dastanları, əsatirləri, əfsanələri, nağılları, rə­va­yətləri, lətifələri toplanmış, minlərlə manilər (bayatılar), qəhrəmanlıq mahnı­la­rı, lirik mahnılar, toy və xor mahnıları, laylalar, tapmacalar, atalar sözləri, de­yim­­lər toplu şəklində nəşr edilmişdir.

M.Məlikmmədovun qeyd etdiyi kimi, XIX-XX əsrlərdə ləzgi folklorunun toplanmasından ötrü Qəzənfər Zülfüqarov, Bəşir Sultanov, Abucəfər Məmmə­dov, Əlibəy Fəttahov, Ağalar Hacıyev, Hacıbəy Hacıbəyov, Məhəmməd Hacı­yev, Qiyas Məcidov, İsgəndər Qaziyev, Şahmir Muradov, İsmayıl Vahabov, Ay­bikə Qəniyeva, Firuzə Vahabova, Hacı Qaşarov, Zabit Rizvanov, Bayram Səli­mov, Həkim Qurban, Abdul Fəttah, Sədaqət Kərimova kimi tanınmış alimlər, fol­klor­çular, şair və yazıçılar böyük əmək sərf etmışlər. Ləzgi folklorunun top­lanmasında Əfruz Rəhimovanın adını xüsusilə qeyd etmək lazımdır.

Əfruz Rəhimovanın ləzgilərin Yaran suvar bayramı (Bahar bayramı) və xalq oyunları ilə bağlı folklor materiallarını toplaması təqdirəlayiqdir. Çünki bu sahə yetərincə tədqiq olunmayıb.Qeyd etmək lazımdır ki, Müzəffər müəllim Əf­ruz Rəhimovanın “Bahar bayramı” adlı kitabının redaktorudur və bu kitaba ön söz də onun tərəfindən yazılmışdır.

Ləzgi folkloru ilə yaxından maraqlanan Əfruz Rəhimova həm BDU-nun kitabxanaçılıq fakültəsində təhsil aldığı illərdə, həm də ali məktəbi bitirdikdən son­ra Azərbaycanın şimal bölgəsinin ləzgi kəndlərini gəzərək zəngin material top­­lamış, əldə etdiyi nümunələrin bir qismini mətbuatda dərc etdirmişdir. Bu sahədə səmərəli fəaliyyət göstərən Ə.Rəhimova yeri gəldikcə folklor nümü­nələrindən bəhrələnmiş və həmin mövzular əsasında bir sıra əsərlər yazmışdır. Onun "Yaran Suvar" (“Bahar bayramı”) pyesini buna misal göstərmək olar. M.Mə­­likməm­mə­dov həmin pyes haqqında yazır ki, "Yaran suvar" ləzgilərin Bahar bayramı haq­qında demək olar ki, ilk səhnə əsəridir. Əsərdə bahar bayramı ilə bağlı bir sıra adət-ənənələr geniş şəkildə öz əskini tapıb. Yeri gəldikcə burada folklor material­la­rından, qədim xalq oyunlarından istifadə olunub. Bunlar müəllifə ləzgilərin ba­har bayramının mahiyyətini dolğun şərh etməyə, yadda­qalan əsər yaratmağa im­kan verib. Pyesin bəzi səhnələri ilk dəfə ləzgi dilində “Samur” qazetində dərc olu­nub və geniş oxucu kütləsi tərəfindən maraqla qar­şılanıb. Əsərin Azərbaycan dili­nə tərcüməsi də uğurlu alınıb. Ayrı-ayrı surətlərin dilindən verilən xalq şeiri parça­ları səlis tərcümə nümunələri kimi diqqəti cəlb edir. Ümumiyyətlə, Yaran suvar (Bahar bayramı) ilə bağlı bütün şeir nümunələri Azərbaycan dilinə peşəkarlıqla tərcümə olunub və onların mənası oxuculara ləzgi dilində olduğu kimi çatdırılıb.

Ə.Rəhimovanın apardığı tədqiqatlardan Bahar bayramının ləzgilər tərə­findən necə qeyd olunması haqqında maraqlı məlumatlar əldə etmək mümkün­dür. Onun araşdırmaları bizə əsrlərdən keçib gələn və ləzgilərin ənənələrində yaşayan bu bayramın necə qeyd edilməsi haqqında yadigar kimi qalmışdır.

Ə.Rəhimovanın "Ləzgilərin bahar bayramı" adlı tədqiqat əsərində bu haq­da belə yazır: "Min illərdir ki, ləzgilər Bahar bayramını ən əziz bayram kimi sidq-ürəkdən qeyd edir və bu bayramla birgə öz adət-ənənələrini, folklorunu qoruyub saxlayır. Bahar bayramının davamlı olaraq keçirilməsi folkloru daim yaşadır, onu gələcək nəsillərə ötürməyə imkan verir.

Zəfər, uğur bayramı,

Ləzginin gur bayramı.

Möhkəm dur ayaq üstə.

Günəşinnən nur istə.

Yanar şamın sayı yox,

Tanrım versin payı çox.

– deyərək xalq öz arzularını bildirir, baharın gözəlliyini vəsf edərək hamını şənlənməyə çağırır."



"Yar” ləzgilərin qədim kənd təsərrüfatı təqviminin bir ayıdır və o, martın 21-dən aprelin 4-dək davam edir. Yar ayı yaz-tarla işlərinin başlanğıcına təsadüf etdi­yin­dən, ən maraqlı mərasimlər tarlalarda, bağlarda, əkin yerlərində olur. Ləzgilərin qə­dim adətlərindən biri olan, könüllü iməcilik mənasını verən "mel"in ən əhəmiy­yət­lisi bahar bayramı ərəfəsində keçirilir. Ev-eşik təmizlənir, yorğan-döşək günə sə­ri­lir, xal­ça-palaz çırpılır, evlərin divarları ağardılır, bağ-bağat, tar­la­lar çör-çöpdən, alaq­dan tə­mizlənir. "Yar" sözünün ikinci mənası "qırmızı” de­məkdir. Qədim zaman­larda ləz­gi­lə­rin bayram süfrəsi qırmızı rəngdə olarmış. Adətən toyları Yar ayına salardılar. Bə­yə yaran çam, yəni bahar bəyi, gəlinə ya­ran svas, yəni bahar gəlini deyərdilər. Gə­lin ba­har xalçası toxuyardı. Toy günü onun üzünü düqürlə, yəni qırmızı duvaqla örtərdilər.

Qırmızı rəng ləzgilərin məişətində, geyimlərində üstün yer tutur. Qədim ənənələrə görə Yer qırmızı öküzün buynuzları üzərində yerləşir. Qırmızı öküzə ibadət etmiş, onu Yaran Suvarda (Bahar bayramında) qurban kimi kəsmişlər. Qur­banlıq seçilmiş öküzə yaxşı qulluq edir, təmizliyinə baxır, boynuna qırmızı saplar bağlayırdılar. Kəsməzdən əvvəl onunla birlikdə gecə kəndin ətrafında üç dəfə dövrə vururdular. Qurbanlıq əti isə bütün kəndə bərabər şəkildə payla­yırdılar. Bay­rama iki-üç həftə qalmış və ondan sonrakı bir ay ərzində (aprelin 4-dək) gənc­lər biləklərinə qırmızı (bəzən isə ağ sapla birlikdə burulmuş) sap bağlayırdılar.

Bayramdan öncə ağacların quru budaqlarını tonqal üçün toplayır və onları konus şəklində xüsusi ayrılmış yerlərə yığırdılar. Martın 21-dən 22-nə keçən ge­cə evlərin damlarında, kənd meydançalarında, məhəllələrdə tonqal qala­yır­dı­lar. Ton­qalların sayı mütləq yeddi olmalı idi. "Köhnə yan! Yeni doğul!" – de­yə­rək köh­nə əşyaları alovun içinə tullayırdılar. Yağlı əsgilərdən, samandan, odlu kü­rəciklərdən məşəl hazırlayırdılar, səhərə qədər rəqs edir və nəğmələr oxu­yur­du­lar.

Ə.Rəhimova ləzgilərdə Kosa, Keçəl obrazlarına olan münasibətini belə ifa­də edir: "Bahar bayramında meydanlarda oynanılan “Цlегь чlyрал акъатай кьиса1” tamaşasındakı “Тапархъан2”, Kosa, Keçəл, “Цlегь3” və s. obrazlar haq­qın­da xalq deyimləri hələ də xalqın dilinin əzbəridir:

Keçəl, keçəl, baş keçəl,

“Kandu”da diribaş, keçəl.

Bax, mən yeyim qovurğa,

Sən ye, qumla daş, keçəl."

"Yaran suvar" kəndlərdə xüsusi təntənə ilə keçirilərdi. Son vaxtlara kimi bəzədilmiş keçi oynatmaq mərasimi geniş yayılmışdı. Bu, ləzgi mifologiyası ilə əlaqədardır.

Bayramın səhərisi günü (martın 22-də) gənc oğlanlar keçini bəzəyib musi­qi­çilərin müşaiyəti ilə evləri gəzir və "yar" üçün bayram payı istəyirdilər. Musiqi zurna, tütək və ya fleyta ilə ifa olunurdu. Onlar həyətlərə daxil olur və ev sahi­bəsini yaratdıqları səliqə-sahmana görə tərifləyir, tənbəlliklərinə görə isə tənbeh edirdilər. Əlbəttə, bunlar məzəli şəkildə olurdu. Heç kim incimir, hamı sevinir, şənlənirdi. Qadınlar, qızlar onların çantalarını meyvə, bişmiş və təzə yumurta, fətir, halva, qovurulmuş buğda (qovurğa), qoz-fındıqla doldururdular.

Ə.Rəhimovanın yazdığına görə, bayramlarda boyadılmış yumurtalar süf­rə­lərin bəzəyi olardı. Bayram yumurtalarını boyayan gənc qızın hiss-həyəcanı fol­klor­da aşağıdakı kimi öz əksini tapmışdır:

Sarı xoşdu bəyazdan,

Bəxt istərəm bu yazdan.

Yaz elçisi qaranquş,

Yarı gətir sən “Laz1”dan.

"Yaran Suvar" bayramında yeddi cür xörək bişirirdilər. Hətta ailə maddi cəhətdən müxtəlif xörək hazırlamaq imkanında deyildisə, onun köməyinə yeddi məhsuldan ibarət şilə çatırdı. Şilə qurudulmuş ətdən, qarğıdalıdan, arpa, lobya, noxud, kartof və digər tərəvəzlərdən hazırlanırdı. Hətta duzu da həmin yeddi məhsuldan biri hesab edirdilər:

Çörək gətir ləpəli,

Bazlamaçla fəsəli.

Ocaqdadı baş çörək,

Sacdadı lavaş- çörək.

Ləzgilərin Yaran Suvar bayramında tlaç ( cücərmiş arpanın unundan dü­zəl­dilmiş kiselə bənzər içki), selema (cücərmiş arpa toxumlarından hazırlan­mış şirin şərbət, bişmiş qabaq), qurudulmuş ətdən, lobyadan , göyəm, zoğal və ya ga­valı qaxından hazırlanmış turşməzə şoraba, qarğıdalı, arpa və lobyadan ibarət danqu raqu, qoz və bal qatışığından hazırlanmış halva, nutlufa (üzərinə əridilmiş tut balı tökülmüş qoz ləpəsi) kimi bir çox yeməklər hazırlanırdı:

Halva, qoğal yan-yana,

Doyunca ye, nuş olsun.

“Циkleн2”, qutab da gətir,

Bolluq olsun xoş olsun.

Adamlar bir-birinə qonaq gedir, "Yaran Suvarkay!"-deyə bir-birini təbrik edirdilər. Bahar bayramı ərəfəsində küsülülər barışır, insanlar yaxşılıq etməyə çalışır, günahlarının bağışlanması üçün Allahlara müraciət edirdilər.

Martın 14-dən aprelin 4-dək davam edən bayram günlərində ləzgilər yaz əkininə hazırlıq işlərinə başlayırlar. Həyətyanı sahələr və əkin torpaqları təmiz­lənir, ağaclar budanır, istifadə olunacaq alətlər və avadanlıqlar qaydaya salınır.

Ləzgilər bu günədək öz keçmiş inanclarını qoruyub saxlayır və öz bütpərəst Allahlarına tez-tez müraciət edirlər: onlar Günəş Allahından (Ra Atar) işıq və isti verməsini, Od Allahından (Alpan) insanları qorumağı, Ay (ilin ayları mənasında-müəllif) Allahından və Ay İlahəsindən (Ay planeti-müəllif) (Varz və Men) insanı məhəbbət və ümiddən məhrum etməməyi, Su İlahəsindən (Tavar) təbiəti quraqlıqdan xilas etməyi, Yer İlahəsindən (Qen) aclıq yaratmamağı, Təbiət Allahından (Pan) bəşər övladını pis ruhlardan qorumağı xahiş edirlər. Ləzgilərin bütpərəst allahlar panteonunda 30-dan çox sitayiş edilən büt vardır.

Bizə od verən “Алпан”,

“Алпан”, a güclü aslan.

Dayanmadan işıq saç,

Bərəkətli süfrə aç.

Zəmilər xürrəm olsun,

“Канду”lar unla dolsun.

Və yaxud:

“Алпан”, “Атар”, “Яр”, “Тавар”,

Bizə gətirdiz bahar.

Mahnı, dil sizə layiq,

Bəndəniz sizə sadiq.

Həmin günlərin öz inancları vardı. Hamı ürəyində niyyət tutub fala baxar, il ərzində arzularının necə həyata keçəcəklərini bilmək istəyirdilər. Torpaqda yu­va­­lar qazırdılar və onların içinə mismar, yumurta, kömür qoyurdular. Düşü­nür­dü­­lər ki, yuvaların içindən sürünərək keçmək onları gözdən, cadudan qoruya­caq­dır. İnanca görə uzun müddət sevdiyi insanın adını təkrar edərək aya baxdıqda, yas­­tığın altına ona aid olan hər hansı bir əşyanı qoyduqda yuxuda gələcəkdə ailə qu­racağı adamı görmək mümkündür. Martın 22-dən başlayaraq, yaxın üç gün ər­zin­də ilin necə olacağını müəyyən etmək mümkün idi.

Beləliklə, Bahar bayramı milli birlik bayramı hesab olunur və insanları bü­tün il ərzində birliyə, dostluğa, barışıq və sevgiyə çağırırdı. Ailələrdə, eldə-oba­da bolluq və bərəkətin əsası bu mərhələdə qoyulurdu. Bahar bayramı ilə bağ­lı adət-ənənələr indi də davam etməkdədir. Ləzgilər Bahar bayramını se­vinc­lə qar­şı­layır, onun yeni uğurlar gətirəcəyinə inanırlar.

İşin elmi nəticəsi. Ləzgi folklorunun toplayıcılarından olan Əfruz Rəhi­mo­vanın yaradıcılığı vasitəsilə ləzgi xalqının “Yaran Suvar” adlandırdıqları Yaz bayramının qeyd edilməsi haqqında bir sıra tarixi faktlar üzə çıxarılmışdır.

İşin elmi yeniliyi. Məqalədə folklorşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edən milli özünüdərk, milli kökə sıx bağlılıq diqqətə çatdırılır, Azərbaycanın zəngin mədəni irsə münasibətinin və multikulturalist siyasətin mövcudluğu bir da­ha təsdiq olunur.

Tətbiqi əhəmiyyəti. Məqalədə irəli sürülmüş faktlardan Azərbaycanda ya­şa­yan xalqların etnik tarixinin, folklorunun öyrənilməsində istifadə edilməsi müm­­­kündür.
ƏDƏBİYYAT
1. Albalıyev Ş. Folklordan gəlmişdi... Kredo, 2015, 31 iyul, səh. 15


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə