Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

– Bax bu! – Dorian ekranı portretin qabağından itələyib çəkərək cavab verdi. – 
Örtüyünü çıxarmadan onu yuxarı apara bilərsinizmi? Elə beləcə! Qorxuram cızıla. 
Ona görə örtük çəkmişəm üzünə. 
– Ser, burada çətin bir iş yoxdur, – sex ustası dilləndi və dərhal köməkçisiylə işə 
girişdi; onlar uzun latun zəncirlərdən asılmış portreti açmağa başladılar. – Onu 
hara qoyacağıq, mister Qrey? – usta soruşdu. 
– Mən sizə yolu göstərərəm, mister Habbard. Xahiş edirəm, dalımca gəlin. Yox, 
ya da siz düşün qabağa. Lap yuxarıdadır yeri... çox təəssüf... Biz əsas pilləkənlə 
qalxacağıq, o enlidir. 
Dorian qapıları taybatay açdı; onlar holla girdilər, orada isə pilləkənlə yuxarı 
qalxmağa başladılar. Çərçivənin böyüklüyü portreti yaman ağırlaşdırmışdı; 
Dorian hərdənbir fəhlələrə kömək də edirdi. Mister Habbard isə onun 
zümrəsindən olan bütün adamlara xas yaltaqlıqla buna etiraz edirdi; zadəganlar 
faydalı işlər görə bilməzdilər.   
– Ser, şəkil yaman ağırdır ha! – usta yuxarı mərtəbəyə çatanda alnının tərini sildi. 
– Hə, yaman ağırdır, – Dorian da dodaqucu təsdiq etdi, sonra portretin qoyulacağı 
otağın qapısını açdı.  
Bu otaq onun həyatının bütün sirrini saxlayacaq, onun qəlbini adamların 
gözündən gizlədəcəkdi. Dörd ildən çox idi o, bu otağa girmirdi; balaca olanda 
bura onun otağı olmuşdu; böyüyəndən sonra isə bura oldu dərs otağı. Bu böyük 
və rahat otağı mərhum babası lord Kelso xüsusi olaraq nəvəsi üçün 
düzəltdirmişdi; lakin anasına heyrətamiz dərəcədə oxşadığına, ya hansısa başqa 
səbəblərə görə lord Kelsonun uşağı görməyə gözü yox idi, çalışırdı ki, nəvəsini 
özündən uzaq saxlasın. Dorian gördü ki, o vaxtdan bəri otaqda elə bir dəyişiklik 
baş verməyib; iri italyan sandığı da yerində durub, fantastik şəkildə rənglənmiş 
divarlar, panellər, onların zərli, naxışlanmış qəlibləri hələ də qalır; o, uşaq vaxtı 
çox vaxt bu qəliblərin arxasında gizlənərdi. Qırmızı ağacdan düzəldilmiş kitab 
şkafı da yerindəydi, vərəqləri tökülüb dağılmış dərsliklərlə doluydu; arxa 
tərəfdəki divardan isə hələ də qədim Fələməng xalçası asılmışdı; xalça üzərində 
rəngi çox solmuş kral və kraliça bağda şahmat oynayırdı; təsvirdəki arxa planda 
dəmir əlcəkli əllərində quş tutmuş şahin ovçuları dəstə-dəstə at belində gedirdilər. 
O unudulmaz çağlar necə yadına düşdü! Dorian ətrafa nəzər yetirdikcə yalqız 
uşaqlığının, demək olar ki, hər anı, sanki, geri qayıdırdı. O, məsum uşaqlıq 
çağlarını yadına saldı; pak, təmiz, günahsız çağlar! Birdən ona elə gəldi ki, bu 
eybəcər və məşum portreti bura qoymaq, bu paklıq yuvasında gizlətmək 
qorxuludur. Hələ o, məsum uşaq olanda ağlına belə gəlməzdi ki, onu məhz belə 
bir gələcək gözləyir. Lakin evdə başqa belə bir etibarlı yer yoxdur ki, portreti 
gizlədəsən. Otağın açarı indi ondadır və bundan sonra bu otağa heç kəs girə 
bilməz. Qoy kətan parçadakı şəklin üz-gözü öküz kimi küt, amansız, çirkin və 
eybəcər olsun, cəhənnəmə ki! Onu heç kim görə bilməyəcək! Heç Dorian özü də 


onu görməyəcək. Nəyinə gərək? Öz qəlbinin eybəcər şəkildə belə parçalanıb 
dağılmasına niyə baxsın ki? O, öz gəncliyini qoruyub saxlamışdı; bu kifayətdir, 
ona bu bəs edər! Bundan başqa, məgər o, özünü islah edə bilməzmi? Məgər 
rüsvayçı gələcəkdən qaçmaq olmazmı? Bəlkə, elə onun həyatına böyük bir sevgi 
daxil oldu və onu tamamilə təmizlədi? Bu sevgi onu qəlbində və canında doğulan 
sonrakı günahlarından qoruya bilər; hələ o ağlagəlməz günahlar sirlidir, onların 
şəklini heç kim çəkməyib və bu sehrin özü də onlara qorxunc, məşum füsunkarlıq 
verir. Ola bilsin ki, günlərin bir günü bax bu çəhrayı, həssas ağızdakı dəhşətli 
görünüş itib getsin və o zaman Bazil Holvardın şedevr əsərini də dünyaya 
göstərmək mümkün olsun! 
Yox; bu, mümkün deyil! Kətan parça üzərindəki insan saatbasaat, həftəbəhəftə 
qocalır. Şəkildə günah və eyiblərin sirli əksi ifadə olunsa da, o, yaşın, zamanın 
buraxdığı yaramaz izlərdən yaxa qurtara bilməyəcək. Yaş öz sözünü deyəcək! 
Yanaqları sallanacaq, qırış-qırış olacaq. Onun işığı öləziyən gözlərinin ətrafında 
qara büküşlər yaranacaq, gözlərinin yaraşığını məhv edəcək. Saçları parlaqlığını 
itirəcək, bütün qocalarda olduğu kimi, onun da ağzı daim yarıaçılı qalacaq. 
Bürüşüklü boynu, dərisi altından göyərib görünən damarları, soyuq əlləri, 
bükülmüş beli! Aman Allah! Lap mərhum babası kimi olacaq! Qoca vaxtında 
babası yaman şıltaq, sərt, kobud idi ona qarşı! Eh, gərək portreti gizlətsin! 
Neyləmək olar? 
– Mister Habbard, zəhmət olmasa, bura gətirin, – yorğun-yorğun geriyə boylandı. 
– Sizi yaman gözlətdim, üzr istəyirəm. Fikrə getmişdim, bir anlıq sizi unutdum... 
– Mister Qrey, eyib etməz, bir qədər dincəlmək də bizimçün xoşdur, – sex ustası 
dedi. – Hə, hara dediniz qoyaq bunu, ser? 
– Fərqi yoxdur, qoyun bax bura! Hə, belə. Asmaq lazım deyil. Elə divara 
söykəyin – yetər. Təşəkkürlər. 
– Bu sənət əsərinə baxmaq olarmı, ser? 
Dorian səksəndi. 
– Mister Habbard, bu, sizin üçün maraqlı deyil, – gözlərini ustadan çəkmədən 
bildirdi. Bu anda o düşünürdü ki, əgər usta örtüyü qaldırıb o şəklə baxmağa cürət 
eləsə, onu  tutub yerə yıxacaq. – Sizə daha əziyyət verməyəcəyəm. Çox sağ olun 
ki, özünüz gəldiniz və köməyinizi əsirgəmədiniz. 
– Dəyməz, mister Qrey, dəyməz! Hər zaman xidmətinizdə hazıram, ser! 
Mister Habbard pilləkənləri ağır-ağır endi, köməkçisi də onun dalınca düşdü; 
köməkçi utana-utana boylanıb iftixarla Doriana baxırdı; o, ömründə Dorian kimi 
cazibəli, gözəl adam görməmişdi.  
Aşağıda addım səsləri kəsilən kimi Dorian qapını bağlayıb açarı cibinə qoydu. 
İndi özünü rahat hiss edirdi. Bundan sonra heç kəs bu eybəcər şəkli görməyəcək! 
O, təkcə o, öz eyiblərini və günahlarını görəcək! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə