Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

– Harri, yaxşısı budur, mən birbaşa operaya gəlim, orada görüşək. İndi çox 
yorulmuşam. Yemək istəmirəm. Sizin bacınızın lojasının nömrəsi neçədir? 
– Gərək ki, iyirmi yeddi. İkinci mərtəbədədir. Qapının üstündə bacımın soyadı 
yazılıb. Mənimlə gəlmədiyinizə və nahar etməməyinizə təəssüflənirəm... 
– Vallah, yorulmuşam, Harri... Sizə hədsiz minnətdaram. Hər şeyə görə. 
Söylədiklərinizə görə... İndi bilirəm ki, əsl dostum sizsiniz. Məni sizin kimi başa 
düşən yoxdur. 
– Bu, bizim dostluğumuzun hələ başlanğıcıdır, Dorian, – lord Henri dostunun 
əlini sıxaraq cavab verdi. – Hələlik, görüşənədək. Ümidvaram ki, onun yarısına 
kimi görüşəcəyik. Unutmayın, Patti oxuyur.... 
Lord Henri çıxandan sonra Dorian zəngi basıb Viktoru çağırdı. Viktor lampaları 
gətirdi və pərdələri endirdi. Dorian səbirsizliklə Viktorun otaqdan çıxmasını 
gözlədi. Ona elə gəlirdi ki, xidmətçi bu gün daha çox eşələnir. 
Viktor gedən kimi o, ekranı portretin qabağından çəkdi. Yox! Portretdə heç bir 
yeni dəyişiklik baş verməmişdi! Görünür, Sibil Veynin ölümü barədə xəbər 
portretə daha öncə çatmışdı, Dorianın özündən qabaq! Bu portret onun həyatının 
bütün olaylarından, onlar baş verəndən dərhal sonra xəbər tutur. Görünür, o 
məşum ağız büküşləri də o zaman peyda olmuşdu ki, Sibil Veyn həmin vaxt zəhər 
içirmiş! Ya da, bəlkə də, portretdə canlı Dorian Qreyin törətdiyi əməllər yox, 
onun qəlbində və ruhunda baş verən dəyişikliklər əks olunur? Bütün bunları 
götür-qoy edən Dorian öz-özünə düşünürdü: birdən gözəl günlərin birində portret 
onun gözləri qarşısındaca dəyişdi, onda nə olar? Dorian bunu həm istəyir, həm də 
bu barədə düşünməkdən belə qorxurdu. 
Zavallı Sibil! Bu nə sevgi hekayəti idi baş verdi?! O, tez-tez səhnədə ölürdü, 
ölümü səhnədə yaşayırdı! İndi isə ölüm özü gəlib onu apardı! Sonuncu tamaşada 
o necə də pis oynadı?! Görəsən, Sibil ölərkən ona lənətlər yağdırıbmı? Yox, ola 
bilməz! Sibil Doriana olan məhəbbətinə görə getdi bu dünyadan! Bəli, sevgidən 
ötrü getdi! Və bundan sonra Sevgi onun üçün ən müqəddəs sayılacaq. Sibil ondan 
ötrü həyatını qurban verdi və bununla da hər şeyi özüylə yuyub-apardı. Dorian bir 
daha ogecəki teatr oyununu xatırlamayacaq, ogecəki oyundan aldığı sarsıntılı 
təəssüratları, peşmançılıq hisslərini unudacaq. Sibil onun xatirəsində faciəli rolları 
məharətlə oynayan ən parlaq aktrisa kimi qalacaq, unudulmaz faciə obrazı kimi 
qalacaq! O qız həyat səhnəsinə bir məlaikə kimi göndərilmişdi ki, dünyaya ali 
Sevginin var olduğunu göstərsin. Heyrətamiz faciə obrazı!? Sibilin məsum 
çöhrəsi, məftunedici çevikliyi və  utancaq məlahəti yadına düşdükcə Dorianın 
gözlərindən yaş axmağa başladı. O, tələsik göz yaşlarını sildi və yenidən portretə 
baxmağa başladı. 
O düşünürdü ki, seçim etməyin vaxtı gəlib çatmışdır. Bəlkə, elə seçim çoxdan 
edilib? Bəli, həyat özü onun əvəzinə seçim edib; həyat və onun həyata sonsuz 
marağı edib bunu! Əbədi cavanlıq, sönməz ehtiras, incə və qadağan olunmuş 


həzzlər, xoşbəxtlik coşqusu, bundan da azğın günah dəlilikləri – bütün bunlara 
yiyələnəcək,  bütün bunları o yaşamalıdır! Qoy portret də onun eyiblərinin
rüsvayçılıqlarının yükünü daşısın! Vəssalam! 
Birdən düşünəndə ki portretdəki o gözəl üz eybəcər hala düşəcək, ürəyində ağrı 
hiss etdi. Haçansa o, gicbəsərlik edərək Narsisə bənzəmək üçün portreti öpmüşdü, 
kətan parçada təsvir olunan o gözəl dodaqları öpmüşdü; o dodaqları ki, indi onlar 
zalımcasına büküşüb eybəcər hala düşərək ona yanğı verir. O, hər səhər uzun 
müddət portretin qarşısında dayanır, ondan zövq alırdı. Hərdən hiss edirdi ki, 
portretə, deyəsən, vurulub. Görəsən, doğrudanmı Dorianın hər bir hərəkəti, hər bir 
zəif cəhəti indi bu portretdə əks olunacaq? Doğrudanmı, o portret eybəcər və 
qorxunc bir rəsmə dönəcək və onu günəş işığı düşməyən zirzəmidə ağzını 
qıfıllayıb həmişəlik gizlətməli olacaq? Çox təəssüf! Çox heyif! 
Dorian bir anlıq istədi ki, dua etsin; dua etsin ki, onunla portret arasında mövcud 
olan fövqəltəbii əlaqə qırılsın. Portretdəki dəyişiklik ona görə yaranmışdı ki, o 
özü nə vaxtsa bunu arzulamışdı. Bəlkə, dua edib Allaha yalvarandan sonra portret 
daha eybəcər hala düşməyəcək? Məgər insan, həyatı hələ əməlli-başlı dərk 
etməyən bir adam daim cavan qalmaq imkanından imtina edərmi? Qoy bu imkan 
fantastik olsun lap, qoy lap təhlükəli nəticələri olsun bu imkanın! Bundan başqa, 
axı bu imkan onun əlində idimi? Doğrudanmı, portreti onun istək və duaları 
dəyişdirib? Bəlkə, elə bu dəyişiklik elmin sirli qanunları ilə tənzimlənir? Əgər 
fikir canlı orqanizmə təsir etmək gücünə malikdirsə, ola bilsin ki, elə ölülərə də, 
cansız əşyalara da təsir etməyə qadirdir! Bundan başqa, bizim fikirlərimiz və 
düşüncələrimizin, şüurlu istəklərimizin təsiri olmadan bizdən kənardakı qüvvələr 
hisslərimizlə, əhvali-ruhiyyəmizlə bərabər, səs-səsə verə bilməzlərmi? Axı 
hansısa gizli bir sevginin, qəribə cazibə qüvvəsinin təsiri altında atom atoma can 
atır? Bir sözlə, indi səbəb axtarmaq da vacib deyil. O, bir daha heç vaxt hansısa 
kənar qüvvələri, fövqəltəbii qorxunc qüvvələri köməyə çağırmayacaq. Qoy portret 
dəyişsin, əgər onun nəsibi dəyişməkdirsə, qoy belə olsun! Vəssalam! Buna dərin 
bir məna verməyə də lüzum yoxdur! 
Lakin bu prosesi müşahidə etməyin özü əsl ləzzətdir! Portret onun ən məhrəmani 
niyyətlərini öyrənmək üçün Dorianın özünə imkan verəcək. Portret onun üçün 
sehrli güzgü olacaq. Bu güzgüdə o, nə vaxtsa özünün əsl sifətini görmüşdü; indi 
isə bu güzgü onun qəlbinin içini də göstərəcək! Və kətan üzərindəki Dorian üçün 
qış gələndə canlı Dorian ətirli, gözəl yaz-yay fəsilləri ilə nəşələnəcək. Portretin 
üzündəki rənglər solub gedəndə və o, qalaylanmış gözləri ilə birlikdə ağ tabaşirli 
ölü maskası kimi olanda canlı Dorianın üzü gəncliyin bütün təravətini qoruyub 
saxlayacaq. Onun füsunkarlıq rəngi solmayacaq, onun həyat nəbzi daim güclü 
döyünəcək! Qədim yunan allahları kimi o da əbədi güclü, çevik və həyatsevər 
olacaq. Onun portretinin dəyişməyinin nə əhəmiyyəti var axı? Onun özünə ki heç 
nə olmayacaq, o, daim cavan qalacaq; bu daha vacib deyilmi? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə