______________Milli Kitabxana_____________
53
yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. Adətən
nağıllar əkinçi əhalinin məişətini, həyatını və dünyagörüşünü əks
etdirirdi. Bunlardan "İki qardaş haqqında nağıl", "Cadulanmış
şahzadə", "Düz və əyri haqqında nağıl", "Gəmi qəzasına uğramış
barədə nağıl", "Firon Xufu və cadugərlər" və s. göstərmək olar.
Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm
edirdilər, sadə adamın fərasətini, ədalətini və cəsarətini
açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz
olması ideyası əks olunmuşdur, əyanların zalımlığı və qəddarlığı
təsvir edilmişdir.
Birinci nağılda əhvalat iki qardaş - Bata və Anubis ətrafında
baş verir. Hər iki qardaş birgə işləyir, böyük qardaş Anubis, kiçik
qardaşı Bataya atalıq edir. Bir gün çöldə səpin üçün taxıl azlıq
edir, Anubis Batanı evə taxıl gətirməyə göndərir. Bata evə gələndə
Anubisin arvadı onu yoldan çıxarmağa cəhd edir, lakin Bata
nifrətlə onu rədd edir, taxılı götürüb çölə qayıdır. Axşam Anubisin
arvadı ərinin qulağını doldurub Bataya şər atır. Anubis qardaşını
öldürmək niyyətinə düşür. O, pəyədə gizlənir və Batanı gözləyir.
Bata mal-qaranı evə gətirərkən inəklərdən biri Bataya qardaşının
niyyətini açır. Bata qaçır, Anubis onu təqib edir. Allahlar Bataya
kömək edir, qardaşlar arasında keçilməz çay yaranır. Ertəsi gün
Bata qardaşına günahsız olduğunu sübut edir və uzaq ölkəyə
yaşamağa gedəcəyini bildirir. Əgər Batanın başına iş gələrsə,
qardaşı bunu qabdan içdiyi suyun köpüklənməsindən biləcəkdi.
Böyük qardaş qayıdır və arvadını öldürür.
Bata uzaq ölkədə (Sidr ağacı dərəsində) evlənir. Ovçuluqla
məşğul olur. Arvadına tövsiyə edir ki, dəniz kənarına getməsin,
çünki dəniz onu uda bilər. Arvad ərinin nəsihətini yaddan
çıxararaq dəniz sahilinə gedir. Dəniz coşur və onu təqib edir. O,
çətinliklə xilas olur, lakin onun saçından bir tük dənizə düşür və
su onu Misir sahilinə gətirir. Dəniz zülfünün xoş ətir iyini firon
Narmerə çatdırır. Ətir iyi fironun dəniz kənarında yuyulan pal-
paltarına keçir. Firon aqilləri toplayır və xoş iyin səbəbini soruşur.
Firona izah edirlər ki, xoş iy sidr dərəsində yaşayan ilahə qadının
zülfündən gəlir. Firon uzaq ölkəyə qoşun göndərir, ilahə arvadı
tapdırır. Arvad Batanın həyat sirrini onlara acır və içərisində
______________Milli Kitabxana_____________
54
Batanın canı olan sidr ağacını kəsdirir. Bata vəfat edir.
Anubis Sidr dərəsinə gəlir, sidr ağacının gülləri içərisində
Batanın ürəyini tapır və onu həyata qaytarır. Hər ikisi Misirə
qayıdır. Bata arvadını tapıb cəzalandırır, çünki o, Batanın canını
saxlayan sidr ağacını kəsməyi məsləhət görmüşdü. Firon öləndən
sonra Bata hökmdar olur. Nağıl xeyrin şər üzərində qələbəsi ilə
qurtarır. Burada ölən və dirilən allah mövzusu da öz əksini
tapmışdır.
"Düz və əyri barədə" nağılın da qəhrəmanları iki qardaşdır.
Kiçik qardaş böyük qardaşın paxıllığını çəkir. Qardaşlar arasında
mübahisə başlayır. Kiçik qardaş şərt kəsir ki, əgər mübahisəni
udsa, böyük qardaşın gözlərini çıxaracaqdır. Kiçik qardaş
mübahisəni udur, qardaşının gözlərini çıxarır və əmlakına sahib
olur. Bir müddət sonra qardaşının iki quluna əmr edir ki, koru
aparıb öldürsünlər. Onu səhraya aparırlar. Yazıqları gəlir, orada
qoyub qayıdırlar. Bir neçə ovçu nnu səhrada görür, evdə həmin
korun gözəlliyi barədə bacılarına danışırlar. Bacı koru görmək
istəyir, onu gətirirlər. Qız ona vurulur. Onu dalandar vəzifəsinə
təyin edir. Sonra gizlicə ona arvad olur. Onların oğlu olur,
böyüyür. Yoldaşlarından müdrikliyi və biliyi ilə fərqlənir.
Yaşıdları onun paxıllığını çəkirlər. Sataşmaq məqsədilə onun
atasının kim olduğunu soruşurlar. Uşaq bunu anasından bilmək
istəyir. Oğul atasının başına gələn hadisəni öyrənir və uzun
əhvalatlardan sonra əmisini cəzalandıraraq atasının əmlakını
qaytarır.
Bu nağıl mövzuları şərq xalqları ədəbiyyatında indi də
yaşayır. Qədim Misir nağılları "Min bir gecə" nağıl silsiləsinin
yaranmasına təsir göstərmişdi.
Qədim misirlilər təbiətdə və insan həyatında baş verən
hadisələri dini ideologiya əsasında izah edirdilər. Bunların
içərisində "Osiris haqqında" əfsanə geniş yayılmışdı. Osiris ölən
və dirilən təbiət allahı hesab olunurdu. Qardaşı Set onu
qəddarcasına öldürür. Osirisin arvadı İsida və bacısı Neftida
allahlardan kömək diləyirlər, Osirisi tapıb dirildirlər. İsidanın oğlu
olur. Adını Qor qoyurlar. Qor Setdən atasının intiqamını alır,
allahlar hakimiyyəti ona verirlər.
______________Milli Kitabxana_____________
55
Misirdə də dünyanın əmələ gəlməsi haqda əfsanə vardı.
Günəş allahı Ra dünyanı xəlq edən hesab edilirdi. O, səmanı, yeri,
bitkiləri, heyvanları, quş və balıqları sudan yaratmışdı. Bu
təsəvvürlərin bəziləri qədim yəhudilərin dini dünyagörüşünə də
təsir göstərmişdi.
Misirin qonşu ölkələr ilə iqtisadi və mədəni əlaqələri bədii
ədəbiyyatın yeni janrında - səyahətlərin təsvirində öz əksini
tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl”
rəvayətini misal göstərmək olar. Firon öz məmurunu Punta
göndərir. Gəmi qəzaya uğrayır və dənizçi sirli adaya düşür.
Adanın hökmdarı xeyirxah ilan surətində ona qonaqpərvərlik
göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır.
“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan
Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs edilir. Əsərdə
Sinuxetin yolda çəkdiyi
əzab-əziyyətdən, Suriyada
varlanmasından, vətən həsrətindən əzab çəkməsindən danışılır.
Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına
baxmayaraq, Sinuxet vətən həsrəti ilə yanırdı, doğma yurduna
qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o,
Misirə qayıdır.
Nəsihət xüsusiyyətli əsərlər əsasən Orta və Yeni səltənət
dövründə yaranır. Nəsihətlər mövcud olan dövlət və ictimai
quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı
təbəqələrə münasibət, dövlət idarəetmə qaydaları, mirzəlik
sənətinin üstünlüyü, xalq üsyanlarının acı nəticələri və s. əks
olunmuşdur. Nəsihət səpkili əsərlərdən "Ptaxotepin nəsihəti",
"Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti", "I
Amenexetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin
nəsihəti", "Nefertitinin nəsihəti"ni göstərmək olar.
Axtoyun oğlu Merikara nəsihəti aşağı təbəqələrə, yoxsullara
və onların sırasından çıxan fərasətli və müdrik adamlara
münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq
olmağı, fərasətliləri əzməyi oğluna tövsiyə edir. Burada dövlətin
idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu Axtoyun
nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və
mirzəlik peşəsinin daha üstün və şərəfli olması qeyd olunur.
Dostları ilə paylaş: |