31
tənzimlənməsi mexanizmində əsas yeri tutur. Hüquqi gücünə görə bu qanunlar yalnız Konstitusiyadan geri qalır
və bütün gömrük qanunvericiliyinin hüquqi bazası hesab edilir.
Bu gömrük qanunlarının ayrı-ayrı hüquqi normaları, Azərbaycan Respublikası Milli
Məclisi tərəfindən
qəbul olunan qanunlar Milli Məclisin qərarı ilə və ya Azərbaycan Respublikasının prezidenti tərəfindən
fərmanla təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayır. Belə ki, Milli Məclis tərəfindən 20 iyun 1995-ci
ildə qəbul olunmuş “Gömrük tarifi haqqında” Qanun Azərbaycan Respublikası Milli Məclisinin 1064 saylı
qərarı ilə, 10 iyun 1997-ci ildə Milli Məclisdə qəbul olunmuş Gömrük Məcəlləsi isə Azərbaycan Respublikası
prezidentinin 25 iyul 1997-ci il 616 saylı Fərmanı ilə təsdiq olunduqdan sonra hüquqi qüvvəyə malik olmuşdur.
Bəzi gömrük-hüquq normaları digər qanunvericilik aktlarında da öz əksini tapa bilər. Məsələn,
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” (1999-cu ildə qəbul olunub) Qanunun 5-ci maddəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın siyahısına, həmin qanunun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin 11.XI.1999-cu il tarixli 206 saylı Fərmanının ikinci bəndinin
üçüncü hissəsinə görə, Dövlət Gömrük Komitəsi də daxil edilmişdir. Bu qanuna və Gömrük Məcəlləsinə əsasən
gömrük orqanları müxtəlif əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olurlar.
Gömrük qanunvericiliyi çoxşaxəli və kompleks xarakterli olduğuna görə, hüququn digər sahələrinin
ayrı-ayrı normalarından da istifadə edir. Belə ki, qaçaqmalçılıq, Azərbaycan Respublikasının və xarici ölkələrin
incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmamaq,
gömrük
ödənişlərindən yayınmaq kimi hallar Cinayət Məcəlləsinin, gömrük daşıyıcının xidmətindən istifadə edərkən
tərəflərin hüquq və vəzifələri, malın gömrük anbarında və müvəqqəti saxlanc yerlərində saxlanması ilə bağlı
məsələlər Mülki Məcəllənin, gömrük qaydalarının pozulması ilə bağlı məsələlər İnzibati Xətalar və Mülki-
Prosessual Məcəlləsinin və hüquqi normaları ilə tənzimlənir.
Gömrük-hüquq tənzimlənməsinin mexanizmində qanunaltı aktlar mühüm rol oynayır. Qanunaltı aktlar,
qanunlardan yararlanmaq və onları inkişaf etdirmək üçün istifadə olunur və bu aktlar qanunlardan kənara
çıxmamalıdır. Bu cür aktlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, qeydiyyat
nömrəsi almaqla təşkilati-hüquqi cəhətdən zəmanət qazanır. Əks halda həmin aktların hüquqi gücü olmur.
Öz kəmiyyət parametrlərinə görə qanunaltı aktlar gömrük hüququnun daha
çoxnövlü mənbələri hesab
olunur. Bunun əsas səbəbi gömrük qanunlarının mətnlərində daha çox anonim (adsız) istinadların olmasıdır.
Məsələn, “vicdanlı deklarant”, “həyatı vacib maraqlar” və s.
Gömrük münasibətlərini tənzimləyən qanunaltı aktlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası prezidentinin fərmanları. Ölkə başçısının normayaradıcı fəaliyyətinin
aktivliyi əsasən Gömrük Məcəlləsi qəbul edilən vaxtadək təsadüf edir. Həmin vaxtlarda prezident
fərmanları gömrük münasibətlərinin əsas hüquqi tənzimləyicisi kimi yerinə yetirilirdi.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları. Bu qərarlarla daha çox gömrük
siyasətinin və gömrük hüququnun əsas məsələləri tənzimlənir. Məsələn, “Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13.VII.2000-ci il tarixli 124 saylı qərarı; “Azərbaycan Respublikası
idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.IV.2001-ci il tarixli 80
saylı qərarı və s.
3. Dövlət Gömrük Komitəsinin normativ aktları.
Gömrük Məcəlləsinə görə DGK öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının bütün başqa
dövlət orqanları, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar,
habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan normativ aktlar qəbul edir.
Bu normativ aktlar
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Ümumi xarakterli normativ aktlar isə, onların özlərində ayrı müddət nəzərdə tutulmamışdırsa, dərc
olunandan on gün sonra qüvvəyə minir.
DGK-nin verdiyi normativ təlimatlar və əmrlər də gömrük hüququnun mənbələrinə aid edilir. Bundan
başqa, komitənin rəhbərliyi gömrük orqanlarına göstəriş və məktublar da göndərə bilər. Bu sənədlərin
əvvəlkilərdən fərqi isə ondan ibarətdir ki, onlarda bu və ya digər normativ aktın tətbiqi qaydaları haqqında
izahat verilir və heç bir yeni gömrük hüquq norması nəzərdə tutulmur.
Dövlət suverenliyi, hər bir dövlətə öz gömrük məsələlərini birtərəfli qaydada daxili qanunvericiliklə
tənzimləməyə imkan verir. Eyni zamanda gömrük siyasətinin beynəlxalq mahiyyəti,
gömrük məsələlərini
müqavilələrlə tənzimləmənin predmeti edir. Əgər dövlət gömrük məsələlərinin həllində digər ölkələrin
maraqlarını nəzərə almırsa və ya yürütdüyü gömrük siyasəti bu ölkələrə ziyan vurursa, bu bütünlükdə xarici
iqtisadi əlaqələri və beynəlxalq münasibətləri gərginləşdirər, nəticədə isə
“gömrük müharibəsi” yarana bilər.
Gömrük işi sahəsində beynəlxalq-hüquqi əməkdaşlığı vacib edən əsas məsələlər müasir gömrük tariflərinin
mürəkkəbliyi və beynəlxalq ticarətin inkişafına maneçilik törədən çoxsaylı yozucu gömrük formalizmidir.
32
Beynəlxalq ticarət dövriyyəsinin inkişafı, turist mübadiləsi, humanitar əlaqələr
gömrük siyasətinin əsas
istiqamətlərinin və müxtəlif dövlətlərin eyni tipli normativ aktlarının koordinasiyasını nəzərdə tutan gömrük
qanunvericiliyinin eyniləşdirilməsini vacib edir. Milli normaların unifikasiyası beynəlxalq hüquq prinsipləri və
hökumətlərarası müqavilələrdən irəli gələn normalara əsaslanır. Milli gömrük-hüquq sisteminin eyniləşdirilməsi
beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi və inteqrasiya proseslərinin dərinləşməsi üçün əlverişli şərait
yaradır.
Gömrük qaydalarının əsas eyniləşdirmə vasitələri beynəlxalq müqavilələrin və ixtisaslaşmış beynəlxalq
təşkilatların tövsiyələridir.
Gömrük sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq ilk növbədə-poçt göndərişlərinə nəzarəti; dəniz,
dəmiryolu, hava, avtomobil yolları ilə və qarışıq daşımalarda gömrük qaydalarının eyniləşdirilməsini; daimi
yaşamaq üçün başqa ölkələrə gedən şəxslərin hüquqi statusunu; sərnişinlərdən ayrı gedən
müşayiət olunmayan
baqajın gömrük rejimini əhatə edir.
Azərbaycan Respublikasının gömrük sahəsində beynəlxalq hüquqi əməkdaşlığı əsasən 4 istiqamətdə
inkişaf edir:
1) Beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıq;
2) Müstəqil Dövlətlər Birliyinin gömrük rəhbərləri şurası çərçivəsində əməkdaşlıq;
3) İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq;
4) Ayrı-ayrı dövlətlərin gömrük orqanları ilə ikitərəfli münasibətlər əsasında əməkdaşlıq.
Gömrük sahəsində tətbiq edilən normativ aktlara ilkin nəzarət daxili qanunvericiliyin qüvvədə olan
beynəlxalq müqavilələrin müddəalarına uyğunsuzluq hallarını istisna etməyə imkan verir.
Gömrük Məcəlləsinin 6-cı maddəsinə görə Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində
müəyyən edilən qaydalar bu məcəllə və gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, onda dövlətlərarası müqavilələrin qaydaları tətbiq edilir.
Gömrük qanunvericiliyinin zaman və məkana görə qüvvəsi. Gömrük işi sahəsində tənzimləmə
münasibətlərinin beynəlxalq təcrübədə qəbul edilmiş qaydalarına görə, gömrük orqanı tərəfindən gömrük
bəyannaməsinin və digər sənədlərin qəbul edildiyi gün qüvvədə olan qanunvericilik aktları tətbiq edilir.
Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən qeyri-qanuni keçirilməsi halları müəyyən
edildikdə meydana çıxan münasibətlərin tənzimlənməsi üçün mal və nəqliyyat vasitələrinin
gömrük sərhədindən
faktiki keçirildiyi gün qüvvədə olan qanunvericilik aktları tətbiq edilir.
Gömrük xidməti - ümumi halda, gömrük orqanlarında dövlət xidmətinin təşkil edilməsini ifadə edir.
Bu barədə sonra ətraflı məlumat verdiyimizə görə, indi şərhə ehtiyac görmürük.
Gömrük rəsmiləşdirilməsi - Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların
və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi ardıcıllığı və bu rejimin fəaliyyətinin
başa çatmasıdır. Gömrük rəsmiləşdirilməsi barədə 8-ci mövzuda bütün məsələlərin şərhi verilmişdir.
Gömrük ödənişləri - müəyyən olunmuş qaydada gömrük orqanları tərəfindən alınan gömrük rüsumları,
vergilər, gömrük yığımları, haqqlar və digər ödənişlərdir (bax. 10-cu mövzu).
Gömrük rüsumları - gömrük orqanları tərəfindən gömrük ərazisinə malların idxalı və ixracı zamanı
alınan ödənişlərdir (bax. 10-cu mövzu).
Gömrük nəzarəti - gömrük işi haqqında qanunvericiliyə əməl etmək və icrasına nəzarət gömrük
orqanlarına həvalə edilmiş məsələləri təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusudur (bax 6-cı
mövzu).
Gömrük rejimi - gömrük məqsədləri üçün gömrük sərhəddindən keçirilən malların
və nəqliyyat
vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusudur (bax 7-ci mövzu).
Gömrük orqanları - Azərbaycan Respublikasında gömrük işini bilavasitə həyata keçirən icra
hakimiyyəti – hüquq-mühafizə orqanıdır.
Bütün gömrük tədbirlərinin (gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti
və s.) həyata keçirilməsi üçün xüsusi gömrük orqanları yaradılır.
Gömrük orqanları hüquq-mühafizə orqanı olub vahid sistem təşkil edir. Bu sistemə aşağıdakılar
daxildir:
- DGK
- məhəlli, ixtisaslaşmış idarələr
- gömrükxanalar
- gömrük postları
Gömrük orqanları digər dövlət orqanları, müəssisələr, qurumlar, təşkilatlar və vətəndaşlarla qarşılıqlı
münasibətlər qurur. Bəzi hallarda qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş
məsələlərin digər orqanlar və müəssisələr tərəfindən yerinə yetirilməsinə yol verilir. Bu zaman gömrük orqanları
həmin fəaliyyətə nəzarət etmək hüququna malikdir (məsələn, şəxsi (fərdi) müvəqqəti saxlanc anbarının sahibi,
gömrük daşıyıcısı və s.).