Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

naqqallıq və qeybət edirlər. Meşşanlar özlərini xeyirxah kimi qələmə verir, öz 
lovğa nəsihətlərindən əl çəkmirlər, nahar süfrəsindəki hər şeyi tıxıb özlərini elə 
göstərirlər ki, guya, bunlar tanınmış adamların tərbiyəsiz hərəkətlərindən narahat 
olurlar, özləri də, guya, mötəbər cəmiyyətdə yaşayırlar və elə öz dairələrindən 
olan qara yaxdıqları adamları yaxından tanıyır, elə onlar barədə də dedi-qodular 
yaradırlar. Bilirsiniz, bizim ölkədə ağlına və başqa keyfiyyətlərinə görə bir adam 
ki qabağa getdi, dərhal ağzıgöyçəklər başlayırlar onun barəsində dedi-qodulara. 
Bəs özləri? Özlərini əxlaqlı kimi qələmə verənlər necə? Bəs bu adamlar özlərini 
necə aparırlar? Əzizim, yaddan çıxarmayın ki, biz riyakarlar ölkəsində yaşayırıq. 
– Dorian, – Holvard səsini ucaltdı, – məsələ bunda deyil! Bilirəm, İngiltərə çox 
pisdir və ingilis cəmiyyəti də doğru yolda deyil. Elə buna görə də istəyirəm ki, siz 
bu cəmiyyətdən yüksəkdə durasınız. Amma siz yüksəkdə olmadınız. O adam ki 
öz dostlarına pis təsir edir, pis nümunə göstərir, onu mühakimə etməyə bizim 
haqqımız var. Görünür, sizin dostlarınız bütün şərəf və ləyaqətlərini itirmişlər, 
tərbiyə, namus, əxlaq barədə anlayışlardan xəbərləri belə yoxdur. Siz onların 
beynini ehtiras, şəhvət ləzzətləri ilə doldurmusunuz. Onlar uçuruma 
yuvarlanmışlar. Onları siz sürükləmisiniz oraya! Bəli, siz onları uçuruma 
itələmisiniz, hələ bir heç nə olmayıbmış kimi gülürsünüz də! Mən daha dəhşətli 
şeylər bilirəm! Bilirəm ki, siz və Henri ayrılmaz dostlarsınız. Heç olmasa, buna 
görə siz gərək onun bacısının təmiz adına ləkə gətirməyəsiniz! Onun gülüş və 
qeybət predmetinə çevrilib, dilə-dişə düşməyini rəva görməyəsiniz! 
– Bazil, susun! Çox dərinə gedirsiniz! 
– Mən bunları söyləməliyəm və siz də qulaq asmalısınız! Hə, hə, qulaq 
asmalısınız mənə! Sizinlə tanışlığa qədər ledi Qvendolen haqqında heç bir söz-
söhbət gəzmirdi, heç kəs cürət edib bu qadın barəsində bir kəlmə belə pis söz 
danışmazdı. Bəs indi? Baxın görün, Londonda özünə hörmət edən bir qadın varmı 
ki, onunla birgə parka gəzməyə çıxsın? Yox! Hətta onun uşaqlarına da onunla 
yaşamağa icazə vermədilər! Bu, hələ harasıdır? Sizin haqqınızda hələ çox şey 
danışırlar: sizi əxlaqsız pritonlardan səhərə yaxın xəlvəti-xəlvəti çıxan görüblər; 
siz paltarlarınızı dəyişib Londonun ən mənfur küçələri ilə, gizli yollarla evinizə 
gəlirsiniz... Doğrudanmı bütün bunlar həqiqətdir? Bunlar nə dərəcədə real ola 
bilər? Mən birinci dəfə bunları eşidəndə bərk güldüm. Lakin indi... bu barədə tez-
tez eşidirəm və dəhşətə gəlirəm. Hələ sizin bağ evinizdə nələr baş verir? Dorian, 
sizin barənizdə nələr deyirlər, bilirsiniz? Vallah, mən sizə moizə oxumuram, belə 
fikirləşirsinizsə, özünüz bilərsiniz! Yadımdadır, Harri deyirdi ki, özgəsinə öyüd-
nəsihət verməyi xoşlayan hər hansı bir adam belə bir vədlə başlayır: bu, birinci və 
sonuncu olacaq. Lakin hər dəfə də öz vədinə xilaf çıxır. Bəli, mən sizə nəsihət 
vermək istəyirəm. İstəyirəm ki, elə bir həyat sürəsiniz ki, sizə hörmət eləsinlər. 
İstəyirəm ki, siz ləkəsiz olasınız, nüfuzunuza, adınıza xələl gəlməsin. Alçaq və 
əclaf işlərdən uzaq olasınız! Çiyinlərinizi çəkməyin! Belə laqeyd-laqeyd də 


baxmayın! Siz adamlara güclü təsir göstərirsiniz. Qoy bu, yaxşı mənada baş 
versin! Adamlara xeyir gətirsin, bəla yox! Danışırlar ki, siz adamlarla intim 
münasibətdə olduqdan sonra onları yoluxdurur, pozur, pis yola çəkirsiniz. Həmin 
adamın evinə daxil olub ona, onun evinə rüsvayçılıq gətirirsiniz. Bilmirəm bu 
düzdür, ya yox. Haradan bilim axı? Amma hər halda, bunu sizin barənizdə 
danışırlar. Bundan başqa, sizin barənizdə danışılan bəzi şeylərə inanmaya da 
bilmirəm. Lord Qlosester Oksfordda oxuyarkən mənim ən yaxın dostum idi. O, 
mənə bir məktub göstərdi; bu məktubu ölümündən qabaq onun arvadı yazıbmış. 
Arvadı Mentondakı villasında yalqız keçinibmiş. Bu, dəhşətli və qorxunc bir 
etiraf idi; beləsini heç vaxt eşitməmişdim. O qadın sizi günahlandırırdı. Mən 
dostuma dedim ki, bu, ola bilməz, yalandır! Mən Dorianı tanıyıram, o, belə 
alçaqlıqlar eləməz! Amma... Mən doğrudanmı, sizi tanıyıram? Artıq bu sualları 
öz-özümə verməyə başlamışam və bu suala da cavab tapmaq üçün mən sizin 
qəlbinizə girməliyəm, görüm orada nə var! 
– Qəlbimi görmək istəyirsiniz! – Dorian Qrey astaca pıçıldadı, dərhal ayağa 
durdu; onun rəngi qorxudan ağarmışdı. 
– Bəli, – Holvard kədərlə dilləndi, səsində ağır təəssüf hissi duyuldu. – Sizin 
qəlbinizi görmək istəyirəm! Amma bunu yalnız Allah bacarar! 
Birdən Dorian acı-acı güldü. 
– Elə bu gecə mənim qəlbimi siz də görəcəksiniz! – deyib qışqırdı, sonra cəld 
stolun üstündəki lampanı qapıb əlavə etdi: – Gəlin! Gedək göstərim, bu, elə sizin 
öz əl işinizdir! Gedək, gedək, ona baxın! Sonra da hamıya car çəkib söyləyərsiniz! 
Əgər istəsəniz, əlbəttə! Onsuz da, sizə heç kəs inanmaz! Lap elə inansaydılar belə, 
mənə daha çox vurulardılar! Bilirəm, bizim zəmanə sizdən daha yaxşıdır; siz bu 
zəmanə barədə zəhlətökən, pis-pis sözlər danışsanız da, o, sizdən yaxşıdır!  Gəlin 
gedək, bəsdir əxlaq pozğunluğu barədə çərənlədiniz! Bu saat siz onunla üz-üzə 
gələcəksiniz! Onu açıq-aşkar görəcəksiniz! 
Onun səsində dəli bir qürur duyulurdu. O lap şıltaq yeniyetmə kimi ayaqlarını 
yerə vurur, inadkarlıq göstərirdi. Dorian müdhiş sevinc hissi keçirirdi: nəhayət, o, 
öz sirrini kiminləsə bölüşə biləcəkdi. Bu adam elə onun portretini çəkən adam idi; 
elə onun bütün rüsvayçılığına və əxlaqsız hərəkətlərinə səbəbkar da o idi, bu 
rəssam idi! Elə bu adam da ömrünün qalan illərini bu portreti çəkdiyinə görə əzab 
çəkəcəkdi, mənfur xatirələri onu dinc yaşamağa qoymayacaqdı! 
– Hə, hə, – deyən Dorian Holvarda sarı gəldi və gözlərini onun sərt baxışlarına 
zillədi, – mən indi öz qəlbimi sizə göstərərəm! Siz bu saat yalnız Allahın görə 
biləcəyi şeyi görəcəksiniz! 
Holvard geri çəkildi. Dedi: 
– Bu ki təhqirdir, Dorian! Mənə hörmətsizlik etməyin! Ah, gör mən necə dəhşətli 
və cəfəng sözlər eşidirəm?! 
– Deməli, belə düşünürsünüz, hə? – yenə bərkdən güldü. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə