Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

hakimlik edirdiniz. Nəhayət, ağlıma yeni bir ideya girdi. Mən sizi yaraşıqlı yaraq-
əsləhədə Paris kimi çəkmişdim; mən sizi Adonis kimi ovçu geyimində, əlində 
işıldayan nizəylə təsvir etmişdim; daha sonra sizi imperator Adrianın gəmisində 
oturan yerdə, Nil çayının bulanıq yaşıl dalğalarını seyr edərkən çəkmişdim; 
şəkillərimin birində siz Qədim Yunanıstan meşələrinin birində yerləşən sakit gölə 
baxırsınız və  onun sakit axan gümüşü sularında öz gözəl əksinizi görüb 
fərəhlənirsiniz. Bu obrazlar fəhmlə yaradılmışdı və bunu bizim sənət tələb edirdi; 
bu obrazlar ideal obrazlar idi, real görünmürdü. Lakin gözəl günlərin birində – 
mən hərdən bu günə taleyin yazdığı gün deyirəm – mən sizin canlı portretinizi 
yaratmağı qərara aldım; necə varsınız elə, yəni keçmiş dövrlərin geyimində yox, 
adi bugünkü gündəlik kostyumda, müasir şəraitdə... və budur... bilmirəm burada 
hansı qüvvə rol oynadı – realizm metodumu, ya sizin o füsunkar surətinizin canlı 
olaraq qarşımda maskasız-filansız durmasımı – deyə bilmərəm. Bircə bunu 
bilirəm ki, mən bu portret üzərində işləyəndə elə bilirdim ki, hər rəng, hər cizgi, 
fırçamın kətana toxunuşundan qopan hər bir səs mənim sirrimi faş edir. Mən 
qorxurdum ki, adamlar portreti görən kimi sizi necə ilahiləşdirdiyimi biləcəklər, 
Dorian. Hiss edirdim ki, bu portretdə çox şey demişəm, bu portretə canımı 
qoyuram. Bax onda qərara gəldim ki, onu heç vaxt sərgiyə göndərməyim. Siz 
inciyirdiniz, acıqlanırdınız bir qədər, amma bunun mənim üçün nə demək 
olduğunu, səbəblərin mənim üçün nə qədər ciddi olduğunu anlamırdınız. Mən 
bunları Harriyə danışanda o, mənə güldü. Əlbəttə, bu, mənim vecimə də deyildi. 
Portreti çəkib qurtarandan sonra studiyada onunla üzbəüz oturdum, rəsmə 
baxarkən hiss etdim ki, mən səhv etməmişəm... Bir neçə gündən sonra isə portreti 
studiyadan apardılar. Və mən o əsərin dözülməz gözəllik cazibəsindən 
qurtulandan sonra mənə elə gəldi ki, rəsmdə gördüklərimin hamısı yalnız mənim 
təxəyyülümün məhsuludur; adamlar portretdə yalnız sizin heyrətamiz 
gözəlliyinizi və rəssamın istedadını görəcəklər, başqa heç nə! Hətta indi də mənə 
elə gəlir ki,  rəssamın hiss və həyəcanlarının onun əsərlərində əks olunması fikri 
yanlışdır. Sənət düşündüyümüzdən də abstrakt bir şeydir. Forma və rənglər bizə 
yalnız forma və rənglərdən danışır, başqa heç nədən xəbər vermir. Çox vaxt mənə 
elə gəlir ki, sənət rəssamı meydana çıxarmaqdan daha çox, onu gizlədir. Məhz 
buna görə də Parisdən dəvət alanda qərara aldım ki, sizin portretiniz mənim 
sərgim üçün bir şah əsəri olsun. Heç vaxt düşünməzdim ki, siz bundan imtina 
edərsiniz. İndi isə görürəm ki, siz düz deyirsiniz. O portret sərgilənə bilməz. 
Mənə acığınız tutmasın, Dorian. Sizə məftun olmamaq olmur, siz bunun üçün 
yaranmısınız. O vaxt mən Harriyə də elə bunu demişdim. 
Dorian Qrey uzun, rahat bir nəfəs aldı. Rəng-ruyu özünə gəldi, dodaqlarına zərif 
təbəssüm qondu. Təhlükə sovuşmuşdu. İndiki halda onu heç bir şey qorxutmurdu. 
Dorianın rəssama qeyri-ixtiyari yazığı gəldi; o, bu gün qəribə etiraflar edirdi; 
fikirləşirdi ki, görəsən, o, Dorian, özü də haçansa kiməsə məftun ola bilərmi, onun 


qəlbinə kim hökm edə bilər? Lord Henri onu cəzb edir, lakin onun cazibədarlığı 
təhlükədir başdan-ayağa... Lord Henri həddən artıq ağıllıdır və çox abırsız 
adamdır; o, sevilmək üçün yararlı deyil. Görəsən, Dorianın da nə vaxtsa pərəstiş 
etdiyi adam olacaqmı? Görəsən, tale ona hansı nəsibi yazıb? O, bu həyəcanları da 
yaşaya biləcəkmi? 
– Dorian, – Holvard dedi, – doğrusu, portretdəki dəyişikliklərin baş verməsini 
görməyiniz mənə çox qəribə gəldi. Doğrudanmı, siz bunu görürsünüz? 
– Hə, mən orada nəsə gördüm, – oğlan cavab verdi. – Gördüyüm şeylər məni çox 
heyrətləndirdi... 
– Onda icazə versəniz, mən də bir baxardım... 
Dorian başını buladı. 
– Bazil, məndən xahiş etməyin... Yox, yox... Siz ona heç yaxın gələ bilməzsiniz! 
– Nə olar, bir vaxt gələr, baxaram... 
– Heç vaxt! 
– Bəlkə də, siz haqlısınız! Yaxşı, sağ olun, mən getdim. Siz yeganə adamsınız ki, 
mənim sənətimə həqiqi təsir göstərdiniz. Yaratdığım ən gözəl əsərlərə görə mən 
sizə borcluyam. Ah! Kaş sizə söylədiklərimdən nələr çəkdiyimi biləydiniz! 
– Əzizim Bazil! – Dorian dedi. – Siz mənə nə dediniz ki? Sadəcə, mənə dediniz 
ki, mənimlə fəxr edirsiniz, mənə pərəstiş edirsiniz! Bu heç kompliment də deyil! 
– Mənim sizə heç kompliment demək niyyətim də yox idi! Bu, etiraf idi! Mən 
bunu edəndən sonra, elə bil, nədənsə məhrum oldum. İçimdən nəsə çıxıb getdi. 
Görünür, öz hisslərini heç vaxt gərək sözlə ifadə etməyəsən. 
– Bu etiraflar mənim gözləntilərimi azdırdı... 
– Nə üçün? Siz nə gözləyirdiniz ki, Dorian? Siz portretdə məgər başqa şeylər də 
görmüsünüz? Orada daha nələr ola bilər ki? 
– Heç nə! Orada ayrı heç nə yoxdur... Nə üçün soruşursunuz? Bir də pərəstiş 
sözünü dilinizə gətirməyin. Bu axmaqlıqdır. Biz sizinlə dostuq və həmişə dost 
kimi qalmalıyıq...  
– Axı sizin Harriniz də var... – deyən rəssamın səsindən məyusluq sezildi.  
– Harri! Harri! – oğlan qəfil gülüşlə səsini ucaltdı. – Harri gündüzlər mümkün 
olmayan şeylər danışmaqla məşğul olur; gecələr isə ağlagəlməz işlər görür. Belə 
bir həyat tərzi mənim də xoşuma gəlir. Lakin çətin və ağır dəqiqələrimdə 
inanmıram ki, Harrinin yanına qaçım. Ağrılı anlarımı sizinlə bölüşmək daha 
yaxşıdır.  
– Siz yenə mənim emalatxanama gəlib pozada duracaqsınızmı? 
– Mümkün deyil! 
– İmtina etməklə siz mənim rəssamlıq sənətimi məhv edirsiniz! Dorian, heç kəs 
öz idealına iki dəfə rast gəlmir. Öz idealını bircə dəfə tapanlar da elə çox nadir 
hallarda olur. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə