Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

– Elədir! O ki qaldı bugecəki söylədiklərimə, mən onları sizin xeyriniz üçün 
deyirdim! Axı siz bilirsiniz ki, mən sizin sədaqətli dostunuzam. 
– Mənə toxunmayın! Sözünüzü deyin, demək istədiklərinizi deyib qurtarın!  
Rəssam üz-gözündə qəflətən oynaşan ağrılar hiss etdi. Bir anlıq susdu və bütün 
canını kəskin bir şəfqət hissi bürüdü. Əslinə qalanda, onun Dorian Qreyin şəxsi 
həyatına qarışmağa haqqı yox idi! Lap elə tutaq ki, Dorian onun dediyi günahların 
on faizini işlədib, eşitdiyi şayiələrin də bir qismi düzdür! Bəlkə, elə o özü də 
vicdan əzabı çəkir bundan?! Bazil divar sobasına tərəf yeridi, yanan odun 
parçalarına baxdı; alovun dilləri qırov kimi ağ külün arasında oynayırdı. 
– Bazil, mən sizi gözləyirəm, – Dorian sərt şəkildə dilləndi. 
Rəssam səsini bir qədər ucaldıb dedi: 
– Dorian, mənim sizdən eşitmək istədiyim budur: mənə düz-əməlli cavab verin 
görüm, bütün bu dəhşətli dedi-qodular və ittihamlar başdan-ayağa ağ yalandır, ya 
yox?! Deyin ki, yalandır, onda mən sizə inanaram! Bütün o ittihamları inkar edin, 
Dorian, deyin ki, yalan və böhtandır! Görürsünüz, mən necə iztirab çəkirəm? 
Aman Allah! Deməyin ki, bunlar həqiqətdir, deməyin ki, siz pozğunsunuz! Mən 
sizin əxlaqsız olmağınız barədə heç düşünmək belə istəmirəm! 
Dorain Qrey gülümsədi. Onun dodaqları nifrətlə aralandı. 
– Bazil, gəlin pilləkənlə yuxarı çıxaq! – sakit-sakit pıçıldadı. – Mən gündəlik 
yazıram, orada mənim həyatımın hər bir günü təsvir olunub. Bu gündəliyi heç 
vaxt o otaqdan çıxartmıram. Mən onu orada yazıram həmişə. Gəlin gedək, mən 
sizə o gündəliyi göstərərəm. 
– Yaxşı, gedək, Dorian. Siz istəyirsinizsə, mən yuxarı çıxaram. Onsuz da, qatara 
gecikmişəm. Eybi yox, sabah gedərəm. Amma xahiş edirəm, gündəliyi bu gecə 
oxumağa məni məcbur etməyin. Mənə yalnız sizin düzgün, səmimi cavabınız 
lazımdır. 
– Siz o cavabı indi alacaqsınız! Burada mümkün deyil. O cavabı yuxarıda 
verəcəyəm sizə; o qədər də uzun sürməyəcək. 
 
ON ÜÇÜNCÜ FƏSİL 
 
Dorian pilləkənlə yuxarı qalxmağa başladı, Bazil Holvard da onun ardınca çıxdı. 
Onlar yavaş-yavaş, ehtiyatla qalxırdılar. Adamlar, adətən, gecələr səssizcə gəzir, 
səs salmaqdan instinktiv olaraq ehtiyat edirlər. Pilləkən və divarların üzərinə 
lampanın işığında onların əcaib siluetləri düşmüşdü. Külək pəncərə şüşələrini 
tərpədir, haradasa pəncərələrdən cingilti səsləri gəlirdi.  
Pilləkənin düz başında Dorian lampanı yerə qoydu və cibindən otağın açarını 
çıxarıb qapıya saldı. Yavaşdan soruşdu: 
– Bazil, siz həqiqəti bilmək istəyirsiniz, eləmi? 
– Hə, Dorian, bilmək istəyirəm, sizin cavabınızı gözləyirəm...  


– Çox gözəl, çox gözəl, – Dorian gülümsədi, artıq başqa bir tonla əlavə etdi: – Siz 
mənim haqqımda bütün həqiqətləri bilməyə haqqı çatan yeganə adamsınız, Bazil! 
Siz heç təsəvvür etmirsiniz ki, mənim həyatımı necə dəyişdirmisiniz.  
Dorian lampanı qaldırıb qapını açdı və içəri girdi. Otaqdan soyuq hava gəldi; xəfif 
hava axını lampanın alov dilimlərini yellətdi, bir anlıq alovun rəngi tünd-
narıncıya çaldı. Dorian titrəyirdi.  
– Qapını örtün, Bazil, – pıçıldadı və lampanı stolun üstünə qoydu. 
 
Holvard təəccüb və heyrət içində otağa göz gəzdirdi. Burada, elə bil, uzun illər 
adam yaşamamışdı. Rəngi solmuş Fələməng divar xalçası, üstü pərdə ilə örtülmüş 
hansısa şəkil, qədim italyan sandığı, demək olar ki, boş kitab şkafı, bir də stol və 
stul – vəssalam! Otaq bunlardan ibarət idi. Dorian Qrey divar sobasının üstündəki 
şamdanları yandırarkən Bazil buranın toz içində olduğunu yəqin etdi və gördü ki, 
xalça da deşik-deşikdir. Divarın dibindən siçan qaçdı; otaqdan rütubətli kif iyi 
gəlirdi. 
– Bazil, deməli, siz hesab edirsiniz ki, insanın ürəyini yalnız Allah görür, hə? Bax 
bu örtüyü götürün oradan! İndi siz mənim qəlbimi görəcəksiniz! 
Səsində soyuq kədər duyuldu. 
– Dorian, siz dəli olmusunuz! Ya da mənimlə oyun oynayırsınız, hə? – Holvard 
təəccüblə donquldandı. 
– Deməli, örtüyü götürmək istəmirsiniz, hə? Onda bunu mən edərəm! – o, cəld 
şəklin üstündəki örtüyü götürüb yerə tulladı. 
Otağın zəif işığında eybəcərləşmiş portreti görən kimi rəssamdan dəhşətli bir 
çığırtı qopdu; kətan parçadan ona rişxəndlə gülən qorxunc sifət tuşlanmışdı. 
Şəkildəki sifətdə elə bir ifadə vardı ki, adamın qəlbini ikrah hissi ilə doldurur, 
özündən çıxarırdı. Aman Allah, axı bu, elə Dorian Qreyin sifətidir! Nə qədər 
dəhşətli görünsə də, o, hələ də öz təbii gözəlliyini itirməmişdi. Onun seyrək 
saçlarında qızılı rənglər hələ də parlayır, həssas dodaqlarındakı al boyalar hələ də 
itib getməmişdi. Yuxulu gözləri maviliyini saxlamış, nazik, incə xətlərlə ayrılmış 
burun pərələrindən və boy-buxunundan nəciblik tam getməmişdi. Bəli, bu, 
Dorianın öz portreti idi. Amma... axı onu kim bu kökə salıb? Bazil Holvard, elə 
bil, öz şəklini tanıdı; portretin taxta çərçivəsi də onunkuydu; bu nədir belə, sirdir, 
möcüzədir, qorxulu bir seydir?! Ağlagəlməz möcüzə! Bazil qorxmağa başladı. 
Yanan şamlardan birini götürüb şəklə yaxınlaşdı; sol küncdə onun imzası 
dururdu; qırmızı, yekə xətlərlə kətan parçanın üstündə görünürdü. Lakin bu 
portret iyrənc bir karikatura idi; rəzil, amansız və mənfur bir təhqir! O, heç vaxt 
belə bir şey çəkməmişdi! Bu axı onun çəkdiyi portret idi?! O, öz şəklini tanıdı; və 
bir anlıq onun bütün damarlarındakı qan dondu! Bunu o çəkmişdi! Axı bu nə 
deməkdir? Bu şəkil nə üçün belə qorxunc şəkildə dəyişmişdi? Bazil Doriana 
baxdı və gəncin baxışlarında dəlilik əlaməti sezdi. Dodaqları aramsız titrəyirdi, 


dili qurumuşdu, danışa bilmirdi; Holvard əlini alnına apardı, onu soyuq tər 
basmışdı. 
Cavan oğlan divar sobasına söykənmişdi; nəzərlərini rəssama zilləmişdi. Elə bil, 
böyük bir sirk artistinin oyununa tamaşa edirdi. Üzündə heç bir ifadə yox idi – nə 
kədər, nə də sevinc əlamətləri vardı. Sanki, tamaşaçı gərgin vəziyyətdə hansısa 
səhnəni izləyirdi; Dorianın baxışları təntənə ilə alışıb-yanırdı. O, paltosunun 
yaxasından gülü çıxarıb iyləməyə başladı, ya da özünü belə göstərdi ki, guya, 
iyləyir. 
– Bu nədir belə, Dorian? – nəhayət, Holvard qışqırdı; özü öz səsini tanımadı, 
onun səsi elə qəribə və sərt səsləndi ki, özü də məəttəl qaldı. 
– İllər öncə, mən hələ yeniyetmə bir oğlan olanda sizə rast gəldim, – Dorian Qrey 
əlindəki gülü əzməyə başladı, – siz mənə təriflər söylədiniz, məni öz 
gözəlliyimdən məst olmağa öyrətdiniz; bir gün siz məni öz dostunuzla da tanış 
etdiniz, o da mənə gənc olmağın necə böyük səadət və gözəl bir bəxşiş olduğunu 
anlatdı; siz isə mənim portretimi çəkdiniz; bu portret də gözəlliyin böyük güc 
olması sirrini açdı. Bu dəlilik anlarında belə mən bilmirəm ki, buna təəssüf edim, 
yoxsa sevinim; mən arzu etmişdim... ya da bu bir dua idi. Bilmirəm... 
– Yadıma düşür! Oh, mən bunu necə də xatırlayıram! Yox! Bu, ola bilməz! Otaq 
çox rütubətlidir! Kətanın üstünü kif basıb! Ya da ola bilsin ki, mənim işlətdiyim 
rənglərdə hansısa aşındırıcı mineral maddələr varmış. Əmin edirəm ki, belə də 
olub. Amma sizin düşündüyünüz şeylər heç mümkün də deyil! Ağlınıza belə 
gətirməyin! 
– Ah, deməli, mümkün deyil, hə? – cavan oğlan donquldanaraq pəncərəyə 
yaxınlaşdı, alnını tərləmiş soyuq şüşəyə dayadı. 
– Axı siz mənə demişdiniz ki, portreti məhv etmisiniz! 
– Yalan deyirdim! Əksinə, o, məni məhv etdi! 
– İnana bilmirəm! İnana bilmirəm ki, bu şəkli mən çəkmişəm! 
– Məgər bu şəkildə siz öz idealınızı görmürsünüz? – Dorian kədərlə soruşdu.  
– Mənim idealım?... Necə dediniz, necə?.. 
– Siz belə deyirdiniz, məni siz belə adlandırırdınız...  
– Nə olar, burada nə bir qəbahət var ki? Siz mənim üçün bir ideal idiniz, elə bir 
ideal ki, mən bir də həyatımda heç vaxt ona rast gəlməyəcəyəm. Bu portretin üzü 
əxlaqsız adamın üzünə bənzəyir. 
– Bu, mənim qəlbimin sifətidir! 
– Aman Allah! Gör mən nəyə pərəstiş etmişəm!? O şəklin gözləri Şeytan 
gözlərinə oxşayır! 
– Bazil, bizim hər birimizin içində Cəhənnəm və Cənnət yaşayır! – Dorian ucadan 
əl-qol ata-ata əsəbiliklə qışqırdı. 
Holvard yenə portretə sarı döndü və ona diqqətlə baxmağa başladı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə