Qədim əkinçilər
Tarixdə Eneolitdən sonra gələn dövr Tunc dövrü adlanır. Bu dövr eradan
əvvəl lV minilliyin sonu - lll minilliyin əvvəllərindən başlayaraq eradan əvvəl ll
minilliyin əvvəllərinədək davam edir. Misin qalay və ya sürmə ilə qarışığından
alınan tunc daha möhkəm və əlverişli metal olduğundan insan fəaliyyətinin bütün
sahələrinə yaramışdır. Ondan müxtəlif növ silahlar, əmək alətləri, məişət
avadanlığı, bəzək əşyaları və sairə hazırlanmışdır. Arxeoloji tədqiqatlar
göstərmişdir ki, Azərbaycan ərazisi Tunc dövrü abidələri ilə zəngindir.
Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Həmin
mərhələlər şərti olaraq ilk, orta və son Tunc dövrləri adlanırlar. Bu mədəniyyətin
əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır.
Kür-Araz mədəniyyətinə uyğun gələn ilk Tunc dövrü Azərbaycanda
eradan əvvəl lV minilliyin ikinci yarısından lll minilliyin sonuna qədərki dövrü
əhatə edir. Ölkəmizin bu dövrə aid Babadərviş, Göytəpə, Qarahacılı, Ağtəpə,
Üçoğlan, Cüttəpə, Dəyirmanyeri, Mişarçay, Qaraköməktəpə, Günəştəpə, Xantəpə,
Kültəpə, Sərkərtəpə və sairə kimi yaşayış məskənləri bir qayda olaraq çay
kənarında, bulaqların yaxınlığında, başqa sözlə, yaşayış və təsərrüfat üçün əlverişli
sahələrdə, strateji baxımdan yaxşı mühafizə edilən təbii təpə üzərində salınırdı.
Füzuli rayonu ərazisindəki Qaraköməktəpə, Təbriz yaxınlığındakı Yanıqtəpə,
Urmiya ətrafındakı Göytəpə kimi bəzi yaşayış məskənləri qalın müdafiə divarı ilə
əhatə edilmişdi.
Bu dövrün Cüttəpə, Üçoğlan, Qarahacılı, Qaraköməktəpə, Qobustandakı
―Dairə‖ və sairə kimi bəzi yaşayış məskənləri əvvəllər yaşayış olmayan sahələrdə,
Kültəpə, Babadərviş, Yanıqtəpə, Göytəpə və sairə kimi məskənlər isə Eneolit
dövrü kəndlərinin yerində yaranmışdı. Bu məskənlərdə bir neçə tarixi dövrün
izləri qalmışdır.
Tanınmış arxeoloq alim Rəşid Göyüşovun yazdığına görə, İlk Tunc dövrü
tuncun kəşfi ilə başlanır. Bu dövr üçün başlıca xarakterik xüsusiyyətlərindən biri
həmin dövr mədəniyyətinin ümumi Qafqaz miqyasında eyniliyidir. Azərbaycanda
ilk Tunc dövrü abidələri elmi ədəbiyyatda ―Kür – Araz mədəniyyəti‖ adı ilə
məşhurdur.
Hazırda müəyyən olunmuşdur ki, ilk Tunc dövrünə aid Kür – Araz
mədəniyyəti üçün xarakterik olan abidələrin yayılma ərazisi olduqca genişdir.
Tədqiqatçılar Kür – Araz mədəniyyətinin izlərinə bütün Qafqazda, İranın şimal –
qərbində (Güney Azərbaycanda və bugünkü İranın ona bitişik ərazilərində), Şərqi
Anadoluda, Dağıstanda, Çeçen – İnquşetiyada və b. yerlərdə təsadüf etmişlər.
Alim yazır ki, həmin dövrü səciyyələndirən abidələrin yayılma arealı və
onların sıxlığı haqlı olaraq belə nəticəyə gəlməyə imkan verir ki, ilk Tunc
dövründə Azərbaycan ərazisində əhalinin sayı xeyli artmışdı. Bu dövr, başlıca
olaraq, məişət abidələri – yaşayış məskənləri vasitəsilə izlənməkdədir. Naxçıvanda
l Kültəpənin ll təbəqəsi, ll Kültəpənin alt təbəqəsi, Babadərviş yaşayış yerinin üst
qatı, Mingəçevir abidələri kompleksinin ilk dövrü, Kültəpə, Meynətəpə, Uzuntəpə
və digr abidələr Kür – Araz mədəniyyətini səciyyələndirən maddi – mədəniyyət
qalıqları ilə olduqca zəngindir. Bu mədəniyyətin izlərinə Qobustan abidələri
kompleksində də təsadüf olunmuşdur. Göstərilən abidələrdə aparılmış arxeoloji
qazıntılar, həmin dövrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsini, yaşayış
məskənlərinin xarakterik cəhətlərini, İlk Tunc dövrü üçün səciyyəvi olan bir sıra
adət - ənənələri, həmçinin Kür – Araz mədəniyyəti sakinlərinin həyatında baş
vermiş digər iqtisadi, ictimai və ideoloji dəyişiklikləri üzə çıxarmışdır.
Tunc dövrünün Azərbaycan türklərinin həyatına daxil etdiyi ən önəmli
yeniliklərdən biri əkinçilikdə kotandan, öküzdən və qoşqu alətlərindən istifadə
edilməsi idi. Q. Cavadovun apardığı tədqiqatlar qara kotanın Qafqaz mənşəli şum
aləti olduğunu təsdiq edir. Bu şum aləti Qafqaz xalqlarının çoxunda olub,
azərbaycanlılarda ―kotan‖, ləzgilərdə və Şahdağ qrupu xalqlarında ―kutan‖,
gürcülərdə ―qutani‖, çeçenlərdə ―quton‖, avarlarda ―kutan‖, balkarlarda ―qotan‖,
darginlərdə ―qutan‖, udunlərdə ―kotan‖, osetinlərdə ―quton // qoton‖, farslarda
―qutan‖ adlandırılır.
Azərbaycanın əksər etnoqrafik zonalarında yayılan bu alət əhali arasında
―qara kotan‖ ad ilə tanınmaqdadır. Bu söz birləşməsi Azərbaycan folklorunda da
özünə möhkəm yer etmişdir:
“Qara kotan ağırdır,
Öküzlərin yağırdır.
Qarmax tellim çəkməyir,
Xınalım da sağırdır”.