Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

– Mən demədim ki, xoşuma gəldi. Dedim ki, kitab məni “ovsunlamışdı”. Bunlar 
ayrı-ayrı şeylərdir. 
– Belə de… Siz artıq fərqləri də bilirsiniz? – lord Henri mızıldadı. Onlar yemək 
otağına keçdilər. 
 
ON BİRİNCİ FƏSİL 
 
Dorian Qrey bir neçə il bu kitabın təsirindən qopa bilmədi; daha doğrusu, heç 
buna cəhd də göstərmədi. O, kitabın nəfis şəkildə Parisdə çap olunmuş birinci 
nəşrindən doqquz nüsxə sifariş verdi; onlara müxtəlif rəngli üz çəkdirdi; bu 
rənglər onun əhvali-ruhiyyəsi və artıq, demək olar ki, idarə edə bilmədiyi 
dəyişkən fantaziyalarının şıltaqlıqları ilə harmoniya təşkil etməliydi. 
Kitabın qəhrəmanı romantik hissləri ilə ağlı çox qəribə şəkildə birləşən qəşəng bir 
parisli oğlan idi; o, sanki, Dorianın prototipiydi; və elə bil, ondan çox-çox qabaq 
yazılmış bu kitab onun həyat tarixçəsini təsvir edirdi. Dorian bir məsələdə kitabın 
qəhrəmanından daha xoşbəxt idi: o, gənc parislinin uşaqlıqdan qəflətən itirdiyi 
heyrətamiz gözəlliyinə görə qorxu hissini heç vaxt yaşamamışdı; və o, heç vaxt 
işıldayan və hamar metal güzgülər qabağında özünə baxarkən dəhşətli hallar 
keçirməmişdi. Kitabın sonuncu fəslini Dorian bədxah bir hisslə oxudu; elə bil, bu 
dərdə özünün mübtəla olmadığına daha çox sevinirdi; hər bir həzzdə, demək olar 
ki, hər zaman hansısa əzablı bir fərəh hissi olur. Deməli, həmin fəsildə insanın 
dərdi, kədəri, faciəsi təsvir edilir, bəlkə də, bir qədər pafoslu dillə təsvir edilirdi; 
həmin dərdli insan özgələrdə və ətrafındakı adamlarda ən çox dəyərləndirdiyi şeyi 
əbədi itirmişdi və buna görə əzab çəkirdi.  
Dorian sevinirdi; sevinirdi ki, Bazil Holvardın və onun ətrafında olan adamların 
da heyran olduğu gözəlliyi onu heç vaxt tərk etməyəcəkdi. Hətta Dorian Qrey 
barədə dumanlı şayiələr eşidən adamlar belə (onun şübhəli həyat tərzi barədə 
şayiələr isə, demək olar ki, bütün Londonda gəzib-dolaşırdı və klublarda dedi-
qoduya səbəb olurdu) bu rüsvayçı dedi-qodulara inana bilmirdilər: axı o, elə bir 
insan idi ki, hələ həyatın çirkabına bulaşmamışdı. Ədəbsiz danışan adamlar 
Dorian Qreyi görən kimi səslərini kəsirdilər. Onun üzünün dinc şəffaflığı onlar 
üçün, sanki, xəcalət tənəsi kimi görünürdü. Dorianın hər hansı bir məclisdə 
görünməsi itirilmiş paklığı xatırladırdı. Adamlar təəccüb edirdilər ki, bu cazibəli 
gənc bizim əxlaqsız və rəzil ehtiraslara bürünmüş əsrimizin sarsaq təsirlərindən 
necə qurtula bilib? Dorian tez-tez uzun müddət evdə olmurdu və o, bu şübhəli və 
müəmmalı yayınmalardan sonra (ətrafındakı dostları və onu tanıyanlar ondan 
şübhələnməyə başlamışdılar) evə qayıdır, xəlvəti olaraq yuxarı qalxır, dərs 
otağına girib qapını arxadan bağlayır, əlində güzgü uzun müddət portretin 
qarşısında dayanıb gah şəklə, gah da özünə baxırdı və görürdü ki, şəkildəki 
Dorian getdikcə daha çox qocalır; güzgüdəki əksi isə cavan və gümrah bir 


təbəssümlə ona gülümsəyir. Bu kontrast daha şox heyrət doğurduqca Dorian 
bundan daha çox həzz alırdı. O, öz gözəlliyinə daha çox vurulur, qəlbinin isə 
yoldan çıxmasını daha maraqla izləyirdi. O, çox böyük həyəcanla və həm də 
hansısa qeyri-təbii məmnunluqla portretdəki büküş və qırışları izləyir, eybəcər 
dəyişikliklərə diqqətlə baxaraq bəzən özü özündən soruşurdu: görəsən, günahın 
əlamətləri daha qorxunc və mənfurdur, yoxsa yaşın? O, öz ağ əllərini portretə 
yaxınlaşdırır, şəklin gücdən düşüb kobudlaşmış əllərinə vurur, onları müqayisə 
edib gülürdü. O, vaxtından əvvəl qocalmış və eybəcərləşmiş portretə kinayə ilə 
baxır, onu lağa qoyurdu. Düzdür, hərdənbir gecələr öz yataq otağında uzanıb 
yuxusu ərşə çəkiləndə, yaxud gəmi təmiri ilə məşğul olan dokların yaxınlığında 
yerləşən pritondakı çirkli taxtlarda uzananda (o, pritona əynini dəyişib özgə adıyla 
tez-tez gedirdi) qəlb ağrısıyla düşünürdü ki, o, əxlaqsızlaşıb; o, bütün həyatını 
korlayıb və bu anlar ona əzab verirdi; onda belə hallar nadir vaxtlarda baş 
qaldırırdı. Onun həyata sonsuz marağını lord Henri oyatmışdı və bu, Bazil 
Holvardın bağçasında baş vermişdi; bu maraq ona getdikcə daha çox ləzzət 
verirdi. O, öyrəndikcə daha çox şeyi bilmək istəyirdi. Onda bu həvəslərə qarşı 
canavar aclığı yaranmışdı və bu aclığı söndürmək ehtirası da günü-gündən 
şiddətlənirdi. Lakin Dorian tədbirsiz də deyildi; hər halda, o, ictimai rəyə də xor 
baxmırdı və cəmiyyətlə münasibətlərində ədəb-nəzakət qaydalarını gözləyirdi. 
Qışda ayda iki dəfə, qalan bütün mövsümlərdə isə çərşənbə axşamı o, öz yaraşıqlı 
evinin qapılarını adamların üzünə açır, burada ən məşhur və dəbdə olan 
musiqiçilər öz məharətlərini göstərir, onun qonaqlarını əyləndirirdilər. Lord Henri 
bu ziyafətləri verməkdə ona kömək edirdi və belə məclislərdə – seçmə qonaqların 
siyahısının tərtib edilməsində, yerləşdirilməsində, stolun üstünün 
düzəldilməsində, ekzotik güllərin seçilib qoyulmasında, stol örtüklərinin, qədimi 
qızılı və gümüşü qab-qaşığın düzülməsinə qədər hər şeydə lord Henrinin təcrübəsi 
vardı. Gələn qonaqlar arasında çox adam vardı ki (xüsusilə yaşılları təmsil edən 
gənclər arasında!), Dorian Qreyə ideal kimi baxır, yaxud özlərini belə 
göstərirdilər; onlar Dorianı Eton və Oksford universitetlərindəki tələbəlik illərində 
arzuladıqları və xəyallarında tutduqları insan kimi – əsl elmi dünyagörüşə malik 
olan mədəniyyətli və  müasir ədəb-nəzakət qaydalarını və mədəniyyəti özündə 
birləşdirən dünyəvi bir sima kimi görürdülər. Dorian onlara Dantenin dediyi kimi 
– “gözəlliyə səcdə etməklə qəlbini, özünü nəcibləşdirən” adamlardan biri kimi 
görünürdü. Və ya Getenin dediyi kimi, o, elə bir adam idi ki, “görünən dünya 
məhz onun üçün yaradılmışdı, onun üçün mövcud idi". 
 
Təbii ki, Dorian üçün incəsənətin birinci və ən böyük əsəri həyatın özü idi; 
qalan bütün sənətlər və əsərlər yalnız müqəddimədir. Əlbəttə, o, dəbə də önəm 
verirdi; dəblə müəyyən vaxt çərçivəsində hamının qəbul etdiyi bütün təxəyyül və 
fantaziyaları həyata keçirmək olar; o, modabazlığa da üstünlük verirdi, çünki o, 
özünəməxsus yolla gözəlliyin mütləq müasirliyinə atılan addımdır. Onun geyim 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə