Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

qaldırmışdı. Dorian bu adamı tanıdı, Bazil Holvard idi. Nədənsə, onu anlaşılmaz 
bir qorxu hissi bürüdü. Özünü bilməməzliyə vurdu və guya, heç Bazili tanımadı, 
addımlarını isə yeyinlətdi. 
Lakin Holvard onu görmüşdü. Dorian onun arxadakı səkidə dayandığını eşitdi və 
hiss etdi ki, Bazil onu təqib etməyə başladı. Heç bir dəqiqə keçmədi ki, Bazilin əli 
onun çiyninə toxundu. 
– Dorian! Nə xoşbəxt təsadüf! Mən düz saat doqquzdan sizin kitabxanada oturub 
sizi gözləmişəm! Nəhayət, sizin yorğun qulluqçunuza yazığım gəldi və ona evdən 
çıxanda dedim ki, gedib yatsın. Mən sizi ona görə gözləyirdim ki, bu gecə on iki 
qatarı ilə Parisə gedirəm; dedim ki, getməmişdən qabaq sizi görüm. Siz ötüb-
keçəndə sizi tanıdım, daha doğrusu, kürkünüzü tanıdım, lakin bir qədər tərəddüd 
etdim… Bəs siz məni tanımadınız?  
– Əzizim, belə dumanda adam tanımaq olar? Mən heç Qrosvenor meydanını 
tanıya bilmirəm. Bircə bilirəm ki, evim haradasa buralara yaxın yerdədir; amma 
heç buna da o qədər əmin deyiləm. Heyif ki, gedirsiniz; mən sizi çoxdan idi 
görmürdüm. Tez qayıdacaqsınızmı? 
– Yox! Altı ay qalacağam! Fikrim var ki, Parisdə bir emalatxana tutum, girim ora, 
başlayım işləməyə; beynimdə bir şəkil tutmuşam, onu çəkib qurtarmayınca 
oradan çıxmayım! Nə isə… mən heç öz işlərim barədə sizinlə danışmaq 
istəmirdim… Bu da sizin qapınız, çatdıq. İcazə verin, bir-iki dəqiqəliyə içəri 
keçim, sizinlə söhbətim var… 
– Buyurun, xahiş edirəm. Şad olaram. Qatara gecikməzsiniz ki? – Dorian 
ehtiyatsız soruşdu; sonra içəri girib arxadan qapını bağladı və pilləkənlərlə yuxarı 
qalxdı. Holvard dumanlı havada küçə lampasının tutqun işığı altında saatına 
baxdı. Dedi: 
– Hələ vaxtım var, saat on birdir. Qatar birə on beş dəqiqə işləmiş yola düşür. 
Mən onsuz da, kluba gedirdim, dedim, bəlkə, sizi orada tapdım. Ağır şeylərimi 
qabaqcadan göndərmişəm ki, baqaja versinlər. Onları özümlə daşıyan deyiləm ki! 
Bircə bu sakvoyajı saxlamışam və buradan Viktoriya vağzalına da iyirmi 
dəqiqəlik yoldur. Çataram! 
Dorian Bazilə baxıb gülümsündü, dedi: 
– Belə de! Sən demə, məşhur rəssam belə səyahət edirmiş! Əl sakvoyajı və payız 
paltosunda! Keçin içəri, gəlin, gəlin, yoxsa duman evin içinə girəcək! Və xahiş 
edirəm, ciddi söhbət-filan da eləməyin! Bizim dövrdə, onsuz da, ciddi şeylər baş 
verməyir! Hər halda, baş verməməlidir. 
Holvard başını yellədə-yellədə içəri girdi və Dorianın ardınca kitabxanaya keçdi. 
İri divar sobası çırtaçırtla yanırdı, lampalar işıq saçırdı; şəbəkəli xırda stolun 
üstündə gümüşü yol sandıqçası vardı, ağzı açıq qalmışdı, içində sodalı su sifonları 
və uzun büllur bakallar vardı. 


– Dorian, görürsünüz də, sizin xidmətçiniz mənə necə qulluq edib?! Özümü lap 
evdəki kimi hiss edirdim! Nə istəyirdim gətirirdi! Həm də sizin ən yaxşı 
siqaretlərinizdən də gətirib verdi. Çox sevimli, qonaqpərvər oğlandır; deyərdim 
ki, hətta sizin əvvəlki xidmətçiniz vardı ha, fransız, ondan daha yaxşıdır… Yeri 
gəlmişkən, heç onu görmürəm, haradadır o fransız? 
Dorian çiyinlərini çəkdi. 
– Eşitdiyimə görə, missis Radleyin qulluqçusu ilə evlənib və birlikdə Parisə 
gediblər; qızı ingilis dərzisi kimi işə düzəldib. Deyirlər Parisdə indi anqlomaniya 
dəbdədir. Axmaq dəbdir, düz demirəm? Yeri gəlmişkən, Viktor yaxşı xidmətçi 
idi. Mənim ondan heç bir şikayətim də yox idi, düzdür, onu heç vaxt sevmirdim, 
amma o, mənə həmişə sədaqətli olmuşdu. Mən onu işdən azad edəndə gördüm ki, 
qüssələndi. Eh, nə isə… olur da, bir də görürsən ağlına min cür fikir gəlir, nə 
bilim, cəfəng şeylər… Yenə sodalı brendi verimmi? Bəlkə, Reyn seltzer şərabı, 
hə? Mən həmişə Reyn şərabı içirəm. Görüm o biri otaqda qalıbmı o şərabdan? 
– Təşəkkür edirəm, Dorian! Lazım deyil, heç nə istəmirəm! – rəssam dedi, sonra 
şlyapasını və paltosunu çıxartdı, onları sakvoyajına tulladı. – Əzizim, indi mən 
sizinlə ciddi söhbət eləmək istəyirəm. Üz-gözünüzü turşutmayın, onsuz da, mənə 
bu söhbəti başlamaq çətindir. 
– Nə olub axı? Nə məsələdir? – Dorian heyrətlə baxdı, tələsik divana əyləşdi. – 
Hər halda, mənim barəmdə deyil, eləmi? Bu gün özümdən də yorulmuşam, elə 
bil, istərdim ayrı bir adam olum... 
– Elə məhz sizin barənizdədir, – Holvard cavab verdi; onun səsində dərin bir ağrı 
sezilirdi – və mən bunu sizə deməliyəm. Sadəcə, yarımca saat vaxtınızı 
alacağam... 
Dorian ah çəkdi və siqaret yandırdı. “Yarımca saat!” – donquldandı. 
– Dorian, qorxma, bu, o qədər də çox vaxt deyil! Bu söhbət sizin özünüzə 
xeyirdir; mənə elə gəlir ki, siz bilməlisiniz: Londonda sizin haqqınızda dəhşətli 
şeylər danışırlar. 
– Mən heç bu barədə eşitmək və bilmək belə istəmirəm. Mən yalnız başqaları 
barədə dedi-qodulara qulaq asmağı xoşlayıram; özüm barədə dedi-qodular məni 
maraqlandırmır. Bir də ki bunlarda heç bir yenilik dadı yoxdur. 
– Yox, Dorian, bunlar sizi maraqlandırmalıdır. Hər bir namuslu və nəcib adam 
gərək öz təmiz adının marağında olsun. Axı siz  istəməzsiniz ki, camaat sizi 
şərəfsiz və əxlaqsız adlandırsın? Əlbəttə, varınız, dövlətiniz, cəmiyyətdəki 
mövqeyiniz və sair və ilaxır, var... Amma mövqe və var-dövlət hər şey demək 
deyil. Vallah, mən özüm bunların heç birinə inanmıram. Hər halda, mən sizi 
görəndə bu şayiələrə inana bilmirəm. Axı insanın eybi öz möhürünü həmişə onun 
üzünə vurur. Onu gizlədə bilməzsən. Bizdə adətdir, “gizli eyiblər”dən danışarlar. 
Lakin gizli eyiblər olmur. Onlar insanın ağız büküşlərində, ağırlaşmış göz 
qapaqlarında, hətta əllərinin formasında peyda olur. Ötən il bir adam, adını 


demirəm, siz onu tanıyırsınız, mənim yanıma gəlmişdi, öz portretini çəkdirmək 
istəyirdi. Əvvəllər o adamı görməmişdim, onun barəsində də heç nə bilmirdim. 
Lakin sonralar onun barəsində o qədər şeylər eşitdim ki! Portretə görə o, mənə 
külli miqdarda pul təklif etdi; lakin mən onun portretini çəkməkdən imtina etdim; 
onun barmaqlarının forması mənə nəsə xoş gəlmədi, onlarda nəsə bir xatakarlıq 
vardı. İndi bilirəm ki, mənim zənnim məni aldatmayıb; həmin o cənabın 
tərcümeyi-halı biabırçılıqla doludur. Lakin siz... Dorian, sizin məsum, açıq, parlaq 
üzünüz var; sizin məsum, gözəl bir gəncliyiniz, qayğızıs, kədərdən uzaq 
cavanlığınız... aman Allah, mən o şayiələrə, böhtanlara inana bilmirəm! Lakin 
mən sizi indi çox az-az görürəm, siz mənim studiyama daha gəlmirsiniz; və elə 
məndən uzaq olduğunuza görə də sizin barənizdə o səfeh şeyləri eşidəndə 
bilmirəm onlara nə cavab verim. Dorian, mənə izah edin görüm nə üçün hersoq 
Bervik klubda sizi görən kimi otaqdan çıxıb gedir, hə? Niyə Londonun əksər 
mötəbər dairəsi sizi evinə dəvət etmir, ya da sizin evinizdə olmaq istəmir? Sz axı 
lord Stavleylə dost idiniz? Ötən həftə mən onu naharda gördüm. Nahar süfrəsi 
ətrafında kimsə sizdən danışdı, sizin Dudleydəki sərgi üçün müvəqqəti verdiyiniz 
miniatürlərdən söhbət gedirdi; adınızı eşidən kimi lord Stavley əsəbiləşdi və dedi 
ki, o, ola bilsin ki, incəsənəti yaxşı bilən adamdır, lakin heç bir təmiz qızı bu 
adamla tanış etmək olmaz; özünə hörmət edən ləyaqətli qadın isə onunla – yəni 
sizinlə – bir otaqda qalmaz! Mən ona dedim ki, Dorian mənim dostumdur və 
ondan izahat tələb etdim. O da hamının yanında mənə izahat verdi! Özü də açıq-
aşkar! Necə böyük bir rəzalət?! Axı niyə sizinlə dostluq etmək gənclər üçün ölüm 
deməkdir, hə? O cavan oğlan, qvardiya əsgəri, bu yaxınlarda özünü öldürən 
oğlanı deyirəm! Axı o, sizin yaxın dostunuz idi?! Axı siz ser Henri Aştonla da 
ayrılmaz dost idiniz? O da adını ləkələdi və İngiltərəni tərk etməyə məcbur oldu. 
Bəs Adrian Sinqleton necə? Onun faciəli aqibətinə nə deyirsiniz? Lord Kentin 
yeganə oğlu və onun karyerasının sonu? Mən onun atasına rast gəldim dünən, 
müqəddəs Ceyms stritdə. Gördüm ki, o, rüsvayçı kədər içindədir. Biabır olub, 
adam arasına çıxa bilmir. Bəs gənc hersoq Pert necə olsun? İndi nə günə düşüb?! 
Hansı namuslu adam indi onunla salam-əleyk edəcək, hə? 
– Bazil, susun! Siz bilmədiyiniz şeylər haqqında danışırsınız! – Dorian Qrey 
dodaqlarını gəmirə-gəmirə onun sözünü kəsdi; onun səsindən dərin nifrət 
duyulurdu. – Siz soruşdunuz ki, məni görəndə Bervik nə üçün klubu tərk edir, hə? 
Qoy səbəbini deyim: ona görə ki, mən onun həyatı barədə hər şeyi bilirəm, o, 
mənimki barədə heç nə bilmir. Onun damarlarında axan qan təmiz qan deyil, o, 
necə pak ola bilər axı? Siz Henri Aşton və gənc Pert barədə soruşdunuz! Nədir, 
mən Aştonu korlamışam, yoxsa o cavan hersoqun tərbiyəsini pozmuşam? Əgər o 
axmaq Kentin oğlu küçə fahişəsi ilə evlənibsə, burada mənim nə günahım var? 
Adrian Sinqletonu deyirsən?! Bu adam borc sənədində öz dostunun imzasını 
saxtalaşdırıbsa, yenə mənəmmi günahkar? Bilirəm, İngiltərədə adamlar necə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə