Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

siz ondan yaxşısınız. Siz güclü deyilsiniz, siz həyatdan çox qorxursunuz, lakin siz 
daha yaxşısınız. Biz birlikdə necə də xoşbəxt idik! Bazil, məni tərk etməyin, 
məndən küsməyin! Mən necə varamsa, eləyəm! Nəyəmsə, buyam, bundan artıq, 
ya da əskik ola bilmərəm. Vəssalam! 
Rəssam qəribə hisslər keçirdi. Gənc oğlan onun üçün çox əziz idi və onunla tanış 
olandan bəri rəssamın yaradıcılığında əməlli-başlı dönüş əmələ gəlmişdi. Dorianı 
bir daha məzəmmət etməyə onun gücü çatmadı; bircə buna təsəlli tapdı ki, bu 
gəncin belə sərt və daşürəkli olması ötəri haldır, keçəcək. Axı onun yaxşı cəhətləri 
çoxdur! Dorianda nə qədər nəcabət var! 
– Yaxşı, Dorian, – rəssam kədərlə gülümsədi, – mən sizinlə bir daha bu dəhşətli 
hadisə barədə danışmayacağam. İnanmaq istəyirəm ki, bu işdə sizin adınız 
hallanmayacaq. İstintaq bu günə təyin olunub. Sizi hələ çağırmayıblar ki? 
Dorian başını tərpədərək “yox” dedi, “istintaq” sözünü eşidən kimi dilxor oldu. 
Ona elə gəldi ki, bu işdə nəsə bir kallıq və bayağılıq var. 
Dorian cavab verdi: 
– Onlar mənim adımı bilmirlər, heç məni tanımırlar… 
– Şübhəsiz, qız bilirdi, elə deyil? 
– Soyadımı bilmirdi, adımı bilirdi və əminəm ki, o, mənim adımı heç kəsin 
yanında dilinə gətirməyib. Sibil mənə deyirdi ki, hamı mənim kim olmağımla 
maraqlanır, lakin cavabında o da deyib ki, guya, mənim adım “Gözəl şahzadə”dir. 
Adam lap kövrəlir, Bazil! Siz mənə Sibilin şəklini çəkə bilərsinizmi? Siz onun 
şəklini çəkməlisiniz. İstəyirəm onun xatirəsini əbədiləşdirəm. O, mənim 
yaddaşımda bir-iki öpüş və zərif sözlərlə qalmamalıdır. 
– Çalışaram bir şey edim, Dorian. Amma siz gərək yenə mənim studiyama 
gələsiniz və mənim yanımda oturasınız. Sizsiz bunun öhdəsindən gələ bilmərəm. 
– Mən bir daha sizin üçün gəlib pozada durmayacağam, Bazil! Bu, mümkün 
deyil! – oğlan bağırıb geri çəkildi. Rəssam təəccüblə Doriana baxdı. 
– Bu nə oyundur, əzizim?! Yəni, doğrudanmı, mənim çəkdiyim portret sizin 
xoşunuza gəlməyib? Hanı o portret? Niyə şəklin önünə ekran qoymusunuz? Mən 
ona baxmaq istəyirəm. Axı o, mənim ən yaxşı əsərimdir! O ekranı götürün şəklin 
qarşısından! Bu nə deməkdir, sizin xidmətçinin nə ixtiyarı var o şəkli bir küncdə 
gizlətsin? Elə mən içəri girən kimi hiss etdim ki, otaqda nəsə çatışmır! 
– Bazil, xidmətçinin günahı yoxdur! Yəni siz inanırsınız ki, mən buna yol verim? 
Xidmətçi mənim otağımı mənim zövqümə görə bəzəyə bilərmi? O, hərdənbir 
mənim üçün güllər seçir, vəssalam. Ekranı isə mən qoymuşam portretin qabağına. 
Burada portretin üstünə çox gün düşürdü. 
– Çox gün düşür? Ola bilməz, əzizim! Bura portret üçün ən münasib yerdir. Qoy 
bir baxım ona. 
Holvard otağın küncünə sarı yeridi. Birdən Dorian Qreydən dəhşətli qışqırıq 
qopdu və o, cəld qaçıb ekranla rəssamın arasına girdi. 


– Bazil! – oğlanın rəngi ağardı, – siz ona baxmayın! İstəmirəm portretə baxasınız! 
– Baxmayım? Öz əsərimə baxmayım? Ciddi deyirsiniz? Niyə, nə üçün? – Holvard 
gülə-gülə soruşdu. 
– Bazil, siz bunu etsəniz, and içirəm ki, ölənədək sizinlə danışmayacağam! 
Tamam ciddi deyirəm! Heç bir izahat da vermirəm və məndən də heç nə 
soruşmayın! Bir də deyirəm: əgər ekrana toxunsanız, bizim aramızda hər şey 
qurtaracaq. 
Holvard heyrət içindəydi. Onun gözləri bərəlmiş və Dorian Qreyə zillənmişdi. 
Rəssam onu heç vaxt bu halda görməmişdi. Oğlan, doğrudan da, qəzəbdən 
ağarmışdı. Əllərini düyünləmişdi, gözlərindən od çıxırdı. Dorian başdan-ayağa 
əsirdi. 
– Dorian! 
– Susun! 
– Sizə nə olub? Əgər istəmirsinizsə, əlbəttə, baxmaram! – rəssam quru və soyuq 
tərzdə dilləndi, pəncərəyə tərəf getdi. – Amma… axı… öz çəkdiyim portretə 
baxmağı mənə qadağan etmək gülməli görünür… Özü də mən onu Parisdə 
sərgidə nümayiş etdirmək istədiyim bir vaxtda… Payızda… Nəzərə alın ki, onun 
üzünə yenə lak çəkmək lazım gələcək. Deməli, mən onsuz da, şəklə 
baxmalıyam… Bunu nə üçün indi etməyim, hə? 
– Sərgiyə? Nə dediniz, sərgiyə göndərmək istəyirsiniz? – Dorian Qrey səsini 
ucaltdı; içinə qəribə qorxu hissi doldu. Deməli, dünya onun sirrini biləcək? 
Deməli, adamlar onun ən məhrəm hisslərinə baxacaqlar? Yox, bu mümkün deyil! 
Nəsə (amma nə?) etmək lazımdır, özü də dərhal! 
– Hə, sərgi Parisdə olacaq. Ümid edirəm ki, siz buna etiraz etməyəcəksiniz? – 
rəssam sözünə davam etdi. – Jorj Petit mənim ən yaxşı kolleksiyalarımı yığıb Rü 
de Sez küçəsində xüsusi sərgi nümayiş etdirmək istəyir.  Bu sərgi oktyabrın ilk 
həftəsində açılacaq. Portreti bir aylığa aparacaqlar. Məncə, siz qısa müddətə bu 
portretdən ayrıla bilərsiniz. Həmin dövrdə siz, onsuz da, şəhərdə olmayacaqsınız. 
Əgər siz onu daim ekran altında gizlətsəniz, onu necə qoruya bilərsiniz? 
Dorian Qrey əlini alnına apardı. Alnı tərləmişdi. Ona elə gəldi ki, dəhşətli bir 
təhlükə ilə üzləşib. Səsini yenə ucaltdı: 
– Axı siz cəmi bir ay bundan qabaq demişdiniz ki, bu əsəri heç vaxt sərgiyə 
göndərməyəcəksiniz! Niyə fikrinizi dəyişdiniz? Siz axı o adamlardansınız ki, 
sabit olmağınızla qürurlanırsınız; lakin əslində, əhval adamısınız, tez-tez 
dəyişirsiniz! Dəmdəməkisiniz! Fərq bundadır ki, sizin əhvali-ruhiyyənizin heç bir 
mənası olmur! Siz təntənəli surətdə məni əmin etdiniz ki, heç bir vəchlə, milyon 
da versələr, mənim portretimi sərgiyə göndərməyəcəksiniz! Harriyə də eyni 
sözləri dediniz! Yadınızdan çıxmayıb, əlbəttə! 
Dorian qəflətən susdu, gözləri parıldadı. Lord Henrinin bir dəfə ona yarızarafat, 
yarıciddi söylədiyi sözləri xatırladı: “Əgər istəyirsinizsə ki maraqlı vaxt əldə 


edəsiniz, onda Bazili məcbur edin desin: o, nə üçün sizin şəklinizi sərgiləmək 
istəmir. O, mənə bunu söylədi və mənim üçün bu, bir kəşf oldu...” Aha, görünür, 
Bazilin də sirri var, nəsə gizlədir məndən. Bu sirri ondan öyrənmək lazımdır, o, 
buna çalışacaq! 
– Bazil, – Dorian Holvarda daha da yaxınlaşdı və düz onun gözlərinin içinə baxdı. 
– Bizim hər birimizin sirri var. Siz öz sirrinizi mənə açın, mən də özümünkünü 
açaram sizə. Nə üçün siz mənim portretimi sərgiləmək istəmirdiniz? 
Rəssam diksindi və qeyri-ixtiyari geri çəkildi. 
– Dorian, əgər bu sirri sizə desəm, siz məni əvvəlki kimi sevməyəcəksiniz və 
mənə güləcəksiniz. Buna isə dözə bilmərəm. Bir halda ki siz tələb edirsiniz 
portretə baxmayım, qoy belə olsun. Axı mənim üçün əsas seçim sizsiniz; sizi ki 
görə biləcəyəm? Elə deyil? Siz istəyirsiniz ki, mənim yaratdığım ən gözəl əsəri 
hamıdan gizlədəsiniz? Nə olar, mən razı. Sizin dostluğunuz mənim üçün şan-
şöhrətdən daha qiymətlidir. 
– Yox, Bazil, siz mənə bunu deməlisiniz, – Dorian təkid etdi. – Məncə, buna 
mənim haqqım çatır. 
Dorianın qorxu hissi uçub getmişdi, bütün şüuru maraq içində yanırdı. O, Bazil 
Holvardın sirrini açmaq qənaətindəydi. 
– Gəlin əyləşək, Dorian, – rəssam narahat-narahat təklif etdi. – Oturaq. Amma bir 
sualıma cavab verin, xahiş edirəm. Siz portretdə elə bir xüsusi dəyişiklik hiss 
etməmisiniz ki? Nəsə bir şey, məsələn, ilk baxışda gözə çarpmasın, amma birdən 
sizin gözünüzə sataşsın, bax elə bir şeyi deyirəm! 
– Bazil! – Dorian səsini ucaltdı və əlləri əsə-əsə kreslonun tutacağından yapışdı və 
qorxa-qorxa gözlərini rəssama bərəltdi. 
– Deməli, görmüsünüz, bilirəm! Heç nə deməyin, Dorian, əvvəlcə məni dinləyin. 
Bizim ilk görüşümüzdən sizin şəxsiyyətiniz məni valeh etmişdi və mən tamam 
sizin təsiriniz altında idim. Siz mənim qəlbimə, şüuruma, gücümə, istedadıma 
anlaşılmaz dərəcədə hakim kəsilmişdiniz; siz mənim üçün elə bir ideal idiniz ki, 
sənətkar üçün bu ideal bütün ömrü boyu əlçatmaz arzu olur. Mən sizə heyran 
olmuşdum. Sizi hər kəsə qısqanırdım. Mən sizi yalnız özümə məxsus etmək 
istəyirdim. Sizinlə birlikdə olanda özümü xoşbəxt hiss edirdim. Hətta mənim 
yanımda olmadığınız vaxt belə siz mənim təxəyyülümdə canlanır, sizin obrazınız 
sənətlə məşğul olanda mənə ilham verirdi. Əlbəttə, bunu heç vaxt sizə 
bildirməzdim. Siz heç bunu başa da düşməzdiniz. Mən özüm də bunu çətinliklə 
anlayırdım. Yalnız bircə bunu hiss edirdim ki, qarşımdakı mükəmməllik 
təcəssümüdür,  mən ideal görürəm və buna görə də dünya mənim gözlərimdə 
füsunkar bir möcüzəydi; özü də həddən artıq məftunedici gözəllik kimi görünürdü 
və dəli bir məftunluq hətta qəlb üçün bir qədər də təhlükəliydi. Mən bilmirəm 
bunlardan hansı daha çox qorxuludur – dəli məftunluğu qəlbdə saxlamaq 
təhlükəlidir, yoxsa onu itirmək. Həftələr ötürdü, siz isə mənim qəlbimə daha çox 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə