______________Milli Kitabxana_____________
194
(saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri)
təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri
keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də
başlarmış.
Haxamaniş şahları Suz şəhərində geniş tikinti işləri
aparırdılar. Suz şəhərində saray tikintisi barədə I Daranın kitabəsi
məlumat verir: "Bu sarayı mən Suzda tikdirdim. Onun bəzəkləri
uzaqlardan gətirilmişdir. Torpaq çox dərin, ta ki qayanın özülünə
çatınca qazıldı. Sidr Livan dağlarından gətirildi. Assur xalqı onu
Babilə gətirdi. Karilər və İoniyalılar onu Suza çatdırdılar. (Hind)
palıd ağacı Qəndəhər və Kirmandan gətirildi. Burada işlədilən
qızıl Sard və Baktriyadan gətirildi. Əlvan daşlar, lacivərd və əqiq
ki, burada istifadə olunurdu, Soqddan gətirilmişdi. Burada
işlədilən tünd göy əlvan daş (firuzə) Xarəzmdən gətirilmişdi.
Burada istifadə olunan gümüş və tunc (yaxud qara ağac) Misirdən
gətirilirdi. Divar bəzəkləri İoniyadan gətirilmişdi. Burada
işlədilmiş fil sümüyü Efiopiya (Kuş), Hindistan və Araxoziyadan
gətirilirdi. Burada işlədilən daş sütunlar Elamın Abiraduş
kəndindən gətirilmişdi. Daşyonanlar ioniyalı və lidiyalılardı.
Qızılla işləyən zərgərlər midiyalı və misirlilərdi. Ağaca naxış
vuran adamlar midiyalı və misirlilərdi. Kərpic tökən adamlar
babillilərdi". I Dara böyük bir təmtəraqla Suz şəhərində saray
dəsti inşa etdirdi. Burada 100-dən çox otaq tikilmişdi, 12 ölkədən
material gətirilmişdi. Saraya ağ, qırmızı, qara və Sarı mərmər
döşənmişdi. Ziyafət otağının tavanı 20 m-lik sütunlara dirənirdi,
sütunların yuxarı hissəsi öküz başı rəsmi ilə bəzənmişdi. Ruradan
tapılmış kitabədə deyilirdi: "Bax, bu ölkələrdən saray üçün bəzək
gətirmişdilər. - Pars, Elam, Midiya, Babil, Assuriya, Ərəbistan,
Misir, dənizarxası ölkələr, Lidiya, İoniya, Urartu, Kappadokiya,
Parfiya, Drangiana, Areya, Xarəzm, Baktriya, Soqdiana,
Qandhara, Skitiya, Sattagidiya, Araxosiya...". Nəqşi-Rüstəmdə
(Persepol yaxınlığında) Haxamaniş dini abidələr dəsti
yaradılmışdı. Burada I Daradan başlayaraq dörd Haxamaniş
şahının qaya oyuqlarında məqbərələri inşa edilmişdi.
Haxamanişlər dövründə mixi işarələr əsasında qədim fars yazı
növü icad edilmişdi. Bu yazı "hecalı əlifbadan" ibarət idi. Qədim
______________Milli Kitabxana_____________
195
fars mixi yazısının yaradılmasını I Daranın adına çıxırlar. Bəzi
mülahizələrə görə, bu yazı növü əvvəllər də işlədilirdi, guya onu
midiyalılar Urartu mixi işarələrinin təsiri altında icad etmişdilər,
sonra haxamanişlər bu yazı növünü midiyalılardan
mənimsəmişdilər. Lakin bu mülahizəni təsdiq edə biləcək Midiya
mixi yazısı nümunəsi tapılmayıb. Ehtimal edirlər ki, midiyalılar
akkad, yaxud arami yazı növündən istifadə edirdilər.
Herodotun məlumatına görə, midiyalı Harpaq II Kuruşa
məktub yazmışdı, Kuruş özü Astiaqın adından məktub tərtib
etmişdi. Bəziləri bu məktubların Midiya mixi yazısı ilə tərtib
olunduğunu söyləyirlər. Lakin bu məktubların Elam mixi yazı
növü ilə tərtib olunması fikri həqiqətə daha uyğundur.
Hələ qədim fars yazı növü icad olunmazdan əvvəl I Daranın
göstərişləri Elam, akkad və arami işarələri ilə yazılırdı. Bisütun
yazısında I Dara deyir: "Mən əvvəl işlədilməyən kitabə növü
yaratdım. (Bu) ari dilində gil və gön üzərindədir". Beləliklə, o, ilk
dəfə ari dili mətnlərini yazıya köçürtdürdü. Belə hesab edirlər ki,
ari dili anlayışı qədim fars və Midiya dillərini nəzərdə tuturmuş.
Lakin bu belə deyil. Bəzi mülahizələrə görə, fars dili Midiyada da
işlənirdi. Qədim fars mətnlərindəki bəzi fonetik fərqlər Midiya
dilinə aid edilir, halbuki onlar əslində fars dilinin dialekt
formalarıdır. Əksinə, belə də fərz edirdilər ki, Bisütun yazısının
qədim fars nüsxəsi əslində, guya Midiya dilində tərtib olunmuşdu.
Demək olar ki, Bisütun kitabəsinin Elam və Akkad nüsxələri
qayaya əvvəlcə həkk olunmuş, sonra isə qədim fars yazı növü ilə
tərtib edilmiş mətnlər Bisütun qayasına köçürülmüşdü.
Haxamaniş kitabələri qədim fars, Elam və akkad dillərində
müxtəlif mixi yazı növü ilə tərtib olunmuşdu. Eyni zamanda,
arami dili və əlifbasından istifadə edirdilər.
Qədim İran əhalisi təqvim sistemi yaratmışdı. Ən qədim
təqvim elamlılara mənsub idi. Onlar ilk əvvəl Akkad təqvim
sistemindən istifadə edirdilər. Ayların Elam dilindəki əvəzi
qaynaqlarda əks olunmayıb. E.ə. I minilliyə aid qaynaqlarda Elam
aylarının adı çəkilmişdir, lakin burada qədim fars dilinin təsiri
özünü göstərirdi. Elam təqvimi qəməri təqvim əsasında
yaranmışdı. Elam dili və mədəniyyəti Haxamaniş dövlətinin
______________Milli Kitabxana_____________
196
tərkibində müəyyən əhəmiyyətli mövqeyə malik idi. Sənədlər
elam dilində tərtib olunurdu. Suz mərkəz şəhərlərindən birinə
çevrilmişdi. Burada Haxamaniş şahlarının xəzinəsi saxlanılırdı.
Suz canişini eyni zamanda xəzinədar (elam dilində kabnişkir) idi.
Haxamaniş dövləti dağıldıqdan sonra Elimaida da (keçmiş Elam)
Kabnişkirlər (xəzinədarlar) sülaləsi hakimiyyətə gəlmişdi.
Kabnişkiri sülaləsi hökmdarları pul kəsirdilər və hətta parflara
tabe deyildilər. Eramızın II əsrində bu son Elam sülaləsinin də
hakimiyyətinə son qoyuldu.
Elam mədəniyyətinin izləri e.ə. VI minilliyə aid arxeoloji
laylardan üzə çıxarılmışdı. Sonrakı minilliklərdə Elam
mədəniyyətinin təsiri geniş yayılmışdı. Bu təsiri nəinki İran
yaylasında və İkiçayarasında, həm də Cənubi Qafqazda və hətta
Hindistanda müşahidə etmək mümkündür. Sinfi cəmiyyətə keçid
zamanı Elamda piktorafik (şəkli) yazı sistemi icad edilmişdi. Buna
oxşar işarələr Hindistanda da tapılmışdı. Bu işarələrin sayı
təxminən 500-ə çatırdı. Piktoqrafik yazı sisteminin inkişafı Elam
xətti yazı formasının meydana gəlməsinə səbəb olmuşdu. Xətti
yazı piktoqrafik işarələrin sxematik (cizgi) görkəmini əks etdirir.
Xətti yazı 80 və ola bilsin ki, daha çox işarəyə malik imiş. E.ə. III
minilliyin ikinci yarısında elamlar Şumer-Akkad mixi yazı
sistemini mənimsəmişdilər. Mixi yazı işarələri elam dilinin
xüsusiyyətinə tam da olmasa uyğunlaşdırılmışdı. Mixi yazı elam
dilinin fonetikasını, səs xüsusiyyətlərini aydın verə bilmirdi. Mixi
işarələri ilə tərtib olunmuş ilk elamdilli yazı "Naram-Suen ilə
müqavilənin" mətnindən ibarətdir. Elam mixi işarələrinin sayı
200-ə çatırdı. Bunlardan 174-ü hecalı işarələrdən, 25-i isə söz
bildirən işarələrindən (loqoram) ibarət olmuşdu. Son Elam
dövründə mixi işarələrin sayı azaldılmış, yazı sadələşdirilmiş və
123 mixi işarə saxlanılmışdı. Elamlılar öz kitabə və təsərrüfat
sənədlərini nəinki elam dilində, həm də akkad dilində tərtib
edirdilər. Mixi yazının işlədilməsi baxımından Elam İkiçayarası
mədəniyyəti dairəsinə daxil idi.
Elam mədəniyyətini yaradan əhalinin etnik tərkibi tam
məlum deyil. Əhalinin əsas hissəsini elamlılar təşkil edirdi. Lakin
bu ərazi təmiz elamdilli əhalidən ibarət olmamışdı. Erkən dövrdə
Dostları ilə paylaş: |