Dünya iqdisadiyyatı


Azərbaycan iqtisadiyyatı və onun dünya iqtisadiyyatına inteqrasiyası



Yüklə 0,51 Mb.
səhifə13/15
tarix24.10.2017
ölçüsü0,51 Mb.
#6496
1   ...   7   8   9   10   11   12   13   14   15

Azərbaycan iqtisadiyyatı və onun dünya iqtisadiyyatına inteqrasiyası



Azərbaycanın əhalisi və ərazisi. Azərbaycan Respublikası Cənubi Qafqazın Şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. 2006-cı ilin əvvəlində Azərbaycan Respublikası əhalisi 8 mln. 436 min nəfər, o cümlədən 4 milyon 356 min nəfər və ya 51.6 %-i şəhər, 4 mln. 80 min nəfər və ya 48.4%-ni isə kənd sakini təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 mln. 152 min nəfəri, yaxud 49%-i kişi, 4 mln 284 min nəfəri və ya 51%-i qadınlardır. Əhalinin orta yaşı 31 yaş təşkil edir.

Azərbaycan ərazisinə görə də Zaqafqaziyada ən böyük dövlətdir.Ərazisi 86.6 min km2-dir. Ərazisinin 11.5%-i meşələr, 1.6%-i su hövzəsi, 50%-i becərilən torpaqlar, o cümlədən 27%-i otlaqlar, 36.9% sair torpaqlardır.Ölkə 420və 520 Şərq uzunluq sahəsi, 380 və 420 şimal en dairəsində, Bakı 400paralel üzərindədir. Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km təşkil edir. Dünyada ən böyük göl – Xəzər dənizidir ki, sahəsi 400 min kv km, dərinliyi 1025m-dir. Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 465 km-ə bərabərdir. Azərbaycan cənubdan İranla (765 km) və Türkiyə ilə (15 km), Şimaldan Rusiya ilə (390 km), şimal-qərbdən Gürcüstan ilə (480 km), qərbdən Ermənistanla (1007 km) həmsərhəddir. Ən böyük çayı Kür çayı (1515 km), ən böyük dağ zirvəsi Bazardüzüdür (4466m).

Dövlət rəhbəri Prezidentdir. Respublikada qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir.

Əhalinin təbii artımı hər min nəfərə 10 nəfər təşkil edir. Iqtisadiyyatda məşğul olanların orta illik sayı 3809,1 min nəfər, o cümlədən qeyri-dövlət müəssələrində 2599,8 min nəfər təşkil edir. Əhalinin pul gəlirləri 30047,4 mlrd manat , adambaşına düşən pul gəlirləri 3670,4 min manat, əhalinin pul xərcləri isə 29677,3 min manat təşkil etmişdir. 2004-cü ildə ümumi daxili məhsul 41872,5 mlrd. manat, adambaşına düşən ÜDM səviyyəsi 5114,8 min manat olmuşdur. Xarici ticarət dövriyyəsi 7131 mln ABŞ dollarına, o cümlədən, ixrac 3615,4 mln ABŞ dolları, idxal isə 3515,9 mln. ABŞ dollarına bərabər olmuşdur. Nominal əmək haqqı öz göstəricisi üzrə respublikamız MDB ölkələri içərisində 44,8 mln. ABŞ dolları ilə 4-cü sırada qərarlaşmışdır.



Xalq təsərrüfatı sahələrinin iqtisadiyyatının inkişaf dinamikası. Respublikamızın cəmi ixrac əməliyyatları 1995-ci ildə 637,2 mln. ABŞ dolları olmuşdursa, 2003-cü ildə bu göstərici 2590,4 mln., 2004-cü ildə isə 3615,4 mln. ABŞ dolları olmuşdur. İxrac əməliyyatlarının 1995-ci ildə MDB üzrə göstərici 284,7 mln., 2003-cü ildə 332,3 mln., 2004-cü ildə isə 614,3 mln. ABŞ dolları olmuşdur. Azərbaycanın digər dünya ölkələri ilə ixrac əməliyyatları 1995-ci ildə 352,5 mln. ABŞ dolları olduğu halda, bu göstərici 2003-cü ildə 2258,1 milyon, 2004-cü ildə isə 3001,1 milyon ABŞ dollarına çatmışdır.

Respublikamızda idxal əməliyyatları göstəricisi 2004-cü ildə 3515,9 mln. ABŞ dolları səviyyəsində olmuşdur. Müvafiq göstərici 1995-ci ildə 667,6 mln., 2003-cü ildə 2626,2 mln. ABŞ dollarına bərabər olmuşdur. MDB ölkələri ilə idxal əməliyyatlarının 1995-ci ildə həcmi 228,3 mln. ABŞ dolları olmuşdursa, 2003-cü ildə bu göstərici 851,2 mln., 2004-cü ildə 1200,6 mln. ABŞ dolları olmuşdur.Azərbaycanın digər dünya ölkələri ilə idxal əməliyyatları 1995-ci ildə 439,3 mln, 2003-cü ildə 1775,0 mln. 2004-cü ildə 2315,3 mln. ABŞ dolları olmuşdur.

Azərbaycanın MDB ölkələrinin ixrac əməliyyatlarının ümumi həcmində xüsusi çəkisi 1995-ci ildə 45 faiz olduğu halda 2003-cü ildə 13 faizə, 2004-cü ildə 17 faizə enmişdir.

İdxal əməliyyatlarının ümumi həcmində xüusi çəki əgər 1995-ci ildə MDB ölkələri üzrə 34 faiz olmuşdursa, bu rəqəm 2003-cü ildə azalaraq 32 faizə, 2004-cü ildə isə təkrarən 34 faizə çatmışdır.

Dünyanın digər ölkələri ilə ixrac əməliyyatlarının ümumi həcminin xüsusi çəkisi 1995-ci ildə 55 faizdən, 2003-cü ildə 87 faizə, 2004-cü ildə isə 83 faizə bərabər olmuşdur. Müvafiq olaraq idxal əməliyyatlarının ümumi həcmində xüsusi çəki 1995-ci ildə 66 faiz olduğu halda bu rəqəm 2003-cü ildə 100 faiz, 2004-cü ildə 66 faiz olmuşdur.

Azərbaycan respublikasında son illərdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də məşğulluq sahəsindəki siyasətin formalaşdırılması və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.

Ölkədə əhalinin məşğulluq və işsizlik probleminin həll edilməsinin mühüm aspektlərindən biri də ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici kapitalın ölkə əhalisinin məşğulluq və işsizlik problemlərinin həll edilməsindəki rolunun müəyyən edilməsi ən mühüm vəzifələrdən biridir.1996-cı ildən başlayaraq 2005-ci ilə kimi ölkədə fəaliyyət göstərən xarici investisiyalı və birgə müəssisələrdə məşğul olanların sayı 9,6 dəfə artaraq, 5,6 min nəfərdən 53,9 min nəfərə çatmışdır.

2004cü ildə 2000-ci ilə nisbətən sənaye məhsulunun həcmi 22,1 faiz, kapital qoyuluşları 5,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 30,5 faiz, nəqliyyatda yük daşınmasının həcmi 1,5 dəfə artmışdır.

2000-2004-cü illərdə əhalinin real pul gəlirləri 1,5 dəfə, əhali tərəfindən əldə edilmiş pul gəlirlərinin nominal həcmi 1,7 dəfə artmışdır.

2000-ci ilə nisbətən 2004-cü ildə əhalinin əmək haqqı üzrə gəlirləri də 1,7 dəfəyə yaxın artmışdır.

1994-cü ildən başlayaraq Azərbaycana xarici sərmayələrin axını ildən-ilə artmış və 2004-cü ildə iqtisadiyyata 4575,5 mln ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

1994-2004-cü illərdə ölkəmizin iqtisadiyyatına 17,2 mlrd ABŞ dolları miqdarında olan investisiyanın 85,4 faizini (14699,5 mln ABŞ dolları) birbaşa investisiyalar, 13,4 faizini (2298,9 mln ABŞ dolları) isə maliyyə krediti təşkil etmişdir. Birbaşa investisiyaların 88,2 faizi (12959,9 mln ABŞ dolları) neft sənayesinin inkişafına yönəldilmişdir.

Azərbaycanda yaradılan iqtisadi sabitlik və əlverişli iqtisadi şəraitdən məqsədyönlü istifadə edən yerli və xarici investorlar il ərzində sənayeyə 2003-cü ildəkindən 30,3 faiz çox və ya 19,6 trilyon manatlıq əsas kapitala investisiyalar yönəltmişlər.

1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı orta hesabla ildə 12 faiz aşağı düşürdüsə, artöq 1996-2004-cü illərdə (1997-ci il istisna olmaqla) ümumi məhsul istehsalı orta hesabla ildə 7,0 faiz artmış və 2003-cü ilə nisbətən 2004-cü ildə bu artım 4,6 faizə bərabər olmuşdur.

1990-2004-cü illərdə Azərbaycanın iqtisadi və sosial tərəqqisi tikintinin geniş miqyası ilə sıx əlaqədar olmuşdur. Bu illərdə ölkə ərazisində istehsal təyinatlı və qeyri-istehsal təyinatlı yeni iri tikintilər və obyektlər tikilib istifadəyə verilmiş, fəaliyyət göstərənlər genişləndirilmiş və yenidən qurulmuşdur.

1990-2004-cü illərdə bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən ölkə iqtisadiyyatının və sosial sferanın inkişafı üçün əsas kapitala 84,5 trilyon manat investisiya yönəldilmişdir. İstifadə edlmiş investisiyanın 18,0 trilyon manatı (21,3%-i) dövlət mülkiyyətində olan təşkilatlara, 66,5 trilyon manatı (78,7 %-i) isə qeyri- dövlət mülkiyyətində olan təşkilatlara məxsusdur. 1993-2004-cü illərdə əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcminin 58,4 trilyon manatını (69,1%-ni) xarici investisiya təşkil etmişdir.

1990-2004-cü illərdə iqtisadiyyatın sənaye sahəsinin inkişafına 75,2 faiz, mənzil tikintisinə 8,0 faiz, nəqliyyat və rabitə sahələrinə 8,7 faiz investisiya sərf edilmişdir.

1996-cı ildən başlayaraq nəqliyyat sektorunda müşahidə olunan sabit artım 2004-cü ildə də davam etmiş və bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 117,3 milyon ton və ya əvvəlki illə müqayisədə 6,7 faiz çox yük daşınmışdır. Daşınmış yüklərin 55,6 faizi avtomobil, 15,5 faizi boru kəməri, 17,6 faizi dəmir yolu, 11,3 faizi isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir. 1996-2004-cü illərdə nəqliyyat sektorunda yük daşınması üzrə orta illik nisbi artım 14,0 faiz təşkil etmişdir.

2004-cü ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 40,8 milyon ton və ya 1997-ci illə müqayisədə 7,3 dəfə çox yük daşınmışdır.

Rabitə müəssələrinin fəaliyyəti nəticəsində yaradılmış əlavə dəyərin 1995-ci ildə istehsal edilmiş ÜDM-dəki 1,0 faizlik payı 2004-cü ildə 2,5 faizədək yüksəlmişdir. 2004-cü ildə rabitə müəssisələrinin fəaliyyəti nəticəsində faktiki qiymətlərlə 1,6 trilyon manat və ya əvvəlki illə müqayisədə 31,4 faiz çox gəlir əldə edilmişdir.

2004-cü ildə Azərbaycan xarici ticarət sahəsində yüksək nəticələrə nail olmuşdur. Bu dövr ərzində ölkəmiz 119 xarici dövlətlə ticarət əməliyyatları aparmış, xarici ticarət dövriyyəsinin ümumi həcmi 7131,3 mln ABŞ dolları, o cümlədən, idxal 3515,9 milyon, ixrac 3615,4 mln dollar olmuşdur. Ticarət dövriyyəsinin 50,7 faizini ixrac, 49,3faizini idxal təşkil etmişdirXarici ticarət əlaqələrinin 74,6 faizi, o cümlədən idxalın 65,9 faizi , ixracın 83 faizi uzaq xarici dövlətləri, 25,4 faizi, o cümlədən idxalın 34,1 faizi, ixracın 17 faizi MDB ölkələri ilə aparılmışdır. 2003-cü illə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 36,7 faiz, o cümlədən idxal 33,9 faiz, ixrac 39,6 faiz artmışdır.

2005-ci ildə Azərbaycan xarici ticarət sahəsində yüksək nəticələrə nail olmuşdur.Bu dövr ərzində ölkəmiz 135 xarici dövlətlərlə ticarət əməliyyatları aparmış, ticarət dövriyyəsinin ümumi həcmi 8558,4 mln ABŞ dolları, o cümlədən, idxal 4211,2 mln, ixrac 4347,2 mln dollar olmuşdur. Ticarət dövriyyəsinin 50,8 faizini ixrac, 49,2 faizini idxal təşkil etmişdir. Xarici ticarət əlaqələrinin 72,5 faizi, o cümlədən idxalın 65,6, ixracın 79,2 faizi uzaq xarici dövlətlərlə, 27,5 faizi, o cümlədən idxalın 34,4, ixracın 20,8 faizi MDB ölkələri ilə aparılmışdır. 2004-cü illə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 20 faiz, o cümlədən idxal 19,8 faiz, ixrac 20,2 faiz artmışdır.

2005-ci il ərzində Azərbaycandan 3308,6 milyon dollar dəyərində 90,33 min ton neft və neft məhsulları ixrac olunmuşdur. Bunun 94,9 faizi uzaq xarici dövlətlərə, 5,1 faizi MDB ölkələrinə göndərilmişdir.

2005-ci ildə Azərbaycanın İtalya, Rusiya, Türkiyə, Fransa, Türkmənistan, Sinqapur, Birləşmiş Krallıq, Almaniya, Çin, Ukrayna, Gürcüstan, İran, İsrail, ABŞ-la ticarət əlaqələri digər ölkələrlə müqayisədə daha geniş olmuşdur. Xarici ticarət dövriyyəsinin 16,5 faizi İtalya, 11,7 faizi Rusiya, 6,9 faizi Türkiyə, 6,2 faizi Fransa, 6 faizi Türkmənistan, 5,9 faizi Sinqapur, 4,6 faiziBirləşmiş Krallıq, 3,4 faizi Almaniya, 3,2 faizi Çin, 3,1 faizi Ukrayna, 3 faizi Gürcüstan, 2,8 faizi İran, 2,4 faizi İsrail, 2,2 faizi ABŞ-ın payına düşür.

İdxal əməliyyatlarının 17 faizi Rusiya, 9,1 faizi Birləşmiş Krallıq, 9,1 faizi Sinqapur,5,4 faizi Ukrayna, 4,1 faizi Çin, ixracın 30,3 faizi İtaliya, 9,4 faizi Fransa, 6,6 faizi Rusiya, 6,3 faizi Türkiyə, 6,3 faizi Türkmənistan, 4,8 faizi Gürcüstan, 4,5 faizii İsrail ilə aparılmışdır. 2005-ci ildə kənd təsərrüfatının ümumi həcmi indeksi 90,8 faiz, adambaşına isə 77,6 faiz olmuşdur. 2004-cü ildə kənd təsərrüfatının adambaşına düşən ümumi həcmi indeksi 74 faiz olmuşdur.

1995-2005-ci illərdə Azərbaycanın iqtisadi və sosial tərəqqisi tikinti kompleksinin geniş miqyaslı inkişafı ilə sıx əlaqədar olmuşdur. Bu illərdə ölkə ərazisində istehsal təyinatlı və qeyri-istehsal təyinatlı mühüm əhəmiyyətli yeni iri tikintilər və obyektlər tikilib istifadəyə verilmişdir.

1995-2005-ci illərdə iqtisadiyyatın sənaye sahəsinin inkişafına 74,6 faiz, mənzil tikintisinə 8,3 faiz, nəqliyyat və rabitə sahələrinə 9,4 faiz investisiya sərf edilmişdir. Bu illərdə ümumi sahəsi 8,7 milyon kvadrat metr olan 89,7 min yeni mənzil tikilib istifadəyə verilmişdir.

Əsas kapitala yönəldilmiş investisiyanın artım surəti aşağıdakı kimi olmuşdur: 1994-cü ildə 89,1 faiz, 1995-ci ildə 81,8 faiz, 2000-ci ildə 102,6 faiz, 2005-ci ildə isə 416,6 faiz olmuşdur:

2005–ci ildə yanacaq –enerji ehtiyyatları 59,7 milyon ton şərti yanacaq olmuşdur. Ölkə daxilində yanacaq enerji ehtiyyatlarının 53,2 faizi istehlak olunmuş, 40,2 faizi ixrac, 2,2 faizini itkilər, 4,4 faizini isə ilin sonuna qalıq təşkil etmişdir.

2005–ci ildə dövlət büdcəsinin bütün mənbələrindən daxil olan gəlirləri 2000-ci ilə nisbətən 2,9 dəfə artaraq 2055,2 milyon manata çatmış, xərcləri isə 2,8 dəfə artaraq 2140,7 milyon manat olmuşdur.Büdcə kəsirinin ÜDM –də xüsusi çəkisi 2000-ci ildəki 1,0 faizdən 2005 –ci ildə 0,7 faizə enmişdir.1994-cü ildən başlayaraq Azərbaycana xarici sərmayələrin axını ildən-ilə artmış və 2005-ci ildə iqtisadiyyata 4893,2 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

2005-ci ildə ümumi daxili məhsul 12553,5 milyon ABŞ dolları olmaqla, adambaşına düşən ümumdaxili məhsulun ümumi çəkisi 1517,7 ABŞ dolları olmuşdur.

2005-ci ildə 2000-ci ilə nisbətən sənaye məhsulunun həcmi 63%, kapital qoyuluşları 6,1 dəfə, kənd təsərrüfatının həcmi 40,3%, nəqliyyatda yük daşımaların həcmi isə 16 dəfə artmışdır.

2000-ci ilə nisbətən 2005-ci ildə əhalinin əmək haqqı üzrə gəlirləri də 2,8 dəfəyə yaxın artmışdır.

2005-ci ildə ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə edilməsinə 30,9 milyon manat sərf edilmiş, ümumdaxili məhsulda onun xüsusi çəkisi 0,3 faiz təşkil etmişdir.



Neftin Azərbaycan iqtisadiyyatının inkişafında rolu. Azərbaycan ərazisi təbii sərvətlərlə, o cümlədən neftlə zəngin olan bir ölkədir.Ölkəmiz öz coğrafi mövqeyinə görə qərblə şərqin kəsişdiyi ərazidə yerləşməklə mühüm geosiyasi mövqeyə malikdir. Həm coğrafi ərazisinə, həm də zəngin təbii sərvətlərinə görə regionda nüfuz qazanmaq istəyən ölkələrin iqtisadi və siyasi maraqları burada toqquşur.Bu baxımdan neft amili ölkənin sosial iqtisadi və siyasi problemlərin həllində özünəməxsus yer tutur.

Azərbaycan regionda ən qədim neft istehsal edən ölkədir. Neft çıxarmaq üçün yerli əhali su quyusuna oxşar quyular qazırdilar1654-cü ildə Allahyar Məmmədnuru oğlu 35 metr dərinliyində ilk neft quyusunu qazmışdır.Neftin bu üsulla hasil edilməsi Abşeronda 1872-ci ilə kimi davam etmişdir.Neftə olan tələbatın daim artması neftin sənaye üsulu ilə hasilatının meydana çıxmasını zəruri etmişdir və 1874-cü ildə Bakının yaxınlığında sənaye üsulu ilə ilk quyu qazılmışdır. 1870-ci illərin əvvəllərində sənaye üsulu ilə neft quyularının qazılması geniş vüsət almışdır.Azərbaycanın Avropanı Asiya ilə birləşdirən böyük tarixi yollar üzərində yerləşməsi bu qiymətli malın tezliklə qərb dünyasına yayılmasna səbəb olmuşdur.

Neftin sənaye üsulu ilə hasil edilməsi bir tərəfdən texnika və texnologiyanın təkmilləşməsi, digər tərəfdən 1872-ci ildə neft sənayesinin inkişafına mane olan iltizam sisteminin ləğv edilməsi ilə bağlı idi. Artıq neft istehsalı ilə bağlı şirkətlər yaranmağa başladı.1873-cü ildə bu sahə üzrə Bakı ətrafında 12 şirkət fəaliyyət göstərdiyi halda XX-ci əsrin əvvəllərində onların sayı 140-a çatmışdır. 1884-cü ildə Romana, Sabunçu, Balaxanı və Bibiheybət kimi dünyanın ən böyük neft yataqları 6,2 milyon ton neft vermişdi. 1901-ci ildə bütün dünyada hasil edilən 2,5 milyon ton neftin 10,979 milyon tonu Azərbaycanın payına düşürdü.

Neft hasilatı ilə yanaşı Azərbaycanda neft emalı sənayesi də inkişaf edirdi. Bakıda ilk neft emalı müəssisəsi 1859-cu ildə Suraxanıda tikilmişdir.

1896-cı ildə başlayan Bakı-Batumi kəmərinin tikintisi 1906-cı ildə başa çatmışdır. Bu kəmərin uzunluğu 833 km, borunun diametri 200 mm. idi. Kəmərlə ildə 900 min ton kerosin daşınması nəzərdə tutulurdu.

Neftin sayəsində XIX əsrin sonlarında Bakı dünya maliyyəsinin axın mərkəzlərindən birinə çevrilməyə başladı. 80-cı illərin axırında Rotşild bank evi Azərbaycana gəldi. 1910-cu ilə kimi neft mədənlərinin 60%-dən çoxu 3 böyük trestin əlində cəmləşmişdi: “Royal Daç-Şell” şirkəti, “Nobel qardaşlarının neft istehsalı tresti” və “Rusiya Baş Neft Cəmiyyəti” (bu sonuncu fransız ingilis kapitalına əsaslanırdı və mərkəzi ofisi Londonda yerləşirdi). Bunlardan baçqa, Rusiyanın aprıcı banklarının demək olar hamısı Bakıda özlərinin filiallarını açmışdılar. Milli kapitala əsaslanan banklar da meydana çıxmağa başlamışdı (məsələn,H.Z.Tağıyev və M.Nağıyevin birgə neft bankı).

1874-1899-cu illərdə Azərbaycan neft sənayesində 29 səhmdar(o cümlədən, xarici kapitallı) şirkət yaradıldı. 1916-cı ilə kimi belə səhmdar şirkətlərin sayı 104-a çatdı. Onların bəzilərinin səhmləri hətta London, Paris, və Berlin fond birjalarında xüsusi tələbata məlik idi.

1940-cı ildə Azərbaycan Respublikası SSRİ üzrə bütün neft hasilatının 71,5 faizini verirdi. 1941-45-ci illərdə SSRİ-də istehsal edilmiş bütün neftin 63,2%-i Azərbaycanın payına düşürdü. Məhz Bakı nefti Almaniya üzərində qələbənin qazanılmasında həlledici rol oynadı.

1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Müstəqil Azərbaycan hökuməti neft yataqlarının xarici şirkətlərlə birgə istismarı istiqamətində danışıqları davam etdirməyi qərara aldı.Ona görə ki, neft müqstəqilliyini bərpa etmiş Azərbaycanın potensial olaraq dünya bazarlarına böyük həcmlərdə çıxara biləcəyi başlıca resurs idi. Neftdən gələn böyük gəlirlər ölkədə makroiqtisadi sabitliyi təmin edəcək və iqtisadiyyatı tənəzzüldən çıxaracaq başlıca vasitə sayılırdı. Lakin, neft hasilatı sahəsində zəngin təcrübəyə, neft sənayesi infrastrukturuna və güclü kadr potensialına malik olmasına baxmayaraq, Azərbaycan öz gücü ilə neft yataqlarını istismar etmək iqtidarında deyildi.Belə ki:


  • Azərbaycan dənizinin 40 m-dən artıq olduğu sahələrdə uğurla qazma işlərini aparmaq üçün lazımi hidrotexniki qurğulara, neft hasilatı sahəsində müasir texnika və texnologiyaya malik deyildi;

  • Həmin neft yataqlarının işlənilməsi çox böyük həcmlərdə investisiya tələb edirdi. Ölkəmiz isə o qədər maliyyə resurslarına malik deyildi.

Xarici şirkətlərlə əməkdaşlıq gənc, müstəqil dövlətə həm də siyasi dividentlər vəd edirdi. 1992-ci ilin sentyabrın 7-də BP/Statoil alyansı ilə “Çıraq” yatağına və “Şahdəniz” perspektiv strukturunadair, oktyabrın 1-də isə Penzoyl/Ramko alyansı ilə “Günəşli” yatağına dair texniki - iqtisadi əsaslandırmaların və kontrakt layihələrin hazırlanması üçün sazişlər imzalandı. Neft şirkətləri də öz növbəsində bir sıra öhdəliklər götürdülər. Məsələn BP/Statoil sazişinin imzalanmasından dərhal sonra Azərbaycan hökumətinə 30 mln. dollar bonus ödəməyə boyun oldular. Penzoyl/Ramko alyansı “Neft Daşları” və “Günəşli” yataqlarının istismarı zamanı hər il atmosferə tullanan 1 mlrd.kub. metrdən artıq qazın yığılması və sahilə ötürülməsi layihəsinin gerçəkləşdirilməsi öhdəliyini öz üzərinə götürdü.

1992-ci il oktyabr ayında ARDNŞ “Günəşli”, Azəri” və “Çıraq” yataqlarının geoloji oxşarlıqlarını nəzərə alaraq, habelə onların işlənməsi zamanı sərmayə və əməliyyat xərclərinə qənaət etməyə səy göstərərək bu yataqlarla bağlı ümumi infrastrukturun yaradılması perspektivlərinin öyrənilməsi barədə qərar verdi. Noyabr ayında ümumi tədarük bazasının, sualtı kəmərlərin və terminalların ümumi şəbəkəsinin, donanma və ixrac kəmərinin yaradılması üzrə xarici şirkətlərlə 5 anlaşma memorandumu imzalandı. Bu memorandumlar çərçivəsində lazımi tədqiqatların aparılması və 3 ay ərzində texniki təkliflərin hazırlanması üçün mütəxəssislərdən ibarət işçi qrupları yaradıldı. Beləliklə də həmin yataqların birləşdirilməsi prosesi başlandı.

1993-cü ilin may ayında “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə birləşmiş iş proqramına dair 6 anlaşma memorandumu imzalandı. Nəhayət, 1993-cü ilin iyun ayının 4-də ARDNŞ-in Direktorlar Şurası bu yataqların birgə işlənilməsi barədə bəyanat qəbul etdi.

Ümummilli lider H.Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sentyabrın 20-də xarici neft şirkətlərinin, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin hissəsinin birgə işlənilməsi üzrə Azərbaycanın ilk beynəlxalq neft sazişi -“Əsrin müqaviləsi” imzalandı. Müqaviləni imzalayan xarici şirkətlər bunlardir: BP(Böyük Britaniya), Amoco(ABŞ), LUKoil(Rusiya), Penzoil(ABŞ), Unocal(ABŞ), Statoil(Norveç), MC Dermott(ABŞ), Ramco(B.Britaniya), TPAO(Türkiyə), Delta-Hess(SəudiyyəƏrəbistanı). Sazişdə Azərbaycan hökumətini ARDNŞ təmsil edirdi.Onu da qeyd edək ki, sonradan bəzi şirkətlər öz paylarını satdıqlarından indiki halda çirkətlərin siyahısı fərqlidir.

İmzalanan müqavilə neft kontraktlarının dünya praktikasında istifadə olunan “Hasilatın Pay Bölgüsü Sazişi”(HPBS) növünə aiddir. Bu növ kontraktlardan son dövrlərdə daha geniş istifadə olunur. İlk dəfə bu növ neft kontraktı 20-ci əsrin 60-cı illərində İndoneziyada dövlət neft şirkəti “Petromina” ilə xarici neft şirkətləri arasında imzalanmışdır. Bu növ kontraktları imzalanmış dövlətlər sırasında Misir, Filippin, Liviya, Suriya, Çin, Argentina, Oman, Malayziya, Hindistan, Yəmən, Qvatemala, Sudan və bir çox digər dövlətlər var. Bu siyahıda olan ölkələrin sayı artıq 60-ı keçib. Son illərdə Rusiyada, Qazaxıstanda və Türkmənistanda da imzalanan neft sazişləri HRBS konsepsiyasına əsaslanan sazişlərdir.

İstənilən neft müqaviləsi, o cümlədən də “Əsrin Müqaviləsi”, sifarişçi və icraçı tərəflərin maraqlarının konsensusudur. Neft kontraktları və o cümlədən, HRBS-lər tərəflərin öhdəliklərini müəyyən edən hüquqi, iqtisadi, texniki, ekoloji və digər məsələləri əhatə edən razılaşmaların mürəkkəb külliyatıdır.

Əsrin müqaviləsinin predmeti “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi və hasilatın pay bölgüsüdür.Sazişdə yataqların coğrafi yeri, müqavilə sahəsinin coğrafi koordinatları dəqiq göstərilir. Burada 432,4 kvadrat km-lik müqavilə sahəsinin ölçüsü də qeyd edilir.

Hər şirkətin müqaviləyə cəlb edilmə dərəcəsi faizlərlə göstərilən maraq payı ilə xarakterizə olunur.Maraq payı həm də mənfəət neftinin neçə faizinin həmin şirkətə çatacağını göstərir.Əsrin müqaviləsində şirkətlərin payı aşağıdakı kimidir:

1. ARDNŞ 10%, 2. BP 34.1367%, 3. Lukoil 10%, 4. Unocal 10.2814%, 5. Statoil 8. 5633%, 6. Exxon Mobil 8.0006%, 7. TPAQ 6.75%, 8. Devon energy 3.56262, 9. Devon energy 3.9205%, 10. Delta 1.68%.

Qeyd etmək lazımdırki, Əsrin müqviləsi imzalanan zaman iştirakçı şirkətlərin siyahısı və pay faizləri bir qədər fərqli idi. Bu belə izah olunur ki, şirkətlərin müqavilədəki paylarını qismən, ya tamamilə başqa şirkətlərə satmaq hüququ var. Bununla belə hər bir şirkət payını satarkən bunu həmişə yerli hökumətə razılaşdırılmalı və hökumətlə gəlir vergisi ödəməlidir.

Əsrin müqaviləsi 30 il müddətinə bağlanıb. Lakin sazişə görə tərəflər maraqlı olduğu tədqirdə müqavilənin müddəti uzadıla bilər. Müqavilənin müddətinin uzadılması zərurəti müqavilə sahəsində yeni neft ehtiyatları aşkar olunduğu təqdirdə meydana çıxa bilər.

Müqavilədə tərəflərin hüquq və məsuliyyətləri göstərilir. Məsələn, müqaviləyə əsasən podratçı sazişdə müəyyən edilmiş şərtlər çərçivəsində kontrakt ərazisində neft və qaz əməliyyatlarını aparmaq işinə cəlb olunmaq üzrə ekskluziv hüquqlara malikdir. Podratçı xərclərinin bərpası və gəlir götürməsi hüququna malikdir. Sazişdə habelə podratçı üçün bəzi yasaqlar da müəyyən edilib. Məsələn, podratçı müqavilə sahəsində neft-qaz əməliyyatlarına aid olmayan işlərlə məşğul olmamalıdır.

Müqavilənin ən mühüm hissəsi xərclərin ödənilməsi və mənfəət neftinin bölüşdürülməsinə dair razılaşmalardır. Aşağıdakı şəkildə Azərbaycanın bütün neft müqavilələri üçün ümumi olan hasilatın pay bölgüsü sxemi göstərilir. (sxem1) Şəkildə N hasil edən neftin podratçının investisiya xərclərinin ödənilməsinə yönəldilən hissəsini faizlə göstərir.Bu göstərici layihənin iştirakçıları arasında razılaşdırılır; P- mənfəət neftindən mülkiyyətçi ölkə kimi Azərbaycana çatan payının faizlə göstəricisidir.

Azərbaycanın başladığı müqavilələrdə N göstəricisi 50%-i aşa bilməz. Bu həm Azərbaycan dövlətinin, həm də xarici neft şirkətlərinin maraqlarını tarazlı şəkildə təmin etmək məqsədilə edilib. Belə ki, neft layihələri adətən böyük həcmlərdə sərmayə tələb edir və istismar işlərinin birinci ilində həmin xərcləri bərpa etmək mümkün olmur. Ayrı-ayrı ölkələrin təcrübəsində hasil edilmiş neftin adətən 25-70 %-i hər il investisiya xərclərinin ödənilməsinə ayrılır.

P-nin həcmi, yəni mənfəət neftinin Azərbaycana çatan payı (faizi) xüsusi metodologiya üzrə müəyyən olunur. Təbiidir ki, külli həcmlərdə kapital sərf edərək layihələrdə iştirak edən xarici şirkətlər müəyyən səviyyədən aşağı olmamaqla divident qazanmaqda maraqlıdırlar.

Azərbaycanla konsorsium arasında mənfəət neftinin bölüşdürülməsi faizləri əsaslı sərmayə qoyuluşlarının hər rüb üzrə hesablanan real səmərəlilik əmsalı, nəqletmə xərclərinin ümumi səviyyəsi və podratçının ilkin nefti qrafikə uyğun ala bilməsi (yaxud ala bilməməsi) kimi göstəricilərdən asılıdır. Mənfəət neftinin bölüşdürülməsi sxemi kifayət qədər mürəkkəb olduğundan onun bukletdə ətraflı təsviri çətindir. 2003-cü ilin əvvəlinədək mənfəət neftinin satışından Azərbaycanın gəlirləri 570 milyon Abş dolları olub.





Sxem 1. Hasilatın pay bölgüsü.
Sazişə uyğun olaraq ARDNŞ və podratçının bərabər sayda nümayəndələrinin təmsilçiliyi ilə Rəhbər Komitə (RK) yaradılıb. Onun əsas funksiyalarına aşağıdakılar daxildir: neft- qaz əməliyyatları üzərində nəzarət; illik proqramların və büdcənin nəzərdən keçirilməsi və təsdiqi; xərclər üzərində nəzarət; köməkçi komitələrin yaradılması və onların fəaliyyətinə nəzarət; şəxsi heyətlə bağlı təlim proqramlarının nəzərdən keçirilməsi və təsdiqi; ləğvetmə işlərinə dair planların və əməliyyatların nəzərdən keçirilməsi və təsdiqi; ləğvetmə işlərinə dair planların və əməliyyatların nəzərdən keçirilməsi və təsdiqi. Əsrin müqaviləsi üzrə RK 1995-ci ilin əvvəllərində yaradıldı. Buraya ARDNŞ-dən 10 nəfər və xarici şirkətlərdən (hər şirkətdən bir nəfər olmnaqla) 10 nümayəndə daxil idi. Sonradan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı və 1999-cu ilin iyununun 1-dən etibarən BP layihənin operatoru oldu.

Əsrin müqaviləsinə əsasən maraq paylarının hər bir faizinə görə xarici şirkətlər Azərbaycan hökumətinə 3 milyon ABŞ dolları həcmində bonus ödəməlidir. Müqavilənin ratifikasiya edilməsindən sonra 30 gün ərzində podratçı bu məbləğin yarısını, gündəlik hasilat səviyyəsi 40 min barrelə çatdıqda və əsas ixrac kəmərinin istismara verilməsindən 60 gün müddətində isə qalan hissəsini ödəməlidir. İndiyədək Azərbaycan 202.5 milyon ABŞ dolları məbləğində bonus ödənişləri alıb.

Müqaviləyə uyğun olaraq, səmt qazı əvəzi ödənilmədən (pulsuz) ARDNŞ-ə verilir. 2003-cü ilin əvvəlinədək ABƏŞ artıq 3.5 mlrd. kub metr həcmində səmt qazını Azərbaycana verib.

Əsrin müqaviləsində yataqların işlənilməsi Proqramı iki mərhələdən ibarətdir: birinci mərhələ İlkin Neft Layihəsi, ikinci isə Yataqların Təmmiqyaslı İşlənilməsi Proqramı adlanır. Belə bölgü müəyyən həcmlərdə neft hasilatına tezliklə başlanılması istiqamətlərində tərəflərin arzusu ilə izah olunur.

Əsrin müqaviləsi çərçivəsində xarici şirkətlərin vergiyə cəlb oluna bilən mənfəətindən 25 faiz vergi tutulur. Sazişin hər bir iştirakçısı fərdi qaydada vergi məsuliyyəti daşıyır. Müqavilə çərçivəsində xüsusi əməliyyatların icrasına cəlb edilən subpodratçılar da gəlir vergisini ödəməlidir.

Neft və qaz əməliyyatlarının həyata keçirilməsi üçün gətirilən avadanlıqlar, materiallar, nəqliyyat vasitələri, habelə işçilər üçün ərzaq Azərbaycan ərazisinə idxal edildiyi zaman gömrük rüsumlarından azaddır.

Müqavilə çərçivəsində müxtəlif işlərə cəlb ediləcək yerli işçilərin sayında tədrici artım nəzərdə tutulur. Yataqların işlənilməsinin ilkin dövrlərində mühəndislərin və texniki işçilərin ümumi sayında yerli mütəxəssislərin payı 30-50% intervalında, fəhlələrin ümumi sayında isə yerlilər 70% olmalıdır. Yataqların tammiqyaslı işlənilməsinə başlanıldıqda yerli mütəxəssislərin və fəhlələrin payı müvafiq olaraq 70 və 85%-ə qədər qalxmalıdır.Yataqların tammiqyaslı işlənilməsinə başlayandan 5 il sonra yerli işçilərin və fəhlələrin payı müvafiq olaraq 90 və 95%-ə çatmalıdır.

Müqavilənin şərtlərinə əsasən layihə çərçivəsində zəruri avadanlıq və materiallar alınarkən həm qiymət, həm də keyfiyyət baxımından xarici mallarla rəqabətə girə bilən Azərbaycan mallarına üstünlük verilməlidir.

Sazişə əsasən podratçı Müqavilə çərçivəsində neft və qaz əməliyyatlarını elə aparmalıdır ki, ətraf mühitə, o cümlədən, yer səthinə və təkinə, dənizə, havaya, göllərə, çaylara, flora və faunaya, kənd təsərrüfatı sahələrinə, digər təbii ehtiyatlara və əmlaka hər cür mümkün zərər minimuma endirilsin. Təbii ehtiyatlara və ətraf mühitə zərər vura biləcək hər hansı hadisə zamanı podratçı mümkün mənfi təsirin qarşısının alınması üçün zəruri olan bütün tədbirləri görməlidir. Podratçının təqsiri ucbatından ətraf mühitin istənilən formada çirkləndirilməsindən yaranan itki və ziyana görə o özü məsuliyyət daşıyır.

Yuxarıda qeyd olunanlardan başqa, habelə neftin qiymətinin razılaşdırılması, istehsal edilmiş neftin həcminin ölçülməsi, səmt qazının hansı məqsədlərə istifadə olunması, valyuta və maliyyə əməliyyatlarının aparılması, mübahisəli məsələlərin həlli yolları, neft əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlərə dair sazişlər var.

“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan tarixində böyük bir hadisə- Azərbaycan xalqının taleyi üçün həddən artıq önəmli bir olay idi. 1994-cü ilin sentyabrın 20-də imzalanmış “əsrin müqaviləsi” həmin ilin dekabrın 2-də Milli Məclis tərəfindən təsdiq edildi. Sazişin parlament tərəfindən ratifikasiya edilməsi ölkənin neft haqqında qanununun olmaması və sazişin bir sıra müddəalarının Azərbaycanın bəzi qanunlarına zidd olmasından irəli gəlmişdi. Elə bu səbəblərdən Azərbaycanın bütün neft müqavilələri Milli Məclis tərəfindən təsdiq edilib.

Bu günə qədər Azərbaycan xarici şirkətlərlə pay bölgüsünə dair 22 saziş imzalayıb.



Azərbaycan iqtisadiyyatının inkişafında beynəlxalq maliyyə institutlarının rolu. Beynəlxalq maliyyə institutlarının dedikdə, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər çoxtərəfli maliyyə qurumları nəzərdə tutulur. Bu qurumların hər birinin ayrıca yaranma tarixi və missiyası var. Beynəlxalq aləmdə onların rolu durmadan artır və çox zəngin tarixə malik olan bu institutların XX-ci əsrdə dünya iqtisadiyyatının inkişafı və maliyyə tarazlığının qorunub saxlanmasında müstəsna rolu olmuşdur.

Bu qurumların yaradılmasında əsas məqsəd, keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatının inkişaf etdirilməsidir.Hal-hazırda onların birgə səyi nəticəsində inkişaf etməkdə olan ölkələrin,xüsusən də keçid dövrünü yaşayan postkommunist ölkələrin dünya iqtisadiyyatına inteqrasiya prosesi çox böyük şərinliklə də olsa davam edir.



BVF (Beynəlxalq Valyuta Fondu) Bu qurumların içərisində BVF xüsusi rola və çəkiyə malikdir. Xatırladaq ki, BVF 1944-cü ildə yaranmışdır.BVF BMT-nin 22iyul 1944-cü il tarixində Bretton Vuds şəhərində keçirilən beynəlxalq valyuta-maliyyə konfransında təsis edilmişdir. BVF hal-hazırda 184 ölkənin təsisçiliyi ilə fəaliyyət göstərir.

4 may,1992-ci il tarixindən etibarən Azərbaycan BVF-nin üzvüdür.Fondun nizamnamə kapitalı 311 mlrd. dollardır. Hal hazırda fond kreditor kimi 84 ölkədə ümumi məbləği 97 mlrd. dollar olan kredit portfelini idarə edir.

Beynəlxalq Valyuta Fondunun iqtisadi siyasəti iki istiqamət üzrə yönəlmişdir:

1). Müəssələrin özəlləşdirilməsi, torpaq və digər bazar atributlarında yenidənqurma işlərinin aparılması, xarici iqtisadi fəaliyyətlərin liberallaşması da daxil olmaqla struktur xarakterli dəyişikliklərin aparılması;

2) Makroiqtisadi və maliyyə sabitliyinin əldə edilməsi

1 Yanvar, 2005-ci il tarixi üçün Azərbaycanın BVF-yə olan borcu 134.8mln. SDR-dir (208.9 mln. dollar).



DB (Dünya Bankı). 1944-cü ildə keçirilən Bretton-Vuds konfransında Dünya Bankı da təsis olundu. Məlumat üçün bildirilir ki, bankın ilk krediti 1947-ci ildə Fransada rekonstruksiya məqsədi ilə 250 mln. dollar məbləğində qeydə alınmışdır.Rekonstruksiya fəaliyyəti bugünədək bankın əsas istiqamətlərindən biri olaraq qalır.Dünya Bankının bu fəaliyyəti istər inkişaf etməkdə olan ölkələrdə istərsədə keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələrdə köklü hal almış yoxsulluğun qarşısının alınmasına və humanitar yardımın göstərilməsinə yönəldilmişdir.“Yoxsulluqla mübarizə aparmaq” DB-nın əsas şüarıdır.

DB özündə bir-biri ilə sıx bağlı 5 təşkilatı birləşdirir:



  • Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı;

  • Beynəlxalq İnkişaf Assosassiyası;

  • Beynəlxalq Maliyyə Korporasiyası;

  • İnvestisiya zəmanətləri üzrə çoxtərəfli agentlik;

  • İnvestisiya mübahisələrinin tənzimlənməsi üzrə beynəlxalq mərkəz.

Hal-hazırda 184 ölkə DB-nın üzvüdür.

DB-nın səhiyyə, maliyyə və ictimai xidmətlər məqsədi ilə ayırdığı qrant və borcların ümumi məbləği 3,4 mlrd.dollar dəyərində olmuşdur.2003-cü ildə DB-nın yalnız maliyyə və təhsil məqsədi ilə ayırdığı məbləğ ən maksimal həddə-2,3mlrd.dollar həddinə çatmışdır.

1 Yanvar, 2005-ci il tarixi üçün Azərbaycanın DB-na olan borcu 317,7mln. SDR-dir (592.4 mln. dollar).

AYİB (Avropa Yenidənqurma və İnkişaf Bankı). Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə Mərkəzi və Şərqi Avropada kommunizmin dağılmaq üzrə olduğu və keçmiş sovet ölkələrinin demokratiyaya doğru mübarizə apardığı bir dövrdə yaradılmışdır.Hal-hazırda AYİB Mərkəzi Avropa və Mərkəzi Asiyadan olan 27 ölkədə demokratiya və bazar iqtisadiyyatının qurulması üçün investisiya imkanlarından istifadə edir.

AYİB 60 ölkədən və iki institutdan ibarətdir. Bank adətən iqtisadi əməkdaşlığında dövlət qurumlarına nisbətən daha çox xüsusi müəssələrə sərmayə qoyuluşuna üstünlük verir.AYİB-in ümumi kapitalı 20 mlrd avro dəyərində qiymətləndirilir. 2003-cü ildə AYİB 119 layhəyə 3,7 mlrd. avro sərmayə qoymuşdur.

1 Yanvar 2005-ci il tarixi üçün Azərbaycanın AYİB-ə olan borcu 69,6 mln.dollardır.

Digər çoxtərəfli banklar da bu prinsiplərlə daha çox konkret investisiya layihələrinə sərmayə qoyub daha çox gəlir əldə etmək məqsədini güdür.Bu bankların demək olar ki,böyük əksəriyyəti Azərbaycanda fəaliyyət göstərir.

İlk dəfə olaraq 90-cı illərin ikinci yarısında bir sıra Cənub-Şərqi Asiya ölkələrində o cümlədən, Cənubi Amerika vəRusiyada yaranmış maliyyə böhranı nəticəsində BVF və DB-nın fəaliyyətində “çat” yarandı. Məhz bu ölkələrdə maliyyə böhranı, xüsusən də Rusiya və Argentinanın defoltla (maliyyə öhdəçiliyini yerinə yetirmək iqtidarında olmamaq) üzləşməsi BVF-yə inkişaf etməkdə olan ölkələri kreditləşdirmək prosesinin qeyri-məqbul olmasından xəbər verdi.

Əsas hədəf BVF-nin ənənəvi olaraq ölkələrdə maliyyə sabitliyinə ifrat dərəcədə üstünlük verib inkişaf mərhələsinə az diqqət yetirməsi oldu.BVF ənənəvi olaraq inkişaf etməkdə olan ölkələrdə milli valyutanın məzənnəsinin sabit saxlanılmasını ,infilyasiyanın səviyyəsinin minimum həddə salınmasını və büdcə kəsirinin3%-dən yuxarı olmayan həddə saxlanılmasını əsas tutaraq ölkədə real sektorun inkişafını demək olar ki, mümkünsüz edir.Bu isə ölkənin əsas problemi olan yoxsulluq problemini bir qədər də çətinləşdirir.

Bütün bu böhranlar BVF-nin o cümlədən Dünya Bankının imicinə böyük zərbə oldu.Sonralar BVF və DB öz siyasətində köklü dəyişiklik etmək qərarına gəlmələrinə baxmayaraq bu qurumların fəaliyyətində hələ ki, bu məqam nəzərə çarpmır.

Azərbaycanda DB son qərarından irəli gələrək daha çox inkişaf layihələrinə üstünlük vermək fikrindədir.

BVF isə maliyyə stabilliyinin qorumaq siyasətini prioritet istiqamət kimi saxlayaraq, o cümlədən “Yoxsulluğa Qarşı Mübarizə Proqramını”(PGRF) də həyata keçirir.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə