Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

Dorian kitabxanaya düşəndə artıq saat altıya işləmişdi və otağa çay gətirmişdilər
qara əlvan ağacdan düzəldilmiş sədəfli xırda çay stolunu ona ledi Radley 
bağışlamışdı; onun qəyyumunun arvadıydı, daim xəstəlikləri ilə əlləşirdi, ötən qış 
mövsümünü də Qahirədə keçirmişdi. Nə isə... Ledi Radleyin bağışladığı o sədəfli 
stolun üstündə lord Henridən gəlmiş bir məktub və yanında da üz qabığı 
köhnəlmiş bir kitab vardı. Çay sinisinin içinə isə “The St. James's Gazette”1  
qəzetinin üçüncü nömrəsi qoyulmuşdu. Görünür, Viktor qayıdıb gəlib. Görəsən, 
o, buradan gedən fəhlələrlə rastlaşıbmı? Onlardan gördükləri iş barədə bir şey 
soruşubmu? Əlbəttə, xidmətçi artıq kitabxanadan portretin çıxarıldığını bilir, hər 
halda, görüb ki, portret daha burada yoxdur. Çayı gətirəndə ekranın çəkildiyinə də 
fikir verib, portretin yeri də boşdur. Bəlkə də, günlərin bir günü o, Viktoru iş 
başında yaxalayacaq: xidmətçi gecələrin birində pilləkənlərlə qalxıb dərs otağının 
qapısını sındıra bilər! Öz evində casus saxlamaq dəhşətli şeydir! O eşitmişdi ki, 
varlı adamları həmişə onların xidmətçilərindən kimsə şantaj edir; xidmətçi ya 
gizlincə məktub oxuyur, ya qapı arxasında pusub söhbətlərə qulaq asır, ya vizit 
kartlarını toplayır, ya da elə balışın altından rəngi solmuş gül ləçəyi və ya 
bükülmüş qadın krujevası tapır... 
Dorian dərindən ah çəkdi və özünə çay süzdü; sonra lord Henridən gələn məktubu 
açdı. Henri yazırdı ki, ona axşam qəzeti və kitab göndərir; kitab Dorian üçün 
maraqlı ola bilər; daha sonra da qeyd edirdi ki, səkkiz on beş dəqiqədə mütləq 
klubda olacaq. Dorian qəzeti vərəqlədi, beşinci səhifədə onun gözünə qırmızı 
karandaşla nişanlanmış bir yazı sataşdı. Oxudu: 
“Aktrisanın ölümüylə bağlı işin istintaqı. Bu gün səhər Hokston Rouddakı Bel 
Taverndə rayon müstəntiqi mister Danbi gənc aktrisa Sibil Veynin cəzədi 
üzərində müayinə aparmışdır; gənc aktrisa Holbordndakı Royal Teatrına bu 
yaxınlarda işə götürülmüşdü. İstintaq müəyyən edib ki, ölüm bədbəxt hadisə 
nəticəsində baş vermişdir. Mərhumun anasına başsağlığı verilmişdir; qızının 
meyitinin yarılmasında iştirak edən ana və doktor Birrel istintaqa bu barədə 
məlumat vermişlər; ana ifadə verərkən çox mütəəssir və həyəcanlı olmuşdur”. 
Dorian dilxor oldu; qəzeti cırıb parça-parça elədi və zibil yeşiyinə tulladı. Bu nə 
rəzalətdir! Bu həqarət doğuran təfərrüatlar necə də dəhşətli görünür! O, qəzeti 
göndərdiyi üçün lord Henridən bir qədər incidi. Hələ bir səfehlik edib xəbəri 
qırmızı karandaşla da dairəyə alıb!? Axı Viktor onu oxuya bilərdi! Xidmətçi 
ingilis dilini də yaxşı bilir. 
Elədir, çox güman ki, xidmətçi qəzeti oxuyub və nədənsə şübhələnməyə başlayıb! 
Axı niyə narahat olur ki? Onun bu məsələyə nə dəxli var? Dorian Qrey Sibil 
Veynin ölümündə günahkar deyil ki? Heç qorxmağın yeri də yoxdur! Dorian 
Qrey qızı öldürməyib! 
 
Gözü lord Henrinin göndərdiyi sarı kitaba sataşdı. Bu nədir, görəsən? Stola 
yaxınlaşdı; bu səkkizbucaqlı sədəfli stol ona gümüşdən pətək hörən naməlum 


Misir arılarının işini xatırlatdı; Dorian kitabı götürüb kresloda əyləşdi, 
vərəqləməyə başladı. Bir neçə dəqiqədən sonra o artıq mütaliəyə qapılmışdı. Çox 
qəribə kitab idi, beləsini heç vaxt oxumamışdı. Ona elə gəlirdi ki, gözləri önündən 
dünyanın bütün günahları gözəl bir libasda, fleytanın həzin musiqi sədaları altında 
bir-bir ötüb-keçir. İndi o,  şirin xəyal kimi arzuladığı çox şeyi canlı şəkildə görür. 
Heç yuxusuna belə girməyən şeylər indi onun gözləri qarşısında canlanır. 
Deyəsən. süjetsiz bir roman idi, daha doğrusu, psixoloji etüdlər idi. Əsərin yeganə 
qəhrəmanı cavan bir Parisli oğlan idi; bu cavan oğlan on doqquzuncu əsrdə bütün 
keçmiş əsrlərin ehtiras və əhvali-ruhiyyələrinin dirçəldilməsi işi ilə məşğul olur. 
O, bəşər övladının ötən dövrlərdə yaşadığı hiss və həyəcanları, əhvali-ruhiyyələri 
eynilə özü yaşamaq istəyir. Onu qeyri-təbii məhrumiyyət formaları maraqlandırır 
ki, adamlar bunları düşüncəsiz olaraq ləyaqət adlandırırlar; eyni zamanda o 
formalara qarşı olan təbii ehtiras dalğaları maraqlandırır; müdriklər isə bunları 
hələ də əxlaqsızlıq adlandırırlar. 
Kitab özünəməxsus səlis üslubda, aydın və rəvan dildə yazılmışdı; bununla belə, 
kitabda başa düşülməyən, qaranlıq olan çoxsaylı arqo və arxaik sözlər, texniki 
terminlər və incə təbirlər vardı. Belə bir üslubda fransız simvolistlər məktəbinin 
gözəl sənətkarları yazardılar. Kitabda çoxlu metafora, səhləb çiçəyinə bənzər 
ifadələr və incə təsvirlər vardı. İnsanın duyğusal həyatı mistik fəlsəfi termin və 
anlayışlar vasitəsilə təsvir edilirdi. Çətin bir sual qarşısında qalırdın – bu nədir 
belə, kitab nədən bəhs edir? Orta əsrlərdə yaşamış hansısa bir müqəddəsin dini 
meyil və arzularının təsviridir? Yoxsa bu, günah işlədən müasirimizin utanmaz 
etiraflarıdır? Bu, zəhərləyici bir kitab idi. Sanki kitabın səhifələrindən qalın 
papiros tüstüləri qalxır, adamın beynini korlayırdı. Cümlələrin və ifadələrin ritmi, 
onların monoton ahəngi, mürəkkəb və zəngin nəqarətlər, düşünülmüş təkrarlar – 
bütün bunlar yalnız bir şeyə söykənirdi – xəstə xəyalpərvərliyə! Və kitabı 
səhifədən-səhifəyə, fəsildən-fəslə acgözlüklə oxuyan  Dorian bir də ayılıb gördü 
ki, artıq gün əyilib, otağın qıraqlarına axşam kölgəsi düşüb. Buludsuz yaşılaçalan 
səmada bir ulduz parlayırdı. Dorian pəncərədən düşən zəif işıqda sözləri 
seçənədək oxudu; nəhayət, xidmətçinin bir neçə xəbərdarlığından sonra durub o 
biri otağa keçdi; artıq gec idi, kitabı çarpayısının yanındakı xırda Florentin 
stolunun üstünə qoyub geyinməyə başladı. 
O, kluba çatanda artıq saat doqquza qalmışdı; lord Henri tək-tənha oturub onu 
gözləyirdi, çox əzgin və narazı görünürdü. 
– Harri, üzr istəyirəm, – Dorian dedi, – vallah, mənim gecikməyimdə günahkar 
sizsiniz. Sizin mənə göndərdiyiniz kitab o qədər sehrli idi ki, ondan ayrılmaq 
olmurdu, buna görə də saat yaddan çıxmışdı mənim üçün. Bilmədim gün nə vaxt 
qurtardı. 
– Bilirdim ki, xoşunuza gələcək, – Lord Henri ayağa qalxıb cavab verdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə